пятница, 3 ноября 2017 г.

“Allah”, “Tanrı” sözlərinin mənşəyi və batini mənası

Dinlərin əsl mənalarının bu günə qədər açılmaması ona gətirib çıxarıb ki, insanlar dinləri millətlərə aid etməyə başlayıblar. Nəticədə isə Allahların da milliləşməsi söhbəti ortaya çıxıb. Bu gün bəzi insanlar, ərəb dilində hesab edilən “Allah” kəlməsi əvəzinə, türk dilindəki “Tanrı” kəlməsinin istifadə edilməsini “məsləhət” görürlər. Həqiqətənmi “Allah” kəlməsi ərəblərə, “Tanrı” kəlməsi isə türklərə aiddir? Bu suala cavab tapmaq üçün “Allah”, “Tanrı” kəlmələrinin ilk dəfə harada və nə mənada işlədilməsini araşdırmaq lazım olacaq.
Araşdırıcıların gəldiyi nəticəyə görə, Tanrı/Tenqri (TNR/TNQR) kəlməsi ilk dəfə qədim Şumerdə Tinqir/Dinqir (TNQR)  formasında işlənmişdir və “An göylərinin Ali Allahı” mənasını vermişdir. Şumerdə Allah dedikdə kimin və ya nəyin nəzərdə tutulmasını anlamaq üçün Şumer mifologiyalarına nəzər salaq.
Şumer-Akkad mifologiyasında baş Allah Marduk hesab olunur ki, O, Tiamata, yəni ilkin materiyaya, Göy okeanına qalib gələndən sonra, onun bir hissəsini Göy okeanı kimi Allahlar vilayətindən ayırıb, dərya sularında – “başı göylərə çatan” və “göy və yerin təməl evi” olan  “Etemenanki” məbədini tikmişdir. Bu tikilinin başının göylərə çatması, onun elə Babil qülləsi olması deməkdir. Mardukun göylərdə bina tikməsi, Qurandakı bənzər tikilini yadımıza salır: “Allah odur ki, yeri sizin qalmağınız üçün verdi, Göyü bina inşa etdi və sizi formalaşdırdı... Biz artıq Göydə qüllə düzəltdik və onu görənlər üçün bəzədik… [Allah] Sizin üçün yeri bir döşək, Göyü bir bina düzəltdi və sizin üçün Göydən su endirdi… (Quran, 40:64, 15:16, 2:22, 85:1). Başqa yerdə isə bildirilir: «Firon dedi: … Ey Haman, mənim üçün gil üstündə ocaq qala və qüllə tik, bəlkə mən Musanın Allahına qalxdım…  mənim üçün qüllə tik və bəlkə mən Göyün yolları ilə Musanın Allahının yanına qalxdım» (Quran, 28:38, 40:36,37). Belə çıxır, “başı göylərə çatan” bu qüllə yəhudi Allahının yanına qalxmaq üçün tikilmişdir. “Marduk” adı da onu göstərir ki, O, Babil qülləsini tikən mar, amoreylərin, yəni midiyalıların Allahıdır. Başqa sözlə, Qurandakı Allah elə qədim Şumer-Akkad Allahıdır və O, göylərdə tikilmiş bina ilə bağlıdır.
Məşhur tədqiqatçı Devid Rol, Şumer-Akkadların – göydə qüllə tikən Marduk Allahını – “Asar” adlandırır və qədim Misirin Osiris Allahı hesab edir. D. Rola görə, Misir rəmzinin özü – “Asardan (yaranmış) doğulmuş” mənasını verir. O xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadilərini fəth etmək üçün Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışlar. Başqa sözlə, Misir mədəniyyətini Mesopotamiya-Şumer fatehləri yaratmışlar. D. Rol bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. O nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırmışdılar (Д. Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read). Bu isə o deməkdir ki, Asar (Osiris) adı – Enmer-Kar şaha verilən addır. Enmer-Kar (NMR-KR) rəmzi qədim dilçilikdə Qor-Ra-Amon (QR-RMN) rəmzinin digər yazılış variantıdır və bu rəmz də Qor qızılquşu obrazında olan Misirin Ra-Amon Allahını bildirir. Digər tərəfdən, Ra-Amon (RMN) rəmzi qədim dilçilikdə Rəhman (R[h]MN)rəmzi ilə eyni məna verir və Rəhman da Qurana görə göydə bina tikmiş Allahın adıdır. Deməli, İslam Allahı ilə qədim Misir Allahı eyni Allahdır.    
D. Rol yazır ki, Marduk və Assur Allahları, Eridudan olan “Enki və Damkinin (Etemenanki) oğlu” Asardan və ya Asar-Luxidən yaranmışlar. Mardukun əsas ləqəbi Asar-Luxidir ki, “Luxi”, yəni Luhi (LH) rəmzi yəhudi və islam mənbələrində “Eloah” (LH) və “İlah” (LH) kimi yazılıb, Allah mənasını verir. Bu isə o deməkdir ki, İslamın “İlah” rəmzi qədimdə Assurların Asar/Azər və qədim Misirin Ra-Amon Allahına aid edilib. Allahın yeri-göyü yaratması və s. proseslər qədim Misir mənbələrində tam geniş surətdə verilmişdir. Əgər biz bu Allah adlarının nə məna kəsb etmələrini tam anlamaq istəyiriksə, qədim Misir kosmoqoniyasını araşdırmalıyıq.
“Dünya”nın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyanın sirlərini öyrənən firon (pir) Amon, öz simasında Atum Allahını yaratmağa başlayır. O əvvəl Şu, sonra isə Tefnut Allahını yaradır. Onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu qalxaraq yeri göydən ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Osiri (Asar), İsida, Set və Neftidanı yaradırlar. Osiris/Asar və İsidadan isə Qor Allahı doğulur. Bu yaradılışa görə Osiris, yəni Asar Allahı Nut göyündən və Qeb torpağından yaranmışdır. Şu Allahının Nut göyünü Qeb torpağından ayırmasını Şumer yazıları Enlilə aid edir. Burada Enlil Allahı An göyünü Ku torpağından ayırır. Əgər nəzərə alsaq ki, şumerlərin Qinqir/Tinqir (Tenqri) Allahı da An göylərinin Allahıdır, razılaşırıq ki, Tinqir/Tenqri rəmzi də Nut göyləri ilə bağlı olmalıdır.
Türk mifologiyalarında Tengri - Göy Tanrısı adlandırılır və ona “Göyün Uca Tini” deyilir. Türkcə “ruh” mənasını verən “Tin” (TN) rəmzi qədim dilçilikdə “Nut” (NT) rəmzi ilə eyni məna verir. Çin mənbələrində Tenqri/Tinqir rəmzinin “Tien”, yəni “Tin” formasında yazılması da onun Nut göyləri mənasında olması deməkdir. Belə çıxır ki, “Tenqri” rəmzinin “Ten” hissəsi elə “Nut” göyləri mənasındadır. Tenqri rəmzinin “Qri” hissəsi isə Misir mifologiyasında qızılquç obrazında olan Qor Allahını bildirir. Mətnlərdə Qor Allahı – göylərin sahibi, Allahların şahı, günəş Allahı və yerdəki şah, firon obrazında göstərilir. Bu isə o deməkdir ki, Tinqir/Tenqri rəmzi altında həqiqətən də Nut göylərinin sahibi olan Qor Allahı nəzərdə tutulur. Qor Allahının Şumer mətnlərində Enmer-Kar (NMR-KR), yəni Ra-Amon-Qor (QR-RMN) kimi yazılışı isə onu göstərir ki, bu Allah elə Ra-Amon, yəni İslamın Rəhman Allahıdır. Rəhman adındakı [H] rəmzi qədim dilçilikdə və sufi-batinilərdə ilkin materiyanı, yəni İlahı bildirir. İlkin materiya isə gözə görünmür və onu ancaq ekstatik durumda görmək olar. Buna görə də, mətnlərdə [H] rəmzi, digər bənzər [Q], [K], [Ğ], [G] rəmzləri kimi bəzən yazılmır. Məhz buna görə, Tenqri (TNQR) rəmzi mənbələrdə Tanrı (TNR) kimi də yazılır.
Yazdıqlarımızdan belə çıxır ki, “Nut göyünün Qor Allahı” mənasını verən Tenqri/Tanrı rəmzi İslam Allahı olan Rəhmanla eynidir. Maraqlı odur ki, İslamın müqəddəs kitabı “Quran” da - “Qərəə”, yəni “Qor” deməkdir. “Quran” rəmzi sufi-batinilərdə “Qor-An” kimi açılır ki, bu da Şumerlərdə “An göylərinin Qoru” fikrini ifadə edir. Başqa sözlə sufi-batinilərdə “Quran” rəmzi də, “Tenqri” rəmzi kimi – “Nut/An göylərində yaşayan Qor Allahı” fikrini ifadə edir. Quranın batini mənası axirətdə gələn Allaha aid edilir ki, qədim Misir yazılarında da Qor Allahı əsasən axirətdə gələn Mehdi obrazında göstərilir.
Digər tərəfdən, İslamın “Allah” rəmzi də sufi-batinilərə görə Şumer-Assurla bağlıdır. Biz əvvəldə qeyd etdik ki, şumerlər “İlah” rəmzini Asar Allahına aid ediblər. Asar isə ümumi yaradılmış Atum sisteminin bir hissəsidir və bu sistem qədim Misirdə - “Enneadanın Doqquz Allahı” adlandırılır. Atum Allahı bizlərə Adəm rəmzində gəlib çıxmışdır və Əhdi-Ətiqə görə, Adəm yaradılanda dünyanın bir başından o biri başına qədər, nəhəng bir varlıq olmuşdur. Sufi-batinilərdə də Adəm - kosmik İnsan-Allahdır ki, Mühiddin ibn Ərəbi bu nəhəng insanın yaradılışı haqqında “Füsusül Hikəm” kitabında söz açır. Şumerdə “İlah” rəmzi əsasən göydə yaradılmış Adəmə aid edilərək – “İlah-El”kimi yazılır və alimlər bunu Luqal kimi oxumuşlar. “İlah-El” (Luqal) rəmzi isə “El-İlah” mənasınnda Allah deməkdir. Başqa sözlə, müsəlmanlar “Allahu-Əkbər” (Əkbər/Kəbir-Böyük) dedikdə məhz bu Böyük İnsan-Allahı nəzərdə tuturlar. Mənbələrdə Kiş “şəhər”inin Luqalı “Mesilim” adlanır ki, bu da elə müslüm, yəni müsəlman deməkdir.
  Qədim Misirin Atum Allahı Şumer mətnlərində “Atum-Enanki” (Etemananki/Damkin) kimi də yazılır və bu rəmz Marduk Allahının göyü yerdən ayırıb, dərya sularında tikdiyi “Etemenanki” məbədidir. Müasir alimlər qədim sirləri bilmədikləri üçün Mardukun tikdiyi bu başı göylərə çatan qülləni - “şəhər-dövlət”, onun sahibini isə Luqal (İlah-El) adlandırırlar. Əslində isə bu “şəhər-dövlət” göydə və qurban ruhlarından yaradılmış ruhlar dünyasıdır – cənnətdir. Bu cənnət isə elə kosmik İnsan-Allahın – Luqalın bədənindədir. Yerdə tikilmiş məbəd, göydə yaradılmış cənnətin proobrazıdır, yaradılış obyektidir. Göydəki El, yerdəki Elin bənzəridir və bu İlahi El – ilkin materiyadan, onun qurban ruhları ilə qarışığından yaradılmışdır.
 Allah rəmzi ilə bağlı Tirmizinin qeyd etdiyi hədisdə bildirilir ki, Allah Tala Adəmi yaratdığı və ruh verdiyi an, Adəm asqırdı və “Əlhəmdülillah”, yəni “Allaha Həmd olsun” dedi. Adəmin canlandığı zaman “Allah” və “Həmid” rəmzlərini deməsi, bu iki rəmzin məhz Adəmə, yəni qədim Misirin Atum Allahına aid olması deməkdir. Sufi-batinilərdə “Əl-Həmd” rəmzi “Əhməd eli” mənasındadır. Yəhudilərin “Əhmət” rəmzli şəhərinin digər adı isə Midiyanın Ekbatan şəhəridir. Əgər nəzərə alsaq ki, Talmuda görə Adəm - Moria, yəni mar-amoreylərin Midiya torpağından yaranmışdır, qəbul edərik ki, Ekbatan rəmzi altında - göylərdə yaranmış və “Qeyb aləmi” mənasında olan Etemenanki məbədi başa düşülməlidir. Başqa sözlə, Allah – Midiya ərazisində yaradılmış kosmik İlahi İnsanın digər adıdır.
Türk mənbələrinə görə, göydəki İlahi Eli - Türk xaqanı yaratmışdır. Mənbələrdə bu El – Göytürk xaqanlığı adlandırılır. Mətnlərdə xaqan açıq bildirir ki, o Tanrıda olmuş və oranı El etmişdir. Mühiddin ibn Ərəbi, “El” rəmzini “Din” sözü ilə əvəz edir ki, bu da İslam dinin elə Mardukun göydə yaratdığı cənnət mənasında olması deməkdir. Tenqri/Dinqir sözünün Ten/Din hissəsi də İslam “Din”i ilə eynidir. Deməli, “Din” rəmzi elə - Luqal/Allah/Tanrının kosmik bədənindəki Eli mənasındadır.
Tanrı/Tenqri rəmzinın araşdırması da onu göstərir ki, O, Türklərin Tanrısıdır (Türük Tengrisi). Tanrı türklərə xaqan vermişdir, onları qoruyur, onların çağırışına hazır olur və onları başqa xalqlardan üstün sayır. Tanrı - Türk xalqının məhv olmasının qarşısını alır, onların təkrar bir olmasına hökm verir. Göyü əhatə edən Türk Tanrısı - təbiəti, iqlimi öz istəyinə uyğun dəyişmə qüdrətinə sahibdir. O – Türklərin Atalarının ruhları ilə bağlıdır və türklər də Ataların ruhlarına ayinlər, mərasimlər keçirir, qurbanlar kəsir, ağac əkirdilər. Digər tərəfdən, türklər “Tanrı” dedikdə, təkcə göylər, səma və s. nəzərdə tutulmur. Onlar həm də böyük bir dağa, böyük bir ağaca və s. də Tanrı deyirdilər ki, bu da Türk Tanrısının yaradıldığı Tanrı dağı ilə, göydə yaradılmış “Dünya” (Həyat) ağacı və s. ilə bağlıdır. Tanrının, bilavasitə türkləri özünə qulluq üçün ayırdığını mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqalədə göstərmişəm.
“Allah” rəmzinə gəldikdə isə tam məsuliyyətlə deyə bilərəm ki, bu rəmzin indiki ərəblərə heç bir aidiyyəti yoxdur. “Allah” rəmzi Luqal və s. formalarda Assur, Şumer xalqına aiddir ki, bunların da əhalisi mar, amoreylər olmuşdur və onlar Midiya xalqı olan Azəri (Xəzər) Türk seyid bəglərinin nəslidir. Bu seyid-bəglər bu gün də çətinə düşəndə “Ya Cəddim” deyib, əcdadları Rəhman Allahı, yəni qədim mənbələrdəki Ra-Amon/Marduk/Asar Allahını çağırırlar.
Mən, “Batini-Quran” kitabımda və çoxsaylı  məqalələrimdə İslamın bütün əsas rəmzlərinin məhz Azəri Türk seyid-bəglərinə aid olmasını, onların isə hələ e. ə. VII əsrdə Midiya dağlarında “Şərqin Ərəbi” ölkəsini yaratmalarını elmi sübut etmişəm.

                                                     Firudin Gilar Bəg

Комментариев нет:

Отправка комментария