понедельник, 13 ноября 2017 г.

Qədim dünyanın Allahları – Azərbaycanın Xilat Atabəgləridir


Azərbaycan tarixinin ən sirli məqamı, onun Xilat atabəgləri ailəsi ilə bağlıdır. Tanınmış alim Ziya Bünyadov yazır ki, Xilatın, Ərzincanın sahibi şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (“Историческая география Азербайджана”, Б.,1987, səh.95). Tarixçi Vardan isə bildirir ki, Sökmən - “Xelat və digər çoxlu şəhərləri aldı… O həddi-buluğa çatandan sonra… on iki şəhərə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…”. Digər tərəfdən, mənbələrə görə, özünü Şahi-Ərmən elan etmiş Azərbaycan atabəglərinin malikanısi olan Xelatda, gürcü çarlarının da qəbrləri yerləşir (К.Гандзакеци, “История Армении”, М., 1976, səh. 282, 234). Ortaya maraqlı suallar çıxır: Kimdir bu Xilat atabəgləri? Niyə Azəri şahı Sökmən, sirli Xilatı aldıqdan sonra özünü Şahi-Ərmən adlandırır? Ərmənşahları, Azərbaycan atabəglərini və gürcü çarlarını Xilatla nə bağlayır? Bu və s. bu tip suallara cavab tapmaq üçün, qədim mənbələrdəki rəmzləri diqqətlə araşdırıb, onların batini mənalarını açmaq lazımdır və mən də bu işi öz üzərimə götürüb, bu suallara cavab verməyə çalışacağam.
Qədim yazılarda Xilat/Xelat (XLT) və s. kimi qeyd olunan rəmzlər digər mənbələrdə Qalaad, Xalda, Gelda (QLT/XLT/GLD) və s. müxtəlif formada qeyd olunur. Əhdi-Ətiqdə, Xilat rəmzi ilə eyni mənalı Qalaad torpağı - Allah üçün xüsusi yer sayılır və Allah  Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ., Пс.,59:9). Bu kitabda, Qalaad izmailliləri (ismaililər) dedikdə - madiamlılar, yəni midiyalılar nəzərdə tutulur. Deməli, Qalaad/Xilat atabəgləri Midiya ismaililəridir və Allah bu torpağı – Öz torpağı sayır.
Xilat rəmzi ilə eyni mənalı Xalda rəmzi, Urartu Allahları siyahısında - “Xalda darvazası” və “Xalda darvazasının Allahları” kimi keçir. Çox qürətli silaha malik olan Xalda müharibə Allahı, Urartu dövlətinin və şahının himayədarıdır («Хрестоматия по истории Древнего Востока», М.,1980,səh.302). Bu isə o deməkdir ki, Allahın şəxsi mülkü olan Xilat/Xelat, darvazası və Allahları ilə tanınır.
Lakin, Xilat/Xalda rəmzləri həm də xaldey, yəni kəldani deməkdir. Evseviy xaldey/kəldani sülaləsini - “Kuti sülaləsi” adlandırır (И.М.Дьяконов, «История Мидии»,М.-Л.,1956, səh.37,38). Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir. Herodot, xaldeyləri Assuriya ordusundakı bölmə kimi göstərir. Əhdi-Ətiqdə İsay (Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (Библ.,Исая, 23:13) Belə çıxır ki, Xilat atabəgləri - şahlığı göydən yerə enmiş qədim Midiyanın Kuti xalqıdır və onların başqa adı isə Assurdur.
Strabon, xaldeylərin qədimdə “xalib” adı ilə tanındığını bildirir və Homerin isə onları “qalizon” adlandırdığını qeyd edir (Strabon,XII:3/19,20). Xalib və qalizon rəmzlərinin kökü xel/gel rəmzləridir. Klavdiy Ptolomeyə  görə də, Albaniyadakı Gelda (Xalda/Xilat) yaşayış məskənində Gel tayfaları yaşayır (Ptolomey V, 11/2). Bu isə o deməkdir ki, Xilat/Xalda/Geldanın əhalisi olan Kuti və Assurlar - Gel tayfalarıdır.
