четверг, 19 апреля 2018 г.

Tövrat – Azərbaycanda, qədim Azəri dilində yazılıb



Qədim dünyanın ən müqəddəs kitablarından biri də yəhudilərin Tövrat (Tora/Torah) kitabıdır. Deyilənə görə, Allah Musa peyğəmbərə Tövratı verəndən sonra dedi: “İndi Tövratı İsrailə başa sal. Musa: Dünyanın hökmdarı, - mən onu onlarçün yazaram, dedi. Allah isə: Mən onlara onu yazılı vermək istəmirəm, çünki bilirəm, gələcəkdə dünya xalqları yəhudilər üzərində ağalıq edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər” (Й.Айзенберг, “Что такое Тора?”, И.1985. стр.58). Bu o deməkdir ki, bu gün Tövrat, öz əsl sahiblərinin əlindən alınmışdır. Dünya xalqları onu mənimsəmiş və onun əsl sahiblərinə nifrət edirlər. Ortaya belə bir sual çıxır: Bəs Tövratın əsl sahibləri kimlərdir? Bu suala cavab vermək üçün qədim mənbələri diqqətlə və qədim müdriklərin öz məntiqi ilə araşdırmaq lazımdır.
Qədim yazılara görə Tövrat – “Dünya”nın yaradımasında əsas vasitə olduğu üçün “Müqəddəs Ustanın silahı” adlandırılır (Берешит раба, 1:1). Digər kitabda isə bildirilir ki, bu kitab – “Onu tutanlar üçün Həyat ağacıdır”. Zoar kitabında, “onu tutanlar” müqəddəslər adlandırılır və qeyd olunur ki, üç səviyyə bir-biri ilə bağlıdır – Müqəddəslər, Tövrat və İsrail. Başqa sözlə, Allah “Dünya”nı yaradanda, əlində vasitə olan Tövrat kitabı, İsrail və onun müqəddəslər nəsli ilə eyni səviyyəlidir.
Talmud kitabına görə, Tövrat – “Laşon akodeş” adlanan və “müqəddəs dil” mənasında olan qədim yəhudi dilində yazılmışdır. Yəhudi müdriklərindən olan Mar Zutra (Mar Ukva) bildirir ki, Tövrat əvvəl müqəddəs dildə verilsə də, Ezranın dövründə, Aşuri əlifbası ilə aramey dilinə qeyd olundu. Sonda İsrail Aşuri yazısını özünə yazı sistemi kimi qəbul etdi. Yazı ona görə Aşuri adlanır ki, yəhudilər onu Assuriyadan qalxandan özləri ilə gətirdilər. Başqa sözlə, Tövrat - qədim Assur yazısı ilə, aramey dilində yazılmışdır. Lakin aramey dili mənbələrdə “tarqum” dili də adlanır və xaldeylərin dili hesab olunur. Bu dil müqəddəs dillə adi dillər arasında keçid rolu oynayır və rəmzlərin batini izahı mənasını verir. Adi dil isə “Libona” şrifti ilə yazılmış ivri dili hesab olunur. Bu isə o deməkdir ki, Tövrat rəmzlərlə yazılmışdır və onu anlamaq üçün batini mənaları açılmalıdır.
Dini təfsirçilərin yazdığına görə, müqəddəs yazılar dörd səviyyədən ibarətdir. Bu səviyyələrin dərki – «cənnət bağı» mənasını verir. Bunlar: «Pşat», «Remez», «Draş» və «Sod»dur.
Pşat (bəsit, birbaşa) – əsas, Tövratın bəzən çox dərinliyə gedən birbaşa mənası.
Remez (rəmz, işarə) – mətndə olan rəmzlər vasitəsi ilə təfsir vermə; bir mətndəki fraqmentin digər mətndəki fraqment ilə əlaqələndirilməsi.
Draş (təfsir vermə) – müqəddəs yazılarda, iki misra arasında saxlanmış pauzanı doldurur. Draş bəzən heç əlaqəsi olmayan qonşu misra arasındakı rabitəni aşkarlayır və ona izah verir.
Sod (sirr) – yalnız «xəbərdarlar» üçün kabbala mənası. Bu səviyyəyə qalxmış insan «cənnətin sakini» - «pardes» (islamda Firdaus) sayılır.  
Yazdıqlarımızdan belə çıxır ki, Tovratın bir neçə qat batini mənası var və bunları tam anlamaq üçün yazıların sufi-batini mənalarına izah vermək lazım gələcək. Mən də bu mənada bəzi rəmzlərin açmasını verəcəm və bu günə qədər açılmamaış bəzi sirləri açacam.
Hər şeydən əvvəl ondan başlayaq ki, Tövratın dili - “Laşon akodeş” adlanır və burada “akodeş” sözü müqəddəs mənasında işlənir. Ən qədim mənbələrdə Kodeş rəmzi Kadeş kimi yazılır və ölkə kimi qeyd edilir. Məşhur alim B. A. Turayevin yazdığına görə, amoreylər, yəni marlar ölkəsi olan Kadeş - Aziru (Oziri/Osiris) şahlığıdır (Тураев Б. А. “История Древнего Востока”, Л. 1935. Том 1, səh.304). Aziru şahlığı deyəndə burada, qədim Misir mənbələrdəki Osirisin (Asar) ruhlar dünyası - ölüm şahlığı nəzərdə tutulur. Yunanlarda ölüm şahlığı Qades adlanır ki, sufilərdə bu rəmz Kadeş rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, müqəddəs dil –
ölüm şahlığı ilə, oranın əhalisi olan ruhların dili ilə bağlıdır. Lakin Qades rəmzi mənbələrdəki Kadus rəmzi ilə də eyni mənalıdır və Kadus el də elə Midiya xaldeylərinin, maqlarının elidir. Kadus rəmzi həm də İslamda “müqəddəs” mənasını verən kuddus/əqdəs deməkdir. Başqa sözlə, yəhudi müqəddəsi-kodeşi elə İslamın kadus/kuddusudur.
Sufi-batinilərdə Kadeş/Qades/Kadus rəmzi - “Kad-issi” mənasını verir ki, bu da “Kad xalqının ruhu” deməkdir. Kad xalqı isə mənbələrdə Xat/Xatti/Quti və s. kimi keçir və Misir mənbələrindəki Kadeş döyüşü də məhz Kadi/Quti/Kutilərlə misirlilər arasında olmuşdur. A. Oppenheymə görə, Mesopotamiyanın “Kutilər sülaləsi” hakimiyyəti - Göydən yerə endirilən şah hakimiyyətidir (Оппенхейм А. Лео. “Древняя Месопотамия”. - М. 1980, səh.146). Mənbələr bu Kuti/Quti tayfalarını “Umman-Manda” adlandıraraq, onların “dəniz xalqı” olması xüsusi qeyd edir və araşdırıcılar da Umman-Manda tayfasına fantastik dəniz xalqı kimi baxır (И. М. Дьяконов, «История Мидии», М.-Л.,1956, səh.79). Quti, Umman-Manda və Midiya tayfalarının mənbələrdə bir-birlərini əvəz etmələri, onların eyni tayfa olduğuna işarədir. Misirşünas Q. Bruqş da bildirir ki, Şərqdə, Xitlərin böyük şahlığı yeni Mat, yəni Mada/Midiya adı ilə tanınmağa başladı ( Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.535). Bu isə o deməkdir ki, Kad/Quti/Xatti xalqı elə Midiya Kaduslarıdır.
Kadus, yəni Kad-İssi sözündəki “İssi” rəmzi Kitabi Dədə Qorqudda “asi” kimi keçir və asilər su altında “Mənəm Allah” deyəm qışqırırlar. Bu isə o deməkdir ki, Tövratın yazıldığı müqəddəs Akodeş dili – göydən, göy okeanından yerə gəlmiş Allahların dilidir. Buna görə də, yəhudi amoreylərinin müdriki Bar Kapara yazır: “Tövratın sözləri Yafətin dilində Sim çadırında səslənsin”. Buradakı Sim (SM) çadırı – Səma çadırı mənasında, Musa (MS) peyğəmbərin göydən gətirdiyi və İlahi oddan yaratdığı Vəhy çadırıdır ki, bu çadır cənnət mənasındadır. Yafət rəmzi isə qədim Misir mənbələrində Pta/Ptah adlanır və “Dünya”nın yaradılışının Memfis variantına görə O - Demiurq, yəni yaradıcı Allahdır. Pta/Ptah - “Dünya”nı və Allahları öz İlahi sözünün gücü ilə yaratmışdır. Burada açıq yazılır ki, Atumun “Doqquz Allahı” - Pta Allahının dili ilə yaradılmışdır. Onun adını çəkdiyi hər şey reallaşdı, beləcə “Dünya” və Allahlar yarandılar. Yafət/Pta/Ptah nəsli də məhz Allahlar nəsli mənasındadır.
Biz aydınlaşdırdıq ki, Tövratın yazıldığı Kodeş dili – göydən gəlmiş Quti/Kad/Kadus Allahların dilidir və bu dilin Aşuri/Assur əlifbası ilə yazılması da, onun məhz Asar/Osiris/Azər Allahları ilə bağlı olması deməkdir. Yalnız samitlərlə yazılan Tövrat sonradan aramey əlifbasına keçmişdir ki, burada aramey, yəni “aram” (arim) – Tövratda Asurla birgə Simin (Səma, Sim çadırı) övladları sayılır. Sufi-batinilərdə “aram” (RM) rəmzi “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Arameylərin dili həm də tarqum dili adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü “tarq” (TRQ) rəmzidir və bu rəmz qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənib – “göydə qurbanla Allah yaradan maqlar” mənasını verir. Assur teurqlarının, teurqiya vasitəsi ilə göydə “Dünya” və Allah yaratmaları haqqında mən – “Assuriya qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə geniş məlumat vermişəm (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).
Bütün bunlar o deməkdir ki, Tövratın sonradan keçdiyi aramey, tarqum dili də Midiya ərazisində mövcud olmuş Assur ölkəsinin teurqlarının – Azəri türklərinin dilidir. Tarqum dilinin rəmzlər dili olması da onun, sufinin keçdiyi tərikə yolu ilə - ekstazla, şamanlıqla bağlıdır. Maraqlı hal isə odur ki, Tövratın öz adı olan “Torah” rəmzi də “Tərikə” mənasındadır. Bugünkü yəhudilər “Törə” sözünü – “qanun”, “təlim” və s. kimi mənalandırırlar və başqa heç bir izah verə bilmirlər. Lakin sufi-batinilərin elmində bu söz çox dərin mənalar verir. 
Torah (Tövrat), yəni “TRH” rəmzi sufilərdə - tarix, tərikə, türk, teurqiya və s. digər rəmzlərlə eyni mənalıdır. “Tərikə” rəmzi sufizmdə - Allahın dərkinə, onunla vəhdətə aparan yol deməkdir. Yazdığım kimi, qədim Misir və Assurda bənzər teurq (teurqiya) sözü - qurban və magiya vasitəsi ilə göydə Allahyaratma mənasını verirdi ki, qədim Misir yazılarındakı “Dünya” və Allahlar məhz bu tərikə/teurqiya yolu ilə yaradılmışlar. Tövratda da 7 günə yaradılmış “Dünya” dedikdə də, məhz teurqların (türklərin) teurqiya ilə göydə yaratdığı “Dünya” nəzərdə tutulur. Türklərin “Bilgə Xaqan”, “Gül-Təkin”, “Moyun Çor” və s. abidələrində açıq yazılır ki, türk xanı göylərdə - Tanrıda olmuş və orada Tanrı tək Tanrı yaratmış və oranı El etmişdir. Mən bu haqda kitab və məqalələrimdə çox yazmışam. Deməli, Törə/Torah (Tövrat) dedikdə, teurq-türklərin tərikə (teurqiya) yolu ilə, yəni qurban və magiya vasitəsilə göydə “Dünya” (cənnət) və s. yaratması nəzərdə tutulur. Bu isə o deməkdir ki, Torah - Tərikə, yəni Allahın dərkinə, onunla vəhdətə aparan yol deməkdir.
Digər tərəfdən, Torah rəmzi ilə eyni mənalı Terax rəmzi – Əhdi-Ətiqdə İbrahim peyğəmbərin atasının adıdır. Quranda İbrahim peyğəmbərin atasının adı Azər kimi keçir. Digər mənbələrdə İbrahimin atası Farra da adlandırılır. Sufi-batinilərdə də Farra rəmzi “Efir-Ra” kimi izah olunur və İlkin materiyadan, yəni İlahi oddan yaradılmış Ra günəşini bildirir. Deməli, İbrahim peyğəmbərin atasının obrazı – göydə Ra günəş diskini yaratmış qədim Misirin ilk piri, fironu Amonun obrazıdır. İbrahimin atasının adlarının Terax, Azər və Farra olması onu göstərir ki, Teraxla eyni mənalı Torah rəmzi – sufizmin tərikə yolu ilə göydə Ra günəşinə çevrilmiş Azər/Asar, yəni Osiris Allahının tarixi mənasındadır. 
Bütün bu yazılanlardan isə belə bir nəticə çıxara bilərik ki, Tövrat/Torah kitabı – Azəri türk bəglərinin, tərikə yolu ilə göydə Ra günəş Allahının, yəni Ra-Amon (Rəhman) Allahın yaradılmasına həsr olunmuş kitabdır.
Digər tərəfdən, yəhudiləri adi - ivri/ivrit dili  “Libona” şrifti ilə yazılmışdır ki, buradakı “Libona” (LBN)  rəmzi sufizmdə Alban (LBN) rəmzi ilə eynidir. Bu onu göstərir ki, yəhudi dili həm də Qafqaz Albaniyası bağlıdır.
Zaxariya Ritorun salnaməsində deyilir ki, Amidin - “Kavadın zamanında əsir aparılan” iki sakinin dediyinə görə, onlar hunn torpaqlarında olduğu zaman, ora Alban yepiskopu Kardostun başçılığı ilə yeddi xristian missioneri gəldi. Onlar orada yeddi il qaldılar və orada hunn dilində müqəddəs yazı (Əhdi-Ətiq – F. G. B.) buraxdılar (Ю. Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83). Əgər nəzərə alsaq ki, mənbələrdə Əhdi-Ətiqin dili “xanaan dili” adlanır və xanaan (XNN) rəmzi də xunn/hunn/qunn (HNN/XNN/QNN) rəmzi ilə eyni mənalıdır, razılaşarıq ki, əsil xanaanlılar elə Amid, yəni Midiya hunnlarıdır və Əhdi-Ətiq də Midiyada buraxılmışdır.
Qədim Azərbaycanın Arran ərazisində Xunan (Xanaan) şəhərinin olması mənbələrdən bizə məlumdur. Qədim erməni mənbələrində bu Xunanakert şəhər-qalası, IX–XIII əsrin ərəb mənbələrinə Xunan kimi qeyd olunur. Albaniya ərazisindəki Xunan şəhərini ərəb coğrafları Bərdə ilə Tiflis arasında yerləşdirirlər və bu gün də Azərbaycan ərazisində Xunan düzü və s. adlar qalmışdır (Гейбуллаев Г. А. К этногенезу Азербайджанцев. Б., 1991,səh.126). Digər tərəfdən, mənbələrdə Xunan/Xanan rəmzi “Bit-Xanuniyə ölkəsi” kimi də qeyd edilir və Urartu ölkəsinin ərazisində yerləşdirilir («Хрестоматия по истории Древнего Востока», М., 1980, səh.222). Xanun adına “Bit” rəmzinin əlavə edilməsi, bu ölkənin “Beyt”, yəni Allah evi mənasında olması deməkdir.
Qədim Misir yazılarında isə Xanaan rəmzi Kennan kimi yazılırdı və Asar/Osiris Allahı – Kennanın taciri adlandırılırdı. Kənan rəmzi ən qədim Şumer yazılarında Ki-Nun və ya Nun-Ki kimi keçir və Marduk-Asar Allahının tikdiyi “Etemenanki” məbədinə aid edilir. Bu məbəd isə yerlə göyün təməl Evidir və ilkin sularda, yəni göy okeanında tikilmişdir. Başqa sözlə, xanaanlılar, yəni hunnlar - göylərdə tikilmiş Allah Evi ilə bağlıdırlar. Tövratın da həsr olunduğu və 7 günə yaradıldığı “Dünya” da məhz bu – başı göylərə çatan Evdir. 
Tövrat yazır ki, Allah israillilərə göstəriş verərək deyir ki, “amoreylərin dağlarına və onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz sahilinə, Knun (Xanaan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın atalarınıza, İbrahimə, İsağa və Yaquba və onların törəmələrinə andla söz verdiyi topaqları miras kimi götürün” (Библ,Втор.1:6-8). Burada Lbnun rəmzi Livan kimi qəbul olunsa da, bu rəmz Alban kimi oxunmalıdır. Alban (Aluank) dağları isə, M. Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilərə görə vərəsəliklə böyük və adlı-sanlı tayfa olan Yafət-Ərən əsilli Sisaka/Sisakan, yəni Gel/Gelarküni nəslinə verilmişdir (М. Хоренаци, Kitab2, böl.8). Başqa sözlə, Allahın yəhudilərə “Vəd etdiyi Torpaq” – Albaniyadır və Allah bu Eli - Azəri türk seyid-bəglərinə əbədi vermidir.
Bütün bunlar o deməkdir ki, Tövrat kitabı – Azəri türk seyid-bəglərinin müqəddəs kitabıdır və bu kitab qədim Azərbaycan elində - Albaniyada rəmzlərlə yazılmışdır. Allah göydəki “Dünya”nı yaradanda, istifadə etdiyi Tövrat kitabında təsvir olunan yaradılış prosesi də, Müqəddəs Ataların Albaniyada, Sünikdə/Gelarkünidə  – Atalar monastırı və “Səhra” tikmələri kimi qeyd olunur və s.
Mən, Allah tərəfindən, Ona qulluq üçün seçilmiş yəhudilərin məhz Azərbaycanla bağlı olmasını, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə, çoxlu sübutlarla və təkzibolunmaz faktlarla göstərmişəm.
                                                                                     Firudin Gilar Bəg


Dünyanın ilk dili - Türk dilidir!





Bu gün hər bir xalq özünün və dilinin qədimliyini sübut etməyə çalışır. Bəs həqiqətdə dünyanın ən qədim dili hansı dildir? Bu suala cavab tapmaq üçün, dillər haqqında əsas məlumat verən Tövrat kitabına müraciət etmək lazım gələcək.
Tövrat yazır ki, əvvəl yer üzündə bir xalq və onların bir dili var idi. Onlar Şərqdən gələrək Senaar (Şinar) torpağında düzənlik tapdılar və orada, başı göylərə çatan qüllə tikməyə başladılar. Allah insan oğullarının tikdiyi bu qülləyə baxmaq üçün gəldi və insanların ikinci belə bir qüllə tikilməsinin qarşısını almaq üçün onların dillərini dəyişdi və dünyaya səpələdi (Библ., Быт.,11:1-9). Quran, bu ilk dilin sahibi olan xalq haqda yazır: “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi və aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” (Quran, 2:213, 22:74). Bir ümmət olan insanların ayrılması onu göstərir ki, onlar Babil qülləsini tikib, ayrılıblar. Bu o deməkdir ki, Şərqdən gələnlər adi insanlar yox, müjdəçilər və xəbərçilər nəslidir və Quran onları peyğəmbərlər nəsli adlandırır. Quranda, bu nəslə eyni zamanda kitab göndərilməsi də qeyd olunur ki, bu kitabın da hansı kitab olması da çox maraqlıdır.
Əvvəl ondan başlayaq ki, ən qədim Misir mənbələrində Şərq dedikdə - Allahların doğulduğu ölkə başa düşülür. Məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdi fəlsəfəsi əsasən Şərqin axtarışına həsr olunub ki, bu fəlsəfədə Şərq yerdə yox, göylərdə - ruhun yarandığı yerdə yerləşir. Sühravərdi fəlsəfəsində Şərq - göydəki ruhlar dünyası – ilkin materiya mənasındadır («Световой человек в Иранском суфизме», sayt: http://www.metakultura.ru/vgora/ezoter/korben.htm). Bu o deməkdir ki, Tövratda, Şərqdən gələnlər dedikdə - göyləri təşkil edən ilkin materiyadan yaranmış varlıqlar başa düşülməlidir. Şumer, Mesopotamiya və s. mənbələrində şahlığı göydən endirilən padişahlar nəsli haqda çox yazılır və burada onlar, indiki insanların əcdadları hesab olunan ilk insanlar kimi təqdim olunurlar.
İkincisi, burada vahid dildən söz açılır ki, araşdırıcılara görə, Babil qülləsi tikilənədək insanların dili - “quş dili”nin təmiz forması olmuşdur (Sayt: http://angel.org.ru/2/sohravar.html). Anri Korbenə görə bu - mahiyyətin dilidir, təmiz varlığın dilidir, məhz bu dil vasitəsi ilə  daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə də vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Bu “dili” isə təbii halda peyğəmbərlər qəbul edə bilir (Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, стр. 209,210,309). Bu isə o deməkdir ki, göydən gələn və vahid dildə danışan padişahlar və peyğəmbərlər nəslinin vahid dili də, göylərin, yəni ilkin materiyanın dilidir. Tövratda vahid dil – “safa əhət” kimi səslənir ki, bu da ilk vahid dilin elə safa, yəni sufi (sofi) dili olması deməkdir. Sufizmdə bu dil rəmzi mənada qəbul olunur və sufi pirinin ekstatik durumda getdiyi tərikə yolu mənasında qamlıq, şamanlıq məqamıdır.
Deməli, Şərqdən gələn və vahid dildə danışanlar – ilkin materiya ilə vəhdətdə olan peyğəmbərlər nəslidir və onların dili də ilkin materiyanın, yəni sufilərin “Hu” adlandırdığı İlahın dilidir. Bu ilk insanlar kitabla gəlmişlər ki, biz bu kitabın hansı kitab olmasını da aydınlaşdırmalıyıq.
Qədim yəhudi mətnlərinı görə – “Dünya”nın yaradımasında əsas vasitə Tövrat kitabı olmuşdur və buna görə də bu kitab “Müqəddəs Ustanın silahı” adlandırılır. Tövrat deyir: “Mən dünyanın yaradılışı zamanı Aşem üçün baş plan idim. Yaradılışın altı günü Aşem məni Öz qarşısında tutmuşdu... O yazılara baxıb, yaradırdı” (Sayt: https://toldot.ru/articles/articles_1413.html). Belə çıxır ki, Allah dünya yaradanda məhz Tövrat kitabına baxıb yaradırmış. Başqa sözlə, Tövrat kitabı - Babil qülləsinin tikilməsindən əvvəl göndərilmiş ilk kitabdır.
Yəhudilərin Talmud kitabına görə, Tövrat,  “Laşon akodeş” adlanan və “müqəddəs dil” mənasında olan qədim yəhudi dilində yazılmışdır. Yəhudi müdriki Mar Zutra (Mar Ukva) bildirir ki, Tövrat, əvvəl müqəddəs dildə verilmiş, lakin, Ezranın dövründə, Aşuri əlifbası ilə aramey dilində yazılmışdır. Nəticədə İsrail, Aşuri yazısını özünə yazı sistemi kimi qəbul etmişdi. Yazı ona görə Aşuri adlanır ki, yəhudilər onu Assuriyadan özləri ilə gətirmişlər. Tövratın müqəddəs dildə verilməsi – onun ekstatik dildə ilk insanlara çatdırılması mənasındadır. Bu o deməkdir ki, İlahla vəhdətdə olan ilk insanların bu kitabı – ilkin materiyanın düşünən hissəsidir ki, Fərabi bunu fəal ağıl adlandırır. Sufizmdə bu – tərikə yolunun Bəqa səviyyəsi adlanır ki, bu səviyyədə ilkin materiya informasiya şüalandırır. Bu zaman fəal ağıl insana istənilən informasiyanı “başa salır”. Deməli, müqəddəs dil deyəndə, ilkin materiya və onun düşünən hissəsi nəzərdə tutulur və onu “oxuyan”, yəni ekstatik durumda ondan informasiya alan insan, bütün elmləri ən kamil şəkildə dərk edir.
Yazdıqlarımızdan belə çıxır ki, ilk insanların müqəddəs dili - onların eksatik durumda ilkin materiyadan informasiya almaları mənasındadır. Onlar, “müqəddəs dildə” qəbul etdikləri elmi, Ezranın dövründə Aşuri (Assur) əlifbası ilə aramey dilində yazdılar. “Ezra” rəmzi qədim dilçilikdə və sufizmdə Azər/Asar/Assur rəmzləri ilə eyni məna verir. Deməli, Ezra (ZR) dövrü dedikdə - Azər, yəni Assur/Osiris Allahları nəslinin yaşadığı dövr nəzərdə tutulur. İsay (Yeşay) peyğəmbər, kitabında Assur/Ezra haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (Библ.,Исая, 23:13). Bu o deməkdir ki, vahid dildə danışan ilk insanlar Assurlardır və onlar ilkin materiya səhrasından gəlib, Xaldeyada Babil qülləsi tikmiş, sonra isə onu, rəmzi mənada “xarabalığa” çevirmişlər. Burada ilk insanların Babil qülləsini tikdiyi yer Xaldeya, Tövratda isə Senaar/Şinar adlanır.
Assuralogiyanın banilərindən olan Arçibald Seys - Şinar rəmzini, yunanların Sinqar adlandırdığı Sngr (Sanqara), Sanhar/Sankhar rəmzləri ilə eyniləşdirir. Sngr rəmzi, sufizmdə Sünik-Ur kimi açılır və Alban mənbələrində Sünik torpağı Süni (Süni+Ur=Senaar) kimi də yazılır. Alban mənbələrində müqəddəs Ataların Sünikdə “səhra” tikmələri açıq yazılır (А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Ur rəmzi isə Əhdi-Ətiqdə Xaldeya Uru adlandırılıb, Xaldeya ölkəsinə aid edilir. Başqa sözlə, Sinaar/Şinar torpağı elə Albaniya torpağı olan Sünik torpağıdır və Babil qülləsi də qədim Albaniya, indiki Azərbaycanın Xilat (Xaldeya) torpağında tikilmişdir. Məhz burada, Allah - ilk insanlar olan Assurların, yəni Azərilərin dillərini dəyişib, onları dünyaya səpələmişdir. Assurların qədim Azərilər olması haqda mən bir məqaləmdə geniş yazmışam (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).  
Yazdıqlarımzdan belə çıxır ki, Şərqdən gələn və ilk müqəddəs dildə, yəni ilkin materiyanın “dilində” danışan Assur/Azərilər, Tövratı – “müqəddəs dildə” qəbul edib, qədim Assur yazısı ilə, aramey dilində yazmışdır. Aramey dili - müqəddəs dil olan ekstatik dillə, adi dillər arasında keçid rolu oynayır və rəmzlər dili mənasındadır. Mənbələrə görə, aramey dili xalqlara yox, bilavasitə xaldeylərə verilib və onlar haqda deyilib: “Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli, aramey dili - Babil qülləsi tikiləndən sonrakı, lakin insanların hələ öz dili olan xalqlara bölünüb, dünyaya səpələnməsindən əvvəlki dildir. Xaldeylərin xalq olmamaları da, onların padişahlar və peyğəmbərlər nəsli olmaları, onların dillərinin isə - sonradan yaradılmış 70 dildən fərqli, xüsusi rəmzlər dili olması deməkdir.
Sufi-batinilərdə “aram” (RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Bu dil həm də “tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü olan “tarq” (TRQ) rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək,  “göydə qurbanla Allah yaradan maqlar” mənasını verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə eyniliyini nəzərə alsaq, razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, 70 dildə yazılmış mətnlərə təfsir, şərh, daha döğrusu təvil verən xüsusi dildir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə görə, bu dil həm də gələcək dünyanın ən ali səviyyəli dili hesab olunur (М. Носовский, «Адам говорил по-арамейский», sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir ki, şahlığı göydən endirilmiş Assur xaldeylərin, teurqlarının aramey dili – Xilat atabəglərinin Türk dilidir.
Yazdıqlarımızdan belə çıxır  ki, aramey, yəni türklərin tarqum dili o vahid dildir ki, Babil qülləsi tikiləndən sonra, Allah bu rəmzlər dilini dəyişib, ondan 70 dil yaratdı və bu dilləri insanlara verib, dünyaya səpələdi. Qədim Misir yazılarında bildirilir ki, “Dünya”nı yaradan Allah, əvvəl Osiris, yəni Assur/Azər Allahını – dünyaya hakim kimi yaratdı. Sonra isə Seti və onun obrazında olan 72 dostunu (rəmzi mənada xalqı) xəlq etdi. Osiris Allahının adının Asar/Assur/Azər kimi yazılışı və bu xalqın bilavasitə Midiya marları, teurqları olması haqda mən kitab və məqalələrimdə çox yazmışam.
Mənbələrə görə, aramey dilində ilk danışan Adəm olmuşdur. Lakin Adəmin bu sufi dili, özündə bütün 70 dili birləşdirir. Aydın məsələdir ki, bu da dillərin samitlər qanunu əsasında mümkün olmuşdur. Adəmin aramey dilində danışması, həm də onun məhz türklərin əcdadı olması deməkdir. Qədim Misir mənbələrində Atum Allahı adlandırılan Adəm, təkcə Misir yazılarında yox, sufi ədəbiyyatında da yaradan Allah – Haqq adlandırılır. Sufi-batinilərdə Adəm - kosmik İnsan-Allahdır ki, Mühiddin ibn Ərəbi bu nəhəng insanın yaradılışı haqqında “Füsusül Hikəm” kitabında söz açır. Kitabi Dədə Qorqudda məhz bu Türk bəg-ərənləri - “Adəmilər əvrəni” (“Adəmilər yəhudisi”), yəni Adəmin seçilmiş xalqı adlandırılır  (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.80). Mən - “Qurandakı İsrail oğulları – Azəri Türk bəyləridir” adlı məqaləmdə göstərmişəm ki, mənbələrdə “İsrail oğulları” rəmzi altında pirlər, bəglər, seyidlər, şıxlar və s. Azəri Türk müqəddəsləri nəzərdə tutulur (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Yekun nəticə kimi onu deməyə tam haqqımız çatır ki, dünyanın ilk dili – Türk dili olmuşdur. Bu dil, göydən gəlmiş ilk insanların ekstatik dilinin rəmzlərlə, yəni hərflərlə ifadəsidir və burada hər bir səs – ilkin materiyanın qanun və qüvvələrinin təcəssümü kimi çıxış edir. Bu dildə yazılmış qədim dualar, alqışlar, cadular və s. magik mətnlər ona görə həyata keçir ki, buradakı hər bir hərf – Rəhman Allah tərəfindən sistemləşdirilmiş göylərin qanunlarına uyğun gəlir və buna görə də Allahın sanki əmri mənasında həyata keçir və s.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
                                                             Firudin Gilar Bəg

Qızılbaş nə deməkdir?




Bildiyimiz kimi, mənbələrdə “qızılbaş” rəmzi Şah İsmayıl Xətainin ordusuna və onu əhatə edən tayfalara aid edilir. Mənbələrdə bu rəmz Uhud döyüşü ilə əlaqələndirilir ki, rəvayətə görə peyğəmbər bu döyüşdə yaralanır və başı qana bürünür. Bundan sonra imam Əli başına qırmzı tac qoyur və “qızılbaş” adı da guya buradan qalmışdır. Təbii ki, bunlar rəmzlərdir və birbaşa mənasının “qızılbaş” rəmzinə heç bir aidiyyəti yoxdur.
“Qızılbaş” rəmzini tam dərk etmək üçün qədim yazıların batini mənalarını bilmək vacibdir. Batini mənanı anlamaq üçün isə, qədim mənbələr diqqətlə araşdırılmalıdır. Əhdi-Ətiqdə, Daniil peyğəmbərin kitabında deyilir ki, Babil və Yerusəlim şahı Navuxodonosor yuxu görür və yozumunu xaldeylərdən tələb edir. Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəli görür. Dağdan qopan daş bu heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Yuxunun yozumunu Daniil peyğəmbər verir. O, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır və bildirir ki, qızıl baş elə Navuxodonosordur (Библия, Дан. 2:37,38). Daniil peyğəmbər bu yozumda söhbətin gələcək zamanlarda baş verəcək hadisələrdən getdiyini bildirir. Deməli, Əhdi-Ətiqdə “qızılbaş” rəmzi – nəhəng insanın başı mənasında Navuxodonosor şaha aiddir. Bu rəmzləri anlamaq üçünsə, batiniliyin daha dərin qatlarına enmək lazımdır.
Əvvəlcə ondan başlayaq ki, Navuxodonosor (Nebuchadnezzar) Xaldeya imperiyasının banisidir. Xaldeya imperiyası bizlərə Azərbaycanın Xilat Atabəgləri ailəsinin şahlığı kimi tanışdır və bu haqda mən məqalələrimdə yazmışam. Deməli, Navuxodonosor adı  bilavasitə Azərbaycan və Azəri türk bəgləri ilə bağlıdır. Digər tərəfdən, Navuxodonosor adı bir rəmzdir və bu rəmz Nəbi-Xuda/Kuti-Nasar/Nizar kimi açılır. Nəbi rəmzi qədim Misirdəki Benu (Ba) rəmzinin digər yazılış formasıdır və “göydə, quş obrazında ölümsüzlük qazanmış ruh” deməkdir. Xuda/Kuti rəmzi ən qədim mənbələrdə göydən gəlmiş və şahlılğı da göydən endirilmiş Allahlar nəsli ilə bağlıdır. Nosor rəmzi isə qədim Misirdə Nu-Asar kimi keçir ki, xristianlarda bu rəmz Nasar, müsəlmanlarda isə Ənsar/Nizar kimi qalmışdır və Mehdi obrazında göstərilən Asar/Osiris Allahı deməkdir. Belə çıxır ki, Navuxodonosor rəmzi - göydə ölümsüzlük qazanmış Allahın Ba ruhunun (Bəsmələ) Kuti obrazında yenidən yerə enməsi və Asar/Osiris Allahı kimi insan vücudunda zühur etməsinın rəmzidir. Daniilin, Navuxodonosorun yuxusunun gələcəyə aid olmasını bildirməsi də onu deməyə əsas verir ki, burada söhbət məhz axirətdən gedir. Navuxodonosorun oğlu mənbələrdə Valtasar adlanır ki, bu da “Vilayəti Asar/Azər” (Balaat-Asar) deməkdir (Библия, Дан.5:2). Maraqlıdır ki, mənbələrdə Daniil peyğəmbər də Valtasar adlanır. Bu isə o deməkdir ki, burada qeyd olunanlar gələcəkdə, Azərbaycanda olacaqlarla bağlıdır.
Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəl görür ki, batinilərdə bu heykəl – ayağı yerdə, başı göylərdə olan kosmik insan obrazında, qədim Misirin Atum Allahının rəmzidir. Şumerlilərin Luqal adlandırdığı bu kosmik insan, digər mənbələrində Adəm kimi keçir və bu ilk kosmik insanı sufi alimi Mühiddin ibn Ərəbi  - Haqq, yəni Allah adlandırır. Sufi-batinilərdə Luqal rəmzi ilə Allah rəmzi eyni mənalıdır. Bu isə o deməkdir ki, Navuxodonosorun gördüyü heykəl – göydə, magiya ilə yaradılmış Allahın obrazıdır. Buradakı qızıl, gümüş, mis, dəmir və daş - kosmik İnsan-Allahının yaradılışında bu daş və metallardan istifadə olunmasına işarədir.
Navuxodonosorun yuxusunda, dağdan qopan daş heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Buradakı dağ rəmzi – göyə qaldırılmış dağ, yəni göydəki cənnət mənasındadır ki, qədim fəlsəfədə bu cənnət, kosmik İnsan-Allahın, yəni Adəmin bədənindədir. Quranda da göyə qaldırılmış bu dağdan (dağdakı cənnətdən) danışılır (Quran 7:171). Tövratda cənnət mənasında olan Edem rəmzi Adəm rəmzi ilə formada yazılır ki, bu da cənnətin məhz Adəmin daxilində olması deməkdir. Ermənistan tarixində, bədəni ölkə kimi göstərilən kosmik insan - Aran adlandırılır. Başqa sözlə, “dağdan qopan daş” dedikdə, göydəki cənnətdən gələn “daş” başa düşülməlidir.
Xristianlıqda dağdan qopan daş - axirətdə gələcək Mehdi, yəni İsa peyğəmbər deməkdir. Əhdi-Ətiqdə Allah İsa peyğəmbərə deyir: “Sən Petrsən (daş) və mən bu daşda öz kilsəmi quracam” (Библия, Откров. 21:14). Başqa sözlə, dağdan qopan daş İsa peyğəmbərin rəmzidir ki, O əvvəldə gələn kosmik Allahı məhv edir və sonradan özü Onun yerinə keçir. Bu rəmz Əhdi-Ətiqdə Davud şahın Qoliafı (Qoliat/Calut/Xilat) bir daşla məğlub etməsi kimi də göstərilir (Əhdi-Ətiq, 1 Цар. 17:49-51). Belə çıxır ki, burada əvvəldə gələn Allahın, axirətdə gələcək Mehdiyə öz taxt-tacını verməsi - “daşın” heykəli dağıtması kimi rəmzləndirilmişdir. Daniil peyğəmbər, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır ki, bu da Navuxodonosor obrazının elə Tək Allahın obrazında olması deməkdir. Daniil peyğəmbər sonda açıq bildirir ki, heykəlin dağıldığı zaman qopan qızıl başı Navuxodonosordur. Bu isə o deməkdir ki, Qızılbaş Navuxodonosor  elə qədim Misirin Ra-Amon, islamın isə Rəhman adlandırdığı Tək Allahdır. Qədim Misir fəlsəfəsində də Allah dedikdə - ilkin materiyadan yaradılmış Ra diski və onunla birləşən firon/pir Amonun Ba ruhu başa düşülür.
Bu gün “qızılbaşlar” dedikdə Şah ismayıl Xətainin Azəri türk seyid-bəgləri nəzərdə tutulur. Mənbələrdə onlar “sorxsər bidin mülhidləri” adlandırılır ki, bu da batinilərdə, qızılbaşların – “ölümsüz Azərilərin beyt mələkləri” (daha dərin mənaları var) fikrini ifadə edir. Bu rəmzi isə ismaili-nizarilərə aid rəmzdir ki, Navuxodonosor rəmzi ilə eyni mənalıdır.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, Qızılbaş dedikdə - göydə ölümsüzlük qazanmış Ra-Amon/Rəhman Allah, qızılbaşlar dedikdə isə, bu Allahı “Cəddim”, yəni “Əcdadım” adlandıran Azəri türk pirləri, seyid-bəgləri və s. müqəddəsləri başa düşülməlidir.
Bütün bunlar haqda daha geniş məlumatlar Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
                                                                  Firudin Gilar Bəg

İsrail oğulları - Talış dağlarının hunnlarıdır



Ən qədim mənbə kimi qəbul edilən abidələrdən biri də - Musanın xəmsəsi (yəhud. Moşe xamuş) olan Tövrat (Törə/Törəh) kitabıdır.  Göylərin bu müqəddəs kitabı- müqəddəs dil mənasında olan “leşon ha-kodeş”, yəni “lisani kodeş” dilində yazılıb. Kodeş rəmzini tarixçi B. A. Turayev, mar-amoreylər ölkəsinə aid edir və Aziru (Oziri/Osiris) şahlığı adlandırır (Тураев Б. А. “История Древнего Востока”, Л. 1935. Том 1, səh.304). Qədim mənbələrdə mar-amoreylər ölkəsi - Midiyada ölkəsi kimi qeyd olunurdu. Midiyada isə kodeş rəmzi - kadus kimi qalmışdır. Deməli, “leşon ha-kodeş”, yəni “lisani kadus” dedikdə – qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya kaduslarının dili başa düşülməlidir. Mən, “Dünyanın ilk dili - Türk dilidir!” adlı məqaləmdə, Asur (Assur/Azər) şrifti ilə, aramey-tarqum dilində yazılmış Tövrat kitabının - Azəri türk seyid-bəglərinin müqəddəs kitabı olması haqda yazmışam.
Müqəddəs kodeş (kadus) dili mənbələrdə, “İsrail torpağı” (Eres-İsrail) və ya “Xanaan torpağı” – “Eres-Knaan” mənasında olan ölkənin dili hesab olunur. Başqa sözlə, İsrail ölkəsi elə Kənaan/Xanaan ölkəsidir və bu ölkənin dili də müqəddəs kadus dilidir. Xanaan rəmzi, qədim dilçilikdə xunn/hunn rəmzləri ilə eyni mənalıdır və bu rəmz Albaniya, Ermənistan ərazisində Xunan, Xunanakert, Bit-Xunaniyə və s. şəhərləri kimi qeyd edilir. Zaxariya Ritorun salnaməsinə görə, məhz hunnların torpağına gələn Alban yepiskopu Kardostun başçılığı ilə yeddi xristian missioneri, orada yeddi ilə hunn (xunn/xanaan) dilində müqəddəs Əhdi-Ətiqi buraxdılar (Ю. Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83). Başqa sözlə, müqəddəs Əhdi-Ətiq kitabı – hunn torpağı olan Albaniyada yazılmışdır və xanaan xalqı da elə xunn/hunnlardır.
Tövrat yazır ki, Allah israillilərə göstəriş verərək deyir ki, “amoreylərin dağlarına və onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz sahilinə, Knun (Xanaan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın atalarınıza, İbrahimə, İsağa və Yaquba və onların törəmələrinə andla söz verdiyi topaqları miras kimi qəbul edin” (Библ,Втор.1:6-8). Tövratda “Knun” və “Lbnun” kimi yazılan rəmzlər, araşdırıcılar tərəfindən Kənan/Xanaan və Livan torpaqları kimi qəbul olunmuşdur ki, bu da təbii ki böyük səhvdir. Çünki, buradakı Knun, Lbnun rəmzləri xunn/hunn və alban rəmzlərinə uyğundur.  Belə çıxır ki, yəhudilərə vəd olunmuş Knun, yəni Kənan/Xanaan/Hunn və Lbnun, yəni Alban torpaqları - Azəri türk seyid-bəglərinə vəd olunmuş torpaqlardır. Alban tarixçiləri olan M. Xorenatsi, M. Kalankatuatsi və s. görə isə, Alban dağları vərəsəliklə - böyük və adlı-sanlı tayfa olan Yafət-Ərən əsilli Sisaka/Sisakan, yəni Gel - Gelarküni nəslindən kiməsə vərəsəliklə verilmişdir (М. Хоренаци, kit.,2, böl.8). Əvvəla bu o deməkdir ki, qədim mənbələrdə İsrail oğulları dedikdə - Gelarküni bəgləri nəzərdə tutulur. İkincisi, Allahın İsrail oğullarına vəd etdiyi Alban torpaqları Gelarküni bəglərindən kiməsə - bir nəfərə vəd olunmuşdur. Üçüncüsü, mənbələrdə hunnlar, kənanilər, xanaanlılar və s. dedikdə məhz bu Azəri türk bəgləri nəzərdə tutulmalıdır.
Bahəddin Ögələ görə, yeni Hunn dövləti Tanrı dağında yaranmışdı. Matsudaya görə, bu dövlət Çu vadisindən Talasa qədər uzanırdı (Огел Б., Великая гуннская империя, Б., 1992, том II, стр. 213). Mənbələrdə Tanrı dağları dedikdə - Talasın Ala dağları nəzərdə tutulur. Lakin Talas rəmzi qədim mənbələrdə Tolis (Tölis/Töliş) kimi də yazılır. Türklərin “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə, türk xanı bildirir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək göydə yaranmış bilici türk xanıdır. Buradan isə belə nəticə çıxarmaq olar ki, Tanrı dağı dedikdə - türk xanının Talas/Tölis dağının göylərində yaratdığı El başa düşülməlidir və Hunn dövləti də bu El mənasındadır.
 Ən qədim mənbələrdə Tolis/Talas rəmzi Tilos kimi keçir və məşhur amerika arxeoloqu Piter Kornuellə görə, Tilos  - Dilmunun (Tilmun) və Bəhreynin digər adıdır. Dilmunla bağlı tanınmış alim Devid Rol yazır: “Qədim ədəbi abidələr açıq yazırlar ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Beləliklə, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır… Kramerin oxuduğu bir neçə mətnlər (Roulsona məlum olmayan mətnlər), onu inandırdı ki, Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasında yerləşir… Kramer hesab edir ki, Dilmun İran ərazisində yerləşir, çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə, “Günəşin çıxdığı yerdə” yerləşir. Onun fikrinə görə, burada üfüqün Şərq hissəsindəki Mesopotamiya düzənliyindən ucalan uzun dağ silsiləsi nəzərdə tutulur. Digər tərəfdən, Dilmun tez-tez Dilmun dağı (akkad. Kur-Dilmun) adlanır ki, bu da onun dağda yerləşməsi mənasındadır. Cənnət haqqındakı şumerlərin mifinin öz tərcüməsinə əsaslanaraq Kramer, Dilmunu “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Əvəzində isə orada şirin su – həyatı saxlamaq üçün vacib olanlardan biri çatışmırdı. “Və onda su ünsürünün böyük Şumer Allahı olan Enki, Günəş Allahı olan Utuya əmr etdi  ki, o, yerin altından su tapıb bu ölkəni təchiz etsinlər. Və Dilmun, sahələrində bol meyvələri və çəmənliyi olan İlahi bağa çevrildi”. Qədim Şumer ədəbiyyatının bu yer cənnəti, heç şübhəsiz ki, Adəmin günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir” (Д. Рол. «Генезис цивилизации, Откуда мы произошли…», Ексмо. М. 2002, səh.267, 271). D. Rolun yazdığından belə çıxır ki, Dilmun - ruhlar dünyasıdır və orada, ölmüş insanların ruhları ikinci həyat qazanırlar. Maraqlısı da odur ki, bura - bütün dinlərin cənnət adlandırdığı məkandır. Deməli, islamın da cənnəti - hunnların (xanaan) Tanrı dağı kimi qəbul etdikləri Tolis/Talas/Tilos/Talış dağlarında yaratdığı Göytürk xaqanlığıdır.
Şumer mifologiyasında Enki (Ənkə) kimi qeyd olunan rəmz - Nun-Ki mənasında Babil və Eridu şəhərinin bir adıdır və “Nun ilkin materiyasının məkanı” mənasını verir (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, стр.248). Şumer mifologiyasına görə, Midiya marlarının Allahı olan Marduk-Asar (Enki oğlu Asar), Tiamata - göy okeanına qalib gəlib, dərya sularında Etemenanki adlı Göy və Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır (Тураев Б. А. История древнего востока. Л., 1935, том II, стр. 91). Başqa sözlə, Mardukun tikdiyi “başı göylərə çatan” Etemenanki məbədi (Esagil zikkuratı) elə “başı göylərə çatan” Babil qülləsidir. Quranda da – “Göydə baxanlar üçün bəzədilmiş qüllə yaratdıq” dedikdə məhz “başı göylərə çatan” Babil qülləsi nəzərdə tutulur (Quran, 15:16). Buradakı Etemenanki rəmzi də Atum-Nunki mənasındadır və “Nun-ki”lərin elə Atum Allahı ilə bağlılığı deməkdir. Nun-ki rəmzi, sonradan ki-nun, yəni kənan/xanaan/hunn kimi qalmışdır. Bu isə o deməkdir ki, hunnlar – göydə cənnət yaratmış Allahlar nəslidir. Bu rəmz “cinn” rəmzi ilə də eynilik təşkil edir ki, bu haqda mən “Batini-Quran” kitabımda yazmışam.
Qədim Misir mənbələrində Gel şəhəri Geliopol kimi qeyd olunur və burada firon (pir) Amon - Atum adı ilə özündən Enneadanın Doqquz Allahını yaradır. Tövratda Atum Allahı Adəm kimi keçir və bədəni ilə o “dünyanın o başından, bu başına qədər” olmuşdur (Библ., Втор.,4:32). Adəmin maddəsini təşkil edən İlahi od, ilkin materiya isə qədim Misir mətnlərində “KZ”, yəni Kuz – Oğuz kimi qeyd olunur ki, yunan mənbələrində bu rəmz Xaos kimi məlumdur (Древний Восток – 2, М., 1980,стр.92). İlkin materiyanın bu mənbələrdə “KZ”, yəni Kuz/Oğuz adlanması o deməkdir ki, Enneadanın Doqquz Allahı - Oğuzların Toquzquz (Doquz Oğuz) ölkəsi anlamındadır. Başqa sözlə, Oğuz ölkəsi – kosmik insan mənasında olan Atum/Adəmin bədənindədir. Sufi müdriklərinə görə də cənnət, yəni ruhlar dünyası - Adəmin bədənindədir. Kitabi Dədə Qorqudda, bu yaradılış - “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” cümləsi kimi qeyd olunur ki, buradakı “Təmam” (TMM) rəmzi – qədim Misirin “Atum” (TM) rəmzi mənasındadır. Oğuzun İç Oğuz və Tış Oğuzdan ibarət olması isə onu deməyə əsas verir ki, buradakı İç Oğuz – göydə yaradılmış cənnət deməkdir.
Qədim Misir mənbələrində, Gel şəhərində yaradılmış Oğuz eli - Yuxarı və Aşağı Geliopola bölünür ki, Yuxarı Geliopol dedikdə də göydə yaradılmış İç Oğuz nəzərdə tutulur. Başqa sözlə, Yuxarı Gel şəhəri elə İç Oğuz mənasında İş Gel deməkdir. İç Gel isə mənbələrdə Çigil kimi qeyd olunur. Bartold yazır ki, Səlcuqların dövründə, türk geneoloji rəvayətlərdə Oğuz əvəzinə Çigil (İç Gel) adı keçirdi (Бартольд В. В., том II, часть 1, М.,1963, стр.578). Şəhrəstaniyə görə, İsfahanda gel (qali) nəsli - kuz (oğuz) və ya xürrəmi adlanırdı (Z. Məmmədov, “Azərbaycan fəlsəfəsi tarixi”, B.,1994, səh.31). Xürrəm rəmzi sufi-batinilərdə Xor-İrəm kimi izah olunur və bu da qədim misirlilərin Xor/Qor fironları (pirləri) nəslinin İrəm cənnət bağı ilə bağlılığı deməkdir. Belə çıxır ki, xürrəmi-gellər elə qədim Misirin - “özündə iki dünyanı birləşdirən” Qor fironları nəslidir (Şəmsu Qor).
Mənbələrə əsasən, çigillər karlukların bir qoludur. “Hüdud əl-aləm” abidəsində deyilir ki, çigillər İssık-Gölün şimali-qərbində yaşayırdılar. Bartolda görə, Çuy vadisinin girişində Cil (Cil-arık) yerləşirdi və buradakı Yar kəndinin yanında çigillərin çadırı qurulmuşdu. Buradaca İssık-Göl gölü var idi və ona 70 çay tökülürdü. Bartold bu barədə çaşqınlığını gizlətməyərək bildirir ki, mənbədə, burada İssık-Göl əvəzinə Xəzər dənizinin Abeckun bərəsi qeyd olunur (Бартольд В. В., том VIII, М., 1973, стр.51, 529). Məlumdur ki, bu gün Xəzər dənizinin örtdüyü Abeckun bərəsi, vaxtilə Kür çayının dənizə tökülən yerində olmuşdur. Bu isə o deməkdir ki, İssık-Göl adı rəmzdir və bu rəmz altında Sisaka-Gel şəhəri nəzərdə tutulur. Bu ərazidə yaşayan çigillər isə karluk (Qor-Luhi)  kimi qeyd olunan “Qor-İlahi”, yəni qədim Misirin Qor Allahının nəslidir.
Mənbələrə görə, Talas şəhərində karlukların yabqusu (ya-bəg) yaşayırdı və o burada özünü “Altayın hökmdarı” adlandırmışdı (L. Qumilyov, «Qədim türklər», B., 1993, стр. 428). Bartolda görə, karlukların içində karluk-laban adlanan xalq vardı və Kərminkənd bu laban karluklara mənsub idi (Артамонов М. И., История хазар. Л., 1962, стр.37). Sufizmdə laban” rəmzi alban deməkdir və karluk-laban da – Alban karlukları (Albaniyanın İlahi Qor nəsli) anlamındadır. Digər tərəfdən, mənbələrə görə karlukların başçılar Kulerkin adlanırdı (http://kronk.spb.ru/library/lurye-pb-2010.htm). Alban mənbələrində Kulerkin rəmzi – Gilarküni kimi keçir və bu rəmz Gel eli mənasını daşıyır. Mətnlərdə qeyd olunur ki, gellər – şərqi karluklardır və alimlərin çoxu gelləri və qoleli tayfasını karluk adlandırır (L. Qumilyov, «Qədim türklər», B., 1993, стр. 473). Bu o deməkdir ki, karluk şahları - Gel-Gelarküni bəgləridir. Bu Gel eli Alban mənbələrində Sünik, Süni adlanır. Alban taixində Gel şəhəri - Yerusəlim şəhərinin son adı kimi qeyd olunur (М. Хоренаци, I/60). Belə çıxır ki, “Süni” rəmzi Yerusəlim ərazisindəki Sion dağı anlamındadır. Bu isə o deməkdir ki, Albanların Süni, xanaanlıların Sion adlandırdıqlar dağ, elə hunnların Allah dağı adlandırdığı Talas/Talış dağıdır. Bu dağ ona görə Allah dağı adlanır ki, türk xanı bu dağın göylərində Göytürk xaqanlığı adlanan ruhlar dünyası – Tanrı Eli yaratmışdır. Mən, “Quran”dakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqaləmdə bu haqda yazmışam  http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Quranda, göydə yaradılan bu El – Xüld cənnəti adlanır ki, Xüld rəmzi mənbələrdə, Azərbaycanın Xilat Atabəglərinin eli kimi keçir. Qədim mənbələrdə bu Gel elatı - Gelat/Xaldeya/Qalaad/Kelt və s. kimi də qeyd olunur. Əhdi-Ətiqdə Qalaad (Xilat) Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır. Bu isə o deməkdir ki, Gel eli həmdə xanaan/hunn türk bəglərinin Göy Yerusəliminin – cənnətin yaradıldığı yerdir.
Yazdıqlarımdan çıxan nəticə odur ki, Tövratda İsrail oğulları, xanaanlılar dedikdə - Asar, yəni Azəri elinin hunnları başa düşülməlidir. Onların kadus dili isə -bu gün Azərbaycan türklərinin danışdığı müqəddəs dildir və s.
Bütün bunlar haqda daha geniş məlumatlar “Batini-Quran” kitabımda və məqalələrimdə verilmişdir.
                                                                 
Firudin Gilar Bəg