среда, 18 июля 2012 г.

Şeyx Nazim Kıbrısi Həzrətlərinə açıq məktub



Hörmətli Şeyx Nazim Həzrətləri. Artıq bir neçə ildir ki, mən Sizin çıxışlarınızı diqqətlə izləyirəm. Sizin Hz. İsa və ya Hz. Mehdi haqqında dedikləriniz hamı kimi məni də çox maraqlandırır.
Mən, Quranın batini mənalarını bilən Azəri türk bəylərindənəm (bəg) və müəllifi olduğum “Batini-Quran” kitabında, məqalələrimdə Batin elminin tam izahını vermişəm. Hz. İsa da, mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəylərindən olduğu üçün mən də bu işdə maraqlı tərəf sayılıram.
Siz, Mehdinin gəlişinin 2012-də olacağını tam əminliklə bildirirsiniz və insanlara onu arayıb tapmağı tapşırırsınız. Mehdinin kimliyini və keyfiyyətini bildirmədən, onun İstanbuldan çıxacağını qeyd edirsiniz. Bu isə ona gətirib çıxarır ki, hər bir müsəlman özünü Mehdi obrazında görür.
Hörmətli Şeyx Nazim Həzrətləri. Sizə bildirmək istəyirəm ki, Rəhman Allah göydəki Dünyanı (Cənnəti) – Azərbaycanın Gilar Elində yaratmışdır və Axirətdə də bu Cənnətı Azəri türklərinin Gilar bəyinə verəcəyinə and icmişdir. Hz. İsa da Allahın batini sirlərini bilən Gilar bəyidir.

Hz. İsa və Hz. Mehdi haqqında məlum olmayan həqiqətlər

Mehdiyyət, axirət mövzusunu açmazdan əvvəl, bu axırın əvvəlini, Mehdinin - kimin yerinə keçməsini bilmək vacibdir. Çünki bunlar nəticədir və bu nəticənin səbəbi olmalıdır. Bu səbəb isə çox müdrikliklə rəmzləşdirilmişdir və bu rəmzlərin dili də Batin elmidir.
Batin (Ledün) elminə görə, bütün dinlər və ümumiyyətlə bütün inkişaf bir yerdən, qədim Misir abidələrində Geliopol, yəni Gel şəhəri adlanan şəhərdən başlamışdır. Məhz burada qədim Misirin ilk fironu Amon (pir Əman), sufizmin tərikə yolu ilə, sufilərin “Hu” adlandırdığı ilkin materiyanın qanunlarını tam dərk etmiş, sufi silsilənin bəqa səviyyəsinə qalxaraq, ilkin materiya ilə vəhdət səviyyəsinə yüksəlmişdir. Qədim Misir mənbələrində firon Amonun, ilkin materiyanın qanunlarının dərk etməsi, ondan informasiya alması – “Allahla söhbət” adlandırılır və İslamda bu peyğəmbərimizin meracı kimi qeyd olunur.
İlkin materiyanın qanunlarını tam dərk edən pir Amon - bəqa, yəni bəglik səviyyəsində, ilkin materiyadan göydə Ra günəş diski yaratmış və Özü fiziki öldükdən sonra, onun ruhu göyə qalxaraq Ra günəşi ilə birləşmişdir. Sufilərin Xulul adlandırdıqları bu birləşmə - “Allaha qovuşma”, “Allahla vəhdət” deməkdir. Sufizmdə və ən qədim dilçilikdə, Xulul/Hulul [XLL/HLL] rəmzləri – Allax/Allah [LLX/LLH] rəmzləri ilə eyni məna verir. Bu isə o deməkdir ki, qədim Misir yazılarında Ra-Amon adlandırılan Allah - İslamın Rəhman adlandırdığı tək Allahdır. Deməli, müsəlmanlar Allah deyəndə, bütün həyatın əsas səbəbkarı olan, sufilərin “Hu” adlandırdığı ilkin materiya və ondan Ra günəş diski yaradaraq, onunla birləşmiş firon Amonun ruhu nəzərdə tutulmalıdır. Sufilər bu birləşməni “Vəhdət əl Vücud” da adlandırırlar. Qədim mənbələrdə bu Allahyaratma hadisəsi teurqiya, pir Amon və onun köməkçiləri isə Allahyaradan teurqlar adlandırılır. Türk, Türkiyə sözləri də məhz “teurq” və “teurqiya” sözlərindən yaranmışdır. Bu isə o deməkdir ki, bütün qədim Misir Allahları – bəqa, yəni bəglik səviyyəsinə yüksəlmiş türklərdir.
Daha sonra Rəhman Allah və onun köməkçiləri olan teurqlar, yerdə “başı göylərə çatan” qala tikirlər və teurqiya vasitəsi ilə, qurban ruhlarından göydə bu qalanın obrazını yaradırlar. Qədim Misir mənbələrində yerdə yaradılmış bu tikili - Aşağa Misir, onun göydəki obrazı isə Yuxarı Misir adlandırılır. Tövratda, yerdəki bu qala - Kənan (Knun), onun göydə yaradılmış obrazı isə Alban (Lbnun) kimi qeyd olunur. Bu yaradılış - doqquz hissədən ibarət olan kamil bir kosmik Sistemdir və qədim Misir yazılarında bu Sistem ümumilikdə Atum Allahı adlandırılırdı. Digər mənbələrdə Adəm adlandırılan Atum Allahını, Mühiddin İbn Ərəbi, Əl Qəzali və s. kimi sufi dahiləri də Allah kimi qəbul edirlər. Çünki, Rəhman Allah Özü bu Sistemin düşünən və idarə edən hissəsidir. Deməli, “Allah” deyəndə - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan İlkin materiya və bu ilkin materiyadan yaranmış Sistem, yəni Adəm təsəvvür olunmalıdır. Bu isə o deməkdir ki, Rəhman Allah dünyanı məhz bu Sistem, yəni Adəm vasitəsi ilə idarə edir. Cənnət də bu doqquzluq Sisteminin bir hissəsidir. Bu Sistem təxminən 5500 il bundan əvvəl Azərbaycan ərazisində yaradılmışdır və mənbələrdə Misir Allahlarının vətəni də İran dağlarının Azərbaycan olan hissəsi hesab edilir. Xulul [XLL] rəmzinin sufizmdə Gel-Eli [GL-L] kimi də oxunuşu onu göstərir ki, Rəhman Allahın yaratdığı Sistem – qədim Azərbaycanın Gel adlanan şəhərində yaranmışdır.
Adəmi yaratdıqdan və Ərşə hakim olduqdan sonra Rəhman Allah, Özünə qulluq üçün Adəmin obrazı və bənzəri olan müqəddəslər nəslini, yəni bizim bu gün pir, seyid, bəg, şıx, maxtum və s. adlandırdığımız seçilmişlər nəslini yaradır. Seyid və digər müqəddəslərin arzu və istəklərinin həyata keçməsi, möcüzələr göstərmə xüsusiyyətləri də, onların Adəmin obrazı ilə yaradıldması ilə bağlıdır. Sufizmdə Adəm - makrokosmos, müqəddəslər nəsli isə mikrokosmos kimi də səciyyələndirilir. Adi insanları isə bu seçilmişlər nəsli öz əlləri ilə yaratmışlar.
Bütün bunlar onu bildirir ki, Din deyəndə Rəhman Allahın yaratdığı Atum Sistemi təsəvvür olunmalıdır. Allahın qoyduğu qanunlara itaət edən insan öləndə, onun ruhu, Allahın yaratdığı bu cənnətə düşür və orada ikinci həyata başlayır. Qədim Misir yazılarına görə, bədəndən çıxan ruh - Ba adlanır və göyə qalxdıqda o Benu quşuna çevrilib, göydəki Elə (Vilayətə) daxil olur. Qədim mənbələrdə Benu quşlarının göydəki Eli – “El-Benu” adlanır və biz bu rəmzi Alban, Albaniya kimi tanıyırıq. Sufizmdə El-Benu/Alban [L-BN] rəmzi Nəbi-Eli [NB-L] kimi də oxunur ki, bu da “Peyğəmbərlər Eli” mənasıdadır və s.
Deməli, qədim mənbələrdə - “Allah Dünyanı yaratdı” dedikdə, yaşadığımız fiziki dünya yox, Rəhman Allahın göydə yaratdığı bu Doqquzluq Sistem (Doqquz Oğuz) başa düşülməlidir. Tövratda da Allahın altı günə yaratdığı dünya məhz Rəhman Allahın yaratdığı bu Sistem mənasıdadır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya”dır və o axirətdə yenidən yaranacaqdır. Digər sufi Əl Qəzali də bu Kamil İnsanı - Məhəmməd peyğəmbər kimi təsvir edir və Kosmik qüvvə sayır.
Biz aydınlaşdırdıq ki, “Dünyanın sonu” dedikdə, söhbət yaşadığımız fiziki dünyadan deyil, Rəhman Allahının göydə yaratdığı və qədim Misir mənbələrində Atum adlanan Sistemdən gedir. Tövrata görə, ilk yaradılmış Sistem  5514 il mövcud olacaq və bu müddət bitdikdən sonra, göydə yeni bir Sistem, yəni yeni Adəm yaranacaq ki, onun ömrü də 2246 il olacaqdır. Ümumilikdə, Rəhman və Rəhim Allahın Sistemlərinin 7760 il ömür sürməsi əvvəlcədən müəyyənləşdirilmişdir.
Qədim Misir mənbələrinə görə, yeni yaranacaq Atum Allahı da ilk yaradılmış Allahın yerində, yəni Gel elində (Geliopolda) zühur etməlidir. Tövrata görə, Allah bu yeni yaranacaq Sistemi, yəni Kənan (Knun) və Alban (Lbnun) torpaqlarını - İbrahim, Yaqub və onların törəmələrinə verəcəyinə and içmişdir. Mühiddin İbn Ərəbi də, El adlandırdığı bu İslam Dininin, Allah tərəfindən İbrahim və Yaqub oğullarına vəsiyyət edilməsini bildirir. Xristian mənbələrində isə, Yuxarı və Aşağı Misir (Yuxarı və Aşağı Geliopol) mənasında olan Kənan və Alban torpaqlarının Gelar nəslindən kiməsə verilməsi qeyd olunur. Bu isə o deməkdir ki, qədim Misirin Atum adlanan kosmik Sistemi məhz Azərbaycanın Gelar elində yaradılmışdır. Axirətdə yeni yaranacaq Atum Sistemi də burada yaşayan seçilmişlərdən kiməsə, yəni Azəri türk bəylərindən bir nəfərə əbədi veriləcəkdir. Mən, “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə seçilmişlər nəsli olan əsl yəhidilərin – Azəri türk bəyləri olmasını elmi cəhətdən sübut etmişəm.
Batin elmində seçilmiş dedikdə “biliyinə görə seçilmişlər“ nəzərdə tutulur. İslamda biliyinə görə seçilmişlər - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, bu Ev də Əl-Beytdir. Əgər nəzərə alsaq ki, biliyinə görə seçilmişlər dedikdə, Quranın gizli mənalarını bilən batinilər nəzərdə tutulur, razılaşarıq ki, Əl-Beyt elə qədim Misir kahinlərinin və nizarilərin Gel (Gelat/Qulat) elidir.
Yəhudi, xristian və islam mənbələrində məhz bu eldə yaşayan türk bəyləri, hər üç dinin müqəddəslər nəsli hesab edilir. Əgər yəhudi və xristianlarda bu Gel eli - Qalaat, Qaliley, Kolyada və s. yazılaraq İsa peyğəmbərin vətəni hesab olunursa, islamda bu Gel eli - Gelat (Qulat) kimi də yazılaraq, imam Əlinin batini-nizarilərinin eli hesab olunur. Qədim Misir mənbələrində Şu Allahı kimi qeyd olunan və “Allahın Ruhu” mənasını verən xristianların İsa rəmzi - yəhudilərdə Yeşua, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Bu isə o deməkdir ki, qədim Misir mənbələrində Mehdi obrazında gələcək Nuoziri Allahı - yəhudilərin Nazorey, xristianların Nazaretli və müsəlmanların Nizar adlandırdığı Şiə batinilərin Mehdisidir.
Digər mənbələrdə peyğəmbərlərin bu Gel [GL] eli - Gil [GL] və Kleyto [KL-T] kimi də yazılaraq Heraklın və dəniz Allahı Poseydonun Atlantida şahlarına aid edilir. Deməli, İsa peyğəmbərlərin nəsli eyni zamanda qədim dünyanın şahlarının nəslidir.
Qədim Misir mənbələrində Şu Allahı, Atum Allahı adlanan Sistemin başlanğıc və əsas hissəsidir ki, onun gəlişi ilə bütün yaranış Sistemi işə düşür. Əgər nəzərə alsaq ki, sufizmdə və qədim dilçilikdə Mehdi [M(H)D] rəmzi ilə Adəm [DM] rəmzi eyni mənalı rəmzlərdir, razılaşarıq ki, Mehdinin gəlişi, İsa peyğəmbərin, yəni Şiə imamının gəlişindən sonra olmalıdır. Bu zaman göydə yeni Atum Sistemi yaranacaq ki, bundan sonrakı zamanın sahibi məhz bu Adəm və onu idarə edən İsa olacaqdır.
Mühiddin İbn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, “Varis” dedikdə İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Əgər nəzərə alsaq ki, Əli [L] rəmzi göydə yaradılacaq El (Vilayət), İsa isə Ruh mənasındadır, razılaşarıq ki, göydəki El [L] adlanan Atum Sistemi, ora düşən Ruhdan sonra canlanacaqdır. Albaniyanın da mənbələrdə Alu [L] adlandırılması və onun Gelar bəylərindən kiməsə verilməsi, Yuxarı Misirin taxt-tacının əvvəlcədən, batini sirləri bilən türk bəyinə verilməsi deməkdir.
Bütün bunlar onu deməyə əsas verir ki, gözlənilən Hz. İsa, yəni Allah Ruhu - mənbələrdə Gel, Gelat, indi isə Gelar adlanan məkanda yaşayan türk bəylərinin nümayəndəsində zühur edəcəkdir. Qədim mənbələrdə Gilar adı - “Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına deyilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə alsaq, razılaşarıq ki, “Ölüb-dirilən Allah” dedikdə qədim Misirdə Atum adlanan Sistemin axirətdə yox olması və onun yerinə yeni Atum Sisteminin yaranması nəzərdə tutulmalıdır.  
Hörmətli, Şeyx Nazim Həzrətləri. Mən bütün bunları ona görə yazdım ki, Siz, Hz. İsa haqqında batinilərin fikirlərini biləsiniz və yanlış fikirlər söyləməyəsiniz. Sizin kimi şərəfli həyat yolu keçmiş bir insanın, ömrünün müdriklik çağında səhv etməsi, onun bütün həyatına kölgə sala bilər.
Bütün bunlar haqqında daha dəqiq məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabım və məqalələrimdə verilmişdir.

                                                                             Firudin Gilar Bəg



Комментариев нет:

Отправить комментарий