среда, 6 марта 2013 г.

Alimlərimiz gələcəyimizi məhvə aparır


XX1 əsrin elm və texnika əsrinin olması hamıya aydındır. Texniki tərəqqi həyatımızı son dərəcədə rahatlaşdırıb və biz evdə oturaraq çox böyük işlər görə bilirik. Lakin bu inkişaf  hər sahədə özünü göstərirmi? Digər tərəfdən bu inkişafın mənfi tərəfləri hələ də öyrənilməmişdir. Bu inkişaf bizə eyni zamanda yeni xəstəlik növləri və təbiətin məhvinə aparan problemlər də gətirmişdir. Qlobal baxanda, bu inkişafın gələcək nəsillərin ömürlərinin azalmasına və təbiətin məhvinə aparması göz qabağındadır. Deməli, bizim tərəqqimiz düzgün yolla getmir. Bəs bunun səbəbi nədir? Qədim müdrikləri belə bir inkişaf haqqında nə düşünüblər?
Maraqlı faktdır ki, düşünən insan (Homo sapiens) adlandırdığımız bu günkü insanın yaşı ən azı 5500 il olduğu halda, bu müddət ərzində cəmiyyətdə gözə görünən heç bir inkişaf getməmişdir. Yalnız son əsrdə elm böyük sürətlə inkişaf etməyə başlamış və bu səviyyəyə çatmışdır. Digər tərəfdən, ən qədim dövrü araşdıran alimlər belə qənaətə gəlmişlər ki, 5 min il bundan əvvəl Misir və Mesopotamiya kahinləri, sirli bir elmin hesabına çox qısa müddətdə ağlasığmaz texnologiyalara sahib olmuş, yer üzərində, müasir elmi vasitələrlə tikilməsi mümkün olmayan abidələr yaratmışlar. Ortaya maraqlı sual çıxır. Əsl elm hansıdır: insanların ömürlərini azaldıb, təbiəti məhvə aparan bu günkü elm, yoxsa uzunömürlü əcdadlarımızın tam kamil abidələr yaratmış gizli elmləri?
 Mənbələrə görə, elmin inkişafı ilə fərqlənən ən qüdrətli insanlar Midiya maqları olmuşlar ki, onlar mənbələrdə “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləm tayfası” adlandırılırlar. Mən “Batini-Quran” kitabında və məqalələrimdə deyləmlilərin indiki Azərbaycanın ərazisində mövcud olmuş qədim Midiya əhalisi olmasını göstərmişəm. Bu ərazidə deyləmləri ismaili batiniləri adlandırırlar ki, onların öz ismailiyyə fəlsəfəsi vardır. İsmailiyyə fəlsəfəsi isə sufizm adlandırdığımız fəlsəfədir. Məşhur sufi əl Qəzalinin yazdığına görə Allahın dərkinə aparan yeganə yol məhz sufinin tərikə yoludur və s.
Yazdıqlarımdan çıxan nəticə odur ki, iki növ elm vardır: insanları, təbiəti məhvə aparan müasir elm və insanları tam xoşbəxtliyə aparan Azərbaycan sufilərinin batin elmi. Bütün qədim yazılar batin elminin əsasında yazılmış rəmzlərdir və yalnız bu rəmzləri açdıqda, mənbədə yazılanların həqiqi mənası aydın olur. Müasir alimlər o dərəcədə məntiqsiz insanlardır ki, qədim yazıların həqiqi mənalarını dərk etmədiklərinə baxmayaraq, orada yazılanların birbaşa mənalarını elm kimi qəbul etmiş və elm ocaqlarında bunları tədris edirlər. Nəticədə elə bir absurd vəziyyət yaranıb ki, hamının hər şeydən xəbəri olduğu halda, heç kim heç nə bilmir.
Lakin ən dəhşətli vəziyyət isə odur ki, artıq insanlar bu cəhalət içində yaşamağa öyrəniblər və həqiqət artıq onları maraqlandırmır. Tarixçilər nağıl və rəvayət üslubunda yazılmış rəmzləri ölkənin tarixinə çeviriblər. Nəticədə əsilsiz və köksüz olan, lakin bir dildə danışan insanlar - padişahlar və peyğəmbərlər nəslinin adına sahib çıxıb, özlərini ali irq hesab edirlər. Əsilzadələr nəslinin törəmələri isə adi insanlarla qarışdığı üçün qüdrətlərini itirib və pula, vəzifəyə Allahını da, elini də qurban verirlər. Gənclər, yalançı alimlərin böyük adlarına və vəzifələrinə aldanaraq elə başa düşürlər ki, artıq bütün elm öyrənilib və hər şey hamıya aydındır. İnsanların əksəriyyəti bilmir ki, bu gün bütün qədim yazılar dərk olunmaz qalır. Alimlər özləri mənbələr içində kor kimi gəzirlər və bu yazılarda nədən danışıldığını təsəvvür belə edə bilmirlər.
Dünya alimləri həqiqətin gizli olduğunu dərk etmişlər və bunu açıq yazırlar. Lakin əsl həqiqətin hələ üzə çıxmadığına görə, köhnə məntiqi tədrisdə saxlayaraq, son nəticələri də tələbələrə çatdırırlar. Azərbaycan alimləri isə əksinə, həqiqəti, gələcəyimiz olan tələbələrimizdən, gənc nəsildən gizlətməyə çalışırlar. Kütləvi informasiya vasitələrində gənclərimizə saxta “tarix”imizi dərs keçirlər və digər xalqların bizdən üstün olduğunu başa salmağa “çalışırlar”. Maraqlı haldır ki, burada iqtidar və müxalifət yönlü alimlərin hamısı, həqiqəti biləni, əsl elmdən xəbəri olanı özlərinə düşmən sayırlar.
Mən, on altı ildən artıq ki, qədim yazılaırn gizli mənalarının açması ilə məşğulam və bu müddət ərzində bir neçə kitab, onlarla elmi məqalələr yazmışam. Son - “Batini-Quran” kitabımda, qədim dünyanın demək olar ki, bütün sirlərinə elmi izah vermişəm. İlk dəfə mən, bütün qədim yazıların bir sirli hadisə ilə bağlı olduğunu və bu hadisənin də bilavasitə Azərbaycanda baş verdiyini elmi cəhətdən sübut etmişəm. Bu sirli hadisə bilavasitə Rəhman Allahla və onun nəsli olan biz Azərilərlə bağlıdır. Məhz Azəri oğulları dünyaya bütün xalqların hökmranları kimi gəlmişlər və bu günkü insanlar, düşünən insan kimi yaşadıqlarına görə məhz onlara borcludurlar. Dünya alimləri, Azərbaycan adlanan, hansısa geri qalmış bir xalqın hamıdan üstün olduğunu qəbul etmək istəmir və ona görə də bu yazılara münasibət bildirmirlər. Azərbaycanın öz alimləri isə, öz işlərinin və vəzifələrinin itirilməsi, savadsızlıqlarının üzə çıxması qorxusundan bu məsələlərin üstündən keçirlər. Nəticədə isə itirən Azərbaycan xalqı olur. Bunun nəticəsidir ki, xalqımızda “natamamlıq kompleksi” yaranmışdır və onlar bütün digər xalqlara özlərindən üstün kimi baxırlar. Bu isə sonda azərbaycanlıların bir xalq kimi məhvinə aparır.
Mən Azərbaycan gəncliyinə bildirmək istəyirəm ki, Azərbaycanın elmlə məşğul olan insanları,  sizin gələcəyinizi, öz şəxsi mənfəətlərinə qurban verirlər. Bilin ki, bu gün qəbul olunmuş tarix başdan ayağa cəfəngiyyatdır. Bir nəfər də olsun tarixçi alim, mətnlərdə söhbətin nədən getdiyini dərk eləmir. Mənbələrdəki İslam dini – biz azərilərin öləndən də sonra ruhlarının göydə əbədi yaşaması üçün yaradılmış cənnət mənasındadır və bu din bilavasitə biz azərbaycanlılara Allah tərəfindən əbədi verilmişdir. Bu gün özünü İslam alimi adlandıranlar o dərəcədə savadsızdırlar ki, onlar bu cənnətin mövcudluğuna belə şübhə ilə yanaşırlar. Filosoflarımız da əsl fəlsəfənin nə olduğunu anlamırlar və heç bir qədim filosofun elminə izah verə bilmirlər. Bilmək vacibdir ki, Əflatunun “Timey” əsərinə elmi izah verə bilməyən insan - filosof adlandırıla bilməz. Mühiddin ibn Ərəbinin “Füsus-ül hikəm” əsərinə elmi izah verə bilməyən alim – din alimi adlana bilməz. Mənbələrdə Xəzər dənizinin nəyə görə okeanın yanında yerləşdirildiyinə izah verə bilməyən insan - tarix alimi adını daşıya bilməz və s.
Erməni qəsbkarları bizim torpaqlarımızı alıblar və onları təbii olaraq özümüzə düşmən hesab edirik. Lakin biz elmimizi gücləndirsək, yüksək nailiyyətlərə sahib olub, sonda torpaqlarımızı qaytara bilərik. Həqiqəti gizlədən savadsız alimlərin fəaliyyəti nəticəsində isə, azərbaycanlılar bir xalq kimi məhvə doğru gedir ki, sonda qalan torpaqlarımızı da digər güclü dövlətlər bölüşəcəklər. Belə olan halda sual oluna bilər ki, kim Azərbaycan xalqına daha çox ziyan vurur: qaytarılması mümkün olan torpaqlarımızı almış ermənilər və ya qaytarılması mümkün olmayan milli mənliyimizi məhvə aparan alimlərimiz?
Azərbaycan həqiqətlərinin üzə çıxmaması dünya elmini də süquta aparır ki, bu da sonda təbiətin və insanların məhvi deməkdir. Çünki, həqiqi elmi Allah yalnız Azər oğullarına vermişdir və yalnız bizlər qədim yazıların gizli mənalarını dərk etmək qabiliyyətindəyik. Gizlində olan sirlər üzə çıxmayınca, Azərbaycan həqiqətləri açılmayacaq. Bu isə cəhalətin təntənəsi və həqiqətin məhvi deməkdir. Müqəddəs elimizin gələcəyi bu seçimdədir: Olum ya Ölüm.

                                                                                     Firudin Gilar Bəg

Комментариев нет:

Отправить комментарий