вторник, 28 января 2014 г.

Peyğəmbərin Ayı bölməsinin batini izahı


Qurana (54:1,2) görə, qiyamət saatı yaxınlaşdıqda ay iki yerə bölünəcək. Lakin insanlar bu möcüzəni gördükdə üz döndərərək: “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Bu hadisə haqqında hədislərdə də məlumatlar verilir. Yazılanlara görə, müşriklərin on dörd nəfəri Həzrətin hüzuruna gəlib, onun peyğəmbərliyinin nişanəsini soruşurlar. Peyğəmbər də sübut kimi aya əmr edir ki, iki yerə bölünsün. Ay iki yerə bölünür. Sonra isə Peyğəmbərin əmri ilə ay əvvəlki halına gəlir.
Peyğəmbərin bu möcüzəsini anlamaq üçün qədim müdriklərin məntiqlərini və rəmzlər dilini bilmək lazımdır. Çünki bütün qədim yazılar məhz xüsusi məntiqlə yazılmışdır və bu rəmzlər dili qədimdə sofi, islamda isə sufi elmi kimi qalmışdır. Dünyanın ilk və vahid dili olan bu dil, təbiət qanunlarına əsasən yaradılmışdır və batin elmi adlanır. Quranın da adi, yəni hərfi mənasından başqa batini mənası var və onu yalnız qədim sirlərdən xəbərdar olanlar bilmişlər. Biz də məhz bu “dil” vasitəsi ilə “ayın bölünməsi” rəmzinə izah verəcəyik.
“Batini-Quran” kitabında və məqalələrimdə mən sübut etmişəm ki, Allahın bir olduğu kimi, bütün dinlərin mənbəyi də birdir və qədimdə baş vermiş sirli hadisə ilə bağlıdır. Bu hadisə ən qədim mənbələrdə “Dünya”nın yaranması kimi qeyd olunur və burada söhbət yaşadığımız fiziki dünyadan yox, Misir fironu Amonun magiya və qurbanlar vasitəsi ilə göydə yaratdığı ruhlar dünyasından gedir.
Tövrata görə, dünyanın yaradılışının dördüncü günü, Allah - iki Nursaçan yaradır. Burada Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçündür. Böyük Nursaçan dedikdə, qədim Misir fironu Amon tərəfindən göydə yaradılmış və Amon öləndən sonra onun ruhu ilə birləşərək Ra-Amona çevrilən Ra günəş diski başa düşülməlidir və axirətədək dünyanı məhz bu Allah idarə edir. Kiçik Nursaçan dedikdə isə, axirətdə Ra-Amonun yerinə “keçəcək” Mehdinin rəmzi olan Ay obrazı təsəvvür olunmalıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir.
Müsəlmanlığın rəmzi sayılan Ay rəmzi, ən qədim mənbələrdə Arrandan (Xarran) olan Sin, El-Amurru və s. Allahlara aid edilir. Yazılanlara görə, axirətdə Misir fironu Amonun törəmələrinin nəslindən bir insan doğulacaq və onun bədənində Allah ruhu olacaq. Mehdi və ya Məsih obrazında olan bu insan öldükdən sonra onun ruhu göylərə qalxaraq, “Dünya”nın yaradılması zamanı yaradılmış Ay diski ilə, yəni Kiçik Nursaçanla birləşəcək. Bundan sonra isə hər iki dünyanın sahibi Mehdi olacaqdır. Deməli, Ay obrazı, axirətdə Ra-Amon (Ra-Əman - Rəhman) Allahın yerinə “keçəcək” Mehdinin obrazıdır.

