Qədim Misirin ən sirli obrazı, bütün Allahların
atası hesab edilən Ra-Amon Allahıdır. Mənbələrə görə, firon Amon - əvvəl göydə Ra
günəş diski yaratmış, öləndən sonra isə ruhu bu disklə birləşərək Ra-Amon
Allahına çevrilmişdir. Deməli, Ra-Amon adlandırdığımız Allah - ölümsüzlük
qazanmış və göydə əbədi yaşamaq üçün “Dünya” yaratmış insan ruhudur. Lakin bütün
bu möhtəşəm “Allahyaratma” prosesinin harada baş verməsi bu günə qədər sirr
olaraq qalır. Bu məqalədə biz Ra-Amon Allahının “Dünya”nı yaratdığı və ərşə
yüksələrək “Dünya”ya sahib olduğu yeri dəqiqləşdirəcəyik.
Hər şeydən əvvəl qədim yazıların dili və məntiqi ilə
bağlı bəzi məqamlara aydınlıq gətirmək yerinə düşər. Araşdırıcılara görə, bütün
qədim yazılar rəmzlərlə yazılmışdır və rəmz kimi də samitlər qəbul edilmişdir.
Sağa və sola oxunuşda eyni fikri bildirən bu samitlər xüsusi məna daşıyırlar.
Bu məna isə Tək Allaha, Onun yaratdıqlarına və seçilmişlər nəslinə aiddir. Adi
insanların bu yazılara qətiyyən aidiyyəti yoxdur. Deməli, qədim yazıları anlamaq üçün bu rəmzlərə
xüsusi məntiqlə yanaşmaq lazımdır ki, biz bu məntiqi sufizm kimi tanıyırıq və
bu haqda mən kitab və məqalələrimdə çox yazmışam.
Dövrümüzün məşhur alimi Devid Rol “İtirilmiş Əhd” kitabında
yazır ki, qədim Misir rəvayətlərinə görə, sivilizasiyanın əsasının qoyuluşu Nil
vadisi ilə bağlı olmamışdır (Дэвид Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read). Elm və mədəniyyəti qədim Misirə - uzaqdan gələn “Qor
yoluyla gedənlər” (Şəmsi Qor) nəsli gətirmişlər. D. Rol əfsanəvi “Qor yoluyla
gedənlər” nəslinin soykökünün, Mesopotamiyanın böyük qəhrəmanlarından
başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin
doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış
Od adasıdır. Bu o deməkdir ki, sivilizasiyanın əsasını şərqdəki Od adasından gəlmiş
Mesopotamiya qəhrəmanları qoymuşlar və biz ilk olaraq Od adası ilə bağlı sirlərə
izah verməliyik.
Əflatun, Heroklit və digər qədim filosoflar “od”
dedikdə bizim bildiyimiz adi od-alovu yox, İlahi odu - ilkin materiyanı nəzərdə tuturlar. Qədim Misir
yazılarında bu İlahi od Osiris Allahına aid edilir və o özünü mətnlərdə “Odlu göldən gələn”, “Od oğlu Od” və s.
adlandırır. Misirşünas U. Bac, “Ölülər kitabı”nda odla bağlı olan Osiris
Allahı – “Ptah-Seker-Azar” adlandırır. Mətnlərin birinə görə, bu od Abtudan qalxır və Osirisin bədənini
alovlandırır (У. Бадж, «Египетская религия. Египетская
магия», M., 2000, səh.403, 439, 579, 580, 211). Buradakı Ptah rəmzi
digər mənbələrdə Pta/Pat/Apet/Afet/Yafət kimi, Seker rəmzi – Sokar/Arsak kimi,
Azar isə Asar/Assur/Aşşur/Azər və s. kimi də yazılır. Deməli, Osiris Allahının digər adı – “Yafət-Arsak-Azər”dir
və Osiris odu da, mənbələrdəki Azər odudur. Abtu [BT] rəmzi isə digər qədim
yazılarda ev mənasını verən Bit/Beyt [BT] rəmzidir.
