(Məqalə, qədim fəlsəfi mənbə
oxumuş insanlar üçündür)
Qədim dünyanın ən sirli obrazlarından biri də Adəm
və Həvva obrazlarıdır. Qəbul olunmuşdur ki, Adəm ilk kişi, Həvva isə ilk
qadındır. Tövrata görə Allah, ilk kişi və qadını - öz bənzəri və obrazı kimi, «Dünya»nın
yaradılışının altıncı günü yaratdı və ona hər şey üzərində ağalıq verdi. Bu
kitabda, Allah «Dünya»nı yeddi günə yaratdıqdan sonra, insanın yaradılışına qədər
nə ot, nə kol, nə ağac, nə yağışın olmadığı vurğulanır ki, bu da ən sadə məntiqlə
düz gəlmir. Çünki insanın, heyvanların yaradılışına qədər dünyada flora və
yağış olmasaydı, yerdə həyat ola bilməzdi. Deməli, burada söhbət bizim
yaşadığımız fiziki dünyadan yox, qədim Misir yazılarında geniş təsvir olunan
göydəki ruhlar dünyasının yaradılışından gedir. Bu yaradılışı anlamaq üçünsə
biz, qədim Misirin Gel şəhəri kahinlərinin məntiqinə və onların davamçıları
olan Gel (Gelati-Şiə) sufilərinin Batin elminə müraciət etməliyik.
«Dünya»nın yaradılışının Geliopol (Gel şəhəri) variantına
görə, göydəki ruhlar dünyası bir-birini əvəzləyən yaranışlardan törəmişdir.
İlkin Nun sularının ortasındakı təpəyə Atum Allahı yüksəlir və öz-özündən Şu və
Tefnut cütlüyünü yaradır. Bunlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və
Göy yaranır. Şu özü qalxaraq Nut göyünü başı üzərinə qaldırır və Qeb
torpağından ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Osiris (Oziri), İsida, Set
və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan “Enneadanın böyük
doqquz Allahı” yaranır ki, türk yazılarında bu “Tuquzquz”, yəni “doqquz oğuz”
kimi qeyd olunur. Burada Atum dedikdə, insan formasında olan bir nəfər (firon Amon) nəzərdə tutulur və o,
bütün bu yaradılışı - öz beynindəki təsəvvürü, qurban və magik rituallar vasitəsi
ilə yaratmışdır. Bu yaradılışa mən “Batini-Quran” kitabında geniş izah vermişəm.
Deməli, mənbələrdə “cənnət” adlandırılan
göydəki ruhlar dünyası - Atum adlanan nəhəng insan kimi təsəvvür olunmalıdır.
Dövrümüzün məşhur alimi Devid Rolun gəldiyi qənaətə
görə, qədim Misir yazılarındakı Atum adı sonradan Adəm kimi yazıldı (Д. Рол,
«Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441). Belə
çıxır ki, bizim Adəm adlandırdığımız ilk insan əslində kosmik insandır və göydəki
Qeyb, yəni Qeb torpağı (cənnəti) da onun bədənində yerləşir. Tövrata görə, “İlk
insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu” və yalnız günah
işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Библ. Втор.,4:32)]. Sufi
batinilərdə də Adəm – kosmik insandır ki, Mühiddin ibn Ərəbiyə görə, o öz-özünü:
ilkin materiyanın simvolu rəmzində olan insanın - güzgüdə özünə baxması “vasitəsilə”
yaradılmışdır. İbn Ərəbi Adəmi - Haq, yəni Allah adlandırır ki, qədim Misirdə
Haq/Heka rəmzi – iki dünyanın, yəni yerdəki fiziki və göydəki dünyanın sahibi
olan Asar/Osiris Allahına aid edilirdi. Fəzlullah Astarabadinin “Cavidannamə”
kitabına görə də, Beytül-Müqəddəs, Darüs-Səlam və Kəbə - Adəmin bədənindədir. Məhəmməd
peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o
axirətdə yenidən yaranacaqdır. Digər məşhur sufi Əl-Qəzaliyə görə də Məhəmməd
peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy
insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Şumer,
Mesopotamiya mənbələrində bu nəhəng insan Luqal adlanırdı və sufizmdə bu rəmz
“Allah” (LuqAl/İlah-El/El-İlah/Allah) rəmzi ilə eyni mənalıdır. Əflatunun,
Xorenatsinin əsərlərində, induizm və s. mənbələrində də kosmik insanın bədəni -
dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edilir
(Г.М.Бонгард-Левин, Г.Ф.Ильин, «Индия в древности», М., 1985, səh. 563). Mən bu
haqda – “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə yazmışam (http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html). Yazdıqlarımdan belə çıxır ki, Adəm – bədənində
ruhlar ölkəsi yaradılmış Allahdır.
Yəhudi mənbələrində “Adəm” [DM] rəmzi - həm şəhər və
həm də şəxsiyyət mənasını verən Edom [DM] kimi yazılır və “qırmızı torpaq” anlamını
verir. Tövratdan bilirik ki, Allah Adəm üçün şərqdə Edem [DM] cənnəti yaratmışdır.
İsay (Yeşay) peyğəmbərə görə, Yəhva Allahı onu öz qüdrəti ilə səhrada var etmişdır
(Библ., Исаия, 41:19, 51:13). Burada, bu cənnət torpağı - Xanaan, Hett, Amorey,
Ferezey, İevus və s. torpağı adlanır ki, orada süd və bal çayı axır (Библ.
Исх., 3:8,17, 33:3). Quranda süd və bal çayı ilə əlaqədar bildirilir ki, mömin
adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz çaylar axır, müxtəlif meyvəli
ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən süd gölü var. Möminlər
üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar (Quran,
47:15-17). Belə çıxır ki, qırmızı torpaq, Allahın öz qüdrəti ilə ilkin
materiyada yaratdığı Edom, yəni Atum/Adəm torpağıdır və bu qırmızı torpaq elə -
Xanaan, yəni hunların, hett, yəni quti/xudaların, amorey, yəni
mar/midiyalıların və s. torpaqlarıdır.
Digər tərəfdən, qədim
Misir yazılarına görə Misir ölkəsi də – “qara” və “qırmızı” torpaqdan ibarət
olmuşdur ki, burada “qara torpaq” -
qumluq səhra olan “qırmızı torpağ”ın əksi kimi göstərilir (Е. А. Уоллис Бадж,
«Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 171, 711). Firon isə mənbələrdə
“qara” və “qırmızı” torpağın hökmranı adlandırılır və bunlar – “iki torpaq”, “iki
sahil” mənasında Aşağı və Yuxarı Misirə ayrılırlar. Bu isə o
deməkdir ki, iki torpaq, yəni Aşağı və Yuxarı Misir deyəndə, yerdəki fiziki və
göydəki ruhlar ölkələri başa düşülməlidir.
Qədim Suriyanın Uqarit şəhərinin xarabalığında
tapılmış xanaan mətnlərində Adəm - Uqaritin baş Allahı olan El Allahı ilə
assosiasiya olunur ki, El də bildiyimiz kimi Tövratda Allahın ilk adlarından
biridir (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…»,
Эксмо, М., 2002, səh. 226). Tövratda, Allahın
“Dünya”nı yaratması prosesi zamanı, adı məhz El, Elah, Elohim kimi keçir ki,
bunlar da məna etibarilə eyni fikri bildirirlər. Sufizmdə Elah – İlahi deməkdir
və bu rəmz yer kürəsini əhatə edən ilkin materiyanı, ilahi odu bildirir. Sufilərin
“Hu” adlandırdıqları bu ünsür – bütün yaradılışın əsasını, mayasını təşkil
edir. Deməli, Allah “Dünya”nı – bütün yaradılışa həyat vermiş ilkin materiyadan
və onun öz daxilində (göydə) var etmişdir.
Digər tərəfdən, belə
qənaətə gəlmək olar ki, Edom/Adəm obrazı elə El Allahının özüdür və o (firon
Amon) “Dünya”nı öz simasında (formasında) yaratmışdır. Misir mətnlərinin birində firon/pir Amon haqqında deyilir:
“Ən birinci yaranan və mənası heç kəs tərəfindən dərk edilməyən Amon. Ondan
qabaq və onunla bir vaxtda heç bir Allah olmamışdır ki, onun (ilkin) obrazı
haqqında danışsın. Onun, ona ad verməli olan nə anası, nə də “O mənimdir” deyə
bilən atası olmuşdur. O öz yumurtasını, öz gözəlliyini yaratmışdır və
doğuluşunda da sirlidir. O, öz-özünü yaratmış İlahi Allahdır. Bütün Allahlar,
(yalnız) o öz-özünə həyat verəndən sonra əmələ gəlmişlər” (Б. А. Тураев,
«История древнего востока», Л., 1935, том I, səh. 329-330). Deməli, ilkin təpənin
başında durmuş pir Amon magiya vasitəsi ilə öz obrazını göydə Allah kimi
yaratmışdır. Eyni zamanda, Onun öz qüdrəti ilə göydə yaratdığı el-oba – elə Öz obrazının,
yəni Atum/Adəmin bədənində yerləşir. El rəmzi ilə eyni mənalı olan Al rəmzi
dilimizdə indi də “qırmızı” deməkdir və türkmənlərdə bu rəmz - uca, qüdrətli, güclü, əzəmətli mənasında da işlənir.
Belə çıxır ki, bədənində cənnət yaradılmış Adəm/Atum Allahı elə yəhudilərin
“Dünya”nı yaradan El Allahıdır və bu obrazlar pir Amonun obrazlarıdır. Qədim
Misir yazılarında cənnət – Yalu (Yaru)
çöllərində yerləşir ki, bu rəmz də El rəmzi ilə eyni mənalıdır.
Adəm rəmzi ilə eyni mənalı Edem rəmzi - yəhudilərdə
Eden [DN], ərəblərdə isə Ədn [DN] cənnəti kimi keçir və bu rəmzlər “Din” [DN]
sözü ilə eyni mənalıdır. Quranda Ədn cənnəti haqda yazılır: “Allah mömin kişi və
qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl
yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük
xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir
ki, onlar orada əbədi qalacaqdır…” (Quran, 9:72, 98:8). Mühiddin İbn Ərəbiyə görə
də, İslam dini elə Göydə yaradılmış dünya mənasındadır ki, məhz onu qəbul edən
insanın ruhu o dünyada xoşbəxt həyat sürür. İbn Ərəbi “din” sözünü – “əlif” və “lam”
əsələri ilə, yəni Əl/El kimi qeyd edir ki, bu da yəhudilərin El Allahı mənasındadır.
Onun yazdığına görə, “Allahda olan İslam dininə” tabe olanlar Ədn/Din cənnətinə
düşürlər (Ибн Араби, “Геммы мудрости”, böl.8). Eyni fikirlər Quranda da xüsusi
nəzərə çatdırılır (Quran, 3:85,102, 12:101). İbn Ərəbiyə görə, Allah əsl müsəlmanı
öldürmür, onun ruhunu qəbul edib, göydəki cənnətdə ona yer verir və o göy
dünyasında əbədi xoşbəxtlik qazanır. İbn Ərəbi bu cənnəti, Azər oğlu İbrahim
peyğəmbərin atıldığı İlahi oddan yaranmış cənnət kimi təsvir edir (Ибн Араби,
“Геммы мудрости”, böl.18). Bu isə o deməkdir ki, islamda da cənnət Allahın bədənində
yerləşir və biz Allahu-Əkbər deyəndə - kəbir, yəni nəhəng insan Adəmi Allah
kimi qəbul edirik. Sufi-batinilər bu nəhəng insan – “Kamil İnsan”, “Kamil Tamm”
və s. kimi qeyd olunur. Müqəddəslər nəsli isə bu Kamil İnsanın kütləvi tipidir,
yəni onun obrazı və bənzəri kimi yaradılmışlar.
Biz aydınlaşdırdıq ki, Adəm adi insan yox, Allah mənasında
olan ilk kosmik insandır. Tövratda,
dünyanın yaradılışının altıncı günü yaradılmış və hər şey üzərində ağalıq etmək
qabiliyyəti verilmiş insan qeyd olunanda, orada kişi və qadın xüsusi nəzərə
çardırılır ki, bu da ilk yaradılmış Adəmin özündə iki cinsi birləşdirməsi mənasındadır.
Burada, Adəmin bədənindəki ruhlar dünyası onun qadın tərəfi, Adəmi idarə edən
pir Amonun ruhu, təfəkkürü isə kişi tərəfi mənasındadır.
Tövrata görə Allah, “Dünya”nın yaradlılışını altı
günə qurtarıb, yeddinci gün yatır. Burada Allahın yeddici gün yatması eyni
zamanda ölümü mənasını da verir. Bundan sonrakı hadisələri qeyd etmək üçünsə,
Tövrat, Allah sözünü El/Elah/Elohim kimi yox, “Yahve Elohim” kimi yazır ki, bu
da “Yahve” rəmzinin Allahın yeddinci gün yatması-ölümü ilə bağlıdır. Qədim
Misir mənbələrində Osirisə həsr olunmuş günlərdən biri haqda deyilir: “Bu gün
insanların və Allahların, Yerin və Göyün şənlənmə və sevinc günü idi, çünki
“Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan oyanıb Feniks quşu kimi Göyə
uçsun” (Б. А. Тураев, “История Древнего Востока”, Л. 1935. cild 2, səh. 225). Sinuxetin
nağılında isə nəzərə çatdırılır ki, - Otuzuncu ilin, subasmanın üçüncü ayı,
yeddinci günü, Aşağı və Yuxarı Misirin şahı Sexotepibre Göyə ucaldı və Günəş
diski ilə birləşdi, “İlahi bədən”, onu yaradana qovuşdu («Сказки и повести
Древнего Египта», Л., 1979, səh. 9). Quran bu hadisə - Rəhman (Ra-Amon) Allahın
yeri, göyü yaradandan sonra öz taxtında qərara tutması və ərşə hakim olması
kimi qeyd olunur (Quran 2:29, 13:2, 20:5). Deməli, “Dünya”nın yaradılışından və
pir Amonun ölümündən (yatmasından) sonra, firon Amonun ruhu göyə qalxaraq, əvvəlcədən
göydə yaratdığı Ra günəş diski ilə birləşmiş və bununla da Atum/Adəm
canlanmışdır. Amonun ruhunun göyə qalxması və Adəmin bədəninə köçməsi, Tövratda
– “buxar yer üzündən qalxması və yer üzünü sulaması” kimi rəmzləndirilir ki, məhz
bundan sonra Allah, Adəmin üzünə həyat nəfəsi üfürüb, onu canlandırır (Библ, Быт.,
2:6,7). Buradakı ayənin bir neçə batini mənası var ki, əsas məna da məhz pir
Amonun ruhunun Adəmin bədəninə köçməsi və Adəmin canlı varlığa – Allaha çevrilməsidir.
Bu haqda mən – “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqaləmdə geniş izah
vermişəm (sayt:
http://gilarbek.blogspot.com/2012/03/rhman-allahn-aglasgmaz-sirlri.html). Tövrata
görə, bundan sonra Allah şərqdəki Edemdə cənnət yaradıb, insanı ora yerləşdirir.
Başqa sözlə desək, məhz pir Amonun ruhunun Adəmə köçməsindən və Adəmin
canlanmasından sonra, onun bədənində cənnət - ruhlar ölkəsi də canlanır.
Tövratda bu canlanma müxtəlif ağacların yaranması, çayların axmağa başlaması və
s. kimi rəmzləndirilir ki, buradakı ağac – “Dünya” və ya “Həyat” ağacı, “çay”lar isə - dirilik suyunun axdığı çaylar
mənasındadır.
Bütün bu yaradılışlardan sonra Allah Adəmə köməkçi
yaratmaq istəyir və onu yuxuya verib, qabırğasından birini çıxarır və ondan bir
qadın yaradır. Tövratda Adəmin arvadının adı, onun günah işlədib, “yaxşı-pisi dərk
etmə ağacı”ndan meyvə yeməsinə qədər olmur. Qadın günah işlətdikdən sonra Adəm
onu Həvva adlandırır və bundan sonra Allah Adəmi cənnətdən qovur. Bütün bu rəmzlər
təbii ki, Allahın çox dərin mənalı sirləridir və adi insanlar üçün nəzərdə
tutulmamışdır. Məhz adi insanların bunları anlamasının qarşısını almaq üçün
Allah onlara “yaxşı-pisi dərk etmə ağacı”ndan meyvə yeməsini qadağan etmişdi.
“Yaxşı-pisi dərk etmə ağacı” rəmzi məhz insanların – Allahın “Dünya”nı
yaratması prosesini dərk etməsi mənasındadır ki, bu da Batin elmidir. Allahın
qoyduğu qadağa da insanların bu elmdən istifadə edib, digər şeylər yaratmasının
qarşısını alması ilə bağlıdır.
Həvva rəmzinin nə demək olduğunu anlamaq üçün Batin
(Ledun) elminə müraciət etmək lazımdır. Həvva və ya Yeva adları əsasən bir rəmz
– “V” samitindən ibarətdir. Həvva adındakı “H” rəmzi ilkin materiyanın rəmzidir
və o yalnız ekstatik durumda görünür. Buna görə də “H” rəmzi bəzən yazılır, bəzən
də yazılmır. Batinilikdə və qədim Misir fəlsəfəsində “V” və onunla eyni mənalı
olan “B” rəmzi – “Allah ruhu” fikrini ifadə edirdi ki, bu da ekstatik vəziyyətdə
ilkin materiyaya daxil olaraq, onunla vəhdətə nail olmuş insanın (Amonun) ruhunu
bildirirdi. Qədim yazılara görə, pirin Ba ruhu Ab adlanan ürəkdə yerləşirdi (Е.
А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh. 408).
Firon öləndə, onun Ba ruhu Ab ürəyindən çıxaraq göyə qalxır və burada
metamorfozaya uğrayıb, Ba/Benu quşuna çevrilərək, Adəmin bədənindəki Qeyb aləmində
ölümsüzlük qazanırdı.
Sufizmdə Ba ruhunun Hu ilkin materiya ilə vəhdəti
“Ba-Hu” adlanır ki, bu da Bəqa səviyyəsini bildirir. Qədim Misir yazılarında Bəqa/Boq
[BQ] rəmzi Qeb [QB] kimi də yazılırdı və bu da Bəqa səviyyəsində göydə
yaradılmış Qeyb aləmi deməkdir. Qeyb/Qeb aləmi Atum Allahının bədənində olduğu
üçün yəhudi mənbələrində İeqova (Ya-Qeb), yəni Qeb/Qeyb rəmzi də Allah mənasını
verirdi. Yahve [Y-HV] rəmzi də İeqova/Həvva [QV/HVV] rəmzi kimi Qeb və Baq rəmzləri
ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, yəhudilərin Yahve Allahı elə rus və
iranlıların Boq/Baqa Allahıdır. Türklər isə məhz bu Yahve/Boq Allahını Bəg adlandırırlar.
Qədim İran mənbələrində bəglər adətən farbaq və ya farnbaq kimi qeyd olunurlar
ki, bu da pirbəg və fironbəg deməkdir (М. Бойс, «Зороастрийцы», М., 1987, səh.
150). Belə çıxır ki, yəhudilərin, iranlıların, rusların və s. xalqların
Allahları - qədim Misirdə pirao, yəni pir adlandırılan və “Böyük Ev” mənasını verən
türk Bəgidir. Buradakı ev də, Bəqa səviyyəsində göydə yaradılan Qeb/Qeyb aləmi
mənasında Adəmin bədənini bildirir. Deməli, “Adəmin arvadı Həvva” dedikdə,
batini mənada - Allahın yerdəki qulları sayılan firon-bəglər nəzərdə
tutulmalıdır. Qədim Misir yazılarında ölkə başçısı Xeka/Xak (Xaqan), yəni Haq –
Allah, onun qulları isə baka/bəqa adlanır ki, bu da bəg deməkdir («История Древнего
Востока», М.,1988, том II, səh. 338). Buradan isə belə nəticə çıxarmaq olar ki,
Tövrat kitabında adi insanların yox, qədim Misir Allahlarının, pirlərinin, bəglərinin
yaradılması qeyd olunub və Adəm, Həvva dedikdə də Allah və onun yerdəki müqəddəsləri
olan bəglər nəzərdə tutulmalıdır.
Bəg rəmzi mənbələrdə “yabqu” (Ya Bəg) formasında
karluk şahlarının titulu sayılırdı. Kaşqari, türk dünyasının şərqində yerləşən
Yabaku tayfasından söz açır ki, Çin və digər mənbələrində bu tayfa – xallux, qolelu,
kololu və s. adlanırdı. Mənbələrə görə, şərqi karluklar gellərdir və alimlərin
çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (L. Qumilyov, “Qədim
türklər”, B., 1993, səh. 100, 473). Sufizmdə karluk rəmzi, türklərin ölüm
şahlığının xaqanı olan “Erlik” (Gelar) rəmzi ilə eynidir və altayların inamına
görə Erlik (Cəlair) insanlara şamanlığı və qamlamanı öyrətmişdir. Yazılanlara
görə, Talas (Talış) şəhəri onunla tanınmışdır ki, karlukların Yabqusu (bəgi)
burada yaşamış və burada da “Altayın hökmranı” elan olunmuşdur (orada, səh. 428).
Karluk rəmzi sufizmdə həm Qor-İlah, yəni Qor Allahı mənasını verir və həm də
Herakl/Gelark rəmzləri ilə eyni mənalıdır. Qolelu/kololu rəmzlərinin – “İlahla
vəhdət”, “Allaha qovuşmaq” və s. mənalarını verən “xulul” (xəlil) rəmzi ilə
eyniliyi onu deməyə əsas verir ki, karluklar – sufi silsiləsinin bəqa səviyyəsinə
yüksəlmiş və İlahla vəhdətə nail olmuş pir Amonun nəslidir. Buradakı Altay [LTY]
rəmzi isə, sufizmdə “Ya Tala” [LTY] mənasında “Ya Ata Eli” fikrini ifadə edir.
Ata (Teo/Dia) rəmzi qədim fəlsəfədə yaradıcı Allah mənasında işlənmişdir və
Tala dedildə də “Allah Eli” fikri nəzərdə tutulmalıdır. Deməli, Altay deyəndə, “Allah
Talanın eli” təsəvvür olunmalıdır ki, bu rəmzdən yaranmış Talas rəmzi də “Allah
ruhu” fikrini bildirir.
Rəvayətə görə, Xallux – Tuquzquz (Doqquz-Oğuz) ölkəsinə
keçəndən sonra Yabaku, onun tayfası isə Yabaqu-xallux adlanmağa başlandı (В. В.
Бартольд, «Сочинения», том VIII, М., 1973, səh. 42). Doqquz-Oğuz rəmzi qədim
Misir yazılarında “Enneadanın doqquz Allahı” mənasında Atum Allahını bildirir. Oğuz
rəmzi isə qədim Misirdə “KZ” kimi yazılaraq – “həyat enerjisi” mənasında ilkin
materiyanı (yunan. Xaos) bildirirdi. Deməli, Xalluxun Doqquz-Oğuz ölkəsinə keçməsi,
pir Amonun ruhunun Atun Allahının-Adəmin bədəninə köçməsi və onu canlandırması
mənasındadır. İbn Xordadbehin yazıdığına görə, Tuquzquz (Doqquz-Oğuz)
şahının, hündürlükdə qurulmuş və yüz nəfər tutan qızıl çadırı olmuşdur (Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее
средневековье», Б., 1993, səh. 129, 131). Bu isə o deməkdir ki, göydəki Qeyb aləminin yerləşdiyi
Adəmin bədəni burada – “hündürlükdə qurulmuş çadır” kimi rəmzləndirilmişdir.
Tövratda bu çadır – “Vəhy çadırı” adlanır və onu Musa peyğəmbər, göydən gətirdiyi
İlahi oddan yaratmışdır. Oğuznamədə isə Oğuzun “Muz” dağında qurduğu bu çadıra göydən
işıqla bir qız düşmüş və Oğuz bu qızla evlənmişdir.
Araşdırıcı alim S. P. Tolstov yazır ki, Oğuzun “kişi
stixiyası” - ünsürü (birinci arvadı) və “su stixiyası” (ikinci arvadı) ilə
izdivacından Kainat yaranmışdır (M. Seyidov, “Azərbaycan mifik təfəkkürünün
qaynaqları”, B., 1983, səh. 26). Rəvayətlərdə də Oğuzun bilavasitə göylərlə
bağlı olması, onun – sufilərin “Hu” adlandırdığı ilkin materiyanın rəmzi olması
deməkdir. İnsan ruhunun bu ünsürlə vəhdəti isə xulul (qolelu) adlanır ki,
Xallux rəmzi də bu mənada Xəlil və Allah, yəni “ilkin materiya ilə vəhdət təşkil
edən insan-Allah” deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki,
Yabaqu-Xallux, yəni Bəg-Xəlil nəsli – qədim Misirin Qor fironlarının nəslidir. Oğuz
ölkəsinə başçılıq edən yabqu - Kulerkin [KLRKN] adlanır ki, erməni mənbələrində
bu rəmz Gelarküni (GLRKN) kimi qeyd edilir (F. Sümər, “Oğuzlar”, B.,1992, səh.
72). Bu isə onu deməyə əsas verir ki, Adəmin arvadı Həvva dedikdə, Allahın yerdəki
nəsli olan Gel elinin sufi müqəddəsləri nəzərdə tutulmalıdır.
Sufizmdə bütün sufi müqəddəsləri - Allahın yerdəki
“yarı”, “sevgilisi”, “dostu” hesab edilir. Burada, tərikə yolunu gedən mürid, “fəna” fazasına (fəna fiş-şeyx) qədəm
qoyduqda, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni
Allaha tam cəzb olunur. O, (sufinin ruhu) Allahla iradələrinin (istəklərinin)
birləşməsinə görə, Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür.
Sufilərdə “sevgili” dedikdə - Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük məhəbbət
başa düşülür. Sufilərin çoxu özlərini “sevgili” (mühibb, aşiq) və ya “yar”, “dost”
adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə İlahi
vergi sayılan ürəklə (“dəl”) bağlıdır və ustad çox vaxt “ürək dostu” (“sahibdil”,
“əhli-dil”) və s. də adlandırılır. Deməli, pir Amonun törəmələri olan sufi pirləri
– yerdə Amon Allahının sevgilisi, yarı, arvadı obrazlarındadırlar.
İlah, yəni ilkin materiya hər şeyi yaradan, “doğan”
olduğu üçün, qədim müdriklər onu qadın rəmzi kimi qəbul etmişlər. Ruh da ilkin
materiyanın bir “damlası”dır və buna görə, o da qadın rəmzi kimi qəbul
edilmişdir. Naq Xammadidə tapılmış kitabxanadakı “Ruhun təfsiri” əsərində bu
xüsusi vurğulanır. Bütün müqəddəslər Allahın Ba ruhunu daşıdıqlarına görə, yəni
onlar “fəna” və “bəqa” səviyyəli doğulduqları üçün, mənbələrdə qadın kimi də
qeyd olunurlar. Qurana görə də peyğəmbərlər nəsli - qadın rəmzi kimi rəmzləndirilmiş
mələk nəslidir. Adəmin ilkin materiyadan, yəni nurdan yaradılmasını nəzərə
alsaq, razılaşarıq ki, onun qabırğasından Həvvanın yaradılması - müqəddəslər nəslinin də, dirilik suyu mənasında
olan ilahi nurdan yaradılması deməkdir. Azərbaycan seyid-pirlər bu gün də iddia
edirlər, onlar adi insan deyillər. Çünki Allahın nurundan yaradılmışlar.
İran mənbələrində qadın rəmzi ilə bağlı olan sufi
pirləri “qadına bənzər” enareylər adlandırılırdılar. Kahin xalatları geyən bu
müqəddəslər mənbələrdə professional skif/sak kahinləri hesab olunurdu. İsrailin
Levit qolu ilə eyni xüsusiyyətdə olan enareylər mənbələrdə ayrıca tayfa kimi
göstərilir. Adi insanlar, əlahiddə qüdrətə sahib olan bu şahlar nəslinin törəmələrindən
çox qorxurdu. Onların qadına bənzərliyi isə, dini qanunların tələbinə uyğunluğu
ilə əsaslandırılırdı (Энареи – скифские жрецы, http://ts-mysli.narod.ru/enarei.html). Maraqlı haldır ki, bu gün də
seyid-peyğəmbər nəslində doğulan kişilərin içində ombası, tazı böyük olanlara
rast gəlinir ki, qadına bənzərlik də məhz bu mənadadır. Skiflər özləri bu
qadına bənzər kahinləri amazonkalar adlandırıdı. Herodot (IV/110) isə amazonkaları – “eor-pati”
kimi qeyd edir ki, onların kimliyini təyin etmək üçün bu rəmzinin açılışı kifayətdir.
Qədim Misir yazılarında “eor-pati” adı – “iri-pati”
kimi keçir. D. Rolun yazdığına görə, qədim Misir yazılarında fironlar arasında
yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu
da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar “iri-pati” [R-PT]
adlanırdı ki, bu da “Patın törəmələrindən biri” mənasını daşıyırdı. Pat,
piramidanın ilkin mətnlərində artıq Qorla assosiasiya olunurdu və bu şahların
yerdəki təcəssümü sayılırdı. Özünün bu nəslə, yəni Qor-fironlarına aid olduğunu
sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002,
səh.388, 389). Əgər biz nəzərə alsaq ki, “iri-pati” [R-PT] rəmzi “eor-pati”
[R-PT] rəmzi ilə eynidir, razılaşarıq ki, amazonka deyəndə, Yapet/Yafət əsilli
olan Misir fironları nəzərdə tutulmalıdır. İri-pati rəmzi sufizmdə Ər-Yafət mənasını
verir və erməni mənbələrində bu rəmz Yafət-Aran kimi qeyd olunaraq,
Sisaka/Sisakan nəsli olan Gel elinə (Gelarküni) aid edilir. Deməli, “eor-pati”,
yəni Yafət-Ərən nəsli bilavasitə Amon Allahının yerdəki törəmələri olan pirlər –
fironbəglər nəslidir ki, mənbələrdə onlar Oziri Allahının, yəni Azərin nəsli
sayılırlar.
Yustin bildirir ki, amazonkalar albanlarla qonşuluqda yaşayırlar
(Yustin, XLII:3/7). Pompey Mela Amazon adını – Qafqaz dağının adı kimi çəkir. Strabona görə isə, amazonkalar Albaniyanın üstündəki
dağlarda yaşayırlar (Strabon, XI:5/1). Mənbələrdən
bilirik ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban
dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь»,
M.1986, səh.147). Bu isə o deməkdir ki, amazonka
adlandırdığımız müqəddəslər nəsli - qədim Albaniya, indi isə Azərbaycan ərazisi
göylərində qərar tutmuş Adəmin – Allahın yerdəki “sevgililəridir”. Tövratda,
Allah öz seçilmiş Levit nəslinə deyir: “Mənim qarşımda müqəddəs olun, çünki Mən
müqəddəs Allaham və Mən sizi digər xalqlardan ayırdım ki, mənim olasınız”
(Библия, Лев. 20:26). Ərazi kimi isə Allah Qalaadı – “Mənim Qalaadım”
adlandırır ki, bu da Allahın sevgililəri olan Levitlərin Qalaadda – Gel elində
yaşamaları deməkdir.
İslamda Allahın sevililəri Əlhi-Beyt adlandırılır
ki, bu da Allah Evində - Əl-Beytdə yaşayanlar deməkdir. Sufizmdə Əl-Beyt [LBT]
rəmzi Levit [LVT] rəmzi ilə eyni mənalıdır. Allahın müqəddəs torpağı olan
Qalaad isə İslamda ifrat batini şiələrin yurdu olan Gelat elidir. Gelat/Qalaad
rəmzi Quranda Xüld kimi qeyd olunur və Adəmin bədənində yaradılmış cənnət də
burada “Xüld cənnəti” adlandırılır (Quran, 25:15).
Bu isə o deməkdir ki, Həvva nəsli - sufi pirlərinin Gelat-Gel ərənlərinin nəslidir.
Gel/Gelat rəmzi ən qədim mənbələrdə Gilqameş və
Heraklla bağlı qeyd olunur. Herodota
(IV/8) görə, Herakl, Gerionun öküzlərini qovaraq Gileyaya (Gel) gəlir və burada
itirilmiş atlarına görə, yarıilan-yarıqadın Yexidna ilə cütləşir və ondan
“ilandan doğulmuşlar” (midiyalılar, marlar) yaranır. Moisey Xorenatsi, “Ermənistan
tarixi” kitabında ilandan doğulmuş midiyalıları, yəni mar-amoreyləri – “əjdahadan
doğulmuşlar” adlandırır. Mar, amoreylər isə bizlərə seyid-bəglər kimi məlumdur
ki, bu gün də onların adlarının qarşısında “mir”, yəni “MR” rəmzi dayanır. Bu rəmzi
isə qədim Misirdə, “göyə qaldırılan torpaq”, yəni cənnət mənasını verirdi ki, cənnət
əhli də məhz – Babil qülləsini tikən bu amoreylər - seyid-bəglər sayılmalıdır.
Digər tərəfdən, psevdoqnostik
İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit,
İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir. Yəni
burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və
onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır (Refutatio, V, 28.).
Bu isə o deməkdir ki, “ilandan doğulmuşlar” adi nəsil yox, ilan rəmzli ilkin
materiyadan yaradılmış mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında
olan “angel” rəmzi də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz
burada Herakl Yexidna ilə cütləşmişdir. Deməli, yəhudi, xristian və islam mələkləri
– elə Gel/Gelat pir-ərənləridir. Biz bu mələklər nəslini – “sorxsər bidin mülhidləri”
kimi, yəni Şah İsmail Xətainin qızılbaşları kimi tanıyırıq.
Quranın otuz
beşinci surəsi “Fatir” surəsi adlanır ki, Quranın dəqiq tərçüməçisi İ. Y.
Kraçkovski bu rəmzi “mələk” kimi tərcümə etmişdir. Fatir surəsinin birinci ayəsində
rəsullar, elçilər mələklərə bərabər tutulur və bu da elə hamısının bir nəsli
olması deməkdir. Fatir [FT/PT-R] sözü “Fat” və “İr” rəmzlərindən ibarətdir və buradakı Fat rəmzi
Pat, yəni qədim Misirin Pta Allahı, İr isə Ər (Ra) mənasındadır. Belə çıxır ki,
Fat-İr mələkləri Ər-Pat, yəni Ər-Yafətin törəmələridir.
Digər tərəfdən, Ər-Yafət mənasında olan Fat-ir rəmzini biz eor-pati kimi oxuya
bilərik ki, bu da amazonkalar deməkdir. Bu isə onu göstərir ki, islam
mələkləri elə Misir fironlarının nəsli olan amazonkalar mənasındadır. Deməli, mələklər
nəsli olan sufi müqəddəsləri - Həvva rəmzində Allahın yerdəki sevgililəridir.
Seyid-peyğəmbərlərin möcüzə göstərmək qabiliyyəti də Allahın yalnız onlara verdiyi
İlahi nur hesabına baş verir.
Bütün bunlar o deməkdir ki, Adəm və Həvvanın obrazı
– Allahın və onun yerdəki müqəddəsləri olan padişahlar və peyğəmbərlər nəslinin
obrazlarıdır. Burada adi insanın yaradılışı nəzərə alınmamışdır. Çünki, bütün qədim
fəlsəfələrdə adi insan heyvana bərabər tutulur və yazılarda qeyd olunmağa layiq
görülmürlər. Bu haqda mən – “Allah - türkləri, onlar isə insanı yaratdılar”
adlı məqaləmdə geniş yazmışam
(http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html).
Firudin Gilar
Bəg
Комментариев нет:
Отправить комментарий