пятница, 13 июля 2012 г.

Bu günkü İslam – cəhalət, bütpərəstlik, Batini İslam isə kamillik və ölümsüzlük deməkdir.


Təəsüfləndirici haldır ki, dünyaya xaqanlar və müqəddəslər nəslinin törəmələri kimi gəlmiş türklər - cəhalət və ölümü, kamil insan kimi ölümsüzlük qazanmaqdan üstün tuturlar. 

İslamın müqəddəs kitabı Quranın zahiri mənasından başqa, yalnız sufilərə aydın olan batini mənasının olması artıq hamıya məlumdur. Zahiri məna özündə daxili mənanın istiqamətini daşıyır və bu iki mənanı birləşdirəndə, Allahın bu dünyada gördüyü işlər və onun fikirləri açılır.
Batini mənanın açılmamasının nəticəsidir ki, insanlar bu gün ən sadə şeyləri, məsələn insanın yaranışı haqqında həqiqətləri bilmir, özlərindən müxtəlif  fərziyyələr  irəli sürürlər. Batini mənanı bilənlər üçün isə sirr deyilən şey yoxdur. Onlar bu dünyada kamil insan kimi sakit yaşayir, öləndən sonra isə Allahın göydə yaratdığı Qeyb aləminə köcərək, orada ömürlərini davam etdirirlər.
Qədim dövrdə insanlar - millət və xalqlara yox, avam adlandırılan adi insanlara və pir, bəg, seyid və s. adlandırılan seçilmişlər nəslinə ayrılırdı. Seçilmiş müqəddəslər nəsli xüsusi üsulla, yəni Allahın obrazı ilə yaradıldığı üçün, onlar kamil insan nəsli hesab olunurdular və ölən kimi də cənnətə düşürdülər. Avam insanların ruhlarının cənnətə düşməsi üçün isə Allah onlarla müqavilə bağladı və bu müqaviləni İslam adlandırdı. İslam rəmzi ən qədim mənbələrdə Səlim, Ur-Səlim, İsmail və s. formalarda yazılaraq göydəki aləmi və bu aləmin sahibinin ruhunu bildirirdi. Mən, “Bütün dinlər birdir” adlı məqalədə bu rəmzin açmasını vermişəm.
İslam, bu gün qəbul edildiyi kimi Ərəbistan çöllərində yox, qədim Misir yazılarında Yalu sahələri, yunanların isə Ereb adlandırdığı göy sahələrində yaranmışdır. Ereb dünyası, yəni Ərəbistan da göyləri təşkil edən ilkin materiyada yaradılmışdır. Erməni mənbələrində bu yaradılış, Midiyanın Sünik ərazisində, yəni indiki Azərbaycan torpaqlarında “səhra tikilməsi” kimi qeyd olunur. Bu səhranı tikənlər isə kitablarda “müqəddəs Atalar” adlandırılır. Mənbələrdə açıq yazılır ki, insanlar burada ikinci həyat qazanırlar və ömürlərini bu mələklər diyarında davam edirirlər.
Aydındır ki, səhra – çöllük, düzənlik deməkdir və bu düzənliyi tikmək də absurd söhbətdir. Midiyanın dağlıq ərazisində “səhra tikilməsi” də təbii ki, rəmzi mənadadır və batin (sufizm/ledun/təvil) elmində bu, qurban vasitəsi ilə göy sahələrində - qədim Misir yazılarında Qeb adlandırılan ruhlar dünyasının yaradılması deməkdir.
İslamda Qeyb aləmi kimi qeyd olunan Qeb dünyası, e. ə. VIII əsrə aid Assuriya yazılarında, Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsi kimi qeyd olunur (И. Дьяконов, «История Мидии», M.,1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları yaşayırlar. «Kitabi - Dədə Qorqud»da, göydə yaradılmış bu dünya - Əmman (Ümman) dənizində tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında «mənəm Allah» deyə qışqırışırlar («Kitabi - Dədə Qorqud», B., 1988, səh.118).
Midiya əhalisi mənbələrdə «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» adlandırılır ki, bu da Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan, yəni tərikə yolunu gedən türüklər (türklər) mənasındadır. İnsan ruhunun göy aləmində səyahəti sufizmdə «suluq» (yəhudilərdə «salxa», ərəbcə «seyr və suluq»), bu yolun yolçusu isə «saleh» adlanır. Təsəvvüf elmində suluq rəmzi xüsusi dolaşma, yəni “Allaha səyahət” və “Allahda səyahət” mənasındadır. Deməli, dini kamilləşmə (tərikə) yolu ilə gedən türük, elə “ekstaz” vəziyyətində cənnətdə səyahət edən salehdir. Mənbələrə görə, bu “səyahət”lə ilkin materiyanın sirlərini öyrənən zahidlər, Midiya ərazisində şəhər tikdilər və “köçüb” orada yaşamağa başladılar.
Mən, insan ruhunun “quş” formasında Qeyb aləmində yaşamasını, kitab və məqalələrimdə faktlarla göstərmişəm. Əlavə olaraq bildirmək istəyirəm ki, “peyğəmbər” dedikdə də adi insan yox, göy dünyasında ölümsüzlük qazanmış müqəddəsin ruhu başa düşülməlidir. Bu isə o deməkdir ki, İslam dininin banisi sayılan Məhəmməd peyğəmbər, Qeyb aləmində bu gün də ömrünü davam etdirən müqəddəsin ruhudur. Məhəmməd peyğəmbərin hədislərdə “iki dünyanın ağası” adlandırılması isə onu göstərir ki, O - qədim Misirin Ra-Amon Allahının obrazıdır. İslamda Rəhman kimi qeyd olunan bu Allahın, göy dünyasını və digər şeylər yaratması Quranda da açıq qeyd olunur. Ra-Amon Allahının yaratdıqlarını yaxşı başa düşmək üçün, Quranda Rəhman kimi qeyd olunan kəlməni Ra-Əman kimi qəbul edib, Quranı bu məntiqlə diqqətlə oxumaq kifayətdir. Bu isə ona gətirib çıxaracaq ki, insan - hər şeyin mücərrəd bir mərhəmətli və rəhmli varlıq tərəfindən yaradıldığını yox, konkret bir insanın ruhu tərəfindən yaradıldığını dərk etsin. Bu ruh, ilkin materiya ilə, yəni bəşəriyyətə həyat vermiş “dirilik suyu”ilə vəhdət təşkil etdiyi üçün, Allah dedikdə - əvvəli və sonu olmayan ilkin materiya və onu idarə edən firon Amonun ruhu təsəvvür olunmalıdır. Bütün bunlar İslamın batini mənasıdır və yalnız sufilərə məlum olmuşdur.
Sufi dedikdə - tərikə yolunu gedən türük, yəni bu gün türk adlandırılan mürid nəzərdə tutulmalıdır. Türk rəmzi erməni mifologiyasında Tork-Angelea, yəni Türk-Gel nəsli kimi Allahlara aid edilir. Burada mələk mənasında olan “Angel” rəmzi - imam Əlinin ifrat Gel şiələrinə aid olan rəmzdir və bu nəsil İslam mənbələrində “məlahi”, “mülhid” kimi yazılaraq mələklər (mələküt) nəsli mənasındadır. İsmaililərin bu Gel nəsli Heraklın “ilandan doğulmuşlar” nəslidir və mənbələrə görə bu mələklər - padşahlar və peyğəmbərlər nəslidir.
 Təbrizli Arakel «ilandan doğulmuş» («əjdahadan doğulmuş») Midiya maqlarını – «Osman şahlarının nəsli» adlandırır (А. Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Diodor Siciliyalı isə Misir fironu II Ramsesi - Osimon-Dias, yəni Osman-Allah kimi qeyd edir. Osman [SMN] rəmzi Ledun elmində - «İssi Əman» [SS-MN], yəni «Əman ruhu» (Amon ruhu) kimi yozulur. Belə çıxır ki, mənbələrdə Osman türkləri dedikdə “Amon Allahının ruhu olan türklər”, yəni ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslər nəsli başa düşülməlidir. Orxon-Yenisey mətnlərində türk xanının Allah kimi göydə Allah yaratması açıq yazılır. Bu isə o deməkdir ki, Allah dedikdə - göydə Ra-Amon Allahını yaratmış türk xanının ruhu başa düşülməlidir.
Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm”. Yazdığımız kimi, Şərq rəmzi sufizmdə göyləri bildirir ki, qədim Misirin 120 minlik Allahlar ordusu da, buradakı Qeb (Qeyb) aləmində ömürlərini davam etdirən ölməz müqəddəslər nəslidir. Biz bu varlıqları - insanların canların alan Əzraillər kimi tanıyırıq. İslam mənbələrində isə bu varlıqlar Həsən ibn Sabbahın “assasin”ləri kimi qeyd olunur və onlar “qala adamları”, yəni yerlə-göyü birləşdirən Ələmut qalasının (Süleymanın Allah Evi) məlahi-mülhidlərdir. “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı məqalədə mən göstərmişəm ki, bu 120 minlik ordu İslamın 124 min peyğəmbərlərinin əsasını təşkil edir (bax. http://gilarbeg.blogspot.com/2012/02/islamn-124-min-peygmbri-kimlrdir.html ). Bu isə o deməkdir ki, türklər – sufi silsiləsinin kamillik yolunu keçib qədim Misir Allahlarına çevrilmiş peyğəmbərlər nəslidir. Osman türkləri dedikdə də firon Amonun, Allahın obrazı ilə xüsusi yaratdığı “Qor ardıcılları” nəzərdə tutulmalıdır və bu haqda mən kitab və məqalələrimdə geniş məlumatlar vermişəm.
Qor ardıcılları öz yaradılış xüsusiyyətlərinə görə öləndə cənnətə və ya cəhənnəmə yollanırlar. Adi insanlar isə bu yolu getmək üçün Allahla müqaviləyə qoşulmalıdırlar, yəni İslamı qəbul edib, onun qanunlarına ciddi surətdə əməl etməlidirlər. Quranda “Amenu olmaq”, yəni “iman gətirmək” - Amon Allahının cənnətə düşməsi üçün getdiyi yolun təqlidi deməkdir. Ölən insanın ruhu bədəni tərk etdikdə, ruh - balıq sudan çıxanda boğulduğu kimi, o da “boğulmağa” başlayır və əgər o “hara getdiyini” bilirsə birbaşa Qeyb aləmindəki “məhkəmə salonu”na yollanır. Əks halda adi insanın ruhu işıqda parçalanır və ruh məhv olur. Müqəddəslər nəsli olan türklər isə xüsusi üstünlüklə yaradılmışlar ki, onlar İslam qanunlarına riayət etməsələr belə öləndə, ruhları “məhkəmə salonu”na birbaşa gedir və yerdəki əməllərinə görə cənnətə və ya cəhənnəmə düşürlər. Bundan əlavə, Allah bu seçilmişlər nəslinə “dünyanı yaradan silah” vermişdi ki, sonralar harama əl uzatdıqları üçün bu silah öz gücünü itirdi. Bu, bizim bu gün “seyidin cəddi” adlandırdığımız möcüzələr göstərmək qabiliyyətidir. Bunun əsas səbəbi isə müsəlmanların, İslamın zahiri mənasına üstünlük verməsidir ki, bu da cəhalət və bütpərəstlikdir.
Hədislərdə deyildiyi kimi, zaman keçdikcə yer üzərində bilicilər və xəbərdarlardan bir nəfər də qalmadı və insanlar özlərinə cahil insanları başçı seçməyə başladılar. Bu elmsiz şeyxlər və ayətullalar isə bilmədikləri şeylər haqqında qərarlar verdilər. Batini sirləri bilməyən din xadimlərinin “təfsirləri” nəticədə insanlar “haradan gəlib hara getdiyini” yaddan çıxardılar və bunula da İslam adlı müqavilənin mühüm hissəsi öz mənasını itirdi. Nəticədə, peyğəmbərimizin dediyi kimi, 73 təriqətin 72-si, İslam qanunlarına riayət etdiyi halda cənnətə düşə bilmədilər. Türklərin bəzilərinin avam insanlarla nigahı, müqəddəslər nəslinin də “Qor ardıcılları” sırasından çıxıb adiləşməsinə səbəb oldu. İslamın batini yox, zahiri anlamının önə çəkilməsi və digər faktorların nəticəsində, bu gün cənnətə yalnız adi insanlarla qarışığı olmayan pir, seyid, bəg, şıx və s. müqəddəslər nəslinin nümayəndələri düşürlər.
Dünyada ağalıq üçün yaradılmış xaqanlar və peyğəmbərlər nəsli olan türklər, bu gün cəhalət və bütpərəstliyin rəmzi olan zahiri İslamı tədris edir, İslam dinini - ərəb adlandırılan avam insanların hakimiyyət mübarizəsi kimi qələmə verirlər. Bu günə qədər yazılmış küllü miqdarda mənbələri dərk etməyən, sufi elmini mənasız bir elm kimi qəbul edən bu insanları – elm və texnikanın, cəmiyyətin inkişafı da cəhalət yuxusundan ayıltmadı.
Qədim mənbələrdə axirətqabağı dövr bütpərəstlik dövrü kimi qeyd olunur ki, hər bir qrup insan - İudaizm, Buddizm, Xristianlıq, İslam adlı dinləri bütə çevirərək ona sitayiş edir. Bu insanlar hələ də anlamamışlar ki, bu dünyada yanlız bir din və bir elm vardır. Məhz bu Batin elmi sayəsində firon Amon göydə ruhlar dünyası, kamil və adi insanları yaratmışdır. Məhz bu sufi elmi nəticəsində qədimdə pir babalarımız Misir ehramları tikmiş, Atlantida, Şumer və s. mədəniyyətləri yaratmışlar.
Adi insanların qədim sirləri dərk etməməsi anlaşılandır və bu onun mahiyyətinə uyğundur. Lakin ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslərin törəmələrinin, əllərində küllü miqdarda sufi ədəbiyyatı olan türklərin bu səviyyəyə enməsi çox acınacaqlıdır. Ən anlaşılmaz isə odur ki, onlara bu sirlər açıldıqda belə, onlar - cəhalətdə, qaranlıqda yaşamalarını və bütün canlı varlıqlar kimi birdəfəlik ölmələrini, “Allah nuru” ilə nəfəs alaraq ölməzlik qazanmalarından üstün tuturlar.
İslam dini, insanın bu dünyada Ra-Amon Allahın himayəsi ilə xoşbəxt yaşaması və öləndən sonra da onun ruhunun, bu Tək Allahın göydə yaratdığı ruhlar dünyasında ömrünü davam etdirməsi üçün yaradılmış vasitədir. Əgər insan hansısa bir təhrif üzündən göy cənnətinə düşməyəcəksə, onun İslam qanunlarına əməl etməsi və özünü müsəlman hesab etməsinin məna yoxdur. Müsəlman kəlməsi batin elmində “Əman Allahın səmadakı eli”, “müslüm” rəmzi isə “Səma aləmi” fikrini ifadə edir ki, bu da İslam qanunlarına əməl edənin, Əman Allahın göydəki Qeyb aləminə düşüb, orada yeni həyat qazanması mənasındadır. Ramazan bayramı – göydə, ilkin materiyadan Allah yaratma ritualının təqlidi, Aşura mərasimi bu Allahın axirətdə ölüb, yenidən dirilməsi mərasiminin təqlidi, qurban bayramı isə Qeyb aləminin yaradılması üçün keçirilən qurban mərasiminin təqlididir. Digər bütün qədim mərasim və bayramlar da bilavasitə Amon Allahının göydə və yerdə yaratdıqlarının təqlididir. Bunların da əsas mahiyyəti, insanın, yerdə və göydəki bütün yaradılışları təşkil etmiş Amon Allahı olmasını (“Amenu olmaq”) ilkin materiyaya sübut etməyə çalışmasıdır. Çünki yalnız bu halda adi insan, göyləri təşkil edən ilkin materiyanı “aldadıb”, özünü Amon Allahı kimi qələmə verərək, Qeyb aləminə qalxıb, Amon kimi ölümsüz ola bilər. Bu adi şeyləri bilməyən insan heç vaxt cənnətə düşə bilməz. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allah kimi ölümsüzlük qazanır. Cəhalət, bütpərəstlik isə ölümə aparır.
Mənim bu sirləri açmaqda əsas məqsədim, insanları cəhalət yuxusundan ayıltmaq, onlara həqiqəti başa salmaqdır. Mənbələrdə, özlərinə cənnəti təmin etmiş insanlar – “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri hesab olunurlar. Bu gün də insanların yenidən cənnət qazanmalarına şərait yaranmışdır. Lakin hər bir insan özü gələcək taleyinin hakimidir. İstər cəhaləti seçib bütün varlıqlar kimi məhv olar, istərsə də Amon Allah kimi ölümsüzlük qazanıb Ədn, yəni Din cənnətində müqəddəslərlə xoşbəxtlik qazana bilər. Seçim insanlarındır.
Bütün bunlar haqqında daha geniş məlumatlar, müəllifi olduğum “Batini-Quran” kitabında və son araşdırmalarımda verilmişdir (bax. http://gilarbek.blogspot.com/ ).

                                                                             Firudin Gilar Bəg
                                                                             www.gilarbeg.com
firudin@gilarbeg.com


Комментариев нет:

Отправить комментарий