четверг, 6 февраля 2014 г.

Əsl sələfilər kimlərdir? Tarixin sirləri


Bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də sələfilər və peyğəmbərin səhabələri ilə bağlı mövzulardır. İnsanlar bu haqda az məlumatlı olduqlarından, təriqətlər arası münasibətlərdə gərginliklər göz qabağındadır. Bəs əsl sələfilər, səhabələr kimlərdir? Bu suala dəqiq cavab vermək üçün İslamın yarandığı dövrə, yəni peyğəmbər zamanına səyahət etmək lazımdır. Bunun üçün isə İslamı diqqətlə araşdırıb, bu haqda olan bütün yazıları, mənbələri dərindən tədqiq etmək vacibdir.

Artıq hamıya məlumdur ki, İslam mənbələri, hədislər və Quran iki hissədən - zahiri və batini mənalardan ibarətdir. Zahiri məna, yazılanların hamıya aydın olan adi, yəni birbaşa mənasıdır. Batini məna isə özlüyündə çox dərin rəmzi mənalar daşıyır ki, bunların sayı bəzən yeddiyə çatır. Batini anlamla bağlı Hz. Məhəmmədin bu hədisi, bütün əhəmiyyətli qaynaqlarda qeyd olunur: “Quranın bir zahiri (adi) mənası, bir də batini (gizli) mənası vardır. Bu batinin ardından da başqa bir batini (iç) məna gəlir. Bir-birinin içində göy kürələri formasında olan bu batinin də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər açılır”. Deməli, İslam mənbələrində yazılanları dərk etmək üçün, yazıların batini mənalarını da nəzərə almaq lazımdır.

Məşhur sufi alimlərindən olan əl Qəzaliyə görə İslamın mahiyyəti sufizmdir. Sufizm isə elə təvil, yəni batini mənalardır ki, mənbələrdə bu elm eyni zamanda Ledun elmi adlanır. Bu elmi ezoterizm (şiə ezoterizmi), mistisizm, germetizm və s. adlarla da adlandırırlar ki, qədim Şumer, Misir yazılarından tutmuş Əflatuna, Ərəstuna qədər və onlardan sonrakı filosoflar da öz elmlərini zahiri və batini mənalara bölmüşlər. Zahiri məntiq adi insanlar üçün, batini məntiq isə seçilmişlər üçün nəzərdə tutulmuşdur. İslamın batini mənaları da bütün dinlərin, fəlsəfələrin kökündə duran gizli mənalarla eynidir.

Zahiri məna ilə batini mənanın fərqlərini anlamaq üçün rəmzlərin dərk edilmə məntiqinə nəzər salmaq kifayətdir. Adi insan “gözünü aç ki görəsən” məntiqi ilə hər şeyi öz gözləri ilə görür və buna əsasən fikir irəli sürürsə, batini-sufilər – “gözünü yum ki görəsən” məntiqi ilə, bəsirət gözü ilə görməyi, yəni gözəgörünməz, gizli mənaları dərk etməyi əsas götürürlər. Zahiri mənalarda Məhəmməd peyğəmbər adi ölümlü insan kimi qəbul edilirsə, batini mənalarda Məhəmməd peyğəmbər 5500 il əvvəl göydə yaradılmış kosmik insan - Allah kimi qəbul edilir. Zahiri mənada İslam sadəcə insanın inancıdırsa, batini mənada İslam göydə yaradılmış ruhlar dünyası – cənnət mənasındadır. Zahiri mənada Ərəbistan deyəndə, indiki Ərəbistan səhraları nəzərdə tutulursa, batini mənalarda Ərəb ölkəsi dedikdə, Midiya (Azərbaycan) göylərində, xaosdan (ilkin materiya) yaradılmış Yəmən, Albaniya, Tilos, Dilmun və s. ruhlar (cənnət) dünyası nəzərdə tutulur. Zahiri mənada Məhəmməd peyğəmbər 63 yaşında vəfat etmişdirsə, batini mənada peyğəmbərimiz axirətdə vəfat edəcəkdir ki, onun taxtında imam Əli oturacaqdır və s. Deməli, zahiri İslamla batini İslam tam fərqli anlayışlardır və həqiqət axtaranlar zahiri mənanı yox, məhz batini mənanı əsas götürməlidirlər. Yalnız batini mənaların açılması ilə İslamın əsl mahiyyətini dərk etmək mümkündür. Mən – “Həqiqi İslam Şumerdən başlanır” adlı məqalədə bu barədə geniş məlumatlar vermişəm (http://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html).

