Ən qədim mənbə kimi qəbul edilən abidələrdən
biri də - Musanın xəmsəsi (yəhud. Moşe xamuş) olan Tövrat (Törə/Törəh) kitabıdır.
Göylərin bu müqəddəs kitabı- müqəddəs
dil mənasında olan “leşon ha-kodeş”, yəni “lisani kodeş” dilində yazılıb. Kodeş
rəmzini tarixçi B. A. Turayev, mar-amoreylər
ölkəsinə aid edir və Aziru (Oziri/Osiris) şahlığı adlandırır (Тураев Б. А.
“История Древнего Востока”, Л. 1935. Том 1, səh.304). Qədim mənbələrdə mar-amoreylər ölkəsi - Midiyada
ölkəsi kimi qeyd olunurdu. Midiyada isə kodeş rəmzi - kadus kimi qalmışdır. Deməli,
“leşon ha-kodeş”, yəni “lisani kadus” dedikdə
– qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya kaduslarının dili başa düşülməlidir.
Mən, “Dünyanın ilk dili - Türk dilidir!”
adlı məqaləmdə, Asur (Assur/Azər) şrifti ilə, aramey-tarqum dilində yazılmış Tövrat
kitabının - Azəri türk seyid-bəglərinin müqəddəs kitabı olması haqda yazmışam.
Müqəddəs kodeş (kadus) dili mənbələrdə, “İsrail
torpağı” (Eres-İsrail) və ya “Xanaan torpağı” – “Eres-Knaan” mənasında olan ölkənin
dili hesab olunur. Başqa sözlə, İsrail ölkəsi elə Kənaan/Xanaan ölkəsidir və bu
ölkənin dili də müqəddəs kadus dilidir. Xanaan
rəmzi, qədim dilçilikdə xunn/hunn rəmzləri ilə eyni mənalıdır və bu rəmz Albaniya,
Ermənistan ərazisində Xunan, Xunanakert, Bit-Xunaniyə və s. şəhərləri kimi qeyd
edilir. Zaxariya Ritorun salnaməsinə görə, məhz hunnların
torpağına gələn Alban yepiskopu Kardostun başçılığı ilə yeddi xristian
missioneri, orada yeddi ilə hunn (xunn/xanaan) dilində müqəddəs Əhdi-Ətiqi
buraxdılar (Ю. Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83). Başqa sözlə, müqəddəs Əhdi-Ətiq kitabı – hunn torpağı
olan Albaniyada yazılmışdır və xanaan xalqı da elə xunn/hunnlardır.
Tövrat yazır ki,
Allah israillilərə göstəriş verərək deyir ki, “amoreylərin dağlarına və onların
bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz
sahilinə, Knun (Xanaan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat
çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın
atalarınıza, İbrahimə, İsağa və Yaquba və onların törəmələrinə andla söz
verdiyi topaqları miras kimi qəbul edin” (Библ,Втор.1:6-8). Tövratda “Knun” və
“Lbnun” kimi yazılan rəmzlər, araşdırıcılar tərəfindən Kənan/Xanaan və Livan
torpaqları kimi qəbul olunmuşdur ki, bu da təbii ki böyük səhvdir. Çünki,
buradakı Knun, Lbnun rəmzləri xunn/hunn və alban rəmzlərinə uyğundur. Belə çıxır ki, yəhudilərə vəd olunmuş Knun, yəni
Kənan/Xanaan/Hunn və Lbnun, yəni Alban torpaqları - Azəri türk seyid-bəglərinə
vəd olunmuş torpaqlardır. Alban tarixçiləri olan M. Xorenatsi, M. Kalankatuatsi
və s. görə isə, Alban dağları vərəsəliklə - böyük və adlı-sanlı tayfa olan Yafət-Ərən
əsilli Sisaka/Sisakan, yəni Gel - Gelarküni nəslindən kiməsə vərəsəliklə verilmişdir
(М. Хоренаци, kit.,2, böl.8). Əvvəla bu o deməkdir ki, qədim mənbələrdə İsrail
oğulları dedikdə - Gelarküni bəgləri nəzərdə tutulur. İkincisi, Allahın İsrail
oğullarına vəd etdiyi Alban torpaqları Gelarküni bəglərindən kiməsə - bir nəfərə
vəd olunmuşdur. Üçüncüsü, mənbələrdə hunnlar, kənanilər, xanaanlılar və s.
dedikdə məhz bu Azəri türk bəgləri nəzərdə tutulmalıdır.
