воскресенье, 3 мая 2015 г.

Ra-Amon Allahın Azər dağı


         Qədim Misirin ən sirli obrazı, bütün Allahların atası hesab edilən Ra-Amon Allahıdır. Mənbələrə görə, firon Amon - əvvəl göydə Ra günəş diski yaratmış, öləndən sonra isə ruhu bu disklə birləşərək Ra-Amon Allahına çevrilmişdir. Deməli, Ra-Amon adlandırdığımız Allah - ölümsüzlük qazanmış və göydə əbədi yaşamaq üçün “Dünya” yaratmış insan ruhudur. Lakin bütün bu möhtəşəm “Allahyaratma” prosesinin harada baş verməsi bu günə qədər sirr olaraq qalır. Bu məqalədə biz Ra-Amon Allahının “Dünya”nı yaratdığı və ərşə yüksələrək “Dünya”ya sahib olduğu yeri dəqiqləşdirəcəyik.
         Hər şeydən əvvəl qədim yazıların dili və məntiqi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək yerinə düşər. Araşdırıcılara görə, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və rəmz kimi də samitlər qəbul edilmişdir. Sağa və sola oxunuşda eyni fikri bildirən bu samitlər xüsusi məna daşıyırlar. Bu məna isə Tək Allaha, Onun yaratdıqlarına və seçilmişlər nəslinə aiddir. Adi insanların bu yazılara qətiyyən aidiyyəti yoxdur.  Deməli, qədim yazıları anlamaq üçün bu rəmzlərə xüsusi məntiqlə yanaşmaq lazımdır ki, biz bu məntiqi sufizm kimi tanıyırıq və bu haqda mən kitab və məqalələrimdə çox yazmışam.
Dövrümüzün məşhur alimi Devid Rol “İtirilmiş Əhd” kitabında yazır ki, qədim Misir rəvayətlərinə görə, sivilizasiyanın əsasının qoyuluşu Nil vadisi ilə bağlı olmamışdır (Дэвид Рол, «Утраченный Завет», сайт:  http://lib.rus.ec/b/328508/read). Elm və mədəniyyəti qədim Misirə - uzaqdan gələn “Qor yoluyla gedənlər” (Şəmsi Qor) nəsli gətirmişlər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Bu o deməkdir ki, sivilizasiyanın əsasını şərqdəki Od adasından gəlmiş Mesopotamiya qəhrəmanları qoymuşlar və biz ilk olaraq Od adası ilə bağlı sirlərə izah verməliyik.
Əflatun, Heroklit və digər qədim filosoflar “od” dedikdə bizim bildiyimiz adi od-alovu yox, İlahi odu -  ilkin materiyanı nəzərdə tuturlar. Qədim Misir yazılarında bu İlahi od Osiris Allahına aid edilir və o özünü mətnlərdə  “Odlu göldən gələn”, “Od oğlu Od” və s. adlandırır. Misirşünas U. Bac, “Ölülər kitabı”nda odla bağlı olan Osiris Allahı – “Ptah-Seker-Azar” adlandırır. Mətnlərin birinə görə, bu od Abtudan qalxır və Osirisin bədənini alovlandırır (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.403, 439, 579, 580, 211). Buradakı Ptah rəmzi digər mənbələrdə Pta/Pat/Apet/Afet/Yafət kimi, Seker rəmzi – Sokar/Arsak kimi, Azar isə Asar/Assur/Aşşur/Azər və s. kimi də yazılır. Deməli, Osiris Allahının digər adı – “Yafət-Arsak-Azər”dir və Osiris odu da, mənbələrdəki Azər odudur. Abtu [BT] rəmzi isə digər qədim yazılarda ev mənasını verən Bit/Beyt [BT] rəmzidir.
