Qurana (54:1,2) görə,
qiyamət saatı yaxınlaşdıqda ay iki yerə bölünəcək. Lakin insanlar bu möcüzəni
gördükdə üz döndərərək: “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Bu
hadisə haqqında hədislərdə də məlumatlar verilir. Yazılanlara görə, müşriklərin
on dörd nəfəri Həzrətin hüzuruna gəlib, onun peyğəmbərliyinin nişanəsini
soruşurlar. Peyğəmbər də sübut kimi aya əmr edir ki, iki yerə bölünsün. Ay iki
yerə bölünür. Sonra isə Peyğəmbərin əmri ilə ay əvvəlki halına gəlir.
Peyğəmbərin bu möcüzəsini
anlamaq üçün qədim müdriklərin məntiqlərini və rəmzlər dilini bilmək lazımdır.
Çünki bütün qədim yazılar məhz xüsusi məntiqlə yazılmışdır və bu rəmzlər dili
qədimdə sofi, islamda isə sufi elmi kimi qalmışdır. Dünyanın ilk və vahid dili
olan bu dil, təbiət qanunlarına əsasən yaradılmışdır və batin elmi adlanır.
Quranın da adi, yəni hərfi mənasından başqa batini mənası var və onu yalnız
qədim sirlərdən xəbərdar olanlar bilmişlər. Biz də məhz bu “dil” vasitəsi ilə
“ayın bölünməsi” rəmzinə izah verəcəyik.
“Batini-Quran” kitabında və
məqalələrimdə mən sübut etmişəm ki, Allahın bir olduğu kimi, bütün dinlərin
mənbəyi də birdir və qədimdə baş vermiş sirli hadisə ilə bağlıdır. Bu hadisə ən
qədim mənbələrdə “Dünya”nın yaranması kimi qeyd olunur və burada söhbət
yaşadığımız fiziki dünyadan yox, Misir fironu Amonun magiya və qurbanlar
vasitəsi ilə göydə yaratdığı ruhlar dünyasından gedir.
Tövrata görə,
dünyanın yaradılışının dördüncü günü, Allah - iki Nursaçan yaradır. Burada
Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçündür. Böyük
Nursaçan dedikdə, qədim Misir fironu Amon tərəfindən göydə yaradılmış və Amon
öləndən sonra onun ruhu ilə birləşərək Ra-Amona çevrilən Ra günəş diski başa
düşülməlidir və axirətədək dünyanı məhz bu Allah idarə edir. Kiçik Nursaçan
dedikdə isə, axirətdə Ra-Amonun yerinə “keçəcək” Mehdinin rəmzi olan Ay obrazı
təsəvvür olunmalıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay obrazı
axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir.
Müsəlmanlığın rəmzi sayılan
Ay rəmzi, ən qədim mənbələrdə Arrandan (Xarran) olan Sin, El-Amurru və s.
Allahlara aid edilir. Yazılanlara görə, axirətdə Misir fironu Amonun
törəmələrinin nəslindən bir insan doğulacaq və onun bədənində Allah ruhu olacaq.
Mehdi və ya Məsih obrazında olan bu insan öldükdən sonra onun ruhu göylərə
qalxaraq, “Dünya”nın yaradılması zamanı yaradılmış Ay diski ilə, yəni Kiçik
Nursaçanla birləşəcək. Bundan sonra isə hər iki dünyanın sahibi Mehdi
olacaqdır. Deməli, Ay obrazı, axirətdə Ra-Amon (Ra-Əman - Rəhman) Allahın
yerinə “keçəcək” Mehdinin obrazıdır.
