понедельник, 25 февраля 2013 г.

Həqiqi İslam Şumerdən başlanır


İnsan həyatında mühüm rol oynayan meyarlardan biri dindir. Dinlərin nə məna kəsb etməsinin elmi izahı bu günə qədər verilməsə də, insanlar onu bütə çevirdiyi üçün o hələ də öz gücünü itirməmişdir. Lakin artıq hamıya aydındır ki, bir müddət sonra bütün dinlər tamamilə yox olmalıdır. Çünki, elmi izahı, məntiqi və insan həyatına təsiri olmayan bir şeyin uzun müddət yaşaması mümkün deyildir.
İslam dinin əsas ideyası, “Allah birdir və Məhəmməd də onun Rəsuludur” şəhadətidir ki, bunu qəbul etmək, həyat uğrunda mübarizədə insana heç nə vermir. Bu gün istənilən bir kasıb adam bir tikə çörək müqabilində dinindən də, Allahından da peşimançılıq çəkmədən dönər və belə faktlar get-gedə artmaqdadır. Ortaya belə bir sual çıxır. Bəs nəyə görə müdrik babalarımız, mənası, məntiqi olmayan bir inancı bizlərə vəsiyyət etmişlər və hətta bu yolda ölümə belə getməyə hazır olmuşlar? Bu suala cavab vermək üçün, dinlərin əsl mahiyyətini, mənasını diqqətlə araşdırmaq lazımdır.
Hamıya məlumdur ki, müqəddəs Quran kitabının adi, zahiri mənasından başqa, gizli, yəni batini mənası da var ki, bunu yalnız seçilmişlər, sufilər bilmişlər. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə bütün dinlərin batini mənaları birdir və Əflatun fəlsəfəsinə aparıb çıxarır. Əflatun fəlsəfəsi isə bütün fəlsəfələrin mahiyyətini özündə birləşdirən və rəmzlərlə, Allahın göydə və yerdə yaratdıqlarına elmi izah verən fəlsəfədir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə, bütün dinlərin, fəlsəfələrin bir olduğunu elmi cəhətdən izah etmişəm. Bu məqalədə isə “din” sözünün mənaları haqqında bəzi məlumatları verəcəm.
Batin (sufizm) elmində hər bir samit - bir rəmz kimi qəbul edilərək, xüsusi məna ifadə edir. Bu elmdə “din” [DN] rəmzi Qurandakı  Ədn (Eden) [DN] cənnətinin rəmzi ilə eyni məna daşıyır ki, bu da dinin “cənnət” fikrini ifadə etməsi deməkdir. Cənnət haqqında ilk məlumat Şumer yazılarında verilir. Bu yazılara görə, “dirilər ölkəsi”, yəni ölümsüz Allahların bağı olan Dilmun cənnəti - İran ərazisində, Zaqros dağ təpələrinin arxasında yerləşir. Məşhur şumerşünas Kramer, Dilmunu «təmiz», «nurlu» və «şəfəq saçan» torpaq kimi təsvir edir və bildirir ki, buranın sakinləri xəstəliyin, ölümün nə olduğunu bilmirlər. Bura, ölmüşlərin ruhlarının xoşbəxtliyi daddığı yerdir və bura köçmək, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Deməli, din dedikdə, Allahın qoyduğu qanunlara riayət edən insanın, öləndən sonra da, ruhunun yaşadığı yer başa düşülməlidir. Məşhur sufi Mühiddin ibn Ərəbinin yazdığına görə də, İslam dini - Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. İbn Ərəbi xüsusi qeyd edir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “din” rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin göydəki El mənasında olması anlamındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Bu isə o deməkdir ki, “din” sözü “Dünya” mənasındadır və bu İslam dünyasını da Allah, İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. 
Bildiyimiz kimi Xarrandan (Arran) olan Azər oğlu İbrahim peyğəmbər yəhudi peyğəmbəridir və məlumdur ki, mənbələrdə yəhudi dedikdə Xəzər (Azər) türk bəgləri nəzərdə tutulur. “Kitabi-Dədə Qorqud”da da əvrən, yəni yəhudi sözü türk ərənlərinə aid edilir. Xəzər türklərinin X əsrə aid dualar kitabında Allah - “Adonay” [DNY] adlandırılır ki, bu da Batin elmində “Dünya” [DNY] sözü ilə eyni mənalıdır. Deməli, Xəzər türkləri Adonay deyəndə İran dağlarının üstündəki Dilmun Dünyasını, Dilmun Elini nəzərdə tuturlar. Orxon Yenisey türk abidələrindəki türk xanı Tolis (Toliş) isə iddia edir ki, məhz O, Tanrıtək Göydə El yaratmışdır. El rəmzinin yəhudi dilində Allah mənasını verməsi də bu Elin, sufilərin Hu adlandırdığı İlahu nurdan, yəni ilkin materiyadan yaradılması anlamındadır.
Tolis rəmzi sufizmdə Tilos kimi də oxunur ki, araşdırıcı Piter Kornuelə görə, Tilos - Dilmun cənnətinin digər adıdır. Tolis/Toliş rəmzi isə Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı dağların adıdır və bura Azəri türklərinin torpağıdır. Deməli, İslam dini mənasında olan göydəki Tilos Eli elə Adonay Allahıdır.
Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə Adəmin bədənindədir. Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı Adəm kimi təqdim edir və onu Allah adlandırır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbərlə Adonay Allahı eyni məna kəsb edirlər.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti -“İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - göydə ondan yaranmış ruhlar Elidir  (Osiris/Asar/Azər dünyasıdır)” fikrini ifadə edir ki, bu da Adonay Allahın elə Məhəmməd peyğəmbər olması deməkdir. Göründüyü kimi, İslamın batini mənası çox dərin mənaları olan elmdir və bu elm – göydə yaradılmış İslam Aləminin elmidir.
Din rəmzi Batin elmində El-Din (Din-Eli) mənasını verir və bu rəmzdən Ledun, Aldan rəmzləri yaranmışdır. Ledun elmi Batin elminin digər adıdır. Aldan rəmzi isə mənbələrdə Albaniyaya aid edilir və xristian mənbələrində bu rəmz Alu kimi də yazılır. Alu rəmzi isə Batinilikdə El/Əli mənasında göydə yaradılmış Vilayəti, Eli bildirir. Sufizmdə Alban rəmzi – El-Benu mənasında, qədim Misirdə, göydəki ruhlar aləmində  quş obrazında ölümsüzlük qazanmış Allahların ruhlarını bildirir. “Kitabi - Dədə Qorqud” abidəsində də türk ərənləri haqqında danışarkən onlar quş kimi təsvir edilirlər və onların bir yerə yığışması «qondu» sözü ilə ifadə olunur. Alban/El-Benu rəmzi sufizmdə eyni zamanda Nəbi-Eli kimi də oxunur ki, bu da peyğəmbərlər məmləkəti deməkdir. Deməli, “din” rəmzi həqiqətən də göydə yaradılmış Elin rəmzidir və bu Din dünyası Azər oğlu İbrahim peyğəmbərin nəslinə verilmişdir.
Akkadların Alu/İlu kimi qeyd etdiyi El rəmzi, şumerlilərdə Dinqir kimi tərcümə olunur və Allah mənasını verir. Bu rəmz Din və Qor sözlərindən yaranmışdır. Qor rəmzi qədim Misirdə pirin (firon) ruhunun göydə qızılquş obrazında yaşamasını bildirir. Lakin bu quş (pirin ruhu) eyni zamanda göy cənnətinin ruhu (ağlı/beyni) olduğu üçün mənbələrdə Qor (Kor/Kur və s.) dedikdə, eyni zamanda göy aləmi də başa düşülür.
Din sözü qədim Misir mətnlərində doqquz yaranışdan ibarət yaradılmış Atum (Adəm) Allahının adlarından biridir və mətnlərdə Nut kimi qeyd olunur. Doqquz yaranışdan ibarət olan Allah (“Enneadanın Doqquz Allahı”) bizlərə “Doqquz Oğuz” kimi məlumdur ki, Oğuz [ĞZ] rəmzi batinilikdə Xaos [XS] rəmzi kimi ilkin materiyanı bildirir. Rəvayətlərdə Oğuzun göylərlə əlaqəsi də bu yaranışla bağlıdır. Bu doqquz yaranış hər biri ayrılıqda da Allah mənasını verir. Çünki, sufilər İlah (Allah) dedikdə məhz Oğuz mənasında olan ilkin materiyanı, yəni İlahi nuru nəzərdə tuturlar.
Bütün bunlar o deməkdir ki, Dinqir, Tenqri, Tanrı və s. dedikdə Nut göyündə yaradılmış Qor Allahının dünyası başa düşülməlidir. Qor Allahı isə - firon Amonun (pir Əman) ruhu ilə Ra günəş diskinin vəhdətindən yaranmışdır. Şumer mənbələrində Amon-Ra-Qor rəmzi - Enmerkar kimi yazılır və bildirilir ki, bu Allah özünə yüksək status olan Asar adını götürdü. Deməli, Asar/Azər Allahı dedikdə, ərşə yüksələrək göylərə hakim olmuş Ra-Amon, yəni Rəhman Allah nəzərdə tutulmalıdır.
Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürür və qanunlar toplusu, gizli ayinlər keçirən, Ezir (Azər) adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır. Odin adını götürdükdən sonra qanunlar toplusu yaradılması o deməkdir ki, Azər Allahı, 12 imamla Din və onun qanunlarını yaratmışdır. Odin Allahının skandinav və german mifologiyasında eyni zamanda Votan (Vodan) adlandırılması, əsl dinin Batin elmi olması deməkdir. Çünki batinilikdə “B” və “V” rəmzləri eyni mənalı rəmzlərdir. Bunu Odin sözünün mənası da sübut edir. Yazılanlara görə, Odin sözü şamanın ekstazını, qamlamanı, magiyanı, müdrikliyi bildirir. Batin elmi də sufinin ekstatik vəziyyətində, silsilənin ən ali məqamında üzə çıxan elmdir ki, bu da İlahdan, yəni ilkin materiyadan alınmış informasiyadır. Sufizmə görə, Bəqa (Bəglik) səviyyəsində qəbul olunan bu elm vasitəsi ilə insan bir saata bütün elmlərə tam və kamil şəkildə sahib olur. O hətta Allah yaratma qüdrətini də qazanır ki, türk (teurq) xanı da məhz bu vəziyyətdə (teurqiya) göydə El Allahını yaratmışdır.
Odin rəmzi Finikiya mifologiyasında Adon, Adonis kimi yazılır və ölüb dirilən Allah kimi məlumdur. Təbiətin ölüb dirilməsi ilə əlaqələndirilən bu Allah qədim Misirdə Asar/Osiris/Oziri, yəni Azər adı ilə tanınırdı. Mən, “Aşura haqqında əsl həqiqətlər”adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm.
Adon/Adonis Allahının ləqəblərindən biri də Liey - “azad olmaq”dır ki, bu da sufinin ruhunun ekstatik durumda bədəndən azad olaraq İlahi nura, yəni ilkin materiyaya qovuşması və ondan istədiyi informasiyanı alması mənasındadır. Liey rəmzi isə “L” samitindən yaranmışdır ki, bu da göydə yaradılmış Eli bildirir. Deməli, Adon/Adonis Allahı, yəni Din rəmzi -  göydə yaradılmış Elin rəmzidir və bu El, ilkin materiyadan ibarətdir. Məhəmməd peyğəmbər də hədislərdə “Həqiqət mənim daxili vəziyyətimdir” deyir ki, bu da peyğəmbərimizin bədəninin ilkin materiyadan ibarət olması mənasındadır. Belə çıxır ki, Məhəmməd peyğəmbər elə Odin (Din) və ya Azər Allahıdır.
Bütün bunlar o deməkdir ki, əsl İslam dini – Batin elmidir və bu elm yeddinci əsrdə yox, Adəmin yarandığı dövrdə, yəni 5500 il bundan əvvəl Azərbaycanda yaranmışdır. Yeddinci əsrdən başlayaraq insanlar qədim yazıların əsl, yəni batini mənalarını yaddan çıxararaq, zahiri mənalarını əsas tutdular və müqəddəs elmi bəsitləşdirdilər. Məhz bu dövr mənbələrdə Adəmin cənnətdən qovulması dövrü sayılmalıdır.
 Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi dərk etmə ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi Batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Nəticədə, peyğəmbərimizin dediyi kimi, İslamın 73 təriqətindən yalnız biri - cənnətə, qalanları isə cəhənnəmə düşürlər. Bu isə o deməkdir ki, yeddinci əsrdən bu yana yalnız bir təriqət üzvləri cənnətə gedir ki, bu da mənim - “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır” adlı məqaləmdə yazdığım kimi, pir, bəg, seyid, və s. ismaili-nizarilərinin batini təriqətidir.
Yazdıqlarımdan çıxan nəticə odur ki, bu dünyada bir həqiqi din var ki, bu din də Rəhman Allahın göydə yaratdığı cənnətlə bağlı elmdir. Bütün dinlərin batini mənaları da bu vahid dinin tarixi ilə bağlıdır. Həqiqi İslam olan bu vahid din, Azərbaycanda - pir, bəg, seyid, şıx adlandırdığımız Azəri müqəddəslərinin əcdadları tərəfindən yaradılmışdır.
Qədim Misir rəvayətinə görə, Allahın ilkini olan Azər (Asar/Osiris) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Axirətdə Azərin arvadı İsida və oğlu Qor, Azəri yenidən dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır.
Azər Allahının ölümü məhz yeddinci əsrdən - insanların qədim yazıların gizli, batini mənalarını yox, birbaşa - zahiri mənalarına üstünlük verdiyi dövrdən başlanır. Məhz bu dövrdən başlayaraq adi insanlar öldükdə, onların ruhları cənnətə yolu itirirlər və milyonlarla İslam qanununa əməl edən möminin ruhu, arzuladığı cənnətə daxil ola bilmir. Lakin yazılanlara görə, axirətdə bütün sirlər açılacaq və insanlar həqiqəti dərk edərək yenidən Din, yəni Ədn cənnətini qazanacaqlar.

    Firudin Gilar Bəg
                                                                                           www.gilarbeg.com


понедельник, 4 февраля 2013 г.

Azər – Rəhman Allahın Ali Məqamıdır


Azərbaycan fəlsəfəsi

                                                                       
       Ledun elminə görə Rəhman Allah Azərbaycandan ərşə yüksəlmiş və Ərdəbil yaxınlığındakı Alban dağının üstündə qərar tutmuşdur. Şumerlər, Alban göylərində ruhlar üçün “Dünya” yaratmış və Allaha çevrilərək burada ölümsüzlük qazanmış bu Şahı, ən ali İlahi səviyyə olan Azər adı ilə adlandırmağa başladılar. Azər Allahın yerdəki törəmələri olan pir, bəg, seyid, şıxlar nəsli isə kadus, yəni müqəddəs adlandırıldı. Axirətə yaxın Azəri müqəddəsləri – pak dinləri olan “Batini-İslam”ı unudub, İslamın zahiri mənasını bütə çevirdilər və ona sitayiş etməyə başladılar. Allahla bağlı yazılanları təhrif etdiklərinə, həqiqət üzə çıxdıqda belə onu dandıqlarına və s. görə Allah, bəşəriyyətdən üstün yaratdığı bu sevimli övladlarını lənətlədi.
                                                                     Firudin Gilar Bəg

Son dövrün elmi araşdırmaları göstərdi ki, qəbul olunmuş tarix səhvdir. Din, fəlsəfə və s. ilə bağlı yazılı abidələr də bizim üçün dərkolunmaz qalmışdır. Bu gün məlum olur ki, Avropanın qəbul olunmuş saxta tarixindən başqa, gizli tarixi də olmuşdur və bu tarix, “quş dili” bilən və Aya sitayiş edən Gel oğullarından başlanır. Avropanın bütün şahları, zadəganları Qulyard adlandırılan bu Gel oğullarının törəmələridir. Bütün mason təşkilatlarını da məhz Gel oğulları yaratmışlar və onların əsas məqsədi axirətdə gələcək İliya peyğəmbərin taxta oturdulmasına hazırlıqdır. Orta əsrlərdə yazılmış əsərlərin əksəriyyəti bu Gel oğullarının “quş dili”ndə yazılmışdır. XIX əsrə qədər Avropada tikilmiş bütün abidələri də Gel oğulları yaratmışlar.
Bu nəticələr təkcə bir kitabdan - Qrase DeOrsenini “Quş dili. Avropanın gizli tarixi” adlı kitabından çıxır və çoxlu suallar yaradır: İslamın Ay rəmzinə sitayiş edən, sufizm adlandırdığımız “quş dili”ndə danışan və İmam Əli mənasında olan İliyanı gözləyən bu Gel oğulları haradan gəlmişlər, kimlərdir? Hansı əsərlər “quş dili”ndə yazılmışdır və hansılar bu dildə yazılmamışdır? Bunları kim ayırd edə bilər və ümumiyyətlə həqiqəti necə öyrənmək olar?
Həqiqətlə bağlı Şah İsmail Xətai, şeirlərinin birində yazır – “Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri”. Deməli, həqiqət hələ Şah İsmail Xətainin dövründə gizli olmuşdur və onu çox az adam aça bilmişdir. Bu həqiqəti üzə çıxarmaq üçün, biz mənbələri yenidən diqqətlə nəzərdən keçirməliyik.
Qədim yazıları araşdıran tədqiqatçılar belə qənaətə gəlmişlər ki, bu yazıların daha dərin, gizli mənaları vardır. Bunlar adi insanlar üçün yox, qədim sirləri bilən seçilmişlər üçün yazılmışdır və yalnız onlar bu yazılanların gizli mənalarını dərk etmək qabiliyyətinə malikdirlər. Seçilmişlər deyəndə mənbələrdə sufilər nəzərdə tutulur ki, sufizmin bir qolu olan hürufiliyi İmadəddin Nəsimi “quş dili” adlandırır. Yalnız samitlərin məna ifadə etdiyi bu dildə, hər  samit bir rəmz sayılır və xüsusi məna daşıyır. “Şahnamə” əsərinin də “quş dili”ndə yazılmasını nəzərə çatdırmaq üçün Firdovsi yazır:
“Mənim sözlərimdə tapılmaz yalan.
Nə ovsun, nə əfsanə yazdım inan.
Diqqətlə oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər”.
Bu o deməkdir ki, qədim mənbələr rəmzlərlə yazılmışdır və yalnız bu rəmzləri açdıqdan sonra həqiqətlər üzə çıxacaqdır.
İslamda, yazıların gizli mənası - batini məna adlandırılır və məlumdur ki, Quranın da adi, yəni zahiri mənasından başqa, yeddi qat dərinliyə malik batini mənası vardır. Mənbələrə görə, bu batini mənanı yalnız “batinilər” adlandırılan ismaili şiələri bilmişlər. Onların İsmailiyyə adlanan fəlsəfələri olmuşdur ki, bu fəlsəfə Əflatun fəlsəfəsi ilə eynilik təşkil edir.
Herodot, batiniləri - Gelon şəhərində yaşayan budinlər adlandırır və skif/sak tayfası sayır. Gel, budi və skif tayfaları isə Azərbaycan ərazisində mövcud olmuş Midiya və Albaniya əhalisi hesab olunurlar. Batiniliyin də mənbələrə görə Gel Elindən başlaması və batinilərin axirətdə İmam Əlini gözləməsi, onu deməyə əsas verir ki, Avropanın sahiblər olan Gel oğulları elə, Quranın batini mənalarını bilən ifrat Gel şiələridir. Bunu dolayısı yolla Avropa mənbələri də təsdiq edir.
Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürərək, burada qanunlar toplusu və gizli ayinlər keçirən, Ezir adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır. Onlar, insanlar üzərində ədalət məhkəməsi qurur və gələcəkdən xəbərlər verirdilər. Gizli ayinlərdə onlar ölüm Allahının uca şəninə təriflər söyləyir və onun ölümü ilə bağlı matəm mərasimi keçirirdilər. Batini şiələrinin də 12 imamı müqəddəs sayması və Aşura adlanan yas mərasimini təntənəli surətdə keçirməsi onu deməyə əsas verir ki, Avropaya köç edən Azər tayfası elə azərbaycanlı batinilərin, yəni pir-seyidlərin nəslidir.
Bu gün artıq Avropa alimləri də qəbul edirlər ki, masonluq öz kökünü sufi cəmiyyətlərindən götürür və bütün ayinlər ismaili-nizarilərin, yəni batini şiələrinin ayinlərinin təqlididir. Belə çıxır ki, qədim yazıların batini mənaları, zahiri mənalarından tam fərqlidir və bilavasitə Azərbaycan və azərilərlə bağlıdır.
Müqəddəs kitabımız olan Quranda Azər adı İbrahim peyğəmbərin atasının adıdır və o büt düzəldib onları İlahlara, yəni Allahlara çevirən Varlıq kimi qeyd olunur. Qədim Misir mənbələrində Azər rəmzi - Oziri/Asar/Osiris/Usiri və s. kimi yazılır. Asar/Asər rəmzinə aid edilən Luhi (Asar-Luxi) rəmzi isə onu göstərir ki, bu rəmz qədim Misir mənbələrində də İlah mənasında, yəni Asar-İlahi, Azər-Allahı mənasında işlənmişdir.
Qədim Misir rəvayətinə görə, Allah ilk olaraq, bütün dünyaya hökmran kimi Azəri yaradır. Daha sonra isə adi insanlar olan 72 milləti yaratmışdır. Əflatuna görə də, Yaradıcı Allah ilk olaraq Allahlar nəslini yaratmış, onlar da öz növbəsində adi insanları yaratmışlar. Deməli, mənbələrdəki Asar/Azər adı - yaradıcı Allaha və Onun nəslinə aid rəmzdir.
Tanınmış alim Devid Rol yazır ki, Misir mədəniyyətini, Mesopotamiyadan köçüb gəlmiş Asar (Asər) oğulları yaratmışlar və onlar Qor (Xor) fironlarının nəslidirlər. Onun yazdıqlarından çıxan nəticəyə görə, Asar adı qədim Misirin Ra-Amon Allahına və onun Qor fironları nəslinə verilən ali addır. D. Rola görə, Misir adı – “Asardan doğulmuşlar” mənasındadır. Mənbələrdə Asar Allahı - şah taxtı və ya hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. Digər mətnlərdə Assur, Aşşur, Azur və s. kimi də yazılan bu rəmz, qədim Misir yazılarına görə, Geliopolda, yəni Gel şəhərində yaradılmış “Dünya”  ilə bağlıdır.
Misirlilərin, “Dünya”nın yaranması ilə bağlı xüsusi Geliopol kosmoqoniyası var idi ki, bu elmə görə, Allah göydəki “Dünya”nı Gel Evində yaratmışdır. Burada yeddi mərhələyə, doqquz yaranışdan ibarət olan və bütün varlıqları əhatə edən Tək Allah yaranmışdır. Qədim Misirin bütün ovsun və dualarını da Gel şəhərinin kahinləri tərtib etmişdilər. Məhz burada - Asar, yəni Oziri/Azər Allahının bədəni uyuyur. Bu isə o deməkdir ki, Asar/Azər Allahı dedikdə Gel Elində yaradılmış Tək Allah təsəvvür olunmalıdır.
Geliopol kosmoqoniyasına görə, bir yaradıcı İlah vardır və bu da - bütün yaranışa həyat vermiş, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyadır. Mənbələrdə bu İlahi nur – İlahi od, dirilik suyu, həyat enerjisi və s. adlandırılır. Sufilərin “Hu” adlandırdığı bu enerji gözə görünmədiyi üçün, onun rəmzi olan “Hu” (X/K/Q/Ğ və s. bənzər samitlər) rəmzi də mənbələrdə bəzən yazılmır (məs. Xəzər-Həzər-Azər, Xarran-Harran-Arran və s.). Bu İlahi nuru idarə etmək üçün firon (mənbələrdə pir/pirao) Amon, sufizmin tərikə yolu ilə Bəqa səviyyəsinə çatmış və bu məqamda ilkin materiyadan Ra günəş diski yaratmışdır. Pir (firon) Amon öləndən sonra, onun ruhu, bu Ra günəş diski ilə birləşmiş və İslamda Rəhman adlandırılan Ra-Amon Allahına çevrilmişdir ki, sufizmdə bu birləşmə “Vəhdət əl Vücud” adlanır. Fəzlullah Nəiminin – “Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü” ifadəsi də Günəş Allahı olan Ra-Amonun Azərbaycandan ərşə yüksəlməsi mənasındadır. Gel Evində yaşamağa başlayan bu Ra-Amon Allahı sonradan sadəcə günəş Allahı Qor adlanmağa başlayır və bizə bu ad Qorqud, yəni Qor Xuda kimi məlumdur. Deməli, qədim mənbələrdə ölümsüz Asar/Osiris/Oziri Allahı dedikdə - Gel Evində, Qor (Xor/Hor/Ra) qızılquşu cildində yaşayan firon Amonun (pir Əman) ruhu təsəvvür edilməlidir.
Gel Evi mətnlərdə Xaldeya və ya Xarran kimi yazılır ki, bura Azər oğlu İbrahim peyğəmbərin vətəni kimi məlumdur. Digər mənbələrdə Xarran rəmzi - Arran kimi, Azər isə Xəzər kimi də qeyd olunur. Arran - Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər ölkəsi də adlandırırlar.
İslamın rəmzi olan Ay rəmzi Mesopotamiya mənbələrində Xarrandan (Arran) olan Ay Allahı Sin (Quranda Yasin) adlandırılırdı və “İl-Amurru” rəmzi ilə eyniləşdirilirdi. Misir mənbələrində bu rəmz, axirətdən sonra Günəş Allahının (Ra-Amon) yerinə keçəcək Ay (Mehdi) mənasında qeyd olunurdu. “İslam” rəmzi Tövratda Səlim, Şelom və s. kimi, qədim Misir yazılarında isə Şu-Aləmi kimi yazılırdı və “Allah ruhunda yaranmış Aləm” mənasını verirdi. Səlim şəhərinin Allahı isə El Allahı hesab olunur. Batinilikdə El/İl rəmzi – Əli, Amurru rəmzi isə əmir, yəni, mar, amoreylər (midiyalılar) nəsli mənasındadır. Belə çıxır ki, Səlim şəhərinin Allahı olan El və ya İl-Amurru Allahı elə İslamın ifrat şiələrinin Allah obrazında qəbul etdiyi Əli-Əmirdir (Əli-Əmir əl möminin).
Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, “Din” rəmzini - “əlif” və “lam” səsləri ilə, yəni “Əl” kimi qeyd edir ki, bu da həqiqi dinin göydəki El mənasında olması deməkdir. Mesopotamiya ilə eyni ərazidə yaşayan şumerlər isə - “şiə əmirləri” mənasındadır ki, onlar ilahi kəlam vasitəsi ilə göydə El, yəni ruhlar dünyası yaratmışlar. Bütün bunlar isə onu göstərir ki, İslam adlandırdığımız din, heç də bizim qəbul etdiyimiz adi inamla və mənəviyyatla bağlı kodeks deyil.
Mühiddin İbn Ərəbiyə görə ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim peyğəmbərlərdir. Ümumiyyətlə, İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Bu isə o deməkdir ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.
Mühiddin ibn Ərəbinin “Din” rəmzini – “El” kimi qeyd etməsi o deməkdir ki, biz din deyəndə - qədim Misir mənbələrində, Nut göyündə yaradılmış Qeb aləmini başa düşməliyik. Deməli, din – göydə yaradılmış cənnətin rəmzidir və bu rəmz Misir mənbələrində Atum, digər mənbələrdə isə Edem, Eden və s. kimi yazılan cənnət mənasındadır. İbn Ərəbi, İbrahim oğullarına müsəlman kimi ölməyi məsləhət görür ki, yalnız onlar bu göy cənnətində əbədi həyat qazanırlar. Belə çıxır ki, müsəlmanlıq – insan öləndən sonra ruhunun, Xarran göylərində yaradılmış cənnətdə yeni həyat qazanması deməkdir.
Quranda açıq yazılır ki, İbrahim peyğəmbər, öz məqamında (İbrahim məqamı), ilahi oddan (nurdan) Bina tikmişdir və oranı ölkəyə çevirmişdir. İbrahim rəmzi induizmdə Braxmo kimi qeyd olunur və qam-şamanlıq, cadugərlik, magiya və ümumiyyətlə yaradıcı qüvvə mənalarında göstərilir. İbrahim məqamı isə burada “braxma-bxuta” adlandırılır ki, bu da sufizmin Bəqa səviyyəsini bildirir. Əgər nəzərə alsaq ki, Batin elmində İbrahim rəmzi - «qamlıq məqamında Ra günəşi ilə birləşmiş Ba-ruhu» deməkdir, razılaşarıq ki, İbrahim obrazı – Bəqa səviyyəsində göydə ruhlar dünyası yaratmış pir Amonun (ruhunun) obrazıdır.
Mühiddin İbn Ərəbi, İbrahim peyğəmbərin İlahi oddan yaranmış bu aləmini, ölmüş insanın ruhunun əbədi xoşbəxt yaşayacağı yer kimi göstərir və bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini xüsusi qeyd edir. İbn Ərəbiyə görə, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. Buxariyə görə, müsəlmanların ibadət yeri, İbrahim peyğəmbərin dayandığı yerdir, yəni Xarrandır (Arran) və iki dünyanın səddi də buradadır. Kəbə Evi adlandırılan bu ev Misir yazılarında Qeb Eli (Qiblə-Qəbələ) kimi məlumdur. İslam rəmzi də batinilikdə “İssi-Aləm” kimi açıqlanır ki, bu eyni zamanda “ruhlar aləmi” deməkdir və bu aləm İbrahim peyğəmbərin vətəni olan Xarranda, yəni Arranda yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Azər və İbrahim rəmzləri, magiya vasitəsi ilə göydə ruhlar üçün yaradılmış dünyanın rəmzləridir və “Din” deyəndə də bu dünyada əbədi yaşamaq üçün yaradılmış qanunlar təsəvvür olunmalıdır.
Əhdi-Cədiddə İbrahimin atası Azər yox, Lazar adlandırılır və İbrahim özü, «İbrahim qucağı» adlanan yerlə assosiasiya olunur ki, burada insanlar mühakimə olunurlar. Luka peyğəmbərə görə, o dünyanın məhkəməsinin sorğu-sualını İbrahim özü verir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, İbrahim peyğəmbər burada Ra-Amon (Rəhman) Allahı rolunda göstərilir.
İbrahim peyğəmbərin atası Azərin mənbələrdə Lazar (El-Azər) adlandırılması, Azər rəmzinin göydə yaradılmış Elə, yəni ruhlar dünyasına (Azər-Eli) aid olması deməkdir. Təbrizli Arakel, özünün tarix kitabında Lazar rəmzini – “Lazarın monastırı” kimi qeyd edir və buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə görə, ruhlar bu səhradan çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə düşür, boğulmağa başlayırlar və yalnız qayıdanda yenidən canlanırlar. Bu isə o deməkdir ki, «Lazarın monastırı» deyəndə, göydəki ruhlar dünyası təsəvvür olunmalıdır.
Sünikdə tikilmiş səhra, yunan mənbələrində Ereb adlandırılır ki, biz bu rəmzi Ərəb çölləri kimi tanıyırıq. E. ə. VIII əsrə aid Assuriya yazılarında «Şərqin ərəbləri» ölkəsi dedikdə, Midiya ərazisindəki ölkə nəzərdə tutulur ki, burada “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” yaşayırlar. “Dağ və səhralarda dolaşan qüdrətli midiyalı” rəmzi altında isə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar təsəvvür olunmalıdır. Bu isə onu göstərir ki, Lazarın monastırı – ölümsüzlük qazanmış Azəri nəslinin ruhlar dünyasıdır.
Quranda Lazar, yəni El-Azər rəmzi Azər-Eli (Asar-Eli), yəni İzrail/İsrail kimi qeyd olunur və bildirilir ki, Allah İsrail oğullarını haqq yurdunda yerləşdirmiş və onlara böyük Mülk vermişdir. Qurana görə, Allah İsrail oğullarını elmlərinə görə adi insanlardan üstün yaratmış, onlara kitab, müdriklik və peyğəmbərlik vermişdir. Onlara təmiz nemətlərdən ruzi vermiş Allah, onlara on iki başçı göndərmiş və onları varislər etmişdir. Allah, qoyduğu qanunlara əməl edənin günahlarının bağışlanması haqda onlarla müqavilə bağlamış və onları cənnətdə əbədi yaşadacağına söz vermişdir. Quran kitabı da bilavasitə onlar üçün, əvvəlki kitabların təsdiqi kimi, orada yazılanlara daha geniş şərh vermək üçün göndərilmişdir. Bu isə o deməkdir ki, Azər-Eli - peyğəmbər yurdudur.
İbrahim peyğəmbərin atası Azərin adı digər mənbələrdə Tarik və Farra kimi də qeyd olunur. Tarik rəmzi sufizmdə “tərikə yolu ilə gedən türük” mənasındadır ki, bu - silsilənin son mənzili olan Bəqa, yəni bəglik fazasına çatanlara deyilir. Bu səviyyədə insan ilkin materiyadan istədiyi informasiyanı alır və istədiyi varlığı yaratma qüdrətinə sahib olar. Qədim Misirdə bu yolu gedənlər teurq adlanırdı. Xalkidli Yamvlix “Misir sirləri haqqında” kitabında, göydə “Dünya” yaratmış teurqları, qurban vasitəsi ilə Allah yaradan kahinlər kimi təqdim edir. O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Teurqiya – ilkin materiya ilə vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və bu rəmz “Allah yaratma” kimi də tərcümə edilir. Bu isə o deməkdir ki, Qurandakı bütləri İlahlara çevirən Azər - Bəqa səviyyəsində göydə Allah yaratmış teurqdur, yəni türkdür. Orxon-Yenisey mətnlərində türk xanının, Allah kimi göydə Allah yaratması açıq yazılır.
İbrahim peyğəmbərin atası Azərin adı digər yerdə Farra kimi qeyd olunur ki, bu rəmz də Pir-Ra (Efir-Ra) mənasında, Misir fironunun efirdə Ra günəş diskini yaratması deməkdir. Belə çıxır ki, İbrahim peyğəmbərin obrazı – teurqiya, yəni qurban mərasimi vasitəsi ilə göy efirində yaradılmış Ra günəşi ilə birləşən pir (firon) Amonun obrazıdır.
Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir. Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl yəhudilər (seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Deməli, Quranda seçilmişlər mənasında olan İsrail oğulları – tərikə yolu ilə Bəqa səviyyəsinə yüksələrək Allaha çevrilmiş Azəri türk bəgləridir. 
Batin elmində İsrail, yəni AsarEli rəmzi - Rəsul rəmzi ilə eyni məna daşıyır və bilirik ki, Allahın Rəsulu - Məhəmməd peyğəmbərdir. Ledun, yəni Batin elmində Rəsul rəmzi – “Asar Allahın göydəki ruhlar Eli” mənasını verir. Bu o deməkdir ki, “Allah birdir, Məhəmməd Onun Rəsuludur” ifadəsinin batini mənası – “Bəşəriyyətə həyat vermiş ilkin materiya birdir, Məhəmməd isə ondan yaranmış ruhlar dünyası, yəni Azər Elidir” deməkdir.
Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Kainatdakı qayda-qanun ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı - Adəm kimi təqdim edir və Allah adlandırır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Müqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya”, El mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Xristian mənbələrində də Məhəmməd peyğəmbər - axirətdə diriləcək müqəddəs kimi göstərilir. İfrat şiələrin “Əli-İlahi” təlimində, Məhəmməd peyğəmbərin Əli şəxsiyyətində təzahür etmiş carçı, xəbərçi sayılması isə onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də göydə yaradılmış ruhlar Elinin obrazıdır.
Hədislərdə Məhəmməd peyğəmbərin – “Həqiqət mənim daxili vəziyyətimdir” deməsi, onun bədəninin ilkin materiyadan, yəni İlahi nurdan ibarət olması deməkdir ki, qədim Misirdə bu obraz Maat Allahı (İslamda əl Maad rəmzi) adlanırdı. Belə çıxır ki, Məhəmməd peyğəmbərin obrazı, qədim Misirdə Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə edən kosmik İnsanın obrazıdır. Tövrata görə bu kosmik İnsanın bədəni, dünyanın bu başından o başına qədərdir. İbn Ərəbinin Allah adlandırdığı bu Adəmin bədənində isə, ruhlar aləmi, yəni Edem (Eden/Din) cənnəti yerləşir.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi vərəsəliklə Aqilə, yəni Gelə çatmışdır. Deməli, ifrat şiələrin Gel (Gelat/Qulat) Evi elə Məhəmməd peyğəmbərin evidir və vərəsəliklə Abu Talibin oğlu Aqilə qalmışdır. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bədəni cənnət kimi təsəvvür olunan Məhəmməd peyğəmbər Gel şəhərində bərqərar olmuşdur. Başqa sözlə Rəsulullah (Azər-Eli) – Gel Evində mövcuddur.
Qədim Misir mənbələrində cənnət deyəndə göydəki, yəni Yuxarıdakı Misir (Yuxarı Geliopol) nəzərdə tutulur. Aşağı Misir (Aşagı Geliopol) isə bu cənnətin altındakı, yəni yerdəki Allahlar yurdudur. Amon Allahı ilə bağlı yazıda üç ərazidən danışılır ki, bu da Allahın göydəki, yerdəki və keçid şəhəri mənasındadır. Əl Qəzali bu üç şəhəri Mülk, Mələküt və Cəbərut adlandırır ki, burada Mülk - Amon Allahının yerdəki yurdudur. Mələküt - bu yurdun göylərində yaradılmış mələklər aləmi olan cənnət, Cəbərut isə Mülkün altında yaradılmış mağara mənasındadır ki, hər şeyin əvvəlcədən yazıldığı Lövhi-Məhfuz burada saxlanılır. İstəhri bu üç ölkəni Azərbaycan, Ermənistan, Arran adlandırır və bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Burada Azərbaycan – Mülk, Ermənistan – Mələküt, Arran isə Cəbərut anlamındadır.
“İqlim” rəmzi sufizmdə Gelam və Kəlam rəmzləri ilə eynidir və Gel Evində, İlahi Kəlam vasitəsi ilə yaradılmış “Dünya” mənasındadır. Kəlam – Şumer ölkəsinin adıdır və şumerlər də Şu Allahının amoreylər nəsli hesab olunurlar. Biz bunları şiə əmirləri kimi, yəni pir, seyid, bəg, şıx və s. batiniləri kimi tanıyırıq ki, onlar mənbələrdə Gelati-Şiə adlandırılırlar.
Gelat rəmzi digər yazılarda Xilat kimi də yazılır. Mənbələrə görə türk xanı Nəsir əd-din Mühəmməd Sökmən, Xilatda özünü Şahi Ərmən, yəni qədim Misirin Ra-Amon Allahı adlandırmışdı. Deməli, Xilat/Gelat - pir Amonun, göydə Günəş Allahı Ra-Amona çevrildiyi yerdir. Xüsusi qeyd etmək istəyirəm ki, Ərmən rəmzinin indi özünü erməni adlandırılan topluma qətiyyən aidiyyəti yoxdur. Onlar Azəri pirlərindən fərqli olaraq qullar nəslidir və yəhudi, sufi mənbələrində “heyvani insan” kimi göstərilirlər.
Quranda Xilat rəmzi Xüld kimi yazılır və cənnətin adlarından biri kimi qəbul edilmişdir. Lakin Xilat/Xüld rəmzi mənbələrdə eyni zamanda Xalda və ya Xaldeya kimi də qeyd olunur ki, bura da İbrahim peyğəmbərin vətənidir. Yazılanlara görə, İbrahim peyğəmbər Xaldeyanın Ur şəhəri ilə bağlı olmuşdur və burada onun böyük qardaşı olan Aran ölmüşdür.
Aran/Arran - Albaniyanın digər adıdır. Qədim Misir mənbələrində Alban rəmzi El-Benu, yəni pir-seyidlərin ruhlarının Ba/Benu quşu obrazında ölümsüzlük qazandığı El deməkdir. İslamda Benu rəmzi Nəbi kimi yazılır ki, sufizmdə bu eyni mənalıdır. Qədim Misir yazılarında isə bildirilir ki, peyğəmbər rəmzi – Allaha çevrilmiş pirin ruhu, yəni Benu mənasındadır. Deməli, Albaniya – Benu quşu rəmzində olan və ölümsüzlük qazanmış peyğəmbərlərin Elidir. Qədim yazılarda Allahın - Alban dağlarının üstündə qərar tutması açıq yazılmışdır.
Tövrata görə, Allah and içərək Kənan və Alban torpaqlarını İbrahim oğullarına verilmişdir. Mühiddin ibn Ərəbi, İbrahim oğullarına verilmiş bu Eli - Din adlandırır ki, bu da yazdığımız kimi, İslamın göydəki ruhlar dünyasına aid olması deməkdir. Belə çıxır ki, əsl İslam dini, yəni göy cənnəti İbrahim nəslinə verilmişdir. Tarixçi M. Xorenatsiyə görə isə, Albaniya əbədi olaraq Gel, yəni Gelarküni nəslindən bir nəfərə əbədi verilmişdir. Gel nəsli dedikdə isə Quranın gizli mənalarını bilən batini-ismaililəri nəzərdə tutulur və mənbələrdə onlar nizarilər də adlandırılır. Bu gün azərbaycanlıların adlarının bir hissəsini təşkil edən Gül, Qulu sözləri, yəni Gülməmməd, Gülhüseyin, Güləli, Qurbanqulu, Cəfərqulu, Əliqulu və s. adları - Azəri oğullarının Gel Elinin törəmələri olmasına işarədir.
Əhdi-Ətiqdə nizarilər - öz həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar. Xristian mənbələrində isə nizarilər - nazaretli və ya nasaralı kimi yazılırlar və məlumdur ki, xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. İsa peyğəmbəri yəhudilər Yeşua adlandırırlar və bu da sufizmdə Ya-Şiə kimi mənalandırılır. Mühiddin İbn Ərəbiyə görə, xristianlıq və şiəlik eyni mənbədən qaynaqlanır və mən kitab və məqalələrimdə bunu xüsusi qeyd etmişəm. İfrat şiələrin Gel Eli xristian mənbələrində Qaliley kimi yazılır və bu rəmz sufizmdə Xulul (Xəlilullah) mənasında - ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir.
İslamda Şiə adlanan rəmz qədim Misirdə Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Bu o deməkdir ki, nizari, yəni Azəri şiələri - ürəyində Allah ruhu olan insanlardır. Məhəmməd peyğəmbər ənsariləri, yəni nizariləri də seyidlər kimi öz nəsli sayır və onlara hörmətlə yanaşmağı tövsiyə edir. Ərəblərlə bağlı isə peyğəmbərimiz - “Mən ərəbəm, ərəblər məndən deyil” deyə bildirir. Belə çıxır ki, peyğəmbərimiz Azəri Elini öz Eli sayır.
İsmailiyyə fəlsəfəsində Nizar - “Gel (Nu/İunu) şəhərindəki Azər” Allahı kimi mənalandırılır və yazılanlara görə o, bu gün də yaşayır. Nizarın (Həsən İbn Sabbah obrazı) Ələmut qalasında cənnət yaratması və axirətdə yenidən dirilməsi mətnlərdə xüsusi qeyd olunur. Mənbələrdə Şah İsmail Xətainin Mehdi rolunda göstərilməsi və onun döyüşçülərinin “sorxsər bidin mülhidləri”, yəni “ölümsüz Azərin batini mələkləri” adlandırılması o deməkdir ki, axirətdə məhz bu ölüm mələkləri yer üzündə məhkəmə quracaqlar.
İslamda ölüm mələkləri Əzrail adlandırılır və bu da İzrail rəmzi kimi Azər-Eli deməkdir. Təbii ki, söhbət yuxarı Azərbaycanın, yəni Mələküt aləminin mələklərindən gedir. Aşağı Azərbaycanın da pir-seyidləri bir zamanlar söz və fikirlə insan öldürmək və ya həyat vermək, varlıqlara fiziki təsir etmək qüdrətinə malik idilər. Lakin axirətə yaxın onlar Allahla müqaviləni pozaraq, haqq-ədaləti itirdilər və bununla da öz cəddlərinin gücünə son qoydular. Dünya malına görə cənnəti qurban verən bu Adəm övladlarına Quranda “lənətlənmiş” rəmzi şamil edilir. Qurana görə onlar – bütlərə pərəstiş etdiklərinə, Allahla bağlı yalan danışdıqlarına, yazılanları təhrif etdiklərinə, həqiqəti bildikləri halda dandıqlarına görə lənətlənmişlər. Bütlərə sitayiş dedikdə, Quranın zahiri anlamı, yəni İslamın indiki mənası nəzərdə tutulur ki, bu da cəfəngiyyatdır.
 Sonda onu bildirmək istəyirəm ki, Şah İsmayıl Xətai – “Həqiqət bir gizli sirdir” dedikdə, bu günə qədər sirr qalan Azərbaycan həqiqətlərini və onun fəsəfəsini nəzərdə tutur. Əsl İslam da azərilərin bu batini fəlsəfəsidir.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.
                                                                   
                                                                    Firudin Gilar Bəg 
                                                                    www.gilarbeg.com