“Azər”, “Azərbaycan” kəlməsinin nə demək
olduğu haqqında çox yazılar yazılmışdır və mən də bu barədə öz fikirlərimi
bildirmişəm. Bu məqalədə isə mən bilavasitə Fəzlullah Rəşidəddinin “Cəmi ət –
Təvarix” əsərində, “Azərbaycan” adının yaranması haqqındakı rəvayətinə elmi
izah verəcəyəm. Lakin öncə Şаh İsmаil Xətainin həqiqət haqqında bir sözünü yada
salmaq istəyirəm. Şah babamız yazır: “Həqiqət bir gizli sirdir, açа bilirsən,
gəl bəri. Küfr içində imаn vаrdır, sеçə bilirsən, gəl bəri”. Şah İsmail Xətaiyə
görə, həqiqət sirdir və onu anlamaq üçün sirlər açılmalıdır. Bu sirlər isə Əflatuna
görə, çox böyük və təəccübə layiq bir hadisə ilə bağlıdır. Lakin zaman keçdikcə
bunlar yaddaşlardan silinmişdir və bunlar haqqında ayrıca danışırlar (Platon,
«Politik», 269s).
Fəzlullah Rəşidəddin, Azərbaycan adının
yaranması ilə bağlı yazır: “Oğuz, Öz özəl atlarını Ucanın geniş otlaqlarına
buraxdı. Orada olduqları vaxt Oğuz təpə yaratmaq üçün hərənin ətəyində torpaq
gətirib onu bir yerə tökməsini buyurdu. Öncə o özü ətəyində torpaq gətirib
tökdü. Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq
gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “Azər” türkcə
uca deməkdir,“bayqan” varlıların, böyüklərin yeri anlamını verir [Bu ölkə belə
adla tanındı və elə buna görə də bu gün Azərbaycan adlanır]”. Bu yazının
açmasını vermək üçün, öncə onun dilini, məntiqini anlamaq lazımdır.
Oğuzların əsas kitablarından biri olan Kitabi-Dədə Qorqudda, Oğuz qəhrəmanlarının bir yerə gedişinin
“qondu” sözü ilə qeyd olunması, “ağ saqqallı baban yeri uçmaq olsun”, “qanadların
ucu qırılmasın”, “Qadir ulu Tanrıya yaxın uçan” və s. ifadələri, Oğuz
ərənlərinin quş rəmzli ruh obrazında göstərilməsi deməkdir. Qədim Misir
yazılaırnda quş deyəndə, ölənlərin Ba ruhu nəzərdə tutulurdu ki, insan öləndə
onun ruhu bədəndən çıxıb, Göydəki ruhlar dünyasına köçürdü. Burada Benu quşuna
çevrilən Ba ruhu əbədi xoşbəxtlik qazanırdı. Deməli, Oğuz qəhrəmanları, Göydə
ölümsüzlük qazanmış qədim Misir, Şumer Allahları ilə eyni mənalıdır. Mən kitab
və məqalələrimdə yazmışam ki, qədim mənbələrə görə, Şumer qəhrəmanları
Azərbaycan ərazisində Dilmun cənnəti yaradaraq, orada ölümsüzlük qazanmışlar.
Bu isə o deməkdir ki, Oğuznamədə qeyd olunan hadisələr Göydəki Dilmun cənnətinə
də aid edilə bilər. Kitabi-Dədə Qorqudda Əzrailin real varlıq kimi göstərilməsi,
onun insanla söhbəti sübut edir ki, buradakı hadisələr həm bu dünyaya və həm də
qeyd etdiyim Dilmun cənnətinə aid edilməlidir.
Digər
tərəfdən, sufilərdə “quş dili” ifadəsi var ki, bu da rəmzlər dili mənasında,
bizim bu gün Sufizm, Batin, Təvil, Ledun və s. adlandırdığımız elmdir. Deməli, Oğuznamə
əsərini anlamaq üçün rəmzlər dilinə müraciət etmək lazım gələcək.
Rəşidəddinin rəvayətindən belə çıxır ki,
Azərbaycan adını hansısa təpəyə Oğuz və onun döyüşçüləri qoymuşlar. Buna görə
də ilk olaraq Oğuzun özü haqqında, yəni onun kimliyi barədə məlumatlar əldə
etmək lazımdır.
Oğuznamə üzərində ciddi elmi iş aparan
Şerbak yazır ki, əlyazmanın ikinci sətrinin birinci və üçüncü sözlərinin arasında
öküz şəkli çəkilmişdir. Oğuz xaqan dastanında deyilir: “Bəlli olsun dedilər,
onun görünüşü bax budur” və öküz şəkli göstərilir” (M. Seyidov, «Azərbaycan
mifik təfəkkürünün qaynaqları», B., 1983, səh.27). Öküz simasında doğulan
oğlanın üzü Göy, ağzı al qırmızı, gözləri al, saçları, qaşları qara idi. Onun
ayağı öküz ayağına, beli qurd belinə, çiyni samur çiyninə, köksü ayı köksünə
bənzəyirdi. Oğuzun simasının bu heyvanlara bənzəməsi onu göstərir ki, Oğuz
obrazı fantosmaqorik obrazdır və onu anlamaq üçün daha geniş informasiya
gərəkdir.
Araşdırıcı S. P. Tolstov yazır ki, Oğuzun
“kişi stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı)
ilə izdivacından Kainat yaranmışdır. Digər rəvayətlərin birində deyilir ki, bir gün
Oğuz xaqan Göy hakiminə (Tanrıya) tapındı və Göydən Göy bir şüa düşdü. Günəşdən
işıqlı, Aydan parlaq olan bu şüanın içində bir qız vardı (M. Seyidov, «Azərbaycan mifik təfəkkürünün
qaynaqları», B., 1983, səh.26, 262, 263). Bənzər rəvayətdə isə bildirilir ki, Oğuz xaqan “Muz”
dağında çadır qurur və sübhə yaxın Oğuzun çadırına Günəş kimi işıq düşür. Bu
işığın içindən Göy tüklü erkək qurd çıxır və Oğuzun qarşısında gedərək ona yol
göstərir və s. (F. Bayat, «Oğuz Xaqan dastanı», B., 1993, səh.130). Oxşar hadisə
azərbaycanlıların “Tapdıq” nağılında da nəzərə çatdırılır. Burada Günəşlə Qara
divin izdivacından doğulan Tapdıq şüa ilə birgə yerə düşür (M. Seyidov, «Azərbaycan mifik
təfəkkürünün qaynaqları», B., 1983, səh. 25). Bu isə o deməkdir Oğuz obrazı kainatla,
işıqla, nurla bağlı obrazdır və onun tam təsəvvür etmək üçün digər bənzər
mətnləri də nəzərə almaq lazımdır. Bənzər hadisə isə Tövrat kitabında Musa
peyğəmbərə aid edilir.
Tövrata görə, Musa peyğəmbər İlahi oddan, yəni ilkin materiaydan Göydə
cadır qurmuşdur. Allahın sakin (Skiniya rəmzi) olduğu bu “Vəhy çadırı” Musa
peyğəmbər tərəfindən “qalmaq” üçün yaradılmışdır. Bu çadırın qurulduğu gün
mistik bulud vəhy çadırını bürümüş və axşamdan səhərə qədər çadırın üstündə od
kimi görünmüşdü. Yəhudilərin səhrada dolaşdığı zaman Allah onların qarşısında -
gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş. Musa
peyğəmbər “Vəhy çadırı”na girəndə bulud sütunu “Vəhy çadırı”nın qapısında
dayanır və Allah Musa peyğəmbərlə danışırmış (Библия, Исх.33:7-9). Bu od, Göydən Skiniyanın (sakin), yəni “Vəhy çadırı”nın təsdiq edilməsi zamanı Allahın əmri ilə enmiş
və heç vaxt da sönməməlidir. Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu
müqəddəs od həmişə gözlənilir (Библия, Лев.6:12,13). Belə ki, bura həmişə
qurban gətirilir və ora həmişə təzə qan tökülür ki, bu qurbanın tüstüsü Göyə
qalxırdı. Deməli, Oğuz xaqanın obrazı elə Musa peyğəmbərin
obrazıdır və o qurban vasitəsi ilə İlahi oddan, yəni ilkin materiyadan Göydə
cadır yaratmışdır.
Çadır rəmzinə ilk dəfə qədim
Misir yazılarında rast gəlinir və bu mətnlərdəki V sülalənin
Neferirkara çarının yazısında Allahın çadırından danışılır. Mütəxəssislər bunu
Allahın məbədindəki həyəti kimi də qeyd etmişlər ki, Allah bilavasitə bu
çadırda mövcud olmuşdur (Древний Восток, сборник 1, М ., 1975, səh.116).
Oğuz
xaqan eposunda deyilir: “Qoy Günəş bizim bayrağımız, Göy isə çadırımız olsun” (F. Bayat, «Oğuz Xaqan
dastanı», B., 1993, səh.127). Oğuz xaqanın Göyü çadır adlandırması məntiqinə
Kitabi-Dədə Qorqudda da rast gəlinir. Belə ki, burada Göy çadırı – “doqsan
başlı ban evi”, “ağ
ban ev”, “ağ otaq”, “qızıl başlı ala çadır” və s. adlandılır. Bu ağ ban evli,
ağ otaqlı çadır həm qara yerin üzərinə və həm də gög ala (görkli) çəmənə otaq
kimi tikdirilmişdir. O - “Atlasda yapılanda Göy sayvanlı” çadır adlandırılır
ki, Alar sabah sapa yerdə tikilmişdir (“Kitabi - Dədə Qorqud”, B., 1988,
səh.42,55,63,68,94,91,126). Belə çıxır ki, Oğuz dastanında söhbət, qurbanlar
vasitəsi ilə, Göy çadırı kimi təsəvvür olunan ruhlar dünyasının yaradılmasından
gedir.
Kitabi-Dədə Qorqudda bildirilir ki, Allahdan “bir
şey” qazanmaq üçün, çadır qurub qurban mərasimi keçirmək, atdan-ayğırdan, dəvədən-buğra,
qoyundan-qoç öldürüb, təpə kimi ət yığıb, ulu toy etmək lazımdır. Qurban mərasimi
Oğuznamədə də nəzərə çatdırılır. Burada bildirilir ki, öz yurduna sağ-salamat
qayıtması ilə əlaqədar Oğuz, bayram üçün 90 min qoyun, 900 min dayça qırdırır və
pir edib qızıl ev, çadır ucaldır. Bu isə o deməkdir
ki, Oğuzun təpə yaratmaq üçün ətəyində gətirdiyi “torpaq”, Göyə qalxan qurban
ruhlarıdır. Yerdə qurbanlıq heyvanların çəsədlərindən təpə düzəldən Oğuz,
magiyanın “bənzər bənzər yaradar” (qomeopatik magiya) qanununa uyğun olaraq,
onların ruhlarından da Göydə “təpə” yaratmışdır. Qurbanlıq heyvanlardan biri də
öküz olmuşdur ki, qədim Misir rəsmlərində, Göydəki ruhlar dünyası Göy öküzünün
bədənində göstərilir.
Öküz rəmzi qədim Misir
yazılarında Ra-Amon Allahına aid edilir və O - “Ta-Setinin öküzü” (İlkin materiyadan yaranmış Öküz) adlandırılır.
Mənbələrdə bu öküz “Geliopol öküzü” kimi də qeyd olunur (О. И. Павлова, «Амон
Фиванский», М., 1984, səh.75). Deməli, Oğuz, yəni öküz obrazı elə Ra-Amon
Allahının obrazıdır. Misir yazılarında açıq yazılır ki, Nut Göyü – Göy öküzünə
çevrilərək Ra Günəşini öz belinə götürür və onu, Osirisin ayağı qaldığı
Maryutun şəhərinə gətirir (Э. А. Уоллис Бадж, «Египетская книга мертвых»,
М-СПб, Ексмо, 2005,
səh.22). Mariyut rəmzi
mənbələrdə Mar-Tu (Ta-Meri) kimi yazılır və marlara, yəni midiyalılara aid
edilir. Bu isə o deməkdir ki, Ra-Amon Allahı Göy aləmini öküz rəmzində özünə
tabe etmiş və oranda Ra Günəşi obrazında yaşayır.
Kitabi-Dədə Qorqud abidəsinin Vatikan
variantında qeyd olunur ki, «Oğuzun içində təmam vilayəti zahir olmuşdu». Bu o deməkdir ki, bir elin
içində ikinci el yaranmışdı. Deməli, abidədə qeyd olunan Taş el - Oğuz eli (Taş
Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Burada «vilayət» sözünün
işlənməsi isə onu göstərir ki, «təmam vilayəti» anlayışı bilavasitə sufizmlə
bağlıdır. Sufizmdə «vilayə», «vilayət» sözləri (övliya, vəli sözləri ilə
eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allahla bağlılığı
mənasındadır. Lakin bu rəmz eyni zamanda ərazini, məkanı bildirir ki, bu da
İlahi nurdan yaradılmış ərazi, vilayət deməkdir.
Yazdıqlarımızdan belə çıxır ki, Oğuz obrazı
qədim Misirin Ra-Amon Allahının obrazıdır və bu Allah, Oğuz elinin Göylərində çadır
kimi təsəvvür olunan ruhlar vilayəti, yəni cənnət yaratmışdır. Bu vilayətin
Oğuzun içində yaranması isə o deməkdir ki, Oğuz burada Göylərdə yaranmış El
mənasındadır. Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, Orxon Yenisey
abidələrində türk xanının iddiasına görə məhz O, Tanrıtək Tanrı yaratmış və
Tanrıtək Göydə yaranmış bilici türk xanıdır. “Moyun Çor” abidəsində isə türk
xanı Tolis bildirir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y.
Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Bu isə Oğuzun
həqiqətən də qədim Misirin Ra-Amon Allahı obrazında olması deməkdir və Göydəki
cənnəti də məhz O yaratmışdır.
Oğuz rəmzi ən qədim rəmzlərdən biri olub,
mənbələrdə Okuz, Xaos, Aqios, Kus, Kuş, Kiş və s. kimi yazılır və müxtəlif
mənalarda göstərilir. Bu rəmzin kökü Oğ, Oq, Ok və s. rəmzləridir ki, Kitabi-Dədə
Qorqudda, İç Oğuz əvəzinə digər yerdə Üç Oq yazılır. Sufizmdə əsas mənanı
samitlər daşıyır ki, buradakı “Ğ”, “Q”, “K” və bənzər rəmzlər – “Hu”
adlandırılan ilkin materiyanı bidirir. “Hu”, yəni ilkin materiya isə bütün
bəşəriyyətə həyat vermiş enerjidir və mənbələrdə bu ünsür - “İlahi od”,
“dirilik suyu” və s. kimi qeyd olunur. Oğuz rəmzindəki “Z” samiti isə Kitabi-Dədə
Qorqudda “İssi” kimi yazılan (İslamda Uzzi) və “ruh” mənasını verən rəmzdir.
Deməli, Oğuz dedikdə - “Oq-İssi”, yəni “ilkin materiyanın ruhu” fikri başa
düşülməlidir ki, bu da həm ilkin materiyanın özünə və həm də bu materiyadan
əmələ gəlmiş insan ruhuna aid edilir. Qədim Misir yazılarında “KZ” kimi yazılan
bu rəmz - “həyat enerjisi” fikrini ifadə edirdi və ilkin materiya mənasını
verirdi. Deyimlərimizdəki eyni mənalı Xız rəmzi də İlahi od mənasında işlənir
və onu yalnız ölümsüzlük qazanmış Xızır peyğəmbər gətirə bilir: “Xızır, Xızır
Xız gətir, var dərədən od gətir” və s.
Oğuzun, Öz özəl atlarını
Ucanın geniş otlaqlarına buraxması dedikdə, burada söhbət, qurbankəsmə ritualı
zamanı bu atların ruhlarının ilkin materiya sahələrinə yayılması başa düşülməlidir.
Ucan rəmzi sufizmdə Can, Qan, Xan, Kün və s. rəmzlərlə eyni mənalıdır və qurban
ruhlarının ilkin materiya ilə qarışığını bildirir. Şumer və s. mənbələrində bu
rəmz Ki-Nun, Nunki, Enki, Kənan, Kün və s. formalarda yazılır və Göydə
yaradılmış Edin (Ədn) cənnət mənasında olan Etemenanki abidəsinə aid edilir. Bu
rəmzi başa düşmək üçün qədim Hind mənbələrindəki “Aşvamedxa” ritualının mənasını
bilmək vacibdir. Aşvamedxa ritualı – “Kainat atı”nın yaradılması ritualıdır ki,
bu zaman maq (teurq) - söz, fikir və qurban ritualı vasitəsilə, kəsilən
qurbanın ruhunu Göylərlə əlaqələndirir və bundan sonra Göyləri maq idarə etməyə
başlayır. Mən “Batini-Quran” kitabında bu ritualın elmi izahını vermişəm
(Firudin Gilar Bəg, “Batini-Quran”, B.,2008, səh.72). Qədim mənbələrdə qeyd
olunan kentavr, yəni adambaşlı at obrazı da məhz Göyləri idarə edən bu
maq-teurqun obrazıdır. Deməli, Oğuzun, özəl atlarını Ucanın geniş otlağına
buraxması dedikdə, Oğuz obrazında göstərilən türk piri (fironu) Amonun
keçirdiyi Teurqiya (Allahyaratma) ritualı başa düşülməlidir.
Kainat atının yaradılması
haqda məşhur sufi Mühidin ibn Ərəbi də danışır. O, kainat atının yaranma
prosesini Livan dağları ilə bağlayır ki, qədim mənbələrdə Livan rəmzi Alban rəmzi
mənasındadır. İbn Ərəbi “Füsus ül Hikəm” kitabında yazır: «İlya – İdris idi ki,
Nuha qədər peyğəmbər olmuşdu, Allah onu yüksək yerə ucaltmışdı: O Göy kürəsini mərkəzində, Günəş kürəsində dincəlir...
Bax, bu İdris olan İlyaya elə gəldi ki, Livan dağı (bu dağın adı “lubana” sözündəndir və “tələbat” deməkdir),
bütün orqanları oddan olan odlu ayğırdan qopdu. Bunu görəndə o, ayğırı yəhərlədi,
onda olan üsyani ehtiraslar onu tərk etdi: o ehtirassız ağıla çevrildi, çünki
artıq ruhun tamahkar məqsədindən ayrılmışdı. Allah onda təmizlənmiş halda oldu
– o zaman onda Allah haqqındakı biliyin yarısı var idi. Çünki ağıl özündən
başqa, hər şeydən yayınanda və yalnız öz düşüncələrindən qaynaqlananda, o Allahı bənzətmədə yox, təmizlənmiş halda tanıyır.
Əgər Allah ona öz təzahüründə bilik verirsə, onun Allah haqqındakı biliyi həyata
keçir: O onu birində təmizləyəcək, digərində bənzədəcək, Allahın təbii və
elementar formalarındakı axmasını görəcək: bu zaman o istənilən formada Allahın
təzahürünü, həmin formanın təzahürü kimi görəcək. Allahın göndərdiyi və gətirilən
qanunlar haqqındakı bilik tam halda belədir, bu biliklər təxəyyülün bütün gücü
ilə bərqərar olmuşdur” (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.22). İbn Ərəbinin bu
sitatından da görünür ki, burada söhbət, mənası çox dərin olan bir yaradılışdan
gedir və onu müasir məntiqli insanlara izah etmək çox çətindir. Əsas məsələ isə
odur ki, bu Kainat atı yaradıldıqdan sonra, bütün dünya – Göydə Allah yaratmış
türk xanı Ra-Amonun iradəsinə (beyninə) tabe olur. Başqa sözlə Oğuz, bu
ritualdan sonra dünyanın sahibinə çevrilir.
Kitabi-Dədə Qorqudda
bildirilir ki, Səgrək özünün, yelisi qara “qazlıq” atına minib, “Qanlı Oğuz
eli”ndəki Arqurı yatan Ala dağ ətəginə gəldi (“Kitabi - Dədə Qorqud”, B., 1988,
səh.111). Səgrəyin atının “qazlıq” adlandırılması,
onun Qaz/Xız/Xaos mənasında olan ilkin materiyadan yaradılmış Kainat atına minməsi
deməkdir. Burada Oğuz elinin də “qanlı” adlandırılması, bu elin də qanla, yəni
qurban ruhlarından yaradılması mənasındadır.
Kitabi-Dədə Qorqudda, Oğuzların çadırları qırmızı,
Oğuz eli isə qanlıdır və o qana bulanmış çaydan o tərəfdə yerləşir. Kitabda Dərbənd
şəhəri “qanlı qara Dərvənd” adlanır və o kafirlərin yaşadığı iqlim Aranda, yəni Aran ölkəsində yerləşir. Bu qanlı dünyanın girişi isə qanlı
sulardan o yandadır. Lakin kitabda təkcə Oğuz eli qanlı adlandırılmır. Buradakı bəglər – “Qanlı
Oğuz bəgləri”, sular – “qanlı-qanlı sular”, Oğuz elinin ordusu isə “Qan alaca
ordu” adlandırılır (“Kitabi - Dədə
Qorqud”, B., 1988, səh.58,38,74). Bu isə o deməkdir ki, Oğuz eli, qanla, yəni
qurban vasitəsi ilə Göydə yaradılmış ruhlar dünyasıdır.
