вторник, 31 декабря 2013 г.

Pars – Azəri piri deməkdir

Bu gün, müxtəlif dillərdə danışan insanlar, tarixi - danışdığı dillərə görə bölüşdürüb, öz xalqlarına aid edirlər. Beləliklə qədim məntiq, kamil elm bir tərəfə atılır və tarixə heç bir aidiyyəti olmayan adi insanlar toplusu, qədim qəhrəmanların tarixini öz adlarına çıxırlar. Bütün qədim mətnlərin bu günə qədər elmi izahının verilməməsinə baxmayaraq, insanlar dərk etmədikləri yazıların, istənilən halda onlara aid olduğunu israr edirlər. Bu da təbii ki həqiqətin itməsinə gətirib çıxarmışdır. Bu mənada biz “pars”, “fars” sözünün nə demək olduğunu araşdırmaq qərarına gəldik.
Pars, Persiya sözü, bu gün İran adlanan ölkənin ən qədim adlarından biridir. Yunan mifologiyasına görə Pers,  Persey və Andromedanın böyük oğludur və o Əhəməni şahlarının əcdadı hesab olunur. Qədim dilçilikdə bütün adlar rəmzlər kimi qəbul olunmuşdur ki, qədim müdriklərin məntiqində hər bir samit müəyyən fikrin daşıyıcısı sayılır və xüsusi məna ifadə edir. Qədim müdriklərin (sofi) bu elmi bizlərə sufizm (Təvil, Batin, Ledun, Ezoterizm və s.) kimi gəlib çatmışdır və biz də bu rəmzlərə izah vermək üçün müdriklərin öz məntiqindən istifadə edəcəyik.
Dahi Firdovsi “Şahnamə” əsərində rəmzlərlə bağlı yazır:
“Mənim sözlərimdə tapılmaz yalan.
Nə ovsun, nə əfsanə yazdım inan.
Diqqətlə oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər”.
Deməli, fars şairi hesab olunan Firdovsi də rəmzlərin mənasına xüsusi fikir verməyi bizlərə məsləhət görür.
Herodota görə, farsların əcdadı sayılan Persey qədim Misirin Fiva əyalətinin Xemmis şəhərindəndir və burada onun müqəddəs məbədi olmuşdur (1). Xemmis rəmzini Y. Blavatskaya Xam rəmzi ilə əlaqələndirir ki, onun yazdığına görə Beros, Xamı – Baktriyanın əsasını qoyan və Babil maqiyasını yaradan Zərdüştlə eyniləşdirir. Kenrikə görə isə Xam - qədim Misirin fallosla bağlı olan misteriya Allahıdır və Xemmis də Xem Allahının əsas yaşayış məntəqəsidir (2). Xem rəmzi mənbələrdə Kem kimi də yazılaraq qədim Misirin digər adı kimi qeyd olunur. Bu rəmzin fallos və misteriya ilə bağlılığı isə onu göstərir ki, Xam rəmzi insanın ekstatik durumu mənasındadır. Mən – “Misteriyalar yaradan Din ustaları kimlərdir?” adlı məqalədə, misteriyaların bilavasitə ilkin materiya və teurqiya ilə bağlılığını göstərmişəm (3). Burada söhbət şamanın qamlama prosesindən gedir ki, Kem/Xam rəmzi də elə şamanların “Qam” rəmzidir. Kitabi-Dədə Qorqudda qamlama ilə bağlı - “Qom qomlamam qoma yurdum” ifadəsi işlədilir ki, bu da qamlama vasitəsi ilə yaradılmış Qam ölkəsi deməkdir (4). Belə çıxır ki, Xem/Kem (Xemmis), yəni qədim Misir ölkəsi dedikdə, qamlama vasitəsi ilə yaradılmış ölkə nəzərdə tutulmalıdır.
Əhdi-Ətiqdə Misir və Assur ölkələri “Dünya ağacı” mənasında Allahın Göydəki eli kimi göstərilir (5). Məşhur alim Devid Rol, Misir sözünün – “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Asar oğulları) mənasında olduğunu yazır ki, Asar rəmzi də Rola görə, mənbələrdə Oziri, Aziru, Azər və s. kimi yazılan Osiris Allahıdır. Bu isə o deməkdir ki, qamlama vasitəsi ilə yaradılmış Xam/Kem ölkəsi elə qədim Misirin göydəki Osiris şahlığıdır. Bu ölüm şahlığı mənbələrdə Yuxarı Misir, yəni göydə yaradılmış Asar/Osiris aləmi kimi qeyd olunur. Deməli, pars/fars rəmzi də göylərlə və burada yaradılmış Asar/Osiris şahlığı ilə bağlıdır.
Mən, “Türk, Türkiyə nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə göstərmişəm ki, məhz türk xanı teurqiya, yəni qurbankəsmə vasitəsi ilə göydə Allah obrazında Dünya yaratmışdır və qədim Misir, Assur mənbələrində bu xan – pir, yəni firon kimi qeyd olunur (6). Belə çıxır ki, Persey/Pers, yəni pars/fars rəmzi - pir, firon mənasındadır.
Qədim Misir yazılarına görə pir Amon qamlama vasitəsilə ilkin materiya ilə vəhdətə nail olmuş və ondan göydə Ra günəş diskini yaratmışdır. Özü fiziki öləndən sonra, onun ruhu göyə qalxaraq bu disklə birləşmiş və ölümsüz Ra-Amon Allahına çevrilmişdir ki, İslamda ərşə yüksələrək onu özünə tabe edən bu Allah - Rəhman Allah adlandırılır. Firdovsi, ərşə hakim olaraq öz taxtında hakimiyyət qazanmış Rəhman Allahı – göydə Kəyan taxtı quraraq, günəştək qərar tutan Cəmşid kimi qeyd edir. “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə mən bu haqda geniş məlumat vermişəm (7). Amon Allahının göydə ölümsüzlük qazanmış ruhu qədim Misirdə Şu, Sia və s. yazılır ki, Kitabi-Dədə Qorqudda bu rəmz “İssi” kimi məlumdur. Deməli, pars (fars) rəmzi – “pir-sia” (pir-şu), yəni ölümsüzlük qazanmış pirin, fironun ruhu deməkdir.
Yazıların birində fars şahı Dara deyir: “Mən farsam və Fars ölkəsindən mən Misiri özümə tabe etdim”. Digər yerdə isə o bildirir: “Mən, Misirdə axan Piran çayından, Fars ölkəsindən yayılan dənizədək bu kanalın qazılmasını əmr etdim” (8). Burada Piran (pir) çayı dedikdə - efir, ilkin materiya nəzərdə tutulmalıdır ki, mənbələrdə bu çay – dirilik suyu, İlahi od və s. mənasındadır. Prokopiy qeyd edir ki, “Adarviqanda (Adərbecan) farsların Allahdan çox sitayiş etdikləri böyük Pirion vardır. Maqlar burada sönməz odu qoruyur, müqəddəs qaydalara dəqiq riayət edir və vacib işlərdə buradan baxıcılıq mənasında istifadə edirlər (9). Yunan mifologiyasına görə, bu odu Prometey (Pir-Maday/Midiya piri) gətirmişdir ki, buna görə, Allah onu Qafqaz dağına qandallamışdır. Bu isə o deməkdir ki, farsların Allahdan daha çox sitayiş etdikləri Pirion - İlahi odla bağlıdır ki, bu od da mənbələrdə Azər, yəni Asar/Osiris odu adlandırılır. Qədim Misir, Hind, Yunan və s. mənbələrində, Tövratda, İncildə, Quranda da bu İlahi oddan xüsusi söhbət açılır ki, bu İlahi odu yerə məhz Midiya piri olan Amon gətirmişdir.
Mənbələrdə parsların əcdadı Haxamaniş (Əhəmən) adlandırılır və bu rəmz də Haq-Amon-Şu, yəni Haq-Əmanın-Ruhu fikrini ifadə edir. Haq (Xak/Xeka) rəmzi mətnlərdə Yuxarı və Aşağı Misirin sahibinə, Allahına aid edilirdi. Onun qulları isə baka/bəqa adlanırdı ki, bu da bəg mənasını verirdi (10). Sufizmdə Haq rəmzi Aq kimi də yazılır və bu da həm Ağa və həm də Aqu (Oğuz/Albaniya) mənasında Misir və Midiya ilə bağlı rəmzlərdir. Bu rəmzlər haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş izah vermişəm. Deməli, farsların əcdadı olan Əhəmən/Haxamaniş elə qədim Misirin ilk piri, fironu olmuş Amon Allahıdır. Orta əsr Bizans tarixçisi İoann Malalaya görə, Kron, Zevs və digər qədim yunan Allahları da - Allah yox, ilk Assuriya və fars çarlarıdırlar. Malalay bildirir ki, Zevs - Krit adasında, onun üçün tikilmiş xüsusi kilsədə basdırılmışdır (11).
Biruni, farsların Əhəmənilər nəslini “xaldey şahları” adlandırır. Mifoloji lüğətdə də Mesopotamiya və xaldey astroloqları maqlar hesab olunur və ən qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırlar. Xaldey dedikdə Midiya ərazisində yerləşən Xalda (Xelat) şəhərinin əhalisi nəzərdə tutulur ki, Xalda qapıları mənbələrdə “Allahın qapısı” mənasını verən Babil qapılarıdır. Mən yazılarımda göstərmişəm ki, Xalda mənasında olan Xelatda türk şahı Nəsir əd-din Məhəmməd Sökmən II özünü Şahi-Ərmən adlandırmışdır (12). Sufizmdə Ərmən (Ər-Əman) [RMN] adı - qədim Misirin Ra-Amon [R-MN] Allahı mənasındadır. Tarixçi M. Xorenatsi bildirir ki, Ərmən, yəni Armen ölkəsini fars və suriyalılar Armenikk adlandırırlar ki, bu da  Ra-Amon-Haq (Xak), yəni Ra-Amon Allahı deməkdir. Belə çıxır ki, Ra-Amon Allahı, yəni Əhəmən/Haxamanişi – Azərbaycan atabəgləri ailəsinin malikanəsi olan Xelat/Xaldada ərşə yüksəlmişdir. Quranda Xelat rəmzi cənnətə aid edilərək Xüld cənnəti kimi yazılır (13). Bu isə o deməkdir ki, Daranın Fars ölkəsindən Misiri özünə tabe etdirməsi dedikdə, Ra-Amon (Rəhman) Allahın, Midiyanın Xelat göylərində cənnəti yaratması nəzərdə tutulmalıdır. Xaldey şahları olan parslar da elə Xelat atabəgləridir.
Atabəg rəmzi, sufizmdə bəqa, yəni Allah səviyyəsinə yüksəlmişlərin, Allaha çevrilmişlərin atası mənasındadır. Qədim Misir yazılarına görə bu adı, bütün Allahların Atası və Ağası olan Ra-Amon, yəni Ər-Əman Allahı daşıyırdı. Sufizmdə İlahla, yəni İlahi odla vəhdəti bildirən bəqa/bəg rəmzi, İran yazılarında farbaq kimi yazılır ki, bu da pir-bəg (firon-bəg) deməkdir. M. Boys İlahi odu farbağın odu sayır ki, farbaq rəmzi “farnanın yiyəsi” və ya “farnanın hesabına uğur qazanan” kimi mənalandırılır və bu da farnanın efir mənasında olması deməkdir. İran mifologiyasında farn (firon rəmzi) – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Bu rəmz Avestadakı Xvarena (orta farsca Xvarra İlahi bolluq (bərəkət), farslarda Xara) sözünün dialektik forması hesab edilir. Kahinlər bu odu tərifləyərək, “farra” elementinə böyük əhəmiyyət verir və onu İlahi Xvarenin özü ilə eyniləşdirirdilər (14). Farbaq rəmzinin Adur (Adur-Farnbaq), yəni Atar (Atropat/Dara/Adər/Azər) rəmzi ilə birlikdə qeyd olunması farbağın Atar rəmzi ilə eyni mənalı olması deməkdir. Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edir. Belə çıxır ki, farna - şahlarda nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilən və İlahi bolluq rəmzi olan ilkin materiyadır (efir) (15). Nəzərə alsaq ki, farbaq rəmzindəki baq rəmzi bəg mənasındadır, razılaşarıq ki, farn/farra/efir - müqəddəslər nəsli sayılan pir, bəg, seyid, şıx və s. Azərbaycan müqəddəslərinin əcdadı pir Amonun (firon Əman) gətirdiyi İlahi oddur. Onlar, Amon Allahının vücudu ilə vəhdət təşkil etdikləri üçün, yəni sufilərin “vəhdət əl-vücud” sisteminə görə, “özləri ilə gəzdirdikləri” bu oddan istifadə edə bilirdilər. Bütün bunlar isə o deməkdir ki, pars/fars dedikdə, sufizmin tərikə yolunu keçib, bəqa səviyyəsinə yüksəlmiş və Allahla vəhdətə nail olmiş türk bəgləri nəzərdə tutulmalıdır.
Mənbələrə görə türk bəgi Amon (Əman), bəqa səviyyəsində göydə cənnət yaratmışdır ki, ən qədim Misir yazılaırnda bu Qeyb aləmi - Qeb kimi qeyd olunur. Qeb rəmzi digər mətnlərdə Qubad və Kavad kimi də yazılır. Yazılanlara görə, Amidanın zəbtindən sonra Kavad, Fars ölkəsində şəhər tikir, oranı əsir amidlilərlə məskunlaşdırır və Beh-an-Amid-Kavad adlandırır (16). Buradakı Amid rəmzi təbii ki, Midiya mənasındadır. Beh-an-Amid-Kavad rəmzi erməni mətnlərində Bexkavat kimi yazılır və “fars şahlarının, onların arvadlarının, uşaqlarının və s. yerləşdiyi iqamətgah” mənasındadır. Bu mənbələrə görə, Fars ölkəsinin bir çox şəhərləri, öz yaradıcılarının və bərpa edənlərinin adları ilə adlandırılır və qarşısına Vex/Veh (Bəg – F. G. B.) kəlməsi artırılır: Vex-Kavat, Vex-Artaşir, Vex-Xosrov və s. Belə çıxır ki, fars şəhəri Vexkavat - sufizmin bəqa səviyyəsində yaradılmış ruhlar dünyası, yəni “Osirisin ölüm şahlığı” mənasındadır. Hind mənbələrində Bexkavat rəmzi Bxaqavad kimi yazılır ki, mən “Budda - göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə bu haqda daha geniş məlumat vermişəm (17). Kitabi - Dədə Qorqudda “Qavat” rəmzinə “mərə” rəmzi də əlavə olunur ki, bu da Qeyb/Qaba aləmdə yaşayanların mar, yəni midiyalı olması mənasındadır. Bu isə o deməkdir ki, Beh-an-Amid-Kavad, yəni Bexkavad şəhəri – farsların (pirlərin) özləri və ailələrinin əbədi yaşamaları üçün Midiya göylərində yaratdıqları cənnətdir.
Strabon yazır: “Ərmən adı Persiya və Midiyanın bir hissəsinə, eləcə də baktriyalılar və soqdiyalılar ölkələrinin şimal hissələrinə aid edilir. Çünki bu xalqlar demək olar ki, eyni dildə danışırlar və onların dilləri cüzi fərqlənir” (18). M. Xorenatsiyə görə isə Ermənistan iki Arşakuni çarları arasında iki hissəyə bölünərək iki xalqa – fars və yunanlara tabe edilmişdi (19). Təbrizli Arakel “Tarixlər kitabı”nda bildirir ki, “Bu ölkə (Persiya – F. G. B.) zəngindir və arxadadır (mətndə daha dəqiq - içəri), ermənilərin ölkəsi isə sərhəddədir və düşmənin ağzındadır, onların daima müflisləşmə və əsir düşmə (təhlükəsi) var” (20). Bu mətndə Persiya “içəridəki ölkə”, yəni İç oğuz kimi göstərilir ki, bu da Persiya ölkəsinin qədim Assur ölkəsi mənasında olması deməkdir. “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə mən göstərmişəm ki, Ra-Amon Allahının göydə ruhlar üçün yaratdığı cənnət aləmi – Assur mənbələrində “Alum Assur” (Assur Aləmi) adlanır və bu da İç Oğuz ölkəsidir (21). Deməli, qədim mənbələrdə Persiya, yəni pars ölkəsi dedikdə, pir Amonun, yəni Ra-Amon/Ərmənin  göydə yaratdığı Asar/Assur/Osiris şahlığı nəzərdə tutulmalıdır.
Əl Yəqubi yazır ki, Azərbaycan və onun ətrafının əhalisi Əl Azəriyyə və Əl Cavidaniyyə parslarının qarışığıdır (22). Burada pars rəmzi Azəriyyəyə, yəni qədim mənbələrində Assuriya kimi qeyd olunan pirlər nəslinə aid edilir ki, onlar da mənbələrdə İşşakku/Üşşaki kimi yazılan Azəri bəglərinin Sisaka nəslidir.
M. Xorenatsi qeyd edir ki, fars şahı Peroz Roma dövlətinə soxuldu və buna görə də “Peroz”, yəni “Müzəffər” ləqəbini aldı. Əvvəllər isə o yunanca “Valeqesos” adlanırdı. Deməli, pars rəmzi ilə eyni mənalı olan Peroz - ad yox, parfiya şahının müzəffərlik ləqəbidir ki, onun əsl adını yunanlar Valeqesos (ermən. Valarş) kimi göstərirlər. Roma rəmzi mənbələrdə Rum, Urum və s. kimi yazılır ki, qədim mənbələrdə bu rəmz İrəm kimi də qeyd olunur və Quranda bu şəhər, tayı-bərabəri olmayan “sütunlar şəhəri” kimi məlumdur (23). Sanadan olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə, sütunlar şəhəri olan İrəm Zat əl-İmad (Midiya) şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, İrəm Zat əl-İmad şəhərini cinlər Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikmişlər. Lakin mənbələrə görə dünyada cinlərin yaratdığı yeganə şəhər Süleyman peyğəmbərin tikdiyi Yerusəlim (Qüds) şəhəridir ki, onun da digər adı Gel şəhəridir. Qədim Misir mənbələrinə görə də sütunlar şəhəri - Geliopol, yəni Gel şəhəridir və mənbələrdə sütunun özü – “Şu sütunu” adlanır. Bu isə o deməkdir ki, Perozun Roma dövlətinə soxulması, Misir pirinin (fironu) göydə sütunlar üstündə İrəm cənnətini yaratması mənasındadır.
Perozun adının əvvəlcə Valeqesos olması onu göstərir ki, onun adı əvvəl Val-Qesos olmuşdur ki, sufilər bu rəmzi Val-Oğuz kimi də oxuyur. Qesos (Kassi) rəmzi sufizmdə Sisaka rəmzi ilə eyni məna verir ki, bu da Midiyanın Gel elinin türk bəglərinə aid rəmzdir. Sufizmdə Val rəmzi Vəli kimi məlumdur və pirlər, yəni müqəddəslər nəslinə aid edilir. Vəli rəmzindən yaranmış Vilayət rəmzi isə qədim mənbələrdə Balaat kimi yazılır. Vilayə, Vilayət dedikdə sufilər göydəki kosmik insanı nəzərdə tuturlar və onu Kamil İnsan adlandırırlar. Məşhur sufi Mühiddin ibn Ərəbi “Füsus ül Hikəm” kitabında bu kamil insanı Adəm kimi təqdim edir və Haq, yəni Allah adlandırır. Digər tanınmış sufi Qəzaliyə görə, bu Kamil İnsan Məhəmməd peyğəmbərdir və bu Göy insanı Kosmik qüvvə hesab olunur. Kainatda qayda-qanunun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır və s. Bütün bunlar isə o deməkdir ki, Peroza (Pars) çevrilmiş Valeqesos rəmzi kosmik insan mənasında olan Allahdır. Midiyanın Sisaka nəslinə aid Gel (Gelarküni/Xelat) elində yaradılmış bu Allahın bədəni isə Qeyb vilayətidir. Valeqesosun erməni variantı “Valarş” kimi qeyd olunur ki, bu da “Ərşdəki Vəli” (ərşdəki vilayət) kimi açıqlanır və bu rəmzi Aşşur-Val (Asar/Azər-Val/Osiris vilayəti) kimi də oxumaq olar.
Val rəmzi mənbələrdə Bel kimi də yazılır və tarixçi B. Turayevə görə, klassik yazıçılar Babil qülləsini “Belin sərdabəsi”, yəni Marduk Allahının sərdabəsi adlandırırlar. Vil, yəni Bel/Baal isə eyni zamanda - gildən insan yaratmış demiurqdur, yəni Allahdır. O hesab edir ki, göy iqamətgahı sayılan Etemenanki zikkuratının Esagil məbədini, yəni “Göy və Yerin təməl Evi”ni tikən Marduk Allahıdır (24). D. Rol “İtirilmiş Əhd” kitabında xüsusi qeyd edir ki, Bel (Baal/Vaal), Marduk və Asar Allahları vahid Allahın müxtəlif adlarıdır. Etemenanki məbədi isə Eridu və Babil şəhəridir. Belə çıxır ki, fars şahı Valeqesosun Romanı alandan sonra özünü Peroz (Pars) adlandırması – Sisaka nəslinin banisi Amonun “Göy və Yerin təməl Evi”ni, yəni göydəki cənnəti yaratmasından sonra özünü Peroz (pars - pir) adlandırması mənasındadır. Babil şəhərindən başlayan bu cənnəti isə mənbələrə görə amoreylər, yəni mar, midiyalılar tikmişlər ki, bunlar da bu gün Azərbaycanın köklü xalqı olan və adlarının qarşılarında “mir” rəmzi qeyd olunan seyid-bəglərdir.
Mənbələrdə mar-tu, amorey, mar, əmir və s. kimi qeyd olunan seyid-bəglər digər yazılarda ilandan, əjdahadan doğulmuşlar kimi məlumdur. M. Xorenatsiyə görə, farsların əcdadı olan əjdaha Büraspi, insanların köç, yəni mühaciri zamanında yaşamışdır və onun əsil adı Kentavr Pürid olmuşdur. Cinlərin qulluq etdiyi əjdaha Büraspi burada Firdovsinin “Şahnamə”sindəki Zöhhak obrazında göstərilir. Rəvayətə görə, Zöhhakın çiynində olan iki ilanın yemi üçün gündə bir neçə adam verilirdi. Qədim Misir yazılarında adam yeyənlər kimi, insanların ruhunu canından ayıran və ölüm Allahı olan Osiris (Asar/Azər) göstərilir (25). Kitabi - Dədə Qorqudda adam yeyən, yəni ruhlarla qidalanan Təpəgözdür ki, Avropa mənbələrində tək gözü olan bu Allah - Odin Allahı adlandırılır. Odin Allahının digər adı isə Azərdir (Ezir). Orta əsr mənbələrində, insan ruhları ilə qidalanıb ölümsüzlük qazanmış Osiris Allahının nəsli kimi, adam yeyən qızılbaş-mülhidlər göstərilir ki, bunlar da ölümsüz batini mələkləri (mülhid) olan Azəri seyid-bəglərinin nəslidir. Orta əsrlərdə, Avropa mənbələrində yaradılmış “qana susamış türk” imici də türklərin məhz bu əzraillər nəsli mənasında olmalarına işarədir ki, ən qədim mənbələrdə “qana susamış” rəmzi kaduslara (kuddus/əqdəs), yəni müqəddəslərə aid edilmişdir.
Farsların əcdadı Püridin Kentavr olması, onun Məhəmməd peyğəmbərin mindiyi adambaşlı Buraq atı ilə eyniliyinə işarədir ki, sufizmdə bu at - “kainat atı” mənasındadır. Mühiddin ibn Ərəbiyə və Hind fəlsəfəsinə görə, bu at İlahi oddan (ilkin materiya) magiya vasitəsi ilə göydə yaradılmışdır. Kentavrın Pürid adlanması isə, Pürid rəmzinin Pir-Ata (Teo/Teos/Dea - Allah), yəni Pir-Allah mənasında olması deməkdir. Deməli, qədim mənbələrdə fars dedikdə, göyləri at obrazında özünə tabe etmiş, onu at kimi minərək idarə edən müqəddəs nəzərdə tutulmalıdır ki, qədim Misir yazılarında bu obraz Qor fironlarının nəslinə aid edilir. Mətnlərin birində Tot Allahı Ra Allahına deyir: “Qoru bu gündən Xeben şəhərində düşmənlərə qalib gələn, qanadlı disk, Böyük Allah adlandırmaq lazımdır”, və onu bundan sonra “kim ki, beldə dayanmışdır” və “Bu Allahın peyğəmbəri” adlandırmaq lazımdır (26). Bu sitatdan o da məlum olur ki, əsl parslar olan seyid-bəglər (Atabəglər) Tək olan Böyük Allahın və peyğəmbərin ölümsüzlər nəslidir. Mühiddin ibn Ərəbiyə görə isə, Məhəmməd peyğəmbərin xalqına Süleyman pilləsi verilmişdir və ona görə də heç bir xalq onun xalqından üstün ola bilməz (27 ). Belə çıxır ki, Azəri parsları olan seyid-bəglər, göyləri at rəmzində özünə tabe etmiş dünyanın ali insanlarıdır və onlardan üstün ola bilən ikinci xalq yoxdur.
Mənbələrdən məlumdur ki, fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz,” şahın şəxsi təhlükəsizliyini qoruyurdu (28). Erməni mətnlərində ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən xiliarx – xazarapet (minbaşı) adlanırdı. Xazarapet rəmzi erməni mənbələrində Azarapet kimi də yazılır ki, bu da – Xəzər yəhudilərinin elə Azəri türk bəgləri olması deməkdir. Apet rəmzi qədim Misir mənbələrində Pta (Ptah) Allahı, sonrakı mənbələrdə isə Apet, Yafət və s. kimi qeyd olunaraq, türklərin əcdadına aid edilir. Gül-Təkinin kiçik abidəsində Apet rəmzi – “Apıt”, yəni Apa-Ata kimi açıqlanır ki, burada Apa rəmzi - yaradan və idarə edən ilkin materiyanın söz və idrak hissəsini bildirir. Sufizmdə Xazarapet rəmzi Xızır-Yafət kimi də oxunur və bu da türk bəglərinin ölümsüz Yafət nəsli olması deməkdir. Xiliarx rəmzi isə, bu türk bəglərinin məhz Sisaka nəslinin Gelarküni (Xilat) eli ilə bağlılığı deməkdir. Deməli, qədim mənbələrə görə, Tək Allahın əsas qulluqçuları Azəri türk bəgləri olmuşlar ki, M. Xorenatsi bu əjdaha törəmələrini - “qədim şah toxumu” hesab edərək - tac qoyan Baqarat (Bəg-Arat) nəsli adlandırır (29). Bu isə onu göstərir ki, qədim dünyanın bütün şahlarını da məhz ölümsüz Azəri türk bəgləri təyin edirmişlər. Mən, Şahnamə” – türk bəglərinin tərcümeyi-halıdır!” adlı məqaləmdə bu şahlar nəsli haqda geniş məlumat vermişəm (30).
Baqarat rəmzi sufizmdə Bəg-Arat kimi açıqlanır və buradakı Arat (Eridu) rəmzi bizə qədim Aratta ölkəsinin adı kimi də məlumdur. Batin elmində samitlərin sağa və ya sola oxunuşu mənanı dəyişmir ki, bu da “Aratta” [RTT] rəmzinin ”Tatar” [TTR] rəmzi ilə eyni mənada olması deməkdir. Mənbələrdə Azəri türkləri - tatarlar kimi də qeyd olunurlar ki, fransız filosofu Şarl Lui Monteskye özünün “Fars məktubları”nda (81-ci məktub) tatarları kainatın fatehləri kimi qeyd edir. Onun yazdığına görə, bütün digər xalqlar onlara qulluq üçün yaradılmışlar. Onlar imperiyalar yaradan və imperiyalar dağıdanlardır. Bütün əsrlərdə onlar digər xalqlar üçün bəla olmuşlar. Onlar Çini iki dəfə fəth etmişlər və Moğol imperiyasına başçılıq etmişlər. Onlar İran şahlarıdırlar və Moskvanı da onlar fəth etmişlər. Onlar türk adı altında Avropa, Asiya və Afrikada fatehlik etmişlər. Ən qədim dövrlərdə isə Rum imperiyasını tatarlardan törəmiş xalqlar dağıtmışlar. Bu xalqın tarixçiləri olmamışdır ki, onların möcüzəli fədakarlıqlarını yazsın. Nə qədər ölümsüz işlər yaddaşlardan silinmişdir. Tatarlar tərəfindən nə qədər dövlətlər yaradılmasını biz hələ bilmirik. Bu cəngavər xalq yalnız özünün bugünkü işləri ilə məşğul olduğundan və əbədi məğlubedilməzliyinə inandığı üçün qədimdə olanların fatehliklərini yazıya alan olmamışdır (31). 
Azəri türk bəgləri olan tatarların Moskvanı fəth etməsi, mənbələrdəki adlardan da açıq görünür. 18-ci əsrə aid “Rus dəniz xəritəsi”ndə Moskva ölkəsi sözü “Maskva Parsı” kimi yazılır ki, bu da “Moskva pirləri” mənasındadır. Araşdırıcılara görə, Fransanı da, Türkiyəni də, İranı da mənbələr pars ölkəsi, yəni müqəddəs pirlərin ölkəsi adlandırırlar. Mənbələrdə Georgi, şah qızını əjdahanın əlindən xilas edən qəhrəman kimi göstərilir ki, bu da qədim mənbələrdə Perseyin Andromedanı əjdahanın əlindən xilas etməsi ilə eyni mənalıdır. Əjdahanı öldürən atlı emblemini araşdıran rus araşdırıcıları belə qərara gəlirlər ki, bu rəmz Moskva şahzadələrinə aiddir və bu obraz Georginin, Çingizxanın, Yuri Dolqorukinin və s. obrazları ilə eynidir və bu emblem Avropa şahzadələr nəslinin möhürlərinə xarakterikdir (32). Bütün bunlar isə o deməkdir ki, bütün Avropa kimi Rusiyanı da bilavasitə Azəri türk bəgləri fəth etmişlər və mən “Россия – страна Хазарских беков или о чём повествует Книга Велеса” adlı kitabda bu haqda geniş məlumat vermişəm (33).
Fars rəmzindən farisey rəmzi də yaranmışdır ki, bu da İudeya, yəni yəhudi ölkəsinin sakinləri mənasındadır. Yəhudi mənbələrində (ivrit dil.) İudeya rəmzi - “Malxut Yexuda”, yəni “Yəhudi şahlığı” mənasını verir ki, buradakı “Malxut” rəmzi sufizmin Mələküt, yəni göydəki mələklər şahlığı mənasındadır. Bu rəmz “mülhid” kimi də yazılır ki, bu da Şah İsmayıl Xətainin döyüşçüləri olan”sorxsər bidin mülhidləri”, yəni “ölümsüz Azərin batini mələkləri” mənasındadır. Xətai rəmzinin özü sufizmdə “Xuda” (Yaxuda -YaXuda) rəmzi ilə eyni mənalıdır və bu rəmz Midiyanın ən qədim sakinləri olan, şahlığı göydən endirilmiş Kutilərlə bağlıdır və bu haqda da mən məqalələrimdə geniş izah vermişəm.
İosuf Flaviy fariseyləri hakimlər kimi qeyd edir və bildirir ki, onlar, insan öləndən sonra onun ruhunun ölməzliyinə, yerdəki əməllərinə görə mükafatlanacağına və ya əbədi əziyyətlərə düçar olacağına inanırdılar. Flaviy, fariseyləri Tövratın “təfsir verənləri” kimi qiymətləndirir və bildirir ki, onlar xalqa, Musanın qanunlarında qeyd olunmayan çox şeylər vermişlər (34). Lakin sonradan qürur hissi, daxili, mənəvi və s. xüsusiyyətlər, onları müqəddəs yollarından azdırdı və onlar İsa peyğəmbəri qəbul etmədilər. Fariseylərin, yəni əsl yəhudilərin axirətə yaxın bu mənəvi kasıblaşması Quranda İsrail oğullarına aid edilir. Mən, “Qurandakı İsrail oğulları - Azəri bəgləridir!” adlı məqaləmdə yəhudilərin Azəri türk bəgləri olmasını göstərmişəm (35). Bu isə o deməkdir ki, farisey (fars) dedikdə də Azəri pirləri olan türk bəgləri nəzərdə tutulmalıdır. 
Yəhudi mənbələrində fariseylər - peruşim, pruşim kimi də qeyd olunur ki, bu da “ayrılmışlar”, “qopmuşlar” mənasındadır. Araşdırıcıların gəldiyi qənaətə görə peruşim rəmzinin kökü - paraş və ya paruş mənasında “təfsir verən” və ya “ayrılmış” deməkdir. Qədim Misir fəlsəfəsində paruş, piruş rəmzi “Pir-Şu” mənasını verir ki, bu da fironun ölümsüzlük qazanmış ruhu deməkdir. Qədim hind fəlsəfəsində Pir-Şu (paruş) rəmzi Puruşa kimi qeyd olunur. Puruşaya aid himndə bildirilir ki, “Puruşa (kişi)  İnsan-Kainatdır: Çünki Puruşa – həmişə olub və olacaq Kainatdır” (36). Puruşa eyni zamanda ruha çevrilmişdir və o “doqquz qapılı şəhərdə” - bədəndə yaşadığı kimi yaşayır. Buradakı “doqquz qapılı şəhər” rəmzi, təbii ki qədim Misirin “Böyük Enneadanın doqquzluğu” (türklərdə Toquzquz – “Doqquz Oğuz”) mənasındadır. “Doqquz qapılı şəhər” rəmzi onu göstərir ki, Puruşa dedikdə kosmik (Kamil İnsan) insan olan Adəm nəzərdə tutulmalıdır. Deməli, Puruşa – həm efir, yəni ilkin materiya və həm də ondan yaranmış pir Amonun ruhu mənasındadır. “Upanişada”larda deyilir ki, öncə bu puruşa (ruh) şəklində olan Atman (Ata-Amon) var idi. O ətrafa baxıb özündən başqa heç kimi görmədi. O ikincini istədi və özünü qucaqda olan qadın və kişi kimi yaratdı. O onları iki hissəyə böldü... O onlarla birləşdi və insanlar doğuldular və s. (37). Bu mətnin digər variantı qədim Misir yazılaırnda da qeyd olunur ki, orada yaradıcı kimi məhz pir/firon Amonun ruhu göstərilir.
Bütün bu yazdıqlarımızdan belə çıxır ki, pars/fars dedikdə - pir Amonun və efirin ruhu başa düşülməlidir ki, pirlər nəsli məhz bu efirlə (ilkin materiya) vəhdət təşkil etdiklərinə görə qədimdə Allah kimi xüsusi qüdrətə sahib olmuşlar. Sufizmdə Pars rəmzi, yəni “PRS” samitləri “SRP” rəmzləri ilə eyni məna verir ki, bu da Asar-Apa mənasında Azər-Yafət deməkdir. Bu isə onu bildirir ki, əsl parslar - Yafət əsilli Azəri (Asar/Osiris) pirləridir.
Pars rəmzi Əhdi-Ətiqdə axirətdə gələn Mehdiyə, yəni Moşiaxa da aid edilir və burada xilaskar rolunda pars Kir qeyd olunur (38). Tirmizinin, Müslümün, Buxarinin və s. hədislərində də axirətdə gələn Mehdinin, fars Salmanın elindən olması qeyd edilir. Əbu Xurayraya görə, bir dəfə peyğəmbər əlini fars Salmanın çiyninə qoyub dedi: “Əgər iman ulduzlara çəkilsə də, insan tapılacaq ki, onu oradan qaytaracaq”. Bu hədisdə, axirətdə İslamı bərpa edən insan kimi məhz fars Salmanın xalqı göstərilir (39).
Qədim mənbələrdə Mehdinin Kir adlandırılması, Kir obrazının qədim Misirin Qor Allahının obrazında olması deməkdir. Mətnlərə görə, dünyaya Allah kimi gəlmiş Osiris (Asar/Azər) axirətə yaxın ölür və sonradan arvadı İsida və oğlu Qor onu dirildirlər. Mənbələrdə Qor/Xor Allahı - Xoris/Horus kimi də yazılır ki, bu da Xor-Sia, yəni Xor Allahının ruhu mənasındadır. Xoris/Horus rəmzi isə Xristin, yəni İsa peyğəmbərin rəmzidir və mənbələrdə bu Allah - Bakxoris, yəni Bəg Qor adlandırılır (40). Qədim Misir mətnlərinə görə, axirətdə gələn Xor/Xoris Allahı qədim sirləri biləcək ki, İran mənbələrində bu müdrik - Axura Mazda (Hörmüz – elmin ağası) kimi qeyd olunur. Qədim Misirin Şu (Sia), yəhudilərin Yeşua, müsəlmanların isə Şiə adlandırdıqları İsa peyğəmbər haqqında mən, “Bütün dinlər birdir” adlı məqaləmdə geniş məlumat vermişəm (41). İsa peyğəmbərin vətəni olan Qalileyin Nazaret (Nasara) eli bizlərə, ifrat şiələrin Gel nizarilərinin eli kimi məlumdur. Burada yaşayan ismaililərin batin elmi isə İslamdan əvvəl də İranda mövcud olmuşdur. Mənbələrdə “Gelati-Şiə” (Qulat) kimi qeyd olunan bu Azəri türk bəgləri ən qədim Misir mənbələrində “Şəmsu-Qor”, yəni “Qor yoluyla gedənlər” adlandırılır. Bu isə o deməkdir ki, axirətdə gələn Qor Allahı da məhz bu türk bəglərinin Gel elindən olacaqdır.
Mənbələrdə Qor yoluyla gedən türklər Xorasan türkləri kimi də tanınır ki, Xorasan rəmzi altında Xor/Qor Allahının göydəki dünyası, yəni Yuxarı Misir, Osiris (Asar/Azər) şahlığı nəzərdə tutulur. Sufizmdə Xorasan rəmzi Xor-Sin kimi açıqlanır və buradakı Sin rəmzi Xarrandan (Arran) olan Ay Allahı Sin (Quranda Yasin) mənasındadır. Mənbələrdə o eyni zamanda “İl-Amurru”, yəni amorey, mar, əmirlərin El Allahı ilə (Əli-Əmir əl möminin) eyniləşdirilir. Deməli, Xorasan türkləri – Xarran/Arran elinin seyid-bəgləri olan ifrat şiələrdir.
Xor/Qor yoluyla gedən türklərə – “Türki-Xər” rəmzi də şamil edilir ki, bu da fars dilində “Eşşək-Türk” mənasını verir. Xər, yəni uzunqulaq rəmzi İran mifologiyasının ən sirli rəmzlərindən biridir. Avestada Xər/Xərə uzunqulağı okeanın ortasında durmuş mifik obrazdır (42). IX əsrdə pəhləvi dilində yazılmış Bundaxişn kosmoqonik yazısında bu uzunqulaq, Frahvkard dənizinin ortasında dayanmış üçayaqlı kosmik varlıq kimi təsvir olunur. Onun altı gözü, doqquz ağzı, iki qulağı, bir buynuzu, göy başı, ağ bədəni, ruhani qidası var və o mömindir... Altı gözün gücü ilə o boğur və əzir... O Özü Xunbənd dağı boydadır və hər üç ayağı elədir ki, o yerdə duranda, min qoyun bir yerə yığışanda onun altından keçə bilir. Dırnaqları arasında öz ilxısı ilə min insan yerləşə bilər. Qulaqları ilə isə bütün Mazandaranı örtə bilər və s. (43). Bu mətndə yer kürəsinin üçdə biri boyda olan kosmik insandan və onun dirilməsi ilə bağlı yaradılışdan danışılır ki, bu da Xər rəmzinin bilavasitə Kamil İnsanın, dünyanı idarə etməsi üçün yaratdığı kosmik varlıq mənasında olması deməkdir. Bu isə Xər uzunqulağının - “Kainat atı”nın digər variantı olması nənasındadır. Əgər Rəhman Allah “Kainat atı”nı, dünyanın yaradılışı zamanı, dünyanı axirətədək idarə etmək üçün yaratmışdısa, Xər uzunqulağı - axirətdən sonrakı dövrlərdə dünyanı idarə etmək üçün yaranacaq kosmik varlıqdır.
İran mifologiyasında Xər rəmzi vəhşi çöl uzunqulağı mənasında Gur kimi də qeyd olunur. Rəvayətlərdə Gur rəmzi Bəhram (Bəg-İrəm) şaha aid edilərək, Bəhram-Gur kimi qeyd edilir. Mifologiyada Bəhram-Gurun əjdahanı öldürməsi, onun Persey, yəni farsların əcdadı rolunda olması deməkdir. Deməli, uzunqulaq rəmzi bilavasitə parsların əcdadları ilə bağlı çox mistik və qədim rəmzdir.
Əhdi-Ətiqdəki Zəkəriyyə peyğəmbərin kitabında, İsa peyğəmbər uzunqulaq üstündə gəlir ki, bu da elə üç ayaqlı uzunqulaq və Bəhram-Gurun obrazı kimi məhz axirətə aid edilməlidir (44). Çünki Qurana görə, İsa peyğəmbər Adəmdən sonra ikinci varlıqdır ki, Allahın “Kün!” əmri ilə yaradılmışdır. Yəni, o məhz Axirətdə Adəmin yerinə keçəcəkdir.
Tövratda uzunqulaq obrazı İbrahim peyğəmbərin Aqaradan, yəni Həcərdən olan oğlu İzmailə - İsmailə şamil edilir: “Və Allahın mələyi ona (Aqaraya) dedi: “Sən hamilə qalacaqsan və oğul doğacaqsan və onu İzmail adlandıracaqsan, çünki Allah sənin kədərini eşitdi. Və o “Pere Adam” kimi – onun əli hamıda, hamının əli onda olacaq və o öz qardaşları ilə üz-üzə yaşayacaq” (45). Buradakı “Pere Adam” rəmzi sufizmdə “Pir-Adəm”, yəni “firon Atum Allahı” mənasını verirsə də, yəhudi dilində bu “vəhşi uzunqulaq” mənasındadır. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa peyğəmbərin obrazı məhz İbrahim peyğəmbərin oğlu İsmailin obrazıdır. Tövrata və digər mənbələrə görə İsmail Faran səhrasında yaşayırdı və məhz buradan Mehdi mənasında olan Allahın nuru yayıldı (46). Avvakum peyğəmbər də bu haqda yazır: “Femandan Allah və Faran dağından müqəddəs gələcək. Onun böyüklüyü Göyləri və onun şöhrəti isə yerlərlə dolacaq” (47). Belə çıxır ki, axirətdə gələcək Mehdi məhz Faran dağından zühur edəcəkdir. Faran dağı isə elə Pirion/Piran rəmzləri kimi efir mənasındadır ki, bu İlahi od da Midiyadakı bir dağın altında, Cəbərut aləmi mənasında olan mağarada mövcuddur.
Yazdıqlarımızdan belə çıxır ki, “Türki-Xər” rəmzi, axirətdə gələn və Mehdi obrazında olan türkə aid edilməlidir. Bu isə qədim Misirin Xor (Qor) Allahı mənasındadır. Xor/Qor Allahının yolu ilə gedən qədim Misir pirlərinin (firon) nəsli, Assur/Aşşur mənbələrində İşşakki Şahları-Allahları adlandırılır ki, bu da iki dünyanın sahibləri mənasındadır və mən bu haqda məqalələrimdə yazmışam.
Bu gün fars dili adlandırılan dil - qədim Azəri pirlərinin, Babil qülləsini tikməzdən əvvəl yaratdıqları vahid dilin bir hissəsidir. Azəri dilindəki sözlərin böyük bir qismi fars, ərəb sözüdür ki, bunların da hamısı rəmzlərdir. Ümumiyyətlə, birdəfəlik bilmək lazımdır ki, insanlar danışdığı dilə görə millətlərə, xalqlara bölünmürlər. Qədim müdriklərin məntiqinə görə, iki növ insan yaradılmışdır ki, Misir yazılarına görə bunlar; Allah kimi yaradılan Asar/Osiris, yəni Azər nəsli və adi insanlardır. Əflatuna görə isə adi insanları bu Allahlar nəsli yaratmışlar (48). Adi insanlar nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər (49). Bütün qədim mənbələr isə, göydə Allah yaratmış Azəri türk bəglərinin bu dünyada gördüyü və görəcəyi işlərə aiddir.
Tövrata görə, Allah vahid dili ona görə müxtəlif dillərə parçaladı ki, Babil qülləsi kimi tanıdığımız “Yer və Göyün təməl evi” (Etemenanki – AtumNunKi – AdəmKün/Damkin) olan Kinun/Kənan məbədinin sirləri hamı üçün naməlum qalsın. Quranda Kinun rəmzi Allahın “Kün!” – “Ol!” əmri kimi qeyd olunur və Adəm məhz bu əmrlə yaradılmışdır. Tövratda  Kün şəhəri Səba şahı AdraAzərə aid edilir (50). Fyursta görə, Kün adı Saturnla bağlıdır ki, insanlara qəzəblənən Saturn, bu şəhərdə onları vahid dildən məhrum edib, dünyaya səpələmişdi. Mənbələrdə Kün eli dedikdə isə - Azəri türk seyid-bəglərinin Gelarküni eli nəzərdə tutulmalıdır.
Yazdıqlarımızdan çıxan əsas nəticə odur ki, pars/fars dedikdə adi insanlar yox, qədim dünyanın sahibləri olan Azəri türk atabəgləri (seyid-bəglər) nəzərdə tutulmalıdır. Ən qədim dövrlərdən keçən əsrə qədər, İran, yəni Eran/Aran şahları məhz Azərbaycanın türk bəglərinin nəslinə mənsub olmuşlar. Bütün bunlar haqda daha geniş məlumat və təkzibolunmaz faktlar müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.


Ədəbiyyat
1.         Herodot, “Tarix”, kit. 2, böl. 91
2.         Елена Блаватская, “Тайная доктрина”, III cild, səh. 41
4.         “Kitabi - Dədə Qorqud”, B., 1988, səh. 44
5.         Библия, Езек. 31:3,4,7
8.         Б. А. Тураев, “История Древнего Востока”, II cild, Л., 1935, səh. 135, 44
9.         Себеос, “История императора Иракла”, sayt: www.vehi.net/istoriya/armenia/sebeos/
10.    “История Древнего Востока”, М.,1988, II cild, səh. 338
11.    Г. В. Носовский, А. Т. Фоменко, “Новая хронология Руси, Англии и Рима”, М., 2001, səh. 535, 538
12.    К. Гандзакеци, “История Армении”, М., 1976, səh. 282
13.    Quran, 25:15
14.    М. Бойс, “Зороастрийцы”, М., 1987, səh. 150
15.    “История Древнего Востока”, I cild, М., 1983, səh. 281
16.    Себеос, “История императора Иракла”, 3/17, Sayt: www.vehi.net/istoriya/armenia/sebeos/
18.    Strabon, XI:2/8
19.    М. Хоренаци, “История Армении”, Kit. 3, böl. 42
20.    А. Даврижеци, “Книга историй”, М., 1973, səh.17
22.    Ал Ягуби, “Книга стран”, СМОМПК, 38 burax., 1908, səh. 59
23.    Quran, 89:7
24.    Б. А. Тураев, “История древнего Востока”, I cild. Л., 1935, səh. 135, 126
25.    Б. А. Тураев,  “История древнего востока”, I cild, Л., 1935, səh. 190, 191
26.    Е. А. Уоллис Бадж, “Египетская книга мёртвых”, М-СПб., Ексмо, 2005, səh. 95
27.    Мухиддин ибн Араби, “Геммы мудрости”, böl.16, Sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
28.    Р. Фрай, “Наследие Ирана” М., 1972, səh.152
29.    М. Хоренаци, “История Армении”, kit. II, böl. 7
32.    Г. В. Носовский, А. Т. Фоменко, “Империя”, М., 2000, səh. 120, 409, 413, 414
36.    “Гимн Пуруше”, X:90/2
37.    “Упанишады”, М., 2000, səh. 73,74
38.    Библия, Исая, 45:1
40.    Б. А. Тураев, “Древний Египет”, Петроград, 1922, “Огни” mətb., səh. 123
42.    В. Ю. Крюкова, “Приводные” существа и трехногий осел xara - в зороастрийской мифологии”, sayt:  http://www.kunstkamera.ru/files/lib/978-5-88431-211-1/978-5-88431-211-1_05.pdf
43.    Бундахишн, XIX böl., “О трехногом осле”, sayt: http://blagoverie.org/tradition/pehlevi/bundahishn/bund18-19.phtml#p19
44.    Библия, Захар. 9:9-10
45.    Библия, Быт.16:11-12
46.    Библия, Быт.21:20-21, Втор.33:2
47.    Библия, Авак. 3:3
49.    М. Хоренаци, “История Армении”, kit. I, böl. 5
50.    Библия, 1Пар 18:8, 2Цар 8:8

                                                                                       Firudin Gilar Bəg
                                                                             Lora Osmanoğlu
                                                                            



Комментариев нет:

Отправить комментарий