Bahəddin Ögələ görə, yeni Hunn dövləti
Tanrı dağında yaranmışdı. Matsudaya görə, bu dövlət Çu vadisindən Talasa qədər
uzanırdı (Огел Б., Великая гуннская империя, Б., 1992, том
II, стр. 213). Mənbələrdə Tanrı dağları dedikdə - Talasın Ala dağları nəzərdə
tutulur. Lakin Talas rəmzi qədim mənbələrdə Tolis (Tölis/Töliş) kimi də yazılır.
Türklərin “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş
və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”,
B, 1993, səh. 104,134). Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin
ilk sətirlərində isə, türk xanı bildirir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və
Tanrıtək göydə yaranmış bilici türk xanıdır. Buradan isə belə nəticə çıxarmaq
olar ki, Tanrı dağı dedikdə - türk xanının Talas/Tölis dağının göylərində
yaratdığı El başa düşülməlidir və Hunn dövləti də bu El mənasındadır.
Ən qədim mənbələrdə Tolis/Talas rəmzi Tilos
kimi keçir və məşhur amerika arxeoloqu Piter Kornuellə görə, Tilos - Dilmunun (Tilmun) və Bəhreynin digər adıdır. Dilmunla
bağlı tanınmış alim Devid Rol yazır: “Qədim ədəbi
abidələr açıq yazırlar ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi
daddığı yerdir. Beləliklə, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara
sadiqliyinin ən böyük mükafatıdır… Kramerin
oxuduğu bir neçə mətnlər (Roulsona məlum olmayan mətnlər), onu inandırdı ki,
Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasında yerləşir… Kramer
hesab edir ki, Dilmun İran ərazisində yerləşir, çünki, epik rəvayətlərdə o,
dağlar arxasındakı uzaq ölkədə, “Günəşin çıxdığı yerdə” yerləşir. Onun fikrinə
görə, burada üfüqün Şərq hissəsindəki Mesopotamiya düzənliyindən ucalan uzun
dağ silsiləsi nəzərdə tutulur. Digər tərəfdən, Dilmun tez-tez Dilmun dağı
(akkad. Kur-Dilmun) adlanır ki, bu da onun dağda yerləşməsi mənasındadır. Cənnət
haqqındakı şumerlərin mifinin öz tərcüməsinə əsaslanaraq Kramer, Dilmunu “təmiz”,
“nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi”
olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Əvəzində isə orada
şirin su – həyatı saxlamaq üçün vacib olanlardan biri çatışmırdı. “Və onda su
ünsürünün böyük Şumer Allahı olan Enki, Günəş Allahı olan Utuya əmr etdi ki, o, yerin altından su tapıb bu ölkəni təchiz
etsinlər. Və Dilmun, sahələrində bol meyvələri və çəmənliyi olan İlahi bağa
çevrildi”. Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin
günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası
təhlükəsiz yerdir” (Д. Рол. «Генезис цивилизации, Откуда мы
произошли…», Ексмо. М. 2002, səh.267, 271). D. Rolun yazdığından belə çıxır ki, Dilmun -
ruhlar dünyasıdır və orada, ölmüş insanların ruhları ikinci həyat qazanırlar.
Maraqlısı da odur ki, bura - bütün dinlərin cənnət adlandırdığı məkandır. Deməli,
islamın da cənnəti - hunnların (xanaan) Tanrı dağı kimi qəbul etdikləri Tolis/Talas/Tilos/Talış
dağlarında yaratdığı Göytürk xaqanlığıdır.
Şumer mifologiyasında Enki (Ənkə) kimi qeyd olunan rəmz
- Nun-Ki mənasında Babil və Eridu şəhərinin bir adıdır və “Nun ilkin
materiyasının məkanı” mənasını verir (Д. Рол, «Генезис
цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр.248). Şumer
mifologiyasına görə, Midiya marlarının Allahı olan Marduk-Asar (Enki oğlu Asar),
Tiamata - göy okeanına qalib gəlib, dərya sularında Etemenanki adlı Göy və
Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır
(Тураев Б. А. История древнего востока. Л., 1935, том II, стр. 91). Başqa sözlə, Mardukun tikdiyi “başı göylərə
çatan” Etemenanki məbədi (Esagil zikkuratı) elə “başı göylərə çatan” Babil
qülləsidir. Quranda da – “Göydə baxanlar üçün bəzədilmiş qüllə yaratdıq”
dedikdə məhz “başı göylərə çatan” Babil qülləsi nəzərdə tutulur (Quran, 15:16).
Buradakı Etemenanki rəmzi də Atum-Nunki mənasındadır və “Nun-ki”lərin elə Atum
Allahı ilə bağlılığı deməkdir. Nun-ki rəmzi, sonradan ki-nun, yəni
kənan/xanaan/hunn kimi qalmışdır. Bu isə o deməkdir ki, hunnlar – göydə cənnət
yaratmış Allahlar nəslidir. Bu rəmz “cinn” rəmzi ilə də eynilik təşkil edir ki,
bu haqda mən “Batini-Quran” kitabımda yazmışam.
Qədim Misir mənbələrində Gel şəhəri Geliopol kimi
qeyd olunur və burada firon (pir) Amon - Atum adı ilə özündən Enneadanın Doqquz
Allahını yaradır. Tövratda Atum Allahı Adəm kimi keçir və bədəni ilə o
“dünyanın o başından, bu başına qədər” olmuşdur (Библ., Втор.,4:32). Adəmin maddəsini təşkil
edən İlahi od, ilkin materiya isə qədim Misir mətnlərində “KZ”, yəni Kuz – Oğuz
kimi qeyd olunur ki, yunan mənbələrində bu rəmz Xaos kimi məlumdur (Древний
Восток – 2, М .,
1980,стр.92). İlkin
materiyanın bu mənbələrdə “KZ”, yəni Kuz/Oğuz adlanması o deməkdir ki,
Enneadanın Doqquz Allahı - Oğuzların Toquzquz (Doquz Oğuz) ölkəsi anlamındadır.
Başqa sözlə, Oğuz ölkəsi – kosmik insan mənasında olan Atum/Adəmin bədənindədir.
Sufi müdriklərinə görə də cənnət, yəni ruhlar dünyası - Adəmin bədənindədir. Kitabi Dədə
Qorqudda, bu yaradılış - “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsi
kimi qeyd olunur ki, buradakı “Təmam” (TMM) rəmzi – qədim Misirin “Atum” (TM)
rəmzi mənasındadır. Oğuzun İç Oğuz və Tış Oğuzdan ibarət olması isə onu deməyə
əsas verir ki, buradakı İç Oğuz – göydə yaradılmış cənnət deməkdir.
Qədim Misir mənbələrində, Gel
şəhərində yaradılmış Oğuz eli - Yuxarı və Aşağı Geliopola bölünür ki, Yuxarı
Geliopol dedikdə də göydə yaradılmış İç Oğuz nəzərdə tutulur. Başqa sözlə,
Yuxarı Gel şəhəri elə İç Oğuz mənasında İş Gel deməkdir. İç Gel isə mənbələrdə
Çigil kimi qeyd olunur. Bartold yazır ki, Səlcuqların dövründə, türk geneoloji
rəvayətlərdə Oğuz əvəzinə Çigil (İç Gel) adı keçirdi (Бартольд В. В., том II,
часть 1, М .,1963,
стр.578). Şəhrəstaniyə görə, İsfahanda gel (qali) nəsli - kuz (oğuz) və ya xürrəmi
adlanırdı (Z. Məmmədov, “Azərbaycan fəlsəfəsi tarixi”, B.,1994, səh.31). Xürrəm
rəmzi sufi-batinilərdə Xor-İrəm kimi izah olunur və bu da qədim misirlilərin
Xor/Qor fironları (pirləri) nəslinin İrəm cənnət bağı ilə bağlılığı deməkdir.
Belə çıxır ki, xürrəmi-gellər elə qədim Misirin - “özündə iki dünyanı
birləşdirən” Qor fironları nəslidir (Şəmsu Qor).
Mənbələrə əsasən, çigillər
karlukların bir qoludur. “Hüdud əl-aləm” abidəsində deyilir ki, çigillər
İssık-Gölün şimali-qərbində yaşayırdılar. Bartolda görə, Çuy vadisinin
girişində Cil (Cil-arık) yerləşirdi və buradakı Yar kəndinin yanında çigillərin
çadırı qurulmuşdu. Buradaca İssık-Göl gölü var idi və ona 70 çay tökülürdü.
Bartold bu barədə çaşqınlığını gizlətməyərək bildirir ki, mənbədə, burada İssık-Göl
əvəzinə Xəzər dənizinin Abeckun bərəsi qeyd olunur (Бартольд В. В., том VIII,
М., 1973, стр.51, 529). Məlumdur ki, bu gün Xəzər dənizinin örtdüyü Abeckun
bərəsi, vaxtilə Kür çayının dənizə tökülən yerində olmuşdur. Bu isə o deməkdir
ki, İssık-Göl adı rəmzdir və bu rəmz altında Sisaka-Gel şəhəri nəzərdə tutulur.
Bu ərazidə yaşayan çigillər isə karluk (Qor-Luhi) kimi qeyd olunan “Qor-İlahi”, yəni qədim
Misirin Qor Allahının nəslidir.
Mənbələrə görə, Talas
şəhərində karlukların yabqusu (ya-bəg) yaşayırdı və o burada özünü “Altayın hökmdarı”
adlandırmışdı (L. Qumilyov, «Qədim türklər», B., 1993, стр. 428). Bartolda görə,
karlukların içində karluk-laban adlanan xalq vardı və Kərminkənd bu laban
karluklara mənsub idi (Артамонов М. И., История хазар. Л., 1962, стр.37). Sufizmdə
“laban” rəmzi
alban deməkdir və karluk-laban da – Alban karlukları (Albaniyanın İlahi Qor
nəsli) anlamındadır. Digər tərəfdən, mənbələrə görə karlukların başçılar Kulerkin
adlanırdı (http://kronk.spb.ru/library/lurye-pb-2010.htm). Alban
mənbələrində Kulerkin rəmzi – Gilarküni kimi keçir və bu rəmz Gel eli mənasını
daşıyır. Mətnlərdə qeyd olunur ki, gellər – şərqi karluklardır və alimlərin
çoxu gelləri və qoleli tayfasını karluk adlandırır (L. Qumilyov, «Qədim
türklər», B., 1993, стр. 473). Bu o deməkdir ki, karluk şahları - Gel-Gelarküni
bəgləridir. Bu Gel eli Alban mənbələrində Sünik, Süni adlanır. Alban taixində
Gel şəhəri - Yerusəlim şəhərinin son adı kimi qeyd olunur (М. Хоренаци, I/60). Belə çıxır ki, “Süni” rəmzi
Yerusəlim ərazisindəki Sion dağı anlamındadır. Bu isə o deməkdir ki, Albanların
Süni, xanaanlıların Sion adlandırdıqlar dağ, elə hunnların Allah dağı
adlandırdığı Talas/Talış dağıdır. Bu dağ ona görə Allah dağı adlanır ki, türk
xanı bu dağın göylərində Göytürk xaqanlığı adlanan ruhlar dünyası – Tanrı Eli
yaratmışdır. Mən, “Quran”dakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqaləmdə bu
haqda yazmışam http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Quranda, göydə yaradılan bu
El – Xüld cənnəti adlanır ki, Xüld rəmzi mənbələrdə, Azərbaycanın Xilat
Atabəglərinin eli kimi keçir. Qədim mənbələrdə bu Gel elatı - Gelat/Xaldeya/Qalaad/Kelt
və s. kimi də qeyd olunur. Əhdi-Ətiqdə Qalaad (Xilat) Allah üçün xüsusi yer
sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır.
Bu isə o deməkdir ki, Gel eli həmdə xanaan/hunn türk bəglərinin Göy Yerusəliminin
– cənnətin yaradıldığı yerdir.
Yazdıqlarımdan
çıxan nəticə odur ki, Tövratda İsrail oğulları, xanaanlılar dedikdə - Asar,
yəni Azəri elinin hunnları başa düşülməlidir. Onların kadus dili isə -bu gün Azərbaycan
türklərinin danışdığı müqəddəs dildir və s.
Bütün bunlar haqda daha
geniş məlumatlar “Batini-Quran” kitabımda və məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Комментариев нет:
Отправить комментарий