Qurana görə İlahi odla bağlı olan ev, Azər oğlu İbrahim
peyğəmbər üçün tikilmiş və ora cənnət ölkəsinə çevrilmişdir. Bu evin tikilişi
isə Quranda Musa peyğəmbərə aid edilir (Quran, 37:97, 21:69, 2:126-128, 20:10-13, 27:7). Tövrat, Musa
peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın sakin
(Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Tövrata görə, Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od, bura mütəmadi
tökülən qurbanların qanı hesabına həmişə yanır və tüstüsü göylərə qalxır (Библия, Исх.13:21, 40:38, Числ.9:15-23, Лев.6:12,13). Bu isə o deməkdir ki, İlahi od - qurbangahla,
qurban ruhları vasitəsi ilə əldə edilmiş və ondan cənnət yaradılmışdır. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od”
dedikdə cənnəti nəzərdə tutur ki, burada yüksək əbədi səviyyələri olan elçi və
peyğəmbərlər olurlar. Qurana görə, Allah da bu İlahi oddan yaranmış Nurdur. Quranda
qədim Misirin Ra günəş diski, içində Nur
olan şüşə Ulduz kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki, İlahi
odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman adlandırdığı
Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon Amonun -
Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır. Bu haqda daha geniş məlumat
– “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə vardır (http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html).
Bütün bunlar onu deməyə əsas verir ki, İlahi odla bağlı ev dedikdə, qurban ruhlarından yaradılmış ev və ya çadır
formasında olan məkan nəzərdə tutulmalıdır. Cənnət mənasında olan bu ev və ya
çadır, ilkin materiyada, yəni göyləri təşkil edən ilkin sularda ada kimi də təsəvvvür
edilir. Deməli, qədim Misir yazılarına görə, od adasından gələn “Qor yoluyla
gedənlər” dedikdə, göydəki ruhlar dünyasından gələn müqəddəslər nəzərdə
tutulmalıdır. Mənbələrdə göydən gələnlər dedikdə, Mesopotamiyanın şahlar nəsli yada
düşür. Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur
“Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən
– “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır”. Babil tarixçisi
Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır. Misirşünas Q. Bruqşa görə,
Şərqdə, Xitlərin, yəni Kutilərin böyük şahlığı sonradan Mat adı ilə tanınmışdır
(Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.535). Mat rəmzi isə
Mad, yəni Midiya ölkəsi mənasındadır və bu o deməkdir ki, Midiya kimi tanıdığımız
Mat/Mut ölkəsi daha əvvəllər Xita, yəni Kuti/Quti/Qot şahlığı adlanmışdır.
Devid Rola görə, göydən İlahi od gətirmiş Musa peyğəmbərin tayfası olan madiamlılar
- midiyalılardır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М.,
2002, səh. 230,
231). Ziqmund Freydin “Bu
insan Musadır” kitabına görə, Musa (Moisey) peyğəmbər Kadeş kahinlərinin əcdadıdır.
B. A. Turayev bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş - Aziru
(Oziri/Osiris – F. G. B.) şahlığıdır (Б. А. Тураев, «История древнего востока»,
Л., 1935, I cild, səh.304). Kadeş rəmzinin Kadus rəmzi ilə eyniliyi onu göstərir ki, Kadeş eli
bilavasitə Midiyanın Kadus elidir. Aziru şahlığı isə Azər, yəni Azərbaycan ölkəsidir.
Bu isə o deməkdir ki, İlahi oddan yaradılmış ev də Azərbaycanın qədim Midiya eli
ilə bağlı olmalıdır. Bu yeri dəqiqləşdirmək üçün biz daha ətraflı araşdırmalar
aparmalıyıq.
İlahi od haqqında Ammian Marsellin yazır: “Danışırlar ki,
əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş
od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik
gətirir” (История Иранского государства и культуры. М., 1971, səh. 216). Prokopiy də
qeyd edir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri
böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq
riayət edirlər və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər. Yunan mifologiyasına görə,
bu odu Yafət oğlu Prometey (PirMaday – Midiya piri/fironu) gətirmişdir ki, buna
görə Allah onu Qafqaz dağına qandallamışdır. Deməli, İlahi od Azərbaycanla və
buranın ən qədim əhalisi olan maqlarla bağlıdır.
Araşdırıcı R. Fray İlahi
odla bağlı yazır: “Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin
verdiyi məlumata görə, hər şahın öz odu olmuşdur ki, onun şahlığının əvvəlində
yandırılırdı və daşınan mehrabda saxlanılırdı” (Р. Фрай, «Наследие Ирана», М.,
1972, səh.286). M. Boys bu İlahi odu Farbağın odu sayır və Farbaq
rəmzini “Farnanın yiyəsi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır.
Far/Farna rəmzi isə efir, yəni ilkin materiya (dirilik suyu) deməkdir. İran mifologiyasında Farn
– var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Lakin Farn [FRN] rəmzi elə firon [FRN] rəmzidir. Baq (Baqa) rəmzi isə “bəg”
mənasındadır və qədim Misir yazılarında bəglər – “Haq” adlanan Asar/Osiris/Azər
Allahının yerdəki qulları hesab edilirdi («История Древнего
Востока», М.,1988, том II, səh.338). Qədim insanların təsəvvürlərinə görə fironları və digər
müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edirdi. Qədim İranda da
bu nur – “fər”
adlanırdı ki, istedadlı insana “fərri oğul” deyilirdi. Belə çıxır ki, farna – fironların,
şahların, bəglərin nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilən və İlahi
bolluq rəmzi olan ilkin materiyadır – İlahi oddur. İranda bu gün də Əhli-Haqlar
(Asar/Azər əhli) - Atəşbəglər adlanır ki, bu da İlahi odu özü ilə daşıyanlar,
onunla vəhdət təşkil edənlər mənasındadır.
İsidor Xarakskiyə görə, əbədi
od, “Arsakın ilk dəfə şah elan olunduğu” Asaak şəhərində saxlanılırdı. Əl Kufiyə
görə isə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsindədir.
Sebeos bu müqəddəs od olan Qrat odunu (Qor Ata) Atrpatakan ölkəsində yerləşirdirir
və bildirir ki, şahlar - Atəş adlandırılan bu odu, həmişə “özü ilə gəzdirərdilər”.
M. Xorenatsiyə görə, Ormuzdun qurbangahda olan bu sönməz odu Baqavan şəhərində
yerləşir. “Baq” rəmzinin bəg, “Van” rəmzinin isə Alvan/Alban rəmzi ilə eyni mənada
olmasını nəzərə alsaq razılaşarıq ki, bu bəglər şəhəri Şərq ölkəsi olan Albaniyada
yerləşməlidir. Yəhudi yazılarına görə, “Vəhy çadırı” qurbangahla birlikdə
Qavaon şəhərində yerləşirdi (Библия. 3Цар.3:4-14). Qavaon [QVN] rəmzi eyni
zamanda Aqvan [QVN], yəni Albaniya kimi də oxunur. Deməli, İlahi od həqiqətən də
Albaniya kimi də tanıdığımız Midiyada dağları ərazisində qorunur.
Midiya ölkəsi ən qədim mənbələrdə marlar, amoreylər ölkəsi
adlanırdı ki, mar [MR]
rəmzi qədim mənbələrdə Misir ölkəsi və “piramida” mənasını verirdi. Qədim Misir
fəlsəfəsində bu rəmz – “göyə qaldırılmış torpaq” fikrini ifadə edirdi. Lakin
“mer” (piramida) rəmzi eyni zamanda “xenn”, “xennu” rəmzi ilə bağlıdır ki, bu
da “xanan”, yəni mar-amoreylərə (amoraim) aiddir və onlar Talmud (yəhudi)
müdrikləri hesab olunurlar. Xanan, yəni Kənan rəmzi - Ki-Nun və ya Nun-Ki [NNK]
(Babil) rəmzinə uyğundur və biz bu rəmzi Enki [NK] kimi tanıyırıq. D. Rol
“İtirilmiş Əhd” kitabında yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş ölümlü Enmer-Kar şahı – “Enki (Nun-Ki) oğlu Asar” İlahi statusuna qədər
ucaltdılar. Assurlar isə Enmer/Asara, özlərinin Aşşur dövlətinin himayədar
Allahı kimi sitayiş edirdilər. D. Rola görə, Misir, Misraim rəmzi də - “Asra və
ya Asardan yaranmış (doğulmuş)” mənasındadır. D. Rol Asarı qədim Misirin Osiris
Allahı hesab edir və Mesopotamiyanın Marduk Allahı ilə eyniləşdirir.
Enmer-Kar
[NMR-KR] rəmzi qədim dilçilikdə Ra-Amon-Qor [R-MN-QR] kimi izah olunur. Bu isə
o deməkdir ki, Enmer-Kar şah, İslamda Rəhman Allah kimi məlum olan qədim
Misirin Ra-Amon Allahıdır. Deməli, Misiri fəth etmiş Asar
(Osiris/Assur/Aşşur/Azər) elə Mesopotamiyanın Enmer-Kar şahıdır ki, qədim misirlilər
onu Ra-Amon Allahı adlandırırdılar.
