среда, 10 апреля 2019 г.

Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır


Hərarət nardadır sacda deyildir

Kəramət başdadır tacda deyildir

Hər nə axtarsan özündə axtar

Qüdsdə, Məkkədə, hacda deyildir

                          Hacı Bəktaş Vəli


   Hazırkı dövrdə İslamın tənəzzülə doğru getməsi bizi, dinimizin heç də kamil olmaması qənaətinə gətirir. Əcdadlarımızın müqəddəs Quran kitabına ən kamil yazı kimi baxması isə bu qənaətin düz olmaması deməkdir. Bu təzadı aydınlaşdırmaq üçün biz, İslamı və onun təriqətlərini daha dərindən öyrənməliyik.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, son dövrün araşdırmalarından çıxan nəticəyə görə, müqəddəs Quran kitabı əvvəlcə türk dilində yazlmış, sonra ərəb dilinə tərcümə olunmuşdur. Tanınmış Kumık türkoloqu Murad Acının araşdırmalarından məlum olur ki, İslamın ilk çağlarında nə ərəb xalqı, nə də ərəb dili mövcud olmuşdur. Quranın ən qədim mətnlərini heç bir ərəb aliminin anlamaması, bu kitabın ərəb dilinə yad olan sözlərdən ibarət olması ilə bağlıdır. Bütün ərəbşünaslar, ərəblərin danışıq dilinin – Quran dili olmaması nəticəsinə gəlmişlər. Din alimlərinin gəldiyi qənaətə görə, burada təkcə sözlər yox, mətnlər özü də tam ayrı cür səslənir. XI əsrə qədər müsəlmanlar Quranı – İlahi dil sayılan türk dilində oxuyurdular. Şərqin tanınmış alimlərinin qəti fikri də budur ki, bütün böyük müsəlman alimləri türk dünyasından çıxmışlar. Sünnənin Əl-Buxari, Müslim kimi müəllifləri də Ərəbistandan olmamışlar (Мурад Аджи, «История тюрков», sayt: https://history.wikireading.ru/288966). Bu isə o deməkdir ki, Quran kitabı türklərlə bağlıdır və biz bu bağlılığa da izah verməliyik.
Artıq heç kimə sirr deyil ki, Quranın zahiri mənasından başqa, daha dərin batini mənası da var və bu mənaları yalnız sufi-batinilər dərk etmişlər. Quranın zahiri mənası bu gün tam öyrənilsə də, batini mənası hələ də açılmamışdır. Mənbələrdən çıxan nəticəyə görə, sufi-batinilik Gelati-Şiə adlanan ismaililərdən başlanır ki, bizlərə bu elm şiə ezoterizmi kimi məlumdur. Tövratda Gelat ismaililəri – Qalaad izmaililəri kimi keçir və Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır. Başqa sözlə, Gelat ismaililəri, Allahın “Mənim” adlandırdığı müqəddəs Eli ilə bağlıdır.
Mətnlərə görə izmaililər - İbrahim peyğəmbərin Həcərdən olan oğlu İzmailin törəmələridir ki, İzmail tayfasının şahzadələri 12 nəfər olmuşlar. Quran, izmaililərin On iki şahzadəsini - İsrail oğullarının On iki başçısı adlandırır. İzmailin bu On iki başçısı - ismaili şiələrinin də On iki imamıdır ki, onlar Sadat silsiləsindən olan müçtəhid və imamlar hesab olunurlar. Bu imamlar, Quranın ezoterik mənalarını izah edən, dinin əsasları, şəriəti mühafizə edən elm sahibləri, başçılarıdır.
İsmailiyə fəlsəfi dünyagörünüşündə On iki rəmzi göydəki “dünya” ilə bağlıdır və o dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”) ibarətdir və hərəsinin öz ali xətibi var. Onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar və s. Burada “ada” dedikdə batinilər - ilkin sulardakı, yəni göy sularındakı ada, ilkin materiyadakı ruhlar dünyası mənasında, Qurandakı cənnəti nəzərdə tuturlar. Belə çıxır ki, Gelat ismaili şiələrinin İsna Aşəriyə adlanan On iki imam dini – Qalaad/Gelatda yaşayan İsrail oğullarının ismailiyə fəlsəfəsidir. Mən “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqaləmdə bu haqda məlumatlar vermişəm (https://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=0). Əgər biz “Aşəriyə” rəmzinin də Azər demək olduğunu nəzərə alsaq, razılaşarıq ki, ismaili şiələrinin İsna Aşəriyə dini – Allahın Özünə qulluq üçün seçdiyi Azər (Xəzər) türk bəglərinin dinidir.  
İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben yazır ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Məşhur sufi-batin alimi Mühiddin ibn Ərəbi İslam dinini, müsəlmanlığı – yəhudi peyğəmbərləri olan İbrahim və Yaqubla əlaqələndirərək yazır: “Böyük Allah demişdir: Bu dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün - yəni Ona tabe olaraq” (Mühiddin ibn Ərəbi, “Füsusül-Hikəm”, böl.8). Bu o deməkdir ki, batinilərə görə İslam dini - ölümlə, yəni göydəki cənnətlə bağlıdır və zahiri İslamdan min illər əvvəl Yaqub oğullarına vəsiyyət edilmişdir. Sufizmdə “Din” rəmzi “Ədn” rəmzi ilə eynidir ki, bu da Quranda cənnətin adı kimi keçir. Başqa sözlə, Qurana görə də İslam dini Ədn cənnəti ilə bağlıdır.  
Yazdıqlarımızdan belə çıxır ki, əsl İslam – sonradan İsrail adını almış Yaqub peyğəmbərin On iki oğlunun İsna Aşəriyə dinidir və bu din – rəmzlərlə, yəni yazıların gizli, sufi-batini mənası ilə bağlıdır. Biz bu dini tam anlamaq üçün rəmzlərin batini mənalarına müraciət etməliyik.
                                                        

Yaqub (QB) rəmzi sufi-batinilərdə Qeb/Qeyb (QB) və Bəqa (BQ) rəmzləri ilə eyni mənalıdır və sufizmin Bəqa səviyyəsində yaradılmış Qeyb aləmi deməkdir. İran mənbələrində Bəqa/Baqa (BQ) rəmzi farnbaq (fironbəg) kimi də yazılaraq, İlahi farn odunu daşıyan bəglərə aid edilir. İran mifologiyasında farn odu – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir ki, bizlərə bu od - Azər odu kimi tanışdır. Farn (fər) İlahi odunu daşıyan bəglər isə İranda “atəşbəglər” adlanır və onlar əhli-Haq hesab olunurlar. Haq rəmzini Mühiddin ibn Ərəbi Adəmə aid edərək, onu Allah kimi təqdim edir. Qədim Misirdə isə Haq (Heka) rəmzi – iki dünyanın, yəni yerdəki fiziki və göydəki ruhlar dünyasının sahibi olan Asar/Osiris/Azər Allahına aid edilir. Başqa sözlə, əhli-Haqlar – Azər Allahının əhli, xalqıdırlar. Əhli-Haqların eyni zamanda bəktaşiliklə eyniliyi onu deməyə əsas verir ki, Azər/farn odunu daşıyan farnbaqlar elə İlahi atəşlə vəhdətdə olan atəşbəglər, yəni bəgatəş–bəktaşilərdir. Bu isə o deməkdir ki, bəktaşilər – Qalaad, yəni Gelati-Şiə ismaililəridir və onların İsna Aşəriyə dini də İlahi Azər odu ilə bağlıdır.  
Anri Korbenə görə, bəktaşilər - iudaizm, xristianlıq və İslamın vahid din olduğunu təlim edirdilər. Zahiri görünüşünə görə, onlar ikidəstəkli taxta xəncər, başlarında isə dua və Cihad şüarları yazılmış sarğı daşımaları ilə seçilirdilər. Onlar, dua üzərində İncildən kəlamlar yazılmış lent gəzdirir, dini ayinlərdə şamanizm elementlərindən, rəmz kimi isə xaçdan istifadə edirdilər. Bəktaşilər Müqəddəs üçlüyü (xristianların Ata, Oğul və Müqəddəs Ruhu) -  “Allah, Məhəmməd və Əli” kimi qəbul edərək ona səcdə edirdilər. Onlarda ənənəvi İslam üçün qəbuledilməz olan nikahsızlıq əhdi, mənəvi müəllimə itaət, şərab (bəktaşilərdə spirtli içkiyə qadağa yoxdur) və pendirdən  istifadə etməklə müşayət olunan ayinlər geniş yayılmışdı. Faktiki olaraq bəktaşilik - xristianlığın, İslamın və ənənəvi İslamın həm sünnü, həm də şiə qollarından uzaq qədim təriqətlərin elementləri olan hərəkatdır (Анри Кoрбен, http://farhang.al-shia.ru/karbin/karbin.html). Bu isə o deməkdir ki, Bəktaşi ismaililərnin fəlsəfəsi təkcə İslamın yox, iudaizim və xristianlığın da kökündə durur.
Qəbul olunmuşdur ki, bəktaşilik – XIII əsrdə yaşamış, Xorasan şahı İbrahim es-Sani Seyyid Mühəmmədin oğlu Hacı Bəktaş Vəli tərəfindən yaradılmışdır. Əl-Məsudi (IX əsr) Xorasan dedikdə - Albaniyanın Xursan şahlığını nəzədə tuturdu. X əsrin anonim mənbəsində Xursan - Dərbəndlə Şirvan arasında yerləşirdi və Xursanın sahibi isə Xursanşah titulunu daşıyırdı. İlk orta əsr mənbələrində, Xursan ərazisi Şaberandan (indiki Şabran) aşağı hissədə göstərilirdi. Yazılanlara görə, Xursan sonradan Məhəmməd ibn Yəzid  tərəfindən Şirvana birləşdirildi. Lazar Parbesi (V əsr) isə Xursanı “sərhəd qalası” adlandırır. Eqişe (V əsr) və s. ərmən mənbələrinə görə, Albaniyada Xrsan və s. adlı tayfalar da yaşayırdı (Г.А.Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б.,1991, səh.129-131, 71). Başqa sözlə, Xorasan/Xursan dedikdə sufilər - Azərbaycan ərazisindəki şəhəri, qalanı və bu qalanın əhalisini nəzərdə tuturlar.
                                                                  
Bəktaşiliyin, şiəliyin araşdırıcısı Şakir Keçəli yazır ki, Anadoluya köç edən türkmənlər arasında baba, ata, dədə, Xorasan ərənləri adlandırılan insanlar vardı ki, onlar İslamı əski inamlarla qarışdırıb sadə xalq-islamçı din yaratmışdılar (Şakir Keçeli, “Alevilik. Bozkırda yanan ateş”, Ankara, Emel Matbaaçılıq Ltd, səh.159). “Xorasan ərənləri” ifadəsi onu deməyə əsas verir ki, bu ərənlər elə Alban şahı Aran/Ərən nəslinə aid olmuşlar. Bəktaşi ordeninin dərvişləri salamlaşanda bir-birlərinə müraciət edərkən – “Ya Hu ərənlər”, “Hu dost ərənlər”, “Ey Vallah ərənlər”, “Ey Vallah şahim” və s. deyirdilər. Ərənlərin – “Hu ərən”, “Dost ərən”, “Vallah ərən”, “Vallah şahim” adlanması isə, onların sufi pirləri, müqəddəsləri olması deməkdir. Başqa sözlə, sufi-batinilərə görə, bəktaşilik – Alban ərənləri ilə bağlıdır və məhz burada Bəktaşi atəşbəgləri, batini mənalı həqiqi İslamı, zahiri məna ilə birləşdirib, xalq üçün anlaşılan, sadə, bu günkü İslam dinini yaratmışlar.
Mənbələrə görə, hələ IX əsrdən başlayaraq Xorasanda, Allahın dərkinin mistik yoluna, yəni tərikə yoluna qədəm qoyanların “müəllim – tələbə” (mürşid - mürid) dərnəyi, institutu yaradılmışdı. Bu dərnəyin üzvləri, yəni sufizmin tərikə yolunu tutanlar - türüklər (türklər) adlanırdı. Məhz bu zamanlardan, tərikə yolunu tutanların, yəni türklərin elmi - ümumi kütlənin elminə çevrildi. XII əsrlərdən sonra isə artıq Allahın mistik dərki yolu ilə gedən müridlər (neofit) müxtəlif tərikə cəmiyyətləri yaratmağa başladılar («Ислам», Энциклопедический словарь, М., 1991, səh.224). Daha sonralar xristianların monax ordenlərinə oxşar çoxlu sufi qardaşlıqları yarandı ki, onlara - sufi monastırında, sufinin yaşadığı zaviyələrdə rast gəlinirdi. Yazılara görə, XII - XIV əsrlərdə sufi qardaşlığı olan türklərin (türüklərin) inkişafından sonra bu yaşayış məkanı genişləndi və bura artıq kompleks tikintilər, müqəddəsin məqbərəsi, məscid, müridlərin hücrəsi və s. daxil idi.
Yazdıqlarımızdan belə çıxır ki, bəktaşilik – Albaniyanın türk ərənləri nəslindən başlayır və Bəktaşi sufilərinin məntiqi də, yazıların batini mənası ilə bağlı olmuşdur. Bu mənada müsəlman olmaq – Mühiddin ibn Ərəbinin yazdığı kimi, ölən insanın Allaha tabe olaraq ölməsi deməkdir. Batini mənada yazan sufilərdən biri də Usman Əmr ibn Bəhr əl-Cəhiz olmuşdur ki, onun yazılarında insanın ölümü - qulun bir ölkədən digər ölkəyə köçməsi, möminin ruhunun cənnətə “səyahəti” kimi rəmzləndirilir. Əl-Cəhiz, “ərəb” deyəndə, milliyəti yox, bir formada olmuş insanın, metamorfozaya uğrayaraq digər forma almasını, yəni ruhun “cildini” dəyişməsini nəzərdə tutur. O, İsmail haqqında fikirlərini dəqiqləşdirərək yazır: “Bütün möminlər, o cümlədən uşaq və kəmağıllar, cənnətə girəndə - hazırlıqsız, uzun təhsil  və məsləhət almadan -  dərhal cənnət sakinlərinin dilində danışmağa başlayırlar. İsmailin ata məsləhəti, himayəçi və analığı olmadan birdən-birə ərəbcə danışdığına cahillər necə də təəccüblənəcəklər” (Асадов Ф. М., Арабские источники о тюрках в раннее средневековье, Б.,1993, səh.89,72). Əl-Cəhiz kitabında - Xorasan türkünün öləndən sonra  ərəbə “çevrilməsini” rəmzlərlə izah edir və onun yazdığından belə çıxır ki, “ərəb dili” deyəndə cənnətdə danışılan dil, yəni ilkin materiyanın – Qeyb aləminin “vahid dili” başa düşülməlidir ki, ərəblər də cənnətdə ömürlərini davam etdirən ruhlar anlamındadır.
Alban mənbələrində, göydə yaradılmış cənnət – “səhra” kimi rəmzləndirilir. Tarixçi Arakel Təbrizliyə görə, Albaniyanın Sünik (Gel) şəhərində müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər. Paronterlər (pir) öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya - insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda – “can verən balığa bənzəyir və geriyə qayıtdıqdan sonra yenidən canlanırlar” (А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Bu isə o deməkdir ki, sufi-batinilərdə müsəlmanlıq, yəni “müsəlman olaraq ölmək” - adi insanın Allah qanunlarına tabe olub, öləndən sonra ruhunun bu cənnətə düşməsini bildirir.

Batinilərdə İslam (SLM) ərazisi - Tövratın Səlim (SLM) şəhəridir və bu şəhrin Allahı da El, yəni Əlidir. Əli rəmzi mənbələrdə Alu kimi də yazılır ki, bu da Albaniyanın digər adıdır. Sufi-batinilərdə Allah (LLH), yəni El-İlahi (Əli-İlahi) rəmzi – göydə yaradılmş kosmik İnsan-Allahdır ki, Şumer yazılarında bu nəhəng göy insanı Luqal (İlahi-El) adlanır. Qədim Misir yazılarında isə bu Allah - Atum kimi məlum idi və İslamda Atum (TM) – Adəm (DM) kimi qeyd olunur. Bəktaşilərə görə, Adəm - Rəhman Allahın Ərşidir. Başqa sözlə, Rəhmanın Ərşə yüksəlməsi, onun kosmik İnsan-Allah olan Atumun/Adəmin ruhuna çevrilməsi deməkdir.
Qədim Misir yazılarına görə, pir-firon Amon öləndən sonra, ruhu göyə qalxaraq, əvvəlcədən göydə yaratdığı Ra günəş diski ilə birləşir və Ra-Amon (Rəhman) Allaha çevrilir. Ərş (RŞ) rəmzi batinilərdə Aşur (ŞR), yəni Asar/Osiris/Azər rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Rəhmanın Ərşə yüksəlməsi – pir/firon Amonun Osiris/Azər Allahına çevrilib, kosmik İnsan-Allahın bədənindəki Vilayətdə bər-qərar olması deməkdir. Bu isə onu deməyə əsas verir ki, batinilərdə imam Əli obrazı elə Atum/Adəm/Azər Allahının obrazıdır.
Sufi-batinilərdə İslam (S-LM) rəmzi – “İssi-Aləm”, yəni “göydəki Aləmin ruhu” fikrini ifadə edir və bu rəmz İsmail (S-ML) rəmzi ilə eyni mənalıdır. Deməli, İslam dini - Allahın Gelat/Qalaad bəktaşilərinin İsmailiyə fəlsəfəsidir. Bu fəlsəfənin mahiyyəti isə, adi insanın ölümündən sonra, ruhunun Gelatda yaradılmış cənnətə düşməsidir. Ən qədim mənbələrdə, Albaniyanın Sünik (Gel) elində yaradılmış bu cənnət - Tilos/Dilmun/Tilmun və s. adlanırdı və ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer hesab olunurdu. Dövrümüzün tanınmış alimi Devid Rola görə Dilmun – Allahlar monastırı, Zaqros dağ təpələrinin arxasındakı İran ərazisində yerləşirdi. Mənbələrdə “Ölməzlər ölkəsi” adlandırılan bu cənnət - “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq adlanırdı ki, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Qədim ədəbi abidələr açıq yazırdı ki, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatı idi (Д. Рол. «Генезис цивилизации, Откуда мы произошли…», Ексмо. М. 2002, səh.267, 271). Belə çıxır ki, İslam/İsmail dini – adi insanın da, ölümündən sonra, ruhunun məhz Dilmun cənnətində xoşbəxtliyi dadması üçün yaradılmış fəlsəfədir.
İsmail dininin hakim olduğu Dilmun cənnəti mənbələrdə, Deyləmilərin İsmaili dövləti kimi keçir. Sufizmdə Dilmun (DLM-N) və Deyləm (DLM) rəmzlər eyni mənalı olub və “Dai Aləmi” mənasında “Allahlar aləmi”, “Haq dünyası” fikrini ifadə edir. Haq (HQ) rəmzini batinilər Kuh (KH) kimi rəmzləndirərək, bu ölüm şahlığını Kuhistan adlandırdılar. XIII əsrin əvvəllərində Yaqut yazırdı ki, Kuhistan hazırki zamanda Həsən ibn Sabbahın ailəsi olan məlahidlərin hakimiyyətindədir» (Л. В. Строева, «Государства Исмаилитов в Иране в XI – XIII вв.», М., 1987, səh.128). Məlahid rəmzi sufilərdə Mülhid/Mələküt (yəhud. Malxut) mənasında mələklər yurdu deməlkdir və bu rəmz göydəki ruhlar dünyasına aiddir. Deməli, İsmaililərin Kuhistan, yəni Haq dövləti – ölümsüz mələklər ölkəsidir. İsmaili mələklərinin bu ölkəsini isə “Dağ qocası” adlanan Həsən ibn Sabbah idarə edirdi. Həsən ibn Sabbahın ismaililəri mənbələrdə nizarilər də adlanırdı və onların dövləti Ələmut qalası hesab olunurdu. Yazılanlara görə, Həsən ibn Sabbah ölümündən əvvəl, öz Ələmut dövlətini öz xələfinə - “İmamın öz dövlətinin başına keçəcəyi gün”ə qədər tapşırmışdır. İmam isə irqin fəxri olan Nizardır, hansı ki, deyilənə görə sağdır, lakin onu heç kim görə bilməz. O həmişə əbədi yaşayır və şahlıq edir (orada; 165, 166, 59). Bu isə o deməkdir ki, İslam/İsmaili ölkəsi deyəndə, göydə cənnətin yaradıldığı zaman, yerdə onun obrazı kimi tikilmiş Ələmut, yəni Midiya qalası başa düşülməlidir. Həsən ibn Sabbahın varisi olan Nizar isə burada, axirətdə Ra-Amon/Rəhman Allahın yerinə keçəcək Mehdi mənasındadır.
Deyləm ismaililəri İranda “Qala adamları” adlanırdılar ki, bu da Mülk, Mələküt və Cəbərut adlanan “dünya”ları özündə birləşdirən Babil qalası mənasındadır. Əbu əl-Ala İbn Xassul, “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır (Асадов Ф. М., Арабские источники о тюрках в раннее средневековье, Б.,1993, səh.104-107). Deməli, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış deyləmilər - Dilmun adasında ölümsüzlük və xoşbəxtlik qazanmış ismaili türk bəgləridir.
Bütün bunlar o deməkdir ki, həqiqi İslam – insanın bu dünyada və öləndən sonra isə ruhunun o biri dünyada xoşbəxt yaşaması üçün yaradılmış fəlsəfədir. Bu fəlsəfəni isə Albaniya atəşbəgləri, yəni bəktaşilər yaratmışlar. Batinilikdə rəmzlər bir neşə məna verir ki, Bəktaşi rəmzi də bu məntiqdə həm də “Taş bəgləri” kimi açılır. Taş bəgləri isə Kitabi Dədə Qorqudda Oğuzun iki qolu – İç və Taş Oğuz bəglərindən biridir. Bu kitabın əsas qəhrəmanarından biri də - varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bəkdüz Əməndir. Bəkdüz (BKDZ) rəmzi sufi-batinilikdə Bəktaş (BKTŞ) rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, bəktaşilər – Bəkdüz Əmənin Taş Oğuz bəgləridirlər.
Bəkdüz Əmən (BKDZ MN) rəmzi qədim mətnlərdə Taktiz Amon (TKTZ MN) kimi qeyd olunur. Meroit yazılarının birində yazılır: “Osiris və İsida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Taktiz Amonu (Təktüz  Əmən) qoruyun” (И. Фридрих, Дешифровка забытых письменностей и языков, sayt; http://annales.info/egipet/meroe/meroe_pism.htm). Nizami Gəncəvi “İskəndərnamə” əsərində Təkdis (Təktüz) taxtının sahibini “Sahibkəran”, yəni yerin-göyün sahibi, ağası adlandırır. Bu isə o deməkdir ki, Albaniya bəktaşiləri – yerin-göyün sahibi olan Ra-Amon/Rəhman Allahın seçilmiş əvrənlərinin nəslidir. Həqiqi İslam dini də - ismaililərin Gelat elini Özünkü sayan Rəhman Allahın, adi insanlara ihsanıdır.

Bəktaş (BG-TŞ), yəni bəg-atəş rəmzi batinilikdə behişt (BH-ŞT) rəmzi ilə eyni mənalıdır ki, buradakı Şiat/Şad və s. rəmzləri sufizmdə çox dərin mənalar verir. Şiyat rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasındadır. Deməli, behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Eyni mənalı “Şad” rəmzi isə, qədim türk mətnlərində bəglərə aid edilərək “Şad Apıt bəgləri” kimi qeyd olunur. Buradakı Apıt rəmzi – Apet/Pta/Yafət mənasında türklərin Yafət-Ərən nəslinə aid edilir. Əhdi-Ətiqdə “Şad” rəmzi Şadday, Sadday kimi yazılaraq El Allahı ilə (El Şadday), yəni Əli rəmzi ilə əlaqələndirilir. İslamda isə Şadday/Sadday rəmzi “Seyid” kimi qeyd olunur və İslam müqəddəsləri nəslini bildirir. Belə çıxır ki, bəktaşilər – behişt əhli olan Yafət əsilli türk seyid-bəgləridirlər. İslam dini də Allahın, adi insanların ruhlarının da behiştdə xoşbəxtliyi dadması üçün yaratdığı şansdır.
Bütün bu yazılanlardan çıxan nəticə isə odur ki, həqiqi İslam heç də bu gün qəbul edilmiş mənasız söz yığını deyildir. Əsl mahiyyəti anlaşılmayan bir şeyə inam – bütpərəstlikdir və zahiri İslam da özlüyündə bu bütpərəstlikdən başqa bir bir şey deyildir. Batini mənalı İslam isə - insanın yaradılışının, həyatının, ölümündən sonra da ruhunun uzun müddət xoşbəxtliyi dadması üçün göydə yaradımış cənnətin fəlsəfədir. Batini İslam özlüyündə bütün dinləri, fəlsəfələri, folklorları və s. birləşdirən kamil elmdir. Bu kamil fəlsəfənin yaradıcısı – pir-firon Amon/Əmən olsa da, yer kürəsində Onun əmrlərini yerinə yetirən seçilmişləri - türk bəgləridir. Başqa sözlə, həqiqi İslam - Azəri türk bəglərinin müqəddəs dinidir və bu kamil fəlsəfə Azərbaycanda yaradılmış və buradan dünyaya yayılmışdır.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və digər kitab, məqalələrimdə verilmişdir.
                                                                             Firudin Gilar Bəg