Qədim yunan filosofu Əflatun “Politik” əsərində
yazır: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir
hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bunların çoxu yaddaşlardan
silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqqında ayrıca
danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında heç kim danışmır”. Əflatunun
sözlərindən belə çıxır ki, bütün qədim yazıların kökündə, heç kimin bilmədiyi bir
sirli hadisə durur. Biz də bu məqalədə məhz bu hadisə haqqında danışacağıq. Onu
da nəzərə çatdırmaq istərdik ki, bəzən insanlar, hansısa bir ərazidə baş vermiş
hadisənin onlara aid olmadığını düşünürlər. Burada qeyd olunan hadisə 5500 il əvvəl
baş vermişdir və bu gün dünyaya səpələnmiş Azəri müqəddəsləri nəslinin bütün
törəmələri məhz bu mistik hadisə ilə bağlıdırlar.
Firudin
Gilar Bəg
Dövrü mətbuatdakı məqalələrimizdə
biz göstərmişik ki, qədim mənbələr yanlış məntiqlə araşdırılıb və buna görə də
bütün qədim həqiqətlər hələ də sirr olaraq qalır. Mənbələri anlamaq üçün yeganə
yol, bu mətnləri yazmış müdriklərin öz məntiqini öyrənməkdir. Bu məntiq isə İlahi
sirlərlə, yəni Allah və onun yaratdıqları ilə bağlıdır. Tövratda, İlahi sirlərlə
bağlı bildirilir ki, Şərqdən gələn ilk insanlar Sennaar çöllərində Babil qülləsini
tikdilər və Allah, onların ikinci belə bir qüllə tikməməsi üçün dillərini dəyişib, dünyaya səpələdi. Başqa sözlə, Əflatunun qeyd etdiyi sirli
hadisə məhz Babil qülləsi və onun tikilişi ilə bağlıdır.
Mənbələrə görə, Allah dünyanı
yaradanda Tövrat kitabına baxırdı və buna görə də biz, vahid dildə danışan ilk
insanların bu kitabını da ilk kitab kimi qəbul edirik. Yalnız samitlərlə
yazılmış Tövratın dili 70 dilə bölündükdən sonra, buradakı rəmzlər - digər dillərdə
də samitlərlə ifadə olundu. Bu dillərin hamısında da yazılanlar, bilavasitə
dillərə bölünməzdən əvvəl tikilmiş Babil qülləsinə həsr olundu. Başqa sözlə,
Tövratda qeyd olunan yaradılışı dərk etmək və İlahi sirlərdən xəbərdar olmaq
üçün, bütün dillərdə yazılmış yazıların batini mənalarını anlamağa çalışmaq
lazımdır.
Digər tərəfdən, biz kitab və
məqalələrimizdə yazdıq ki, İlahi məntiqə görə, mənbələrdə yalnız - Allah (İlah)
və onunla vəhdətdə olan pirlər, müqəddəslər nəsli qeyd olunmağa layiq görülüblər.
Adi insanları isə heyvani qüvvələr idarə etdiyi üçün, yazıların onlara heç bir
aidiyyəti yoxdur. Bütün yazılar - Allaha, Onun seçilmişlərinə və bu müqəddəslərin
yer üzündə gördüyü işlərə həsr olunmuşdur. Allahın gördüyü işlər dedikdə isə, əvvəldə
gələn Ra-Amon Allahın ilkin materiyaya qalib gələrək, ondan yaratdığı dünya və
s., və axırda gələcək Allahın bu yaradılışı tamamlaması nəzərdə tutulur.
Bu məqalədə biz, türklərlə
bağlı yazıların batini mənalarını açmaqla, Babil qülləsinin əsl mahiyyətinə izah
verməyə çalışacağıq.
Bildiyimiz kimi, Tövrat –
Allahın dünyanı yaratmasından başlayır və bu kitaba görə, Allah dünyanı yeddi
günə yaratmışdır. Yeddinci gün isə Allah dincəlmiş və o günü müqəddəs elan etmişdir.
Bu kitaba görə, dünya yarananda orada heç bir kol-kos, bitki və s. yox idi.
Çünki Allah ora yağış yağdırmamışdı. Yerdən qalxan buxar bütün torpaqları
sulayırdı. Sonra Allah torpaqdan Adəmi yaratdı və onun burnuna həyat nəfəsi
verdi. Beləliklə, Adəm canlı varlıq oldu. Tövratın bu hissəsindən belə çıxır
ki, Adəmə qədər dünyada heç bir flora və fauna olmamışdır. Bu isə təkamül və s.
bütün təbiət qanunlarına ziddir. Başqa sözlə, Tövratda söhbət bizim yaşadığımız
fiziki dünyadan getmir. Burada söhbətin nədən getdiyini aydınlaşdırmaqdan ötrü -
Adəm, yəni “DM” rəmzini digər mənbələrdə axtarmaq lazımdır.
Adəm (DM) rəmzi ən qədim
Misir mənbələrində Atum (TM) kimi keçir və burada teurq-maqların qurban və
magik rituallarla, göydə ruhlar dünyası yaratmalarından danışılır. Mətnlərə görə,
firon Amon özünü Atum adlandıraraq, Gel şəhərində, minlərlə qurban, yəni
teurqiya ritualları vasitəsilə kosmik İnsan-Allah yaradır. Dünyanın yaradılışının bu Geliopol (Gel şəhəri) variantına
görə, dünya - bir-birini əvəzləyən yaranışlardan törəmişdir: “İlkin Nun (Naun)
sularının ortasında təpəyə, adı – “hər şey” mənasını verən ali Atum (Atama)
yüksəlmişdir. Atum öz-özündən Şu və Tefnut cütlüyünü yaradır və onlardan isə ikinci
cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Daha sonra Qeb və Nut:
Osiris (Oziri), İsida, Set və Neftidanı yaradır. Beləliklə, ümumilikdə Atum
adlanan “Enneadanın böyük doqquz Allahı” yaranır ki, buna “Ane şəhərində olan
böyük doqquzluq” da deyirlər. Belə çıxır ki, Tövratda söhbət, maqların Gel şəhərində
var etdiyi, doqquz yaradılışdan ibarət olan Adəm “dünya”sından gedir.
Tövrata görə, Adəm
yarananda - dünyanın bir başından o biri başına qədər olmuşdu. Məşhur mühəddis,
imam Buxariyə görə Adəmin boyu altmış dirsək (təxm. 30
metr) olmuşdur. Buxari Adəmi salamlaşma və cənnətlə əlaqələndirərək bildirir
ki, cənnətə girən öz vücudu ilə Adəmi xatırladacaq. Başqa sözlə, “Salam əleyküm”
rəmzi Adəmə və onun cənnətinə aiddir. Bilirik ki, Salam/İslam rəmzləri batinilərdə
“İssi-Aləm” mənasında - göydəki “Aləmin ruhu” fikrini bildirir. “Əleyküm” rəmzi
isə bu sufilərdə El-Qam, yəni qam-şamanlıqla yaradılmış El deməkdir. Buradakı
Küm, yəni Qam rəmzi Kitabi Dədə Qorqudda Oğuz eli, qədim Misir mənbələrdə isə qədim
Misirin digər adı kimi keçir. Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə,
Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Mühiddin ibn Ərəbi
görə isə “dünya” - Allahın kölgəsinin yerləşdiyi yerdir və mümkün varlığın təzahürüdür.
Deməli, İslama görə Adəmin bədəni, göydə qam-şamanlıqla yaradılmış cənnətlə
bağlıdır. “Adəm” rəmzinin yəhudi
dilində “torpaq” mənasını verməsi isə o deməkdir ki, bu kosmik İnsan-Allahın bədəni
həqiqətən də göydəki “torpaq” mənasında ruhlar dünyasıdır. Başqa sözlə, Adəmin
bədəni elə qədim Misir yazılarındakı – Nut göylərində yaradılmış Qeb torpağıdır
və biz bu Qeb torpağını – Qeyb aləmi kimi tanıyırıq.
Yazdıqlarımızdan belə çıxır
ki, Babil qülləsinin tikilişi və Adəmin yaradılışı bir-biri ilə bağlıdırlar. Bu
bağlılığa aydınlıq gətirmək üçün Assur-Şumer mənbələrinə müraciət edək. Bu məbələrdə
Adəm/Atum rəmzi məşhur Etemenanki məbədinə aid edilir. Etemenanki (TM-NNK) rəmzi,
rəmzlər dilində Atum (Adəm) və Nunki rəmzlərindən ibarətdir ki, buradakı Nunki (NNK)
rəmzi bütün qədim ədəbiyyatlarda həm də Annunaki, Kinun, Kənan, Kün, Xanan,
Hunn və s. kimi də keçir.
Şumer mifologiyasına görə, Marduk Allahı Tiamata, yəni
ilkin materiyaya qalib gəldikdən sonra, onun bir hissəsini göy okeanı kimi,
Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə
bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı Göy və Yerin təməl evini
cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır. Bu o deməkdir ki,
başı göylərə çatan Etemenanki məbədi elə başı göylərə çatan Babil qülləsidir və
bu məbədin göy hissəsi də Allahlar vilayətidir. Mənbələrdə Babil və Etemenanki
məbədinin digər adı isə Eridu şəhər-məbədidir.
Allahlar vilayəti Şumer-Assur mənbələrində Tilmun/Dilmun,
Tilos kimi də məlumdur və bu haqda məlumatları məşhur alim Devid Rol verir. O
bildirir ki, qədim abidələrə görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi
daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin
ən böyük mükafatıdır. Dilmun – Allahlar
monastırı, Zaqros dağ təpələrinin arxasında, İran ərazisində - “Günəşin çıxdığı
yerdə” yerləşir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik,
nə ölüm bilməzdilər. Başqa sözlə, Etemenanki və Babil qüllələrinin göylərində -
Allahların Dilmun/Tilmun cənnəti yaradılmışdır və bura yalnız Allaha sadiq
insanların ruhları düşə bilir.
İran ərazisində, “Günəşin çıxdığı yer” dedikdə - Şərq, yəni Albaniya nəzərdə
tutulur. Alban mənbələrində, göydə yaradılmış bu cənnət – “səhra”
kimi rəmzləndirilir. Tarixçi Arakel Təbrizliyə
görə, Albaniyanın Sünik (Gel) şəhərində müqəddəs Atalar,
ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər. Paronterlər (pir) öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya -
insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnəti Arakel -
“mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır.
Alban mənbələrindəki
Sünik rəmzi ilə Babilin tikildiyi
Sennaar rəmzinin kökü Sin (SN) rəmzidir. Misir dilində Sennaar sözü - SNQR kimi
qeyd olunur ki, bu da “SNQ-R” rəmzidir. “SNQ” rəmzi isə batinilikdə Sünik (SNK)
rəmzi ilə eynidir və bu rəmz bəzi mənbələrdə Sin, Süni, Sinay və s. kimi də
yazılır. Başqa sözlə, Babilin tikildiyi Sennaar və yəhudilərin Sinay/Sion dağı
elə Albaniyanın Süni/Sünik dağıdır və buradakı ilkin materiya səhrasında, yəni
Nut göylərində Qeb cənnəti yaradılmışdır. Mənbələrindəki Sünik eli isə -
Sisaka/Sisakan rəmzləri ilə bağlı olan Gel, Gelarküni elidir.
Bütün bunlar o deməkdir ki, Babil qülləsi, qədim Azərbaycanda - Albaniyada
tikilmişdir. Digər tərəfdən, Adəmin yaranışı – Babil (Etemenanki, Eridu) məbədinin
tikilişi ilə sıx bağlıdır və onunla eyni vaxtda var olmuşdur. Belə çıxır ki,
yerdəki Babil tikilib qurtaranda, onun bənzəri mənasında olan Atum cənnəti də
göydə var olmuşdur. Yeşaya peyğəmbərə görə, hər şeyi yaradan Allah - göyləri
yaymış, torpağı sərmiş və öz qüdrəti ilə Edem (Adəm) cənnətini var etmişdir. Gürcü
mənbələrində, Babil/Eridu məbədilə, onun göylərində yaradılan Adəm cənnətinin
var olması - Sion (Süni/Sünik) məbədinin tikilişi kimi rəmzləndirilmişdir. Sumbat Davitisdze yazır ki, katalikos Samoelin (SML)
zamanında Tbilisi sakinləri kilsə tikməyə başladılar ki, onun yarısını “bütün
xalq” (orijinalda erlər/ərlər), digər yarısını isə hansısa bir qadın tikirdi”. Sufi-batinilərdə
qadın rəmzi - ruhun və ilkin materiyanın rəmzidir. Başqa sözlə, Sion məbədini “hansısa
bir qadının” tək tikməsi dedikdə, Amon Allahının ruhunun, göydə ilkin
materiyadan cənnət yaratması nəzərdə tutulur.
Ən qədim mənbələrdə Edem, Tilmun/Dilmun cənnətinin bir adı da Tilos kimi
keçir ki, sufi-batinilərdə Tilos və Tilmun rəmzlərinin kökündən Tala (TL) rəmzi
dayanır. Bu rəmz isə Ata-Eli (TL) deməkdir. Batinilikdə Ata (“T”/”D”) rəmzi –
Yaradıcı mənasında həm ilkin materiyaya və həm də insaniyyətlə bağlı hər şeyi
yaradan Amon Allahına (Teo/Dea) aid edilir. El rəmzi isə müəyyən ərasi və bu ərazidə
yaşayanlar mənasındadır. Deməli, mənbələrdə Tala, Elat və s. kimi birləşmiş “T”
və “L” rəmzləri - Allaha və onun Elinə aid edilir. Bu mənada Tilos rəmzi
Tala-İssi (Allahın ruhu), Tilmun rəmzi isə Tala-Amon, yəni “Amon Allahının Eli”
fikrini ifadə edir. Belə çıxır ki, Tilmun cənnəti Amon Allahıın “bədənində”
yaradılmışdır və Adəm də elə Amon Allahın göyləri tutmuş “bədənidir”.
El rəmzi qədim yəhudilərdə
Allah mənasını verir və Tövratda Səlim şəhərinin Allahı kimi keçir. Səlim (SLM)
rəmzi ilə eyni mənalı İslamda (SLM) El rəmzi - imam Əli kimi də məlumdur və
ifrat şiələr də imam Əlini – Allah kimi qəbul edirlər. Məşhur sufi Mühiddin ibn
Ərəbi “Din” rəmzini “El” adlandırır ki, bu da İslam (Səlim) dinin elə göydəki El,
Vilayət mənasında olması deməkdir.
Səlim rəmzi mənbələrdə Yerisəlim, Ur-Şalim
kimi də yazılır ki, bu da qədim Qüds şəhəridir. Tarixçi M. Xorenatsiyə
görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırıldı. Belə çıxır
ki, əsl Yerusəlim (Səlim/İslam) şəhəri – Qüds, yəni Kadus eli olan Azərbaycanın
Gel elində - Gelarkünidə (Sünik) yaradılmışdır və Allahın da göydəki El-i məhz
burda var olmuşdur. Kadus/Kades rəmzi mənbələrdə həm Midiya ərazisi və həm də
Xanaan torpağında dəhşətli səhradır ki, İsrail oğullarının qırx illik səyahəti bu
Sin/Sinay dağının da daxil olduğu Faran səhrasında keçmişdir. Bura isə elə
Süni/Sünik ərazisidir və Alban mənbələrinə
görə məhz burada müqəddəs Atalar cənnət “səhrası” yaratmışlar. Başqa sözlə, Adəm
cənnəti məhz burada, ilkin materiya mənasında olan “səhra”dan yaradılmışdır.
Qədim Azərbaycan ərazisində Adəm (DM) rəmzi Mada (MD), yəni Midiya dövləti
kimi məlumdur. Midiyanın (MD/DM) paytaxtı Ekbatan (KB-TN) sayılır və batinilərdə
bu rəmz Qeb-Nut (QB-NT) mənasında - Nut göylərindəki Qeb torpağı deməkdir.
Midiyanın altı tayfadan ibarət olması isə, onun altı (gün) zaman sürəsinə
yaranmasına işarədir. Midiyanın arilər ölkəsi sayılması, burada ömürlərini
davam etdirən ruhların, Ra günəş Allahının yolu ilə gedənlər (ərlər) anlamında
olması deməkdir.
Gelarküni
adındakı “Kün” rəmzi həm Allahın “Ol!” əmrini və həm də Etemenanki adındakı
Nunki (Kinun/Kənan/Xanaan/Hunn) rəmzlərini bildirir. Tövratda Knun kimi keçən
bu rəmz Alban mənbələrində Xunan kimi qeyd olunur. Xunanlılar isə mənbələrdə
hunnlar kimi məlumdur. Hunnların türklər olması, onu deməyə əsas verir ki,
Allahı (İlah yox!) və onun göydəki Atum/Edem cənnətini məhz türklər
yaratmışdır.
Türklərin Moyun Çor, Bilgə Xaqan, Gül-Təkin və s. abidələrində
iddia edilir ki, Türk xaqanı Tolis – Tanrı tək Tanrı yaratmış və Tanrıda olmuş,
oranı El etmiş müdrik xaqandır. Tolis rəmzinin Tilos rəmzi ilə eyniliyi onu deməyə
əsas verir ki, qədim mənbələrdəki Tilos/Tilmun cənnəti məhz Azərbaycanın Talış
dağlarındakı Gel Elində yaradılmışdır və bu cənnəti Gelarküninin Türk xanı var
etmişdir.
Gelar rəmzi qədim Misir mənbələrində - “Gel şəhərinin
Ra günəşi” fikrini ifadə edirdi. Türk mənbələrində Gelar (GLR) rəmzi – Erlik
(RLK) kimi keçir və altayların inamına görə Erlik insanlara şamanlığı və
qamlamanı öyrətmişdir. Uyğurların xaqanı sayılan Erlik - Türk dünyasında
insan-öküz obrazında, ölülər dünyasının hökmdarı kimi çıxış edir. Erlik - ölüm
şahlığında ali hakim, Demiurq, Demiurqun yaratdığı iblis və ya Demiurq tərəfində
yaradılmış ilk canlı varlıq hesab edilir. Buddist rəvayətlərinə görə, Erlik -
yüksək müqəddəslik səviyyəsinə çatmış və fövqaladə qüdrət qazanmış kahin
olmuşdur. Başqa sözlə Erlik – qədim Misirin Amon Allahının, yəni Bəkdüz Əmənin
obrazıdır. Qədim Uyğur abidəsində Erlik - Tamu-Erlik adlandırılır ki, bu da Adəm-Erlik mənasındadır
və Adəm/Atum rəmzinin Gel ərinə aid olması deməkdir.
