суббота, 17 марта 2018 г.

Kəlimeyi Tövhidin daha dərin batini mənaları


İslamın əsas şüarlarından biri də Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətidir ki, bu günə qədər bu deyimin bütün dərinlikləri nəzərə alınmaqla batini mənası açılmamışdır. Bu şüarı tam anlamaq üçün, rəmzlərin qədim mənbələrdəki mənalarını araşdırmaq vacibdir.
Mən, “Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləmdə Kəlimeyi Tövhidin ümumi batini açmasını vermişəm (http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html). Lakin Kəlimeyi Tövhidin daha dərin batini mənaları var və bunları anlamaq üçün rəmzlərin mənalarını dərindən araşdırmaq lazımdır. Bu məqalədə mən Kəlimeyi Tövhidin daha dərin mənalarını açmağa çalışacağam. Onu da deyim ki, bu günə qədər bu dərinliyi heç bir sufi-batin alimi dilə gətirməmişdir. Bu sirr sayılmışdır və adi insanlar üçün nəzərdə tutulmamışdır.
“La İlahə İlləllah, Məhəmmədər Rəsulullah” şəhadəti əsasən iki hissədən ibarətdir ki, bunlar da “La İlahə İlləllah” və “Məhəmmədər Rəsulullah” hissələridir. “La İlahə İlləllah”, yəni “Allahdan başqa İlah yoxdur” deyimi Quranda iki dəfə keçir. Lakin eyni mənalı “La İlahə İlla Hü” rəmzi isə Quranda otuz yerdə təkrarlanır. Buradakı fərq – Kəlimeyi Tövhiddəki “Allah” rəmzi əvəzində “Hü” rəmzinin qeyd olunmasıdır ki, İslamda Hü, İlah kəlmələri də Allah rəmzi ilə eyni mənalı qəbul olunmuşdur. Bu rəmzlər zahiri İslamda Allahın adlarından sayılır və məna fərqləri izah olunmur. Batini mənada isə Allah, Hü, İlah (Eloah), Elohim (İlham)  və s. rəmzlərin ayrıca mənaları vardır.
Sufi-batinilərdə “Hü” rəmzi - təbii halda göydə mövcud olan ilkin materiyanı, yəni mənbələrdə İlahi od, dirilik suyu, cövhər və s. adlandırılan ünsürü bildirir. İlah rəmzi isə sufizmdə El-Hü, yəni Hü ilkin materiyasının yaratdığı El – yer kürəsində mövcud olan bütün canlı-cansız varlıqlar mənasındadır. Deməli, batinilər İlah dedikdə, Hü ilkin materiyası və onun yerdəki Elində, yəni fiziki dünyamızda yaratdığı mövcudat nəzərdə tutulmalıdır. Qısaca desək, Hü – təbii halda “axan” ilkin materiya, İlah isə Hü ilkin materiyası və onun Eli, yəni Onun yaratdıqları bütün varlıqlardır. İlah/Eloax (LH/LX) rəmzləri qədim mənbələrdə eyni mənalı Xel/Gel (XL/GL) və s. kimi də yazılır ki, qədim Misir mənbələrinə görə, Allah göydəki dünyanı məhz Gel şəhərində yaratmışdır.
Osmanlı mənbələrində “La İlahə İlla Hü”, yəni “Hü-dən başqa İlah yoxdur” deyimi – “La mövcudə İlla Hu” kimi də keçir və “Hü-dən başqa mövcudat yoxdur” mənasındadır. Bu deyimin digər variantı “La məşhudə İlla Hü” şəhadətidir ki, bu da “Hü-dən başqa heç nə müşahidə etmirik” kimi məna verir. Bu isə o deməkdir ki, Allah və İlah rəmzlərinin də kökü məhz - təbii şəkildə göydə mövcud olan Hü ilkin materiyasıdır.
Digər tərəfdən, “La İlahı İlləllah” rəmzinin batini oxunuşu – “L LH LL LLH” (El İlah – ElEl Allah) kimi səslənir və burada “L” (El) rəmzi – müəyyən ərazi, aləm, dünya və s. mənasındadır. El rəmzini tam başa düşmək üçün qədim Assur mənbələrindəki Ale/Alu rəmzini (Ale Libbi ale – El içində El) bilmək lazımdır. El/Ale rəmzinin qədim Assurdakı batini mənası haqda mən, “Assuriya - qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə yazmışam. Əgər El rəmzinin – dünya, aləm və s. mənasında olmasını nəzərə alsaq, razılaşarıq ki, bu halda “LL” (ElEl) rəmzi də “iki dünya” mənasını verməlidir. Burada söhbət – yerdəki Elin göylərində, qurban ruhlarından ikici El - ruhlar dünyasının yaradılmasından gedir. Qədim mənbələrdə də “iki dünya” dedikdə - yaşadığımız fiziki dünya və Misir mənbələrinə görə, Allahın - Gel şəhərinin göylərində yaratdığı ruhlar dünyası nəzərdə tutulur. Deməli, “La İlahı İlləllah” şəhadəti – “İlahi Aləm – iki dünyanı birləşdirən Allahdır” kimi mənalandırılmalıdır. Bu təvili tam təsəvvür etmək üçün isə “Allah” rəmzinin qədim mənbələrdə nə məna verməsini bilmək lazımdır.
El və onunla eyni mənalı olan Ale/Alu rəmzi, qədim Assur mənbələrindəki Luqal (Luhal) və Asar-Luhi  rəmzi ilə əlaqəlidir. Burada, Asar-İlahi mənasında olan Asar-Luhi rəmzi - Asar mövcudatı, Asar Allahı kimi göstərilir. Bu mənbələrdə Luqal/Luhal rəmzi isə Luh-El, yəni İlah-El mənasında nəhəng insan mənasını verir. Əgər nəzərə alsaq ki, Assur yazılarında El/Ale dedikdə, Kitabi Dədə Qorquddakı “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu” fikri nəzərdə tutulur, razılaşarıq ki, İlah-El (Luqal) rəmzi - bütün mövcudatı (iki dünyanı) öz ağuşuna almış kosmik İnsan-Allah mənasındakı Təmam vilayətidir. Kitabi Dədə Qorqudda Tamam (TMM) kimi qeyd olunan rəmz, qədim Misir mənbələrində kosmik İnsan formasında olan Atum (TM) Allahı adlandırılır. Məşhur sufi-batin alimi Mühiddin ibn Ərəbi isə bu Allahı – Adəm (DM) kimi təqdim edir. Deməli, qədim Assurun Luqal, yəni İlah-El rəmzi - kosmik El-in (Ale) İlahdan ibarət olması, yəni bütün mövcudatı – göydəki ruhlar dünyasını və yerdə müşahidə edilən hər şeyi özündə birləşdirməsi kimi qiymətləndirilməlidir. Bu rəmzlər haqqında mən kitab və məqalələrimdə yazmışam.
Bütün bunlar o deməkdir ki, “La İlahı İlləllah” dedikdə sufi-batinilər – iki dünyanı öz bədənində birləşdirmiş və bu bədənlə bütün mövcudatı da əhatə edən kosmik İnsan-Allahı nəzərdə tuturlar. Məhz bu Allahı qədim misirlilər Atum və Osiris Allahı, assurlar Luqal, Asar Allahı (Asar-İlahi), sufilər - Adəm, Haqq və s., müsəlmanlar isə sadəcə Allah adlandırdılar.
Kəlimeyi Tövhidin – “Məhəmmədər Rəsulullah” hissəsinin də batini mənası, ciddi araşdırmalar tələb edən dərin mövzudur. “Məhəmməd” rəmzi sufizmdə “müh” və “məd” rəmzlərindən ibarətdir. Buxarinin hədislərində peyğəmbərimiz bildirir ki, - “Mən əl-Mahiyəm, hansının köməyilə ki, Allah inamsızları siləcək”. Batinilikdə mahi/müh (MH) sözü - “Omm” (MM) və “Hü” (H) rəmzlərindən ibarətdir ki, “Omm” rəmzi qədim hind fəlsəfəsində Hü ilkin materiyasını yerə gətirmək üçün, onun qurban ruhları ilə qarışığını və bu zaman, ekstatik durumda çıxarılan “Omm” səsini bildirir. Deməli, mah/maq (MH/MQ) və eyni mənalı qam (QM) rəmzləri – ruhun Hü ilkin materiyasına nüfuzu, onunla vəhdəti və ilkin materiyanın formalaşmış və sözə, rutuala tabe olan vəziyyəti bildirir. Yəhudi mənbələrində Elohim dedikdə də məhz magik ritual keçirən teurqun (türkün), qamlıq məqamında, artıq idarə edə bildiyi ilkin materiya nəzərdə tutulur. İlkin materiyanı idarə edən teurq-maqlar isə mənbələrdə, Midiya xalqı olan marlar, amoreylər adlandırılır. “Məhəmməd” rəmzinin “məd” hissəsi həm də məhz Midiya elini bildirir. Lakin “mad” (MD) rəmzi sufizmdə “Adəm” (DM) rəmzi ilə eyni mənalıdır ki, bu da kosmik İnsan olan Atum Allahının məhz Midiya dağlarında ayaq üstə durması deməkdir. “Mad” rəmzi qədim Misir mənbələrində həm də - Həqiqət, Haqq Allahı olan “Maat” Allahı kimi qeyd olunur ki, bu da Adəmin Haqdan təşkil olunması deməkdir. Məhəmməd peyğəmbər də hədislərin birində - “Həqiqət isə mənim daxili vəziyyətimdir” deyir ki, bu da onun elə Maat Allahı obrazında olmasını bildirir. Qamlama (şaman rituali) məqamı mənasında olan bu vəziyyət İslamda “Mahmud məqamı” da adlandırılır.
Sufizmdə tərikə yolunun Mahmud məqamı (ət-tərikə əl-Mahmud – “bəyənilmiş yol”) eyni zamanda cadugərlik, magiyanın icazə verilmiş, yəni qanuni yolu sayılır ki, bunun əksi isə məzəmmət edilən yoldur. Quranda Məhəmməd peyğəmbər sahir, yəni cadugər və mashur, yəni cadulanmış adlandırılır (Quran, 10:2, 17:47). Onun nəsihətləri isə – kim tərəfindən isə ona verilən cadugərlik (sehri-yusar) sayılır (Quran, 74:24, 28:36 və s.). Belə çıxır ki, silsilənin ən ali səviyyəsi olan Mahmud (Məhəmməd) məqamı eyni zamanda sehrbazlıqdır ki, bu sehrbazlıq Misir sehrbazlığı ilə eynidir («Ислам», Энциклопедический словарь, М., 1991, səh. 211). Sehr sözünün – “əs-sahara” rəmzi ilə eyni olması ona işarədir ki, bu rəmz Qurandakı Sakara rəmzi ilə bir kökdəndir (Quran, 54:48,74:26-28,43). Bu isə o deməkdir ki, “Mahmud məqamı” – “cəhənnəm odu” mənasını verən sakara ilə də bağlıdır. Od isə bildiyimiz kimi ilkin materiyanın bir adıdır. Quranda, ilkin materiya mənasında olan od - “nur” kimi də qeyd olunur.
Quranda Nur – Allah Özü (“Yerin göyün nuru”) və Məhəmməd peyğəmbər vasitəsi ilə göndərilmiş vəhy nurudur (Quran, 24:35, 61,8-9, 64:8). İslamda Nuri-Məhəmmədi, yəni Məhəmməd-Nuru ifadəsi mövcuddur ki, bu ifadə qeyd etdiyimiz, Quranın 24-cü surəsinin 35-ci ayəsi ilə əlaqədardır. İnama görə, peyğəmbərin bədəni bir ovuc cənnət torpağının, cənnət çeşməsi təsnimin suyundan yoğrulması ilə yaradılmış və peyğəmbərin cismi mirvari kimi nur saçıb parlayandır («Ислам», Энциклопедический словарь, М., 1991). Dərvişlərə görə, Məhəmmədin ruhu dünyanın yaranmasından əvvəl İlahi nurdan yaradılmışdır və o yerə gəlməzdən əvvəl göy varlıqlarının, Allahın yanında mövcud olmuşdur («Шииты, сунниты, дервиши: вечные тайны ислама», М., 2005, səh.226). Digər tərəfdən, sufi müdriki Mir Damədin “nursaçma” ideyası da var ki, bu da şiələrin imamət konsepsiyası ilə bağlıdır. Onun gəldiyi nəticəyə görə, birinci imam Əli bin Abu Talib və Məhəmməd peyğəmbər – bir “gur işıq”dan (nur şa-şani) əmələ gəlmişlər ki, bunlardan biri insan silueti formasını alır, digəri isə - onun dalınca gələn – titrəyən işıq formasındadır. Birinci Əlinin, ikinci isə Məhəmmədin rəmzləridir. 14 paklar qrupunda Fatimə – “iki nuru birləşdirən” (məcma ən nurayn) – peyğəmbərlik və müqəddəslik işığını birləşdirəndir («Ислам», Энциклопедический словарь, М., 1991, səh.165). Şiələrin məntiqinin araşdırılmasından belə çıxır ki, Məhəmməd peyğəmbər və imam Əlinin obrazları – Əvvəldə gələn qədim Misir Allahı sayılan Ra-Amonun və axirətdə gələn Vilayətin, El-in, yəni Əlinin obrazlarıdır. Başqa sözlə, axirətdə - göydə, ilkin materiyadan (oddan, nurdan) yaradılmış El, vilayət yenidən var olacaq.  
Qurandakı İlahi nurunun Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru “Həqiqə Məhəmmədiyyə” (Haqq-Məhəmməd) ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər həqiqətən də adi insan yox, kosmik İnsan olan və Allahın funksiyasını daşıyacaq bir Varlıqdır («Ислам», Энциклопедический словарь, М., 1991). Kosmos - təbii şəraitə uğun hərəkət edən ilkin materiyadan ibarətdir ki, yunan mənbələrində buna Xaos (Hü-issi/Hü ruhu) deyilir. Bu Xaosa, yəni ilkin materiyaya qəlib gələn və onun adını özünə götürən isə Oğuz xaqandır. Qanlı Oğuz Eli də bu Xaosda yaradılmış və kosmik İnsan formasında olan ruhlar dünyasıdır. Yunan mənbələrində Xaosdan  - Ərəb (Ereb) Allahı doğulur. Bu Allah, ilkin materiyanın şəxsləndirilmiş, insaniləşdirilmiş obrazıdır. Məşhur sufi əl-Qəzali isə bu göy insanını Məhəmməd adlandırır və kosmik qüvvə hesab edir. Qəzaliyə görə, kainatda qayda-qanunun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın (Məhəmmədin-Adəmin) obrazı ilə xüsusi yaradılmışdır. Mühiddin ibn Ərəbi də, “Füsusül Hikəm” kitabının girişində Məhəmməd peyğəmbəri və onun nəslini - “İlahi qüvvələri oyadan” adlandırır və qeyd edir ki, “O cəmiyyət başçısı və insan nəslinin ağası, havadarlıq qapısını açandır: Məhəmməd, öz xüsusi məqamında hökmranlıq qazanmışdır”. İbn Ərəbi Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir: “Onun müdrikliyi vahiddir, çünki O – insan nəslində kamil mövcudluqdur, ona görə də dünya nizamı onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda O artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (Ибн Араби, «Геммы мудрости», 2,27, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). İbn Ərəbi, Kamil İnsanı - Adəm kimi təqdim edir və Allah adlandırır. Adi insanları isə “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır.
Fəzlullah Astarabadinin “Cavidannamə”əsərin görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan”dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə - Adəmin bədənindədir. Başqa sözlə Fəzlullaha görə, göydəki ruhlar dünyası - Məhəmməd peyğəmbərin bədənindədir. İbn Ərəbi, dünyanın Allahla münasibətini, insanın kölgəsi ilə münasibəti kimi təqdim edir: “Dünya - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın təzahürüdür”. Deməli, ibn Ərəbiyə görə göydəki dünya - Allahın kölgəsi rəmzində təzahür etmişdir və O dünyanı, öz insani bədəninin hərəkətinin gölgəsi kimi idarə edir (Ибн Араби, «Геммы мудрости», 9, сайт: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). Ət-Təmimi də bildirir ki, Məhəmməd peyğəmbərə görə, “Allahın özü dünyadır”. Başqa sözlə, Məhəmməd peyğəmbər və Adəmin obrazları – bədənində ruhlar dünyası yaranmış kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin ləqəblərindən birinin “iki dünyanın ağası” olması isə onu göstərir ki, Onun obrazı məhz Allahın obrazıdır, yəni O - El-İlah (İlah-El/Luqal) mənasında olan kosmik insandır.
Kəlimeyi Tövhiddəki “Rəsulullah” sözü, “Rəsul” və “Allah” rəmzlərindən ibarətdir ki, biz “Allah” rəmzi haqda yazdıq.  Buradakı Rəsul rəmzi sufizmdə “Ras” və “El”  hissələrindən ibarətdir.  “Ras” rəmzi ilə bağlı mən yuxarıda qeyd etdiyim məqalədə göstərmişəm ki, bu rəmz altında – göydə qanla, qurbanla ruhlar üçün yaradılmış Rus ölkəsi nəzərdə tutulur. Kitabi Dədə Qorqudda isə eyni mənalı, qanla yaradılmış ölkə - Oğuz ölkəsi adlanır. Oğuzun göylərlə əlaqəsi rəvayətlərdə də açıq yazılır. Bu isə o deməkdir ki, qanla yaradılmış Ras/Rus ölkəsi elə qanlı Oğuz elidir və bu mənbələrdəki ölümsüz ruslar da qədim Misir mənbələrindəki ölümsüz Asar/Osiris Allahları mənasındadır. Sufizmdə “rus” (RS) rəmzi ilə “asar” (SR) rəmzi eyni mənalı rəmzlərdir. Deməli, Rəsulullah, yəni Rəsul Allah dedikdə qədim Assur və Misir Allahı olan Asar/Osiris Allahının Eli nəzərdə tutulur. Buradan isə belə bir nəticə çıxara bilərik ki, Rus-Eli mənasında olan“Rəsul” rəmzi ilə Asar-Eli mənasında olan “İsrail” rəmzi eyni mənalı rəmzlərdir. Belə olan halda “Məhəmməd Rəsul-Allah” rəmzi – “Məhəmməd İsrail Allahıdır” rəmzi ilə eyni mənalı hesab olunmalıdır. 
Mən, “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqalədə, mənbələrdəki İsrail rəmzi altında Asar Eli, yəni Azəri ölkəsi nəzərdə tutulmasını yazmışam  (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html). Hədislərin birində Məhəmməd peyğəmbər özünü İsrail peyğəmbəri kimi təqdim edərək deyir: “İsraili peyğəmbərlər idarə etmişlər. Onlar biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər olmayacaq, yalnız xəliflər olacaqdır və onlar çox olacaqlar” (Джон Бертон, «Мусульманское предание: введение в хадисоведение», М-СПб., 2006, səh.83). Qurana görə, Quran kitabı da - Allahın hamıdan üstün yaratdığı İsrail oğullarına göndərilmişdir (Quran, 27:76,77,10:93, 5:12, 7:160, 44:32, 45:16, 2:47, 122,40, 6:165). Qədim mənbələrdə İsrail şahlığı Yerusəlimlə bağlıdır ki, Yerusəlim rəmzi sufi-batinilikdə “Ya-Rus-Aləmi” kimi izah olunur və bu rəmz altında, Məhəmməd peyğəmbərin Merac gecəsi səyahətə çıxıb, Allahla söhbət etdiyi ruhlar dünyası nəzərdə tutulur. Tarixçisi M. Xorenatsiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırılır (М. Хоренаци, I/60). Gel, Gelat (Qulat/Xilat) isə ifrat ismaili şiələrin, yəni batini-nizarilərin elidir və o Midiya ərazisində mövcud olmuşdur. Bura eyni zamanda Azərbaycan atabəglərinin malikanəsi olan Xilatdır və Quranda (25:15) Xüld cənnəti adlandırılan cənnət də məhz burada yaradılmışdır. Qədim Misir mənbələrinə görə də Allah “dünya”nı məhz bu Gel şəhərində yaratmışdır və bütün Misir fəlsəfəsi bu Gel eli ilə bağlıdır. Başqa sözlə, cənnət mənasında olan göy Yerusəlimi məhz Midiya ölkəsində yaranmışdır. Assur yazılarına görə, Midiyada hələ e.ə. VII əsrdə “Şərqin Ərəbi” adlı ölkə olmuşdur. Midiyanın Ekbatan şəhərinin digər adı yəhudilərdə Əhmət şəhəri adlanır. Əhmət/Əhməd isə Məhəmməd peyğəmbərin digər adıdır. Başqa sözlə, Ərəbistanla bağlı olan Hz. Məhəmməd obrazı – Midiya elində, göydə zühur etmiş kosmik İnsan-Allahın obrazıdır.
Yazdıqlarımızdan belə çıxır ki, batinilər “Məhəmmədər Rəsullullah” dedikdə - Midiya göylərində yaradılmış kosmik İnsan-Allahı nəzərdə tuturlar ki, bu Allahın bədənində Asar/Azər/Osiris ruhlar dünyası (ölüm şahlığı) mövcuddur. Bu Azəri şahlığı haqda daha geniş təsəvvürə malik olmaq üçün, müəllifi olduğum “Azər, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi” adlı məqaləni nəzərdən keçirmək vacibdir (http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html).
Bütün bunlar o deməkdir ki, Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətinın tam batini mənası belə ifadə oluna bilər: “Bəşəriyyətə həyat verən tək cövhər - Hü ilkin materiyasıdır. Bu cövhərdən - iki dünyanı öz bədənində birləşdirmiş və bu bədənlə bütün mövcudatı da əhatə edən Məhəmməd adlı kosmik İnsan yaradılmışdır. Azərbaycanın qədim Midiya vilayətində, İlahi nurdan yaradılmış bu kosmik İnsan-Allahın daxili – Hü ilkin materiyasından ibarətdir. Bu Kamil İnsanın göydəki bədənində Asar Eli (İsrail) adlandırılan cənnət zahir olmuşdur ki, insan öləndən sonra, ruhu bu cənnətdə ömrünü davam etdirir”. Kəlimeyi Tövhid, yəni “Allahdan başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadətini verən insan – bu Allahu-Əkbərə (kosmik İnsan-Allaha) tabe olur və yaşadığı müddətdə bu dünyada, öləndən sonra isə cənnətdə Onun nəzarəti altında xoşbəxtlik qazanır.
Yazdıqlarımızdan belə çıxır ki, Kəlimeyi Tövhid şəhadətini qəbul edən insan, faktiki olaraq qədim Misir fironları (pir) nəslinin xoşbəxtliyinə şərik olurlar. Çünki qədim Misir mənbələrinə görə, məhz Qor fironları nəsli mənbələrdə - “bir bədəndə iki dünyanı birləşdirmiş” (“Şəmsu-Qor”) pirlər kimi cənnətdə ikinci həyat qazanırlar. Mənbələrdə Tilmun/Dilmun adlanan bu cənnət - “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatı sayılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Azərbaycanda yaşayan Azəri seyid-bəgləridir. Deməli, Kəlimeyi Tövhid şəhadəti - insanın Allaha sadiqliyi mənasındadır və bunun ən böyük mükafatı da Allah ona cənnətdə ikinci həyat yaşamaq üçün verəcəyi yerdir.

                                                             Firudin Gilar Bəg
                                                             Sufi-batin alimi
16.03.2018

Комментариев нет:

Отправить комментарий