четверг, 28 марта 2013 г.

Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi


Cənnət nədir, harada və necə yaranmışdır? Biz bu cənnətə düşə biləcəyikmi? Bu haqda məlumatları hardan öyrənmək olar və s. suallar, insan yaşlaşdıqca, onu düşündürməyə başlayan ən əsas suallardır. Bu suallara cavab tapmaq üçün isə, qədim mənbələri diqqətlə araşdırmaq lazımdır. Lakin bu mənbələr xüsusi məntiqlə yazılmışdır və onları anlamaq üçün, qədim sirləri bilmək vacibdir. Bu haqda mən, “Batini-Quran” kitabında, məqalələrimdə geniş məlumat vermişəm və bildirmişəm ki, bütün qədim yazıların batini, yəni gizli mənaları vardır. Rəmzlərlə yazılan bu gizli mənalarda, Allahın bu dünyada gördüyü işlər təsvir olunur.
Əflatuna görə, bütün qədim yazılar və digər şeylər, sirli bir hadisəyə həsr olunmuşdur  (1). Bu hadisə isə, Allahın, insanların tam xoşbəxtliyə çatması üçün göydə yaratdığı Cənnətlə bağlıdır.
Cənnət haqqında məlumatlara, demək olar ki, bütün xalqların rəvayət və mifologiyalarında rast gəlinir. Şumer, Misirdən tutmuş Çin, Hind, Kelt, Ərəb, Rus, Yapon və s. xalqların mənbələrində Cənnət haqqında məlumatlar verilir və bu məlumatlar heç də fantaziya kimi qeyd olunmur. Bu isə o deməkdir ki, bu məlumatlarda həqiqət vardır, yəni Cənnət həqiqətən mövcud olmuşdur.
Əflatun “Fedon” əsərində, insanın öləndən sonra o dünyaya düşüb, orada əbədi yaşamasını reallıq kimi göstərir və qeyd edir ki, “orada da insanlar yerdə yaşadıqları kimi yaşayırlar. Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada, yəni Cənnətdə dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə saxlayırlar... Bizim üçün su, dəniz nədirsə, onlar üçün o havadır. Bizim üçün hava nədirsə, onlar üçün o efirdir. Onlar heç vaxt xəstələnmirlər. Ağılda, görmə və eşitmədə onlar bizdən hava sudan və efir havadan nə qədər təmizdirsə, bir o qədər fərqlənirlər” (2). Deməli, qədim dövrün ən görkəmli filosofu olan Əflatuna görə, Cənnət həqiqətən mövcuddur.
Cənnət haqqında ilk məlumat, hələ 5 min il bundan əvvəlki Şumer yazılarında verilir. Burada, Allahların əbədi yaşamaları üçün yaratdıqları Dilmun xoşbəxtlik adasından danışılır. Ümumiyyətlə xoşbəxtlik rəmzi bütün qədim mənbələrdə, insanın ölümündən sonrakı vəziyyətinə, yəni insan ruhunun düşdüyü məkandakı vəziyyətinə aid edilir. Qədim yazıların məşhur araşdırıcısı Devid Rolun yazdığına görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Rolun gətirdiyi sitatlara görə, Dilmun, Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Günəşin doğduğu yerdə, yəni Şərqdə yaradılmış Cənnət, mənbələrdə “Ölməzlər ölkəsi” adlandırılır ki, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir (3).
Məşhur arxeoloq və alim Piter Kornuellə görə, Dilmun/Tilmun adasının digər adı Tilosdur ki, bizə bu rəmz Tolis kimi məlumdur (4). Mənbələrdə Tolis (Toliş) rəmzi Göytürk xaqanlığına aid edilir və Türk Budunu adlandırılır. “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (5). Türklərin göydə Tanrı, yəni Allah yaratması mənbələrlə də təsdiqlənir. Bu mənbələrdə “türk” sözü “teurq” kimi yazılır ki, Batin elmində bunlar eyni mənalı sözlərdir. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (6). O, teurqun Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Deməli, türk sözü ən qədim mənbələrdə - “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata keçirən kosmik varlığa, yəni Elə çevrilməsinə nail olurlar. Bu o deməkdir ki, Göytürk xaqanlığı - Göydə, qurbanlıq heyvanların ruhlarından, magiya vasitəsi ilə yaradılmış El mənasındadır və bu Eli – Tolis (Toliş) Türk Budunu yaratmışdır. Devid Rolun Dilmun adlandırdığı, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı ölkə də - elə türklərin Göydə yaratdığı Göytürk xaqanlığıdır.
Hindlərin məşhur “Bxaqavad-Gita” (Bhaqavad-Gita) kitabına görə ruhlar dünyası - Dxarmakşetradakı Kuru sahəsində yaradılmışdır ki, burada Allahlar qurban mərasimi keçirirlər. Məhz buradakı “döyüş”dən sonra – ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtlik dünyası mənasındadır (7).
Dilmun rəmzi Sebeosun əsərində Delum kimi yazılır və onun Midiya dağları ilə bağlı olduğu göstərilir (8). İran ərazisində bu rəmz Deyləm kimi məlumdur və bura İsmaili dövlətinə daxil olmuşdur. Əbu əl-Ala İbn Xassul, “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim əs-Sabinin “Ət-Taci” kitabına əsasən, Deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır (9). Deməli, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləmlər - Dilmun adasında ölümsüzlük və xoşbəxtlik qazanmış Tolis türkləridir. Buradakı ada rəmzi, Dilmun Cənnətinin göy okeanında ada kimi təsəvvür edilməsi mənasındadır.
Deyləm ərazisi mənbələrdə Gilan adlanır ki, Herodot bu ərazini Gelon kimi qeyd edir və əhalisini də skif/sak tayfası olan Budinlər adlandırır. Budinlər isə elə Tolis (Toliş) Türk Budunu mənasındadır. Mənbələrdə saklar deyəndə, adlı-sanlı tayfa olan Sisaka nəsli nəzərdə tutulur və Gel eli olan Gelarküniyə aid edilir. Deyləm (Delum) rəmzi də Gelarkünidə yaradılmış Telami tikilisidir (10).  Deməli, Gilan, Gelon, Deyləm, Delum və s. dedikdə, Gel Eli olan Gelarküni başa düşülməlidir. Gel şəhəri, yəni Geliopol - qədim Misir yazılarında, Allahın “Dünya”nı yaratmağa başladığı yer sayılır və mənbələrə görə, Asar/Osiris Allahının bədəni burada uyuyur. Qədim Misir mənbələrində Asar/Osiris/Azər şahlığı - ölüm şahlığı, yəni Cənnət adlanırdı ki, ölənlərin ruhu burada həyatlarını davam etdirirdilər.
Qədim Misirlilərin “Ölülər kitabı”nda, ölüm şahlığı Sexet-xotepet, və ya “Dinclik (hüzur) sahələri” (Yelisey sahələri) adlandırılır. Bu kitabdakı bir bölümün mətni belədir: “Buradan Sexet-Xotepet və işığa çıxma haqqında bölüm başlanır: Ölüm şahlığına giriş və çıxış haqqında bölüm: Sexet-Aaru-da görünmə: Küləklər hökmdarı, Qüdrətli şəhər Sexet-Xotepetdə qalma: Orada güc qazanma: Orada Hu-ya çevrilmə: O torpaqlarda əkin əkmə: Orada məhsul yığma: Orada qidalanma: Orada susuzluğu dəf etmə: Orada cismani məhəbbətlə məşğul olma: Və yerdə edilənləri hamısının orada edilməsi” (11). Bu isə o deməkdir ki, Dilmun cənnəti, bizim yaşadığımız fiziki məkan kimi yaradılmışdır və insanların ruhları, orada da bu dünyadakı kimi yaşayırlar.
Məşhur alim Devid Rol, Dilmun xoşbəxtlik adasını eyni zamanda nəhəng ilan obrazında göstərir və onu eyni zamanda Atum-Xarakti obrazında böyük Günəş Allahı və Ra-Atum Allahı adlandırır (12). Buradakı Atum rəmzi, Şumer yazılarında Etemenanki, yəni Atum-Nunki formasında yazılır ki, bu da Babildə tikilmiş “yerlə göyün təməl evi” mənasındadır. Tövrata görə, məhz Babil qülləsinin tikilməsindən sonra Allah insanların dillərini dəyişib, dünyaya səpələdi ki, bu tikinti haqqında məlumatlar insanlar üçün gizli qalsın. Deməli, başı göylərə çatan Babil qülləsi elə Dilmun Cənnətinin rəmzidir.
Devid Rol, Cənnətin yaradıldığı yeri Edin adlandırır ki, Quranda da Cənnətin adlarından biri Ədn kimi qeyd olunur. Quran yazır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (13).
Batin elmində Ədn/Edin rəmzi eyni zamanda Din rəmzidir və bu da insanın etiqadını, inancını bildirir. Məşhur İslam alimi Mühiddin ibn Ərəbinin yazdığına görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “Din” rəmzi - “El” (“Əl”) rəmzi ilə qeyd edilir (14). Bu isə o deməkdir ki, İslam Dini elə Deyləm türklərinin göydə yaratdığı Göytürk xaqanlığıdır və bu Cənnət də Allah tərəfindən Azər oğlu İbrahim peyğəmbərin nəslinə vəd edilmişdir.
Mühiddin ibn Ərəbi, insan öləndən sonra ruhunun düşdüyü məkanı od, atəş kimi qeyd edir. Bu od İbrahim peyğəmbərin atıldığı İlahi oddur. İbn Ərəbi insan ruhunun bu odda yaşamasını reallıq kimi göstərir və bildirir ki, Allah, öləndən sonra insanın ruhunun bura düşməsinin vahid qanununu yaratmışdır (15). Mən, “Azərbaycan – Azər odunun yaradıldığı yerdir” adlı məqaləmdə, İlahi odun bilavasitə Azərbaycan və Azərilərlə bağlı olmasını faktlarla göstərmişəm.
İlahi od haqqında Ammian Marsellin yazır: «Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir (16). Bu o deməkdir ki, Asiya şahlarının nəsli elə Azər oğlu İbrahim peyğəmbərin nəslidir və Cənnət də məhz onların nəslinə vəd edilmişdir.
Tövratda, Allahın İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vəd edilən Cənnət - Knun və Lbnun, yəni Kənan və Albaniya kimi qeyd edilir (17). Burada Knun rəmzi – yer altında tikilmiş Etemenanki məbədi, Lbnun rəmzi isə, bu məbədin göylərində yaradılmış və Cənnət mənasında olan Albaniya ölkəsidir. Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi - vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi verilmişdir (18). M. Xorenatsi Gelarkünini Gel adlandırır ki, bu da onun, qədim Misirin Geliopol şəhəri mənasında olması deməkdir.
Göy türklərin Gel şəhərinin göylərində yaratdığı El, yəni “Gel-Eli” rəmzi mənbələrdə Qalil/Xəlil və s. kimi yazılaraq, İsa və İbrahim peyğəmbərlərə aid edilir. Lakin Qalil/Xəlil rəmzi digər mənbələrdə Qolelu/Xalul kimi də yazılaraq Karluklara aid edilir. Mənbələrə görə, Şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (19). Batin elmində karluk rəmzi “Qor-İlahi” (Qor Allahı), müqəddəs Gelar və s. mənalar daşıyır.  
Xalul/qolelu, yəni xəlil rəmzi təsəvvüf elmində Allahla vəhdət təşkil etmək, Allaha qovuşmaq (xulul) mənasındadır. Batin elmində bu rəmzlər “Allah” sözü ilə də eyni mənalıdır və Xəlilullah dedikdə də bu rəmzin bilavasitə Allaha aid olması nəzərə çatdırılır. Allahla vəhdətə nail olanlar sufizmdə eyni zamanda Bəg adlanır ki, bu da onun tərikə yolunun “bəqa” səviyyəsini yüksəlməsini və bu səviyyədə Allahla (ilkin materiya) vəhdətini bildirir. Karluk şahlarının titullarının da Yabqu, yəni Ya-Bəg olması, Karlukların Allahla vəhdətinə işarədir. Bu isə o deməkdir ki, Xalul/Qolelu adlandırılan Karluk Yabquları – M. Xorenatsinin Gel adlandırdığı Gelarküni bəgləridir.
Qeyd etmək lazımdır ki, islamdakı “behişt” rəmzi – “bəg- şiyat” kimi açıqlanır ki, “şiyat” rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasında olmuşdur. Deməli behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Mənbələrdəki “baqi İrəm” rəmzi də sufizmdə -“bəglik səviyyəsində yaradılmış İrəm” fikrini ifadə edir və İrəm bağının Cənnət mənasında olmasını bildirir. Batin elminin qanunlarına görə, dilimizdəki Vəhy (“Vahiy”) sözü də - Bəqa/Bəg rəmzindən yaranmışdır. Vəhy – bəqa səviyyəsində ilkin materiyadan və onunla vəhdət təşkil edən Rəhman Allahdan qəbul edilən informasiya deməkdir.
Bütün bunlar onu göstərir ki, Cənnət - ölmüş insanlarının ruhlarının məhv olmaması üçün göydə yaradılmış dünyadır və bu dünyanı da Talış dağlarının sakinləri olan Gelar türk bəgləri yaratmışlar. İslam dini də Mühiddin ibn Ərəbiyə görə bilavasitə onlara verilmişdir.
Qədim Misir yazılarında Cənnət mənasında olan ölüm şahlığı - Asar/Osiris/Azər Allahının şahlığı adlandırılır ki, bu şahlıq da məhz Gel elində, yəni Gelarkünidə yaradılmışdır. Mətnlərə görə, axirətə yaxın Asar/Osiris/Azər Allahı ölür və yalnız sonradan arvadı İsida və oğlu Qor onu dirildirlər. Asar/Osiris/Azər Allahının ölümü, göydəki Cənnətin axirətdə məhv olması və sonradan onun əvəzində yeni ruhlar dünyasının yaranması mənasındadır. Bütün Misir yazılarının əsas mövzularından biri də axirətdə yeni Asar/Osiris/Azər Allahının doğulması mövzusudur. Bu doğumun rəmzlərlə təsviri, Ölüm şahlığı olan Sokaris (Arsak) mağarasında göstərilir. İnsan kimi doğulmuş Asar/Osiris/Azər ölən kimi, onun ruhu Ra-Amon Allahın hüzuruna qalxır və burada Yuxarı Misirin, yəni Cənnətin tacını Ra-Amon Allahından qəbul edir. Bundan sonrakı dövrün sahibi isə artıq Günəş Allahı olan Ra-Amon yox, onun ruhunu daşıyan Ay Allahı Tot olur. Müdrikliyi ilə seçilən Tot, digər yerdə müdrik Bekxoris adlandırılır ki, bu da onun Qor fironlarının Bəg nəslindən olması deməkdir.
Qor rəmzi mənbələrdə Xoris/Horus və s. kimi yazılır və xristianların Xrist/Xristos, yəni Hz. İsa da Qor Allahı deməkdir. Belə çıxır ki, axirətdə gələn Qalileyli (Gel-Eli) İsa peyğəmbər elə qədim Misirin Qor Allahıdır. İsa rəmzi - qədim Misir yazılaırnda “Allah ruhu” mənasını verən Şu Allahı kimi, yəhudilərdə Yeşua, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri - “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (20). Bu isə o nəticəyə gətirib çıxarır ki, axirətdə Cənnət – imam Əli nəslindən olan müdrik bir nəfərə veriləcəkdir. İmam Əli fədailəri isə mənbələrdə Gel/Gelat ifrat batini şiələridir və bu haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş məlumat vermişəm. Gelat rəmzinin Xüld kimi yazılışı və Quranda Cənnətə aid edilməsi, Xüld Cənnətinin bilavasitə Gel türk bəglərinə vəd edilməsi deməkdir (21).
Quranda Cənnətin axirətdə yenisi ilə əvəz olunması açıq yazılır. Burada qeyd olunur ki, vəd edilən Cənnət axirətdə yenidən yaranacaq və öz vəzifəsini yerinə yetirən varisə qismət olacaq. Heç kim onun qarşısını ala bilməyəcək. Axirət məhkəməsində bu Cənnətə yalnız günahsız insanlar düşəcəklər. Ədalətsiz insanlar isə təbii ki, əbədi xoşbəxtlik sayılan Cənnəti görməyəcəklər (22). Qurana görə varis də öldürüb-diriltmək qabiliyyətinə malik olacaq: “Sənin Allahın mələklərə: Mən yer üzündə bir “xəlifə” (canişin) təyin edəcəyəm” dedi… Məhz Biz – Biz öldürür və dirildirik və Biz varislərik… Musa öz xalqına dedi: “Allahdan kömək istəyin və dözün! Axı Yer Allahındır: O onu, öz qullarından istədiyinə vərəsəliklə verir, Allahdan qorxanların axırı yaxşıdır!... Bu bağı biz qullarımız arasında Allahdan qorxana vərəsəliklə verəcəyik!.... Biz Zəburda da yazmışdıq ki, torpaq vərəsəliklə mənim mömin qullarıma çatacaq!... (Ya Allah) Məni Nəim cənnətinin varisi et!” (23).
Yazdıqlarımdan çıxan nəticə odur ki, Cənnət - əcdadlarımız tərəfindən göydə yaradılmış ruhlar dünyasıdır. Bu ruhlar dünya Azərbaycan göylərində, qurban və magik rituallar vasitəsi ilə yaradılmışdır. Axirətdə bu dünya yenisi ilə əvəz olunacaq və vərəsəliklə varisə, yəni Azəri türk bəylərindən bir nəfərə çatacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.


Ədəbiyyat
1.     Platon, «Politik», 269s
2.     Platon, «Fedon» 110, 111
3.     Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 267, 271
4.    Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh.  275
5.    Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
6.    А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm
7.    Упанишады, М., 2000, səh. 252
8.    Себеос. История императора Иракла. 37, отд. III, böl. 37
9.     Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 104-107
10.   М. Хоренаци, kit., II, böl.. 8
11.  Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 523, 524
12.  Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 438, 439
13.  Quran, 9:72, 98:8
14.  Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 8
15.  Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 18
16.  «История Иранского государства и культуры, М., 1971, səh. 216
17.  Библия, Втор.1:6-8
18.  М. Хоренаци «История Армении», I kitab, böl.12
19.  L. Qumilyov, «Qədim türklər», B., 1993, səh. 473
20.  Анри Корбэн, История Исламской  философии, səh.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii
21.  Quran, 25:15
22.  Quran, 14:48, 55:46,62, 6:134,135, 7:8,9
23.  Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85

                                                                                 Firudin Gilar Bəg
                                                                               www.gilarbeg.com








Комментариев нет:

Отправить комментарий