Əksər qədim mənbələrdə xaldeylər - maqlar hesab olunur və ən qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırdı. Əhdi-Ətiqdə də xaldeylər – astronomiya, riyaziyyatla məşğul olan Babil müdrikləri və alimləri kimi təqdim edilirlər. Onların, öz dövrlərinin bütün elm sahələrinin ən savadlı insanları olmaları, Assuriyanın Nineva şəhərində tapılmış mixi yazılarında qeyd olunur. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər, bilavasitə Geliopolda, yəni Gel şəhərindəki məhəllədə yaşayırdılar (М.А.Коростовцев, «Религия древнего Египта, М.,1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunmuşdu. Bu isə o deməkdir ki, xaldeylər həqiqətən Gel elinin, yəni Geliopol/Gelda/Xalda/Xilat kahinləridir.
Yazılanlara görə, Fars imperiyası dövründə Kserks, Babil adını qadağan etdiyi üçün, onun yerinə Xaldey adını çəkməyə başladılar. Başqa sözlə, Xaldeya elə Babildir. Berossa görə, xaldey Nabupalasar, Babildə dağa bənzər hündürlük düzəltdi və orada cürbəcür ağaclar əkdi və Semiramidanın asma bağını saldı (Б.А.Тураев,“История древнего востока”, Л.,1935, cild II.səh.92). Herodota görə, xaldeylər Bel Allahının kahin qrupudur. Digər mənbələrə görə də xaldeylər Bel-Marduk Allahının kahinləridir və onlar İskəndərin törəmələri üçün baxıcılıq edirmişlər.
Şumer-Akkad mifologiyasına görə, Marduk Allahı, Tiamata, yəni ilkin materiyaya (göy okeanına) qalib gələndən sonra, onun bir hissəsini göy okeanı kimi Allahlar vilayətindən ayırıb, dərya sularında – “başı göylərə çatan” və “göy və yerin təməl evi” olan  Etemenanki məbədini tikmişdir (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л.,1935, səh.91). Bu evin başının göylərə çatması, onun elə Babil qülləsi olması deməkdir. Mardukun göylərdə tikdiyi bina, Quranda da qeyd olunur (Quran, 40:64, 15:16, 2:22, 85:1). Əgər, xaldey şahı Nabupalasarın (Nəbi Alp Asar) Babildə “asma bağ“ salmasını yada salsaq, razılaşarıq ki, “asma bağ” dedikdə, Nabupalasarın göylərdə - ilkin materiyada yaratdığı cənnət başa düşülməlidir. Quranda da Xilat - Xüld cənnəti adlandırılır və göydəki ruhlar dünyasını bildirir: “De: Bu yaxşıdır, yoxsa Allahdan qorxanlara vəd olunmuş Xüld cənnəti və onlara bir mükafat və qalacağı yer vəd edilmişdir!” (Quran, 25:15). Babil rəmzinin - “Allahın qapısı” mənasını verməsi isə o deməkdir ki, Babil qülləsi elə Etemenanki məbədidir və bu məbədin qapısı da xaldeylərin Xalda darvazasıdır. Buradan isə belə bir nəticə çıxır ki, Xalda darvazalarının Allahları elə xaldeylərdir.
Sufi-batinilərdə “xaldey” rəmzi – “xal” və “dey” rəmzindən ibarətdir ki, buradakı xal/hel rəmzi “Hu-El” kimi izah olunur və bu rəmz İlah/Eloax rəmzləri ilə eyni mənalıdır. “Dey” rəmzi isə Dio/Teo mənasında Allah deməkdir və ismaili batinilərdə bu rəmz “dai” kimi keçir. Deməli, “xaldey” rəmzi – “İlahi-Allah” mənasında - “ilkin materiyadan yaranmış Allah”, “Allahın İlahi Gel eli” və s. kimi qəbul edilməlidir. Bu isə o deməkdir ki, xaldey dedikdə elə Gel elinin kahinləri olan qədim Allahlar, o cümlədən Xalda darvazasının Allahları başa düşülməlidir.
İran yazılarına görə, Babil ölkəsi, elə Assur ölkəsi olan Asuristandır (Р.Фрай, «Наследие Ирана» М., 1972, səh.150). Mən yuxarıda qeyd etdim ki, İsay peyğəmbərə görə, əvvəl Xaldeya torpağında heç kim olmamışdır və ora səhra əhlindən olan Assurlar gəlib, orada özlərinə qüllə tikmişlər. Başqa sözlə, Babilə/Xaldeyaya gələn Allahlar, elə - səhradan, yəni göy sahələrindən gələn Assur/Osiris Allahlarıdır. Babil qülləsini də məhz onlar tikmiş, sonra da yerin altında basdırmış və Xaldeyanı xarabalığa çevirmişlər.
Məşhur tədqiqatçı Devid Rol da, Şumer-Akkadların göydə qüllə tikən Marduk Allahını – Asar adlandırır və onu qədim Misirin Osiris Allahı hesab edir. D. Rola görə, Misir mədəniyyətini, Mesopotamiya-Şumer fatehləri yaratmışlar. O, bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. D. Rol nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını,  Enki oğlu Asar İlahi statusu ilə adlandırmışdılar (Д. Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read). Bu o deməkdir ki, Asar/Assur (Osiris) adı – Enmer-Kar şaha verilən addır. Enmer-Kar (NMR-KR) rəmzi qədim dilçilikdə Qor-Ra-Amon (QR-RMN) rəmzinin digər yazılış variantıdır və bu rəmz də Qor qızılquşu obrazında olan Misirin Ra-Amon Allahını bildirirdi. Belə çıxır ki, Assur/Asar/Osiris Allahları dedikdə - qədim Misirin Ra-Amon Allahının “törəmələri” başa düşülməlidir və “xaldey” adı da onların digər adlarından biridir.
Tarixçi Vardan bildirir ki, Sökmən (Sukamun/Sakyamuni) - Xelat və digər çoxlu şəhərləri və s. aldıqdan sonra özünü Şahi-Ərmən adlandırdı. Sufi-batinilərdə “Ərmən” (RMN) rəmzi – Ra-Amon (R-MN) rəmzi ilə eyni mənalıdır. “Sökmən” rəmzi də sufilərdə “Sak-Amon” kimi açılır və “Amonun ruhu” anlamını verir. Qədim Misir yazılarında açıq yazılır ki, saxu/sahu rəmzi – bədəndən çıxan insan ruhunu bildirir (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Başqa sözlə, “Sökmən” rəmzi - ölümsüzlük qazanmış Amon/Əman Allahının ruhu anlamındadır. Misir mənbələrinə görə, firon Amon öləndən sonra, onun göyə qalxan ruhu, burada əvvəlcədən yaratdığı Ra günəş diski ilə birləşir və Ra-Amon Allahına çevrilir. Bu isə o deməkdir ki, məhz Xilatda – Azərbaycan atabəglərinin yurdunda, pir Əman - Ra-Amona, yəni Rəhman Allaha çevrilmişdir. Belə çıxır ki, Rəhman Allah məhz Xilatdan ərşə yüksəlmiş və dünyanın sahibi olmuşdur.
Atabəg rəmzi sufizmdə ata və bəg rəmzindən ibarətdir və buradakı bəg rəmzi – sufizmin bəqa səviyyəsinə yüksəlib, İlahla vəhdətə nail olmuş müqəddəslərə deyilir. Buna görə də İran və rus mənbələrində eyni mənalı Baqa/Boq rəmzi Allah mənasını verir. Deməli, sufizmdə atabəg rəmzi – Allahların Atası deməkdir ki, qədim Misirdə məhz Ra-Amon Allahı - bütün Allahların Atası və Ağası adlandırılırdı. 
Digər tərəfdən, Xilat rəmzi Əflatunun “Kritiy” əsərində Kleyto kimi qeyd olunur. Əflatun bildirir ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə, Atlantida adası - dəniz Allahı olan Poseydona düşür. Bu adadakı Atlas (Talas/Tolis) dağında Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir (29). Belə çıxır ki, Xilat atabəgləri həm də dəniz Allahı Poseydonun şahlar nəslidir.