Məlumdur ki, “sələfi” sözü – “əvvəl gələnlər” mənasında peyğəmbərin səhabələrinə (əshabə) aid edilən rəmzdir. Mənbələrə görə peyğəmbər, səhabələrini ən xeyirli nəsil adlandırmışdır. Onların arxasınca, onları izləyənlər, yəni Təbiin, daha sonra isə “Təbei-Təbiin” gəlir və bu üçlük sələfilər hesab olunur. İslamın ilk dönəmində yaşamış bu insanlar elmdə, imanda və əməldə bütün müsəlmanlardan üstün olmuşlar. Quranı, hədisləri, islam qanunlarını bütün müsəlmanlar səhabələr vasitəsi ilə öyrənmişlər (http://www.aytugakar.info/islam-teslim-muslim/308-selefilik-nedir-selefi-kimdir-selefi-itikadi-hakkinda.html). Deməli, biz hər şeydən əvvəl əsl səhabələrin kimlər olduğunu təyin etməliyik.

Qəbul olunmuş məntiqə görə, ənsarilər və mühacir müsəlmanlar, peyğəmbərlə Mədinəyə köçəndən sonra “peyğəmbərin əshabələri” (səhabə) dəstəsini yaratdılar (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.294). Əshabə (səhabə) rəmzi əsasən Hz. Məhəmmədin ən yaxın ətrafı, onun elminin tərəfdarları olan mühacir və ənsarilərə aid olunursa, digər tərəfdən bu rəmz “əshabi rəy”, “əshab əl-hədis”, “əshabi Rəss”, “əshab əl-Uxdud”, “əshabi Kəhf”, “əshab əs-suffa”, “əshab ət-tənasüh”, “əshab əl-xulul” və s. kimi bir çox rəmzlərə də aid edilir. Burada “əshabi rəy” rəmzi - azad söz sahibləri kimi, “əshab ər-Rass” – “quyu adamları”, “əshab əl-Uxdud – “xəndək insanları” (Quranda qığılcım və odun sahibləri adlanırlar 85:4-8), “əshabi Kəhf” – “Kəhf mağarasının əhli”, “əshab əs-suffa” – “örtük əhli”, “əshab ət-tənasüh” - ruhun digər insana keçməsinə inananlar, “əshab əl-xulul” – “Allaha qovuşanlar” və s. kimi mənalandırılır. Buradakı “əshab ət-tənasüh”, “əshab əl-xulul” rəmzləri onu göstərir ki, bu səhabələr bilavasitə sufilər olmuşlar. Çünki, “əshab əl-xulul” və “əshab ət-tənasüh” rəmzləri İlahla, yəni ilkin materiya ilə vəhdət təşkil etməni, ruhun insan bədəninə keçməsini bildirir ki, bu da sufi elminə, batiniliyə aiddir. Deməli, Məhəmməd peyğəmbərin səhabələri - tərikə yolunu keçən sufilərdir ki, mənbələrdə onlar “şeyxlər nəsli” hesab olunurlar. Onları eyni zamanda “əhli əs-silsilə” də adlandırırlar və bu sufi müdriklərinin də banisi Məhəmməd peyğəmbər hesab olunur. Məhəmməd peyğəmbərin əshabələrinin bir neçəsinin təsəvvüf elmi ilə bağlılığı məlumdur (Abu-d-Dardə, Abu Zərr, Huzayfa və s.) («Ислам», Энциклопедический словарь, M., 1991, səh. 209, 225, 228). Müasir dövrün sufilərindən hesab edilən İdris Şahın yazdığına görə də, sufi ordenlərini, tərikə yolunu - Məhəmməd peyğəmbər və onun əshabələri yaratmışlar (Идрис Шах, «Магия Востока», M., 2000, səh. 85). Əgər nəzərə alsaq ki, batin elmində “əhli əs-suffa” və ya “əshab əs-suffa” (“örtük əhli”) rəmzləri də “sufi əhli” mənasındadır və bu təsəvvüf elmi islamla bir vaxtda yaranmışdır, razılaşarıq ki, Məhəmməd peyğəmbər adi insan yox, sufi silsiləsini keçmiş şeyxlər, pirlər, yəni seçilmişlər nəslinin banisidir. Bu isə o deməkdir ki, “əshab əs-suffa” deyəndə elə Məhəmməd peyğəmbərin sufi səhabələri nəzərdə tutulmalıdır.
Quranda səf-səf duran, yəni cərgə ilə düzülmüş mələklər deyəndə - sufilər nəsli nəzərdə tutulur. Quranın 37-ci surəsi “əs-Saffat” adlanır və burada bu mələklərin ali məqamından, onların məhkəmə qurmasından və s. danışılır və mən - “Allahın şərqdəki türk ordusu” adlı məqaləmdə bu sufilər nəslinin məhz peyğəmbərin səhabələri olmasını yazmışam (http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html). Bu səhabələrin mələklər adlandırılması isə onu göstərir ki, onlar, Quranda müjdəçilər və xəbərçilər adlandırılan peyğəmbərlər nəslidir ki, hələ insanlar bir ümmət olanda yerə göndərilmişlər (Quran, 2:213). Bu isə o deməkdir ki, peyğəmbərlərin səhabələri, Şərqdən gələn və başı göylərə çatan Babil qülləsini tikmiş müqəddəslərdir və bu hadisə də 5500 il bundan əvvələ təsadüf edir. Mənbələrdə, Məhəmməd peyğəmbərin də məscid inşa etməsindən, səhabələrin, Quranın peyğəmbərə necə nazil olduğunu, mələklərin döyüş vaxtı onlara necə kömək etdiklərini gözləri ilə görməsindən danışılır ki, bu da peyğəmbərimizin bilavasitə Babil qülləsini tikməsi mənasında olması deməkdir (Əkrəm Həsənov, “Səhabələr – İslamın ilk şəxsiyyətləri”, sayt: http://islam-haqq-din.com/2013/01/10/səhabələr-islamin-ilk-səxsiyyətləri/). Məhəmməd peyğəmbərin mənbələrdə “İki dünyanın ağası” və “Haqq-Məhəmməd” (Allah Məhəmməd) adlandırılması isə onu göstərir ki, o məhz qədim Misir Allahı olan Ra-Amon Allahının obrazıdır. Qədim Misir yazılarında da açıq yazılır ki, məhz Qor Allahı düşmənlərə qalib gələndə sonra “Allahın peyğəmbəri” adını alır (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.95). Belə çıxır ki, Məhəmməd peyğəmbər qədim Misir Allahı olan Ra-Amon (Qor) Allahıdır və Quranda bu Allah - Rəhman Allah kimi qeyd olunur. Mən, “İslamın 124000 peyğəmbəri kimlərdir?” adlı məqalədə ilk peyğəmbərlərin məhz Misir Allahları olmasını və onların başçılarının da Ra-Amon Allahı adlanması haqda geniş məlumatlar vermişəm (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1185).
Bütün bunlar o deməkdir ki, peyğəmbərin səhabələri, şərqdən gələrək yerdə Babil qülləsini tikmiş ilk insanlardır (Библия, Быт.11:1-9). Tarixçi M. Xorenatsi, Babil qülləsinin tikilişini “Yerin başlanğıcı və onun məskunlaşması” adlandırır və ilk Allahlarla bağlayır. Onun yazdığına görə, Böyük və qəddar olan ilk Allahlardan (peyğəmbərin səhabələri) ağlasığmaz nəhənglər nəsli ayrılır və onlar nəhəng tikili planlaşdıraraq, o saat da onun tikilişinə başlamışlar (М. Хоренаци, kitab 1, böl.9). Əflatun da ilk yaradılmış bu varlıqları “Allahlar Allahları” adlandırır və bildirir ki, onları yaradan Demiurq, onlara - ölümlü və “həqiqət dalınca gedən ölümsüz insan” yaratmalarını hökm edir (Platon, “Timey”, 41B,S,D). Burada, “həqiqət dalınca gedən ölümsüz insan” deyəndə Əflatun məhz Təbiin adlandırılan səhabələri nəzərdə tutur. Deməli, “peyğəmbər” adlandırılan varlıqlar – ilk Allahlardan ayrılmış ölümsüz nəhənglər nəslidir və onlar da “başı göylərə çatan” Babil qülləsini tikmişlər.
Mən “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə göstərmişəm ki, Babil qülləsi elə Misir Allahlarının göydə yaratdığı cənnətin qapısıdır və bu göy dünyasını da amoreylər, yəni marlar, əmirlər nəsli yaratmışlar (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Mar [MR] rəmzi qədim Misirdə həm piramidaları, həm göyə qaldırılmış torpağı, yəni cənnəti və həm də bu cənnəti yaratmış ilk Allahları, yəni səhabələri bildirir. Göydə cənnət yaratmış bu səhabələr mənbələrdə kənanilər də adlandırılır ki, bunlar da yəhudilər hesab olunur. Mən, “Qurana görə axirətdə Allah gələcək” adlı məqaləmdə bu haqda məlumat vermişəm (http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Mar/amorey/əmir [MR] rəmzləri bu gün seyidlərin adlarının qarşısında “Mir” kimi yazılır ki, bu da göydə İslam dünyası yaratmış səhabələr nəslinin məhz seyidlər, yəni peyğəmbər nəsli olması deməkdir. Azəri pir-seyidlərin deyimlərində, onların ölümsüz hesab olunmaları və nurdan yaradılmalarının qeyd olunması onu deməyə əsas verir ki, onlar - İslam dünyasını yaratmış və göydə ölümsüzlük qazanmış səhabələr nəslidirlər.

Mənbələrə görə, Hz. Məhəmməd Rəsulullah buyurmuşdur: “Yəhudilər yetmiş bir təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki təriqətə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç təriqətə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir”. Cənnətə düşən təriqət haqqında soruşduqda isə Rəsulullah: “Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir” və ya “O, da camaatdır” demişdi. Bu o deməkdir ki, peyğəmbərin səhabələri, hər üç dinin kökündə duran insanlardır və məhz onlar cənnətə düşürlər. Mən – “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır” adlı məqaləmdə göstərmişəm ki, peyğəmbər – “Mənim və səhabələrimin yolu ilə gedənlər” dedikdə, qədim Misirin Qor Allahının nəslini nəzərdə tutur ki, onlar öləndən sonra Asar/Osiris Allahına çevrilərək göy cənnətində ölümsüzlük qazanmışlar (http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1181). Asar/Osiris adı bu gün bizlərə Azər adı kimi məlumdur və seyidlər də bu gün Azərbaycan xalqının soykökündə duran əsas xalq hesab olunur. Azərbaycanla bağlı mənbələrdə cənnət yaratmış seyid kimi Həsən ibn Sabbah tanınır ki, o batini nizarilərin əcdadı hesab olunur. Nizari rəmzi xristianlıqda Nasar (Nazaret), yəhudilərdə nazorey, İslamda isə ənsarilər kimi məlumdur ki, ənsarilər də mühacirlərlə birlikdə səhabələr hesab olunurlar. Deməli, üç dinin kökündə duran ölməz səhabələr məhz Azəri nizariləridir ki, qədim Misir yazılarında Nasar/Nizar rəmzi - Nu-Asar və Nu-Oziri kimi yazılaraq, “Nu (İunu/Gel) şəhərindəki Asar/Osiris” Allahı mənasını verirdi. Bunlar haqda daha geniş məlumat – “Bütün dinlər birdir” adlı məqaləmdə verilmişdir (http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html).

 Qədim Misir mənbələrində “Qor yoluyla gedənlər” adlanan nəsil, ölümsüz Asar/Azər, yəni Osiris Allahının nəsli sayılır. “Şəmsu Qor”, yəni “Qor Allahının yolu ilə gedənlər” dedikdə, göydə Ra günəş diski yaratmış firon Amonun öləndən sonra, ruhunun göyə qalxaraq bu disk ilə birləşib Ra-Amon Allahına çevrilməsi nəzərdə tutulur. Şumer mənbələrində Ra-Amon-Qor rəmzi – Enmerkar kimi yazılır ki, sonradan şumerlilər bu Allahı Asar/Azər, yəni Osiris adlandırdılar. Deməli, “Qor Allahının yolu ilə gedənlər” dedikdə pirlər, yəni fironlar nəslinin göydə ölümsüzlük qazanmış ruhları nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki, göylərə mühacirət etmiş səhabələr elə Qor Allahının yolu ilə gedənlərdir.
Misir mətnlərinə görə insan öləndə, bədənindəki ruh “saxu”ya (sahu) çevrilir və çürüməyən bu yeni bədən göylərdə quş kimi həyat sürməyə başlayır (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Ölümsüzlük qazanmış bu ruh isə qədim Misirdə Ba adlanır və Benu quşu kimi qeyd olunur. Benu [BN] rəmzi isə Batin elmində Nəbi [NB], yəni peyğəmbər rəmzi ilə eynidir. Əgər nəzərə alsaq ki, səhabə (əshabə) rəmzi də Batin elmində “Sahu-Ba” kimi açıqlanır, razılaşarıq ki, peyğəmbərin yolu ilə gedən səhabələr elə göydəki cənnətə mühacirət etmiş və orada ölümsüzlük qazanmış Misir pirlərinin (firon) ruhlarıdır (Sahu). İslamda da Ba ruhu Allah hesab olunur və Vallah, Billah kimi qeyd olunur. Rəvayətlərdə peyğəmbərlər nəslinin quş rəmzində ölümsüzlük qazanması, Gel elində yaşayan günəş nəslinin, öləndə qanad geyərək göy cənnətinə uçması kimi göstərilir. Quranda da insan ruhu quş kimi təsəvvür olunur və hər bir insanın quşunun (ruhunun), öz boynunda bərkidilməsi nəzərə çatdırılır (Quran, 17:13). Bu isə o deməkdir ki, mənbələrdə qızılquş kimi təsvir edilən Qor Allahı və onun yolu ilə gedənlər, Assur mənbələrində İşşakku/Üşşakilər kimi qeyd olunan, bir bədəndə “iki dünyanı biləşdirən” Sisaka (Sahu-Səhabə) nəslidir ki, bunlar da mənbələrə görə Azəri türk bəgləridir (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).
Səhabə [SHB] rəmzi Batin elmində Bahus [BHS] rəmzi ilə eyni məna verir. Bahus/Baxus isə yunan mifologiyasında Vakh, yəni vəhy kimi insanın ekstatik durumunu, vəcdə gəlməni, cuşa gəlməni bildirir. Baxus, Vakh Allahları qədim mənbələrdə Osiris, Adonis, Dionis və s. Allahları kimi də tanınır və bu rəmzlər də göydə yaradılmış ruhlar dünyası ilə əlaqədar rəmzlərdir. Baxus rəmzi – “Bəqa-İssi”, yəni sufinin “Bəqa səviyyəsindəki ruhu” mənasını verir ki, bu da elə Xulul, yəni Allaha (İlah) qovuşma, Allahla vəhdət mənasında olan sufi rəmzdir. Xristianların Qaliley rəmzi də Xulul/Xəlil rəmzidir ki, Batin elmində Xulul/Hulul [XLL/HLL] rəmzi ilə Allah [LLH] sözü eyni mənalı sözlərdir. Bu isə o deməkdir ki, ilk səhabələr bilavasitə İlahla, yəni ilkin materiya ilə vəhdətdə olan müqəddəslər olmuşlar ki, onlar qüdrətinə görə Ra-Amon Allahından heç də fərqlənməmişlər. Buna görə də bu ilk Allahlar, D. Rolun yazdığına görə mənbələrdə – “İbtidai dövrün Böyük Ruhları”, “İnşaatçı Allahlar”, “Müdriklər Qardaşlığı”, “Yaradıcının Törəmələri” və s. adlandırılırlar.
Bütün bunlar o deməkdir ki, ilk səhabələr – tərikə yolunu keçmiş türklər olmuşlar ki, onlar sufizmin ən ali səviyyəsi olan Bəqa, yəni bəglik səviyyəsinə yüksələrək, Allahlara çevrilmişlər. Əflatun onları heç də təsadüfən Allahlar adlandırmır. Mənbələrdə səhabələrin Təbiin, Təbei-Təbiin adlandırılması da Təbiin rəmzinin kökündə duran Təb rəmzinin - təbə gəlmək, yəni cuşa gəlmək mənasında ekstatik durum ilə bağlılığı deməkdir.
Təb rəmzi mənbələrdə Tuba/Taba kimi də yazılır ki, bu da Mədinə şəhərinin digər adıdır. Mənbələrə görə peyğəmbər Mədinəyə çatanda: “Bu da Taba!” demişdir (Аль Бухари, «Ал-Джами ас-сахих», 1872). Əl-Əşari, hədislərin birində Təb rəmzini Tuba kimi qeyd edir və bu rəmzi - Allahın öz əlləri ilə yaratdığı insanla, Edem cənnəti ilə, Tövratla və ağacla (Tuba) əlaqələndirir (Абу аль-Хасан аль-Аш‘ари, “Разъяснение основ вероисповедания”, böl. 3). Məhşur sufi şeyxi Şihabəddin Yəhya Sührəvərdi isə işığı - Tuba ağacından axan xəzinə adlandırır və bildirir ki, bu ağac “Allahın nurunun yerləşdiyi çıraqdır” (Quran, 24:35). Hədislərdə bu ağac – çaparın, kölgəsində yüz il getdiyi nəhəng cənnət ağacı kimi qeyd olunur. Bu isə o deməkdir ki, Tuba ağacı burada cənnətin rəmzi mənasındadır ki, quş obrazında olan ruhlar bu ağacın budaqlarında ölümsüzlük qazanmışlar. Əgər biz nəzərə alsaq ki, Batin elmində Tuba [TB] rəmzi ilə Beyt [BT] rəmzi eyni mənalı rəmzlərdir, razılaşarıq ki, bu cənnət elə Allahın göydəki Beyti, yəni Evinin obrazıdır. Təbiin adlandırılan səhabələr də əhli-Beyt mənasındadır. Digər tərəfdən, Batin elmində Beyt dedikdə - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü nəzərdə tutulur ki, bu da Təbiin səhabələrinin - elm verilmiş İsrail oğulları olması deməkdir. Mən, “Qurandakı İsrail oğulları - Azəri bəgləridir” adlı məqaləmdə bu haqda yazmışam (http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Təbiin [TBN] rəmzi ilə eyni mənalı Nəbati [NBT] rəmzi isə mənbələrdə Petra şəhərini tikmiş xalqa aid edilir ki, onların qayalıqda tikdiyi bu şəhərdə həm ölülər və həm də dirilər yaşayırmışlar. Nəbati Allahlarının yaşadığı ərazi isə Beytel (Betil daşı) adlanır ki, bu da elə əl-Beyt mənasında Allah Evinin əhli deməkdir. Nəbati [NBT] rəmzi Batin elmində “Nu-Beyt” [NBT] mənasını da verir ki, bu rəmz “Beyti-Nu” [BTN], yəni Batin [BTN]  kimi də oxunur. Deməli, nəbatilər elə Midiya dağlarınının göylərində cənnət yaratmış batini marlar (amoreylər), yəni əmir-seyidlərdir ki, əl-Beyt, əhli-Beyt dedikdə də məhz bu pirlər nəsli nəzərdə tutulmalıdır.
Təb/Tuba/Taba rəmzləri ən qədim rəmzlərdən hesab olunur. D. Rol bildirir ki, Taba - Nuhun gəmisi (kovçeq) mənasını verən “qutu” və ya “konteyner”dir və məhz bu “sandıq” rəmzli qutuda Musa peyğəmbər uşaq ikən Nil sularına atılmışdır. Misir rəvayətinə görə isə Osiris Allahının bu “qutu”sunu su Qubl (Bibl), yəni Qəbələdə (Qiblə) sahilə atmış və o burada “ağac”da “ucalmışdır”. Bu isə o deməkdir ki, Osiris Allahının bədəni elə ağac rəmzli Mədinə şəhəridir ki, o eyni zamanda ruhlar dünyasıdır. Qədim Misir yazılarında da Mehdi mənasında olan Nu-Asar, yəni Nu şəhərindəki Osiris (yəni Nasar/Nizar) Allahı bildirir ki, o məhz “gözəl sandıqda və ya gəmidə (kovçeq)” qidalanırmış (Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 720). Qutu, sandıq (kovçeq) rəmzinin eyni zamanda ruhlar dünyası mənasını verməsi o deməkdir ki, burada “sandıq” deyəndə, yerin altında gizlənmiş Cəbərut aləmi, “ağac” deyəndə isə, kökləri bu aləmlə bağlı olan Mələküt dünyası başa düşülməlidir. Nuhun gəmisi də “göy suları”nda (efirdə) ölümsüzlük qazanmış ruhların gəmisi mənasındadır.
Mədinə şəhəri, Musa peyğəmbərin vətəni olan Madiam mənasındadır ki, D. Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Ziqmund Freyd  Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir və Kadeş də Midiyanın kadus eli deməkdir. Tarixçi Turayev amoreylər (mar/əmir) ölkəsi olan Kadeşi – Aziru, yəni Azəri şahlığı kimi qeyd edir (Б.А.Тураев, «История древнего востока», 1935, Л., I cild, səh.304). Bu isə o deməkdir ki, Batin elmində Qiblə (Qeyb-eli) - Asar/Osiris Allahının cənnət ağacının rəmzidir və bu ağac da Azərbaycanın Kadus vilayətində yaradılmışdır. Allahın Beyti, yəni Evi də məhz burada mövcud olmuşdur və s.
Səhabə/əshab rəmzi mənbələrdə “əshab əl-hədis”, “əhli əl-hədis” kimi yazılaraq “hədis” rəmzinə aid edilir. Hədis dedikdə peyğəmbərlə bağlı deyimlər nəzərdə tutulur. Lakin bu rəmz eyni zamanda Kadus/Qüds rəmzi ilə də eyni mənalıdır ki, Batin elmində “əshab əl-hədis”, “əhli əl-hədis” dedikdə “Kadus səhabələri”, “Kadus əhli” və ya “Qüds səhabələri, Qüds əhli” başa düşülür. Bu rəmzlər isə onu göstərir ki, peyğəmbərin səhabələri məhz Kadus və ya Qüds rəmzi ilə bağlıdır.
Tarixçi M. Xorenatsi yazır ki, Qüds, yəni Yerusəlim şəhəri tikilib qurtarandan sonra Gel adlanmağa başlandı (М. Хоренаци, kitabI, böl. 60). Tarixçi İ. Əliyev bildirir ki, qədim yunan və s. müəlliflər gel və leq deyəndə kadusları nəzərdə tuturlar (И. Алиев «Очерки Истории Атропатены», Б., 1989, səh.140). Gel eli isə batini-nizarilərin elidir və biz bu eli Gelati-Şiə kimi tanıyırıq. Mənbələrdə Qulat da adlandırılan Gel şiələri batiniliyə həyat vermiş ifrat şiələr hesab olunurlar. Belə çıxır ki, “hədisi-Qüdsi” deyəndə – “Yerusəlim (Gel) əhli olan kadus müqəddəslərinin deyimləri” başa düşülməlidir ki, bunlar da Azərbaycanın Gel elinin (Gelarküni) sakinləri olan seyid-bəglərin elidir.

Məşhur sufi Qəzali, peyğəmbərin səhabələrinin və ardıcıllarının  rəvayətlərini hədis yox - əsər adlandırır. Əsər rəmzi isə mənbələrdə Asar/Assur/Aşşur və s. kimi yazılır və bilavasitə Azəri xalqının adıdır. Bu isə o deməkdir ki, İlahi xəbər gətirən xalq məhz Azəri müqəddəsləridir ki, onları mənbələr batinilər, ismaililər, nizarilər, qızılbaşlar, mülhidlər (mələklər) və s. adlandırırlar. Qədim Misir yazılarında məhz Asar, yəni Osiris Allahı və onun törəmələri adam yeyənlər kimi qeyd olunurlar ki, bu da Misir Allahlarının insan ruhları ilə qidalanması mənasındadır (Б. А. Тураев,  “История древнего востока”, I cild, Л., 1935, səh. 190, 191). Orta və sonrakı əsrlərdə isə adam yeyənlər kimi qızılbaş bidin mülhidləri (məlahi), yəni batini mələkləri göstərilir ki, bu da ölüm mələkləri nəslinin Osiris (Asar/Azər) Allahının törəmələri olması deməkdir. Belə çıxır ki, peyğəmbərin səhabələri, indi Azərbaycan ərazisində yaşayan batini seyid-bəglərin əcdadlarıdır.

Bütün bunlar o deməkdir ki, Batin, Ledun elmində peyğəmbərin səhabələri, sələfilər dedikdə Azərbaycan kadusları (kuddus), yəni müqəddəsləri nəzərdə tutulmalıdır və məhz onlar 5500 il bundan əvvəl Azərbaycan ərazisində Babil qülləsi tikmişlər. Sayı 120000 olan bu ilk varlıqlar,  göydəki cənnətin yerdəki qapısı mənasında olan bu qülləni tikib qurtardıqdan sonra, bu cənnətə mühacirət etmiş və ruhları orada ölümsüzlük qazanmışdır. Onların yerdə qalan nəsli isə nizarilər, ənsarilərdir ki, onlar da üç dinin müqəddəsləri hesab olunurlar. Bu haqda mən – “Ledun elminin əsasları” adlı məqaləmdə məlumatlar vermişəm (http://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html). Yurdda qalan bu Təbiin seyid-bəgləri öləndə, yaradılış xüsusiyyətlərinə görə ruhları cənnətin qapısına qədər gedib çıxır və yalnız məhkəmə zalındakı sorğu-sualdan sonra hara gedəcəkləri bəlli olur.

Səhabələrin digər davamçıları olan Təbei-Təbiinlər isə qədim sirləri bilən adi insanlardır ki, onlar da qədimdə batini qanunları bildikləri üçün, dini qanunlara diqqətlə riayət edir və öləndə ruhları cənnətin qapısına qədər gedib çıxırdılar. Batini sirləri bilməyən insanın ruhu isə, cənnətin qapısına qədər olan yolu gedə bilmir və bədəndən çıxan kimi işıqda parçalanır. Çünki, İslamın zahiri mənalarının əsas götürüldüyü vaxtdan Adəm cənnətdən qovuldu və bu da 7-ci əsrə təsadüf edir. Allah, Ararat (Ağrı) dağında insanlarla müqavilə bağlayanda, onlara məsləhət görmüşdü ki, yaxşı-pisi dərk etmə ağacından meyvə yeməsinlər. Bu – qədim yazıların, yəni Quran, İncil, Tövrat və s. kitabların adi insan məntiqi ilə dərk edilməməsi mənasındadır. Lakin insanlar buna riayət etmədilər və sirləri bilmədikləri halda Qurana, Tövrata, İncilə və s. kitablara izah verməyə başladılar və səhv yola düşərək cənnəti itirdilər.

Bu gün peyğəmbərimizin dediyi kimi, yalnız pir, bəg, seyid, şıx, maxtum, ata və s. müqəddəslər nəslinin qarışığı olmayan nümayəndələri cənnətə düşür ki, bu da onların yaradılış xüsusiyətlərinə görədir. Adi insanların cənnətə düşmələri isə artıq yalnız axirətdən sonra mümkün olacaq ki, bu da axirətdə gələcək İsa peyğəmbərlə bağlıdır. Batin elmində İsa peyğəmbər Şiə imamıdır. Şiə (İsa) rəmzi qədim Misirdə - Şu (Sia) kimi yazılaraq “ruh” mənasını verirdi. Yəhudilər Şu rəmzini Yeşua kimi yazaraq İsa peyğəmbər adlandırdılar. İsanın, yəni Şiə imamının ölümündən sonra isə göydə yeni, ikinci ruhlar dünyası yaranacaq ki, Quranda bu dünyanın yaranması – torpaqların dəyişdirilməsi, əvəz olunması və s. kimi göstərilir (Quran,14:48, 21:104, 55:46,62). Göydəki bu dünya isə artıq yeni İslam Eli (Vilayəti) olacaq və yəhudilər bu Eli - Allah, müsəlmanlar isə Əli kimi qəbul edirlər. İsa peyğəmbər insanlarla yeni müqavilə bağlayaraq, onlara yenidən cənnətə düşmə şansı verəcək və bu zaman yalnız İsa peyğəmbəri qəbul edənlər əbədi xoşbəxt həyat qazanacaqlar. Bu haqda mənim – “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqaləmdə məlumatlar vardır (http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html).

Bu yazılanlar qədim müdriklərin Batin, Ledun və s. adlandırılan elmidir. Daha geniş məlumatlar isə müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

 

                                                                                             Firudin Gilar Bəg


                                                                                      www.gilarbeg.com

Комментариев нет:

Отправить комментарий