Oxuculara təqdim olunan bu məqalə türklər haqqında yazılmış ən kamil
və ən dərin məqalədir. Çünki bu məqalə, mənbələrdə Misir və Xaldeya kahinləri, Midiya
maqları və s. kimi adlandırılan qədim müdriklərin məntiqi ilə yazılmışdır və bu
günə qədər sirr olan bir çox suallara cavab verir. Faktiki olaraq bu məqalə müəllifi
olduğum “Batini-Quran” kitabından çıxan nəticələrdir.
Adətən mənbələrdən xəbəri olmayan, lakin özünü bilən adam kimi göstərmək
istəyən bəzi insanlar: “bu ola bilməz”, “bu yalandır” və s. sözlər deyərək, ekspert
rolunda çıxış etməyə cəhd edirlər. Belə insanlara, mübahisəyə girməzdən əvvəl heç
olmasa Əflatunun “Timey”, Mühiddin İbn Ərəbinin “Füsus ül Hikəm” və s. kimi kitabları
vərəqləməyi məsləhət görərdim. Bu məqalə, riyazi məntiqli, mənbələrdən xəbəri
olan və düşünmə qabiliyyətinə malik insanlar üçün yazılmışdır. Fəlsəfi mənbələrə
müraciət etməmiş insanlar bu məqalədən heç nə anlamayacaqlar.
Müəllifdən
Türk və Türkiyə kəlmələrinin nə məna kəsb etməsi ilə bağlı çoxlu
araşdırmaların aparılmasına baxmayaraq, bu günə qədər bu sözlərin məntiqi izahı
verilməmişdir. Tədqiqatçılar təəcüblə bildirirlər ki, yer üzündəki dövlətlərin
rəsmi adları həmişə öz dillərində olduğu halda, yalnız türk dövlətinin adı,
türkçə deyil. Bunun hansı dildə, nə mənada olduğu da bu günə kimi qaranlıqdır.
Biz bu qaranlığa işıq salmaq məqsədilə türk və Türkiyə sözlərini dərindən tədqiq
etmək qərarına gəldik və nəticəni sizlərə təqdim edirik.
Hər şeydən əvvəl onu qeyd etmək istəyirik ki, bizim araşdırmamız, digər
tədqiqatlardan onunla fərqlənir ki, biz qədim yazıları, onları tərtib edən
müdriklərin öz məntiqi ilə izah edəcəyik. Bu məntiq, sufi (yunan. sofi) müdriklərinin
məntiqidir və öz mənbəyini qədim dilçilik qanunlarından götürmüşdür. Tədqiqatçıların
gəldiyi qənaətə görə qədim misirli, finikiyalı, yəhudi, aramey və s. xalqların
dilləri, xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdur. Saitlər isə
yalnız bağlayıcı rolunu oynayır («Культура древнего Египта», М., 1976, səh.301).
Hər biri bir rəmz kimi qəbul edilən samitlərinin sola və ya sağa oxunuşu sözün
mənasını dəyişmir.
Qədim müdriklərin məntiqinə görə, bu dünyada yazıya alınmağa layiq olanlar
yalnız Allahla bağlı olanlar seçilmişlərdir. Adi insanları isə məşhur sufi
Mühiddin İbn Ərəbi “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz”
sayır və “heyvani insan” adlandırır (İbn Ərəbi, “Füsus ül
Hikəm”, böl.25). Onların həyat tərzi
digər canlılardan fərqlənmədiyinə görə, yazılarda qeyd olunmağa layiq deyillər.
Buna görə də Assur-Babil ədəbiyyatında qədim yazılarla bağlı mətnlərdə
tez-tez bu ifadə təkrarlanır: “Yalnız arifi (xəbərdarı) sən bununla tanış edə
bilərsən, arif olmayanlar bunları bilməməlidir!” (Э. Церен, «Библейские холмы»,
M., 1966, səh.26).
Digər tərəfdən, Əflatuna (Platon) görə, bütün yazılar yalnız bir
hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmiş və
onun haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında
heç kim danışmır (Əflatun, «Politik», 269s). Bu isə o deməkdir ki, müdriklərə
görə bütün mənbələrdə yazılanlar Allahla bağlı olan hansısa mistik bir hadisəyə
həsr olunmuşdur.