Maraqlı
faktdır ki, buradakı qanlı
sular daşqınla əlaqələndirilərək “qanlı suyun daşqını” ifadəsi işlədilir. Bu
isə qədim mənbələrdəki Nuhun daşqını, yəni “subasma” mənasındadır. Əhdi-Ətiqə
görə, Allah məhz bu subasma üzərində hökmranlıq qazanmışdı (Библия, Псалом,
28:10). Belə çıxır ki, Oğuz elinin “qanlı” adlanması - ilkin suların (ilkin
materiyanın) daşması ilə, yəni subasma hadisəsi ilə bağlıdır və Oğuz xaqanın
obrazı Teurqiya ilə Göydə Allah yaratmış türk xanının obrazıdır.
Oğuzun təpə yaratması üçün ətəyində torpaq gətirməsi
də rəmzi mənadadır. Qədim Misir yazılarında bu təpə, xaosdan, yəni ilkin
materiyadan yaradılmış “İlkin təpə” adlandırılır. “Piramida mətnləri”nə görə,
Atum Allahı bu təpə ilə birgə yoxdan var olmuşdur. Öz-özünü yaratmış Atum
Allahı mənbələrdə Geliopol, yəni Gel şəhəri ilə əlaqələndirilir və ilkin Benben
təpəsi də məhz burada əmələ gəlmişdir. Kitabi-Dədə Qorqudda Benben təpəsi – “Bambam təpə başı” kimi
qeyd olunur. Mənbələrə görə qədim Misirin Atum Allahı - Doqquz Allahdan (Enneadanın Doqquz Allahı)
yaranmışdır ki, bu rəmz bizə Doqquz Oğuz kimi məlumdur. Bu isə onu deməyə əsas
verir ki, Oğuzun təpə yaratması rəmzi, ilkin materiyadan Göydə ruhlar dünyası
yaratması mənasındadır və Tövrata görə bu Göy dünyası “7 günə” yaradılmışdır.
Tövrat yazır ki, Allah yeri və Göyü
yaradanda, yerdə hələ heç bir kol-kos yox idi və sahələrdə heç bir ot
birtmirdi. Çünki, Allah hələ yerə yağış göndərmirdi və yerdə əkin əkmək üçün
insan yaranmamışdı. Lakin yerdən buxar qalxırdı və yer üzünü bütöv suvarırdı. Məhz
bu buxarın qalxmasından sonra Allah Adəmi və onun üçün Şərqdə Edem cənnətini
yaratdı (Библия, Быт. 2:4-8). Buradakı Adəm və Edem rəmzləri, qədim Misirin
Atum rəmzi ilə eyni formada yazılır. Məşhur araşdırıcı Devid Rola görə, Adəm
[DM] adı, qədim Misirin Atum [TM] Allahının adı ilə eyni mənalıdır (Д. Рол
Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М., 2002, səh. 441). Bu isə
Adəmin elə Atum Allahı olması deməkdir. Belə çıxır ki, buxar deyəndə, adi buxar
yox, qurban ruhlarının buxar kimi Göyə qalxması başa düşülməlidir və Göydəki
Edem (Dilmun) cənnəti, Adəm də bu qurban ruhundan yaranmışdır. Tövrata görə,
Adəm yaradılanda kosmik ölçülü, yəni “dünyanın o başından bu başına qədər”
olmuşdu (Библия, Втор. 4:32). Bu isə, söhbətin həqiqətən də Göydə yaradılmış
kosmik ölçülü varlıqlardan getməsi deməkdir. Mühiddin ibn Ərəbi, yaradılmış
Adəmi – Allah və “dünya” adlandırır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.1). Mən -
“Книга Гора или расшифровка Торы” adlı kitabımda faktlarla göstərmişəm ki,
dünyanı altı günə yaradan və yeddinci gün dincələn Allah elə qədim Misirin
Ra-Amon Allahıdır və “Allah dünyanı yaratdı” dedikdə də söhbət yaşadığımız
fiziki dünyadan yox, Göydə, Atum Allahının bədənində yaradılmış ruhlar
dünyasından gedir. Hədislərə görə də -
“torpaq öküzün buynuzunda, öküz balıqda, balıq suda, su havada, hava isə nəmlikdə
dayanır və nəmlikdə bilənlərin biliyi hüdudlanır”. Belə çıxır ki, qədim mənbələrdə
yer, torpaq deyəndə, yaşadığımız bu fiziki dünya yox, Oğuzun qurban vasitəsi ilə
Göydə yaratdığı ruhlar dünyası, yəni cənnət başa düşülməlidir.
Atum rəmzi sufizmdə Tamam rəmzi ilə eyni
mənalıdır ki, Kitabi-Dədə Qorquda görə Tamam vilayəti Oğuzun içində zahir
olmuşdu. Deməli, Oğuzun içində zahir olan Tamam vilayəti – elə qədim Misirin
Atum Allahıdır ki, o da ilkin təpə ilə birlikdə zühur etmişdir.
Yazdıqlarımızdan belə qənaətə gəlmək olar ki,
Oğuzun özünün və döyüşçülərinin torpaq gətirib, təpə düzəltməsi, qurban
ruhlarından Göydə ruhlar dünyası yaratması mənasındadır. Qədim Misirin “Ölülər kitabın”a görə, Allah
qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Beytdə yerləşdirir və Allahın
taxtı üçün sular yaradır. Buradakı Beyt, yəni Ev elə Allahın Evi mənasında
ruhlar dünyası deməkdir.
Qədim Misir mənbələrində Göylərdə yaradılmış
bu ruhlar dünyası - Nut Göyündə yaradılmış Qeb torpağı (İslamda Qeyb aləmi)
kimi də məlumdur. Kitabi-Dədə Qorqudda “Qaba aləm” kimi qeyd olunan bu Qeb Eli,
digər mənbələrdə Qebel, Qubla, Qiblə, Qəbələ və s. kimi yazılır.
Qəbələ şəhəri mənbələrə görə - Alban
dövlətinin paytaxtı, Alban Arşakidlərinin iqamətgahı və Alban arxiepiskopunun
qərargahı olmuşdur. Əl-Bəlazuri, “Kitab
Fütuh əl-Buldan” əsərində Qəbələni Xəzər adlandırır və onun Arranda tikildiyini
qeyd edir. Digər mənbələrdə Xəzər rəmzi Azər, Arran rəmzi isə Xarran kimi də
yazılır ki, sufizmdə bunlar eyni məna daşıyırlar. Xarran – ən qədim mənbələrdə
Azər oğlu İbrahim peyğəmbərin vətəni olmuşdur. İbrahim peyğəmbərsə Qurana və
Mühiddin ibn Ərəbiyə görə, İlahi oddan (Azər odu) Göydə cənnət yaratmış
müqəddəsin obrazıdır.
Qəbələ rəmzi ən qədim Misir yazılarında
Qubla kimi də yazılır ki, rəvayətə görə ölmüş Osiris, yəni qədim Misirin Asar
Allahının bədəninin yerləşdiyi “Qutu” burada sahilə atılmış və o buradakı “ağac”da
“ucalmışdır”. Bənzər hadisə Oğuznamədə Qıpçağın doğulması kimi qeyd olunur. Ağac
rəmzi Əhdi-Ətiqdə “Dünya ağacı” mənasında, Allahın Göydəki eli kimi göstərilərək,
Misir, Assur ölkələri adlandırılır (Библия, Езек.31:3,4,7). Devid Rol, Misir sözünün
– “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Azər oğulları) mənasında olduğunu yazır.
Asar (Osiris) rəmzinin mənbələrdə Oziri, Aziru, Azər və s. kimi də yazılışını
nəzərə alsaq başa düşərik ki, Göylərdə yaradılmış ruhlar dünyası elə qədim
Misirdə ölüm şahlığı adlandırılan Osiris/Asar Allahının şahlığıdır. Azərbaycan
dedikdə də Göydə, Asar/Osiris/Azər Allahının şahlıq etdiyi cənnət təsəvvür
olunmalıdır.
Bütün bunlar o deməkdir ki, Azərbaycan
adlandırılan təpə, qurban ruhlarından Göydə yaradılmış təpə mənasındadır və
digər mənbələrdə bu təpə - Göy okeanındakı ada kimi də təsvir olunur. Ölmüş
insanın ruhu da bu təpəyə qalxaraq burada ömrünü Ba/Benu quşu cildində davam
etdirir. Benu quşlarının Göydəki bu eli də mənbələrdə El-Benu, yəni Alban kimi
yazılır. Belə çıxır ki, Albaniya elə Azərbaycan Göylərində yaradılmış ruhlar
dünyasıdır.
Tarixçi M. Xorenatsinin
“Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi - vərəsəliklə Gel elindəki GelarKüni
nəslindən kiməsə əbədi verilmişdir (М. Хоренаци «История Армении», I kitab,
böl.12). M. Xorenatsi, əjdahalar nəsli olan GelarKüninin Sisaka/Sisakan tayfasını
- “qədim şah toxumu” və tacqoyan Baqaratın,
yəni Aratta bəglərinin nəsli adlandırır. Sisakan rəmzi onu göstərir ki, Allahın
sakinliyi olan “Vəhy çadırı” (Skiniya) məhz burada yaradılmışdır və Sisakan
nəsli də Allah ruhunu daşıyan müqəddəslər nəslidir. Tacqoyan rəmzi isə o
deməkdir ki, bütün ölkələrin şahlarının tacını məhz bu Gel elindən olan bəglər
qoymuşlar.
Bartold yazır ki, Səlcuq imperiyası
dövründə yayılmış türk geneoloji rəvayətlərində “Oğuz” adı əvəzinə “Çigil” (İç-Gel)
adı çəkilirdi ki, İssık-Göl (Sisaka-Gel – F. G. B.) ətrafında yaşayan bu köçəri
çigillərin (karluk – F. G. B.) arasında xristianlar da mövcud idi. Zəkəriyyə
Qəzvini (XIII əsr.) də oğuzları xristian saymışdır və mənbələrə görə Albaniyada
da xristianlar yaşamışlar. Yazılanlara görə, onların şimal qonşuları olan
kimakların ölkəsində qaya olmuşdur ki, onda adam ayağının, dizinin və uşaq
ayağının izləri var idi. Oğuzlar onu İsa peyğəmbərə aid edib, bu izlərə səcdə
edirdilər (В. В. Бартольд, «Сочинения», том.II, часть I, М., 1963, səh. 578,36,565).
Çigil rəmzi – İç Gel, yəni İç Oğuz mənasındadır. İç Oğuz isə, Göydəki
ruhlar dünyasıdır və burada quş qiyafəsində olan ruhlar yaşayır. Xristian
sözünün kökü olan Xris rəmzi, ən qədim mənbələrdə Horos/Horis kimi yazılan
qədim Misirin Qor Allahının rəmzidir. Qor qızılquşu rəmzində olan Misir
Allahlarının vətəni isə El-Benudur, yəni Albaniyadır. Bu isə o deməkdir ki, ən
qədim mənbələrdə xristian dedikdə Benu Elində qızılquş qiyafəsində yaşayan Qor
fironlarının ruhu nəzərdə tutulurdu və bunlar da mənbələrdə ölümsüzlük qazanmış
Azərin, yəni Asar/Osiris Allahının müqəddəslər nəslinə aiddir. Xristianların
Qalileydən, yəni Gel elindən olan İsa peyğəmbəri - yəhudilərdə Yeşua, qədim
Misirdə Şu Allahı, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Gel elinin şiə
nizariləri (Gelati-Şiə) isə ən qədim mənbələrdə nazaretli və ya nasaralı
adlandırılırdı və mən bu rəmzlərə son məqalələrimdə izah vermişəm.
Avropa mənbələrində Azəri müqəddəslərinin
Gel nəsli – Gel oğulları (Qulyard) adlandırılır və bütün Avropa şahlarının, din
xadimlərinin, masonların onlar olduğu nəzərə çatdırılır. Qrase DeOrseninin “Quş
dili. Avropanın gizli tarixi” adlı kitabına görə, Avropadakı bütün qədim
tikililəri də - bu “quş dil”i bilən Gel oğulları yaratmışlar. Əgər nəzərə alsaq
ki, Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər
ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər
birində öz oğullarından birini başçı qoymuşdur, razılaşarıq ki, Ziqqe rəmzi elə
Sisaka rəmzidir. Sisaka nəslinin Gel eli isə elə ilkin təpənin yaradıldığı Geliopol
şəhəridir. Belə çıxır ki, Rəşidəddinin “bayqan” rəmzini varlıların, böyüklərin
yeri anlamında göstərməsi heç də təsadüfi deyildir. Azərbaycan adlanan ölkə Gel
elindən başlanır ki, məhz buranın qədim sakinləri olan bəg-ərənlər, Kitabi-Dədə
Qorqudda “Dünya Mənim” deyərək, dünyanın sahibləri olduğunu iddia etmişlər.
Sonda onu bildirmək istəyirəm ki, mən, “Batini-Quran”
kitabında və məqalələrimdə bütün bu rəmzlərin tam elmi izahını vermişəm.
Gəldiyim nəticə isə ondan ibarətdir ki, Azərbaycan adlanan ölkə - Allahın
“Dünya” yaratmağa başladığı ən qədim və müqəddəs yeridir. Bunu kitab və
məqalələrimdə də mən təkzibolunmaz saysız faktlarla sübut etmişəm.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий