Bu
günlərdə internetdəki sosial şəbəkələrdən olan facebookda, Türkiyənin tarix
alimi İlber Ortaylının, xalqımızın adı ilə bağlı bu şərhini oxudum:
“Azərbaycandakı xalq Oğuz türküdür. Mənim xahişim, azərbaycanlıları belə
əsəbləşdirən bu Azəri sözünün işlədilməməsidir. Bu kimi ifadələrə çox diqqət
etmək lazımdır. Azəri sözü təhqirdir. Bəzi şeyləri bilmək lazımdır” (Sayt:
https://www.facebook.com/azerbaycan.oguzlar.yurdumuz ).
İlber
bəyin, Azəri adını təhqir kimi qiymətləndirməsi, sözün düzü məni dəhşətə
gətirdi. Necə ola bilər ki, tarix professoru, 60 milyonluq bir xalqın, min
illərlə daşıdığı adı təhqir hesab etsin. Bu adı biz özümüzə götürməmişik və bu
ad ən qədim zamanlardan bizlərə verilən addır. Elə isə niyə tanınmış türk
professoru bizi təhqir edir?
Türkiyə
ilə Azərbaycanın qardaş ölkə olması hamıya məlumdur və bu gün Azərbaycanın
əksər əhalisi türk televiziyasına baxır. Bəs nə məqsədlə İlber bəy Azəriləri
qəzəbləndirəcək bu fikirləri söyləyir? Azər adının nə məna kəsb etdiyini məgər
İlber bəy bizdən yaxşı bilir? Azər adının haradan gəldiyini və əsl mənasını bir
daha bu alimin nəzərinə çatdırmaq istəyirəm ki, nə dərəcədə yanlış fikir
söylədiyini anlasın.
Yaqut
əl-Həməviyə görə, Azər - pəhləvicə od deməkdir və Azərbaycan ədəbiyyatındakı
“Nuri Azər” ifadəsi - “Azər odu” (İlahi nur) mənasındadır. Quranda Azər -
İbrahim peyğəmbərin atası kimi qeyd olunur və bu kitabda O, büt düzəldib onları
İlahlara, yəni Allahlara çevirən Tanrı kimi göstərilir (Quran, 6:74). Quranda
açıq yazılır ki, Azər oğlu İbrahim peyğəmbər ilahi oddan (nurdan) Bina
tikmişdir və ora cənnətə çevrilmişdir (Quran,
37:97, 21:69, 2:126-128). Kitabi - Dədə Qorquda görə də İbrahim peyğəmbərə
xilas kimi verilən bu od – bustana, yəni Cənnəti-gülüstana çevrilmişdir (Kitabi
- Dədə Qorqud, B., 1988, səh.109). Məşhur sufi Mühiddin ibn Ərəbiyə görə də bu
od, peyğəmbərlərin yaşadığı cənnətdir
(İbn Ərəbi, “Füsusül Hikəm”, böl.14). İbn Ərəbi, İbrahim peyğəmbərin İlahi
oddan yaranmış cənnətini, ölmüş insanın ruhunun əbədi xoşbəxt yaşayacağı yer
kimi göstərir. O, bu mülkün bilavasitə İbrahim nəslinə verilməsini xüsusi qeyd
edir. İbn Ərəbi bildirir ki, Allah - ölüm zamanı insan ruhunun göydəki ruhlar dünyasına
düşməsinin qanununu yaratmışdır. Bu qanuna tabe olanın, yəni müsəlmanların
ruhları məhz ora qayıdır. Deməli, qədim mənbələrdə Azər adı - cənnətlə bağlıdır və bu cənnəti də Azər oğlu İbrahim
peyğəmbər yaratmışdır.
Lakin
ibn Ərəbiyə görə adi insanlar bunları dərk etmək iqtidarında deyillər. Çünki
onları təbiət və şəhvət idarə edir və onlar zəif ağılda olan məntiqsiz
insanlardır (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.25). İbn Ərəbi bildirir
ki, bu sirləri yalnız seçilmişlər dərk edə bilər. Seçilmişlər dedikdə isə,
mənbələrdə “biliyinə görə seçilmişlər“, yəni “Beyt əl-elm vəl-marifət
vəl-hikmət” - “elm, bilik və hikmət
Evi”nin üzvü nəzərdə tutulur. İbn Ərəbi bu seçilmişləri - Məhəmməd peyğəmbərin
xalqı adlandırır və nəzərə çatdırır ki, onlara Süleyman pilləsi verildiyi üçün
hamıdan üstündürlər (Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”, böl.16). Süleyman
pilləsi - Süleyman peyğəmbərin bildiyi “quş dili” mənasındadır. Seçilmişlərin
bu “quş dili” - rəmzlər dilidir və bizlərə bu dil sufizm, batin, ledun, təvil
və s. elmlər kimi məlumdur. Bu rəmzlər dilində, mənanı yalnız samitlər daşıyır,
saitlər isə bağlayıcı rol oynayır. Sağa və ya sola oxunuşundan asılı olmayaraq
bütün dillərdə bu samitlər eyni fikri bildirir və s.
Bütün
bunlar o deməkdir ki, Azər adı ilə bağlı olan sirlər, adi insanlar üçün çətin
dərk olunandır. Buna baxmayaraq biz daha qədimlərə gedib, Azər adının haradan
başladığının izahını verəcəyik.
Ərəb
mənbələrinə görə (İbn əl-Fəqih, Yaqut, əd-Diməşqi və b.) azərbaycanlı və ya
Azəri adı, Nuh peyğəmbərin törəməsi olan Azərbaz ibn əl İranın adından
götürülmüşdür (N. Vəlixanlı, “Ərəb xilafəti və Azərbaycan”, B.1993, səh. 47).
Azərbaz rəmzi ən qədim Şumer mənbələrində Asar və Abzu kimi qeyd olunur. Batin
elmində Asar-Abzu elə Azərbaz deməkdir. Şumer mənbələrində Abzu (Baz) -
Enmerkar şahın Aratta ölkəsində Böyük Allahlar üçün yaratdığı müqəddəs
məbədgah, yəni cənnət mənasındadır. Məhz bu Abzunun “ürəyində” Asar, yəni Azər
Allahı yaranmışdır. Məşhur alim Devid Rolun yazdığına görə, şumerlilər, Zaqros dağları ətrafından gəlmiş Enmerkarı -
İlahilik statusu olan Enki oğlu Asara qədər ucaltdılar. Mənbələrdə Asar Allahı
eyni zamanda Asar-Luhi kimi də yazılır ki, bu da sufizmdə elə Azər-İlahi, yəni
Azər-Allahı deməkdir (Devid Rol, “İtirilmiş Əhd”). Devid Rol xüsusi qeyd edir
ki, Misir mədəniyyətini də, Mesopotamiyadan köçüb gəlmiş bu Asar (Asər)
oğulları yaratmışlar və onlar Qor (Xor) fironlarının nəslidirlər. Rola görə,
Misir adı da – “M-Asar”, yəni “Asardan doğulmuşlar” (Asar oğulları)
mənasındadır. Deməli, Azər adı qədim Misirdə Asar, yəni Osiris kimi tanıdığımız
Allahın adıdır.
Batin elmində Enmerkar rəmzi
Ra-Amon-Qor kimi açıqlanır və bu da qədim Misirin Ra-Amon və Qor Allahı
deməkdir. Mənbələrə görə qədim Misirin ilk fironu (piri) olan Amon (Əman) -
İlahi nurdan, yəni ilkin materiyadan göydə Ra günəş diskini yaratmışdır. Özü
öləndən sonra, onun ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon
Allahına çevrilmişdir. İslamda bu yaranış, Rəhman (Ra-Əman) Allahın ərşə
yüksəlməsi kimi qeyd olunur. Ra diski ilə pir Amonun ruhunun vəhdəti islamda
“Vəhdət əl Vücud” adlanır. Bu birləşmədən, yəni Ra-nın Amonun ruhu ilə
vəhdətindən isə göydə qızılquş kimi uçan Qor Allahı yaranmışdır. Deməli,
Asar/Azər Allahı dedikdə, qədim Misirdə Ra-Amon-Qor, Şumerdə isə Enmerkar
adlanan Allah nəzərdə tutulmalıdır.
Enmerkar Allahı, Aratta ölkəsi
olan Eriduda Allahlar üçün Abzu cənnətini yaradır və bu rəmz də firon Amonun Ba
ruhu (Ba-İssi) mənasındadır. Bu cənnət firon (pir) Amonun Ba ruhunun, yəni
ürəyinin məhsulu olduğu üçün, qədim Misir mənbələrində cənnət - “ürəklər evi”
adlandırılır (Э. А. Уоллес Бадж, “Египетская книга мертвых”, М-СПб.. 2005,
səh.647). Deməli, Abzu cənnəti qədim Allahların Ba adlanan ruhlarının evidir.
Xalkidli Yamvlix özünün “Misir sirləri haqqında” kitabında, göydə
cənnət yaratmış firon Amonu və onun köməkçilərini teurq adlandırır. Teurq sözü
isə “türk” (tərikə yolunu gedən) deməkdir. Yamvlix teurqları - Misir maqları
kimi göstərir və bildirir ki, onların son məqsədləri, ruhlarının Allahla
vəhdətidir (А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm).
Teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinlər - “teurqiya” adlandırır. Qəbul
olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin
keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə
edirlər. Türkiyə ölkəsinin adı da məhz Teurqiya sözündən yaranmışdır və mən
“Türk, Türkiyə nə deməkdir. Ağlasığmaz həqiqətlər” adlı məqaləmdə buna izah
vermişəm.
Eriduda (Aratta) Allahlar
evinin, yəni cənnətin yaradılması Babil mənbələrində Marduk Allahına aid edilir
və D. Rol da Asar/Assur adının, Marduk Allahının digər adi olmasını yazır.
Şumer mifologiyasına görə, Marduk Allahı Tiamata, yəni Göy okeanına qalib
gələndən sonra, onun bir hissəsini, Allahlar vilayətindən ayırır. Bu okean,
ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk,
Etemenanki adlı Göy və Yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki,
onun başı Göylərə çatır (Б. А. Тураев, «Историю Древнего Востока», II cild, Л., 1935, səh.91). Deməli, Etemenanki adlanan Göy və Yerin təməl evi
elə Abzu, yəni Baz cənnətidir.
Göy əjdahası Tiamata qalib
gəldiyi üçün, Marduk Allahı mənbələrdə əjdaha ilə bir yerdə qeyd edilir və
Marduk adındakı “mar” rəmzi də əjdaha, ilan mənasını verir. Mənbələrdə “mar”,
yəni ilanla (əjdaha) bağlı olan xalq - Midiya xalqıdır ki, onlar da
Azərbaycanın Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar.
Rəvayətə görə, Herakl Gileyaya gələrək, buradakı mağarada, yarıqadın-yarıilan
Yexidna ilə cütləşir. Bu izdivacdan skif/sak - şahlar və mələklər nəsli yaranır
ki, mənbələrdə onlar “ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır.
Ezoterik xristianlıqda, Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail
çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır. Bu isə
o deməkdir ki, Mardukun, Heraklın nəsli olan ilandan doğulmuş midiyalılar -
mələklər nəslidir.
Tarixçi Moisey Xorenatsi
“Ermənistan tarixi” kitabında, ilandan doğulmuş midiyalıları “əjdahadan
doğulmuşlar” adlandırır. Onun yazdığına görə, əjdahalar nəsli olan Sisaka, yəni
saklar nəsli - “qədim şah toxumu” olan, tacqoyan Baqaratın ərənlər nəslidir.
Baqarat rəmzi – Bəg-Arat kimi izah olunur ki, bu da Aratta bəgi fikrini ifadə
edir. M. Xorenatsi, bəglərin bu əjdaha nəslini Yafət-Ərən nəsli hesab edərək,
Gel eli, yəni Gelarküni ilə əlaqələndirir. Gel eli isə elə Heraklın Yexidna ilə
cütləşdiyi Gileya mağarasının olduğu yerdır.
Qədim Misir mənbələrinə
görə, Gel eli, yəni Geliopol şəhəri – Allahın, göydəki ruhlar dünyasını
yaratmağa başladığı yerdir və buradan çıxmış Ptah (Yafət/Fateh rəmzləri) Allahı
indi də yaşayır. Burada Osiris, yəni Asar/Azər Allahının bədəni uyuyur və
axirətdə də O buradan zühur edəcəkdir. Bu isə o deməkdir ki, Abzu, yəni Baz evi
elə Midiyanın Gel şəhəridir ki, Azər/Asar Allahının bədəni də burada uyuyur.
Belə çıxır ki, ərəb mənbələrində İran oğlu Azərbaz deyəndə, ərənlərin
Azərbaycandakı Gel eli, yəni Gelarküni nəzərdə tutulur.
Baz, yəni Abzu məbədgahı
Azərbaycanda Bəzz qalası kimi məlumdur və bu qala xürrəmilərin qalası hesab olunur.
Babək burada çıxış etmişdir və Mehdinin də zühuru buradan gözlənilir
(“Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh.119). Mənbələrə görə, Bəzz
vilayəti Azərbaycanla Arran arasında yerləşir və bu rəmz altında ölkə, torpaq,
şəhər, kənd, dağ, qayalıq və daşlıq yer nəzərdə tutulur (Z. Bünyadov
«Azərbaycan VII-IX əsrlərdə», B.1989; səh. 229-230). Bu isə o deməkdir ki, Bəzz
qalası Enmerkar Allahının Arattada, Allahlar üçün tikdiyi ruhlar dünyasıdır və
Azər/Asar Allahı da məhz burada yaranmışdır.
Gelarküni adındakı “Küni”
rəmzi - Quranda “Kün!”, yəni Allahın “Ol!” əmrini bildirir və Allah, istədiyini
bu əmrlə yaradır. Şumer mənbələrində Kün rəmzi – Ki-Nun, Nun-ki, Enki, və s.
kimi yazılaraq, Etemenanki məbədinə aid edilir və buranın digər adı da Esagil,
yəni Gel məbədidir. Belə çıxır ki, qədim Misirin Gel şəhəri olan Geliopol,
şumerlilərin Etemenanki məbədindən başlanır.
Mənbələrdə Kün rəmzi Kənan
(Ki-Nun) kimi də yazılaraq yəhudilərə, yəni Azər oğlu İbrahim peyğəmbərin
nəslinə aid edilir. Türklərin, İbrahim peyğəmbərin nəsli olması haqqındakı
rəvayətlərə, Təbəri, ibn əl-İbri, ibn əl-Fakih və s. əsərlərində rast gəlinir.
Son dövrlərdə isə Artur Kestler bütün dünyaya sübut etdi ki, əsl yəhudilər
(seçilmişlər) - Xəzər xaqanı və Xəzər türk bəgləridir. Kitabi - Dədə Qorqudda
da bəg-ərənlər – “ərənlər əvrəni”,
“Adəmilər əvrəni”, yəni “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” adlandırılır
ki, bu da türk bəglərinin seçilmişlər nəsli olması deməkdir.
Mənbələrə görə, Azər oğlu
İbrahim peyğəmbərin vətəni Mesopotamiyanın Xarran şəhəridir. Xarran rəmzi
mənbələrdə Arran kimi, Xəzər rəmzi isə Azər kimi də qeyd olunur. Xarranın Arran
kimi yazılışı onunla bağlıdır ki, sufilərin Allah mənasında qəbul etdikləri
”Hu” rəmzi, gözə görünməyən İlahi Nuru, yəni ilkin materiyanı bildirir və onu
yalnız ekstatik vəziyyətdə görmək mümkündür. Buna görə də “H” samiti bəzən
yazılmır. Arran isə Azərbaycanın qədim adlarından biridir və buranı Xəzər
ölkəsi də adlandırırlar. Bu isə o deməkdir ki, Azər oğlu İbrahim peyğəmbər
Azərbaycan ərazisində yaşamışdır.
Buxariyə görə, müsəlmanların
ibadət yeri, İbrahim peyğəmbərin dayandığı yerdir, yəni Xarrandır (Arran) və
iki dünyanın səddi də buradadır. Mesopotamiya mənbələrində, Xarrandan çıxan və
İslamın rəmzi olan Ay rəmzi - El Allahına aid edilir və İl-Amurru adlandırılır.
İl-Amurru rəmzini biz Əli-Əmir, yəni Əli Əmir əl möminin kimi tanıyırıq. El
Allahı isə Səlim şəhərinin Allahı hesab olunur və Batin elmində Səlim rəmzi -
İslam rəmzi ilə eyni mənalıdır.
El Allahı, türklərin “Moyun
Çor” abidəsinə görə türk xanı tərəfindən yaradılmışdır (Ə. Rəcəbov, Y.
Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Burada türk xanı
iddia edir ki, məhz O - Tanrıda, yəni ilkin materiyada olmuş və orada El
yaratmışdır (oranı İl etmişdir). Bu isə o deməkdir ki, İslam dini də göydə
yaradılmış cənnət mənasındadır. Mühiddin ibn Ərəbinin yazdığına görə də, din -
göydə yaradılmış “dünya” mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada
ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və
müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din
rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin
göydəki El mənasında olmasını bildirir. İbn Ərəbiyə görə, İslam dini Allahdadır
və bu dinə tabe olaraq ölmək, Allahın qoyduğu qanuna tabe olub, onun göydə
yaratdığı dünyada əbədi yaşamaq mənasındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8).
Deməli, İbn Ərəbiyə görə din rəmzi - göydəki El anlamındadır və müsəlman olaraq
ölmək də, Allahın yaratdığı dində, yəni İslam Elində əbədi həyat qazanmaq
mənasını bildirir. Bu isə o deməkdir ki, İslam aləmi, yəni Darüssəlam - göydə
yaradılmış cənnət olan Azəri elidir, yəni Osiris Allahının şahlığıdır.
Mühiddin İbn Ərəbi bildirir
ki, ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş İbrahim və Yaqub
peyğəmbərlər olmuşlar. Qurana (37:83) görə, ilk şiələr də Nuh və İbrahim
peyğəmbərlərdir. Ümumiyyətlə, İslam ezoterizminin məşhur tədqiqatçısı Anri
Korbenin gəldiyi nəticəyə görə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl
olmuşdur. Bu isə o deməkdir ki, Batin elminə görə şiəlik və müsəlmanlıq heç də
qəbul edildiyi kimi VII əsrdən sonra yaranmamışdır.
Batin elmində, “Allahdan
başqa İlah yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti - “İlkin materiyadan
(İlahi Nur) başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki
Azər (Asar/Osiris) Elidir” mənasındadır. Belə çıxır ki, əsl İslam dini
Azərbaycandan və Azərilərdən başlanır.
Mən “Batini-Quran” kitabında
və məqalələrimdə göstərmişəm ki, sufilərə görə Məhəmməd peyğəmbər kosmik
insandır və peyğəmbərlər nəsli də bu insanın bənzəri kimi yaradılmışdır.
Mənbələrdə bu nəsil ənsarilər, nizarilər kimi qeyd olunur və biz bunları
seyidlər və ya batinilər kimi tanıyırıq. Ənsar/Nizar rəmzi qədim Misir
mənbələrində Nu-Asar/Nu-Oziri (Osiris/Usiri və s.) kimi yazılırdı və “Nu/İunu
şəhərində yaşayan Asar/Azər Allahı” mənasını verirdi. Nu/İunu şəhəri isə elə
Gel şəhəri, yəni Geliopoldur. Yəhudi mənbələrində Ənsar/Nizar rəmzi - Nazorey,
xristian mənbələrində isə Nasara/Nazaret kimi qeyd olunur.
Bildiyimiz kimi, Nizar
rəmzi, Ələmut qalasında cənnət yaratmış Həsən ibn Sabbaha aid edilir və
mənbələrə görə Nizar indi də yaşayır. Bu isə o deməkdir ki, Azər Allahının
nəsli elə ismaili-nizari şiələri olan seyidlərin nəslidir. Şiə rəmzi ən qədim
Misir yazılarında Şu Allahı kimi qeyd olunurdu və “Allah ruhu” mənasını
verirdi. Yəhudilər Şu rəmzini - Yeşua,
xristianlar isə İsa peyğəmbər adlandırdılar. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri
- “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda
olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (Анри Корбэн, История Исламской философии, səh.40, sayt:
http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii ). Deməli, bütün
dinlər birdir və onlar bilavasitə Azər Allahı ilə bağlıdır.
Tarixçi Robert Makkoy
bildirir ki, şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe, öz
tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa
ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını
götürərək, burada qanunlar toplusu və gizli ayinlər keçirən, Ezir (Azər)
adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır (Sayt:
http://www.proza.ru/2012/08/03/702). Onlar, insanlar üzərində ədalət məhkəməsi
qurur və gələcəkdən xəbərlər verirdilər. Gizli ayinlərdə onlar ölüm Allahının (yəni
Osiris/Azər) uca şəninə təriflər söyləyir və onun ölümü ilə bağlı matəm
mərasimi (yəni Aşura) keçirirdilər.
Son dövrün araşdırmalarından
da məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel
oğullarıdır və mənbələrdə onlar “quş dili” bilən Qulyardlar adlandırılırlar.
Bütün Avropa şahları, zadəganları bu Gel oğullarının törəmələridir. 18-ci əsrə
qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason
təşkilatını da onlar yaratmışlar (Sayt:
http://www.proza.ru/2012/08/03/702). İslamın rəmzi olan Ay rəmzinə
sitayiş edən bu Gel oğulları, ərəb mənbələrində Gel şiələri, yəni Gelati-Şiə
(Qulat) adlandırılan ifrat şiələrdir ki, biz onları Azəri bəgləri, seyidləri və
s. kimi tanıyırıq. Belə çıxır ki, Gel oğulları elə əjdahalar nəsli olan Sisaka,
yəni Gelarküninin şahlar nəslidir.
Buxarinin hədisinə görə,
Məhəmməd peyğəmbərin evi, vərəsəliklə Aqilə, yəni Gelə çatmış evidir. Deməli,
ifrat şiələrin Gel (Gelat/Qulat) evi elə Məhəmməd peyğəmbərin Əbu Talibin oğlu
Aqilə qalmış evidir. Əhdi-Ətiqdə, Gel/Gelat şəhəri – Qalaad kimi qeyd olunur və
Allah üçün xüsusi yer sayılır. Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır ki,
bu Gel evinin elə Allahın Mülkü olması mənasındadır. Allahın Mülkünda yaşayan
ismaili nizariləri də mənbələrdə Mələküt əhli, yəni mülhidlər, məlahilər
adlandırılır ki, bu da onların mələklər nəsli olması deməkdir.
Mələk rəmzi Azəri kaduslarına
(kuddus), yəni müqəddəslərinə ona görə aid edilir ki, onlar öləndə, ruhları Qor
qızılquşuna çevrilərək Azər dünyasına köçürlər və burada ölümsüzlük qazanırlar.
Məhəmməd peyğəmbərin dediyinə görə müsəlman, xristian və yəhudilərin hərəsinin
yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedir ki, bu da
peyğəmbərin və onun sahabələrinin yolu ilə gedənlərdir. “Peyğəmbərin yolu ilə
gedənlər” dedikdə, qədim Misirin Qor fironlarının yolu ilə gedənlər nəzərdə
tutulur ki, bu da elə Azəri türk bəgləri və seyidləridir.
Quranda Azər eli –
İzrail/İsrail kimi yazılır və batin elmində bu elə Asar/Azər Allahının eli
deməkdir. Quran açıq yazır ki, bu kitab, Allahın aləmlərdən üstün yaratdığı
İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik, bərəkət
və gözəl yurd vermiş, onlara cənnəti vəd etmişdir. Onlar elm və biliklərinə
görə seçilib, varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 10:93, 5:12,
45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Qurana görə, Allah göydəki cənnətini
də vərəsəliklə öz seçdiyi varisinə verəcəkdir (Quran, 2:30, 15:23, 7:128,
19:63, 21:105, 26:85). Tövrata görə də, Allah and içərək torpağı İbrahim, İsaq
və Yaqub nəslinə vərəsəliklə verəcəyini bildirmişdir (Библия, Исход, 6:8). Burada
torpaq deyəndə, Knun və Lbnun torpaqları nəzərdə tutulur ki, bu da Kənan
(Ki-Nun/Nun-Ki), yəni yerin altında tikilmiş Etemenanki-Abzu məbədi və onun
göylərində yaradılmış Alban ruhlar dünyasıdır (Библия, Втор.1:7-8). Alban [LBN] və
Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq
razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa
düşünülməlidir. Mənbələrdə Alban ölkəsi - Arran (Xarran) kimi də qeyd olunur və
Azərbaycana aid edilir.
Tarixçi M. Xorenatsinin
“Ermənistan tarixi” kitabına görə, Albaniya (Arran) ölkəsi vərəsəliklə
GelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir (I Kitab, böl.12). Belə
çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Azəri türklərinin Gelar bəgləri
nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə
verilmişdir.
Əflatun ilk Azəriləri –
Allahlar nəsli kimi göstərir və adi, ölümlü insanları da məhz onların
yaratdıqlarını bildirir (Əflatun, “Timey”, 41B,D,S). Bu dünyadakı bütün inkişaf
məhz Azər oğullaının hesabına baş vermişdir. Çünki, sadəcə onlar İlahi nurla,
yəni ilkin materiya ilə vəhdət təşkil edirlər və ondan informasiya almaq
qabiliyyətinə malikdirlər. Bu gün bizim - pir, bəg, seyid, şıx və s.
adlandırdığımız Azəri müqəddəslərini, məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə
görə, Allah Özü himayə edir. Mənbələrdə padişahlar və peyğəmbərlər nəsli
dedikdə də məhz onlar nəzərdə tutulurlar. Bütün İran şahları - Alban şahı olan
Aranın Sisaka nəslinə aiddir. Osman şahlarının da nəsli məhz «ilandan doğulmuş»
(«əjdahadan doğulmuş») bu Midiya maqlarının nəslidir (А. Даврижеци «Книга историй», М., 1973, böl.
51). Çin, Yapon imperatorlarından tutmuş qədim dünyanın bütün sahibləri bu
əjdahalar nəslinin törəmələri olmuşlar.
Mən sadəcə bir sitatın
batini izahını verməklə göstərdim ki, Azər adı, İlber bəyin qeyd etdiyi kimi
təhqir deyildir. Əksinə, Azər adı - Rəhman Allahın, ən ali status kimi özünə
götürdüyü addır. Mən bütün mənbələrdə yazılanların elmi açmasını verib, onların
hamısında Azər adının Allahla bağlı olduğunu sübut edə bilərəm.
Bu gün Azərilərin bu
səviyyəyə enmələri, Rəhman Allahın “Lövhi-Məhfuz”da yazdığına uyğun baş verir.
Qədim Misir yazılarına görə də, dünyaya sahib kimi doğulmuş Azər (Osiris)
Allahı axirətə yaxın Set tərəfindən öldürülür. Lakin sonradan Qor Allahı onu
yenidən dirildir və o yenə dünyanın sahibinə çevrilir.
İlber bəyə məsləhətim odur
ki, əsl mənasını dərk etmədiyi yazıları “oxuyub”, xalqların keçmişi haqqında
hökm verməsin. Onun bu gün tarix adlandırdığı elm - başdan ayağa
cəfəngiyyatdır. Bunu artıq Fomenko, Topper və s. kimi alimlər sübut etmişlər.
Əsl tarix, vaxtı gələndə yenidən yazılacaqdır.
Firudin Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий