İslamın ən sirli
rəmzlərindən biri “Vəhdət əl Vücut” rəmzidir. Bu rəmzi tam anlamaq üçün Allahın
və onun dininin həqiqi mənasını, onların əsas mahiyətini bilmək vacibdir.
Bunları isə bir məqalədə əhatə etmək qeyri-mümkündür. Müəllifi olduğum
“Batini-Quran” kitabımda mən bütün bu sistemi tam açaraq hər bir rəmzə ayrıca
geniş izah vermişəm. İnternetdəki məqalələrimdə də bu rəmzlər haqda məlumatlar
vardır. Bu məqalədə isə İslam tarixində ilk dəfə olaraq Allah və onunla bağlı
olan “Vəhdət əl Vücud” rəmzinin qısa elmi izahını verməyə çalışacam.
“Vəhdət əl Vücud” sistemini
anlamaq üçün ən əvvəl bilmək vacibdir ki, günəş sistemi hərəkətə gəldiyi zaman,
bu sistemdə “ilkin materiya” adlanan eneji yaranmışdır. İlkin materiya, bütün
canlılara həyat vermiş, yer kürəsini əhatə edən və burulğanvari formada
hərəkətdə olan cövhərdir. Bu enerji-qanunun bir “damlası”nın müəyyən varlığa
“düşməsi”, onun yaranmasına və ya canlanmasına səbəb olur. Buna görə də qədim
mənbələrdə onu “dirilik suyu”, “İlahi od”, “həyat enerjisi” və s.
adlandırırdılar. Sufilər “Hu” dedikdə bəşəriyyətə həyat vermiş bu İlahi
substansiyanı nəzərdə tuturlar. Eyni zamanda qanun kimi çıxış edən bu enerji
beş əsas tərkibdən: işıq, səs, hərəkət, magiyanan «bənzər bənzər yaradar» (C. Frezer
görə «homeopatik magiya») və «əlaqədə olmuş cisimlər, ayrılandan sonra da
əlaqəni saxlayır» (C. Frezerə görə «kontagioz magiya») qanunlar «məcmu»sundan
ibarətdir (bax. “Batini-Quran”). İlkin materiya dörd ünsürə (su, hava, torpaq,
od) asanlıqla çevrilən substansiyadır. Lakin ondan çanlı varlıq və ya digər bir
şey yaratmaq üçün mütləq bənzər obyekti olmalıdır. Məhşur sufi müqəddəsi Əziz
Əd-din İbn Mühəmməd Nəsəfi (XIII əsr), özünün «Zübdad əl-xəkaik» əsərində ilkin
materiyanın bəzi xüsusuyyətlərinə geniş şəkildə izah vermişdir.
Qədim Misir mənbələrində
ilkin materiya, üstü dairəvi olan xaç şəklində göstərilirdi və “anx” adlanırdı.
Hər samitin bir rəmz olduğu sufizmdə “anx” rəmzi - “Hu” İlahi substansiyası
mənasındadır. “Hu” [H] adlanan bu enerjinin hər bir müəyyən “anı” bir varlığa
verilən həyat olduğu üçün “An” [N] rəmzi, ən qədim Misirdə mənbələrində, ilkin
materiya mənasında - ilkin “Nun” [NN] suları kimi qeyd olunur. Anx rəmzi də
sufizmdə “An-Hu”, yəni “Hu-anı”, “Hu məqamı” kimi açıqlanır. Mesopotamiya,
Şumer mətnlərində bu rəmz “Ki-Nun” [K-NN] (və ya “Nun-Ki”) kimi qeyd olunur ki,
Qanun/Kənan [QNN/KNN] və s. sözləri bu rəmzdən yaranmışdır.
İslamda Ki-Nun [K-NN] rəmzi
Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Bu isə o deməkdir ki,
ilkin materiya, ona verilən əmri həyata keçirən yaradıcı qüvvədir. Kün rəmzi ən
qədim mənbələrdə, vahid dillə bağlı olan Saturn Allahının şəhərinə və “başı
göylərə çatan” Babil qülləsinə aid edilirdi. Digər mənbələrdə, Marduk Allahının
sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy və Yerin təməl evi”
adlandırılır və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat
tikmişdilər. Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK]
rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir.
Şumer və Akkadlar da Nun-Ki
[NN-K] rəmzini “qüdrət yeri” adlandıraraq Babil qülləsi ilə əlaqələndirirdilər.
Deməli, “Allahın qapısı” mənasını verən Babil qülləsi, ilkin materiya adlanan
“dirilik suyu”nun yer kürəsinə daxil olduğu yeganə qapıdır və burada, qədim
Misirdə Atum adlanan Allah yaradılmışdır.
Qədim Misir mətnlərinə
görə, özünü Pta (Yafət) adlandıran firon Amon, söz və magiya vasitəsi ilə,
bütün yer kürəsini əhatə edən Atum isimli kosmik ölçülü insan yaradır ki, onun
bədəni yerdəki bütün varlıqları əhatə edir. Sonrakı mənbələrdə Atum [TM] adı
Adəm [DM] kimi qeyd olunur və bunu tədqiqatçı Devid Rol da xüsusi nəzərə
çatdırır.
Bildirmək istərdim ki,
yerdəki canlı-cansız bütün varlıqlar ilkin materiyadan yaranmışdır. Daş
parçasından tutmuş metala, minerallara qədər hər şey ilkin materiyanın
materiallaşmasından əmələ gəlmişdir. Bu gün artıq məlumdur ki, cisimlərin də
energetik sahələri vardır və bu sahələr, ilkin materiyanın və onun tərkib
hissəsi olan işığın sürətinin azalması ilə yaranmışdır. Canlılarda bu sahə
ruhla bağlı olan sinir sistemidir və ruhun bədəndən çıxması ilə canlı məhv
olur. Deməli, yer kürəsindəki bütün varlıqlar ilkin materiyanın
materiallaşmasından əmələ gəlmişlər. Başqa sözlə desək, hər şey ilkin
materiyanın müəyyən şəraitdə təsirə məruz qalması ilə yaranmışdır. Belə çıxır
ki, hər bir varlıq, sufilərin Hu adlandırdıqları və Allah mənasında olan ilkin
materiyadan ibarətdir. Quranda (2:115) bu fikir belə qeyd olunur: “Şərq də,
Qərb də Allahındır: hara yönəlsəniz Allahın zatı oradadır. Şübhəsiz ki Allah
hər şeyi əhatə edəndir, hər şeyı biləndir”. Bu isə o deməkdir ki, sufilər
dahisi Mühiddin ibn Ərəbi - “hər şey Allahdır“ dedikdə – “hər şey ilkin
materiyadan ibarətdir” və ya “hər şey ilkin materiyadır” fikrini nəzərdə tutur.
İbn Ərəbi, özünün “Füsus ül
Hikəm” kitabında yazır ki, Allah, bütün saylardan artıq olan Öz şanlı adlarının
sahibi kimi, onların təcəssümünü (əyan), mövcudluq atributunu daşıyan yığcam
bir varlıqda görmək və onun vasitəsi ilə Özü üçün Öz sirrini açmaq istədi. Buna
görə də ilk əvvəl Böyük İnsan, yəni kosmik ölçülü Adəmi yaratdı. Sonra bu Adəmə
nəfəs vermək üçün ilkin materiyanın ona axmasını (fəyd rəmzi) təşkil etdi.
Təsəvvüf arifləri bunu “məxfi xəzinə”adlandırırlar: “Mən gizli bir xəzinə idim,
bilinməyə meyl etdim, “Xəlq edilmiş”i bilinmək üçün yaratdım. Beləcə özümü
onlara tanıtdım, onlar da məni tanıyaraq, bildilər”.
Ərəbinin yazdığından belə
çıxır ki, firon Amon öz formasında Böyük İnsan (Kəbir) yaratmış və məhz onu
Adəm adlandırmışdır. Adəmin, Allahın bütün adlarının təcəssümü və bütün
varlıqları əhatə edən ilkin materiyadan ibarət olması, onun Allahla eyniliyi
deməkdir. Ərəbi də, yaradılmış bu kosmik Adəmi - Xəlq edilmiş adlandırır və
Allahla eyniləşdirir. Burada əsas məsələ ondadır ki, əgər ilkin materiya firon
Amona qədər təbii şərait nəticəsində varlıqları yaradırdısa, Adəm formasını
alan ilkin materiya artıq varlıqları firon Amonun istəyi ilə yaratmağa
başlayır. Deməli, Adəmin yaranması ilə ilkin materiya bilavasitə firon Amonun
istəyinə tabe olur. Belə çıxır ki, mənbələrdə Allah deyəndə, ilkin materiya ilə
Xəlq edilmişin, yəni Adəmin vəhdəti nəzərdə tutulur. Tədqiqatçılar bildirirlər
ki, dərvişlərin təliminə görə də dünya – özünü daxildə yaratmış Allah özüdür:
«Kainat – Allahın öz varlığına saldığı nəzərin məhsuludur. Kainatın məhsulu
isə, Allahın özündə gördüyü yoxluq və varlıqdır. Kainatın məhsulunda o özünü
təbiətin hər bir varlığında – varlığı əks etdirən güzgüdəki kimi gördü».
Qədim Misir mətnlərinə
görə, ilk əvvəl firon Amon ilkin materiyadan göydə Ra günəş diski yaradır. İl
tamam olduqda artıq ilkin materiyadan yaranmış Ra diski göydə nur saçırdı.
Firon Amon öldükdən sonra isə, onun ruhu göyə qalxaraq bu Ra disklə birləşir və
beləliklə Ra-Amon (Ra-Əman) Allahı yaranır ki, İslamda bu rəmz Rəhman adı ilə
də məlumdur. Misir yazılarına görə Adəmin, yəni Atum Allahının siması elə Ra
günəş diskidir. Hürufi deyimlərinin birində Ra günəş diki “Vəhdətin Günəşi”
adlandırılır: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda
göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin
(müqəddəslərin) parıldayan almazıdır». Deməli, sufilər “vəhdət” deyəndə, ilkin
materiyadan yaradılmış Ra günəş diski ilə birləşən firon Amonun ruhunu nəzərdə
tuturlar ki, bu da Adəmin siması (başı), yəni onu idarə edən ruhu mənasındadır.
Adəm özü də ilkin materiyadan yaradıldığı üçün, onu Allahın Vücudu ilə vəhdət
təşkil edən varlıq kimi təsvir edirlər. Bütün bunlar o deməkdir ki, “Vəhdət əl
Vücut” rəmzi, Allah mənasında olan ilkin materiyanın Vücudu ilə vəhdət təşkil
edən firon Amonun ruhu deməkdir.
İslamda və digər dinlərdə
Adəmi yaratmış firon Amonun [MN] adı Amin [MN] kimi qalmışdır ki sufiliyə görə
bunlar eyni mənalıdır. Amin (Aminxan) rəmzi dinlərin əksəriyyətində «Allaha
şükürlər», «Allah, qəbul elə» mənasını verir. Eyni mənalı “İman” [MN] rəmzi də
Amon/Əman [MN] adı ilə eyni mənalıdır. İmanın köklərinin və təməlinin Aməntü
[MN-T] adlanması, Allah deyəndə bilavasitə Əman-Atanın [MN-T] nəzərdə tutulması
deməkdir. Allahın 99 şərəfli adlarından olan Məni [MN], Mund [MN] adları da
məhz Əman [MN] Allahının adı ilə bağlıdır. Əmənullah isminin Əman-Allah
mənasında olması yazdıqlarımıza sübut kimi qəbul olunmalıdır.
Tövrata görə Allah Adəmi
yaratdıqdan sonra onu qabırğasından Həvvanı yaradır. Bildirmək istərdim ki,
sufizm kimi məlum olan dünyanın ən qədim vahid dilində, qadın rəmzi varlığın
yaradıcısı (doğması) mənasında ilkin materiyanın rəmzi kimi qəbul edilmişdir.
Bu yaradıcılıq qüdrəti yerdə ilk insanlar nəsli olan peyğəmbərlər nəslinə
verilmişdir. “Batini-Quran” kitabımdı və məqalələrimdə mən qeyd etmişəm ki,
Allah iki növ insan yaratmışdır. İlk insanları Allah özü, Adəmin obrazı ilə
qəlibdə yaradılmış və üzərinə dirilik suyu “axıdılmaqla”, onlara ruh
verilmişdir. Sayı yüz iyirmi min olan bu ilk varlıqlar, öz növbəsində dulusçu
dəzgahında adi insanları yaratmışlar. Deməli, Həvva dedikdə qadın obrazı yox,
Allahın xüsusiyyətləri ilə eynilik təşkil edən ilk insanlar nəzərdə
tutulmalıdır.
Qeyd etmək lazımdır ki,
sufi dahilərindən olam Qəzaliyə görə Məhəmməd peyğəmbər, Allahın obrazı ilə
yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və
qorunması ondan asılıdır. İbn Ərəbi, Məhəmməd peyğəmbərin İlahi gücü oyadaraq hərəkətə
gətirdiyini bildirir. Deməli, Məhəmməd peyğəmbər Adəm formasında olan kosmik
insanın obrazıdır. Onun yerdəki törəmələri olan seyidlər, yəni nizari/ənsarilər
isə Onun prototipidir. Belə çıxır ki, müqəddəslər nəsli, möcüzələr göstərmək
qüdrətinə, onların, Allahın obrazı ilə yaradıldığı üçün sahib olmuşlar.
Mənbələrdə, yaradıcı qüdrətə sahib olan bu müqəddəsləri “enareylər”
adlandırırdılar. Bu isə o deməkdir ki, bu gün seyid, şıx, bəy və s.
adlandırılan Azəri müqəddəsləri Adəmin, yəni Allahı obrazı ilə Vəhdət təşkil
edən ilk varlıqların törəmələridirlər.
Allah rəmzindəki “L” samiti
ən qədim mənbələrdə el-oba, məmləkət, vilayət mənasında işlənmişdir. Türklərin
məşhur «Moyun Çor» abidəsində türk xanı iddia edir ki, məhz O: «Tanrıda olmuş,
il etmiş (el yaratmış) bilgə (müdrik) xaqandır”. «Bilgə Xaqan» abidəsidə isə
göydə yaradılmış bu el özü Tanrı, yəni Allah adlandırılır: «Tanrı tək Tanrı
yaratmış türk Bilgə xaqanı...». Deməli, məhz türk xanı ilkin materiyaya “daxil
olmuş” və oranı El-ə çevirmişdir.
Allah rəmzindəki «LL»
rəmzləri isə iki El-in, yəni iki dünyanın - yerdəki fiziki aləmlə, Göydəki
ruhlar dünyasının birləşməsi mənasındadır. «Kitabi - Dədə Qorqud»da «LL» rəmzi
– çadıra aid edilərək «ban al-ala», yəni iki eli birləşdirmiş çadır, aləm
mənasındadır. Əhdi-Ətiqdə bu çadır Vəhy çadırı adlandırılır və Allahın sakin
olduğu (yəhud. Skiniya) çadır mənasındadır. Əhdi-Ətiqdə «LL» rəmzi - Eleale,
El-El, El-Aaal (Allah böyükdür) kimi də yazılır və Xanaan şəhəri ilə
eyniləşdirilir.
Xanaan, yəni Kənan rəmzinin
“Ki-Nun” mənasında olmasını və Kün [K-N] rəmzi kimi Allahın “Ol!” əmrini
bildirməsini mən əvvəldə qeyd etdim. Mənbələrdə bu yerin «Göy və Yerin təməl
evi» adlandırılması və «Etemenanki», yəni “Atum” [TM] və “Nun-Ki” [NNK]
rəmzlərinin burada biləºməsini nəzərə alsaq, razılaşarıq ki, iki dünyanı
birləşdirən Vəhy çadırı elə Atum Allahı, yəni kosmik insan olan Adəm
mənasındadır.
Yazdıqlarımızdan belə çıxır
ki, İlahi rəmzi – El-Hu, yəni ilkin materiya eli mənasında yerdəki fiziki aləmə
aid edilməlidir. Çünki, ilkin mateiya firon Amona qədər yalnız bu fiziki aləmi
yaratmışdır. Firon Amon isə yerdəki fiziki aləmdə yeni varlıqlar yaratmaqla
bərabər, əlavə olaraq ilkin materiyanın öz daxilində Qeb/Qeyb adlanan ruhlar
dünyası yaratmışdır. Bu isə o deməkdir ki, Allah dedikdə əsasən iki dünyanı
formalaşdırmış Ra-Amon Allahı nəzərdə tutulmalıdır.
Təsəvvüf elmində insanla
Allahın vəhdəti deyəndə «xulul» rəmzi ortaya çıxır. Xulul rəmzi islamda
«ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur.
İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olan
ilkin materiya ilə birləşməsi deməkdir. Bu rəmz, bütün sufi rəmzləri kimi bir
neçə mənada işlədilir ki, bunlara mən “Batini-Quran” kitabımda geniş yer
vermişəm.
Sufizmdə və ən qədim
dilçilikdə, xulul/hulul [XLL/HLL] rəmzləri – Allax/Allah [LLX/LLH] rəmzləri ilə
eyni mənalıdır. Bu isə o deməkdir ki, xulul/xəlil və s. bu mənada olan rəmzlər
bilavasitə Allaha aiddir. Yəni, İbrahim Xəlilullah dedikdə adi insan yox,
Allahın obrazi nəzərdə tutulmalıdır. İslamda Xəlil rəmzi eyni zamanda Məhəmməd
peyğəmbərə aid edilir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Adəmin, yəni
kosmik insan olan Atum Allahının obrazıdır.
İslama görə, imam Əli
Məhəmməd peyğəmbərin varisidir. Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd
peyğəmbərin yerinə, yeni kosmik insan obrazında olan ikinci Adəmin yaranması
deməkdir ki, bu da göydəki El [L] mənasında Əli [L] obrazının gəlməsi deməkdir.
Mən kitab və məqalələrimdə xüsusi qeyd etmişəm ki, ən qədim mənbələrdə Əli
rəmzi El kimi qeyd edilirdi. Tövratda El Allahı Səlim [SLM] şahı adlandırılır
ki, bu da elə İslam [SLM] şahı deməkdir. Şumer, Mesopotamiya mənbələrdə Əli
mənasında olan El (İl) rəmzi “El-Amurru” kimi yazılaraq Əli-Əmir (Əli –Əmir əl
möminin) fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, ən qədim mənbələrə görə
Adəmin bədəni eyni zamanda Edem cənnətidir, razılaşarıq ki, yeni yaranan və
göydəki El mənasında olan Əli vilayəti də ikinci cənnət mənasındadır. İmam
Əlinin mənbələrdə Vilayət adlandırılması da onun göydəki El, yəni ruhlar
dünyası mənasında olmasına işarədir. Bu isə o deməkdir ki, axirətdə gəlməli
olan Mehdi obrazı, elə nizari şiələrin Allahı mənasında olan İmam Əlinin
obrazıdır.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий