среда, 28 августа 2013 г.

Vəhy nədir və peyğəmbərlərə necə gəlir?



Peyğəmbəri adi insanlardan fərqləndirən əsas cəhətlərdən biri, onun vəhyi, yəni Allahın göndərdiyi informasiyanı qəbul etməsi qabiliyyətidir. Bəs vəhy nədir? Peyğəmbərlər vəhyi necə qəbul edirlər? Bu suallara cavab tapmaq üçün bəzi faktları diqqətlə araşdırmaq lazımdır.
Məşhur hədis alimi Buxari hədislərin birində yazır ki, Yala bin Umayyanın sözlərinə görə, bir dəfə o Umardan xahiş etmişdir ki, peyğəmbərə vəhy gələndə ona göstərsin. Bir müddət sonra Peyğəmbər öz əshabələri ilə Ciranda olanda bir nəfər ondan soruşur: “Ümrünü həyata keçirmək üçün ihram geyib ətirlənmiş adam haqqında nə deyə bilərsən”. Bir müddət peyğəmbər dinmədi və ona vəhy gəlməyə başlandı. Umar isə Yalaya işarə verdi və o yaxınlaşıb gördü ki, peyğəmbər pərdə ilə örtüldü. Yala daxilinə baxanda gördü ki, peyğəmbərin sifəti qızardı və özü də xırıldamağa başladı. Vəhy qurtarandan sonra isə o, soruşdu, “ümrü haqqında sual verən kimdir? O dedi: “Ətiri bədənindən üç dəfə yu, bu cübbəni çıxart və həcc vaxtı etdiyini ümrü vaxtı da et” (Ал-Бухари, «Ал-Джами ас-сахих», 1536). Deməli, vəhyin qəbulu zamanı peyğəmbərin halı dəyişir, sifəti qızarır və xırıldamağa başlayır. Quranda halın dəyişməsi haqda Allah deyir: “Siz mütləq haldan hala keçəcəksiniz” (Quran, 84:19). Buxari bu ayə haqqında yazır: “… siz mütləq haldan hala keçəcəksiniz”, İbn Abbas, Allah hər ikisindən razı olsun, demişdir: “Burada, bir vəziyyətdən digər vəziyyətə keçmədən söhbət gedir ki, bunu sizin peyğəmbəriniz demişdir, Allah ondan razı olsun” (Ал-Бухари, «Ал-Джами ас-сахих», 4940). Belə çıxır ki, vəhy - insanın ekstatik vəziyyətidir ki, bu da sufinin tərikə yoluna və şamanların qamlıq vəziyyətinə uyğun gəlir.
Batin elmində, tərikə yolunu gedən türükün (türk) Haqqa çatması və ona qovuşması məqamı - Həcc (Hiccə) adlanır. Həcc üçün “ihram geyən” sufi, qamlıq səviyyəsinə (ihram halı, ihram vəziyyəti) çataraq Allahdan “əlqama”, yəni “ilham” almağa başlayır. Quranda ilham rəmzi Allahın ruha verdiyi azadlıq və Allahdan qorxmaqla bağlanır ki, Təbəri bunu Allahın ruha aşıladığı və ruhda yaratdığı vəhy kimi qeyd edir (Quran, 91:8). Allahın verdiyi vergi mənasında olan ilham sözünü Zəmahşəri vəhy kimi izah edir. Əl-Bağdadi bunu məntiqi bilikdən əlavə İlahi biliyin qanunlarını dərk etmək kimi də göstərir. Ona görə bu instinktiv bilik sayılır. Sufi konsepsiyasına görə, ilham – işıqdır ki, Allah möminlərin ürəklərinə göndərir (ət-Tirmizi) və yalnız ilhamın köməyi ilə insan Quranın batini mənasını dərk edə bilər («Ислам», Энциклопедический словарь, М., 1991, səh.96,97). Deməli, Quranın batini mənası da vəhylə bağlıdır.
Əlqama (ilham) rəmzi “qam”, yəni şamanlıqla bağlıdır sufi - qamlama, şamanlıq vasitəsi ilə ekstatik vəziyyətə girir. Deməli, “ihram vəziyyəti” (İhram halı) sufinin ekstatik vəziyyətidir. Göy dünyasını səyahət edən sufinin, ihram vəziyyətinə girdiyi yer mikat adlanır ki, bu da “maq ata”, yəni Midiya maqının vəziyyəti deməkdir. İhram geymə, yəni ağ parçaya bürünmə rəmzi, sufinin ruhlar dünyasındakı nura bürünməsi mənasındadır. Qədim Misirin o dünya ilə bağlı mətnlərinin birində deyilir: “onlar orada ağ parçaya bürünmüşlər, ağ səndəl geymişlər və Dünya Sahələrinin əhatəsində olan böyük gölün yanına gedirlər ki, orada böyük Allahlar oturmuşlar və Allahlar ona həyat (ağacından) yeməyindən qida verirlər, hansından ki, özləri qidalanırlar və ölənlər də bunlardan yeyə bilirlər” (У.Бадж. “Египетская религия. Египетская магияМ.2000. səh.147). Deməli, sufi, qamlıq vəziyyətində ruhlar dünyasına, yəni Yuxarı Misirə daxil olur və oranı ziyarət edir. Misir ölkəsinin adının mənbələrdə eyni zamanda Kem, yəni Qam ölkəsi adlandırılması da onun, qam-şamanların göydəki dünyası olması deməkdir. Kitabi - Dədə Qorqudda Amit, yəni Midiya soyunun aslanı olan Qazan xan öz elini “Qom qomlamam qoma yurdum” adlandırır (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.44). Bu o deməkdir ki, Qazan xan da öz yurdunu – qamlama ilə, yəni qamlıq vəziyyətində yaratmışdır. Belə çıxır ki, mənbələrdə Yuxarı Misir kimi qeyd olunan Kem ölkəsi elə Qazan xanın qamlama vasitəsi ilə yaratdığı ruhlar dünyasıdır. Kitabi - Dədə Qorqudda, Oğuzun içində yaradılmış bu ruhlar dünyası - İç Oğuz kimi də qeyd edilir.
Əl Fərabi, “Xeyirxahlıq şəhərin əhalisinin baxışları haqqında traktat”ında, vəhyləri qəbul etməni, ilkin materiya mənasında olan “fəal ağıl”ın, Allah vasitəsilə rəmz oxuyanlar nəslinin (peyğəmbərlər) ağlına “axıb tökülməsi” kimi göstərir. Fərabiyə görə, bu insanların ruhları “fəal ağıl”a, yəni ilkin materiyaya birləşmişdir və kamildir (Аль-Фараби, «Существо вопросов», böl.26,28, sayt: http://enoth.narod.ru/Philosophy/ph02_farabi.txt). İslamda bu İlahi mahiyyətin, rəmz oxuyanların ürəyinə “axıb tökülməsi” – “Fayd” rəmzi ilə qeyd olunur. Fayd rəmzi qədim Misirin Pta (qədim Misirdə Pta – sufi pirinin söz və fikri mənasındadır) rəmzinə uyğundur ki, bu da söz və fikir vasitəsi ilə İlahi mənbədən, yəni ilkin materiyadan, təsəvvür olunan varlığa (burada sufinin ürəyinə) tökülməsi  mənasındadır. Deməli, sufi pirləri olan peyğəmbərlər nəsli bilavasitə Allah vasitəsi ilə ilkin materiyadan istədiyi informasiyanı ala bilirlər.
Qurana görə, vəhy zamanı peyğəmbərin ürəyinə Ruhul-Əmin enir və məhz bundan sonra o vəhyləri qəbul etməyə başlayır: “Və həqiqətən bu aləmlərin Rəbbinin göndərdiyidir. Onunla sənin ürəyinə, açıq ərəb dilində Ruhul-Əmin endi ki, sən xəbər gətirənlərdən olasan. O həqiqətən ilkinlərin kitabındadır!” (Quran, 26:192-196). Ruhul-Əmin rəmzi, adından göründüyü kimi, Əminin, yəni qədim Misirin ilk fironu (pir) olan Amonun (Əman) ruhudur və onun enməsi də, Əmanın göndərdiyi informasiyanı peyğəmbərin qəbul etməsi deməkdir. Firon Amon isə, sufi silsiləsinin ən ali məqamı olan bəqa (bəglik) səviyyəsinə çatmış, bu məqamda göydə Ra günəş diski yaratmış firondur. Amonun fiziki ölümündən sonra, onun ruhu göyə qalxaraq, göydəki bu Ra diski ilə birləşmiş və Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Quranda Ra-Amonun yaranması – Rəhmanın ərşi tutması kimi qeyd olunur (Quran, 2:29, 13:2, 20:5). Sufizmin bəqa səviyyəsi haqqında mən, kitab və məqalələrimdə geniş məlumatlar vermişəm.
Sufi dahilərindən olan Əl-Əşariyə görə isə əsl Quran kitabı elə insan ürəyinə göndərilmiş elmdir – vəhydir: “Böyük Allah demişdir: “Bu – həqiqi Qurandır – hansı ki “Lövhi-Məhfuz”dadır”. Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: “Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır” (Ал-Ашари, «Разъяснение основ вероисповедания», 3). Belə çıxır ki, həqiqi Quran peyğəmbərin ürəyinə verilmiş vəhydir. 
Qədim Misir yazılarında peyğəmbər deyəndə, göydə ölümsüzlük qazanmış Qor Allahı nəzərdə tutulur. Mənbələrin birində Tot Allahı Ra Allahına deyir: “Qoru bu gündən Xeben şəhərində düşmənlərə qalib gələn, qanadlı disk, Böyük Allah adlandırmaq lazımdır”, və onu bundan sonra “kim ki, beldə dayanmışdır” və “Bu Allahın peyğəmbəri” adlandırmaq lazımdır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.95). Əgər nəzərə alsaq ki, Qor Allahı deyəndə - “ilkin materiyadan yaranmış Ra”, yəni Ra-Amon Allahı nəzərdə tutulur, razılaşarıq ki, peyğəmbər deyəndə də Rəhman Allah təsəvvür edilməlidir. Peyğəmbər rəmzi haqda mən – “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı məqaləmdə izah vermişəm.
Əflatun (Platon) görə də peyğəmbər deyəndə göydə peyğəmbərlik edən, yəni sirli rəmzləri “diktə edən” ruh nəzərdə tutulmalıdır. Onun sirli rəmzlərinə izah verənlər isə Allahın məhz bu iş üçün yaratdığı xüsusi “anlayan” tayfadır ki, bu da təfsirçilər, yozanlar nəslidir. Əflatuna görə, Allah - anlayan tayfa, yəni xəbər gətirənlər nəsli üçün xüsusi qaraciyər növü yaratmış və ona - Allahla əlaqə, gələcəyi görmə və s. İlahi xüsusiyyətlər vermişdir (Platon, “Timey”, 71E,72V). Quranda məhz bu müjdəçilər və xəbərçilər nəsli peyğəmbərlər adlandırılır (Quran, 2:213, 22:74).
Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət Allah tərəfindən yalnız bir nəsilə verilmişdir ki, bu da peyğəmbərlər nəsli kimi tanıdığımız Azər oğlu İbrahim peyğəmbərin nəslidir. Batin elmində İbrahim (Əvrə-Qam) rəmzi – “qamlıq vəziyyətində Ra günəşi ilə birləşmiş Ba ruhu” mənasını verir. Mənbələrdə İbrahim peyğəmbərin İlahi oddan yaradılmış Evə atılması və bu evin cənnətə çevrilməsi o deməkdir ki, İbrahim obrazı - ilkin materiyadan (İlahi oddan) göydə cənnət yaratmış Ra-Amon Allahın obrazıdır. Digər yəhudi peyğəmbəri olan Yaqub peyğəmbər isə, Tövrata görə Allahla “mübarizə aparır” və Allah onu İsrail/İzrail adlandırır ki, bu da Osiris/Asar (Azər-Eli) eli mənasında, göydəki ruhlar dünyası – cənnət anlamındadır. Yaqub adı da Qeb (Qeyb) aləmi fikrini ifadə edir və Batin elmində bu obraz – “bəqa səviyyəsində yaradılmış Qeyb aləmi” deməkdir. Belə çıxır ki, peyğəmbərin “vəhy” adlandırdığımız ekstatık vəziyyəti, sufi türüklərin (türk-teurq) bəglık səviyyəsidir. Batin elmində “bəqa” rəmzi ilə “vəhy” rəmzi eyni mənalı rəmzlərdir və “Hu ilkin materiyası ilə birləşmiş Ba ruhu” deməkdir. Oğuz atalar sözü olan “bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır” deyimindən də aydın olur ki, bəglik - vəhy kimi Allah tərəfindən verilir.
Tövratda, bəqa səviyyəsində, yəni vəhy vasitəsi ilə yaradılmış Qeyb aləmi – Vəhy çadırı adlandırılır. Bu kitaba görə, Musa peyğəmbər qurban vasitəsi ilə İlahi odu, yəni ilkin materiyanı göydən gətirmiş və ondan Vəhy çadırı yaratmışdır ki, bu da elə Qeyb aləmi, yəni cənnət mənasındadır (Библия, Исх.13:21,40:38, Чис.9:15-23, Лев.6:12,13). Lakin vəhy vasitəsi ilə, yəni bəqa səviyyəsində yaradılmış Qeyb aləmi haqqında məlumat verən ən kamil kitab isə hindlilərin “Bxaqavad-Gita” kitabıdır. Bu kitabın adından da göründüyü kimi burada bəglik məqamında yaradılmış Qeyb aləmi Bxaqavad adlanır ki, kitabda Bxaqavan adı eyni zamanda Allahın adı kimi çıxış edir.
Yunan mifologiyasında sufinin “vəhy” ekstatık durumu - Vakh adlanır və O, ekstaz, vəcdə və cuşa gəlməni, eyni zamanda təbiət qüvvələrini bildirən Olimpiya Allahı sayılır. Vakh rəmzi digər yerdə Baxus adlanır ki, bu da bəqa rəmzi ilə eyni mənalıdır. Lakin Vakh, Baxus Allahları mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir.
Bəqa, vəhy rəmzləri, dilimizdə “İlahi yuxu” anlamında olan “vaqeə” rəmzi kimi də qalmışdır. Bu rəmzlər hind mifologiyasında Vaka (Bəqa/Baka) mənasında, nur saçan div və yarıtanrı asurları bildirir. Asurlar isə elə Şumer və qədim Misirin Asar, yəni Osiris (Azər) Allahlarıdır. Hind mifologiyasında Asurlar (Azərilər) müsbət keyfiyyətlərə malik varlıqlar sayılırlar. Bəglər isə burada bxakti (Bəg-Kuti) kimi qeyd olunurlar və bu da “Bəg-Xuda”  mənasında “Allahın bəgi” fikrini ifadə edir. “Bxaqavad-Gita” kitabında Allah açıq elan edir ki, yalnız “Mənim bxaktilərim” məni lazımi dərəcədə dərk edə bilərlər və mənim təbiətimə çata bilərlər. Bu kitabda Allah bildirir ki, bxaktilər, yəni Allaha sadiq və pak qulluqla məşğul olan bəg-xudalar, öləndə möminə çevrilir və əbədi dinclik tapırlar. Kitabda Allah, axirətdə gələcək sevimli yetirməsinə deyir: “Ey Kunti oğlu, cəsarətlə hər kəsə elan et ki, Mənim bxaktam heç vaxt ölməyəcəkdir” (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 13/19; 9/31). Deməli, Hind mənbələrinə görə də bəglik məqamı – ölümsüzlüklə bağlıdır və Allah, sevimli mömin bəglərinə əbədi xoşbəxt həyat söz vermişdir.
Veda şastralarında qeyd olunur ki, Allahın bxaktiləri - yarıtanrılardır. İstənilən işlə məşğul olan bxakti - Allahın himayəsi altındadır və onlar Allahın əbədi, məhv olmayan aləminə daxil olurlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 562; 13/19; 18/56). Belə çıxır ki, bxaktilər eyni zamanda yəhudilərdir. Çünki yalnız yəhudi levitlərini (İslamda Əl-Beyt) Allah “Mənim” adlandırır və Özünə qulluq üçün ayırmışdır. Əgər biz nəzərə alsaq ki, qədim mənbələrdə “yəhudi” deyəndə “ya-xuda”, yəni Midiyanın kuti/qutilər nəsli nəzərdə tutulur, razılaşarıq ki, bxakti [BXKT] rəmzi altında da bəg-kuti [BG-KT], yəni bəg-xuda [BG-XD] nəsli başa düşülməlidir. Qita/Qata rəmzləri də bu mənada “Allah və onun nəsli ilə bağlı olan” mənasındadır.
İnduizmdə, yoqa sisteminin ən ali səviyyəsi “bxakti-yoqa” adlanır. Yoqa sisteminin digər növləri yalnız bxakti-yoqanın bxakti səviyyəsinə qalxması üçündür (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 346). Bu isə onu deməyə əsas verir ki, bxakti səviyyəsi elə sufizmin ən ali səviyyəsi olan bəqa (baka) səviyyəsidir və bu səviyyəyə qalxmış müdrik əbədi Allahda olur. Mətnlərə görə, əməli-saleh bxakti yoqa ilə məşğul olmur, çünki onlar həmişə Krişna vəziyyətində olurlar və yalnız onlar Qitanı dərk edə bilərlər. Hind mənbələrində Ali İlahi Şəxsiyyət adlandırılan Allah, bxakti ilə beş növ müxtəlif əlaqədə ola bilir: passiv vəziyyətdə, aktiv vəziyyətdə, dost halında, ana-ata kimi və sevgili yar qismində bxakti olmaq mümkündür.
Bxakti-yoqa eyni zamanda braxmo-bxakti pilləsinə çatmaq, yəni ilkin materiyaya tam qovuşmaq, onunla vəhdət təşkil etmək deməkdir. “Bxaqavad-Gita”da deyilir: “Kim ki, braxma-bxuta səviyyəsinə  qalxır, o ən Ali Braxmanı dərk edir. O heç vaxt qəmgin olmur və heç nə arzulamır. O bütün varlıqlara eyni gözlə baxır. Belə insanlar – deyə Allah bildirir – pak məhəbbət və sədaqətlə Mənə qulluq etmək hüququ qazanırlar (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она   есть. М., 1990, 18; 18/54). Burada Ali Braxman dedikdə - ilkin materiyanı özünə tabe etmiş Amon, yəni Rəhman Allah nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, Batin elmində “braxmo” rəmzi elə “İbrahim” rəmzidir, anlayarıq ki, braxmo-bxuta səviyyəsi elə İbrahim məqamıdır. Bu isə İbrahim peyğəmbərin İlahi oddakı ölümsüzlük səviyyəsini bildirir. Bu fəlsəfənin və ümumiyyətlə “Bxaqavad-Gita” adlanan İlahi nəğmələrin elmi izahı, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
Bütün bunlar o deməkdir ki, vəhy adlandırdığımız ekstatik vəziyyət, Azər oğlu İbrahim peyğəmbərin bəglər nəslinə verilmiş İlahi bəqa səviyyədir. Bu səviyyə müxtəlif insanlara müxtəlif məqsədlərlə verildiyi üçün, vəhyin qəbulu da öz məqamına görə müxtəlif formada özünü göstərir.


Firudin Gilar Bəg

Комментариев нет:

Отправить комментарий