Azərbaycan fəlsəfəsi
Ledun elminə görə Rəhman Allah Azərbaycandan ərşə yüksəlmiş və Ərdəbil yaxınlığındakı Alban dağının üstündə qərar tutmuşdur. Şumerlər, Alban göylərində ruhlar üçün “Dünya” yaratmış və Allaha çevrilərək burada ölümsüzlük qazanmış bu Şahı, ən ali İlahi səviyyə olan Azər adı ilə adlandırmağa başladılar. Azər Allahın yerdəki törəmələri olan pir, bəg, seyid, şıxlar nəsli isə kadus, yəni müqəddəs adlandırıldı. Axirətə yaxın Azəri müqəddəsləri – pak dinləri olan “Batini-İslam”ı unudub, İslamın zahiri mənasını bütə çevirdilər və ona sitayiş etməyə başladılar. Allahla bağlı yazılanları təhrif etdiklərinə, həqiqət üzə çıxdıqda belə onu dandıqlarına və s. görə Allah, bəşəriyyətdən üstün yaratdığı bu sevimli övladlarını lənətlədi.
Firudin Gilar Bəg
Son dövrün elmi
araşdırmaları göstərdi ki, qəbul olunmuş tarix səhvdir. Din, fəlsəfə və s. ilə bağlı
yazılı abidələr də bizim üçün dərkolunmaz qalmışdır. Bu gün məlum olur ki,
Avropanın qəbul olunmuş saxta tarixindən başqa, gizli tarixi də olmuşdur və bu
tarix, “quş dili” bilən və Aya sitayiş edən Gel oğullarından başlanır.
Avropanın bütün şahları, zadəganları Qulyard adlandırılan bu Gel oğullarının
törəmələridir. Bütün mason təşkilatlarını da məhz Gel oğulları yaratmışlar və
onların əsas məqsədi axirətdə gələcək İliya peyğəmbərin taxta oturdulmasına
hazırlıqdır. Orta əsrlərdə yazılmış əsərlərin əksəriyyəti bu Gel oğullarının
“quş dili”ndə yazılmışdır. XIX əsrə qədər Avropada tikilmiş bütün abidələri də
Gel oğulları yaratmışlar.
Bu nəticələr təkcə bir
kitabdan - Qrase DeOrsenini “Quş dili. Avropanın gizli tarixi” adlı kitabından
çıxır və çoxlu suallar yaradır: İslamın Ay rəmzinə sitayiş edən, sufizm
adlandırdığımız “quş dili”ndə danışan və İmam Əli mənasında olan İliyanı gözləyən
bu Gel oğulları haradan gəlmişlər, kimlərdir? Hansı əsərlər “quş dili”ndə
yazılmışdır və hansılar bu dildə yazılmamışdır? Bunları kim ayırd edə bilər və
ümumiyyətlə həqiqəti necə öyrənmək olar?
Həqiqətlə bağlı Şah İsmail
Xətai, şeirlərinin birində yazır – “Həqiqət bir gizli sirdir, aça bilirsən gəl
bəri”. Deməli, həqiqət hələ Şah İsmail Xətainin dövründə gizli olmuşdur və onu
çox az adam aça bilmişdir. Bu həqiqəti üzə çıxarmaq üçün, biz mənbələri yenidən
diqqətlə nəzərdən keçirməliyik.
Qədim yazıları araşdıran tədqiqatçılar
belə qənaətə gəlmişlər ki, bu yazıların daha dərin, gizli mənaları vardır.
Bunlar adi insanlar üçün yox, qədim sirləri bilən seçilmişlər üçün yazılmışdır
və yalnız onlar bu yazılanların gizli mənalarını dərk etmək qabiliyyətinə
malikdirlər. Seçilmişlər deyəndə mənbələrdə sufilər nəzərdə tutulur ki,
sufizmin bir qolu olan hürufiliyi İmadəddin Nəsimi “quş dili” adlandırır.
Yalnız samitlərin məna ifadə etdiyi bu dildə, hər samit bir rəmz sayılır və xüsusi məna daşıyır.
“Şahnamə” əsərinin də “quş dili”ndə
yazılmasını nəzərə çatdırmaq üçün Firdovsi yazır:
“Mənim sözlərimdə tapılmaz
yalan.
Nə ovsun, nə əfsanə yazdım
inan.
Diqqətlə oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər”.
Bu o deməkdir ki, qədim mənbələr rəmzlərlə yazılmışdır və yalnız bu rəmzləri
açdıqdan sonra həqiqətlər üzə çıxacaqdır.
İslamda, yazıların gizli mənası
- batini məna adlandırılır və məlumdur ki, Quranın da adi, yəni zahiri mənasından
başqa, yeddi qat dərinliyə malik batini mənası vardır. Mənbələrə görə, bu
batini mənanı yalnız “batinilər” adlandırılan ismaili şiələri bilmişlər.
Onların İsmailiyyə adlanan fəlsəfələri olmuşdur ki, bu fəlsəfə Əflatun fəlsəfəsi
ilə eynilik təşkil edir.
Herodot, batiniləri - Gelon
şəhərində yaşayan budinlər adlandırır və skif/sak tayfası sayır. Gel, budi və
skif tayfaları isə Azərbaycan ərazisində mövcud olmuş Midiya və Albaniya əhalisi
hesab olunurlar. Batiniliyin də mənbələrə görə Gel Elindən başlaması və batinilərin
axirətdə İmam Əlini gözləməsi, onu deməyə əsas verir ki, Avropanın sahiblər
olan Gel oğulları elə, Quranın batini mənalarını bilən ifrat Gel şiələridir.
Bunu dolayısı yolla Avropa mənbələri də təsdiq edir.
Şimal salnamələrinə görə,
Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və
Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini
başçı qoyur. Özü isə Odin adını götürərək, burada qanunlar toplusu və gizli
ayinlər keçirən, Ezir adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır.
Onlar, insanlar üzərində ədalət məhkəməsi qurur və gələcəkdən xəbərlər verirdilər.
Gizli ayinlərdə onlar ölüm Allahının uca şəninə təriflər söyləyir və onun ölümü
ilə bağlı matəm mərasimi keçirirdilər. Batini şiələrinin də 12 imamı müqəddəs
sayması və Aşura adlanan yas mərasimini təntənəli surətdə keçirməsi onu deməyə əsas
verir ki, Avropaya köç edən Azər tayfası elə azərbaycanlı batinilərin, yəni
pir-seyidlərin nəslidir.
Bu gün artıq Avropa alimləri
də qəbul edirlər ki, masonluq öz kökünü sufi cəmiyyətlərindən götürür və bütün
ayinlər ismaili-nizarilərin, yəni batini şiələrinin ayinlərinin təqlididir. Belə
çıxır ki, qədim yazıların batini mənaları, zahiri mənalarından tam fərqlidir və
bilavasitə Azərbaycan və azərilərlə bağlıdır.
Müqəddəs kitabımız olan
Quranda Azər adı İbrahim peyğəmbərin atasının adıdır və o büt düzəldib onları
İlahlara, yəni Allahlara çevirən Varlıq kimi qeyd olunur. Qədim Misir mənbələrində
Azər rəmzi - Oziri/Asar/Osiris/Usiri və s. kimi yazılır. Asar/Asər rəmzinə aid
edilən Luhi (Asar-Luxi) rəmzi isə onu göstərir ki, bu rəmz qədim Misir mənbələrində
də İlah mənasında, yəni Asar-İlahi, Azər-Allahı mənasında işlənmişdir.
Qədim Misir rəvayətinə görə,
Allah ilk olaraq, bütün dünyaya hökmran kimi Azəri yaradır. Daha sonra isə adi
insanlar olan 72 milləti yaratmışdır. Əflatuna görə də, Yaradıcı Allah ilk
olaraq Allahlar nəslini yaratmış, onlar da öz növbəsində adi insanları
yaratmışlar. Deməli, mənbələrdəki Asar/Azər adı - yaradıcı Allaha və Onun nəslinə
aid rəmzdir.
Tanınmış alim Devid Rol
yazır ki, Misir mədəniyyətini, Mesopotamiyadan köçüb gəlmiş Asar (Asər) oğulları
yaratmışlar və onlar Qor (Xor) fironlarının nəslidirlər. Onun yazdıqlarından
çıxan nəticəyə görə, Asar adı qədim Misirin Ra-Amon Allahına və onun Qor
fironları nəslinə verilən ali addır. D. Rola görə, Misir adı – “Asardan
doğulmuşlar” mənasındadır. Mənbələrdə Asar Allahı - şah taxtı və ya hər şeyi
görən göz ieroqlifi ilə qeyd olunurdu. Digər mətnlərdə Assur, Aşşur, Azur və s.
kimi də yazılan bu rəmz, qədim Misir yazılarına görə, Geliopolda, yəni Gel şəhərində
yaradılmış “Dünya” ilə bağlıdır.
Misirlilərin, “Dünya”nın
yaranması ilə bağlı xüsusi Geliopol kosmoqoniyası var idi ki, bu elmə görə,
Allah göydəki “Dünya”nı Gel Evində yaratmışdır. Burada yeddi mərhələyə, doqquz
yaranışdan ibarət olan və bütün varlıqları əhatə edən Tək Allah yaranmışdır. Qədim
Misirin bütün ovsun və dualarını da Gel şəhərinin kahinləri tərtib etmişdilər. Məhz
burada - Asar, yəni Oziri/Azər Allahının bədəni uyuyur. Bu isə o deməkdir ki,
Asar/Azər Allahı dedikdə Gel Elində yaradılmış Tək Allah təsəvvür olunmalıdır.
Geliopol kosmoqoniyasına
görə, bir yaradıcı İlah vardır və bu da - bütün yaranışa həyat vermiş, əvvəli və
sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyadır. Mənbələrdə bu İlahi nur –
İlahi od, dirilik suyu, həyat enerjisi və s. adlandırılır. Sufilərin “Hu”
adlandırdığı bu enerji gözə görünmədiyi üçün, onun rəmzi olan “Hu” (X/K/Q/Ğ və
s. bənzər samitlər) rəmzi də mənbələrdə bəzən yazılmır (məs. Xəzər-Həzər-Azər,
Xarran-Harran-Arran və s.). Bu İlahi nuru idarə etmək üçün firon (mənbələrdə
pir/pirao) Amon, sufizmin tərikə yolu ilə Bəqa səviyyəsinə çatmış və bu məqamda
ilkin materiyadan Ra günəş diski yaratmışdır. Pir (firon) Amon öləndən sonra,
onun ruhu, bu Ra günəş diski ilə birləşmiş və İslamda Rəhman adlandırılan Ra-Amon
Allahına çevrilmişdir ki, sufizmdə bu birləşmə “Vəhdət əl Vücud” adlanır. Fəzlullah
Nəiminin – “Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü” ifadəsi də Günəş
Allahı olan Ra-Amonun Azərbaycandan ərşə yüksəlməsi mənasındadır. Gel Evində
yaşamağa başlayan bu Ra-Amon Allahı sonradan sadəcə günəş Allahı Qor adlanmağa
başlayır və bizə bu ad Qorqud, yəni Qor Xuda kimi məlumdur. Deməli, qədim mənbələrdə
ölümsüz Asar/Osiris/Oziri Allahı dedikdə - Gel Evində, Qor (Xor/Hor/Ra) qızılquşu
cildində yaşayan firon Amonun (pir Əman) ruhu təsəvvür edilməlidir.
Gel Evi mətnlərdə Xaldeya və
ya Xarran kimi yazılır ki, bura Azər oğlu İbrahim peyğəmbərin vətəni kimi məlumdur.
Digər mənbələrdə Xarran rəmzi - Arran kimi, Azər isə Xəzər kimi də qeyd olunur.
Arran - Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər ölkəsi də
adlandırırlar.
İslamın rəmzi olan Ay rəmzi
Mesopotamiya mənbələrində Xarrandan (Arran) olan Ay Allahı Sin (Quranda Yasin)
adlandırılırdı və “İl-Amurru” rəmzi ilə eyniləşdirilirdi. Misir mənbələrində bu
rəmz, axirətdən sonra Günəş Allahının (Ra-Amon) yerinə keçəcək Ay (Mehdi) mənasında
qeyd olunurdu. “İslam” rəmzi Tövratda Səlim, Şelom və s. kimi, qədim Misir
yazılarında isə Şu-Aləmi kimi yazılırdı və “Allah ruhunda yaranmış Aləm” mənasını
verirdi. Səlim şəhərinin Allahı isə El Allahı hesab olunur. Batinilikdə El/İl rəmzi
– Əli, Amurru rəmzi isə əmir, yəni, mar, amoreylər (midiyalılar) nəsli mənasındadır.
Belə çıxır ki, Səlim şəhərinin Allahı olan El və ya İl-Amurru Allahı elə
İslamın ifrat şiələrinin Allah obrazında qəbul etdiyi Əli-Əmirdir (Əli-Əmir əl
möminin).
Sufi dahilərindən olan
Mühiddin ibn Ərəbi, “Din” rəmzini - “əlif” və “lam” səsləri ilə, yəni “Əl” kimi
qeyd edir ki, bu da həqiqi dinin göydəki El mənasında olması deməkdir. Mesopotamiya
ilə eyni ərazidə yaşayan şumerlər isə - “şiə əmirləri” mənasındadır ki, onlar
ilahi kəlam vasitəsi ilə göydə El, yəni ruhlar dünyası yaratmışlar. Bütün
bunlar isə onu göstərir ki, İslam adlandırdığımız din, heç də bizim qəbul
etdiyimiz adi inamla və mənəviyyatla bağlı kodeks deyil.
Mühiddin İbn Ərəbiyə görə
ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər
olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim peyğəmbərlərdir.
Ümumiyyətlə, İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə
görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur. Bu isə o deməkdir
ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də qəbul edildiyi kimi VII əsrdən
sonra yaranmamışdır.
Mühiddin ibn Ərəbinin “Din”
rəmzini – “El” kimi qeyd etməsi o deməkdir ki, biz din deyəndə - qədim Misir mənbələrində,
Nut göyündə yaradılmış Qeb aləmini başa düşməliyik. Deməli, din – göydə
yaradılmış cənnətin rəmzidir və bu rəmz Misir mənbələrində Atum, digər mənbələrdə
isə Edem, Eden və s. kimi yazılan cənnət mənasındadır. İbn Ərəbi, İbrahim
oğullarına müsəlman kimi ölməyi məsləhət görür ki, yalnız onlar bu göy cənnətində
əbədi həyat qazanırlar. Belə çıxır ki, müsəlmanlıq – insan öləndən sonra
ruhunun, Xarran göylərində yaradılmış cənnətdə yeni həyat qazanması deməkdir.
Quranda açıq yazılır ki, İbrahim peyğəmbər, öz məqamında (İbrahim məqamı),
ilahi oddan (nurdan) Bina tikmişdir və oranı ölkəyə çevirmişdir. İbrahim rəmzi
induizmdə Braxmo kimi qeyd olunur və qam-şamanlıq, cadugərlik, magiya və
ümumiyyətlə yaradıcı qüvvə mənalarında göstərilir. İbrahim məqamı isə burada
“braxma-bxuta” adlandırılır ki, bu da sufizmin Bəqa səviyyəsini bildirir. Əgər
nəzərə alsaq ki, Batin elmində İbrahim rəmzi - «qamlıq məqamında Ra günəşi ilə
birləşmiş Ba-ruhu» deməkdir, razılaşarıq ki, İbrahim obrazı – Bəqa səviyyəsində
göydə ruhlar dünyası yaratmış pir Amonun (ruhunun) obrazıdır.
Mühiddin İbn Ərəbi, İbrahim
peyğəmbərin İlahi oddan yaranmış bu aləmini, ölmüş insanın ruhunun əbədi xoşbəxt
yaşayacağı yer kimi göstərir və bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini
xüsusi qeyd edir. İbn Ərəbiyə görə, Allah - insan ruhunun, ölüm zamanı göydə
yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın,
yəni müsəlmanların ruhları məhz ora qayıdır. Buxariyə görə, müsəlmanların ibadət
yeri, İbrahim peyğəmbərin dayandığı yerdir, yəni Xarrandır (Arran) və iki
dünyanın səddi də buradadır. Kəbə Evi adlandırılan bu ev Misir yazılarında Qeb Eli
(Qiblə-Qəbələ) kimi məlumdur. İslam rəmzi də batinilikdə “İssi-Aləm” kimi
açıqlanır ki, bu eyni zamanda “ruhlar aləmi” deməkdir və bu aləm İbrahim peyğəmbərin
vətəni olan Xarranda, yəni Arranda yaradılmışdır. Bütün bunlar onu göstərir ki,
Azər və İbrahim rəmzləri, magiya vasitəsi ilə göydə ruhlar üçün yaradılmış
dünyanın rəmzləridir və “Din” deyəndə də bu dünyada əbədi yaşamaq üçün
yaradılmış qanunlar təsəvvür olunmalıdır.
Əhdi-Cədiddə İbrahimin
atası Azər yox, Lazar adlandırılır və İbrahim özü, «İbrahim qucağı» adlanan
yerlə assosiasiya olunur ki, burada insanlar mühakimə olunurlar. Luka peyğəmbərə
görə, o dünyanın məhkəməsinin sorğu-sualını İbrahim özü verir. Bu isə o nəticəyə
gəlməyə əsas verir ki, İbrahim peyğəmbər burada Ra-Amon (Rəhman) Allahı rolunda
göstərilir.
İbrahim
peyğəmbərin atası Azərin mənbələrdə Lazar (El-Azər) adlandırılması, Azər rəmzinin
göydə yaradılmış Elə, yəni ruhlar dünyasına (Azər-Eli) aid olması deməkdir. Təbrizli
Arakel, özünün tarix kitabında Lazar rəmzini – “Lazarın monastırı” kimi qeyd
edir və buranı - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır.
Onun yazdığına görə, Sünikdə tikilmiş səhradakı “Atalar monastrı”nda ölmüşlərin
ruhları yaşayış üçün bərqərar olmuşlar. Arakelə görə, ruhlar bu səhradan
çıxanda, sudan çıxmış balıq kimi ölümcül vəziyyətə düşür, boğulmağa başlayırlar
və yalnız qayıdanda yenidən canlanırlar. Bu isə o deməkdir ki,
«Lazarın monastırı» deyəndə, göydəki ruhlar dünyası təsəvvür olunmalıdır.
Sünikdə tikilmiş səhra,
yunan mənbələrində Ereb adlandırılır ki, biz bu rəmzi Ərəb çölləri kimi
tanıyırıq. E. ə. VIII əsrə aid Assuriya yazılarında «Şərqin ərəbləri» ölkəsi
dedikdə, Midiya ərazisindəki ölkə nəzərdə tutulur ki, burada “dağ və səhralarda
dolaşan qüdrətli midiyalılar” yaşayırlar. “Dağ və səhralarda dolaşan qüdrətli
midiyalı” rəmzi altında isə, Midiya dağları və ilkin materiya səhralarında
ekstatik vəziyyətdə “dolaşan” midiyalılar təsəvvür olunmalıdır. Bu isə onu göstərir
ki, Lazarın monastırı – ölümsüzlük qazanmış Azəri nəslinin ruhlar dünyasıdır.
Quranda Lazar, yəni El-Azər
rəmzi Azər-Eli (Asar-Eli), yəni İzrail/İsrail kimi qeyd olunur və bildirilir
ki, Allah İsrail oğullarını haqq yurdunda yerləşdirmiş və onlara böyük Mülk
vermişdir. Qurana görə, Allah İsrail oğullarını elmlərinə görə adi insanlardan
üstün yaratmış, onlara kitab, müdriklik və peyğəmbərlik vermişdir. Onlara təmiz
nemətlərdən ruzi vermiş Allah, onlara on iki başçı göndərmiş və onları varislər
etmişdir. Allah, qoyduğu qanunlara əməl edənin günahlarının bağışlanması haqda
onlarla müqavilə bağlamış və onları cənnətdə əbədi yaşadacağına söz vermişdir.
Quran kitabı da bilavasitə onlar üçün, əvvəlki kitabların təsdiqi kimi, orada
yazılanlara daha geniş şərh vermək üçün göndərilmişdir. Bu isə o deməkdir ki,
Azər-Eli - peyğəmbər yurdudur.
İbrahim peyğəmbərin
atası Azərin adı digər mənbələrdə Tarik və Farra kimi də qeyd olunur. Tarik rəmzi
sufizmdə “tərikə yolu ilə gedən türük” mənasındadır ki, bu - silsilənin son mənzili
olan Bəqa, yəni bəglik fazasına çatanlara deyilir. Bu səviyyədə insan ilkin
materiyadan istədiyi informasiyanı alır və istədiyi varlığı yaratma qüdrətinə
sahib olar. Qədim Misirdə bu yolu gedənlər teurq adlanırdı. Xalkidli Yamvlix
“Misir sirləri haqqında” kitabında, göydə “Dünya” yaratmış teurqları, qurban
vasitəsi ilə Allah yaradan kahinlər kimi təqdim edir. O, teurqun, Allahla vəhdəti
üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Teurqiya – ilkin materiya ilə vəhdətə
nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və bu rəmz
“Allah yaratma” kimi də tərcümə edilir. Bu isə o deməkdir ki, Qurandakı bütləri
İlahlara çevirən Azər - Bəqa səviyyəsində göydə Allah yaratmış teurqdur, yəni
türkdür. Orxon-Yenisey mətnlərində türk xanının, Allah kimi göydə Allah yaratması
açıq yazılır.
İbrahim peyğəmbərin
atası Azərin adı digər yerdə Farra kimi qeyd olunur ki, bu rəmz də Pir-Ra
(Efir-Ra) mənasında, Misir fironunun efirdə Ra günəş diskini yaratması deməkdir.
Belə çıxır ki, İbrahim peyğəmbərin obrazı – teurqiya, yəni qurban mərasimi
vasitəsi ilə göy efirində yaradılmış Ra günəşi ilə birləşən pir (firon) Amonun
obrazıdır.
Türklərin, İbrahim
peyğəmbərin nəsli olması haqqındakı rəvayətlərə Təbəri, ibn əl-İbri, ibn əl-Fakih
və s. əsərlərində rast gəlinir. Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl
yəhudilər (seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Deməli,
Quranda seçilmişlər mənasında olan İsrail oğulları – tərikə yolu ilə Bəqa səviyyəsinə
yüksələrək Allaha çevrilmiş Azəri türk bəgləridir.
Batin elmində İsrail, yəni
AsarEli rəmzi - Rəsul rəmzi ilə eyni məna daşıyır və bilirik ki, Allahın Rəsulu
- Məhəmməd peyğəmbərdir. Ledun, yəni Batin elmində Rəsul rəmzi – “Asar Allahın
göydəki ruhlar Eli” mənasını verir. Bu o deməkdir ki, “Allah birdir, Məhəmməd
Onun Rəsuludur” ifadəsinin batini mənası – “Bəşəriyyətə həyat vermiş ilkin
materiya birdir, Məhəmməd isə ondan yaranmış ruhlar dünyası, yəni Azər Elidir”
deməkdir.
Məşhur
sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab
olunur. Kainatdakı qayda-qanun ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə
bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı - Adəm kimi təqdim edir və
Allah adlandırır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə,
Darüs-Səlam və Beytül-Müqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə,
Tövratda altı günə yaradılan”Dünya”, El mənasındadır və o axirətdə yenidən
yaranacaqdır. Xristian mənbələrində də Məhəmməd peyğəmbər
- axirətdə diriləcək müqəddəs kimi göstərilir. İfrat şiələrin “Əli-İlahi” təlimində,
Məhəmməd peyğəmbərin Əli şəxsiyyətində təzahür etmiş carçı, xəbərçi sayılması isə
onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də göydə yaradılmış ruhlar Elinin
obrazıdır.
Hədislərdə
Məhəmməd peyğəmbərin – “Həqiqət mənim daxili vəziyyətimdir” deməsi, onun bədəninin
ilkin materiyadan, yəni İlahi nurdan ibarət olması deməkdir ki, qədim Misirdə
bu obraz Maat Allahı (İslamda əl Maad rəmzi) adlanırdı. Belə çıxır ki, Məhəmməd
peyğəmbərin obrazı, qədim Misirdə Atum adlanan və bədəni ilə bütün varlıqları əhatə
edən kosmik İnsanın obrazıdır. Tövrata görə bu kosmik İnsanın bədəni, dünyanın
bu başından o başına qədərdir. İbn Ərəbinin Allah adlandırdığı bu Adəmin bədənində
isə, ruhlar aləmi, yəni Edem (Eden/Din) cənnəti yerləşir.
Buxarinin hədisinə görə, Məhəmməd
peyğəmbərin evi vərəsəliklə Aqilə, yəni Gelə çatmışdır. Deməli, ifrat şiələrin
Gel (Gelat/Qulat) Evi elə Məhəmməd peyğəmbərin evidir və vərəsəliklə Abu
Talibin oğlu Aqilə qalmışdır. Buradan isə belə bir nəticə çıxarmaq olar ki, bədəni
cənnət kimi təsəvvür olunan Məhəmməd peyğəmbər Gel şəhərində bərqərar olmuşdur.
Başqa sözlə Rəsulullah (Azər-Eli) – Gel Evində mövcuddur.
Qədim
Misir mənbələrində cənnət deyəndə göydəki, yəni Yuxarıdakı Misir (Yuxarı Geliopol)
nəzərdə tutulur. Aşağı Misir (Aşagı Geliopol) isə bu cənnətin altındakı, yəni
yerdəki Allahlar yurdudur. Amon Allahı ilə bağlı yazıda üç ərazidən danışılır
ki, bu da Allahın göydəki, yerdəki və keçid şəhəri mənasındadır. Əl Qəzali bu
üç şəhəri Mülk, Mələküt və Cəbərut adlandırır ki, burada Mülk - Amon Allahının
yerdəki yurdudur. Mələküt - bu yurdun göylərində yaradılmış mələklər aləmi olan
cənnət, Cəbərut isə Mülkün altında yaradılmış mağara mənasındadır ki, hər şeyin
əvvəlcədən yazıldığı Lövhi-Məhfuz burada saxlanılır. İstəhri bu üç ölkəni Azərbaycan, Ermənistan,
Arran adlandırır və bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara
bir iqlim kimi baxırıq”. Burada Azərbaycan – Mülk, Ermənistan – Mələküt, Arran isə Cəbərut anlamındadır.
“İqlim” rəmzi sufizmdə Gelam və Kəlam rəmzləri ilə
eynidir və Gel Evində, İlahi Kəlam vasitəsi ilə yaradılmış “Dünya” mənasındadır.
Kəlam – Şumer ölkəsinin adıdır və şumerlər də Şu Allahının amoreylər nəsli
hesab olunurlar. Biz bunları şiə əmirləri kimi, yəni pir, seyid, bəg, şıx və s.
batiniləri kimi tanıyırıq ki, onlar mənbələrdə Gelati-Şiə adlandırılırlar.
Gelat rəmzi digər yazılarda Xilat kimi də yazılır.
Mənbələrə
görə türk xanı Nəsir əd-din Mühəmməd Sökmən, Xilatda özünü Şahi Ərmən, yəni qədim
Misirin Ra-Amon Allahı adlandırmışdı. Deməli, Xilat/Gelat - pir Amonun, göydə
Günəş Allahı Ra-Amona çevrildiyi yerdir. Xüsusi qeyd etmək istəyirəm ki, Ərmən
rəmzinin indi özünü erməni adlandırılan topluma qətiyyən aidiyyəti yoxdur.
Onlar Azəri pirlərindən fərqli olaraq qullar nəslidir və yəhudi, sufi mənbələrində
“heyvani insan” kimi göstərilirlər.
Quranda Xilat rəmzi Xüld
kimi yazılır və cənnətin adlarından biri kimi qəbul edilmişdir. Lakin
Xilat/Xüld rəmzi mənbələrdə eyni zamanda Xalda və ya Xaldeya kimi də qeyd
olunur ki, bura da İbrahim peyğəmbərin vətənidir. Yazılanlara görə, İbrahim
peyğəmbər Xaldeyanın Ur şəhəri ilə bağlı olmuşdur və burada onun böyük qardaşı
olan Aran ölmüşdür.
Aran/Arran - Albaniyanın
digər adıdır. Qədim Misir mənbələrində Alban rəmzi El-Benu, yəni pir-seyidlərin
ruhlarının Ba/Benu quşu obrazında ölümsüzlük qazandığı El deməkdir. İslamda
Benu rəmzi Nəbi kimi yazılır ki, sufizmdə bu eyni mənalıdır. Qədim Misir
yazılarında isə bildirilir ki, peyğəmbər rəmzi – Allaha çevrilmiş pirin ruhu, yəni
Benu mənasındadır. Deməli, Albaniya – Benu quşu rəmzində olan və ölümsüzlük
qazanmış peyğəmbərlərin Elidir. Qədim yazılarda Allahın - Alban dağlarının
üstündə qərar tutması açıq yazılmışdır.
Tövrata görə, Allah and içərək
Kənan və Alban torpaqlarını İbrahim oğullarına verilmişdir. Mühiddin ibn Ərəbi,
İbrahim oğullarına verilmiş bu Eli - Din adlandırır ki, bu da yazdığımız kimi,
İslamın göydəki ruhlar dünyasına aid olması deməkdir. Belə çıxır ki, əsl İslam
dini, yəni göy cənnəti İbrahim nəslinə verilmişdir. Tarixçi M. Xorenatsiyə görə
isə, Albaniya əbədi olaraq Gel, yəni Gelarküni nəslindən bir nəfərə əbədi
verilmişdir. Gel nəsli dedikdə isə Quranın gizli mənalarını bilən
batini-ismaililəri nəzərdə tutulur və mənbələrdə onlar nizarilər də
adlandırılır. Bu gün azərbaycanlıların adlarının bir hissəsini təşkil edən Gül,
Qulu sözləri, yəni Gülməmməd, Gülhüseyin, Güləli, Qurbanqulu, Cəfərqulu,
Əliqulu və s. adları - Azəri oğullarının Gel Elinin törəmələri olmasına işarədir.
Əhdi-Ətiqdə nizarilər - öz
həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar. Xristian mənbələrində
isə nizarilər - nazaretli və ya nasaralı kimi yazılırlar və məlumdur ki,
xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. İsa peyğəmbəri
yəhudilər Yeşua adlandırırlar və bu da sufizmdə Ya-Şiə kimi mənalandırılır.
Mühiddin İbn Ərəbiyə görə, xristianlıq və şiəlik eyni mənbədən qaynaqlanır və mən
kitab və məqalələrimdə bunu xüsusi qeyd etmişəm. İfrat şiələrin Gel Eli
xristian mənbələrində Qaliley kimi yazılır və bu rəmz sufizmdə Xulul (Xəlilullah)
mənasında - ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq
deməkdir.
İslamda Şiə adlanan rəmz qədim
Misirdə Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını verirdi. Bu o deməkdir
ki, nizari, yəni Azəri şiələri - ürəyində Allah ruhu olan insanlardır. Məhəmməd
peyğəmbər ənsariləri, yəni nizariləri də seyidlər kimi öz nəsli sayır və onlara
hörmətlə yanaşmağı tövsiyə edir. Ərəblərlə bağlı isə peyğəmbərimiz - “Mən ərəbəm,
ərəblər məndən deyil” deyə bildirir. Belə çıxır ki, peyğəmbərimiz Azəri Elini
öz Eli sayır.
İsmailiyyə fəlsəfəsində Nizar
- “Gel (Nu/İunu) şəhərindəki Azər” Allahı kimi mənalandırılır və yazılanlara
görə o, bu gün də yaşayır. Nizarın (Həsən İbn Sabbah obrazı) Ələmut qalasında cənnət
yaratması və axirətdə yenidən dirilməsi mətnlərdə xüsusi qeyd olunur. Mənbələrdə
Şah İsmail Xətainin Mehdi rolunda göstərilməsi və onun döyüşçülərinin “sorxsər
bidin mülhidləri”, yəni “ölümsüz Azərin batini mələkləri” adlandırılması o deməkdir
ki, axirətdə məhz bu ölüm mələkləri yer üzündə məhkəmə quracaqlar.
İslamda ölüm mələkləri
Əzrail adlandırılır və bu da İzrail rəmzi kimi Azər-Eli deməkdir. Təbii ki,
söhbət yuxarı Azərbaycanın, yəni Mələküt aləminin mələklərindən gedir. Aşağı Azərbaycanın
da pir-seyidləri bir zamanlar söz və fikirlə insan öldürmək və ya həyat vermək,
varlıqlara fiziki təsir etmək qüdrətinə malik idilər. Lakin axirətə yaxın onlar
Allahla müqaviləni pozaraq, haqq-ədaləti itirdilər və bununla da öz cəddlərinin
gücünə son qoydular. Dünya malına görə cənnəti qurban verən bu Adəm övladlarına
Quranda “lənətlənmiş” rəmzi şamil edilir. Qurana görə onlar – bütlərə pərəstiş
etdiklərinə, Allahla bağlı yalan danışdıqlarına, yazılanları təhrif etdiklərinə,
həqiqəti bildikləri halda dandıqlarına görə lənətlənmişlər. Bütlərə sitayiş
dedikdə, Quranın zahiri anlamı, yəni İslamın indiki mənası nəzərdə tutulur ki,
bu da cəfəngiyyatdır.
Sonda onu bildirmək istəyirəm ki, Şah İsmayıl
Xətai – “Həqiqət bir gizli sirdir” dedikdə, bu günə qədər sirr qalan Azərbaycan
həqiqətlərini və onun fəsəfəsini nəzərdə tutur. Əsl İslam da azərilərin bu
batini fəlsəfəsidir.
Bütün bunlar haqqında daha
geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran”
kitabında və məqalələrimdə verilmişdir.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий