Qədim müdriklərin
məntiqlərinə görə, on beş yaşına çatan hər bir insan kimliyini, hansı eldən və nəsildən
olmasını, haradan gəlib hara getdiyini, yerdəki borcunun nədən ibarət olduğunu
və göydəki mükafatın nə olacağını bilməlidir. Bu məlumatlar zərdüştilikdə, qnostik
xristian və digər ədəbiyyatlarda hər bir insanın bilməli olduğu vacib şey
sayılırdı. Düşünən insanın, necə yarandığını, nəyə və necə sitayiş etdiyini,
öləndən sonra necə olacağını əvvəlcədən bilməsi məntiqlidir. Əks halda insanın
həyat fəaliyyəti heyvanın yaşayışından fərqlənməz və onun üçün bu dünyada insanlığın
əsas meyarı itər. Bu məntiqlə, biz də öz müqəddəs elimizin Azərbaycan adının
haradan götürüldüyünü, nə ilə bağlı olduğunu bilməklə öz tariximiz haqqında nə
isə öyrənə bilərik.
Azərbaycan adının və onun kökündə
duran Azər sözünün nə məna ifadə etməsini bilmək üçün, ilk növbədə qədim
dilçilik qanunlarını və bu qanunların hansı məntiqə əsaslandığını öyrənmək
lazımdır. Çünki o dövrün dil qanunlarını, məntiqlərini bilmədən, yazılardakı
mənanı anlamaq mümkün deyil.
Tövrat yazır
ki, ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə
danışırdılar. Bu xalq, özlərinə ad qoymaq üçün, başı göylərə çatan Babil qülləsini
tikdilər. Allah onların daha çox işlər görəcəyindən ehtiyat edib, dillərini dəyişərək
yer üzünə səpələdi (1). Deməli, Tövrata görə çoxdillilik - başı göylərə çatan
Babil qülləsinin tikilməsindən sonra yaranmışdır.
Tədqiqatçıların gəldiyi
qənaətə görə, qədim Misir, Finikiya, Yəhudi, Aramey və s. xalqların dilləri
xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdu. Burada sözün kökü olan
samitlər əsas fikrin daşıyıcısı hesab olunurdu. Saitlər isə məna ifadə etmirdi (2).
Qədim Misir dilçiliyində soldan sağa və əksinə oxunan sözlər eyni məna
daşıyırdı. Müxtəlif dillərdə müxtəlif formada səslənən bəzi samitlər isə eyni məna verirdi. Buradan
isə belə nəticə çıxarmaq olar ki, əsas məna samitlərdə gizlənmişdir və bu
samitlər bütün dillərdə eyni fikri ifadə edir.
Mənbələrə görə, sufilər də mətnin gizli
mənasını dərk etmək üçün, sözün kökünü təyin edərək müqayisələr aparırlar. Sufizmdə,
bütün mistik təlimlər sonda vahiddir və onu, müqəddəs fars, hind və s.
poemalarında minlərlə metafor və poetik fiqurla izhar edirlər. Əslində isə
bütün bunlar hamısı bir şeydir və dilin müxtəlifliyi, sözün kökü ilə bağlıdır (3).
Deməli, sufizmə, yəni Batin elminə görə, bütün mənbələrdə bir hadisədən
danışılır. Əflatun da bu mənada bildirir ki, qədim mənbələrdə
yazılanlar, mahiyyəti unudulmuş yalnız bir sirli hadisəyə həsr olunmuşdur (4). Bu isə
o deməkdir ki, qədim yazılarda söhbət Babil qülləsinin tikilməsindən gedir və dillərin
dəyişdirilməsi də, Allahın bu hadisə haqqında həqiqətləri gizli saxlamaq istəyi
ilə bağlıdır.
Azərbaycan adı mənbələdə
Azərbayqan kimi də yazılır ki, Həməviyə görə “Azər” pəhləvicə “od”, “Bayqan”
isə “qorumaq” deməkdir. Deməli, Azərbaycan – “İlahi Odun qorunduğu yer” anlamındadır.
Azərbaycan elinin digər Atropat adı da qədim fars dilində «odun hökmranı» və ya
«İlahi Odun qoruduğu» mənasındadır (5).
Zərdüştilikdə və Avestada Azərbaycan
xüsusi məna kəsb edən müqəddəs torpaq sayılır ki, burada dini baxımdan mühüm
hadisələr baş vermişdir. İran atəşpərəstlərində Azər – Günəş və mələkdir. İslamda da Azər rəmzi həm mələk və həm də “odun
himayəçisi” deməkdir və ədəbiyyatımızdakı “Nuri – Azər”, yəni “Azər odu” ifadəsi
qədimdən mövcud olmuşdur. Buradakı Nur [NR] rəmzi sufizmdə və qədim dilçilikdə eyni
zamanda Aran/Ərən/İran [RN] kimi də oxunur. İranda,
payızın 3-cü ayı Azər adlanır. İslama qədərki Azərbaycanda 5 milli bayram: Azərcaşn,
Şəhrivar, Səddə, Çıraqan və Azərqan (Mehriqan) bayramları Azərə həsr edilmişdi (6). Bütün bunlar o deməkdir ki, mənbələrdə Azər adı
bilavasitə odla, alovla əlaqəlidir. Bu odun nə məna kəsb etməsini bilmək üçün isə
qədim mənbələri diqqətlə araşdırmaq lazımdır.
Əflatun
od deyəndə - bütün bəşəriyyətə həyat vermiş ilkin materiyanı nəzərdə tutur və bildirir
ki, ilkin materiya – od, su, hava, torpağa da çox asanlıqla çevrilə bilir (7). Heraklitə görə, Od – bir əkslikdən
digərinə axan kainatın rəmzidir. Sebeos, İmperator İrakla
həsr etdiyi kitabında Allahı - “canlı od” adlandırır. Məşhur sufi Mühiddin İbn Ərəbiyə görə, od, peyğəmbərlərin
yaşadığı Cənnətdir (8). Quran yazır ki, oddan İbrahim peyğəmbər üçün
bina tikilmişdir və bura Cənnətə çevrilmişdir (9). Kitabi - Dədə Qorquda görə
də İbrahim peyğəmbərə xilas kimi verilən bu od – bustana, yəni Cənnəti-gülüstana
çevrilmişdir (10). Deməli, qədim mənbələrdə od ifadəsi rəmzi mənadadır və Cənnətlə
bağlıdır.
Tövratda od rəmzi Musa peyğəmbərlə əlaqələndirilir. Bu kitabda yazılır ki, yəhudilər səhrada dolaşdığı zaman Allah onların qarşısında - gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş. Hər dəfə bulud Vəhy çadırının üstündən qalxanda İsrail oğulları yola düşür və bulud harada dayanırdısa, orada da onlar öz çadırlarını qururdular (11). Ümumiyyətlə, müqəddəs yazılarda od çox halda Allahın Sinay dağında görünməsi ilə əlaqələndirilir (12). Bu od, ruhun göy “səhrasında səyahət”indən sonra Göydən Vəhy çadırının (sakin) təsdiq edilməsi zamanı ilə enmiş və heç vaxt da sönməməlidir. Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od həmişə gözlənilir (13). Belə ki, bura həmişə qurban gətirilir və ora həmişə təzə qan tökülür və bu qurbanın tüstüsü Göyə qalxır. Bu isə o deməkdir ki, od dedikdə, qurbankəsmə ritualı (Teurqiya – Allah yaratma) vasitəsi ilə göydən gətirilmiş İlahi mahiyyət, yəni ilkin materiya nəzərdə tutulmalıdır və bu İlahi Odu yerə Musa peyğəmbər gətirmişdir. Mən, “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə Teurqiya haqqında məlumatlar vermişəm.
Ziqmund Freyd “Bu insan Musadır” kitabında Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir. Tarixçi B. A. Turayev amoreylər ölkəsi olan Kadeşi (Kadus) – Aziru, yəni Azəri şahlığı adlandırır (14). Tövratda Azər rəmzi İazər kimi də yazılır və bildirilir ki, Musa peyğəmbər İazər torpaqlarına baxmaq üçün adam göndərdi və onlardan asılı olan kəndləri tutaraq orada olan amoreyləri qovdu (15).
Qafqazda amoreylər [MR] - mar [MR] adı ilə məlumdur və mənbələr onları “ilandan doğulmuş midiyalılar” kimi qeyd edir. Tanınmış alim Devid Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Midiyanın Azərbaycan ərazisində mövcud olmasını nəzərə alsaq, aydın olar ki, Musa peyğəmbər Azər odunu Azərbaycan torpağında yerə gətirmişdir.
Amoreylər, yəni marlar Şumer mənbələrində Mar-Tu kimi qeyd olunurlar. Qədim Misir mətnlərində Mar-Tu [MR-T] rəmzi - Mariut [MRT] şəhər adı kimi məlumdur. Eyni mənalı Ta-Meri [T-MR] rəmzi isə Misir ölkəsinin digər adı sayılırdı. Bu isə onu göstərir ki, qədim Misir ölkəsi elə Midiya marlarının ölkəsi olmuşdur.
Əhdi-Ətiqə görə, Misir və Assur ölkələri eynidir və Dünya ağacı timsalında Allahın göydəki, yəni ilkin materiyadaki eli mənasındadır (16). Qədim Misirdə Dünya (həyat) ağacı eyni zamanda Xator İlahəsi ilə də assosiasiya olunurdu və mənbələrinin birində Ra Allahı Xatoru - “Amit” adlandırır. Mariut gölünə tökülən yerdə yerləşən bu şəhərdə isə Osiris/Oziri Allahının ayağı saxlanılır (17). Devid Rol yazır ki, Misir kəlməsi – “M-Əsər”, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri) mənasındadır və bu da Misir rəmzinin bilavasitə Assur/Osiris/Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim mənbələrdəki Misir, Assur, Aşşur və s. rəmzləri göydə ağac rəmzində yaradılmış ruhlar dünyasına, yəni Cənnətə aiddir.
Sufizmdə Amit [MT] rəmzi
ilə Midiya (Mada) [MD] rəmzi eyni mənalı rəmzlərdir. Kitabi - Dədə Qorqudda, əsərin qəhrəmanı Qazan xan
- Amit soyunun aslanı adlandırılır və bu da Qazan xanın, göydə dünya ağacı rəmzində
olan Misirlə bağlılığı deməkdir (18). Qorqud (Qor-Xuda – Qor Allahı) rəmzinin
özünü də dahi alimimiz Mirəli Seyidov – “xoşbəxtlik
odu”, “bəxt odu”, “həyat qüvvəsi
odu”, “həyatverici od” və s. kimi mənalandırmışdı (19).
Araşdırıcılara görə, Oziri (Osiris) Allahı ön Asiyadan gəlmədir. Devid Rol “İtirilmiş Əhd” kitabında yazır ki, sivilizasiyanın əsasının qoyuluşu qədim Misir rəvayətlərinə görə, Nil vadisi ilə bağlı olmamışdır. Bu “Qor yoluyla gedənlər” olmuşlar ki, uzaqdan gələrək öz elm və mədəniyyətlərini qədim Misirə gətirmişdilər. D. Rol əfsanəvi “Qor yoluyla gedənlər” nəslinin soykökünü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanmasını bildirir. Misirin yaranış haqqındakı rəvayətlərində bu yer, günəşin doğduğu şərqdəki uzaq yer adlanır ki, bura ilkin sonsuzluq sularından qalxmış Od adasıdır. Od adası dedikdə isə göyləri təşkil edən ilkin materiyadan yaranmış ada formalı ərazi təsəvvür olunmalıdır.
Tanınmış alim A. Oppenheym bildirir ki, Mesopotamiyanın məhşur “Çarlar (şahlar) siyahısı”, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən – “çar hakimiyyətinin Göydən yerə endiyi dövrlərdən başlanır” (20). Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt də var. Bu isə o deməkdir ki, Misirin Oziri Allahının vətəni Azərbaycandır və Azər adı da mənbələrdə Osiris, Oziri, Əsər, Usiri və s. kimi yazılan rəmzlə bağlıdır.
Qədim Misir mənbələrinə
görə, Osiris/Oziri Allahı İlahi Oddan yaranmışdır. Osiris - öləndən sonra özünü
diriltmiş və öz cavanlığını qaytarmış əbədilik hökmranıdır. Mətnlərdə Osiris
Allahı - Odlu göldən gəlmiş “Od oğlu Od” adlandırılır. Onu eyni zamanda “öz odunda
yaşayan” mistik ilan kimi də qeyd edirlər (21). Mar rəmzinin də ilan mənasında
olmasını nəzərə alsaq, razılaşarıq ki, Osiris/Oziri, yəni Azər rəmzi ən qədim
zamanlarda marlar, yəni Midiya elinə aid edilmişdir.
Qədim Misir kahinlərinin təliminə görə, firon (pir) - Allahın təcəssümü sayılırdı. Çünki onda insani və İlahi mahiyyət birləşmişdi. Öləndən sonra isə firon Osirisə çevrilirdi və onun ruhu göydə yaradılmış ölüm şahlığında əbədilik, yəni ölümsüzlük qazanırdı. İlk əvvəllər yalnız Qor fironlarının nəsli Osiris adlanırdısa, sonradan onların yerdəki bütün törəmələri də Osiris/Oziri adlanmağa başladı. Bu isə o deməkdir ki, mənbələrdə Azəri dedikdə qədim Misirin Osiri/Oziri Allahının nəsli təsəvvür olunmalıdır.
Qədim Misir rəvayətinə görə,
Allahın ilkini olan Oziri (Azər) dünyaya hakim kimi gəlir və ondan sonra Allah
Seti və onun 72 dostunu yaradır. Oziri insanları heyvan səviyyəsindən çıxarıb,
onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik
qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür.
Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o
əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Rəvayətin açması müəllifi
olduğum «Batini-Quran» kitabında geniş verilmişdir.
Belə çıxır ki, Azər nəsli
digər insanlardan əvvəl yaradılmışdır və onlar hökmranlar nəslidirlər. Ondan
sonra isə adi insanlar yaradılmışlar. Mən, “Allah türkləri, onlar isə insanı
yaratdılar” adlı məqalədə göstərdim ki, Allah iki növ insan yaratmışdır.
Birinci növ insanı Allah ilkin materiyadan yaratmışdır və onlar ölümsüzdürlər.
İkinci növ insanı isə, bu ölümsüzlər nəsli öz əlləri ilə yaratmışlar. Deməli, adi
insanlara həyatı – İlahi nurdan yaranmış Azəri pirləri vermişlər.
Quranda, İbrahim
peyğəmbərin atası Azər, büt düzəldib onlara can verən Allah kimi qeyd olunur (22).
Yunan mifologiyasında bu obrazda, göydən İlahi Od gətirən Yafət oğlu Prometey
(Pir-Midiya), yəni Midiya piri göstərilir ki, o da insan düzəldib, Allahın ona
ruh verməsini xahiş edir.
Zərdüştilikdə İlahi Od Atar
[TR] adlanır ki, bu rəmz qədim Misir yazılarında «Ta-ur» [TR] kimi də yazılır
və «böyük torpaq» mənasında Abidos (Abtu/Beyt) şəhərinə aid edilir. Mənbələrə
görə, məhz bu şəhərdə Allahla söhbət baş tutmuş və burada firon I Seti, Misirin
yeddi Allahına həsr edilmiş məbədgah tikmişdir. Abidos rəmzi “bodi” rəmzindən
yaranmışdır və sufizmdə bu rəmzi - tam kamilliyə çatma, dərk olunmayan şeyləri
dərk edən, ekstaz vəziyyətində “görən”, ilkin materiyadan informasiya alma və
s. deməkdir. Deməli, “Allahla söhbət” dedikdə - sufinin, ekstaz durumunda ilkin
materiyadan istədiyi informasiyanı alması nəzərdə tutulur.
Misirşünas U. Bacın, «Nesi
Amsu-nun papirusu»ndan etdiyi tərcümədə bildirilir ki, özünü ilkin materiyanın
toxumu - Auseres (Osiris) adlandıran firon Amon, ekstaz vəziyyətində ilkin
materiyaya “daxil olur” və burada torpaq yaradır (23). Belə çıxır ki, Ta-ur -
“bodi” vəziyyətində göydə yaradılmış torpaq mənasındadır ki, bu torpaq ilkin
materiyadan, yəni İlahi Oddan yaranmışdır. “Ölülər kitabı”nda qeyd olunur ki, Amon Allahı Abidosda qurban
gətirərək, taxtı üçün su yaradır (24). Qurbanlarının ruhlarını Beytdə
yerləşdirən Allah, göydəki Qeb (Qeyb) dünyası yaradılanda artıq Abidosda
peyğəmbəri idi. Bu isə o deməkdir ki, Ta-ur torpağı - teurqların teurqiya
vasitəsi ilə, yəni türklərin Allah yaratma mərasimi ilə göydə yaradılmış
ölkədir.
Dilimizdə Allah mənasında
olan Tarı (Tanrı) kəlməsi də məhz göydə, ilkin materiyadan yaradılmış El deməkdir.
Azərbaycanın adının qədim variantları olan Adarbadaqan, Adirbidjan, Azərbidjan
kəlməsindəki “bada”, “bid” rəmzləri də “bodi” mənasında - “Allahla söhbətin baş
tutduğu yer”, “ekstaz vəziyyətində yaradılmış torpaq”, “qurban ruhlarından
yaradılmış Ev” və s. anlamındadır.
Azərbaycanın digər qədim
adı olan Atropaten (Atar-Paten) adında, Atar İlahi Odundan sonrakı Paten sözü
sufizmdə “Pat-Nu” mənasında “Nu (İunu) şəhərindəki Pta Allahı” fikrini ifadə
edir. Paten rəmzi eyni zamanda Azərbaycan ərazisində mövcud olmuş “Ani (Gel)
şəhərindəki Yafət” kimi də oxunur. Mənbələrdə bu söz Nifatu kimi də yazılır ki,
Strabona görə, Zaqr və Nifatu dağlarında kadus və amard (Mar-Tu) tayfaları
səpələnmişlər (25). Qədim Misir mənbələrində isə Nifatu rəmzi - Napat kimi
yazılırdı və bütün Allahların atası sayılan Amon Allahı da Napatlı Amon
adlandırılırdı.
Atropat sözündəki Pat sözü,
Mesopotamiya, Equpet adlarındakı Pot/Pet rəmzləri kimi qədim Misirin Pta (Ptah)
Allahı ilə bağlıdır. Qədim Misir mətnlərinə görə, özünü Pta (Apet/Yapet/Yafət)
adlandıran firon Amon, söz və magiya vasitəsi ilə, bütün yer kürəsini əhatə
edən kosmik ölçülü insan yaradır ki, onun bədəni yerdəki bütün varlıqları əhatə
edir. Deməli, Atropat rəmzi – “İlahi Oddan göydə Allah yaradan Yafət” deməkdir.
Qeyd etmək istərdim ki, rusların Qospod rəmzi – “Oğuz-Pta”, dilimizdəki padişah
rəmzi isə - “Pta-Sak” mənasındadır.
Tanınmış
alim M. Boys İlahi Odu Farbağın odu sayır ki, Farbaq rəmzi də «Farnanın yiyəsi»
və ya «Farnanın hesabına uğur qazanan» kimi mənalandırılır. İran
mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi
mahiyyətdir və bu da Farna rəmzinin efir (ilkin materiya) mənasında
olması deməkdir (26). Farbaq rəmzinin Adur (Adur-Farnbaq), yəni Atar rəmzi ilə birlikdə çəkilməsi, Farbağın Atar
rəmzi ilə eyni mənalı olması deməkdir.
Batin
elmində Farbağ rəmzi firon-bəg (pir-bəg) anlamına da gəlir ki, buradakı bəg (baqa)
rəmzi qədimdə, meditasiya ilə sufi silsiləsini keçərək ilkin materiyaya
daxil olmuş və onu idarə etmək qabiliyyəti qazanmış insana aid edilirdi. “Bəqa”
adlanan bu səviyyədə, insan ruhu ilə sufilərin “Hu” adlandırdığı ilkin materiya
birləşir və onunla vəhdət əmələ gətirir ki, bu da insanın Allaha çevrilməsi
deməkdir. Deməli, Farbağ rəmzi “Allaha çevrilmiş pir, firon” deməkdir ki, bu səviyyədə
insan İlahi Odla vəhdət təşkil edir və Allah kimi istədiyini yaratmaq elminə
sahib olur.
Sebeosa
görə, İlahi Qrat odu Atrpatakan ölkəsində yerləşirdi ki, şahlar - Atəş
adlandırılan bu odu həmişə «özü ilə gəzdirirdilər». Araşdırıcı R. Fray yazır
ki, Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər
şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan
mehrabda saxlanılırdı (27). Bildirmək istərdim ki, burada – “şahlığın əvvəlində
yandırılan hər şahın öz odu” deyəndə, məhz Rəhman Allah və axirətdəki Mehdi
obrazı nəzərdə tutulur ki, bilavasitə onlar Göylərə sahib olanda İlahi Od
Göydən yerə enir. Şahların bu “odu özü ilə gəzdirməsi” dedikdə isə pir, bəg,
seyid, şıx və s. Azər müqəddəslərinin ən qədim dövrlərdə sahib olduğu İlahi
qüdrət nəzərdə tutulmalıdır ki, onlar bu vergi vasitəsi ilə, sözlə təbiətə və
varlıqlara təsir edə bilirdilər.
Ammian Marsellin bildirir ki, maqlar özlərində heç
vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu
odun kiçik hissəsi xoşbəxtlik gətirir (28). Prokopiy də qeyd edir ki,
«Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion
vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət
edirlər və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər (29). İsidor Xarakskiy də yazır ki, əbədi od, «Arsakın ilk dəfə şah elan
olunduğu» Asaak şəhərində saxlanılırdı (30). Əl Kufi isə, «Kitab əl
Fütuh» əsərində bildirir ki, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminən 45
km. yol məsafəsindədir. Bu yer isə qədimdə Midiya, indi isə Azərbaycan adlanan
ölkənin ərazisinə düşür.
Azərbaycan, Atarpatakan, Adarbadaqan və s. adlardakı
can, kan, qan rəmzləri qədim dünyanın ən qüdrətli rəmzi sayılan Kün rəmzi
mənasındadır. Fyursta görə, Kün rəmzi Saturnun adına uyğun gəlir ki, bu şəhərdə
Saturn Allahı insanları vahid dildən məhrum etmiş və dünyaya səpələmişdir (31).
İslamda Kün rəmzi Allahın “Ol!” əmrini bildirir və Allah bu əmri ilə Adəmi və
İsa peyğəmbəri yaratmışdır.
Mesopotamiya, Şumer mətnlərində
Kün rəmzi - “Ki-Nun” [K-NN] və ya “Nun-Ki” kimi qeyd olunur ki, bu da Eridu [RD]
şəhəridir və sufizmdə bu rəmz Adər [DR] kimi də oxunur. D. Rola görə, şərqdən,
ilkin sonsuzluq sularından qalxmış Od adasından gələn annunakilər Eridu adlanan
və “Qüdrət yeri” mənasında olan ilk məbədi tikdilər. “Çarlar siyahısı”nda bildirilir
ki, şah hakimiyyət rəmzlərinin göydən yerə endiyi zaman ilk şahlıq məhz Eriduda
yaradıldı. Mənbələrdə məhz bu şəhər Babil, yəni Allahın qapısı adlanırdı.
Şumerlər onu Nun-Ki, Enki, Etemenanki, Damkin və s. kimi də adlandırırdılar.
Deməli, Azərbaycan adı ilə bağlı olan Can, Kan rəmzi - Eridu, Babil şəhərinin
adlarından biridir və bura İlahi Odun saxlanıldığı yer mənasındadır.
D. Rol bildirir ki, şumerlilər, Zaqros dağlarından gəlmiş Enmer-Karanı [NMR-KR],
yəni Qor-Ra-Amonu [QR-R-MN], İlahilik statusu olan Enkinin oğlu Əsərə (Osiris)
qədər ucaltdılar. Əsər (Oziri) rəmzi sufizmdə “İssi-Ra” (“Uzzi-Ra”) kimi izah
olunur və “Ra günəş Allahının ruhu” fikrini bildirir. Qor (Horos) rəmzi də
Batin elmində “Hu” ilkin materiyasından yaranmış Ra günəşi” deməkdir və qızılquş
formasında Ra-Amon Allahının ölümsüzlük qazanmış ruhu mənasındadır. Deməli,
burada Ra-Amon Allahının Qor qızılquş simasında olan ruhunun sonradan Əsər,
yəni Osiris adlanması nəzərə çatdırılır.
Mən, “Rəhman Allahın
ağlasığmaz sirləri” adlı məqalədə qeyd etmişəm ki, qədim Misir yazılarına görə,
pir (firon) Amon öldükdən sonra, onun ruhu göyə qalxaraq, sağlığında göydə
yaratdığı Ra günəş diski ilə birləşmiş və Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir.
Mənbələrdə “Qor yoluyla gedənlər” dedikdə, məhz bu mənada, ölən pirin ruhunun
göyə qalxaraq, o doğulduğu zaman göydə yaranmış Günəş obrazlı disklə birləşib,
Qeb (Qeyb) aləmində ölümsüzlük qazanması təsəvvür edilməlidir. Bu müqəddəslik
yalnız, Allahın İlahi nurdan yaratdığı Oziri nəslinə verilmişdir. Mənbələrdə bu
nəsil - Nu (İunu/On/Ani) şəhərindəki Oziri, yəni Nu-Oziri (Nu-Osiris) kimi qeyd
olunur ki, qədim yəhudilər bu nəsli Nazorey, xristianlar – Nazaretli,
müsəlmanlar isə Nizarilər adlandırırlar. Kitab və məqalələrimdə mən, bu
nəsilin, bütün dinlərin müqəddəslərinin nəsli olması sübut etmişəm.
Hədislərə görə, Hz. Məhəmməd bildirmişdir ki,
yəhudi, xristian və müsəlmanların hərəsinin yetmişdən çox olan təriqətlərinin
yalnız biri Cənnətə düşəcəkdir və onlar da Mənim və Səhabələrimin yolu ilə
gedənlərdir. Bu o deməkdir ki, yeganə bir xalq var ki, onlar hər üç dinin
müqəddəslərinin nəslidir. Bu xalq da, qədim mənbələrdə “Qor yoluyla gedənlər” adlanır
ki, Hz. Məhəmməd onları “Mənim və Səhabələrimin yolu ilə gedənlər” adlandırır.
Quranda bu xalq “İsrail oğulları” kimi qeyd olunur və bu da Usiri-El, yəni “Azər
Elinin oğulları” deməkdir. Quran açıq yazır ki, bu kitab, Allahın aləmlərdən
üstün etdiyi İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik,
peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və
varislər olaraq ucaldılmışlar (32). Onlara elm və bilik verilməsi dedikdə,
onların “Beyt əl-elm vəl-marifət vəl-hikmət”ə aid olması, yəni “elm, bilik və
hikmət Evi”nin üzvü olması nəzərdə tutulur ki, bu da elə Əhli-Beyt deməkdir. Nikolay
Rerix də, özünün “Nur saçan Şambala” əsərində qədim sirləri bilən Azəriləri -
“Böyük sirləri bilən Böyük Azərilər” adlandırır və qeyd edir ki, bu sirlər
insanlara açıldıqdan sonra həyat tam dəyişəcəkdir.
Bütün bunlar o deməkdir ki,
Əsər, Osiris dedikdə, pirin göydə ölümsüzlük qazanmış ruhu nəzərdə tutulmalıdır
ki, bu da yerin altında gizlədilən Nun-Ki məbədinin hesabına mümkün olur. Nun-Ki,
yəni Kan rəmzli məbəd, fironun ruhunun göydə Qor Allahı obrazında yaşamasını
təmin edən məbəddir. Babillilər bu məbədi Esagil, yəni “Sak eli” adlandırdılar
ki, mənbələrdə bu məbəd “Yer və göyün təməl evi” hesab olunurdu. Misirşünas U.
Baca görə, insanın öləndən sonra ruhu yeni Saxu (Sak) forması alıb göyə qalxır (33).
Deməli, Esagil məbədi, insan ruhunun yeni forma alaraq göylərdə ömrünü davam
etdirməsi üçün tikilmiş məbəddir.
D. Rol xüsusi qeyd edir ki,
Marduk və Assur Allahları, Eridudan olan “Enki və Damkinin oğlu” Əsərdən və ya
Əsər-Luxidən yaranmışlar. Marduk (Merodax) rəmzi Mar-Xuda mənasında Mar Allahı
deməkdir. Mardukun əsas ləqəbi Asar-Luxidir ki, bu da İlahi-Azərin amoreylərin (midiyalıların)
əsas Allahı olması deməkdir. Bu rəmzləri yaxşı başa düşmək üçün, qədim sirləri
bilmək lazımdır.
Qurana görə, Allah Adəmi “Kün!”
əmrindən yaratmışdır ki, Adəm obrazı qədim Misir yazılarında Atum Allahı kimi
qeyd olunur və Etemenanki, Damkin rəmzləri də Adəm-Kün rəmzi mənasındadır.
Nun-Ki, Kün rəmzli məbəd - qızıl və gümüşdən tikilmiş 62 m. hündürlüyündə olan
məbəddir ki, o nəhəng zikkuratın içindədir və bu abidə də yerin altında
gizlədilmişdir. Bu məbədin tikilişi ilə eyni zamanda göydə, ilkin materiyadan, məbədin
obrazı ilə ruhlar dünyası yaradılmışdır.
Misir mənbələrində
bildirilir ki, fironların Ba ruhları, bədəni tərk etdikdən sonra Benu quşuna
çevrilir və göyə qalxaraq, burada yaradılmış Eldə ölümsüzlük qazanırlar.
Deməli, firon, yəni pirlərin ruhları Elbenuda [LBN], yəni Alban [LBN] ölkəsində
ömürlərini davam etdirirlər. Alban [LBN] rəmzi sufizmdə Nəbi-Eli [NB-L] kimi
oxunur ki, bu da peyğəmbərlər eli mənasındadır.
Əbu Həmid əl-Qəzaliyə görə,
Dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan «aləm əl-Mülk
və-Şəhad», ikinci – mənəvi olan «aləm əl-Cəbərut», üçüncü isə – gözəgörünməz o
biri dünyadır ki, «aləm əl qeyb vəl-Mələküt» adlanır. Mülk dedikdə Ra-Amon, yəni Rəhman
Allahın yerdəki eli, Cəbərut dedikdə yerin altında gizlədilmiş Etemenanki,
Damkin və s. adlanan qızıldan yaradılmış Esagil məbədi, Mələküt aləmi dedikdə
isə, peyğəmbərlərin Alban dünyası təsəvvür olunmalıdır. İstəhri məhz
bu mənada “İqlim” (Gelam/Kəlam rəmzi) rəmzini Azərbaycan, Ermənistan və Arrana
aid edərək bildirir ki, «biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim
kimi baxırıq» (34). Müqəddəsi bu üç ölkəni «İqlim ər-Rihab» adlandırır (35). Belə
çıxır ki, burada Azərbaycan dedikdə Ra-Amon (Rəhman) Allahın yerdəki Mülkü,
Arran dedikdə yerin altında gizlədilmiş Cəbərut aləmi, Mələküt (mələklər eli) dedikdə
isə Ərmən, yəni Ra-Amonun göy dünyası təsəvvür olunmalıdır. Erməni mifologiyasına
görə, Ermənistana (Ra-Amon Allahının göydəki elinə) köçmək üçün insan Araqildə (Gel-ar)
«qanad geyib», bu aləmə uçur. Erməni mənbələrində Ermənistan Albaniya kimi
göstərilir ki, bu da Ra-Amon dünyasının elə Nəbilər Eli olması deməkdir. Qeyd
etmək istərdim ki, indi erməni adlanan adi insanların Ermənistan tarixinə
qətiyyən aidiyyəti yoxdur. Danışdığı dil, insanın mahiyyətinə aidiyyəti yoxdur.
Ermənistan tarixi Azəri türk bəglərinə aid mənbədir və mən “Армения навечно
дана азербайджанским бекам» adlı məqalədə bu haqda təkzibolunmaz faktlar
gətirmişəm. Belə çıxır ki, Nun-Ki, Kün məbədi yerin altında gizlədilmiş keçid
dünyasının rəmzidir.
Tövratda Alban [LBN] rəmzi Lbnun [LBNN] kimi,
onun yerin altındakı obrazı olan Nun-ki (Kün) məbədi isə Knun (Kənan) kimi qeyd
edilir. Burada bildirilir ki, Allah and içərək Knun (Xanaan) və Lbnun
torpaqlarını İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi
vermişdir (36). Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə,
Albaniya ölkəsi vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi verilmişdir (37). Knun
rəmzi burada Küni kimi qeyd olunur və Gel elinə aid edilir. Mühiddin ibn
Ərəbiyə görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul
edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki,
Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına
vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi
qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir (38).
Deməli, Ərəbiyə görə, Din rəmzi göydəki El (Albaniya) anlamındadır və Allah bu
Eli, yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Mən,
“Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqalədə İsrail
rəmzinin Oziri/Əsər/Osiris, yəni Azər Eli mənasında olmasını göstərmişəm.
Bütün bunlar o deməkdir ki,
Azərbaycan adındakı Can, Kan rəmzləri bütün dinlərin mənbəyi olan İlahi Odun
qorunduğu yeri bildirir. Azərbaycan adındakı Bay (Bi) rəmzi isə qədim Misir
pirlərinin ölümsüz Ba ruhları mənasındadır. İslamda Amon Allahının Ba ruhu - Billah
kimi məlumdur ki, Quranda Billah rəmzi Amenu (Amon), Aməntü rəmzləri ilə birgə
çəkilir. Bu rəmz “Bi-Allah” (Vallah – Va-Allah) mənasındadır və Bismillah
rəmzinin qısa variantıdır. İmam Əliyə görə, Bəsmələ Ba hərfindən başlanır.
Batin elmində Bismillah rəmzi - «Göylərin sahibi olan Allahın ruhu» və ya «Göy
çadırının sahibi olan Amon (Əman) Allahın ruhu» fikrini ifadə edir. Yazdığımız
kimi qədim Misir yazılarında Ba rəmzi quş mənasında fironun göydə ölümsüzlük
qazanmış ruhunu bildirirdi. Deməli, “Amenu Billahi” dedikdə Amon Allahının göydə,
Allah obrazında olan Ba ruhu başa düşülməlidir (38). Belə çıxır ki, bədənin
fiziki ölümündən sonra Cənnətdə ölümsüzlük qazanan müqəddəslərin ruhları, Amon
Allahının göydə yaratdığı dünyaya köçürlər. İslamda iman gətirmək, yəni “Amenu
olmaq” dedikdə də, Amon Allahının keçdiyi yolu təkrarlayaraq, onun kimi
ölümsüzlük qazanmaq başa düşülməlidir.
Yer
kürəsini əhatə edən və bəşəriyyətə həyat vermiş ilkin materiyanın “bənzər bənzər
yaradar” qanununa görə (qomeopatik magiya), bu mühitdə bir iş görmək üçün mütləq
təqlid obyekti olmalıdır. Yəni mütləq bənzər bir şey olmalıdır ki, insanın ruhu
da buna əsasən onun kimi etsin. “Amenu olmaq” da, Amon Allahı kimi olub, göydə
gözəgörünməz quş formasında ömrünü davam etdirmək deməkdir. Adi insanın “Amenu
olması”, İslamın qanunlarını yerinə yetirməsi deməkdir ki, yalnız bu halda adi
insan ilkin materiyanı “aldadaraq”, özünü Amon kimi qələmə verib, Amonun
yaratdığı göy Cənnətinə düşə bilər. Bunun üçün namaz və dəstamazın batini mənalarını
anlamaq vacibdir. Əks halda adi insanın ruhunun Cənnətin qapısına qədər gedib
çatması mümkün deyil.
Yazdıqlarımızı
ümumiləşdirsək, qərara gələrik ki, Azəri dedikdə - Allahın aləmlərdən üstün
etdiyi, müdriklik, peyğəmbərlik, bərəkət, ölümsüzlük verdiyi, elm və
biliklərinə görə seçilmiş adlandırdığı, varislər olaraq ucaltdığı, Cənnət
yolunu açıq etdiyi, sözlə təbiətə və varlıqlara fiziki təsir etmə qabiliyyəti
verdiyi müqəddəslər nəzərdə tutulmalıdır. Əgər nəzərə alsaq ki Azər sözünə
mənbələrdə İlahi (Azər-İlahi) rəmzi də əlavə olunurdu və Rəsulullah sözünün
batini mənası da “Azər Allahının eli” kimi açıqlanır, razılaşarıq ki, Azəri nə
deməkdir? sualına – “Allahın obrazı ilə yaranmışlar”, “Rəhmanın
Allahın törəmələri”, “Allahın sevimli bəndələri” və s. kimi cavab versək,
yanılmarıq.
Azərbaycan adı isə – “Göydə
ölümsüzlük qazanaraq, Azərə (Oziriyə) çevrilmiş pirin Ba ruhunun yerdəki Mülkü”
deməkdir. Ba ruhunun Allah mənasında, yəni Billah olmasını da nəzərə alsaq,
Azərbaycan rəmzinin açması – “Azər Allahının yerdəki Mülkü” kimi məna verər.
Əgər söhbətin, İslamın Bir olan Rəhman Allahının ruhundan getdiyini də nəzərdən
qaçırmasaq, Azərbaycan adını - “Tək olan
Allahın yurdu” kimi də deyə bilərik. Bu məqalədə yaza bilmədiyim digər faktları
da nəzərə alsaq, Azərbaycan adını qısa olaraq
“Allah Eli” kimi ifadə etmək olar.
Bütün bunlar haqqında daha geniş məlumatlar və
təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və
məqalələrimdə vardır.
Ədəbiyyat
1. Библия, Быт.11
2. «Культура
древнего Египта», М., 1976, səh.301
4. Platon,
«Politik», 269s
5. И. М. Дьяконов, «История Мидии», М-Л., 1956, səh. 260, 262
6. B. R. İmaməliyev, «İslam ensiklopediyası», B.,
1997, səh. 97
7. Platon, «Timey», 51v
8. Ibn Arabi, «Qemmı
mudrosti», böl.14, sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
9. Quran, 37:97,
21:69, 2:126-128
10. Kitabi - Dədə
Qorqud, B., 1988, səh. 109
11. Библия, М., 1994, Исх.13:21, Числ.9:15-23, Исх.40:38
12. Библия, М., 1994, Быт.19:24, 22:6, Исх.3:2
13. Библия, М., 1994, Лев.6:12,13
14. Б.А.Тураев,
«История древнего востока», 1935, Л., I cild, səh.304
15. Библия, М., 1994,
Чис.21:32
16. Библия, М., 1994, Езек.31:3,4,7
17. Е. А. Уоллис
Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh.81,21
18. Kitabi - Dədə
Qorqud, B., 1988, səh.44
19. M. Seyidov,
“Azərbaycan mifik təfəkkürünün qaynaqları”, B., 1983, səh.143
20. А. Оппенхейм,
“Древняя Месопотамия”, М., 1980, səh.146
21. Е. А. Уоллис
Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh.579,580,439,403,515
22. Quran, 6:74
23. У. Бадж,
«Египетская религия. Египетская магия», М., 2000, səh. 30,31
24. «Египетская
книга мёртвых», böl. 1, 117
25. Strabon, ХI, 13, 3
26. М. Бойс, «Зороастрийцы»,
М., 1987, səh.150
27. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286
28. История
Иранского государства и културы, М.,
1971, səh.216
30. М. Бойс,
«Зороастрийцы», М., 1987, səh.107
32. Quran,
27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165
33. У. Бадж, «Египетская
религия. Египетская магия», M., 2000, səh.143
34. Azərbaycan tarixi
üzrə qaynaqlar, B., 1989, səh.111
35. Историческая география Азербайджана, Б., 1987, səh.58
36. Библия, М., 1994, Втор.1:6-8
37. М. Хоренаци «История Амении», I kitab, böl.12
38. İbn Ərəbi,
“Füsus ül Hikəm”, böl. 8
39. Quran, 49:15
Firudin
Gilar Bəg
Комментариев нет:
Отправить комментарий