Qədim Misirlilərin «Amduat kitabı»nda (“Ölüm şahlığı Duatda olanlar kitabı”), axirətdə Ra-Amon Allahının Ay Allahı ilə əvəz olunması hadisəsi təsvir olunur. Bu kitabda, Günəş Allahı olan Ra-nın 12 saat ərzində bataraq, “yerin altında olduğu zaman” dəyişməsi və səhər qoca Günəşin əvəzinə, «gecə Günəşi» adlandırılan yeni -cavan Günəşin çıxması təsvir olunur. Köhnə Günəş, ölüm şahlığı Duata daxil olur və  onun yerinə «gizlində olan» «gecə Günəşi» zühur edir. Burada «gizlində olan» Mehdinin əsas xüsusiyyəti kimi, onun biliyi nəzərə çatdırılır və Allahla bağlı sirləri bilənin Böyük Allahın bənzərinə çevriləcəyi  bildirilir. Ona qədər Duatın sirli obrazı heç bir insan tərəfindən dərk edilməyəcəkdir. Duatdakı qurbanlar bu sirləri bilənə məxsusdur, yəni qurbanlardan yaranmış ruhlar dünyasının sahibi də o olacaqdır.

   Ölüm şahlığı Duatın sistem və ierarxiyası ismailiyə fəlsəfəsində geniş şəkildə təsvir olunur. İsmailiyə fəlsəfəsinə görə dünyanın yaranmasının əsas səbəbi – İlahi əmrin həyata keçməsidir. Dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”) ibarətdir və hərəsinin öz ali xətibi var. Onlar “Dai Duat əl-cəzirə” adlandırılır. İnsan tarixi burada dövrlərə və eralara bölünür ki, “böyük” dövr – Adəmdən Əl-Qaimə, yəni Mehdiyə qədər olan dövrdür. Mehdinin gəlişinin əsas mahiyyəti - dini qanunun, yəni İslamın “zahiri” qəbulunu ləğv etmək və İlahi həqiqətlər olan batini sirləri tam açaraq insanlara izah etməkdir. Öləndən sonra isə Mehdinin ruhu - zamanın sahibinə, yəni axirətin Allahına çevriləcək.

Bilən adamın Allaha çevrilməsi rəmzi mənbələrdə yaradılışın əsas şərtlərindən sayılır. İlkin materiyanın qanunlarına görə, yalnız onun sirlərini bilən ilkin materiyanı idarə edə bilər. “Dünya”nın yaradılışı zamanı Amon Allahı da ilkin materiyanın bütün sirlərini dərk etdikdən sonra Allaha çevrilmişdir. Deməli, axirətdə gəlməli olan da, bu rəmzləri təkrar etməlidir. Əks halda kiminsə Ra-Amon Allahının yerinə keçməsi mümkün deyildir. Kitabda bunları bilməyin vacibliyi əsas ideya kimi tez-tez təkrarlanır.

“Amduat kitabı”ndakı səhnədə bütün prosesə nəzarət edən, «O, - Hansı-ki – Torpağı – Möhürləyir» rəmzini daşıyan, Günəşin səyahətinin birinci dövrünün qapılarını bağlayan Allah göstərilir və bu da Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Məşhur sufi Mühiddin İbn Ərəbi bu Allahı “öz xəzinəsini möhürləyən Hakimi-Mütləq” adlandırır və bildirir ki, Böyük Allah möhürlə öz Xəlq etdiyini, möhür xəzinəni gözlədiyi kimi gözləyir. Dünyada bu Kamil İnsan yaşadıqca, dünya qorunacaq. Misir mətnlərində bu Allah – “möhür gözləyən evin gözətçisi” adlandırılan Nu-Oziri (Nu-Osiris) kimi də qeyd edilir. İsmaili fəlsəfəsində bu obraz ölümsüz Nizar kimi məlumdur. Deməli, İbn Ərəbi “Dünya” dedikdə Kamil İnsanı, yəni Adəm obrazında olan göy insanını nəzərdə tutur və qədim Misir mənbələrində bu insan Atum Allahı adlandırılır. Digər sufi dahisi Qəzali isə məhz bu kosmik insanı Məhəmməd peyğəmbər kimi təqdim edir. Bu isə Məhəmməd peyğəmbərin, Allahın möhürü mənasında olan kosmik insan olması deməkdir. Hz. Məhəmmədin peyğəmbərlərin möhürü olması Quranda (33:40) da xüsusi nəzərə çatdırılır.

İbn Ərəbi yazır ki, “Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə peyğəmbərlərin möhürü oldu”. Qədim Misirin “Ölülər kitabı”nda da bu mənada olan Allah bildirir ki, “torpaq” yarananda o artıq Beytdə peyğəmbər idi. Deməli, peyğəmbərlərin möhürü olan Həzrəti Məhəmməd, Günəş Allahı olan Ra-Amonun obrazıdır. Axirətdə isə onun yerinə qədim sirləri bilən gizli imam keçəcəkdir və bu obrazda da mənbələrə görə ”möhür” olacaqdır. 

Hədislərə görə də, imam Mehdidə də, Hz. Məhəmməddə olduğu kimi  "peyğəmbərlik möhürü" olacaqdır və axır zaman peyğəmbəri, peyğəmbərlik möhürü ilə tanınacaq. Bu isə o deməkdir ki, Günəş Allahının yerinə keçəcək Ay Allahı rəmzində olan Mehdi, axirətdən sonra Ra-Amon (Rəhman) Allahı kimi iki dünyanın Allahına çevriləcək və bundan sonrakı zamanın sahibi məhz o olacaqdır.

Bu çevriliş qeyd etdiyim kimi Duat aləmindən başlanacaq. Axşam, Ra-Amon Allahı ölüm şahlığı Duata daxil olacaq. Ölən Mehdinin ruhu da göyə qalxaraq, ruhlar dünyasının yaradılışı zamanı yaranmış Ay diski ilə birləşəcək və səhər, artıq Ra-Amon Allahının əvəzinə Ay Allahı olan Mehdi çıxacaq. Mənbələrdə bu “gecə Günəşi” də Ra günəşi kimi qeyd olunur. Quranda bu hadisə eyni zamanda Günəşin ayla, yəni günəş Allahı Ra-Amonun Ay Allahı Mehdi ilə birləşməsi kimi də qeyd olunur: “Qiyamət günü nə vaxt olacaq?”– deyə soruşurlar: Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın birləşəcəyi zaman”. Belə çıxır ki, axirətdə Ra-Amon Allahla Mehdinin ruhu bir Günəş (və ya Ay) obrazında birləşəcək.

Quranın 54-cü surəsi Qəmər adlanır və bu da Ay mənasındadır. Bu rəmz sufizmdə Qam-Ər kimi açılır və qədim mənbələrdə “hər şeyi bilən” mənasını verən “qam” (şaman) rəmzindən və Ər [R], yəni Ra [R] mənasında günəş rəmzindən ibarətdir. Qam [QM] rəmzi mənbələrdə əl-Qaim [QM] kimi də yazılır və gizli imam Mehdinin rəmzlərindən biri hesab olunur. Lakin qaim/qam rəmzindən eyni zamanda «Qiyama» rəmzi də yaranmışdır və bu axirətdə baş verəcək «qiyamət» mənasındadır. Deməli, Mehdi obrazı eyni zamanda axirətdə gəlməli olan və hər şeyi bilən qam-şamanın obrazıdır. Mehdiyə aid olan - «Qaim bi-əmr Allah» rəmzi  (yəni ”Allahın əmrini yerinə yetirən”), Mehdinin – Allahın əmrindən yaranması və onun əmri ilə hərəkət etməsi deməkdir.

Qam-Ər [QM-R] rəmzi digər mənbələrdə Ərqam [R-QM], Rəhim [R-HM] və s. kimi də yazılır və sufizmdə bu rəmzlər eyni məna kəsb edir. İslamın əsas rəmzlərindən olan «Bismillahu Rəhmani Rəhim» rəmzi də sufizmdə «Göylərin sahibi olan Allahın ruhu Ra-Əmanın və Ra-qamın ruhudur» kimi açıqlanır. Bu isə Rəhim rəmzinin Rəhman rəmzi kimi Allaha aid edilməsi deməkdir. Bu rəmzlərin tam izahını mən “Batini-Quran” kitabında vermişəm. Bütün bunlar o deməkdir ki, İslama görə də Rəhman Allahdan sonra, ilkin materiyanın qanunlarını bilən insanın ruhu göylərə qalxaraq “gecə Günəşi” mənasında olan Ra diski ilə birləşəcək və Rəhim Allaha çevriləcək. Deməli, axirətdə Rəhman Allahın yerinə Rəhim Allah “keçəcək” və bundan sonrakı zamanın sahibi də məhz Mehdi obrazında olan Rəhim olacaq.

Göydəki ruhlar dünyasının yaranışı zaman yaradılmış Mehdinin obrazı, göy elinin, yəni ilkin materiyanın rəmzi olduğu üçün qədim mənbələrdə onu El Allahı adlandırırdılar və İslamda bu rəmz Əli kimi qalmışdır. El Allahını, qədim Misirdə Allah ruhu mənasında olan Şu kimi də qeyd edirdilər. Daha sonralar Şu rəmzi yəhudilərdə Yeşua Allahına, yəni İsa Allaha çevrildi. İslamda Şu Allahının ardıcılları məhz bu mənada Şiə adlandırılmağa başlandı. Şiə nizarilərinin xristianlıq dövründə Yeşua nazareyliləri, qədim Misir mənbələrində isə Şu Allahının Nu şəhərində yaşayan Oziri (Nu-Oziri) nəsli adlanmasını mən “Batini-Quran” kitabında və məqalələrimdə sübut etmişəm.

Ən qədim mənbələrə görə axirətdə, mətnlərdə eyni zamanda Sin kimi qeyd olunan və Arrandan olan El-Amurru  (Əli-Əmir) obrazı gələcək. Sin rəmzindən isə Sünnü rəmzi yaranmışdır və bu da İslamın digər qolunun adıdır. Deməli, İslamın “Sünnü” və “Şiə” rəmzləri eyni mənalı olub, Ay obrazlı Mehdini gözləyənlərə və onun ardıcıllarına aiddir.

Qədim Misirin Şu Allahı xristianlıqda İsa kimi qeyd edilir. Belə çıxır ki, Mehdi öldükdən sonra, onun ruhu, yəni mənbələrdə Şu, Yeşua, İsa adlandırılan peyğəmbər, yazdığımız kimi əvvəlcədən yaradılmış Ay diski ilə birləşərək ilkin materiyadan yaradılmış bu Ay diski ilə vəhdət təşkil edəcək.

Məhkəmə günlərinin ilk dövrlərində Ay Allahı insan gözünə görünəcək qədər aydın olacaq və insanlar axşam göydə iki Ay görəcəklər. Bunlardan biri həmişə gördüyümüz Ay planeti, digəri isə ilkin materiyadan yaradılmış və Mehdinin ruhu ilə birləşmiş Aya bənzər İlahi Varlıqdır. Fəzada, bir-birinə qarşı duran dağların üstündə bu iki Ayı gördükdə, insanlar çox təəcüblənəcəklər. Quran məhz bu hadisəni təsvir edərək yazır ki, qiyamət yaxınlaşdıqda ay iki yerə bölünəcək və insanlar bu möcüzəni gördükdə - “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Həqiqətdə isə Ay Allahı olan Mehdi dünyanı axirətdən sonra da təxminən 2200 il idarə edəcək. Bu həqiqətlər silinməz yazı ilə yazıldığı üçün dəyişməzdir və Amon Allah tərəfindən idarə olunur.

Yazdıqlarımızdan belə nəticə çıxır ki, qiyamət zamanında Ayın iki yerə bölünməsi, real şəraitdə baş verəcək mistik bir hadisənin rəmzlərlə ifadə olunmasıdır. Bu hadisələrin baş verməsinə heç kimdə şübhə olmamalıdır. Çünki qədim müdriklər o dərəcədə ağılsız olmamışlar ki, bütün qədim ədəbiyyatı və müqəddəs kitabları olmayacaq bir şeyə həsr etsinlər. Əksinə, qədim müdriklər tam kamilliyə çatdıqlarına görə mənbələrdə onları “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” müdriklər adlandırmışlar. Onların yaratdıqları yaşayır, əvvəlcədən təyin etdikləri hökmlər isə bu gün də çox dəqiqliklə həyata keçir və hələ ən azı 2200 il də öz güçündə qalacaqdır.


Firudin Gilar Bəg            

www.gilarbeg.com



Комментариев нет:

Отправить комментарий