Qurana görə İlahi odla bağlı olan ev, Azər oğlu İbrahim peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. Bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid edilir (Quran, 37:97, 21:69, 2:126-128, 20:10-13, 27:7). Tövrat, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin (Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Tövrata görə, Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od, bura mütəmadi tökülən qurbanların qanı hesabına həmişə yanır və tüstüsü göylərə qalxır (Библия, Исх.13:21, 40:38, Числ.9:15-23, Лев.6:12,13). Bu isə o deməkdir ki, İlahi od - qurbangahla, qurban ruhları vasitəsi ilə əldə edilmiş və ondan cənnət yaradılmışdır. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” dedikdə cənnəti nəzərdə tutur ki, burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Qurana görə, Allah da bu İlahi oddan yaranmış Nurdur. Quranda qədim Misirin Ra günəş diski,  içində Nur olan şüşə Ulduz kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki, İlahi odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman adlandırdığı Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon Amonun - Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Bu haqda daha geniş məlumat – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə vardır (http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html).
          Bütün bunlar onu deməyə əsas verir ki, İlahi odla bağlı ev dedikdə, qurban ruhlarından yaradılmış ev və ya çadır formasında olan məkan nəzərdə tutulmalıdır. Cənnət mənasında olan bu ev və ya çadır, ilkin materiyada, yəni göyləri təşkil edən ilkin sularda ada kimi də təsəvvvür edilir. Deməli, qədim Misir yazılarına görə, od adasından gələn “Qor yoluyla gedənlər” dedikdə, göydəki ruhlar dünyasından gələn müqəddəslər nəzərdə tutulmalıdır. Mənbələrdə göydən gələnlər dedikdə, Mesopotamiyanın şahlar nəsli yada düşür. Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur “Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən – “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır”. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır. Misirşünas Q. Bruqşa görə, Şərqdə, Xitlərin, yəni Kutilərin böyük şahlığı sonradan Mat adı ilə tanınmışdır (Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.535). Mat rəmzi isə Mad, yəni Midiya ölkəsi mənasındadır və bu o deməkdir ki, Midiya kimi tanıdığımız Mat/Mut ölkəsi daha əvvəllər Xita, yəni Kuti/Quti/Qot şahlığı adlanmışdır.
Devid Rola görə, göydən İlahi od gətirmiş Musa peyğəmbərin tayfası olan madiamlılar - midiyalılardır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 230, 231). Ziqmund Freydin “Bu insan Musadır” kitabına görə, Musa (Moisey) peyğəmbər Kadeş kahinlərinin əcdadıdır. B. A. Turayev bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş - Aziru (Oziri/Osiris – F. G. B.) şahlığıdır (Б. А. Тураев, «История древнего востока», Л., 1935, I cild, səh.304). Kadeş rəmzinin Kadus rəmzi ilə eyniliyi onu göstərir ki, Kadeş eli bilavasitə Midiyanın Kadus elidir. Aziru şahlığı isə Azər, yəni Azərbaycan ölkəsidir. Bu isə o deməkdir ki, İlahi oddan yaradılmış ev də Azərbaycanın qədim Midiya eli ilə bağlı olmalıdır. Bu yeri dəqiqləşdirmək üçün biz daha ətraflı araşdırmalar aparmalıyıq.
İlahi od haqqında Ammian Marsellin yazır: “Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir” (История Иранского государства и культуры. М., 1971, səh. 216). Prokopiy də qeyd edir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət edirlər və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər. Yunan mifologiyasına görə, bu odu Yafət oğlu Prometey (PirMaday – Midiya piri/fironu) gətirmişdir ki, buna görə Allah onu Qafqaz dağına qandallamışdır. Deməli, İlahi od Azərbaycanla və buranın ən qədim əhalisi olan maqlarla bağlıdır.
        Araşdırıcı R. Fray İlahi odla bağlı yazır: “Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu olmuşdur ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı” (Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286). M. Boys bu İlahi odu Farbağın odu sayır və Farbaq rəmzini “Farnanın yiyəsi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır. Far/Farna rəmzi isə efir, yəni ilkin materiya (dirilik suyu) deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Lakin Farn [FRN] rəmzi elə firon [FRN] rəmzidir. Baq (Baqa) rəmzi isə “bəg” mənasındadır və qədim Misir yazılarında bəglər – “Haq” adlanan Asar/Osiris/Azər Allahının yerdəki qulları hesab edilirdi («История Древнего Востока», М.,1988, том II, səh.338). Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edirdi. Qədim İranda da bu nur – “fər” adlanırdı ki, istedadlı insana “fərri oğul” deyilirdi. Belə çıxır ki, farna – fironların, şahların, bəglərin nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilən və İlahi bolluq rəmzi olan ilkin materiyadır – İlahi oddur. İranda bu gün də Əhli-Haqlar (Asar/Azər əhli) - Atəşbəglər adlanır ki, bu da İlahi odu özü ilə daşıyanlar, onunla vəhdət təşkil edənlər mənasındadır.
İsidor Xarakskiyə görə, əbədi od, “Arsakın ilk dəfə şah elan olunduğu” Asaak şəhərində saxlanılırdı. Əl Kufiyə görə isə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsindədir. Sebeos bu müqəddəs od olan Qrat odunu (Qor Ata) Atrpatakan ölkəsində yerləşirdirir və bildirir ki, şahlar - Atəş adlandırılan bu odu, həmişə “özü ilə gəzdirərdilər”. M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan bu sönməz odu Baqavan şəhərində yerləşir. “Baq” rəmzinin bəg, “Van” rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri Şərq ölkəsi olan Albaniyada yerləşməlidir. Yəhudi yazılarına görə, “Vəhy çadırı” qurbangahla birlikdə Qavaon şəhərində yerləşirdi (Библия. 3Цар.3:4-14). Qavaon [QVN] rəmzi eyni zamanda Aqvan [QVN], yəni Albaniya kimi də oxunur. Deməli, İlahi od həqiqətən də Albaniya kimi də tanıdığımız Midiyada dağları ərazisində qorunur.
Midiya ölkəsi ən qədim mənbələrdə marlar, amoreylər ölkəsi adlanırdı ki, mar [MR] rəmzi qədim mənbələrdə Misir ölkəsi və “piramida” mənasını verirdi. Qədim Misir fəlsəfəsində bu rəmz – “göyə qaldırılmış torpaq” fikrini ifadə edirdi. Lakin “mer” (piramida) rəmzi eyni zamanda “xenn”, “xennu” rəmzi ilə bağlıdır ki, bu da “xanan”, yəni mar-amoreylərə (amoraim) aiddir və onlar Talmud (yəhudi) müdrikləri hesab olunurlar. Xanan, yəni Kənan rəmzi - Ki-Nun və ya Nun-Ki [NNK] (Babil) rəmzinə uyğundur və biz bu rəmzi Enki [NK] kimi tanıyırıq. D. Rol “İtirilmiş Əhd” kitabında yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər ucaltdılar. Assurlar isə Enmer/Asara, özlərinin Aşşur dövlətinin himayədar Allahı kimi sitayiş edirdilər. D. Rola görə, Misir, Misraim rəmzi də - “Asra və ya Asardan yaranmış (doğulmuş)” mənasındadır. D. Rol Asarı qədim Misirin Osiris Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı ilə eyniləşdirir.
Enmer-Kar [NMR-KR] rəmzi qədim dilçilikdə Ra-Amon-Qor [R-MN-QR] kimi izah olunur. Bu isə o deməkdir ki, Enmer-Kar şah, İslamda Rəhman Allah kimi məlum olan qədim Misirin Ra-Amon Allahıdır. Deməli, Misiri fəth etmiş Asar (Osiris/Assur/Aşşur/Azər) elə Mesopotamiyanın Enmer-Kar şahıdır ki, qədim misirlilər onu Ra-Amon Allahı adlandırırdılar.
