пятница, 13 июля 2012 г.

Həqiqi İslam hansıdır?


Mühiddin İbn Ərəbiyə görə İslamın da gizli - batini mənaları vardır
onu yalnız seçilmişlər anlaya bilər.

İnsan həyatında mühüm rol oynayan edən əsas meyarlardan biri də onun inamıdır. Yaradıcıya inam dinlərin yaranmasına səbəb olmuşdur və müxtəlif dinlərdə Yaradıcı Allah haqqında təsəvvürlər də müxtəlifdir. Bu məqalədə mən “din” sözünün əsl mahiyyətinin nədən ibarət olduğunu açmağa çalışacam.
Məşhur yazıçı və natiq Laktansiya (IV əsr.) “din” (lat. religio) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözündən əmələ gəlməsini qeyd edir. Onun yazdıqlarına görə, Allah insanı ona görə yaratmışdır ki, Allaha lazımi səviyyədə, ədalətlə itaət etsin və yalnız Onu tanısın. İnsanın borcu - Allaha möminliklə bağlı və sadiq olmaq, haqq və həqiqi din prinsiplərinin yolu ilə getməkdir. Laktansiya bildirir ki, dinlər çoxdur və yalnız biri həqiqətdir. Bu həqiqi dini anlamaq üçün isə insani müdriklik azdır, İlahi müdrikliklə nurlanmaq lazımdır. İnsanlar yer həyatı ləzzətinin əsiri olduqları üçün, həqiqi dinin gücü yoxdur, o hər zaman zülm içində, yəni naməlumluqdadır (В. Костюк, “Учение Лактанция о религии”, http://vstrecha-mpda.ru/archive/01/uchenie_laktantsija_o_religii/).
Laktansiyanın yazdıqları Quran və hədislərdə də qeyd olunur. Quranda da nəzərə çatdırılır ki, Allah cinləri və insanları yalnız Ona qulluq etmək üçün yaratmışdır (Quran 51:56). Deməli, insan heç də  təsadüfən və ya təkamül yolu ilə yaranmamışdır. Allah insanı, Ona itaət və xidmət etmək üçün xüsusi yaratmışdır.
Laktansiyaya görə, həqiqi dinin bir olması, digər dinlərin isə mənasız hesab edilməsi, peyğəmbərimizin ümmətinin 73 təriqətə bölünməsi ilə bağlı hədisi yada salır. Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: "Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir". Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir" və ya "O, da camaatdır" demişdi.
Cənnətə düşəcək yeganə təriqəti təyin etmək üçün Qurana nəzər salmaq kifayətdir. Çünki Qurana görə Allah, günəşin çıxdığı yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə özü arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (Quran, 18:90). Mənbələrdə “batini” adlandırılan bu tayfanın adı onlara, Quranın gizli mənalarını dərk etdikləri üçün verilmişdir. İslam ezoteriklərinə görə bu şiə nizarilərinin icması - Allahın özü tərəfindən idarə olunur. Onların işıq (nur) haqqında yüksək təlimi Əflatun və ondan əvvəlki müdriklərin təliminə uyğundur. Mənbələrdə onları – “zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış” Deyləm türkləri də adlandırırlar.
Xristian mənbələrində bu şiə nizariləri (ənsarilər) - nazaretli (nasara), yəni İsa peyğəmbərin eli kimi qeyd edirlər. İsaya şamil edilən Qaliley (Cəlil) rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufilərin “Vəhdət əl Vücud” rəmzdir. Bu rəmz eyni zamanda Laktansiyanın qeyd etdiyi “din” (lat. religio) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözü ilə eynidir və “Allahla vəhdəti”, “Allaha bağlılıq” mənasında ilkin materiya ilə vəhdəti bildirir. Batin elmində “din” mənasında olan “religio” [RLG] rəmzi eyni zamanda Gilar [RLG] kimi də oxunur ki, bu da Qalil/Xulul rəmzi kimi Gel eli mənasındadır. Bu və bununla bağlı digər rəmzlərin izahı – müəllifi olduğum “Bütün dinlər birdir” adlı məqalədə geniş izah olunur.
İsa peyğəmbərin yəhudi hesab edilməsi o deməkdir ki, O - mənbələrdə ifrat şiələr adlandırılan Xəzər türklərinin Gel (Qulat) bəgləri nəslindəndir. Çünki, bütün mənbələrdə yəhudi, yəni “biliyinə görə seçilmişlər“ dedikdə, Xəzər türk xaqanı və bəglər (bəy) nəzərdə tutulur. İslamda “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü dedikdə də məhz bu Evdən olan əhli-Beyt başa düşülməlidir. Bu Ev isə ismaili-nizarilərin Qulat (Gel) Evidir ki, Tövratda bu ismaililər - Qalaad elinin əhli hesab olunur. Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ. Пс. 59:9). Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi yəhudilərin Levit nəslidir və Tövratda Allah Levitləri - “Mənim Levitlərim” adlandırır.
Batin (Ledun/Sufizm) elmində Levit [LVT] rəmzi - Məhəmməd peyğəmbər, Əli və ailəsi mənasında olan Əl-Beyt [L-BT] rəmzi ilə eynidir. Bu isə o deməkdir ki, Quranda İsrail oğulları adlandırılan yəhudi seçilmişləri – müsəlman şiələrin türk bəglərinin nəslidir. Müsəlman, xristian və yəhudilərin cənnətə düşəcək təriqət əhli də məhz ismaili-nizari batiniləridir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə bütün bu rəmzlərin tam elmi izahını vermişəm və göstərmişəm ki, batinilərin Gel Evi qədim Misir mənbələrində, Allahın “Dünya”nı yaratmağa başladığı Gel şəhəridir (Geliopol). İslamda Rəhman, qədim Misirdə isə Ra-Əman (Ra-Amon) adlandırılan Allah da məhz buradan ərşə yüksəlib, ona hakim olmuşdur. Firon Əmanın ruhu mənasında olan Şu Allahı isə yəhudi və xristianlarda Yeşua, yəni İsa kimi, İslamda isə Şiə kimi qalmışdır. Deməli ifrat şiələr, Rəhman Allahın ruhunu daşıyan müqəddəslər nəslidir və bu batini nizarilər, xristianlıqda İsanın Nazaret (nasara) eli, yəhudilərdə isə həyatlarını Allaha həsr etmiş nazoreylər kimi qeyd olunurlar.
Qeyd etdiklərim - Quran və digər müqəddəs kitabların batini, yəni gizli mənalarıdır. Xüsusi olaraq bildirmək istərdim ki, dinlər müxtəlif olsa da bütün bu dinlərin batini, yəni gizli mənaları eynidir. Bu isə o deməkdir ki, batinilər təkcə Quranın yox, bütün digər dinlərin və ümumiyyətlə bütün qədim yazıların gizli, yəni həqiqi mənalarını anlayan türklər nəslidir. Təkcə onu qeyd etmək kifayətdir ki, İslamın sayılan alimlərindən olan Mühiddin ibn Ərəbiyə görə Quranı yalnız seçilmişlər dərk edə bilər. Adi insanları isə Ərəbi - “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Eyni fikri yəhudi və xristian alimləri də qeyd edirlər. XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi də Əhdi-Cədidə (Mf.7:6) əsaslanaraq demişdir: «Əhdi-Ətiqi xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir». Deməli, dinlərin gizli, yəni batini mənaları, adi mənalarından tam fərqli olan elmdir. Bu elmdə hər bir rəmz xüsusi məna ifadə edir və onu anlamaq üçün qədim sirləri bilmək vacibdir. Mən İslamın bəzi rəmzlərinin zahirlə batini mənalarının müqayisəsini verməklə, insanlarda İslamın və digər dinlərin həqiqi mənaları haqqında təsəvvür yaratmaq istərdim.
Bildiyimiz kimi, İslam dinin banisi olan Məhəmməd peyğəmbər adi insan kimi qəbul edilmişdir. Ledun, yəni Batin elmində isə Məhəmməd rəmzi – “Midiya maqı” (mediumu), “Qamlıq vəziyyətində olan Adəm”, “axirətdən sonrakı Dünya”, “insan ruhunun ilkin materiya ilə vəhdəti” və s. çoxlu mənalar verir. Bütün bu rəmzləri birləşdirdikdə və sadə dildə ifadə etdikdə, Məhəmməd rəmzi – “göydə dirilik suyundan yaradılmış ruhlar dünyası və onu idarə edən insanın ruhu” mənasını verər. Deməli, batinilərdə Hz. Məhəmməd - dünyanı idarə edən Allahın ruhudur.
Peyğəmbər rəmzi adi mənada “Allahın elçisi” kimi qəbul edilmişdir ki, heç bir İslam alimi Allah rəmzi altında kimin və ya nəyin nəzərdə tutulduğunu, onun elçisinin işinin nədən ibarət olduğunu izah edə bilməz. Batin elmində isə peyğəmbər rəmzi altında - “göylərdə ölümsüzlük qazanmış müqəddəsin ruhu” fikri başa düşülür ki, bunlar firon Əmanın (Amon) və onun yaratdıqları 124 min ölümsüz müqəddəsin ruhudur. Bu ölməzlər nəsli mənbələrdə (120 min) mühacirlər, yəni məkkəlilər adlandırılırlar və Batin elmində bu rəmz altında Maqoqlar (Məcuc) nəzərdə tutulur. Maqoq rəmzi həm maq, yəni medium və həm də Qoq, yəni Haq (Allah) mənasında qədim Misir Allahlarına aiddir.
İslamın bu məntiqlə təvili, təbii ki müasir din alimlərinin qəbul edə bilməyəcəyi məntiqdir. Mən isə bu alimlərin yadına, peyğəmbərimizin silahdaşlarından olan Abdulla ibn Abbasın kütlə qarşısında dediyi sözü salmaq istərdim: “Əgər mən Quranın (65:12) bu ayəsinin peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı insanlara söyləmək olar və təsadüfi deyil ki, xristian müdrikləri bu sirləri açmazdan əvvəl, bu sirrin gizli saxlanılması ilə bağlı onun xüsusi tələblərini çatdırırdı: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç».
 İslamın əsas rəmzi – “Allah birdir və Məhəmməd onun rəsuludur” ifadəsidir ki, bu da zahiri mənada - naməlum yaradıcının bir olması, onun göndərdiyi elçinin isə Məhəmməd adlı bir insanın olması deməkdir. Batin elmində isə bu ifadə - “kosmik sistemi əhatə edən ilkin materiyanın vahid yaradıcı enerji olması, onun daxilində isə yer kürəsini əhatə edən və Adəm (qədim Misirin Atum Allahı, Edem) formasında ruhlar “Dünya”sının yaradılması” deməkdir. Bu “Dünya”nı idarə edən isə Midiyadan olan firon Amonun ruhudur. Kosmosun sirlərini, onu əhatə edən ilkin materiyanın qanunlarını bilməyən və onu dərk etmək qüdrətində olmayan insanlara bu fikri çatdırmaq çətin məsələdir. Ona görə də sufi müdrikləri, Rəhman Allahın gördüyü işləri rəmzlərə çevirərək, onu adi insanların dərketmə qabiliyyətinə uyğun formaya salmış və bu obrazı Məhəmməd peyğəmbər kimi təqdim etmişlər.
Riyazi məntiqi olan istənilən insan bilir ki, heç vaxt, heç kim - möcüzə göstərmək qabiliyyəti olmayan və sadəcə “Allah birdir və Mən də Onun elçisiyəm” deyən adi insanın dalınca getməz və əksinə onu ruhi xəstə kimi qəbul edərlər. Məhəmməd peyğəmbər isə müsəlmanlar üçün Allah səviyyəli bir varlıqdır. İstənilən bir iş gördükdə müsəlmanların “Ya Allah, Ya Məhəmməd, Ya Əli” deməsi, onların Məhəmməd peyğəmbərlə Əlini -Allah səviyyəsində tutması və ondan köməklik diləməsi mənasındadır. Xristianlar da bu mənada “Ata, Oğul və müqəddəs Ruhu” çağırırlar ki, bu də sufizmdə eyni mənalı rəmzlərdir. Bu isə o deməkdir ki, dinlərin batini və zahiri izahları, insanların qavrama qabiliyyətlərinə görə rəmzlər dilinə çevrilmişdir.
“İslam” rəmzi özü zahiri mənada sadəcə “din” deməkdirsə, batini mənada bu rəmz “İssi-Aləm”, yəni göydə Rəhman tərəfindən yaradılmış “Aləm”in “ruhu” deməkdir. Bu rəmz qədim Misir yazılaırnda “Şu Aləmi”, yəni “Şu Allahının ruhundakı Aləm” kimi mənalandırılırdı ki, mənbələrə görə Şu qalxaraq Nut göyünü Qeb torpağından ayırmış və göydə saxlamışdır. Quranda da (21:30-34) da Allahın göyü yerdən ayırması xüsusi nəzərə çatdırılır və bu hadisə ölümsüzlüklə əlaqələndirilir ki, bu da əməli-salehlərin ruhlarının bu göy aləmində ölümsüzlük qazanmasına işarədir.
Batin elində “İslam” rəmzi yəhudilərin Şelomo rəmzi kimi də oxunaraq, həm Süleyman peyğəmbər mənasında və həm də Yerusəlim mənasında qəbul edilir. Xristianlarda isə bu rəmz “İsa-Aləmi” fikrini ifadə edir ki, İsa rəmzi də “ruh” anlamındadır. “Aləm” sözü özü ən qədim mənbələrdə Elam dövlətinin adı kimi qeyd olunur və göydə yaradılmış ruhlar dünyası mənasındadır və s.
Müasir elm və texnikanın inkişafı heç də insanların ağlının inkişafı deyil. Heç kim fikirləşmir ki, 5500 illik insan tarixində nəyə görə elm inkişaf etməmiş və yalnız son iki yüz ildə birdən birə inkişaf etmişdir. Təbii ki bu, insan təfəkkürünün zəifliyi, insanın məntiqsizliyi ilə bağlıdır. İnsanlar elə başa düşülər ki, Ərəbistan səhrasında, adi kərtənkələ ətinin tapılmadığı bir yerdə, insanlar yüksək mədəniyyət yarada bilərlər. Sonra da, “Allah birdir, Mən də Allahın elçisiyəm” deyən adi bir insanın başçılığı ilə, Şumer-Akkad mədəniyyəti yaratmış və mənbələrdə “üçdə iki insan, üçdə bir Allah” adlandırılan müqəddəslərin dinlərini dəyişib, onlara İslamı qəbul etdirə bilərlər. Təbii ki buna yalnız elmi, təfəkkürü zəif olan insanlar inana bilər.
Məntiqin zəifliyinin nəticəsidir ki, insanlar bu gün Allahın adı ilə alver edir, bunun cəzasının olmayacağını düşünürlər. Onlar sözdə özlərini din, iman adamları kimi qələmə versələr də, bu adamları Allah və onun yaratdıqları yox, Allahın adından öz mənfəəti üçün istifadə düşündürür. Ona görə də heç kim həqiqi İslamı, yəni Batin elmini dərk etmək üçün çalışmır, savadsız insanlar üçün nəzərdə tutulmuş və hamının qəbul etdiyi zahiri məna ilə “yaxşı yaşamaq” üçün mübarizə aparırlar. Heç kimin ağlına belə gəlmir ki, hər şeyi görən və bilən bir Varlıq, bütün bu olacaqları əvvəlcədən bilmiş və “Lövhi-Məhfuz” adlı yazıda rəmzləndirmişdir. Onun bu günkü işi də məhz bu yazdıqlarının həyata keçirməkdir. İbn Ərəbi bunları “Füsus-ül Hikəm” adlı kitabında insanların nəzərlərinə çardırmışdır. Lakin bu günkü din xadimləri nə Ərəbini, nə Əflatunu, nə də digər müdriklərin yazılarının mənalarını dərk etmirlər. Onlar bu yazıları qədim insanların avamlığının təzahürü, Allahın adından öz xeyrinə istifadə üçün yazdıqlarını düşünürlər.
Quranda, zahiri mənanı üstün tutan bu din xadimləri haqqında bildirilir ki, onlar yalnız təsəvvürlərinin ardınca gedirlər və səhv yoldadırlar. Dini oyun və əyləncəyə çevirmiş bu insanları yaxşı həyat aldatmışdır. Allah bu inamsızların ürəklərinə örtük, qulaqlarına karlıq endirdiyi üçün onlar kor kimi gəzir, axirətlə görüşü və nişanələri inkar edirlər. Qurana görə, bütün əlamətləri görüb inanmayanları, dinə gəlir mənbəyi kimi baxanları, həqiqəti inkar edənləri və bunları nağıl hesab edənləri, Allah çox ağır cəzalandıracaq və axirətdə ən çox ziyan çəkənlər də onlar olacaqlar (Quran, 6:116, 7:51,17:45, 27:4, 6:25,10:39 və s).
Bütün bu yazılanlardan çıxan nəticə isə odur ki, Quranın əsl və həqiqi mənası, onun zahiri yox, batini mənasıdır. Əsl din də, həqiqi mənası bütün dinlərdə eyni olan Batini İslamdır. Batini mənanın dərkinə çalışmayan insan - din alimi, şeyx, həqiqi mömin ola bilməz. Özünü iman adamı, Allaha yaxın sayan və Cənnətdə peyğəmbərlərlə bir yerdə olmaq istəyən hər bir insan sufizmin bu təriqət (tərikə) yolu ilə getməlidir.
Sufi dahisi Qəzalinin yazdığına görə, tərikə yolu Allahın dərkinə aparan yeganə yoldur və bu yolu gedən sufilərin həyat tərzi ən yaxşı həyat tərzidir. Onların adət və ədəbləri isə ən pak adət və ədəbdir. Sufilərin hərəkət və işlərinin mənbəyi peyğəmbərin nurundan bəhrələnir, dünyada insanların özlərinə rəhbər tutacağı ikinci belə bir nur yoxdur (Абу Хамид Аль-Газали, «Избавляющий от заблуждения», sayt: http://www.iph.ras.ru/~orient/local/gazali.txt).
Bütün bunlar haqqında daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Bu kitabı tam dərk etmiş insan özünü sufi müdrikləri cərgəsində hesab edə bilər.

                                                                             Firudin Gilar Bəg
                                                                             www.gilarbeg.com

Комментариев нет:

Отправить комментарий