Qəbul olunmuşdur ki, türk adı tarix səhnəsinə eranın VI əsrində
Göy-Türk Dövlət adı ilə çıxmışdır. Orxon yazılarında “türk” sözü “daha çox
“türük” şəklində qeyd olunur. Mənbələrdə “türük” rəmzi, IX əsrdən başlayaraq
Xorasanda «müəllim (şeyx, mürşid) – tələbə» (mürid) institutu yaratmış və
Allahın dərkinin mistik yoluna, yəni tərikə yoluna qədəm qoyan sufi qardaşlığına
aid edilir. Məhz tərikə (təriqət) yolunu tutanlar mənbələrdə türüklər, yəni
türklər adlanır («Ислам», Энциклопедический словарь, M., 1991, səh.224). Türük,
türk [TRK] rəmzləri ilə eyni mənalı olan tərikə [TRK] sözü - «dini kamilləşmə», Allahın dərkində «həqiqətə
aparan yol» fikrini ifadə edir. Quranda (46:30) yol mənasında işlənən «tərikə»
rəmzini, sufi dahilərindən olan Əbu Həmid Əl Qəzali də - həqiqi biliyə çatma,
Allaha mistik yaxınlaşma mənasında qeyd edir (Абу Хамид Ал-Газали, «Воскрешение
наук о вере», М., 1980, səh.292).
Sufizmdə ilkin materiyadan
informasiya alma yolu - tərikə yolu adlanır və sufinin Allaha, yəni “Hu”
adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər
bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” (“suluq” rəmzi) adlandırırlar. Silsilənin “bəqa”, yəni bəglik
fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə
olmur. O, mənbələrdə dirilik suyu, ilahi od və s. adlandırılan ilkin materiyanı
idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu
haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk
etmək və s. ilahi qüdrətə sahib olur. Deməli, türük, türk dedikdə, Allaha
qovuşan, yəni əvvəli və sonu olmayan ilkin materiya ilə vəhdət təşkil edən (“Vəhdət
əl Vücud” rəmzi) müdriklər nəzərdə tutulmalıdır.
Xalkidli
Yamvlix Allahla vəhdət təşkil edən və onun qüdrətindən yararlanan bu türkləri -
teurq kimi qeyd edir. Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında”
kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri
- ruhlarının yaradıcı Allahla vəhdətidir (А. Ф. Лосев “История античной
эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). O, teurqun,
Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur
ki, “teurqiya” (“teos” – Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla
vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu
“Allah yaratma” kimi də tərcümə edirlər. Belə çıxır ki, türk sözü ən qədim mənbələrdə
- “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah
yaratma prosesinin texnologiyası hind mənbələri
olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - himn, qurbanlıq
formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə
toplanmasına və onların iradələrini həyata keçirən varlığa çevrilməsinə nail
olurlar.
Orxon Yenisey abidələrindəki
Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki, məhz
O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov,
Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104). Bu isə o deməkdir
ki, türk sözü həqiqətən ən qədim mənbələrdə cadugər mənasında olan teurq
sözüdür. Mətnlərdə teurqlar – xristian kahinləri kimi göstərilir ki, mənbələrdə
xristianların monax ordenlərinə oxşar çoxlu sufi qardaşlıqları yaranması və
onlara sufi monastırında rast gəlinməsi qeyd olunur.
Əgər Türkiyə sözünün kökü olan türk [TRK] sözü - teurq [TRQ] sözündən
yaranmışdırsa, Türkiyə [TRKY] sözü də elə Teurqiya [TRQY] deməkdir. Elm
adamları və tədqiqatçılar Türkiyə sözünün İtalyan və Yunan dilindəki
"Turkiya" sözündən gəldiyini qəbul edirlər. XIV əsrin İspan səyyahı bu sözü "Turquia" şəklində
qeyd etmişdi ki, bu da “teurqiya” sözü ilə eynidir ("Türkiye"
Kelimesi - İsmâil Hâmî, sayt: https://www.facebook.com/note.php?note_id=344510938907295). Deməli, Türkiyə ölkəsi dedikdə göydə Allah yaradan
teurqlar ölkəsi nəzərdə tutulmalıdır.
Türkiyə XIX əsrə qədər; Dövləti
Aliyyə, Dövləti Osmaniyə, Məmaliki Şahanə, Diyari Rum və s. adlar ilə tanınırdı.
Türkiyənin Dövləti Osmaniyə adlandırılması, onun Osmanlı xanədanının atası,
Oğuzların Qayı boyundan olan Osman Qazi ilə bağlıdır. Diodor Siciliyalı Misir
fironu II Ramzesi - Osimon-Dias, yəni Osman-Allah adlandırır (Г.В.Носовский,
А.Т.Фоменко, «Империя», M., 2000, səh.537). Əgər nəzərə
alsaq ki, Misirdəki məmlüklərin Türk Köləmən
dövlətinə də Türkiyə deyilirdi, qəbul edə bilərik ki, Osman Qazi elə magiya ilə
göydə Allah yaratmış türk xanının obrazıdır.
Məlumdur ki, qədim Misir ölkəsi
digər mənbələrdə Kem ölkəsi kimi də qeyd olunurdu. Kitabi-Dədə Qorqudda “qom
qomlamam Qoma yurdum” ifadəsi var ki, bu da qamlama vasitəsi ilə yaradılmış Qam
[QM] ölkəsi deməkdir və bu ad Misirin Kem [KM] adı ilə eyni mənalıdır (“Kitabi-Dədə
Qorqud”, B., 1988, səh. 44). Qomlama isə, şamanın qamlıq, yəni ekstaz vəziyyəti
mənasındadır və bu da sufinin tərikə yolunun Allahla vəhdət məqamıdır.
Moyun Çor abidəsində türk xanı Tolis (Töliş) iddia
edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov,
“Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Gül Təkin abidəsində isə bildirilir
ki, türk xaqanları El və onun Törəsini, yəni qanunlarını yaradaraq uçub getmişlər
(Köl Tigin Yazıtı, Sayt: http://www.dilimiz.com/dil/kultiginyaziti.htm). Əgər nəzərə
alsaq ki, mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin dilində El sözü
Allah, Törə (Tövrat) isə qanunlar toplusu mənasındadır, razılaşarıq ki, türk
xanın göydə yaratdığı El, elə Göy-Türk xaqanlığıdır. El [L] rəmzinin Ali [L],
Aliyyə [L-YY] rəmzi ilə eyni məna ifadə etməsi onu deməyə əsas verir ki, Türkiyəyə
aid edilən “Dövləti Aliyyə” ifadəsi də Göydəki
“El Dövləti” mənasındadır.
Kitabi-Dədə Qorqud abidəsinin
Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”.
Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Deməli, abidədə qeyd olunan Taş
el - Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz).
Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, “Təmam vilayəti”
anlayışı bilavasitə sufizmlə bağlıdır. Sufizmdə “vilayə”, “vilayət” sözləri
(övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların
Allaha yaxınlığı mənasındadır. Təmam rəmzi isə mənbələrdə “Əl Kamil ət Tamm”
kimi yazılır və sufilərin “Kamil İnsan” adlandırdıqları varlığa aid edilir.
Mühiddin İbn Ərəbi, özünün
“Füsus ül Hikəm” kitabında Kamil İnsanı Adəm
kimi təqdim edir və Allah adlandırır. Ərəbiyə görə, bu Böyük İnsan göydəki
dünyanın formasıdır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 1). Tövrata görə, Adəm
yaradılanda kosmik ölçülü, yəni dünyanın
o başından bu başına qədər olmuşdu (Библия, Втор. 4:32). Fəzlullah
Astarabadinin “Cavidannamə” kitabına görə, Beytül-Muqəddəs, Darüs-Səlam və Kəbə
- Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”,
“El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Xristian yazılarına görə də Məhəmməd peyğəmbər -
Osiris, Adonis, Attis, İsa və s. Allahlar kimi axirətdə diriləcək Allahın
obrazıdır (“Записки янычара», böl. 2, Sayt: http://www.vostlit.info/Texts/rus/Janicar/frametext1.htm).
İbn Ərəbi Məhəmməd peyğəmbərin,
təbiətin ilahi gücünü oyadaraq, onu hərəkətə gətirdiyini bildirir. O, Məhəmməd
peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və
bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm -
gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə,
peyğəmbərlərin möhürü oldu” (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 27). Əl-Qəzali irsinin
araşdırıcısı Nikolsona görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə
yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və
qorunması ondan asılıdır. Nikolson bildirir ki, Qəzaliyə görə, peyğəmbərin müqəddəslər
nəsli, Kamil İnsanın obrazı ilə xüsusi
yaradılmışdır (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.276,284).
Bu isə o deməkdir ki, qədim türklər teurqiya vasitəsi ilə göydə insan simasında
El yaratmışlar və türk müqəddəslərinin nəsli də bu göy insanının obrazı ilə
xüsusi yaradılmışdır.
Mən, “Allah türkləri, onlar
isə insanı yaratdılar” adlı məqaləmdə göstərmişəm ki, Aleksandriyalı Filona görə
Allah iki növ insan: Göy və yer insanını yaratmışdır. Göy insanını Allah özü
yaratmışdır və ona görə də onlar ölümsüzlər nəsli hesab olunur. Allahın ilk yaratdığı
bu Göy insanları isə adi insanları yaratmışlar
(А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Belə çıxır
ki, Göy-Türk dedikdə, Allahın xüsusi yaratdığı Göy insanı, yəni teurqlar nəzərdə
tutulmalıdır.
Məşhur tədqiqatçı Devid
Rola görə, Adəm [DM] adı, qədim Misirin Atum [TM] Allahının adının digər
yazılış formasıdır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо,
М., 2002, səh. 441). Digər tərəfdən, mənbələrdə Osman rəmzi də Adəm rəmzi ilə
eyni mənalı olan “Dami Osman” [DM-SMN] kimi göstərilir ki,
bu da “Adəm Osman” [DM-SMN], yəni Osmanın – qədim Misirin Atum Allahının
obrazında olması mənasındadır.
Qədim Misir mənbələrinə görə,
özünü Ptah (türklərdə Fateh rəmzi) adlandıran Misir piri Amon (firon Əman),
ilkin materiyadan - bədəni ilə bütün dünyanı əhatə etmiş Atum Allahını yaradır.
Doqquz Allahın ürəyi və sözləri mənasında olan Ptah – teurqiya vasitəsilə Atum
obrazında zühur edir (Г.Франкфорт,
Г.А.Франкфорт, Дж. А.Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh.
67-68). Beləliklə, ümumilikdə Atum Allahı adlandırılan “Doqquz Allah” (Enneada)
yaranır və bu zamandan sonra bütün dünyanı məhz bu Atum vasitəsi ilə pir Amon idarə
edir. Türklərdə bu “Doqquz Allah” – “Doqquz Oğuz” kimi qalmışdır.
Sufizmdə
Oğuz [ĞZ]
rəmzi Xaos [XS] rəmzi ilə eynidir və bəşəriyyətə həyat vermiş ilkin materiyanı bildirir. Oğuzun içində
Təmam vilayətinin zahir olması da, göyləri təşkil edən ilkin materiyada ruhlar
üçün vilayət yaradılması mənasındadır. Bu vilayət Misir mənbələrində Qeb
(İslamda Qeyb) adlandırılır. Bu isə o deməkdir ki, Göy-Türk xaqanlığı – göydəki
Qeb aləmində ölümsüzlük qazanmış teurqların xaqanlığıdır.
Mənbələrin birində İşbara Xaqanın Çin imperatoruna verdiyi cavab məktubunda,
Türk Dövlətinin Tanrı tərəfindən qurulması qeyd olunur ki, bu da Göy-Türk
xaqanlığının ilkin materiyadan yaradılması deməkdir.
Göy-Türk yazılarında türk sözü daha çox “türk budun” (bodun) şəklində
qeyd olunur. Budun rəmzi Herodotun əsərlərində Budin tayfa adı kimi qeyd olunur
və Gelon rəmzi ilə əlaqələndirilir (Herodot,
IV/108,109). Digər mənbələrdə Budun rəmzi Bidin kimi də yazılır və “sorxsər
Bidin mülhidləri” formasında Şah İsmail Xətainin döyüşçüləri olan qızılbaşlara
(qazilər) aid edilir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.187). Sufizmdə
“mülhid” [MLHD] rəmzi, Mələküt [MLKT] rəmzi (Kabbalada Malxut) ilə eyni mənalıdır
və göydəki ruhlar dünyasını bildirir. Məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdinin
və Əl Qəzalinin əsərlərində Mələküt rəmzi, mələk rəmzi kimi göydəki ruhlar
dünyasına və yerdə bu dünyanın qapısı olan əraziyə aid edilir.
Qeyd etmək
yerinə düşər ki, sufizmdə mələk (mülk, malik) [MLK] rəmzi ilə məmlük [MMLK], Mələküt
[MLKT] rəmzi ilə məmləkət [MMLKT] rəmzi eyni mənalı rəmzlərdir. Mənbələrdə Türkiyə
- “Məmaliki Şahanə” də adlandırılır ki, bu da, mülk mənasında olan Məmalik rəmzinin,
Şahanə kimi qeyd olunan Şakan/Sakan/Skin rəmzinə, yəni Allahın Sakin (Tövratda
Skiniya) olduğu çadıra aid edilməsi deməkdir.
Deməli, “Məmaliki Şahanə” rəmzi – “Allahın sakin olduğu mülk” mənasındadır.
Sufizmdə
Budun, Bidin [BDN] rəmzlərinin Batin [BTN] rəmzi ilə də eyni məna kəsb etməsi o
deməkdir ki, Türk Budunu dedikdə, eyni zamanda Quranın gizli mənalarını bilən
Gel (Gelat/Qulat) şiələri olan nizari türklər nəzərdə tutulur. Mətnlərdə məlahi
[MLH], yəni mələklər [MLK] adlandırılan nizarilərin Ələmut qalasında cənnət
yaratmaları mənbələrdən məlumdur.
Bidin mülhidlərinin
“sorxsər” adlandırılması isə, bu türklərin - qədim Misirin ölümsüz Usiri/Oziri,
yəni Osiris Allahının nəsli olması deməkdir. Çünki sufizmdə sorxsər (SR-XSR) rəmzi
“Usiri-Xısır” kimi də oxunur ki, bu də “ölümsüz Osiris” anlamındadır.
Budun [BDN] rəmzi
ərəb mənbələrində İranın Beduin [BDN] tayfası kimi də qeyd olunur. Beduin, yəni
bədəvə rəmzi ərəb terminləri lüğətinə görə “köçəri vəziyyəti” (İbn Xalduna görə)
mənasındadır. Sufizmdə bu mistik yol sayılır ki, Qədiriyə və Rifaiyə
qardaşlığına yaxındır. Mənbələrə görə bu ad – “əl bədəviyə” sufi qardaşlığı
olan türklərlə bağlıdır. İnama görə, 12 ana qardaşlıqdan ibarət olan bu silsilə
Əli ibn Əbu Talibdən başlanır. “Köçəri vəziyyəti” mənasını verən bədəvi rəmzinin
bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi
müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” - səyahət mənasındadır.
Buradakı “bədəvi” rəmzi, sufizmdə “bodi”, yəni tam kamilliyə çatmış, dərk
olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir.
Beduin hökmdarı yazılarda Buid
[BD] kimi qeyd olunur və bu rəmzin kökündə duran bodi [BD] rəmzi, islamda (şiəlikdə)
“əl-bədə” – “görünmə”, “yaranma”, “qabaqcadan xəbərvermə” və s. mənalarındadır.
Allahın 99 şərəfli adlarından olan Bədi (yaradan) və Vədud (sevən) adları da məhz
“bodi” və “budda” fikrini ifadə edir. Bu kökdən olan “bidə” (bədəə) rəmzi isə
yenilik, kahinlik, bidət kimi də mənalandırılır. Yazdıqlarımızdan belə çıxır
ki, bədəvi rəmzi elə sufilərin “bodi” rəmzidir və bu da tam kamilliyə çatmış, dərk
olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində görən sufi pirləri mənasındadır.
Herodot 6
Midiya tayfalarından birini “Budi” adlandırır və bu rəmz Bubun rəmzinin qısa
variantıdır (Herodot, I/101). Türk Budununun Tolis (Töliş) adlandırılması isə,
göydəki Mələküt dünyasının bilavasitə Talış dağlarında olması mənasındadır və
bu ərazi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığında mövcud olmuş qədim Midiya ərazisinə
düşür.
Qədim Şumer ədəbiyyatında Tolis [TLS] rəmzi ilə eyni mənalı olan
Tilos [TLS] rəmzi mənbələrdə Tilmun/Dilmun kimi də qeyd olunaraq, “ölmüşlərin
ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar
monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində
yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə - “Günəşin
çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan”
torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik,
nə ölüm bilməzdilər (Д. Рол,
«Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə
çatmış” Deyləm türkləri elə Tolis Budunudur (Ф.М.Асадов, «Арабские источники о
тюрках в ранее средневекове», Б., 1993, səh.104-107).
Sufizmdə Tolis
[TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də
eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas [TLS] dağında atlantlar
(atlantidalılar) yaşamışlar və məhz
bu dağ göyün sütunu sayılmışdır. Quranda “sütunlar şəhəri” – İrəm adlanır
(Quran, 89:7). Yəmənin Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin
“Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad
şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu
Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə
görə isə, cinlərin bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün
inşa etdirdiyi Yerusəlim (Qüds) şəhəridir. Sufizmdə İrəm [RM] rəmzinin Rum [RM] rəmzi ilə
eyni mənalı olmasını nəzərə alsaq, razılaşarıq ki, Türkiyə mənasında olan “Diyari
Rum” - Talış dağlarının göylərində yaradılmış cənnət mənasındadır və
atlantidalılar da Göy-Türk Budunudur.
Tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur
yazılarında Midiya ərazisində “Şərqin Ərəbləri” ölkəsi mövcud olmuşdur
(И.Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). “Şərq” rəmzi dahi filosof
Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində, göyləri və göydəki Mələküt
dünyasını bildirir. “Ərəb”
(Ereb) rəmzi də Yunan mifologiyasında Xaos mənasında, göydə yaradılmış El
fikrini ifadə edir. Sufizmdə “Ərəb” deyəndə milliyət yox, bir formada olmuş
insanın, dəyişərək digər forma almasından (metamorfoza), yəni ölümündən sonra
(mələk nəslinin) bədən formasını dəyişib, göylərdə yeni forması başa düşülür
(Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72). Ərəb dili də cənnətdə danışılan dil, yəni
ilkin materiyanın vahid dilidir. Buradakı ərəblər isə - cənnətdə ölümsüzlük
qazanmış Rəbblər (peyğəmbərlər) mənasındadır. Quranda açıq yazılır ki, bu kitab
Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb (Vəhy) dilində Ruh-ül-Əmin tərəfindən
endirilmişdir (Quran, 26:192-196). Burada Ruh-ül-Əminin endirdiyi Ərəb dili – göydə
ölümsüzlük qazanmış Misir Allahı Amonun Ruhunun göndərdiyi vəhy mənasındadır.
Bütün bunlar o deməkdir ki, Midiya ərazisindəki “Şərqin Ərəbləri” ölkəsi
bilavasitə göylərlə bağlıdır və bura yalnız insan öldükdən sonra onun ruhu düşə
bilər. Mənbələrdə Midiya əhalisi “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar”
adlandırılır ki, bu da Midiya dağları və bu dağların üstündə, ilkin materiya səhralarında
ekstatik vəziyyətdə (“suluq”) dolaşanlar (türüklər) mənasındadır.
Erməni mənbələrində, Midiya
ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel
Təbrizli yazır ki, paronterlər (fironlar) Sünikdə səhra tikib bərqərar etdilər.
Paronterlər, yəni pirlər öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya -
insan səsi eşidilməyən məkana köçürlər. Bu
cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və
müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin
ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan
çıxanda, can verən balığa bənzəyir və geriyə qayıtdıqdan sonra yenidən canlanır (А.Даврижеци,
«Книга историй», М.,1973, böl. 24,51). Bu o deməkdir ki, ölmüş insanların
ruhları məhz burada, yəni göy Ərəbistanında yaradılmış xüsusi “səhra”da
yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün həyat yoxdur.
Budun rəmzinin kökü olan Bodi [BD] rəmzi mənbələrdə Beyt [BT] kimi də yazılaraq göydəki Ev mənasında işlədilir. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah
qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün
sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər
olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də
yazılır və Beyt [BT], yəni Ev mənasını daşıyır. Bu isə o deməkdir ki, pir
Amon – bodi, yəni sufizmin tərikə yolu ilə, ekstatik vəziyyətdə (teurqiya) göydə
Beyt (Ev) yaratmış və Türk Budunu da burada öıümsüzlük qazanmışdır.
Teurqların qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat
verilir. Möhürlərdə, çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi və ya kahinin iştirakı
ilə qurbankəsmə səhnələri təsvir edilir. Burada qəhrəman Enkidunun adı “Yeri
tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozulur. Buradaca “bit i-li”
yazısına rast gəlinir ki, bu da Beyt-El – “Allahın Evi” mənasındadır (В.К.Афанасьева,
«Гильгамеш и Энкиду», M., 1979, səh.120,137). Belə çıxır ki, hökmdar tərəfindən
yaradılmış Allah Evi - türklərin teurqiya mərasimi ilə göydə yaratdığı Evdir.
İslamda
Əl-Beyt dedikdə, Məhəmməd peyğəmbər, Əli və ailəsi nəzərdə tutulur. Batinilikdə
Əl-Beyt rəmzi, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə”
(“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) deməkdir və bu da Quranın batini mənasını
bilən türk bəglərinə aiddir. Mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin
Levit [L-VT] Evi də Əl-Beyt [L-BT] rəmzi ilə eyni mənalıdır. Mən, “Qurandakı
İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin
bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm. Bütün
bunlar isə o deməkdir ki, Əl-Beyt müqəddəsləri, Quranın və bütün qədim
yazıların gizli mənalarını dərk edən türk bəgləridir. Kitabi-Dədə Qorqudda - “bu
dünyayı ərənlər əqllə bulmuşlardır” deyəndə də, söhbət türk ərənlərinin göydəki
“dünyanı” ağılla “tapması”ndan gedir (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh.88).
Mühiddin ibn Ərəbiyə görə,
İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın
ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam
dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.
Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da
Dinin göydəki El mənasında olmasını bildirir (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.
8). Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin
yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.
Qeyd etmək istərdim ki, mənbələrdə
“Aldan” [L-DN] kimi qeyd olunan rəmz “El-Din” [L-DN], yəni “Din-Eli” mənasındadır.
Kartirin (III əsr) yazılarında Aldan rəmzi Albaniya adlanır və bu da Azərbaycan
ərazisində mövcud olmuş ölkədir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh. 58).
Tövratda Albaniya [LBN] rəmzi Lbnun [LBNN] kimi məlumdur və burada bildirilir
ki, Allah and içərək Knun (Xanaan) və Lbnun torpaqlarını İbrahimə, İsaqa,
Yaquba və onların törəmələrinə miras kimi vermişdir (Библия, Втор.1:6-8). Alban
[LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə
alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir.
Knun [K-NN] rəmzi isə İslamda Kün [K-N] kimi məlumdur və Allahın
“Ol!” əmrini bildirir. Knun [K-NN] rəmzinin Nun-Ki [NN-K] variantı Şumer və
Akkadlarda “Qüdrət yeri” adlandırılaraq Babil qülləsi ilə əlaqələndirilir. Digər
mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və
Yerin təməl Evi” hesab olunur və məlumdur ki, ilk insanlar burada “Etemenanki”
adlı zikkurat tikmişdilər.
Mifologiyaya
görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya
qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean,
ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk,
Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki,
onun başı Göylərə çatır (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л.,
1935, səh.91). Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən
yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir. Deməli, Knun rəmzi
altında Allahın yerdə yaratdığı məbəd və onun göydəki obrazı olan Albaniya başa
düşülməlidir. Bu isə onu göstərir ki, Allah, İbrahim və Yaqub nəslinə, yerdəki Evini
və onun göydəki cənnəti vəsiyyət etmişdir.
Lakin tarixçi M.
Xorenatsinin “Ermənistan tarixi” (I Kitab,böl.12) kitabına görə Albaniya ölkəsi
vərəsəliklə GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Belə çıxır ki,
İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəgləri nəzərdə tutulmalıdır və
İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
Albaniyanın Allahla əlaqəsini
məşhur tədqiqatçı C. Frezer də xüsusi vurğulayır. Onun yazdığına görə, Silvi
şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin
üstündə qərar tutmuşdur (Дж. Фрезер,
«Золотая ветвь», M.1986, səh.147). Bu hadisə qədim Misir yazılarında Misir piri
(fironu) Amona aid edilir. Mətnlərə görə Amon, göydə Ra günəş diski yaratmış,
özü fiziki öldükdə, ruhu göyə qalxaraq bu Ra disklə birləşmiş və Ra-Amon Allahına
çevrilmişdir. Firdovsi “Şahnamə”sində bu hadisəni Cəmşidlə bağlayır və qeyd
edir ki, o göyə ilk ayaq açaraq, Göydə Kəyan taxtı qurmuşdur. Divin çiynində
taxta çıxan Cəmşid, fəzada günəş tək qərar tutur (Firdovsi, “Şahnamə”, B.1987,
səh.33). Quranda bu hadisə Rəhman Allaha aid edilir və bildirilir ki, Allah
göyləri dirəksiz ucaltdıqdan sonra öz taxtında qərar tutur və günəşi, ayı özünə
tabe edərək ərşə hakim olur (Quran, 2:29, 13:2, 20:5). Bu isə o deməkdir ki,
İslamın Rəhman adlandırdığı Allah, elə qədim Misirin Ra-Amon Allahıdır. Əgər nəzərə
alsaq ki, məhz türk xanı Göydə Allah yaratmasını iddia edir, razılaşarıq ki, Ra-Amon
elə Osman şahdır.
Təbrizli Arakel “ilandan
doğulmuş” (“əjdahadan doğulmuş”) Midiya maqlarını – “Osman şahlarının nəsli”
adlandırır (А.Даврижеци «Книга историй»,
М., 1973, böl. 51). Osman rəmzi sufizmdə “İssi-Amon” kimi izah olunur
ki, bu da “Amon Ruhu” (Əman Ruhu) mənasındadır. Deməli, Osman rəmzi altında
bütün mənbələrdə, Göydə bu günə qədər sağ qalmış pir Amonunun Ruhu nəzərdə
tutulmalıdır. Bu Ruh qədim Misir mənbələrində Qor Allahı kimi də qeyd olunur və
qızılquş simasında təsəvvür edilir.
Göy-Türk abidəsində Türk
Bodununun “Qara-Bodun” adlandırılması da bu tayfanın Qor Allahının törəmələri
olması deməkdir. Məşhur tədqiqatçı Devid Rol bildirir ki, qədim Misirin əfsanəvi
“Qor ardıcılları” nəslinin soykökü, Mesopotamiyanın böyük qəhrəmanlarından
başlanır. Mən, “Batini-Quran” kitabında və məqalələrimdə çoxlu sayda təkzibolunmaz
faktlarla, bütün dünya ədəbiyyatının bilavasitə türk bəglərindən başlamasını
sübut etmişəm. Buna görə də burada əlavə sübutlara ehtiyac görmürəm.
Sonda onu qeyd etmək istəyirəm
ki, bu gün türk adlandırdığımız millət, ən qədim mənbələrdə teurqlar, Əflatunun
isə Allahlar adlandırdığı Midiya maqlarının nəslidir. Qədim mənbələrdəki Türkiyə
adı da Xəzər ətrafında yaşayan türk bəglərinin göydəki və yerdəki Elinə aid
edilməlidir. Dünyanın bütün peyğəmbərləri və şahları məhz türk bəglərindən
olmuşdur. “Rəhman Allahın ağlasığmaz sirləri”, “Ledun elminin əsasları”, “Bütün
dunlər birdir” və s. adlı məqalələrimdə də mən bütün dinlərin batini mənalarının
bir olmasını və bilavasitə türklərin Göydə yaratdığı El ilə bağlı olmasını nəzəri
cəhətdən sübut etmişəm. Yazdıqlarımın tam sübutu isə, mənbələrdə Babil qülləsi,
Etemenanki məbədi, Midiya və Ələmut qalaları, Süleyman peyğəmbərin Allah üçün
tikdiyi Ev kimi qeyd olunan dünyanın ilk məbədinin açılışı zamanı olacaqdır.
Orada saxlanılan Əhd sandığı, Lövhi-Məhfuz və Allahın digər əşyalarının üzə
çıxması, bəg-ərənlərin qədim dünyanın sahibləri olmasını tam sübut edəcəkdir.
Bu abidənin açılışı isə ay məsələsidir.
Firudin Gilar
Bəg
Комментариев нет:
Отправить комментарий