Misirşünas Edvars bildirir ki, qədim misirlilər öz torpaqlarına “Ta Meri” deyirdilər və bu da birbaşa mənada “Mer torpağı” (rəmzi məna.”sevimli torpaq”) mənasındadır. Deməli, piramida (mer) - ilkin dağın, ilkin təpənin rəmzidir ki, göydəki ruhlar dünyasının yaranışı buradan başlamışdır. Məhz bu torpaq “göyə qaldırılaraq”, Allahların göy dünyasına çevrilmişdir. Quranda da göyə qaldırılan torpaqdan və dağdan danışılır (Quran, 43:11, 4:154, 5:21). Bu isə o deməkdir ki, Marduk Allahının, Göy okeanı Tiamata (ilkin materiya) qalib gələndən sonra, ilkin sularında “tikdiyi” Etemenanki adlı “Göy və Yerin Təməl evi” - elə “qaldırılmış torpaq” mənasında olan “Ta-Meri” ölkəsidir.  D. Rol da xüsusi qeyd edir ki, Marduk və Assur Allahları - Eridudan olan “Enki və Damkinin oğlu Əsərdən” və ya Əsər-Luxidən yaranmışlar. Marduk (Merodax) rəmzi Mar-Xuda mənasında Mar Allahı deməkdir. Mardukun əsas ləqəbi Asar-Luxi, yəni Azər-İlahidir ki, bu da Azər Allahının amoreylərin (midiyalıların) Allahı olması deməkdir.
Lakin Marduk, yəni MarXuda rəmzi eyni zamanda Mar-Kuti kimi də oxunur. Kuti sülaləsinin hakimiyyəti isə, yazdığımız kimi çar hakimiyyətinin “Göydən yerə endiyi” dövrlərdən başlayır. Bu isə o deməkdir ki, Göydən yerə enmiş çar hakimiyyəti elə Ta-Meri adlanan “qaldırılış torpaqdan” gətirilmiş İlahi hakimiyyətdir və bu hakimiyyət Ermer-Kar nəslinə, yəni Ra-Amon Allahının Qor (Kor) fironları (pir) nəslinə verilmişdir. Mənbələrdə “Şəmsi Qor”, yəni “Qor Allahının yoluyla gedənlər” dedikdə də Asar nəsli, yəni Azər nəsli nəzərdə tutulur. Qor Günəş Allahınıın yolu ilə gedən bu müqəddəs insanlar mənbələrdə, elmləri ilə “ölkəni birləşdirənlər” adlandırılırdılar. “Ölkəni birləşdirən” deyəndə, bu müqəddəslər nəslinin həm bu dünya ilə və həm də göyə qaldırılmış cənnətlə (Aşağı və Yuxarı Misir) əlaqəsi olan müqəddəslər nəzərdə tutulmalıdır. Yəni, bu gün adlarının qarşısında “mir” rəmzi daşıyan seyid-bəglərin, iki dünyanı özündə birləşdirməsi deməkdir. Mənbələrdə onlar “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlanır ki, burada “dağ və səhralarda dolaşan” deyəndə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə dolaşan midiyalılar, yəni tərikə yolunu gedən türk seyid-bəgləri nəzərdə tutulmalıdır. Bu Atəşbəglər ölənə qədər bu dünyada, öləndən sonra isə ruhları göydəki cənnətdə ömür sürürlər.
Ümumiyyətlə bilmək lazımdır ki, qədim Misir yazılarında firon sözü yoxdur. Mənbələrdə bu rəmz “pirao” kimi yazılır ki, bu da bəg, seyid, şıx və s. türk müqəddəslərinə aid “pir” rəmzidir. “Oğuznamə”nin atalar sözlərində deyilir ki, “Ölüm pir üçün bayramdır”. Çünki onlar ölmürlər, öz Allahına qovuşaraq, “göyə qaldırılmış torpağa” köçüb, orada ömürlərini davam etdirirlər. Onların Rəhman/Ra-Amon Allahı isə, elə əcdadları Yafətdir ki, mənbələrdə bu rəmz Afet/Apet/Pat/Patu/Ptah kimi də yazılır. Amon Allahına alqışın Leyden variantında deyilir: “Üç Allah – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır. Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır” («Культура древнего Египта», М.,1976, səh. 197). Deməli, Pta (Yafət) Allahı elə kosmik insan olan Adəmin (Atum Allahı) bədənidir ki, müqəddəslər nəsli də bunun obrazı kimi yaradılmışdır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, sufizmin tərikə yolunu gedənlərin, yəni türklərin Yafət (Pta) nəsli - İlahi odla bağlı olan, onunla vəhdətdə olan şahlar nəslidir. Sufi deyimlərinə görə də “Vəhdətin Günəşi”, yəni ilkin materiyadan yaradılmış Ra günəş Allahı ilk dəfə məhz Azərbaycanda görünmüşdür.
Devid Rol bildirir ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar İri-Pati [R-PT] adlanırdı və “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində Qorla assosiasiya olunurdu və bu, şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəsilə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.388,389). İri-Pati rəmzi - Ra-Pta deməkdir ki, bu da Amon Allahının (Kosmik İnsanın) Üzü və Bədəni mənasındadır. Bu rəmz Ər-Yafət mənasındadır ki, M. Xorenatsi, M. Kalankatuatsi  və s. kimi tarixçilər bu rəmzi Yafət-Ərən kimi qeyd edib, böyük və adlı-sanlı tayfa olan Sisaka/Sisakan, yəni Gel/Gelarküni nəslinə aid edirlər. Albaniya ölkəsinin də onlara vərəsəliklə çatmasını yazırlar. Deməli, qədim Misirin Ra-Pta fironlarının nəsli, Midiya-Albaniyanın Yafət əsilli Sisaka-Saklar nəslidir.
Gelarküni rəmzi onu göstərir ki, Geliopolun Ra günəş məbədi, yəni Marduk Allahının tikdiyi Etemenanki (Atum-Nunki) məhz Midiya ərazisində tikilmişdir. Yafət (Afet/Apet/Pta) nəslinin bu məbədi qədim Misir yazılarında “Qızıl Opet” adlanırdı və müqəddəs Barkal dağının altında yerləşirdi (Тураев Б. А. История древнего востока. Л., 1935, II cild, səh.175]. Məhz bu dağ Misirin baş Allahı olan Amonun vətəni sayılır və o mənbələrdə Napatlı Amon adlanırdı. Abu-Simbeldəki abidəyə görə, Amon Allahı Napat dağında yaşayır və bu dağ – “Napatın təmiz (pak) dağıdır”. Bahəddin Ögələ görə, məhz bu Allah dağında hunn dövləti yaradılmışdı ki, hunn rəmzi də kinun/kənan/xanaan rəmzi ilə eyni mənalıdır. Çin mənbələrinə görə isə, Allah dağları Barkal ətrafındakı Dji-lien, yəni Cilan/Gilan/Gel dağlarıdır (B. Ögəl, “Böyük Hun imperiyası”, I cild, B.1992, səh. 269, 276). Araşdırıcı Matsudaya görə, hunnların bu dövləti Çu vahəsindən Talasa (Talışa) qədər, ola bilsin ki, daha da uzaqlara uzanırdı (B. Ögəl, Böyük Hun imperiyası” II cild, B., 1992, səh. 213). B. Ögəl bildirir ki, sakların vətəni - İssık-Gölün, yəni Sisaka-Gelin sahilləri və Allah dağları olmuşdur. Sisaka-Gel rəmzi isə Midiyaya aid olan ən qədim rəmzdir.
Midiya/Mada rəmzi qədim Misir mətnlərində Mut kimi də məlum idi. Mut rəmzi qədim Misirdə - Mut-Xotep kimi, yəni Mut-Ptah (Pta) kimi də yazılırdı. Mut eyni zamanda “Mut Napat” adlanır ki, bu da Amon Allahının vətəni olan Napat/Nifat elinin Midiya ilə bağlılığı deməkdir. Midiyada Mut məbədi – Ələmut qalası kimi məlumdur ki, burada Həsən ibn əs-Sabbah, yəni qədim Misirin Sebek Allahı cənnət yaratmışdı.
          Strabonun “Coğrafiyası”sına görə Nifat (Napat) və Zaqr (Sokar-Zaqros/Sokaris) dağlarında kadus, amard (Mar-Tu/Ta-Meri) və s. tayfalar yaşayırlar (Strabon XI:13/3). İordana görə Nifat dağları eyni zamanda Lamma, Propaniss, Kastr, Tavr, Qafqaz, Rifey və s. də adlanır. Pavel Orosiy də təsdiq edir ki, Qafqaz çox adlarla adlandırılır. Bir təpənin müxtəlif adlarla aldanması, bu təpənin ilkin təpə rəmzində olması ilə bağlıdır ki, məhz bu təpə, qədim Misir mənbələrə görə, dünyanın yaradılması zamanı ilkin okeandan üzə çıxmışdı. Qədim Misirdə Geliopol, yəni Gel şəhərinin yerləşdiyi bu ilkin təpənin altında Ra Günəşinin məbədi yerləşmiş və Ra Günəş diski də buradan ərşə yüksəlmişdir.
Yafət nəslinin Napat/Pta/Ptah dağını azərbaycanlılar Fit, ərəblər Cəbəl əl Fəth və s. adlandırırlar. Əhdi-Cədiddə Napat eli - Niftalı kimi yazılır və Zavulon, yəni Savalan torpaqları ilə bir yerdə çəkilir. Mənbələrdə Napat rəmzi “Bəgnapat” kimi də qeyd olunur ki, bu da Napat elinin - türk bəglərinin, sufizmin Bəqa səviyyəsində yaradılmış cənnət bağı mənasında olması deməkdir. Deməli, Qızıl Opet məbədi həm də göy cənnətinin yerdəki simvoludur. Bu dağ Oğuznamədəki, Oğuzun qoşunlarının yaratdığı Azərbaycan adlanan təpədir ki, bu gün bu təpə - Peştəsər dağ silsiləsinin başlanğıcında yerləşir. Maraqlı isə odur ki, bu dağ silsiləsinin ortasında Əlvan dağı yerləşir ki, bu da elə qədimdə Livan adlanan Alban dağıdır. PeştƏsər rəmzi sufizmdə - “Göy və Yerin” yaratdığı Allahlar mənasını verirsə, müxtəlif dillərdə bu rəmz Əsər/Azər dağının beli, yuxarı hissəsi, Əsərdən törənmişlər, Əsər nəsil və s. mənalar verir ki, bu da Asar/Osiris Allahları nəslinin yaşadığı Azər dağının üstü mənasındadır. Bu ərazi də məhz Ərdəbildən qeyd olunan məsafədə - saklar yurdunda yerləşir. Bu isə o deməkdir ki, qədim Misir mənbələrində - “Dünya”nın yaradıldığı Gel şəhərinin Ra  günəş (Gel-Ra/Gelar) məbədi adlanan məbəd məhz bu dağın və ya təpənin altında yerləşir. Bu ərazilərdəki Perimbel (qədim Misirdə Pirembole), Cerimbel (qədim Misirdə Cermopol/Germopol) və s. toponimlər onu göstərir ki, qədim Misir Allahlarının Şərqdəki vətəni məhz bu ərazilərdir. Bu dağın altındakı Opet məbədinin Qızıl adlanması isə, hündürlüyü 62 m. olan bu məbədin tam qızıldan olması ilə bağlıdır. Bu məbəd digər yazılarda Etemenanki, Babil, Süleyman peyğəmbərin, Ad oğlu Şəddadın və s. məbədi adlanır. Bütün dinlərin Allahla bağlı olan dağı da məhz Peştəsər dağ silsiləsinin başlandığı Azərbaycan adlanan təpədir. Bu təpə Sfinks formasındadır ki, bu da buranın Ra-Amon Allahının mühafizəsi altında olması deməkdir. Bu dağın altındakı Sokaris/Arsak mağarasında isə İlahi Azər odu, İslamın əzəl kitab saydığı Lövhi-Məhfuz, yəhudilərin Əhd sandığı, xristianların Qraal camı və s. bütün müqəddəs əşyaları Allah tərəfindən mühafizə olunur. Sfinksin başı mənasında olan nəhəng daş isə mənbələrdə Musa qayası, Yaqub daşı, Petra daşı, Kəbə daşı, Prometeyin qandallandığı qaya və s. kimi qeyd olunur. Bu abidənin açılışı, insanların din, tarix, yaradılış və s. haqqındakı bütün təsəvvürlərini alt-üst edəcəkdir.
                                                                                                                         Firudin Gilar Bəg
                                                                                                                         www.gilarbeg.com