Xilat rəmzi, Azərbaycan numizmatikasında Xəllədə kimi də qeyd olunur və “Xəllədə Mülkəhu”, “Xəllədullah Mülkəhu” kimi yazılaraq, Cəlair şahlarının pul sikkələrinə aid edilir. Sufi-batinilərdə “Xəllədə Mülkəhu” rəmzi -  sufilərin “Hu” adlandırdığı İlahın (ilkin materiya, İlahi od və s.) yerdə mövcud olduğu Mülk,  “Xəllədullah Mülkəhu” rəmzi isə İlahla vəhdətdə olan və ondan yaradılmış Rəhman Allahın yerdəki Mülkü deməkdir. Bu isə həm də onu deməyə əsas verir ki, Cəlairilər də elə Gel nəslidir. Mənbələrdə Cəlair rəmzi Gilar rəmzinin ərəbləşmiş variantı hesab olunur.

M. Xorenatsi “Ermənistan tarixi” kitabında yazır ki, Gelam, bir gölün yaxınlığına gəlib, buranı düzəldir və ora, öz adına uyğun Gel, kəndə isə Gelarküni adını verir. Burada onun, Sisaka adlı uca ər olan, boy-buxunlu, xoş simalı, natiq və sərrast oxatan oğlu olur. Gelam, ona öz mülkünün çox hissəsini və çoxlu qul verir və onun mülkünün sərhədlərini təyin edir. Burada məskən salmış Sisaka, ölkəni öz adına uyğun Sünik adlandırır ki, farslar ona Sisakan deyirlər. Sonralar, Ermənistanın birinci şahı Valarşak, Sisaka nəslindən ləyaqətli bir ərə rast gəldiyindən, onlara ölkənin hökmranlığını verir və məhz bunlar Sisakan nəslidir (Kitab, I, böl.12). Gelam rəmzi, sufizmdə İqlim/Kəlam/Mələk/Mülk/Malik və s. rəmzlərlə eynidir və bunlar da bilavasitə Allahla bağlı rəmzlərdir. Gel-Gelamın buranı düzəltməsi və Sünik adlandırması o deməkdir ki, mənbələrə görə müqəddəs Ataların tikdiyi “səhra”, yəni göydəki ruhlar dünyasının obrazı olan Babil- Etemenanki məbədi məhz Gelarkündə yaradılmışdır. Qədim Misir yazılarında bu məbəd – Gel torpağında tikilmiş Ra günəş məbədi adlandırılır və Allah, yeddi günə yaratdığı “Dünya”nı məhz burada var etmişdir. Bu isə o deməkdir ki, Xilat/Xalda/Gelda dedikdə məhz bu Gel eli nəzərdə tutulur. Gürcü mənbələrində Gelarküni rəmzi – Klarceti kimi qeyd olunur və bura, qədim Gürcüstanın əsas mədəniyyət mərkəzi hesab olunur. Xilat atabəgləri isə gürcü mənbələrində Samsxe-Klarceti atabəgliyi adlandırılır (С. Давитис-дзе, «История и повествование о Багратонианах царях наших грузинских», böl.2, sayt: http://www.matiane.com/tokarski.htm). “Gürcü” rəmzinin kökünün Gür/Qor rəmzi olması, mənbədəki gürcülərin - “Qor yolu ilə” gedən Asar/Assur xaldeyləri olması deməkdir.

Gelam rəmzinin Kəlam/Malik/Mülk rəmzləri ilə eyniliyi onu deməyə əsas verir ki, Gel eli həm də Allahın Mülküdür. Mülk İsə sufizmdə İlahi üçlüyün bir hissəsidir. Başqa sözlə, Gelarküni torpağı Allahın Mülkü, torpağın altında olan ölüm şahlığı – Cəbərut aləmi, Mülkün üstündəki göylər isə Mələküt aləmidir. Deməli, Quranda qeyd olunan Xüld cənnəti, məhz bu Xilat göylərində mövcud olmuşdur.
Ən qədim mənbələrə görə, fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz”, şahın şəxsi təhlükəsizliyini qoruyurdu (Р.Фрай, «Наследие Ирана»,М.,1972, səh.152). Erməni mətnlərində isə ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən xiliarx – xazarapet (minbaşı) adlanır və digər yerdə bu rəmz, azarapet kimi yazılır. Mənbələrdə, “hazarapet dran ariats” tituluna rast gəlinir ki, onu “arilərin qapısının xiliarxı” kimi tərcümə edirlər. “Hazarapati” titulunu daşıyanların “ölməz” adlanması, onların Hızır, yəni Xızır peyğəmbərin rəmzində olması deməkdir. Hazarapatinin həm də Azarapati (Azər-Yafət) adlanması isə onların Azər/Asar/Assur Allahları olması deməkdir. Buradakı “xiliarx” rəmzi türklərin “karluk” rəmzidir və məhz Gel eli olan Gelarküni-Xilatı bildirir. “Arilərin qapısının xiliarxı” rəmzi onu deməyə əsas verir ki, burada söhbət Xalda darvazasından, yəni Allahın qapısı olan Babildən gedir.
Minlərlə ölümsüzə başçılıq edən Xiliarxın nəsli, Albaniya tarixində Baqarat nəsli adlanır. Gürcü mənbələrində “Baqrat” kimi keçən “Baqarat” rəmzi sufimzdə “Bəg-Arat”, yəni Aratta, Eridu bəgləri mənasını verir. M. Xorenatsi “Ermənistan tarixi” kitabında Şahın, yəni Allahın mülkü haqqında geniş danışaraq, Mülkün sahibləri olan Baqarat nəslini - “qədim şah toxumu” adlandırır və onlara, şahların başına tac qoymaq səlahiyyəti verilməsini qeyd edir (Kitab II, böl.7). Bu o deməkdir ki, ən qədim dövrlərdən dünyanın bütün şahlarına tacı məhz Xilat atabəgləri qoymuşlar.
Atabəglər dünyaya hökmranlıq üçün səpələndiyindən, Avropa ölkələrində bu şahlar və peyğəmbələr nəsli Qulyardlar, yəni “Gel oğulları” kimi tanınır. Son dövrün araşdırmalarından məlum olur ki, bütün Avropanın sahibləri, 9-cu əsrdə oraya köçmüş Gel oğullarıdır və mənbələrdə onlar “quş dili bilən Qulyardlar” adlandırılırlar (Грасе д'Орсе, “Язык птиц.Тайная история Европы”, sayt: http://padaread.com/?book=38451&pg=337). Bütün Avropa şahları və zadəganları bu Gel oğullarının törəmələri olmuşlar. 18-ci əsrə qədər Avropadakı bütün abidələri məhz bu Gel oğulları tikmişlər. İlk mason təşkilatını da onlar yaratmışlar. Ay rəmzinə sitayiş edən bu Gel oğulları, İslam mənbələrində Gel şiələri, yəni Gelati-Şiə (Qulat/Xilat) adlandırılan ifrat şiələrdir ki, biz onları ismaili batiniləri kimi tanıyırıq.
Gel oğullarının “quş dili”, Şərq fəlsəfəsinin məşhur bilicisi olan Anri Korbenə görə - mahiyyətin dilidir, təmiz varlığın dilidir, hansının vasitəsi ilə ki, daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Məşhur sufi Qəzali də bildirir ki, göy və yerin hər bir hissəsi canlılarla gizli ünsiyyətdədir. Bu İlahi biliyi isə İlahi nur özündə daşıyır və bu pak elmi, təbii halda peyğəmbərlər qəbul edir (Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, стр. 209,210,309). Digər sufi Nəsəfi də pak nurun və varlığın dilini ilkin materiyanın dili adlandırır. Araşdırıcılara görə, Babil qülləsinin tikilməsindən əvvəlki insanların dili məhz bu “quş dili”nin təmiz formasıdır (Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html). Belə çıxır ki, Babil qülləsini tikən xaldeylər, məhz ilkin materiyanın dilində, onun şüalandırdığı informasiyanı təmiz formada qəbul ediblər. Assur xaldeylərinin bu dili, yəhudi mənbələrində “Laşon akodeş” (Lisani kadus – müqəddəs dil) adlanır və yəhudi mənbələrinə görə Allahlar bu dillə yazılmış Tövrata baxaraq, Babil qülləsini tikmişlər. Sayı 120000 olmuş Assur/Asar/Osiris Allahları, səhradan, yəni ilkin materiyadan yaradıldığı üçün, bu dil də onların telepatik dilidir. Babil qülləsi tikilib qurtardıqdan sonra isə, Ra-Amon Allah, başqa belə bir tikilinin qarşısını almaq üçün dilləri dəyişdirir və dünya xalqlarının 70 dilini yaradır.
Tövrat müqəddəs dildə verilsə də, Ezranın, yəni Asar (Assur) Allahının dövründə, Aşuri (Assur) əlifbası ilə aramey dilində qeyd olunmuşdur və xaldeylər onu Assuriyadan özləri ilə gətirmişlər. Mənbələrə görə, aramey dilində ilk danışan Adəm olmuşdur. Lakin Adəmin bu quş dili, özündə bütün 70 dili birləşdirir. Başqa sözlə, Adəmin aramey dili, o vahid dildir ki, Babil qülləsi tikiləndən sonra, Allah dilləri dəyişib, 70 dil yaratdı və insanlara bu dilləri verib, dünyaya səpələdi.
Mənbələrə görə, aramey dili xalqlara yox, bilavasitə xaldeylərə verilib və onlar haqda deyilib: “Budur, xaldey ölkəsi xalq olmayacaq”. Deməli, aramey dili, elə Babil qülləsi tikiləndən sonrakı, lakin insanların hələ dünyaya səpələnməmişdən əvvəlki dildir. Xaldeylərin xalq olmamaları da, onların bütün xalqlara hökmranlıq üçün yaradılması ilə, onların, bütün xalqların dillərini anlayan quş dilinin olması ilə bağlıdır. 
Sufi-batinilərdə “aram” (RM) rəmzi, “mar” (MR) rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, aramey dili elə mar, amoreylərin, yəni Midiya maqlarının, xaldeylərin dilidir. Bu dil həm də “tarqum dili” adlanır ki, batinilikdə “tarqum” rəmzinin kökü olan “tarq” (TRQ) rəmzi, qədim Assurda, Misirdə “teurq” (TRQ) kimi işlənərək,  “göydə qurbanla Allah yaradan maqlar” mənasını verir. Əgər biz “teurq” (TRQ) rəmzinin, sufilərin “tərikə” (TRK) rəmzi ilə eyniliyini nəzərə alsaq razılaşarıq ki, tarqum dili – sufilərin tərikə yolunu gedənlərin, yəni sufi türklərin dilidir. Bu dil, ümumilikdə təfsir, daha döğrusu təvil deməkdir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır. Tövratın bu dilə xüsusi hörmət göstərməsinə görə, bu dil həm də gələcək dünyanın ən ali səviyyəli dili hesab olunur (М. Носовский, «Адам говорил по-арамейский»,sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm). Bütün bunlar o deməkdir ki, şahlığı göydən endirilmiş xaldeylərin dili, Adəmin dilidir və bu dil - türk dilidir.
Tövrat yazır ki, Allah Adəmi yaradandan sonra, onun özünə bənzər köməkçi yaratmaq fikrinə düşür və Adəmin qabırğasından Həvvanı yaradır. Sufi-batinilərdə Adəm Allahın obrazıdır və bu Allah, öz bədəni ilə dünyanı əhatə etmiş və hər şeyi özündə birləşdirmişdir. Adəmin köməkçisi isə onun yerdəki kölgəsi, onun buyruq qullarıdır. Tövratda “köməkçi” sözü, yəhudi dilində bilavasitə kişiyə aid ediələn “ezer” kimi yazılır. Ezer rəmzi isə Asar/Assur/Azər rəmzləri ilə eyni mənalıdır və bu da bizə onu deməyə əsas verir ki, Asar/Assurlar – Həvva obrazında olan Allahın köməkçiləridir.
Tövratda Adəmin köməkçisi mənasında yaradılan “qadın” sözü  - “işa” rəmzi ilə verilir. Sufi-batinilərdə İşa rəmzi – Şiə, Yeşua, İisus/İsa rəmzləri ilə eyni mənalıdır. Şiə rəmzi mənbələrdə Gelat (Qulat/Xilat) rəmzinə aid edilərək “Gelati-Şiə” kimi yazılır. Deməli, Tövrata görə Adəmin köməkçiləri məhz Gelat/Xilat atabəgləridir. Qədim Misir mənbələrində ölkə başçısı Heka, yəni Haq – Allah, onun köməkçiləri isə baka adlanır ki, bu da bəg deməkdir (“История Древнего Востока”, М., 1988, cild II, M., 1988, səh. 338). Başqa sözlə, həqiqətən də Azərbaycanın Xilat atabəgləri, Allahın yerdəki köməkçiləri, əmr sahibləridir. Adəm və Həvva haqda daha dolğun məlumatlar – “Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə verilmişdir (http://gilarbek.blogspot.com/2015/06/adm-v-hvva-haqqnda-aglasgmaz-hqiqtlr.html).
 İşa rəmzi, həm də yəhudilərin Yeşua [Ş] adlandırdıqları İsa rəmzi ilə eyni mənalıdır. Bu o deməkdir ki, İsa peyğəmbər də Allahın köməkçilərindəndir. Yeşua rəmzinin Şiə rəmzi ilə eyniliyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı həm də Şiə, yəni imam Əlinin obrazı ilə eynidir. Sufilər dahisi Mühiddin ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır («История исламской философии», sayt: http://netref.ru/istoriya-islamskoj-filosofii.html?page=6). Bu isə o deməkdir ki, Xilat - şiəliklə bərabər, həm də İsa peyğəmbərin vətənidir.
Xristianlıqda, müqəddəs xristianlar – xüsusi xalq, varis və Allahla insanlar arasında vasitəçi mənasında “klir” adlanır (Sayt: https://religion.wikireading.ru/73479). Sufizmdə Klir (yunan. kleros) rəmzi Gilar rəmzi ilə eyni mənalıdır və bu rəmz xristianlıqda, bütövlükdə “ruhani”, “kilsə” və “din xadimləri” mənasını verir. Klir eyni zamanda Allahın torpağı, klirlər isə levit və peyğəmbərlər hesab edilir. Tövratda levitlərlə bağlı Allah - “Levitlər mənim olmalıdır” əmrini verir ki, bu da onların klirlərlə eyni mənalı olması deməkdir. Plano Karpininin yazdığına görə, Böyük Monqol imperatorunu “rus klirikləri” və ya “xristian klirikləri” adlandırılan kilsə xadimləri əhatə edirdi (Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001,səh.485). Başqa sözlə, Monqol imperatoru Gel oğulları ilə əhatə olunmuşdur ki, sufizmdə Monqol (Amon-Gel) rəmzi – “Amonun Gel eli” fikrini ifadə edir. Əgər nəzərə alsaq ki, Gelarkünidə məhşur Makenasos monastırı olmuşdur və məhz bu torpaqda xristian müqəddəsləri olan Yəhya (İoann), həvari Foma və ilkin şəhidlərdən olan Stefanın cəsədinin qalıqları mövcuddur, razılaşarıq ki, bura xristian dünyasının ən müqəddəs torpağı sayılmalıdır (М. Каланкатуаци, «История страны Алуанк», sayt: http://www.vehi.net/istoriya/armenia/kagantv/).
Ümumilikdə götürdükdə, yəhudi və xristianların Əhdi-Ətiq və Əhdi-Cədid kitabları Gel rəmzləri ilə bağlıdır. “Din” mənasında olan “reliqiya” (RLQ) sözü və türklərin də Allah mənasında olan “Erlik” (RLK)  rəmzi sufi-batinilərdə “Gilar” (GLR) rəmzi ilə eyni mənalıdır və onun müxtəlif yazılış formasıdır və s.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, qədim dünyanın bütün Allahları - Azərbaycanın Xilat atabəgləri olmuşlar. Onların əcdadlarının şahlığı göydən yerə endirilmiş və onlar burada Babil qülləsi tikərək ölümsüzlük qazanmışlar. Babil qülləsini tikdikdən sonra Cəddimiz Ra-Əman, Öz vahid Türk dilindən xüsusi məntiqlə 70 dil yaratmış və insanlara bu dilləri verərək, onları dünyaya səpələmişdir. O zamandan axirət dövrünə qədər bütün dünyaya da məhz Rəhman Allahın bu Xilat atabəglərinin nəsli şahlıq etmişdir.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.

                                                             Firudin Gilar Bəg

Комментариев нет:

Отправить комментарий