Digər tərəfdən Gelar, yəni Gel-Ra rəmzi mənbələrdə
Gelat (Xelat/Qalaad və s.) kimi də yazılır ki, bu da Gel-Ata, yəni Gel Allahı
fikrini ifadə edir. Yazılanlara görə, II Nəsir
əd-din Məhəmməd Sökmən Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə
yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı. “Ərmən” rəmzi sufi-batinilikdə
Ra-Amon, İslamın isə Rəhman adlandırdığı Allahıdr. Sökmən şahın, Xelata və “On
iki şəhər”ə yiyiələndikdən sonra özünü Şah-Ərmən adlandırması, batini mənada -
firon Amonun ruhunun (Sökmən-Saxu Amon) göydə 12 hissədən ibarət ruhlar
dünyasını (Qeyb aləmi) yaratması mənasındadır və bu yaradılış haqda Əflatun
“Timey” əsərində geniş izah verir. Başqa sözlə, göydəki cənnəti Xelat/Gelat
atabəgləri yaratmışlar. Quranda cənnətin - Xüld (XLD) cənnəti adlanmasıda da,
onu Xelat (XLT) atabəglərinin yaratması
ilə bağlı olması deməkdir. Quranda bu cənnət İrəm bağına bənzədilir ki, bu də
Gülüstani-İrəmin Azərbaycanın Gel elində var olması anlamındadır.
Digər tərəfdən, Gül-Təkin (GL-TKN) rəmzi sufilərdə
həm də Gelat-Kün (GLT-KN) kimi oxunur ki, bu da elə Gelarkün (GLR-KN) rəmzinin
digər yazılış formasıdır. Təkin (TKN) rəmzi isə batinilərdə Ötüken (TKN) rəmzi
ilə eynidir. Ötüken şəhəri – türklərdə dünyanın mərkəzi və müqəddəs yeri
sayılır. Bura - türklərin yer üzündə var olduğu və oradan dünyaya səpələndiyi şəhərdir.
Bu isə o deməkdir ki, Gül-Təkin dedikdə - Gel-Ötüken nəzərdə tutulmalıdır və
türklər məhz bu Gel şəhərində zühur etmiş və oradan dünyaya səpələnmişlər.
Başqa sözlə, Ötüken elə Babil qalasının tikildiyi Gel Elidir.
Gel eli qədim Misirdə Aşağı və Yuxarı Gel-ə bölünürdü
və burada Yuxarı Gel dedikdə, göydəki ruhlar dünyası, yəni cənnət, Aşağı Gel
dedikdə isə Allahın yerdəki mülkü nəzərdə tutulurdu. Kitabi Dədə Qorqudda Aşağı
Gel – Taş Oğuz, Yuxarı Gel isə İç Oğuz kimi qeyd olunur və bu haqda biz
“Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə geniş izah vermişik. Türk
mənbələrində, cənnət mənasında olan İç Oğuz – İç Gel mənasında Çigil kimi məlumdur.
Bartolda görə, türk qeneoloji rəvayətlərdə əvvəllər Oğuz adı yox, Çigil, yəni
İç Gel adı mövcud olmuşdu. Mətnlərdə - “Talas ətrafında yaşayan çigillər”
dedikdə də, Talış dağlarında yaşayan İç Oğuz bəyləri nəzərdə tutulmalıdır.
Mənbələrə görə, çigillər karlukların bir qolu hesab
olunur ki, karluk rəmzi də batinilikdə Qor-İlahi, yəni Qor-Allahı mənasında “Qor
fironlarının yolu ilə gedən” deməkdir. Məşhur alim Devid Rola görə, Misiri fəth etmiş Qor yolu
ilə gedən Xuş (Kuş) və Misraim (Masri) tayfaları - Mesopotamiyanın Eridu şəhərindən
olan böyük qəhrəmanlardır. Başqa sözlə, karluklar elə Eridu, yəni Babil,
Etemenankini tikmiş ən qədim xalqdır. Bu “Qor yolu ilə gedənlər” mənbələrdə “Ya-Qor” mənasında Uyğur da
adlanırlar. Uyğur
xaqanlığını idarə edən nəsil mənbələrdə Yağlakar, yəni “Ya-Gel-Qor” kimi məlumdur
və bu nəsilə “İoloqe”, “Yoloqe” rəmzləri əlavə edilirdi ki, bu da “Ya-İlahi”
deməkdir. “İlahi” rəmzi batinilikdə El-Hu deməkdir və bu rəmz mənbələrdə Hu-El,
Xel, Gel, Uluq, Elik və s. kimi də yazılır. Eyni mənalı İliğ rəmzi Bumın (Ba-Amon)
xaqana aid edilirdi. Başqa sözlə, Allahın “dünya” yaratdığı Gel Eli elə, İlahdan,
ilkin materiyadan (İlahi od, dirilik suyu və s.) yaradılmış El-dir.
Məlumdur ki, karlukların şahlar nəsli – Kul-İrkin
adlanırdı. Kul-İrkin (KLRKN) rəmzi ilə eyni mənalı Cəlairqan/Jalayrqan (CLRQN/JLRQN)
rəmzləri də Gelarküni (GLRKN) rəmzinin digər yazılış formasıdır. Mətnələrə görə,
karluq şahlarının titulu “baq”, “yabqu”, yəni “bəg”, “ya-bəg” olmuşdur və bu da
onların müqəddəslər nəsli olması ilə bağlıdır. Biz, sufizmin Bəqa (bəg) səviyyəsinə
çatmış mürşidlərin Allaha qovuşaraq, İlahla vəhdətə nail olmasını yazmışıq.
İran mənbələrində karluq xalqının adı, çin mənbələrindəki kimi “Xallux” kimi
yazılırdı. Xallux rəmzi - Xel (Gel) və İlax (İlah) rəmzindən yaranmışdır ki, bu
da Gel elindən olan İlah (Allah) deməkdir. Xel və İlax rəmzləri mənbələrdə Gel
və Leq kimi də yazılır və yunan mənbələri bu skif tayfalarını, albanlarla
amazonkalar arasında yerləşdirirlər. Mətnlərə
görə, gellər - şərqi karluklardır və alimlərin çoxu gelləri və “qolulu”
tayfalarını karluk hesab edirlər. Çinlilər də Xalluxu - qolulu, kolulu adlandırırlar
ki, bu rəmz də Xulul/Xəlil/Qalil/Cəlil rəmzidir. Xulul rəmzi İslamda ittihad - “birləşmə”,
“axma”, “tökmə” və s. rəmzləndirilir. İttihad - insani və İlahi mahiyyətlərin
birləşməsi mənasındadır ki, bu da sufizmin “bəqa” (bəglik məqamı) səviyyəsində mümkün
olur. Bu zaman insan - İlahi mahiyyət olan ilkin materiya ilə vəhdətə nail olur
və sufi birdəfəlik İlahla, yəni ilkin materiya ilə birləşir. Deməli,
Xallux/Xulul/Qolelu/Qaliley və s. rəmzləri - insani və İlahi mahiyyətlərin birləşməsi,
ilkin materiyanın insan bədəninə axıb-tökülməsi, yəni insanın Allaha çevrilməsi
deməkdir. Başqa sözlə, Yabqu və Xallux tayfası - Bəg və Xulul mənasında İlahla,
ilkin materiya ilə vəhdət təşkil edən Allahın törəmələridir. Biz bu İlahi nəsli
mənbələrdən Misir, Assur və s. Allahlar nəsli kimi tanıyırıq.
Rəvayətə görə, Xallux – “Doqquz-oğuz” (Tuquzquz)
ölkəsinə keçəndən sonra Yabaqu (Yabqu/Ya-Bəg), onun tayfası isə Yabaqu-xallux
adlanmağa başlandı. Doqquz-oğuz rəmzi, qədim Misir yazılarında “Enneadanın
doqquz Allahı” mənasında, kosmik-insan olan Atum Allahını təşkil edən doqquzluğa
işarədir. Bu isə o deməkdir ki, xallux-karluqlar – doqquz yaranış mərhələsini
keçib, Atuma (Yabqu/Boq/Baqa) - Allaha çevrilmiş İlahi nəslidir.
Bartold yazır ki, karluklar arasında karluk-labanlar,
yəni albanlar da vardı və İssık-Göl ətrafındakı bütün yerlər karluk və cigillərə
məxsus idi. Burada İssık-Göl (SSK-GL) dedikdə,
Alban mənbələrindəki Sisaka-Gel (SSK-GL) rəmzləri nəzərdə tutulur ki, bura da
elə Sünik-Gelarkünidir. Bahəddin Ögələ görə, sakların (sisaka) vətəni İssık-Göl
və Tanrı dağları idi. Digər yerlərdə Tanrı dağları, Barkalın yanındakı Cilen (Gilan-Gel) dağıdır. Lakin “Barkalın
müqəddəs dağı” həm də qədim Misir Allahı olan Napatlı Amonun “Qızıl Opet”
adlanan məbədinin yerləşdiyi dağdır. Əgər nəzərə alsaq ki,
Strabona görə Nifatu/Napat və Zaqr dağları Albaniya dağıdır, anlayarıq ki, Amon
Allahının “Qızıl Opet” adlanan sirli məbədi elə Babil/Etemenanki/Eridu məbədidir
və bu məbəd məhz Sisaka–Gel elində tikilmişdir. Buradakı göl rəmzi isə, digər mənbələrdə
okean, dəniz və s. kimi də rəmzləndirilir və göydə - ilkin materiya, dirilik
suyu anlamında cənnətin yarandığı mühitin mahiyyətini bildirir.
İbn Xordadbehin yazıdığına görə,
Tuquzquz şahının, yəni Yabqunun – yüksəklikdə qurulmuş və yüz nəfər tutan qızıl
çadırı olmuşdur və buradakı türk torpaqları ilə yaxınlıqda zındıqlar və oda
tapınan maqlar da olmuşlar. Maqlar - Midiya xalqı olan mar-amoreylərdir və bu ərazidəki
çadır da Tövratdakı Vəhy Çadırıdır (Skiniya/Sisakan) ki, bu da Musa peyğəmbərin
ilkin materiyadan (dirilik suyu) yaratdığı göy çadırı anlamındadır. Vəhy çadırı
var olandan sonra, Musa peyğəmbər yəhudiləri bu Xanaan torpağına köçürür və
bura da elə Knun/Kün/Nunki, yəni Etemenanki məbədinin göylərində yaradılmış cənnətdir.
Xanaan rəmzi sufizmdə hunn rəmzi ilə eyni mənalıdır.
Mətnlərdə hunlar Tala və İçu hunlarına bölünür ki, bu da Talış dağlarındakı Taş
və İç Oğuz hunları deməkdir. Bahəddin Ögələ görə, əsrin əvvəlində Allah dağında
yeni hunn dövləti yarandı. Yapon alimi Matsuda Hsiaoya görə, bu ölkənin
hüdudları Çu vadisindən Talasa qədər uzanırdı. Başqa sözlə, Allah dağı elə - Talış
dağı, Tala (TL) hunları isə buradakı Altay (LT) hunlarıdır. Bu isə o deməkdir
ki, mənbələrdəki Altay rəmzi altında Azərbaycanın Talış dağları və onun ərazisi
nəzərdə tutulur. Yazılanlara görə, Talas şəhəri onunla tanınmışdır ki,
karlukların Yabqusu burada yaşamış və burada da “Altayın hökmranı” elan
olunmuşdur. Belə çıxır ki, Altay dağlarında yaradılmış GöyTürk
xaqanlığı elə - Talış/Tolis dağlarının göylərində yaradılmış Tilos/Tilmun cənnətidir.
Özünü “Altayın hökmranı” adlandıran karlukların yabqusu (bəgi) isə - Özünü Şah
Ərmən (Ra-Amon) elan etmiş Atabəg Sökməndir (Bəkdüz Əmən).
Qeyd etmək lazımdır ki, Xaqan/Hakan rəmzi Haq rəmzindən
yaranmışdır və Hak/Heka rəmzi qədim Misirdə - Atum Allahının oğlu, İlahi qüdrət,
maqiya və s. mənalarını verirdi. Başqa sözlə, GöyTürk xaqanlığı – Talış
dağlarının göylərində, magiya ilə yaradılmış İlahi İç Oğuz Elidir. Talış/Tilos (TLŞ/TLS)
rəmzlərinin, Atlantların yaşadığı Atlas (TLS) dağının adı ilə eyni rəmzlə qeyd
olunması onu deməyə əsas verir ki, qədim mənbələrdəki Atlantida ölkəsi elə Göytürk
xaqanlığı - göydəki Qeb/Qeyb cənnətidir.
Türk mənbələrində Türk Eli –
yerin və göyün yaranmasından sonra Türk xanının yaratdığı dövlət mənasında göstərilir.
Gül-Təkinin şərəfinə yazılmış böyük abidə bu sözlərlə
başlanır: “Yuxarıda mavi Göy, aşağıda qonur torpaq yaradılan zaman, onların
arasında insan (mətn. Kişi) oğlu yaradıldı. İnsan oğlunun üzərində əcdadım
Bumın-xaqan İstemi-xaqan oturdular. Oturarkən türk millətinin Elini, Törəsini
var etmiş, yaratmışlar”. Buradan görünür ki, yer-göy yaradılandan sonra,
onların arasında İnsan oğlu mənasında Adəm yaradılır və Adəmin “üzərinə” Bumın
xaqan (sonra İstemi xaqan) “oturur”. Bumın rəmzi sufi-batinilərdə Ba-Amon mənasında
izah olunur ki, burada Ba – qədim Misirdə insan ruhunun ilkin materiyaya
qovuşması və sufinin tərikə yolu ilə bəqa səviyyəsinə çatmasını bildirir.
İslamda Bəsmələ, yəni “Bismillah Rəhmani Rəhim” mənasında – “Ba Allahı – Ra-Amonun
və Ra-Qamın ruhudur” deməkdir ki, burada Rəhman (Bumın) əvvəldə gələn, Rəhim (İstemi-İssiAtum)
isə axırda gələn Allahı bildirir. Deməli, İnsan oğlu adlandırılan Adəmin üzərində
Bumının “oturması”, Amonun Ba ruhunun – Adəmin ruhuna çevrilməsi deməkdir. Qədim
Misir yazılarında Bumın xaqanın Adəmlə birləşməsi - Amon ruhunun Ra günəş diski
ilə birləşib, “İlahi bədənin, onu yaradanla qovuşması” kimi yazılır. Quranda bu
birləşmə - “Rəhmanın (Ra-Amon) Ərşə hakim olması” kimi rəmzləndirilir ki,
buradakı Ərş rəmzi – Aşur/Assur/Osiris mənasındadır.
Mənbələrdə Asar/Osiris rəmzi türklərə aid edilərək
“Türk Sir budun” kimi yazılır və buradakı “budun” rəmzi Midiya tayfasından olan
Budinə işarədir. Batinilərdə “budun” rəmzi “Beyti-Nun” kimi açılır ki, bu da həm
ilkin Nun “sularındakı” və həm də Ane şəhərindəki Beyt (Allah Evi) deməkdir. Deməli,
Türk Sir budunu dedikdə, “türklərin göydəki Beytinin Asar/Osiris əhli”, yəni İç
Oğuz bəyləri nəzərdə tutulmalıdır. “Sir” rəmzi digər yerdə “Tukuz-Quz” adlanır
ki, bu da Asar/Osiris (Azəri) şahlığının elə “Enneadanın böyük doqquz Allahı”,
yəni Atum (Adəm) cənnəti mənasında “Asar/Osirisin ruhlar dünyası” deməkdir.
Türk abidələrində türklər - sağ, sol və dibdə duran
bəglərə bölünür. Sağda - şad-apıt bəgləri,
solda - tarxan və əmr gözləyənlər, dibdə isə xas bəglər dururlar. Sufi-batinilərdə
sağ tərəf – göyləri, orada yaradılmış ruhlar dünyasını bildirir. Şad rəmzi
Tövratda El Allahına aid edilərək El-Şadday (Sadday) kimi yazılır və “qüdrətli
Allah” mənasını verir. Dilimizdəki “seyid” sözü də bu rəmzin bir variantıdır. Apıt
rəmzi isə türklərin əcdadı sayılan Yafətin adıdır və qədim Misir mənbələrində
bu rəmz Pta/Ptah (Fateh) kimi yazılır. Deməli, şad-apıt bəgləri dedikdə - göylərdə,
yəni İç Oğuzda yaşayan və İlahla vəhdətə nail olmuş qüdrətli Yafət nəsli nəzərdə
tutulur ki, bunlar da məhz Babil qülləsini tikmiş ilk varlıqlardır. Mənbələrdə
- “Mənim şərqdə Türk adlı Ordum var” deyəndə Allah, göydəki Qeyb aləmində (İç
Oğuzda) ölümsüzlük qazanmış bu ilk İlahi varlıqları nəzərdə tutur. Solda duran əmr
sahibləri, Allahın mülkündəki Türk bəgləri, dibdə oturan xas bəglər dedikdə isə,
Muğanın Qis/Kiş məbədi ərazisinin bəgləri nəzərdə tutulur. Qədim Misirdə Maqan
kimi keçən Muğan rəmzi, Türk abidələrində Xesi torpağının hunn şahzadəsi olan Muğan
kimi qeyd olunur ki, mənbələrə görə Bumın və İstemi xaqanın Aşina boyu məhz bu
Muğan şahzadəsinə tabe olmuşdur. Batinilərdə Xesi/Xas rəmzi Oğuz rəmzi ilə eyni
mənalıdır və Xaosu, yəni ilkin materiyanı bildirir. Gül-Təkin abidəsində “İnsan
oğlu” sözü - “Kişi oğlu” rəmzləri ilə verilir ki, bu da “Xas (Kiş) Gel”, yəni
Gel elindəki Xaosu, ilkin materiyanı bildirir. Başqa sözlə, İnsan oğlu – Gel
elinin göylərində maqlar (Muğan) tərəfindən, maqiya ilə yaradılmışdır və s.
Bütün bunlar o deməkdir ki, qədim yazılar rəmzlərlə
yazılmışdır və bunların hamısında söhbət – Allahın Talış dağlarında yaratdığı
Adəm və onun bənzəri kimi yaradılmış müqəddəslər nəslindən gedir. Allah və Onun
yaratdıqları ilə bağlı olan bu sirli hadisə, bütün qədim ədəbiyyatlarda müxtəlif
dillərdə, müxtəlif formada rəmzləndirilmişdir ki, insanlar da sirləri bilmədiyi
üçün, bunlar haqda ayrıca danışırlar. Biz, bir neçə mətnə batini izah verməklə,
qədim kitablarda söhbətin nədən getdiyinə ümumi işıq saldiq və hələ Əflatunun,
Filonun, Upanişadaların, Quranın və s. mətnləri haqda geniş məlumat verə bilmədik.
Bütün qədim ədəbiyyatların batini mənalarının açılışı isə bizə, Rəhman Allahın
yaratdığı və yaradılışı tamamlayacağı işlər haqqında tam məlumat verəcəkdi. Təəssüf
ki, insanlar bu haqda heç vaxt geniş məlumata malik olmayacaqlar və bu sirr həmişə
gizli qalacaq.
Bütün bunlar haqda daha geniş
məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum “Batini-Quran”
kitabında və çoxsaylı məqalələrimizdə verilmişdir.
Firudin
Gilar Bəg
Sadıq
Gilarbəyli