суббота, 11 января 2014 г.

İslamın 124 min peyğəmbəri kimlərdir?



Hədislərə görə Allah, Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər 124 min peyğəmbər göndərmişdir. Bu peyğəmbərlər nəsli Qurana görə Adəm, Nuh, İbrahim və İmranın nəslidir ki, Allah onları aləmlərdən üstün yaratmışdır (1). Lakin bu peyğəmbərlər haqqında demək olar ki heç yerdə açıq məlumatlar verilmir. Biz isə ümumiyyətlə peyğəmbər sözünün əsl mahiyyətini hələ də bilmirik. Buna görə də 124 min peyğəmbərin kimliyi barədə yeni söz deməklə bərabər, “peyğəmbər” sözünün də batini, yəni həqiqi mənasını açmaq qərarına gəldik.
Dilimizdəki “peyğəmbər” kəlməsi fars sözü kimi qəbul olunmuşdur və “xəbər gətirən” mənasındadır. Sözün kökü olan “peyğəm” kəlməsinin “xəbər”mənasında olması, bu sözün türklərə aid olması deməkdir.  Çünki, “peyğəm” sözündəki “ğəm”kəlməsi – qam (şaman) mənasında türklərə aiddir. Şamanlıqda “qam” rəmzi - qamlama, yəni kahinin ekstatik vəziyyətini (“Om” rəmzi) bildirir ki, bu zaman şaman ilkin materiyadan (“Hu” rəmzi) informasiya almağa başlayır.
Peyğəm sözünün digər hissəsi olan “pey”rəmzi sufizmdə, yəni hər samitin bir rəmz olduğu Batin elmində “P” samitinin müqəddəslərə aid edilməsini bildirir. Bu rəmz Gül-Təkin türk abidəsində Apa, Apıt kimi qeyd olunur. Qədim Misir mətnlərində Apıt rəmzi - Pta (Apet/Yafət) Allahının törəmələri mənasında “Pe ruhları” kimi yazılır və ilk hökmdarlara aid edilir.
Mənbələrə görə, qədim Misirin ilk fironu Amon ilkin materiyanın sirlərini dərk edərək ondan, yer kürəsini əhatə edən Atum Allahını yaradır. Bu yaranış zamanı firon Amon özünü ilkin materiyanın Pta Allahı adlandıraraq, söz, fikir, qurban və magik rituallar vasitəsi ilə Atumu, yəni Adəmi formalaşdırır. Daha sonra Amon, insan formasında olan bu kosmik Adəmin yerdə bənzərlərini yaradır. Devid Rol bu bənzərləri “ilkin dövrün böyük ruhları”, “inşaatçı Allahlar”, “müdriklər qardaşlığı”, “Yaradıcının övladları” və s. kimi qeyd edir (2). Əflatun bu ilk yaradılmış varlıqları “Allahlar Allahları” adlandırır (3). Tarixçi M. Xorenatsi isə bu Allahlar nəslini Babil qülləsini tikən nəhəng varlıqlar kimi qeyd edir (4).
Tövrata görə, Şərqdən gələn bu varlıqlar “başı göylərə çatan” Babil qülləsi tikirlər və Allah onların elmlərinin çoxluğunu görüb, dillərini dəyişdirir və dünyaya səpələyir. Quran bu haqda yazır: «İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi və aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar» (5). Deməli, “Pey” rəmzi - ilkin materiyadan, yəni dirilik suyundan yaradılmış 120 min Misir Allahlarına (“Pe ruhları”) aiddir ki, bunların da atası və yaradıcısı Ra-Amon Allahı sayılır. İslamda bu varlıqlar mühacirlər (məkkəlilər), digər mənbələrdə isə qoq-maqoq (yəcuc-məcuc), kimmir (qamər), arimasp və s. adlarla adlandırılırlar. Belə çıxır ki, “peyğəm” rəmzi, ilkin materiyadan informasiya alma qabiliyyətinə malik 120 minlik fövqəladə qüdrətli varlıqlara aid edilməlidir.
Peyğəmbər sözündəki “bər” rəmzi isə “ibri”, “əvrə”, yəni “ibrani” mənasında yəhudi, seçilmiş deməkdir. Kitabi –Dədə Qorqudda bu rəmz “əvrən” kimi yazılır və “Adəmilər əvrəni”, “ərənlərin əvrəni” mənasında “Adəmin seçilmişi”, “ərənlərin seçilmişi” fikrini bildirir (6).
Bu gün artıq məlumdur ki, “yəhudi” rəmzi mənbələrdə Xəzər türk xaqanına və bəglərə (bəy) aid edilir. Kitabi-Dədə Qorqudda məhz bu bəg-ərənlər “dünya mənim” deyərək, dünyanın sahibləri olması ilə öyünmüşlər. Bu isə o deməkdir ki, peyğəmbər rəmzi türk bəylərinə də aid edilməlidir.
Sufizmdə ilkin materiyadan informasiya alma yolu - tərikə yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Türk (türük) rəmzi də bu mənada “tərikə yolunu gedən” fikrini ifadə edir. Silsilənin “bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə olmur. O, mənbələrdə dirilik suyu, ilahi od və s. adlandırılan ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. ilahi qüdrətə sahib olur. Qeyd etdiyimiz kimi, qədim Misir mənbələrinə görə bu səviyyəyə yalnız bir nəfər – Misirin ilk fironu olan Amon (Əman) çatmışdır. O, ilkin materiyadan Ra günəş diskini yaratmış və Özü fiziki öləndən sonra, onun Ba adlandırdığı ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon Allahına - Rəbbə (Bər) çevrilmişdir. Daha sonra firon Amon qurban ruhlarından göydə ruhlar dünyası yaratmışdır. Kitabi-Dədə Qorqudda bu yaranış “qom qomlamam qoma yurdum” adlandırılır ki, bu da qamlama vasitəsi ilə göydəki Qam ölkəsinin yaradılması deməkdir (7). Qədim Misir mənbələrində Qam ölkəsi “Kem” kimi yazılır və Misirin başqa adı kimi qəbul olunmuşdur. Bu isə o deməkdir ki, qədim Misir Allahları elə türk bəg ərənlərdir və Orxon-Yenisey yazılarında da türk xanının göydə Allah yaratması açıq yazılır.
Quranda Ra-Amon (Ra-Əman) rəmzi Rəhman kimi qeyd olunur və Allah mənasını verir. İslamda Amon Allahının Ba ruhu - Vallah kimi məlumdur. «Piramida mətnləri»ndə Ba ruhu – Allahların və fironların malik olduğu güc, qüdrət təcəssümüdür və quş kimi təsvir olunur. Quranda da insanın ruhu mənasında olan quşun, hər bir insanın öz boynunda “bərkidilməsi” qeyd olunur (8). Əlləri və başı insanınkı kimi təsvir olunan bu quş, bədənin ölümündən sonra göyə qalxaraq Benu qiyafəsi alır. Rəvayətlərdə Simurq (Zümrüd), Humay, Feniks, Qaruda və s. adlandırılan bu quş inama görə, hamıya köməklik edir, möcüzələr göstərir və uzaq məsafələri ani vaxtda qət edə bilir və s.
Lakin sufizmdə Benu [BN] rəmzi, peyğəmbər mənasında olan Nəbi [NB] rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, xəbərçi mənasında olan Nəbi dedikdə, göydə Ra diski ilə birləşən və ölümsüzlük qazanan fironun Ba ruhu başa düşülməlidir. Bütün bunlar isə onu göstərir ki, “peyğəmbər” rəmzi altında adi ölümlü insan yox, “göylərdə ölümsüzlük qazanmış müqəddəsin ruhu” başa düşülməlidir.
Əflatuna görə də, peyğəmbərlik edən, yəni göydə olaraq fikrən informasiya göndərənlər peyğəmbər adlandırılmalıdır. Bu informasiyanı qəbul edənlər isə rəmz oxuyanlar, yozanlar tayfasıdır. Əflatun «Timey»  əsərində bildirir ki, ilk yaradılmış Allahlar nəsli, Ra-Amon Allahının əmrinə uyğun olaraq, rəmz oxuyanlar, yozanlar tayfası yaratmış və onlarda «gələcəyi görmə»ni təsis etmişlər: “Buradan da belə bir adət əmələ gəldi ki, Allahla bağlı «gələcəyi görmələrə», yalnız bu iş üçün ayrılmış «baxıcılar» nəsli, «anlayan tayfa» hökm verə bilər. Düzdür, bəzən onların özlərini də peyğəmbər adlandırırlar, bu isə yalnız bilməməkdən irəli gəlir. Çünki onlar yalnız sirli görmələri və [rəmzi] dili yozurlar və buna görə də həqiqət naminə onları peyğəmbər yox, gələcəyi görənlərin təfsir verəni, şərhçi adlandırmaq lazımdır» (9). Əflatunun yazdıqlarından belə çıxır ki, Allahla bağlı məlumatları, yalnız bu iş üçün xüsusi yaradılmış tayfa verə bilər. Çünki Allah məhz onlarda gələcəyi görməni və Allahla əlaqəni təsis etmişdir. Peyğəmbər deyəndə də məhz bu nəsildən olan rəmz oxuyanlar başa düşülməlidir. Quranda da xüsusi nəzərə çatdırılır ki, - “Biz o göndərilən peyğəmbərləri müjdəçi və xəbərçilər kimi göndəririk” (10).
Qurana görə, vəhy zamanı peyğəmbərin ürəyinə Ruhul-Əmin enir və məhz bundan sonra o peyğəmbər kimi fəaliyyət göstərməyə başlayır: «Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!» (11). Ruhul-Əmin rəmzi, adından göründüyü kimi, Əmin, yəni Amon (Əman) Allahın ruhudur və onun enməsi də, Əmanın göndərdiyi informasiya mənasındadır. Məhəmməd peyğəmbərin də mənbələrdə Əmin adlandırılması, onun Amon Allahının ruhu mənasında olması deməkdir.
Əl Fərabi, «Xeyirxahlıq şəhərin əhalisinin baxışları haqqında traktat»ında, vəhyləri qəbul etməni, ilkin materiya mənasında olan “fəal ağıl”ın, Allah vasitəsilə rəmz oxuyanlar nəslinin ağlına “axıb tökülməsi” kimi göstərir. Fərabiyə görə, bu insanların ruhları «fəal ağıl»a, yəni ilkin materiyaya birləşmişdir və kamildir (12). İslamda bu ilahi mahiyyətin rəmz oxuyanların ürəyinə “axıb tökülməsi” Fayd [FD] rəmzi ilə qeyd olunur ki, bu da Pta [PT] rəmzi mənasında ilahi mənbədən, yəni ilkin materiyadan, təsəvvür olunan varlığa tökülməsi  mənasındadır. İslamın «Sudur» rəmzi də bu tökülmə mənasında – mütləq ilahinin, yəni ilkin materiyanın axaraq, göy dünyasını yaratması fikrini ifadə edir.
Qədim Misir mənbələrində rəmz oxuyanlar tayfası “Qor ardıcılları” adlandırılır. Mən “Misir Allahlarının yaranış prosesi və onların törəmələri” adlı məqaləmdə göstərmişəm ki, Ra-Amon Allahının yaranış prosesini təkrar edən “Qor ardıcılları”, mənbələrdə ölümsüz hesab olunan pirlər nəslidir. Şumer-Akkad mənbələrində “içdə iki insan, içdə bir Allah” adlandırılan bu insanlar, digər mənbələrdə ölümsüzlük qazanmış Xızır nəsli hesab olunur və Xızır-Yafət mənasında Xazarapati adlandırılırlar. İslamda “Qor ardıcılları” - Quran (Qərəə) əhli kimi məlumdur ki, İslamın qanunlarına əməl edən bu insanların bədəni fiziki öləndə, ruhları Adəm kimi cənnətdə ölümsüzlük qazanır.
Bütün bunlar onu göstərir ki, İslamın qəbul etdiyi 124 min peyğəmbər - ilkin dövrlərdə yaradılmış 120 min Allah törəmələri və sonradan doğulmuş 4 min “Qor ardıcılları”dır. Peyğəmbər dedikdə də, ilkin materiya ilə vəhdət təşkil edən Apa (Pe) ruhlarından informasiya alan seçilmişlər nəsli, yəni “Qor ardıcılları” başa düşülməlidir.
Son dövr alimlərinin gəldiyi nəticələrə görə, “Qor ardıcılları” – Mesopotamiyanın böyük qəhrəmanlarıdır (13). Psevdo-Lukian (“Əbədiyaşarlar”) bu qəhrəmanları - “özlərini Allaha həsr etmiş peyğəmbərlər qrupu» kimi Midiya maqlarına aid edir. Midiya dedikdə indiki Azərbaycan ərazisi nəzərdə tutulur ki, Şihabəddin Yəhya Sühravərdiyə görə burada yaşayan batini türklərini Allah özü idarə edir. Mənbələrdə nizarilər kimi də qeyd olunan bu ifrat şiələr nəsli - Quranın gizli mənalarını bildikləri üçün batinilər adlandırılmışlar. Onların İşıq (Nur) haqqında yüksək təlimi Əflatun və ondan əvvəlki müdriklərin təliminə uyğundur. Deməli, peyğəmbərlər nəsli deyəndə Midiya ərazisində yaşayan nizari türkləri nəzərdə tutulmalıdır ki, İslamda bu “Qor ardıcılları” ənsarilər kimi məlumdur. Məhz bu ismaili-batinilər mənbələrdə məlahilər, mülhidlər, yəni mələklər nəsli adlandırılır ki, Qurana görə elçilər mələklər nəslindən göndərilir (14).
Məşhur sufi İbn Ərəbiyə görə, peyğəmbərlər xüsusi müqəddəslərdir ki, yüksək əbədi səviyyələri mövcuddur və onlar odda, yəni cənnətdə elçi və peyğəmbərlərlə əbədi olurlar. Ərəbi bu müqəddəsləri, Məhəmməd peyğəmbərin xalqı kimi qeyd edir və onların bütün xalqlardan üstün olmasını vurğulayır. Kitabının girişində Ərəbi, Məhəmməd peyğəmbəri və onun nəslini, «ilahi qüvvələri oyadan» adlandırır və bildirir ki, «O cəmiyyət başçısı və insan nəslinin ağası, havadarlıq qapısını açandır - Məhəmməd, öz xüsusi məqamında hökmranlıq qazanmışdır» (15 ). Əl Qəzali irsininin araşdırıcısı R. Nikolson bu səviyyəli insanlar haqqında yazır: «Vəli, yəni müqəddəs - Kamil İnsanın (Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi «birdən görmə», «görülməyən və başa düşülməyən şeyləri görmə», «hər şeyin aydınlaşması» və s.-dən başqa bir şey deyildir» (16). Deməli, peyğəmbərlər nəsli ekstatik vəziyyətdə, yəni qamlama vasitəsi ilə Allahdan və ya ilkin materiyadan informasiya alan müqəddəslərdir.
Qəzaliyə görə, Məhəmməd peyğəmbər kosmik insandır və kainatın sabitliyi və qayda-qanunu ondan aslıdır. Ərəbi, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (17 ). Məhəmməd peyğəmbərin, Adəm yaradılmamışdan peyğəmbər olması qədim Misir yazılarında da nəzərə çatdırılır. «Ölülər kitabı»nda (1,117-ci böl.) bildirilir ki, Amon Allahı Abidosda qurban gətirərək, taxtı üçün su yaradır. Qurbanlarının ruhlarını Beytdə yerləşdirən Allah, göydəki Qeb (Qeyb) dünyası yaradılanda artıq Abidosda peyğəmbəri idi. Bu isə o deməkdir ki, Hz. Məhəmməd Əmin - qədim Misirin Ra-Amon (Əman/Əmin) Allahının obrazıdır.
Hədislərin birində Məhəmməd peyğəmbər deyir: «Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim daxili vəziyyətimdir». Peyğəmbərin daxili vəziyyətinin həqiqət olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin materiyadan ibarət olması deməkdir. Batinilikdə “Məhəmməd” rəmzi – “Midiya maqı” və “Qam Adəm” kimi də oxunur ki, bu da peyğəmbərin Midiyada yaradılmış Atum Allahının (Adəm) obrazında olması deməkdir.
Məhəmməd peyğəmbərin Allahın rəsulu olması da onun kosmik insan obrazında olması mənasındadır. Sufizmdə “rəsul” [RS-L] rəmzi “İsrail” [SR-L] rəmzi ilə eyni mənalıdır. Tövrata görə Yaqub [QB] peyğəmbər Allahla (ilkin materiya ilə) güləşir və Allah onun adını dəyişdirib İsrail qoyur. Batin elmində bu rəmz, göyləri əhatə edən ilkin materiyada Qeb (İslamda Qeyb, Kəbə) göy dünyasının yaradılması mənasındadır ki, İsrail rəmzi də Usiri-El, yəni qədim Misirin Osiris Allahının eli deməkdir. Məhəmməd peyğəmbərin Allah rəsulu olması, onun, Osiris Allahı obrazında ilkin materiyada yaradılmış kosmik insan, yəni Adəm (Atum) formasında olması deməkdir. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Müqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır ki, bu da Adəmin, yəni Atum Allahının bədənindədir.
Hədislərin birində peyğəmbərimiz deyir: «İsraili peyğəmbərlər idarə etmişlər. Onlardan biri ölən kimi, onun yerinə digəri keçirdi. Lakin məndən sonra peyğəmbər olmayacaq, yalnız xəliflər olacaqdır və onlar çox olacaqlar». Peyğəmbərdən soruşdular: «Sən bizə nə etməyi məsləhət görürsən?». O, dedi: «Siz onlara içdiyiniz anda sadiq olun. Onlara çatası olanı onlara verin. Allah onlardan, sizi necə idarə etdiyini soruşacaq» (18). Bu hədisdən belə məlum olur ki, Məhəmməd peyğəmbər İsrailin, yəni göydəki Usiri elinin son peyğəmbəridir.
Quranda da açıq yazılır ki, bu kitab, Allahın aləmlərdən üstün etdiyi İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və varislər olaraq ucaldılmışlar (19). Mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə göstərmişəm ki, İsrail oğulları rəmzi altında pirlər, bəglər, seyidlər, şıxlar və s. Azəri türk müqəddəsləri nəzərdə tutulur. Hürufi deyimlərinin birində də deyilir: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır» (20). Bu isə o deməkdir ki, günəş Allahı hesab olunan Ra-Amon Allahı Azərbaycan ərazisindən ərşə yüksəlmişdir və peyğəmbərlərin vətəni də məhz buradır.
İzrail (İsrail) rəmzinin Əzrail rəmzi ilə eyniliyi onu deməyə əsas verir ki, bu 124 min peyğəmbər, eyni zamanda Allahın əmri ilə insanların canlarını alan ölüm mələkləridir. Qədim mənbələrə görə, məhz bu ölməz peyğəmbərlər ordusu axirətdə yerə enərək, burada insanları mühakimə edəcək və axirət məhkəməsi quracaqlar.
Peyğəmbər sözü yunan və latın dilində “profetes”, “profeta” kimi səslənir ki, bu da “pir Yafət” mənasında qədim Misirdəki “firon Pta” fikrini ifadə edir. Rus dilində peyğəmbər sözü  “prorok” kimi yazılır və bu rəmz sufizmdə “pir-Kor”, yəni “firon Qor” mənasını verir.
Qədim Misirin “Bexdetdən olan Qor və qanadlı disk haqqındakı rəvayət”ində bildirilir ki, düşmənlərinə qalib gəldikdən sonra, qanadlı disk formasında olan Qor Allahı - “Böyük Allah», «Kim ki, beldə qərar tutmuşdur» və «Bu Allahın peyğəmbəri» adlanmağa başladı (21). Belə çıxır ki, “peyğəmbər” rəmzi qədim Misirdə “Böyük Allahın ruhu” mənasında işlənmişdir. Buradakı “beldə qərar tutmaq” dedikdə isə, Məhəmməd peyğəmbərin mindiyi insanbaşlı Buraq atı nəzərdə tutulmalıdır.
“Beldə qərar tutma” rəmzi Quranda da xüsusi nəzərə çatdırılır (22). İbn Ərəbi bu rəmzi İlya peyğəmbərlə bağlayaraq, bu rəmz altında - ilahi oddan, yəni ilkin materiyadan yaradılmış ilahi ata minmiş ruhu nəzərdə tutur və onu “Allahla vəhdətdə olan” kimi göstərir (23). Ərəbi bu rəmzi Livan/Lubana, yəni Alban rəmzi ilə əlaqələndirir ki, Alban [L-BN] rəmzi Batin elmində Nəbi-Eli [NB-L] kimi də oxunur.
Mənbələrə görə, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur. Firdovsi «Şahnamə»sində, fəzada günəştək qərar tutan bu Allahı Cəmşid adlandırır. Qədim Misir rəvayətlərində isə bu obraz - Ra diski ilə birləşib Ra-Amon (Ra-Əman) Allahına çevrilmiş firon Amonun odrazıdır. Qurana görə də, göydə, öz taxtında qərar tutan və ərşə yüksələrək, ona hakim olan Allah - Rəhman Allahdır (Quran 2:29, 13:2, 20:5). Bütün bunlar isə o deməkdir ki, qədim mənbələrdə Misir Allahları adlandırılan peyğəmbərlərin vətəni - günəşin doğduğu şərq ölkəsi olan Qafqaz Albaniyasıdır.
Kosmosun “at” rəmzində canlı varlığa çevrilməsi zamanı keçirilən xüsusi ritual - qədim hind mənbələrində «Aşvamedxa» ritualı adlanır və mən “Batini-Quran” kitabında bu ritualın elmi izahını vermişəm (24).
Belə çıxır ki, Məhəmməd peyğəmbərin Buraq adlı insanbaşlı ata minməsi prosesi adi proses yox, çox mürəkkəb, dünyəvi bir prosesdir ki, bundan sonra kainat - Məhəmməd peyğəmbərə «kainat atı» timsalında tabe olur. Aydındır ki, burada da söhbət insan ruhunun “ata minmə”sində gedir. Bu isə o deməkdir ki, peyğəmbərlər nəslinin nümayəndəsi həqiqətən də ölmürlər. Onlar bu dünyadan köçən kimi, ruhları Qeyb aləminə qalxaraq, orada, onunla bir vaxt yaranmış disklə birləşir və ölümsüzlük qazanırlar. Məhz bu kainat atına minmənin hesabına rəhmətə getmiş müqəddəsin ruhu da, yerdəki insanlara köməklik göstərə bilir və s.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, İslamın qəbul etdiyi 124 min peyğəmbər, adi insanlardan fərqli olaraq, insaniyyəti və bəşəriyyəti daha mükəmməl, mənalı etmək üçün xüsusi yaradılmış müqəddəslər nəslidir. Bütün dinlərin hərəkətverici qüvvəsi olan bu müqəddəslərin elmləri də birdir. Dinlərin hamısının batini, yəni gizli mənaları, bu müqəddəslərin vahid elminə aparıb çıxarır və yalnız bu vahid elmi bildikdə müqəddəs kitablar məna ifadə etməyə başlayır. Bu sirləri bilməyən insan, Quran, Tövrat, İncil və s. müqəddəs kitablarda söhbətin belə nədən getdiyini anlaya bilməz.

Ədəbiyyat

1.  Quran, 3:33
2.  Дэвид Рол, «Утраченный завет» , http://top-lib.ru/583242-devid-rol-utrachennyy-zavet.html
3.  Əflatun, “Timey”, 41B,D,S
 4.  M. Xorenatsi, I kitab, böl.19
 5.  Quran, 2:213
 6.  «Kitabi - Dədə Qorqud», B., 1988, səh. 49, 80
 7.  «Kitabi - Dədə Qorqud», B., 1988, səh. 44
 8.  Quran, 17:13
 9.  Əflatun «Timey» 71E,72B
10. Quran, 18:56, 6:48
11. Quran, 26:192-196
12. Аль-Фараби, «Существо вопросов», böl.26,28, sayt: http://enoth.narod.ru/Philosophy/ph02_farabi.txt
13. Дэвид Рол, «Утраченный завет» , http://top-lib.ru/583242-devid-rol-utrachennyy-zavet.html
14. Quran, 22:75, 33:43, 6:7-9, 25:7
15. Ибн Араби. “Геммы мудрости”, böl.14,16,2, sayt:  http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
16. Абу Хамид Аль-Газали, «Воскрешение наук о вере», М, 1980; səh.276, 284
17. Ибн Араби. “Геммы мудрости”, böl. 27, sayt:  http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
18. Джон Бертон, «Мусульманское предание: введение в хадисоведение», М-СПб., 2006, böl.83
19. Quran, 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165
20. Şakir Keçəli, «Alevilik. Bozkırda yanan atəş», Ankara, Emel Matbaaçılıq Ltd, səh.147
21. Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.95
22. Quran, 8:60, 100:1-6, 36:42, 43: 12
23. Ибн Араби. “Геммы мудрости”, böl.22, sayt:  http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
24. Firudin Gilar Bəg, “Batini-Quran”, B.,2008, səh.72.

                                                                                                Firudin Gilar Bəg

Комментариев нет:

Отправить комментарий