Misirşünas Edvars bildirir ki, qədim
misirlilər öz torpaqlarına “Ta Meri” deyirdilər və bu da birbaşa mənada “Mer
torpağı” (rəmzi məna.”sevimli torpaq”) mənasındadır. Deməli, piramida (mer) -
ilkin dağın, ilkin təpənin rəmzidir ki, göydəki ruhlar dünyasının yaranışı
buradan başlamışdır. Məhz bu torpaq “göyə qaldırılaraq”, Allahların göy
dünyasına çevrilmişdir. Quranda da göyə qaldırılan torpaqdan və dağdan
danışılır (Quran, 43:11, 4:154, 5:21). Bu isə o deməkdir ki, Marduk Allahının, Göy
okeanı Tiamata (ilkin materiya) qalib gələndən sonra, ilkin sularında “tikdiyi”
Etemenanki adlı “Göy və Yerin Təməl evi” - elə “qaldırılmış torpaq” mənasında
olan “Ta-Meri” ölkəsidir. D. Rol da
xüsusi qeyd edir ki, Marduk və Assur Allahları - Eridudan olan “Enki və
Damkinin oğlu Əsərdən” və ya Əsər-Luxidən yaranmışlar. Marduk (Merodax) rəmzi
Mar-Xuda mənasında Mar Allahı deməkdir. Mardukun əsas ləqəbi Asar-Luxi, yəni Azər-İlahidir
ki, bu da Azər Allahının amoreylərin (midiyalıların) Allahı olması deməkdir.
Lakin Marduk, yəni MarXuda rəmzi eyni zamanda
Mar-Kuti kimi də oxunur. Kuti sülaləsinin hakimiyyəti isə, yazdığımız kimi çar
hakimiyyətinin “Göydən yerə endiyi” dövrlərdən başlayır. Bu isə o deməkdir ki,
Göydən yerə enmiş çar hakimiyyəti elə Ta-Meri adlanan “qaldırılış torpaqdan” gətirilmiş
İlahi hakimiyyətdir və bu hakimiyyət Ermer-Kar nəslinə, yəni Ra-Amon Allahının
Qor (Kor) fironları (pir) nəslinə verilmişdir. Mənbələrdə “Şəmsi Qor”, yəni
“Qor Allahının yoluyla gedənlər” dedikdə də Asar nəsli, yəni Azər nəsli nəzərdə
tutulur. Qor Günəş Allahınıın yolu ilə gedən bu müqəddəs insanlar mənbələrdə,
elmləri ilə “ölkəni birləşdirənlər” adlandırılırdılar. “Ölkəni birləşdirən” deyəndə,
bu müqəddəslər nəslinin həm bu dünya ilə və həm də göyə qaldırılmış cənnətlə (Aşağı
və Yuxarı Misir) əlaqəsi olan müqəddəslər nəzərdə tutulmalıdır. Yəni, bu gün
adlarının qarşısında “mir” rəmzi daşıyan seyid-bəglərin, iki dünyanı özündə
birləşdirməsi deməkdir. Mənbələrdə onlar “dağ və səhralarda dolaşan qüdrətli
midiyalılar” adlanır ki, burada “dağ və səhralarda dolaşan” deyəndə, Midiya
dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə dolaşan midiyalılar,
yəni tərikə yolunu gedən türk seyid-bəgləri nəzərdə tutulmalıdır. Bu Atəşbəglər
ölənə qədər bu dünyada, öləndən sonra isə ruhları göydəki cənnətdə ömür sürürlər.
Ümumiyyətlə bilmək lazımdır ki, qədim Misir
yazılarında firon sözü yoxdur. Mənbələrdə bu rəmz “pirao” kimi yazılır ki, bu
da bəg, seyid, şıx və s. türk müqəddəslərinə aid “pir” rəmzidir. “Oğuznamə”nin
atalar sözlərində deyilir ki, “Ölüm pir üçün bayramdır”. Çünki onlar ölmürlər,
öz Allahına qovuşaraq, “göyə qaldırılmış torpağa” köçüb, orada ömürlərini davam
etdirirlər. Onların Rəhman/Ra-Amon Allahı isə, elə əcdadları Yafətdir ki, mənbələrdə
bu rəmz Afet/Apet/Pat/Patu/Ptah kimi də yazılır. Amon Allahına alqışın Leyden
variantında deyilir: “Üç Allah – Amon, Ra və Pta (Ptah) – bütün Allahlar mənasındadır.
Onlara tay yoxdur. Öz adını gizlədən Amon, öz üzü ilə Ra və bədəni ilə Pta
(Ptah)-dır” («Культура
древнего Египта», М.,1976, səh. 197). Deməli, Pta (Yafət) Allahı elə kosmik insan olan Adəmin (Atum
Allahı) bədənidir ki, müqəddəslər nəsli də bunun obrazı kimi yaradılmışdır. Bu
isə o nəticəyə gəlməyə əsas verir ki, sufizmin tərikə yolunu gedənlərin, yəni
türklərin Yafət (Pta) nəsli - İlahi odla bağlı olan, onunla vəhdətdə olan
şahlar nəslidir. Sufi deyimlərinə görə də “Vəhdətin Günəşi”, yəni ilkin
materiyadan yaradılmış Ra günəş Allahı ilk dəfə məhz Azərbaycanda görünmüşdür.
Devid Rol bildirir
ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə
etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün
bu ailəyə aid olanlar İri-Pati [R-PT] adlanırdı və “Patın törəmələrindən biri”
mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində Qorla assosiasiya
olunurdu və bu, şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəsilə, yəni
Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.388,389). İri-Pati rəmzi - Ra-Pta deməkdir
ki, bu da Amon Allahının (Kosmik İnsanın) Üzü və Bədəni mənasındadır. Bu rəmz Ər-Yafət
mənasındadır ki, M. Xorenatsi, M. Kalankatuatsi
və s. kimi tarixçilər bu rəmzi Yafət-Ərən kimi qeyd edib, böyük və
adlı-sanlı tayfa olan Sisaka/Sisakan, yəni Gel/Gelarküni nəslinə aid edirlər. Albaniya
ölkəsinin də onlara vərəsəliklə çatmasını yazırlar. Deməli, qədim Misirin
Ra-Pta fironlarının nəsli, Midiya-Albaniyanın Yafət əsilli Sisaka-Saklar nəslidir.
Gelarküni rəmzi onu göstərir ki, Geliopolun Ra günəş
məbədi, yəni Marduk Allahının tikdiyi Etemenanki (Atum-Nunki) məhz Midiya ərazisində
tikilmişdir. Yafət (Afet/Apet/Pta) nəslinin bu məbədi qədim Misir yazılarında
“Qızıl Opet” adlanırdı və müqəddəs Barkal dağının altında yerləşirdi (Тураев Б. А. История древнего востока. Л., 1935, II
cild, səh.175]. Məhz bu dağ Misirin baş Allahı olan Amonun vətəni
sayılır və o mənbələrdə Napatlı Amon adlanırdı. Abu-Simbeldəki abidəyə görə, Amon Allahı Napat dağında yaşayır və bu dağ
– “Napatın təmiz (pak) dağıdır”. Bahəddin Ögələ görə, məhz bu Allah dağında hunn dövləti yaradılmışdı
ki, hunn rəmzi də kinun/kənan/xanaan rəmzi ilə eyni mənalıdır. Çin mənbələrinə
görə isə, Allah dağları Barkal ətrafındakı Dji-lien, yəni Cilan/Gilan/Gel
dağlarıdır (B. Ögəl, “Böyük Hun imperiyası”, I cild, B.1992, səh. 269, 276). Araşdırıcı
Matsudaya görə, hunnların bu dövləti Çu vahəsindən Talasa (Talışa) qədər, ola
bilsin ki, daha da uzaqlara uzanırdı (B. Ögəl, Böyük Hun imperiyası” II cild,
B., 1992, səh. 213). B. Ögəl bildirir ki, sakların vətəni - İssık-Gölün, yəni
Sisaka-Gelin sahilləri və Allah dağları olmuşdur. Sisaka-Gel rəmzi isə Midiyaya
aid olan ən qədim rəmzdir.
Midiya/Mada rəmzi qədim Misir mətnlərində Mut kimi
də məlum idi. Mut rəmzi qədim Misirdə - Mut-Xotep kimi, yəni Mut-Ptah (Pta)
kimi də yazılırdı. Mut eyni zamanda “Mut Napat” adlanır ki, bu da Amon
Allahının vətəni olan Napat/Nifat elinin Midiya ilə bağlılığı deməkdir. Midiyada
Mut məbədi – Ələmut qalası kimi məlumdur ki, burada Həsən ibn əs-Sabbah, yəni qədim
Misirin Sebek Allahı cənnət yaratmışdı.
Strabonun “Coğrafiyası”sına görə Nifat (Napat) və Zaqr (Sokar-Zaqros/Sokaris) dağlarında kadus, amard (Mar-Tu/Ta-Meri) və s. tayfalar yaşayırlar (Strabon
XI:13/3). İordana görə Nifat dağları eyni zamanda Lamma, Propaniss, Kastr, Tavr,
Qafqaz, Rifey və s. də adlanır. Pavel Orosiy də təsdiq
edir ki, Qafqaz çox adlarla adlandırılır. Bir təpənin müxtəlif adlarla
aldanması, bu təpənin ilkin təpə rəmzində olması ilə bağlıdır ki, məhz bu təpə,
qədim Misir mənbələrə görə, dünyanın yaradılması zamanı ilkin okeandan üzə
çıxmışdı. Qədim Misirdə Geliopol, yəni Gel şəhərinin yerləşdiyi bu ilkin təpənin
altında Ra Günəşinin məbədi yerləşmiş və Ra Günəş diski də buradan ərşə yüksəlmişdir.
Yafət nəslinin Napat/Pta/Ptah dağını azərbaycanlılar
Fit, ərəblər Cəbəl əl Fəth və s. adlandırırlar. Əhdi-Cədiddə Napat eli -
Niftalı kimi yazılır və Zavulon, yəni Savalan torpaqları ilə bir yerdə çəkilir.
Mənbələrdə Napat rəmzi “Bəgnapat” kimi də qeyd olunur ki, bu da Napat elinin - türk
bəglərinin, sufizmin Bəqa səviyyəsində yaradılmış cənnət bağı mənasında olması
deməkdir. Deməli, Qızıl Opet məbədi həm də göy cənnətinin yerdəki simvoludur. Bu
dağ Oğuznamədəki, Oğuzun qoşunlarının yaratdığı Azərbaycan adlanan təpədir ki,
bu gün bu təpə - Peştəsər dağ silsiləsinin başlanğıcında yerləşir. Maraqlı isə
odur ki, bu dağ silsiləsinin ortasında Əlvan dağı yerləşir ki, bu da elə qədimdə
Livan adlanan Alban dağıdır. PeştƏsər rəmzi sufizmdə - “Göy və Yerin” yaratdığı
Allahlar mənasını verirsə, müxtəlif dillərdə bu rəmz Əsər/Azər dağının beli,
yuxarı hissəsi, Əsərdən törənmişlər, Əsər nəsil və s. mənalar verir ki, bu da
Asar/Osiris Allahları nəslinin yaşadığı Azər dağının üstü mənasındadır. Bu ərazi
də məhz Ərdəbildən qeyd olunan məsafədə - saklar yurdunda yerləşir. Bu isə o
deməkdir ki, qədim Misir mənbələrində - “Dünya”nın yaradıldığı Gel şəhərinin Ra
günəş (Gel-Ra/Gelar) məbədi adlanan məbəd
məhz bu dağın və ya təpənin altında yerləşir. Bu ərazilərdəki Perimbel (qədim
Misirdə Pirembole), Cerimbel (qədim Misirdə Cermopol/Germopol) və s. toponimlər
onu göstərir ki, qədim Misir Allahlarının Şərqdəki vətəni məhz bu ərazilərdir. Bu
dağın altındakı Opet məbədinin Qızıl adlanması isə, hündürlüyü 62 m. olan bu məbədin
tam qızıldan olması ilə bağlıdır. Bu məbəd digər yazılarda Etemenanki, Babil, Süleyman
peyğəmbərin, Ad oğlu Şəddadın və s. məbədi adlanır. Bütün dinlərin Allahla
bağlı olan dağı da məhz Peştəsər dağ silsiləsinin başlandığı Azərbaycan adlanan
təpədir. Bu təpə Sfinks formasındadır ki, bu da buranın Ra-Amon Allahının
mühafizəsi altında olması deməkdir. Bu dağın altındakı Sokaris/Arsak
mağarasında isə İlahi Azər odu, İslamın əzəl kitab saydığı Lövhi-Məhfuz, yəhudilərin
Əhd sandığı, xristianların Qraal camı və s. bütün müqəddəs əşyaları Allah tərəfindən
mühafizə olunur. Sfinksin başı mənasında olan nəhəng daş isə mənbələrdə Musa
qayası, Yaqub daşı, Petra daşı, Kəbə daşı, Prometeyin qandallandığı qaya və s.
kimi qeyd olunur. Bu abidənin açılışı, insanların din, tarix, yaradılış və s.
haqqındakı bütün təsəvvürlərini alt-üst edəcəkdir.
Firudin Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий