четверг, 4 июля 2013 г.

Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?



Yəhudilərin Tövrat kitabı dünyanın yaradılmasından başlanır. Bu kitaba görə, dünyanı 6 günə yaradan Allah, yeddinci gün dincəlir. Kitabda daha sonra cənnət bağının, Həvvanın və s. yaradılmasından danışılır. İstənilən diqqətli oxucu çox tez nəticəyə gələr ki, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, hansısa başqa dünyanın yaradılmasından gedir. Bu kitabda söhbətin nədən getdiyini anlamaq üçün, bu kitabı yazmış müdriklərin öz məntiqlərinə müraciət etmək lazımdır. Mənbələrə görə, seçilmişlər adlandırılan bu müdriklər gizli elmə sahib idilər və onların xüsusi dilləri var idi. Samitlər əsasında yaradılmış bu dili sufilər “quş dili” adlandırırdı və bu dil çox dərin mənalara malik idi. Süleyman peyğəmbərə verilmiş bu dil gizli elm hesab edilirdi və çox az insana məlum idi ki, onlar da uzaqlarda yaşayır və bu elmi gizli saxlayırdılar. Deməli, yəhudilərin Tövrat kitabını yalnız quş dilini bilməklə anlamaq olar ki, bu dildə hər bir samit eyni zamanda bir rəmz kimi çıxış edir. Firdovsi öz “Şahnamə” əsərində yazır: “Mənim sözlərimdə tapılmaz yalan. Nə ovsun, nə əfsanə yazdım inan. Diqqətlə oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər” (1). Bu isə o deməkdir ki, qədim mətnləri dərk etmək üçün rəmzlərin açmasını bilmək lazımdır. Kitab və məqalələrimdə mən çox saylı rəmzlərin gizli mənalarının açmasını vermişəm (2).
Tövratda deyilir ki, Yaqub peyğəmbərin Allahla mübarizəsindən sonra Allah onu İsrail (İzrail) adlandırdı. “Книга Гора или расшифровка Торы” adlı kitabımda mən göstərmişəm ki, Əhdi-Ətiq rəvayətləri qədim Misirlə sıx bağlıdır. Ümumiyyətlə isə, Əflatuna görə bütün mənbələrdə yalnız bir sirli hadisədən danışılır ki, bu hadisə də zamanla bağlı yaddaşlardan silinmişdir. Bu hadisələrin mənbəyində nə olduğu haqda isə heç kim danışmır (3). Belə çıxır ki, bütün qədim ədəbiyyat bir sirli hadisəyə həsr olunmuşdur.
 Yaqub rəmzi [QB] qədim Misir mənbələrində Qeb [QB] kimi yazılır və göydəki dünyaya aid edilir. Geliopol kosmoqoniyasına görə, dünyanın yaranışı bir-birini əvəzləyən hadisələrlə baş vermişdir. Mətnlərdə bildirilir ki, firon (pir) Amon, özünü Ptah (Pta) adlandıraraq, ilkin Nun suları adından çıxış edir və Atum Allahını yaradır. Atum öz-özündən Şu və Tefnut cütlüyünü, yəni Hava və Nəmliyi yaradır. Onlardan isə ikinci cütlik - Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Qebi Nutdan, yəni Yeri Göydən ayırır. Qeb və Nut isə öz növbəsində Osiris, İsida, Set və Neftidanı yaradırlar. Bu mətndə Atum (Atam) dedikdə - Əhdi-Ətiq kitabındakı Adəm, Şu dedikdə isə firon Amonun ruhu nəzərdə tutulur.
Ölüm şahlığının sahibi olan Osiris (Asar/Oziri/Azər) [SR/ZR] Allahının adı sufizmdə Zara/Sara/İsra [ZR/SR] və s. rəmzlərlə eyni mənalıdır. Əhdi-Ətiq lüğətində “israilli” ləqəbi - “Zaradan (Zerah) olan” mənasını verir. Bu isə o deməkdir ki, İsrail [ZRL] sözü Zara-El, yəni Oziri-El [ZR-L] – “Oziri/Asar/Osiris Allahının Eli” mənasındadır. El rəmzi qədim mənbələrdə İl, Alu, Yalu və s. kimi də yazılaraq ərazini, torpağı, dünyanı və orada yaşayanları bildirirdi. Türk mətnlərində də El rəmzi ərazi, ölkə mənasındadır və “Moyun Çor” və s. abidələrdə türk xanı iddia edir ki, o Tanrıda, yəni göydə olmuş və orada El yaratmışdır (4). Belə çıxır ki, Yaqub obrazı – göyləri təşkil edən və həyat enerjisi mənasında olan ilkin materiya (lkin Nun suları) ilə mübarizə aparan firon Amonun obrazıdır. Məhz O, bu ilahi nurdan (ilkin materiyadan) göydə Osiris (Asar/Azər) Allahının Elini yaratmışdır. İsrail adı da sufilərin quş dilində - “Osiris Allahının göydəki dünyası (Eli)” mənasındadır.
Artıq məlumdur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər türk bəgləri nəzərdə tutulurdu. Türk mənbələrində isə El rəmzi Oğuz elinə aid edilir. Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”. Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Əgər nəzərə alsaq ki, Oğuz eli – Tış Elə və İç Elə bölünür, razılaşarıq ki, İç Oğuz Tış Oğuzun içində yaradılmışdır.
Kitabi-Dədə Qorqudda Oğuz eli qanlı adlandırılır və qanlı çayın o biri sahilində yerləşir. Burada qədim Azərbaycan şəhəri olan Dərbənd  - “qanlı Qara Dərbənd”, Oğuz ölkəsi – qanlı Oğuz eli, Oğuz bəgləri - «Qanlı Oğuz bəgləri», sular – «qanlı-qanlı axan sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu» adlandırılır (5). Bu isə o deməkdir ki, İç El, yəni İç Oğuz qanla yaradılmışdır. Qanla yaradılmış Elin nə demək olduğunu yaxşı anlamaq üçün, qanla bağlı olan digər ölkəyə nəzər salaq. Bu ölkə mənbələrdə Rus ölkəsi adlandırılır.
Rusların “Humayun nəğmələri” adlandırdığı nəğmələrdə deyilir ki, Rus ölkəsi qana bulanmışdır və hər daşda qan vardır. Balaca şırnağdan qan gedərək, Ripey dağındakı daşın altına axdı və bu daşın altından cücərti, başı göylərə çatan böyük ağaca çevrildi. Bu ağacın kökündə ilan hərəkətdədir, budaqlarında isə Svaroq Allahı yaşayır. “Velesin kitabı”nda da bu mənada deyilir ki, Rus ölkəsi qanla yaradılmışdır, ona qan hopmuşdur və bu qan müqəddəsdir (6). Rus - qan üzərində dayanır və onlar bu qanı tökmüşlər (7).
Tövratda qan – ruh mənasında göstərilir və burada deyilir ki, “qan – ruhdur” və “bədənin ruhu qandadır” (8). Həvariyun Pavel qeyd edir ki, “Təkcə qandan O (Allah), bütün yer üzündə mövcud olmaq üçün insan nəslini yaratdı və müddətini, mövcudluq ərazisini təyin etdi...” (9). Bu mətndə, kosmik insan mənasında olan Adəmdən danışılır ki, onun bədənində, firon Amonun yaratdığı insan ruhları ömürlərini davam etdirirlər. Belə çıxır ki, qanla yaradılmış Oğuz, Rus torpağı - qədim Misirin Atum Allahının, yəni kosmik insan olan Adəmin (Edem) bədənindədir.
Sufi müdriklərinin quş dilində, sağa və sola oxunan rəmzlər eyni məna verirlər. Bu isə o deməkdir ki, Rus [RS] və Asar [SR], yəni Osiris rəmzləri eyni mənalıdır. Deməli, Oğuz və Rus ölkəsi – qədim Misirin Asar/Osiris Allahının göy şahlığıdır. “Humayun nəğmələri”ndəki qan şırnağından cücərən və başı göylərə çatan böyük ağac da göydə yaranmış dünya ağacı mənasındadır.
İezekiil peyğəmbərin kitabında Misir və Assur ölkələri - Livan dağında əkilmiş dünya ağacı adlandırılır. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr ağacı - Edem və Allah bağının ağacları ilə müqayisə edilir (10). Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır (11). Belə çıxır ki, “Velesin Kitabı”na görə ölümsüz və əbədi olan ruslar - Livan dağında, yəni “ölümsüzlər dağında” yaşayırmışlar. Mən - “Россия страна азербайджанских беков или о чём повествует Книга Велеса” adlı kitabımda faktlarla sübut etmişəm ki, qədim mənbələrdə “Rus” dedikdə indiki Azərbaycan dağlarındakı ərazi nəzərdə tutulurdu.
Livan [LVN] rəmzi sufizmdə El-İvan [L-VN] kimi oxunur ki, bu da “İvanın eli və xalqı” mənasındadır. Deməli, Misir və Assur ölkələri - mənbələrdə eyni zamanda İban kimi də qeyd olunan İvanın göydəki ölkəsidir (12). İban [BN] rəmzi Kitabi-Dədə Qorqudda Ban [BN] kimi yazılır və buradakı “Ağ Ban” rəmzi - Ağ banlı (dam) çadıra aid edilir (13). Çadır rəmzi altında Tövratda – “İlahinin sakin olduğu çadır”, yəni Skiniya nəzərdə tutulur. Tövrata görə, Musa peyğəmbər qurban vasitəsi ilə göydən İlahi od gətirmiş və ondan İlahinin sakin olduğu çadırı, yəni Skiniyanı yaratmışdır. Skiniyanın yaradıldığı gün, bulud - İlahinin sakin olduğu bu çadırı bürümüş və axşam üstü, Skiniyanın üstündə səhərə qədər Od görünmüşdü.
Müqəddəs yazılarda Od – İlahinin görünməsini bildirir (14). O Skiniyanın zühuru zamanı göydən gəlmişdir və heç vaxt sönməməlidir. Qurbangaha qurban gətirildiyi üçün, ora həmişə təzə qan tökülür və qurbanın buxarı da durmadan göyə qalxırdı. Qurbangahda yanan Müqəddəs Od da həmişə qorunurdu (15). Burada qeyd etmək lazımdır ki, qurbangahdan göyə qalxan buxar elə o buxardır (par) ki, Tövrata görə yerdən qalxırdı və yeri suvarırdı. Məhz bundan sonra Allah Şərqdəki Edemdə cənnət yaratdı və Adəmi də orada yerləşdirdi (16).
Bütün bunlar o deməkdir ki, göydə qanla yaradılmış Oğuz, Rus torpaqları elə İlahinin sakin olduğu Göy çadırı mənasındadır və bu çadır qurban ruhlarından yaradılmışdır.
Qədim Misir mənbələrində Ban rəmzi, ölmüş fironun Ba ruhunu bildirirdi ki, bu ruh göyə qalxaraq orada Benu (“özündən yaranmış” deməkdir) quşuna çevrilirdi. Misir ieroqlifi haqda traktat yazmış IV əsrin Misir yazıçısı Qorapollon, Ba ruhunu kopt dilinə “ruh” kimi tərcümə etmişdir (17). Piramida mətnlərinə görə, qədim şahlıqda Ba ruhları, Allahların və fironların güc və qüdrətlərinin təcəssümü sayılırdı. Ba ruhu, firon öləndən sonra da yaşayırdı və başı, əlləri insandakı kimi, lakin quş cildində təsvir olunurdu. Beny (Feniks) adlanan bu quşa əsasən Geliopolda, yəni Gel şəhərində sitayiş olunurdu. Ölmüş fironların Ba ruhlarının yaşadığı El isə mənbələrdə Ba-El, yəni Bel/Baal/Vil rəmzi ilə qeyd olunurdu. Benu/Ban/Van rəmzlərindən isə Alban [LBN], yəni “Ban-Eli (Livan-Van Eli) rəmzi yaranmışdır. Qədim Alban dövləti Qafqazda, indiki Azərbaycan ərazisində mövcud olmuşdur. Deməli, qanla yaradılmış Misir, Assur dünya ağacı da, yəni Rus və Oğuz dünyası da Qafqaz Albaniyasından  “ucalmışdır”. Bu isə o deməkdir ki, həqiqi İsrail də, yəni Asar/Osiris Eli də Qafqazda mövcud olmuşdur. Əhdi-Ətiqdə - Adəm, qədim Misirdə isə Atum adlanan Allahın yaradıldığı yer də bilavasitə Azərbaycandır.
Talmud kitabına görə, Adəm - Nuhun gəmidən düşüb qurbangah düzəltdiyi yerin torpağından yaranmışdır. O yaradıldıqdan sonra burada qurban kəsmiş, elə burada da Qabil və Habil öz qurbanlarını gətirmişlər (18). Bildiyimiz kimi Nuhun gəmisi Ararat dağında lövbər salmışdır. Deməli, Adəm də buranın torpağından yaradılmışdır.
Qabil [QBL] rəmzi sufizmdə Qaba-El [QB-L], yəni qədim Misirin Qeb-Eli [QB-L] mənasını verir ki, digər qədim mənbələrdə bu rəmzin əvəzinə Kain rəmzi qeyd olunur. Kain rəmzi [KN] quş dilində Knun [KNN] rəmzi ilə eyni mənalıdır və mənbələrdə Kinun/Kün/Kənan/Xanaan və s. kimi də yazılır. Kinun [K-NN] rəmzi - ən qədim mənbələrdə Nun-Ki [NN-K] kimi də qeyd edilir və Etemenanki (Atum-NunKi) zikkuratına aid edilir. Şumerlilərin Nun-Ki (“Nun-un [mövcud olduğu] yer”) adlandırdığı şəhər mənbələrdə Babil və Eridu adlanırdı (19).
Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırdı. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikdi ki, onun başı Göylərə çatdı. Deməli, Babil qülləsi – göylərdə yaradılmış Allahlar ölkəsi ilə bağlıdır. Məşhur alim B. Turayev qeyd edir ki, klassik yazıçılar Babil qülləsini “Belin məzarı”, yəni Mardukun məzarı adlandırırlar. O bildirir ki, Vil (Bel, Baal) - gildən ilk insanı yaratmış Demiurqdur, yəni Allahdır (20).
Bel rəmzi, Babil rəmzi kimi, sufizmdə, özünün ilk doğumlu heyvanlarını qurban gətirən Avel, yəni Habil rəmzi ilə eyni mənalıdır. Deməli, Bel/Avel/Habil rəmzi də qurban mərasimi ilə, yəni qurban ruhları ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Babil rəmzi “Allahın qapısı” mənasındadır, razılaşarıq ki, Babil – göydəki ruhlar dünyasının, yəni Albaniyanın giriş qapısıdır.
Beross yazır ki, Nabupalasar Babildə dağa bənzər hündürlük düzəldərək, orada cürbəcür ağaclar əkdi və asma bağ saldı (21). Babil şahı Nabupalasarın oğlu Navuxodonosor isə nəhəng saray düzəldib, Belin və Boreyadakı Merodaxın (Marduk) məbədgahını yenidən tikdi. Arvadı midiyalı Nikotrisanın, Babil qumluğunda öz vətəninin dağ və meşələri üçün darıxdığına görə, Semiramidanın asma bağını saldı. Deməli, Semiramidanın asma bağları elə göydə yaradılmış cənnətin, yəni ruhlar dünyasının obrazıdır. Əgər nəzərə alsaq ki, M. Xorenatsiyə görə, Ermənistana qədər orada baş vermiş hadisələri Semiramidaya aid edilirdi, razılaşarıq ki, Semiramidanın asma bağları, yəni Etemenankinin göy sarayı məhz Qafqazda yaradılmışdır.
Tanınmış alim Devid Rol, Mesopotamiyanın Marduk Allahını qədim Misirin Asar, yəni Osiris Allahı ilə eyniləşdirir (22). Asar adı “qüdrətli” mənasını verirdi və şah taxtı, hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. Misir sözünün özü, D. Rola görə, “Asardan (törəməsi) doğulmuş” mənasındadır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadisini koloniyalaşdırmaq üçün məhz Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışdılar (23). Bu isə o deməkdir ki, Misir Allahlarının vətəni məhz Qafqazdır.
“İtirilmiş Əhd” («Утраченный Завет») kitabında Devid Rol yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş Enmer-Karanı, İlahilik statusu olan Enkinin oğlu Asara (Əsər/Osiris) qədər ucaltdılar (24). Enmer rəmzi [NMR] quş dilində Ra-Amon [R-MN] kimi, Kara isə - günəş Allahı Qor kimi izah olunur. Assurlar (Asar adı ilə eynidir) isə Enmer-Asara, özlərinin Aşşur dövlətlərinin hamisi kimi sitayiş edirdilər. Belə çıxır ki, Enmer-Kara [NMR-KR], yəni göydə ölümsüzlük qazanmış Ra-Amon-Qor Allahı sonradan adını Asar, yəni Osiris Allahına dəyişmişdir. Bu isə o deməkdir ki, Mesopotamiya və qədim Misir Allahları məhz Qafqaz Albaniyasında doğulmuşlar. Məhz burada, bütün Allahların atası və ağası Ra-Amon Allahı - Asar adını götürmüşdür. Bu ərazidə Asar rəmzi - Azər kimi, göy cənnətinin yarandığı ölkə isə Azərbaycan kimi məlumdur. Belə çıxır ki, həqiqi İsrail, yəni “Asar Allahının Eli” – Azər Elidir (ZR-L – İzrail), yəni Azərbaycandır.
Əbu İshaq əl-İstəhri qeyd edir ki, «Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib, ona bir ölkə (İqlim) kimi baxırıq» (25). Arran dedikdə, Yaqub peyğəmbərin yuxuda, göyə qədər uzanan nərdivan gördüyü qədim Xarran nəzərdə tutulmalıdır (Sufizmdə Arran və Xarran rəmzləri eyni mənalıdır). Yuxudan ayıldıqdan sonra – “... Həqiqətən burada Allah vardır, mən isə bilmirdim” demişdi və qorxaraq: bu yer necə də qorxuludur! Bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır” deyə bildirmişdi. Səhər durduqda isə, başının altındakı daşı abidə kimi qoymuş və oranı Betel adlandırmışdı” (26). Bu isə o deməkdir ki, Allah - Arranda mövcuddur və Allah Evi, yəni göydəki ruhlar dünyası və onun qapısı da indiki Azərbaycanda yerləşməlidir. Lakin Xarran eyni zamanda Azər oğlu İbrahim peyğəmbərin və amoreylərin Sin (İl-Amurru) Allahının da vətənidir. Deməli, Azərbaycan - eyni zamanda bütün yəhudi peyğəmbərlərinin də vətənidir.
Tövratda, Allah israillilərə göstəriş verərək deyir: «... amoreylərin dağlarına və onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz sahilinə, Knun (Kənan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın atalarınıza, İbrahimə, İsağa, Yaquba və onların törəmələrinə andla söz verdiyi torpaqları miras kimi götürün» (27). Lbnunun, yəni Albaniyanın vərəsəliklə verilməsinə digər mənbələrdə də rast gəlinir. M. Kalankatuasi [1,4], M. Xorenatsi [11,8] və digər müəlliflər də qeyd edirlər ki, “Sisaka nəslindən, Yafət-Ərən törəmələrindən kiməsə Alban dağları və sahələri miras kimi qalmışdır”. Movses Xorenatsi Sisaka (Sak) nəslini - məşhur və adlı-sanlı nəsil olan Gelarküni (Gel) nəsli adlandırır. GelarKüni [GLR-KN] rəmzinin açması göstərir ki, buradakı Kün rəmzi - Kənan (Kinun/Nunki) mənasındadır. Belə çıxır ki, “Göy və Yerin təməl Evi” olan Etemenanki zikkuratı məhz burada – Gelarkünidə yaradılmışdır. Bütün bunlar haqda da dəqiq təsəvvür yaratmaq üçün sufi müdriklərinə müraciət etmək vacibdir.
Məşhur sufi Əbu Həmid əl-Qəzaliyə görə, Dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan «aləm əl-Mülk və-Şəhad», ikinci – mənəvi olan «aləm əl-Cəbərut», üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, «aləm əl qeyb vəl-Mələküt» adlanır (28). İstəhri bu hissələri Azərbaycan, Arran və Ermənistan adlandırır. Burada gözəgörünən “aləm əl-Mülk” – Azərbaycan, mənəvi aləm olan «aləm əl-Cəbərut» isə Arran mənasındadır ki, bu rəmz altında - tikilib qurtardıqdan sonra yerin altında gizlədilmiş Etemenanki zikkuratı nəzərdə tutulur. Üçüncü, gözəgörünməz o biri dünya olan «aləm əl qeyb vəl-Mələküt» isə, ölümsüz mələklər (Allahlar) dünyası, yəni cənnət mənasında olan Ermənistandır.
Mifologiyaya görə, günəş nəsli olan Aragil (Raxil, Raquil, Erakl və s. rəmzlərlə eyni mənalıdır), yəni Gilar (Gelarküni) nəsli, Ermənistana uçmazdan əvvəl (ölüm zamanı) qanad geyirmişlər. II əsrə aid Roma sikkələrində, Erməni dövlətinin alleqorik olaraq Roma imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilməsi onu deməyə əsas verir ki, Ermənistan ölkəsi dedikdə – qadın rəmzli ruhlar dünyası nəzərdə tutulmalıdır (29). Bu isə o deməkdir ki, Ermənistan – Albaniya və İsrailin digər adlarından biridir və Gelarküni göylərində yaradılmış bu cənnət, Allah tərəfindən Gelarküni nəslindən kiməsə verilmişdir.
Beləliklə biz dəqiqləşdirdik ki, Tövratda, Dünyanın yaradılması dedikdə, göydə zühur etmiş ruhlar dünyasının yaradılması başa düşülməlidir və bu dünyada Ra-Amon Allahının nəsli ölümsüzlük qazanır. Ra-Amon [RMN] rəmzi mənbələrdə Ərmən [RMN] (Ermənistan) kimi də yazılır və Asar (Osiris/Azər) Allahının göydəki dünyası mənasını verir. İran mənbələrində Ra-Amon və ya Ərmən rəmzi - Raman [RMN] kimi də qeyd edilir.
Araşdırıcı E. A. Qrantovski «qala divarları»ndan tapılmış İran sənədlərini tədqiq edərkən, «dünya» mənasını verən «raman», «ramakara» – «dünya yaratmış» və s. rəmzlərlə rastlaşır. «Raman» [RMN], «rama» [RM] rəmzləri bu mətnlərdə «dünya», «yaradılmış dünya» mənasındadır ki, burada söhbət təbii ki yaşadığımız fiziki dünyadan getmir. E. A. Qrantovski yazır: «Artıq VIII – VII əsr. e. ə. Qərbi İranda «Raman» anlayışının böyük mənada olmasını, bir neçə hökmranın adları göstərir (Qərbi Midiya və onun ətrafı da): Ramatav(i)yah – (Ramateya və s.) və, Ramatava(h) – (müqayis. Ramatau) «dünya ilə qüdrətli», «dünyanın qüdrətlisi (dünyanı təmin etmək üçün qüdrətli)» (müqayis. VII əsrin ikinci yarısında yaşayanın oxşar adı Ariyaramna – «dünyada ariləri olan» və ya «ariyalar üçün dünya yaradan»). Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda «dünya», bilavasitə «hakimiyyət», «güc» (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı» (30). Bu o deməkdir ki, qədim hökmdarlar, Asar (Osiris/Azər) Allahının göydəki şahlığı ilə, yəni İlahinin mövcud olduğu çadırla bağlı olan Ra-Amon nəslinə mənsub idilər. Məhz bu çadırın İlahi Odu - müqəddəs şahlar nəslinə xoşbəxt və firavan həyat verirdi.
İlahi odla bağlı Ammian Marsellin bildirir ki, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirirdi. R. Fray yazır: «Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı». Bişapurda olan sütunun yazısında, Şapur odu - «odlar şahı» adlandırılır və tədqiqatçılar güman edir ki, o - əsgərlərin «Quşnasp odu» ilə eyniləşdirilir; sonuncu isə sonralar «odların müzəffər şahı» adını alır (31). M. Boys İlahi odu Farbağın odu sayır ki, Farbaq rəmzi «Farnanın yiyəsi» və ya «Farnanın hesabına uğur qazanan» kimi mənalandırılır və bu da farnanın efir [FR] mənasında olması deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir (32). Baq [BQ] rəmzi isə, qədim Misir yazılarında eyni zamanda Qeb [QB] kimi qeyd olunan göy dünyası ilə eyni mənalıdır. Sufizmdə Baq/Bəqa/Bəg rəmzi – ekstatik durumda, ilahi od, dirilik suyu və s. adlanan ilkin materiyaya (efir) daxil olma və onunla birləşməni, vəhdəti bildirir. Bu isə o deməkdir ki, Farbağ rəmzi – “efirdən (ilkin materiya), yəni ilahi oddan yaranmış göy dünyası ilə vəhdət təşkil edən firon (pir)” deməkdir. Əgər nəzərə alsaq ki, qədim insanların təsəvvürlərinə görə, fironları və ya digər müqəddəsləri hansısa “substansiya”, “nur” əhatə edir, razılaşarıq ki, farna adlandırdığımız efir elə o “ilahi mahiyyət”dir ki, şahlar nəslinin törəmələrinə ötürülürdü və əbədi mövcud hesab olunurdu (33). Belə çıxır ki, Gilar bəgləri o hökmranların nəslidir ki, onlar insanlara ilahi bərəkət və uğur verirdi. Yəhudi mənbələrində bu ilahi substansiya – “dünyanı yaradan silah” adlandırılır: “İsrail oğulları sevimlidir, çünki onlara, dünyanı yaradan silah verilmişdir: daha böyük məhəbbətin göstəricisi odur ki, onlar dərk edirlər ki, onlara, dünyanı yaradan silah verilmişdir” (34). Mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqalədə göstərmişəm ki, pir, bəg, seyid və s. adlandırdığımız Azəri seçilmişləri - “ilkin materiya ilə vəhdət”in hesabına möçüzələr göstərmək qabiliyyətinə malık olmuşdular.
Sebeos müqəddəs od olan Qrat odunu Atrpatakan (Azərbaycan) ölkəsində yerləşirdirir ki, şahlar, “Atəş” adlandırılan bu odu, həmişə özü ilə gəzdirərdilər. İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılırdı (35). Əl Kufi isə yazır ki, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminən 45 km. yol məsafəsindədir (36). Burada Gelarküni torpaqlarında bu gün də Azəri bəgləri yaşayır. «Древние масоны – прямые потомки Богов» adlı məqaləmdə mən göstərmişəm ki, XIX əsrə qədər Avropanın və bütün dünyanın şahları və hökmranları məhz bu nəsilin törəmələri olmuşlar (37). Qədim mənbələrdə məhz onlar mələklər nəsli, yəni ölümündən sonra ruhlarının Qor Allahına çevrilib, Qeb (Ermənistan) aləmində ölümsüzlük qazanan müqəddəslər nəsli adlandırılırlar. Qədim Misir mənbələrində onlar - “Qor ardıcılları” (Qor yolu ilə gedənlər) kimi qeyd olunurlar. Devid Rol xüsusi qeyd edir ki, Misirin əfsanəvi “Qor ardıcılları” öz əslini Mesopotamiyanın məşhur qəhrəmanlarından götürür və bu nəslin hər sonrakı hökmranı öz adının qarşısında, Roma imperatorları - Roma imperiyasını yaratmış adamın adının şərəfinə olaraq “Sezar” (Azər rəmzi ilə eynidir) adını daşıdığı kimi, “Qor” ləqəbi daşıyırdılar (38).
Kitab və məqalələrimdə mən göstərmişəm ki, Aleksandriyalı Filona görə, Allah iki növ - formalaşdırılmış (Библ. Быт.2:7) və Allahın obrazı ilə əvvəl yaranmış (Библ.Быт.1:27) insan yaratmışdır. Birincisi – “Göy” (Библ.Быт.1:27) insanı, ikincisi isə “Yer” (Библ.Быт.2:7) insanıdır. Göy insanı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer insanı isə qanunsuz materiyadan yaranmışdır ki, Musa peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı isə usta vasitəsi ilə düzəldilmişdir» (39). Bu o deməkdir ki, “Qor ardıcılları” - Göy insanının nəslidir və onların ruhları, ölümdən sonra da sağ qalaraq, Alban (İsrail) ölkəsində ikinci ömürlərini yaşayırlar.
Mənbələrdə Qor (Xor) rəmzi - Xoris/Xris kimi də yazılır və qədim Misirin Qor Allahının ruhu mənasında “Qor/Xor ruhu” fikrini ifadə edir. Belə çıxır ki, “Qor ardıcılları” elə Xristin, yəni İisus Xristosun – İsa peyğəmbərin ardıcıllarıdır. İslamda onlar Məhəmməd peyğəmbərin və onun əshabələrinin ardıcılları adlandırılır. Məhəmməd peyğəmbər hədislərdə bildirir ki, yəhudilərin, xristianların və müsəlmanların yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedəcək. Bu yeganə təriqət isə, Ərdəbil ətrafında yaşayan yəhudi nazoreylərinə, yəni Azəri türklərinin nizari bəglərinə aiddir.
Nazorey rəmzi [NZR] qədim Misir mətnlərində Ni-Asar (Nu-Osiris/Nu-Oziri) [N-SR/N-ZR] kimi yazılır və “Nu şəhərində (Gel/Geliopol) yaşayan Asar (Osiris) Allahı” mənasını verir. Xristianlıq dönəmində bu şəhərdə yaşayanlar nasarlar və ya nazaretlilər, İslam dövründə isə ənsarilər və ya nizarilər kimi tanındı. Nizarilərin mənşəyi, onların rəhbəri Həsən ibn Sabbahın Ələmut qalasında cənnət yaratması və assasinlər haqqında mən kitab və məqalələrimdə məlumat vermişəm. Burada isə əlavə etmək istərdim ki, bütün dinlər onları müqəddəs nəsil hesab edirdilər. Yəhudilər ismaili nizarilərinin Qalaad şəhərini müqəddəs şəhər hesab edirdilər. Xristianlar bu Gel elini Qaliley (Kolyada və s.) adlandırdılar. Müsəlmanlar isə Qulatı (Gel) – ifrat şiə batinilərinin müqəddəs oсağı kimi qəbul etdilər. Məlumdur ki, bu ismaili-nizariləri, Quranın batini, yəni gizli mənasını bilən müdriklərin nəslidir. Onların şiə ezoterizmi, bütün din və elmlərin açarı hesab olunurdu.
Şiə rəmzi, qədim Misirdə “Allah ruhu” mənasını verən Şu Allahının adının digər yazılış formasıdır. Yəhudilər Şu Allahını – Yeşua, xristianlar isə İsa (İisus) adlandırdılar. Yazdığımız kimi, Dünyanın yaradılışı zamanı məhz Şu Allahı qalxaraq, Nut göyünü Qeb torpağından ayırmışdı. Əgər nəzərə alsaq ki, axirətdə İsa peyğəmbər yenidən gələrək, insanlarla yeni Əhd bağlayacaq, razılaşarıq ki, bu zaman yeni İsrail, yəni göydə Asar/Osiris Allahının yeni dünyası yaranacaqdır. İsanın mənbələrdə Moşiax adlandırılması isə o deməkdir ki, o da Musa (Moşe) peyğəmbər kimi göydən yerə yenidən İlahi odu gətirəcək və İlahinin mövcud olduğu yeni çadır (Skiniya) yaradacaq.
Xoris Allahının, yəni İisus Xristosun adı qədim Misir yazılarının birində «Bakxoris» kimi qeyd edilir ki, onun müdrikliyi haqqında rəvayətlərə Pompey yazılarında da rast gəlinir (40). Bakxoris rəmzi sufizmdə Bəg-Xristos kimi izah olunur. Bu isə o deməkdir ki, İsa peyğəmbər sufilərin Bəqa səviyyəsinə yüksəlmiş müdrikin obrazıdır. Mənbələrdə Xor Allahı eyni zamanda Bəglər (Bek/Baki) ölkəsi ilə də əlaqələndirilir və mənbələrdə -  “Xor, Bakının sahibi”, “Xor, Bakının ağası”, “Xor, Bakı ölkəsinin hökmranı” və s. kimi yazılır (41).
Qeyd etmək lazımdır ki, müdriklik, İsrail oğullarını digər insanlardan fərqləndirən əsas cəhətlərdən hesab olunur. Qurana görə, Allah bu kitabı bilavasitə İsrail oğulları üçün göndərmiş, onlara hökmranlıq, peyğəmbərlik və pak nemətlərdən ruzi vermiş, onları aləmlərdən üstün və varislər etmişdir. Onlara dinlə bağlı aydın dəlillər verən Allah, onları, elmlərinə görə aləmlərdən üstün tutmuşdur (42). Belə çıxır ki, İsrail oğulları Allahın sirlərini bilən batini-nizariləri, yəni nazaretlilərdir.
İslamda, ilahi sirləri bilən Məhəmməd peyğəmbər, imam Əli və ailəsi - əl-Beyt [L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt [L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır. Tövratda, Allah levitləri - “Mənim levitlərim” adlandırır ki, bu da onların Allahın seçilmişlərinin nəsli olması anlamındadır.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi Rus-Eli [RS-L] kimi də oxunur ki, bu da İsrail [SR-L] rəmzi ilə eyni mənalıdır və “Osiris/Usiri Allahının eli” fikrini ifadə edir. Quranda Rus, Rəsul rəmzləri - Ress əshabi və Ressli kimi də qeyd olunur (43). Belə çıxır ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti - “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)” mənasını verir. Mühiddin ibn Ərəbi, əl-Qəzali, Fəzlullah Nəimi və s. kimi məşhur sufilər də Məhəmməd peyğəmbəri – bədənində ruhlar dünyası yaradılmış kosmik insan kimi təqdim edirlər. Mühiddin ibn Ərəbi “Füsus-ül Hikəm” adlı əsərində “Din” sözünün yerinə “Əl” sözünü işlədir ki, bu da İslam dininin göydəki El mənasında olması deməkdir. İbn Ərəbi bu Elin Azər oğlu İbrahim nəslinə verilməsini də xüsusi qeyd edir (44).
Ümumiyyətlə, ibn Ərəbinin və Quranın (22:78) yazdıqlarından belə çıxır ki, müsəlmanlıq Məhəmməd peyğəmbərdən yox, Azər oğlu İbrahim peyğəmbərdən başlanır. Bu isə o deməkdir ki, musəvilik, xristianlıq və islam – çox qədim vahid bir dinin hissələridir. Latınca “Religio” kimi yazılan “Din” sözünü Laktansiya - “Allahla vəhdət”, “Allahla birləşmə” kimi də mənalandırır. Sufizmdə “Allahla birləşmə”, “Allahla vəhdət” – Bəqa və Xulul rəmzləri ilə qeyd olunur ki, buradakı Bəqa rəmzi - tərikə yolunu gedən türkün (türük) bəglik məqamını bildirir. Xulul rəmzi isə islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olan ilkin materiya ilə birləşməsi deməkdir. Sufizmdə Xulul [XLL] rəmzi Allah [LLH] kəlməsi ilə də eyni mənalıdır. Bu isə o deməkdir ki, Allah, Din deyəndə, ilkin materiya ilə vəhdət təşkil edən qədim Misirin Ra-Amon Allahı və onun göydə yaratdığı Qeb cənnəti başa düşülməlidir. Sufizmdə “Religio” [RLG] rəmzinin “Gilar” [GLR] rəmzi ilə eyni məna verməsi isə onu deməyə əsas verir ki, Allahla vəhdət məhz Gilarda baş vermişdir və bütün dinlər də bu Ellə bağlıdır.
Yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, qədim mənbələrdə İsrail (İzrail) dedikdə - Asar/Osiris/Oziri/Azər Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır. Asar adı – İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın ləqəblərindən biridir. Ra-Amon Allahı, qədim mənbələrdə “Yuxarı Misir” adlandırılan göy dünyasının hesabına, iki dünyada fövqəladə qüdrətə sahib olmuş və ölümsüzlük qazanmışdır.
Rus mənbələrində də rus çarlarının özlərini - “Ata qanının haqqı ilə” şah, imperator adlandırması, onların Ra-Amon Allahının törəmələri olması deməkdir: “Mən, Ata qanımın haqqı ilə - həm şah və rusların hökmdarıyam: Öz hakimiyyətimin təntənəli adını, heç bir xahiş və qiymət ilə, heç kimdən satın almamışam; Başqa hökmdara da heç bir qanun ilə mən tabe deyiləm. Lakin, İsaya inanaraq, başqasından xahişlə alınan şərəfə nifrət edirəm”. Yaxud: “Mən təkcə Knyaz, Hökmdar və ya Çar deyiləm, Mən həm də ölçülməz ərazilərimin Böyük İmperatoruyam. Bu ad mənə Allah tərəfindən verilib və digər şahların adları kimi təkcə boş söz deyil: Nə Assuriya, nə Midiya, nə də ki Roma Sezarlarının həqiqətdə belə adlanmağa haqları yox idi... Məgər bütün Avropa monarxları məni İmperator adlandırmır?” (45). Belə iddialar qədim Misir mətnlərində də rast gəlinir: “Mən Harakhty-yə möhkəm qanunlar verəcəm... Mən – öz doğumumda Şaham, heç kimin təyin etmədiyi şahzadəyəm... Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” (46).
Harakhty, yəni Xaraxti [XRXT] rəmzi sufizmdə Xorxut [XRXT] kimi də oxunur ki, bu da Xor, yəni Qor Allahı deməkdir. Xorxut rəmzi bizlərə Oğuz elinin müdriki olan Qorqud [QRQD] kimi də tanışdır. Kitabi-Dədə Qorqudda əsasən gələcəkdə baş verəcək hadisələrdən, dünyanın sonundan danışılır. Bu isə o deməkdir ki, Xaraxti/Qorqud obrazı, axirətdə zühur edəcək və ölmüş Asar/Osiris Allahını dirildəcək qədim Misirin Qor Allahının obrazıdır. Xoraxtinin – “Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” deməsi, onun Mehdi obrazında olması və Asar/Osiris Allahının göydəki ruhlar dünyasının (Albaniya/İsrail) ona verilməsi deməkdir. Buna görə də O, dünyanın yaradılışı zamanı Ra-Amon Allahı tərəfindən müəyyən edildiyi kimi, doğumunda Şahdır. Xaraxtiyə yeni qanunlar verilməsi isə, göydə yaranacaq yeni Dünya və insanlarla bağlanacaq yeni əhd mənasındadır. Əgər nəzərə alsaq ki, Qor/Xor Allahı elə Xoris/Xris, yəni İisus Xristos Allahıdır, aydın olar ki, axirət məhkəməsindən sonra Dünyanın, yəni Aşağı və Yuxarı Misirin Şahı İsa peyğəmbər olacaqdır.
Biz qeyd etdik ki, Albaniya ölkəsi Allah tərəfindən Gelarküni nəslindən kiməsə vəd edilmişdir. Deməli, Qor, yəni Xris/Xristos obrazı Gelarküni nəslindən olmalı və İlahi sirləri bilməlidir. Bilim – Allahla vəhdətdə olan nəsli, adi insanlardan ayıran əsas cəhətdir. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allaha çevrilib, ilkin materiya ilə vəhdətə nail ola bilər. Qədim Misir mətnlərində, Amon Allahının axirətdə gələn və İlahi sirlərdən xəbərdar olan oğlu haqqında yazılır: “Sənin oğlundan... (Şahdan)... başqa özünü dərk edən yoxdur. Sən öz oğluna əzəldən yazdığın taleni və öz qüdrətini verirsən” (47). Bənzər fikir Əyyub peyğəmbərlə bağlı yazılarda da Allah tərəfindən ifadə edilir: “Əlbəttə sən onun sərhədlərinə çatmısan və onun Evinin yolunu bilirsən. Sən ona görə bunları bilirsən ki, sən artıq o vaxt doğulmuşdun və sənin günlərinin sayı çox böyükdür” (48). Bu isə o deməkdir ki, axirətdə gələcək oğul, Dünyanın yaradıldığı zaman yaradılmışdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah - iki Nursaçan: Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş Allahı başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Günəş Allahı Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir. Misir mətnlərin birində Allahın oğlu - Ay adlandırılır: “Sən yenilənməni təkrarlayırsan və sən, Ay kimi yenidən çiçəklənirsən – uşaq, sən, Nunun əzəl dövrlərindəki kimi öz-özünü il-ildən cavanlaşdırırsan. (Sənin) doğumun – Xeb-Sedin təkrarlarındadır, bütün həyat sənə daxil olur (birbaşa məna:”Sənin burnuna gəlir”), və sən – bütün torpaqların əbədi şahısan” (49). Ağ məbədin mətnlərində, Allahların başçısı Amon bəyan edir: “Oğul (Mənim) Senurset, Sənin atan Ra-nın istəyi ilə hər iki Torpağın şahlığı sənə məxsusdur”. Digər bir yazıda isə Ra-Amon, öz “cismindən olan oğlu” Xeperkaraya deyir: “Atan Ra, sənin uca - Aşağı və Yuxarı Misirin şahı adını, səni özü ilə vahid cisimdə yaradanda yaratdı” və ya “Yaşasın yaranışı təkrarlayan Qor, Ra-nın oğlu Amenemxet” (50). Bütün bunlar o deməkdir ki, Ra-Amonun yeganə oğlunun doğumu əvvəlcədən, Dünyanın yaradıldığı zaman müəyyənləşdirilmişdir.
Mənbələrdə Ay (İslamın rəmzi) Allahının obrazı Xarrandan (Arran) başlanır və Sin adlanır. Devid Rol qeyd edir ki, mənbələrdə İl-Amurru kimi yazılan Əhdi-Ətiqdəki El Allahı, patriarxal dövründə təbii olaraq Xarrandan olan Sin Allahı ilə eyniləşdirilirdi. El [L] rəmzi isə, ifrat nizari şiələrinin Allahla eyniləşdirdiyi imam Əli [L] obrazı (Əli-İlahi) ilə eynidir. Sufizmdə imam Əli və İsa peyğəmbər eyni obraz kimi çıxış edir. Qurana görə, Allah, Adəmdən sonra yalnız İsa peyğəmbəri özünün “Kün!”, yəni “Ol!” əmri ilə yaratmışdır. Deməli, İsa obrazı da “Kün!” rəmzi ilə, yəni Gelarküni ilə bağlıdır. Lakin El [L] və Əli [L] rəmzləri eyni zamanda Albaniyanın digər adı olan Alu [L] rəmzi ilə də eynidir və bu Alu, yazdığımız kimi Gelarküni nəslindən kiməsə əbədi verilmişdir.
Quranda deyilir ki, İsa peyğəmbər açıq nişanələrlə, yəni insanları fikir ayrılığına salan kamil elmlə, müdrikliklə gələcək (51). Bu isə o deməkdir ki, İsa peyğəmbər qədim sirləri açaraq bütün suallara izah verəcək və bütün dinlərin bir olduğunu sübut edəcəkdir. Xristianların “Siluanın nəsihətləri” adlı yazıda deyilir: “Xristos (İsa) – həyatın həqiqi işığı və günəşidir. Günəş, bədənin gözlərinə işıq vermək üçün çıxdığı kimi, Xristos da bütün ağıl və ürəkləri nurlandırır”. Sebeos, İsa peyğəmbər haqqında danışanda, xüsusi qeyd edir ki, o yarı insan yarı Allah idi. Belə çıxır ki, İsa obrazı həqiqətən də qədim Misirin Qor Allahının obrazıdır. Mənbələrə görə, hələ Dünyanın yaranışı zamanı, onun üçün Yuxarı Misirin, yəni Asar-Elinin - İsrailin taxtı hazırlanmışdır və o öləndən sonra, onun ruhu göyə qalxaraq Ra günəş diski ilə birləşəcək və Ra-Amon Allahının doğumu təkrarlanacaq. Bundan sonrakı zamanın şahı isə İsa peyğəmbər olacaqdır. O yerdə ədalət məhkəməsi quracaq və Asar/Osiris Allahını dirildəcək. Mənbələrdə “Osirisin (İsanın) ölümü və dirilməsi” dedikdə, göy cənnətinin məhz bu yenilənməsi nəzərdə tutulur.
Asar (Osiris) Allahının ölümü və dirilməsi digər mənbələrdə Attis, Adonis, Tammuz, Kibela və s. Allahların ölüb dirilməsi kimi qeyd olunur və bu bayram “Gilar bayramı” adlanırdı (52). Bu isə ona işarədir ki, Həzrəti İsa Gilar elindən olacaqdır və axirətdən sonrakı dövrdə Ra-Amon Allahı - İsrail şahlığını, yəni göydəki Azər Elini məhz ona verəcəkdir.
Axirət yaxınlaşdıqca, İsrail şahlığının kimə veriləcəyi məsələsi də ortaya çıxmışdır. Tövrata görə, Allah əhd etmişdir ki, bu şahlığı – Gelarkünidən və İsrail yəhudilərindən, yəni Azər elinin Gilar türk bəglərindən olan və İlahi sirləri bilən bir nəfərə əbədi verəcəkdir. Kimin bu taxta sahib olacağını isə təbii ki, zaman göstərəcəkdir.


Ədəbiyyat

  1. Firdovsi, “Şahnamə”, B., 1987, səh. 20
  2. Firudin Gilar Bəg,   http://www.gilarbeg.com
  3. Платон, «Политик», 269 С
  4. Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
  5. «Kitabi-Dədə Qorqud», B., 1988, səh.106,110,111,74,58,38,74
  6. Род I, 6:15; III, 3:5 ; Лют. II, 1:1 və s.
  7. «Книга Велеса», С-П., 2000, səh.93,95,157, 191
  8. Библия, Лев.17:11
  9. Библия, Деян.17:26
  10. Библия, Иезек.31:3-9
  11. «История Древнего Востока», I cild, М., 1983, səh.169
  12. Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.135,143,144
  13. «Kitabi-Dədə Qorqud», B., 1988, səh.42,55,63,68,94,91,126
  14. Библия, Быт.19:24, 22:6, Исх.3:2
  15. Библия, Лев.6:12,13
  16. Библия, Быт. 2:6-8
  17. Мифологический словарь, М., 1990
  18. «Талмуд», Санк-Пет., 1903, V cild, səh.3
  19. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.248
  20. Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, I cild, səh. 135,126
  21. Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, II cild, səh.92
  22. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.459,408
  23. Дэвид Рол, «Утраченный Завет», sayt:  http://lib.rus.ec/b/328508/read
  24. Дэвид Рол, «Утраченный Завет», sayt:  http://lib.rus.ec/b/328508/read
  25. Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, səh.111
  26. Библия, Быт.28:16-19
  27. Библия, Второзак., 1: 6-8
  28. Ал Газали, “Воскрешение наук о вере” М., 1980, səh.29
  29. Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.215
  30. История Иранского государства и культуры”, М., 1971, səh.305
  31. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286
  32. М. Бойс, «Зороастрийцы», М., 1987, səh.150
  33. «История Древнего Востока», I cild, М., 1983, səh.281
  34. Э. Э. Урбах, “Мудрецы Талмуда”, Исраэл, 1989, səh.60
  35. М. Бойс, Зороастрийцы, М., 1987, səh.107
  36. Аль Куфи, «Китаб аль Фитух»
  37. Фирудин Гилар Бек, http://gilarbek.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00-08:00&updated-max=2013-01-01T00:00:00-08:00&max-results=50
  38. Дэвид Рол, «Утраченный Завет», sayt:  http://lib.rus.ec/b/328508/read
  39. А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110
  40. Б. А. Тураев, Древний Египет”, изд. "Огни", Петроград., 1922, səh.123
  41. Э. Е. Кормышева, «Религия Куша», М., 1984, səh.71,74,76,112,146
  42. Quran, 27:76,77, 45:16, 2:47,122,40,44:32, 45:16, 6:165
  43. Quran, 25:38, 50:12-14
  44. Ибн Араби, «Геммы мудрости», sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
  45. Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001, səh.567
  46. Г. В. Носовский, А. Т. Фоменко, Империя”, М., 2000, səh.593
  47. Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, “В преддверии философии”, М., 1984, səh.84
  48. Библия, Иов 38:20-21
  49. О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.58
  50. О. И. Павлова, Амон Фиванский”, М., 1984, səh.61,50
  51. Quran, 43:63
  52. Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86


Фирудин Гилар Бек
                                                                             gilar@mail.ru