Qədim
Misirlilərin «Amduat kitabı»nda (“Ölüm şahlığı Duatda olanlar kitabı”), axirətdə
Ra-Amon Allahının Ay Allahı ilə əvəz olunması hadisəsi təsvir olunur. Bu
kitabda, Günəş Allahı olan Ra-nın 12 saat ərzində bataraq, “yerin altında
olduğu zaman” dəyişməsi və səhər qoca Günəşin əvəzinə, «gecə Günəşi»
adlandırılan yeni -cavan Günəşin çıxması təsvir olunur. Köhnə Günəş, ölüm
şahlığı Duata daxil olur və onun yerinə
«gizlində olan» «gecə Günəşi» zühur edir. Burada «gizlində olan» Mehdinin əsas
xüsusiyyəti kimi, onun biliyi nəzərə çatdırılır və Allahla bağlı sirləri bilənin
Böyük Allahın bənzərinə çevriləcəyi
bildirilir. Ona qədər Duatın sirli obrazı heç bir insan tərəfindən dərk
edilməyəcəkdir. Duatdakı qurbanlar bu sirləri bilənə məxsusdur, yəni
qurbanlardan yaranmış ruhlar dünyasının sahibi də o olacaqdır.
Ölüm
şahlığı Duatın sistem və ierarxiyası ismailiyə fəlsəfəsində geniş şəkildə təsvir
olunur. İsmailiyə fəlsəfəsinə görə dünyanın yaranmasının əsas səbəbi – İlahi əmrin
həyata keçməsidir. Dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”)
ibarətdir və hərəsinin öz ali xətibi var. Onlar “Dai Duat əl-cəzirə”
adlandırılır. İnsan tarixi burada dövrlərə və eralara bölünür ki, “böyük” dövr
– Adəmdən Əl-Qaimə, yəni Mehdiyə qədər olan dövrdür. Mehdinin gəlişinin əsas
mahiyyəti - dini qanunun, yəni İslamın “zahiri” qəbulunu ləğv etmək və İlahi həqiqətlər
olan batini sirləri tam açaraq insanlara izah etməkdir. Öləndən sonra isə
Mehdinin ruhu - zamanın sahibinə, yəni axirətin Allahına çevriləcək.
Bilən
adamın Allaha çevrilməsi rəmzi mənbələrdə yaradılışın əsas şərtlərindən
sayılır. İlkin materiyanın qanunlarına görə, yalnız onun sirlərini bilən ilkin
materiyanı idarə edə bilər. “Dünya”nın yaradılışı zamanı Amon Allahı da ilkin
materiyanın bütün sirlərini dərk etdikdən sonra Allaha çevrilmişdir. Deməli,
axirətdə gəlməli olan da, bu rəmzləri təkrar etməlidir. Əks halda kiminsə
Ra-Amon Allahının yerinə keçməsi mümkün deyildir. Kitabda bunları bilməyin
vacibliyi əsas ideya kimi tez-tez təkrarlanır.
“Amduat
kitabı”ndakı səhnədə bütün prosesə nəzarət edən, «O, - Hansı-ki – Torpağı –
Möhürləyir» rəmzini daşıyan, Günəşin səyahətinin birinci dövrünün qapılarını
bağlayan Allah göstərilir və bu da Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Məşhur
sufi Mühiddin İbn Ərəbi bu Allahı “öz xəzinəsini möhürləyən Hakimi-Mütləq”
adlandırır və bildirir ki, Böyük Allah möhürlə öz Xəlq etdiyini, möhür xəzinəni
gözlədiyi kimi gözləyir. Dünyada bu Kamil İnsan yaşadıqca, dünya qorunacaq.
Misir mətnlərində bu Allah – “möhür gözləyən evin gözətçisi” adlandırılan
Nu-Oziri (Nu-Osiris) kimi də qeyd edilir. İsmaili fəlsəfəsində bu obraz ölümsüz
Nizar kimi məlumdur. Deməli, İbn Ərəbi “Dünya” dedikdə Kamil İnsanı, yəni Adəm
obrazında olan göy insanını nəzərdə tutur və qədim Misir mənbələrində bu insan
Atum Allahı adlandırılır. Digər sufi dahisi Qəzali isə məhz bu kosmik insanı Məhəmməd
peyğəmbər kimi təqdim edir. Bu isə Məhəmməd peyğəmbərin, Allahın möhürü mənasında
olan kosmik insan olması deməkdir. Hz. Məhəmmədin peyğəmbərlərin möhürü olması
Quranda (33:40) da xüsusi nəzərə çatdırılır.
İbn Ərəbi
yazır ki, “Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə
elementar quruluşuna görə peyğəmbərlərin möhürü oldu”. Qədim Misirin “Ölülər
kitabı”nda da bu mənada olan Allah bildirir ki, “torpaq” yarananda o artıq Beytdə peyğəmbər idi. Deməli, peyğəmbərlərin
möhürü olan Həzrəti Məhəmməd, Günəş
Allahı olan Ra-Amonun obrazıdır. Axirətdə isə onun yerinə qədim sirləri bilən
gizli imam keçəcəkdir və bu obrazda da mənbələrə görə ”möhür” olacaqdır.
Hədislərə
görə də, imam Mehdidə də, Hz. Məhəmməddə olduğu kimi "peyğəmbərlik möhürü" olacaqdır və
axır zaman peyğəmbəri, peyğəmbərlik möhürü ilə tanınacaq. Bu isə o deməkdir ki,
Günəş Allahının yerinə keçəcək Ay Allahı rəmzində olan Mehdi, axirətdən sonra
Ra-Amon (Rəhman) Allahı kimi iki dünyanın Allahına çevriləcək və bundan sonrakı
zamanın sahibi məhz o olacaqdır.
Bu
çevriliş qeyd etdiyim kimi Duat aləmindən başlanacaq. Axşam, Ra-Amon Allahı
ölüm şahlığı Duata daxil olacaq. Ölən Mehdinin ruhu da göyə qalxaraq, ruhlar
dünyasının yaradılışı zamanı yaranmış Ay diski ilə birləşəcək və səhər, artıq
Ra-Amon Allahının əvəzinə Ay Allahı olan Mehdi çıxacaq. Mənbələrdə bu “gecə Günəşi”
də Ra günəşi kimi qeyd olunur. Quranda bu hadisə eyni zamanda Günəşin ayla, yəni
günəş Allahı Ra-Amonun Ay Allahı Mehdi ilə birləşməsi kimi də qeyd olunur:
“Qiyamət günü nə vaxt olacaq?”– deyə soruşurlar: Gözlər bərələ qalacağı, ay
tutulacağı və günəşlə ayın birləşəcəyi zaman”. Belə çıxır ki, axirətdə Ra-Amon
Allahla Mehdinin ruhu bir Günəş (və ya Ay)
obrazında birləşəcək.
Quranın
54-cü surəsi Qəmər adlanır və bu da Ay mənasındadır. Bu rəmz sufizmdə Qam-Ər
kimi açılır və qədim mənbələrdə “hər şeyi bilən” mənasını verən “qam” (şaman) rəmzindən
və Ər [R], yəni Ra [R] mənasında
günəş rəmzindən ibarətdir. Qam [QM] rəmzi mənbələrdə əl-Qaim [QM] kimi də
yazılır və gizli imam Mehdinin rəmzlərindən biri hesab olunur. Lakin qaim/qam rəmzindən
eyni zamanda «Qiyama» rəmzi də yaranmışdır və bu axirətdə baş verəcək «qiyamət»
mənasındadır. Deməli, Mehdi obrazı eyni zamanda axirətdə gəlməli olan və hər
şeyi bilən qam-şamanın obrazıdır. Mehdiyə aid olan - «Qaim bi-əmr Allah» rəmzi (yəni ”Allahın əmrini yerinə yetirən”),
Mehdinin – Allahın əmrindən yaranması və onun əmri ilə hərəkət etməsi deməkdir.
Qam-Ər [QM-R] rəmzi digər mənbələrdə
Ərqam [R-QM], Rəhim [R-HM] və s. kimi də yazılır və sufizmdə bu rəmzlər eyni məna
kəsb edir. İslamın əsas rəmzlərindən olan «Bismillahu Rəhmani Rəhim» rəmzi də sufizmdə «Göylərin
sahibi olan Allahın ruhu Ra-Əmanın və Ra-qamın ruhudur» kimi açıqlanır. Bu isə
Rəhim rəmzinin Rəhman rəmzi kimi Allaha aid edilməsi deməkdir. Bu rəmzlərin tam
izahını mən “Batini-Quran” kitabında vermişəm. Bütün bunlar o deməkdir ki,
İslama görə də Rəhman Allahdan sonra, ilkin materiyanın qanunlarını bilən
insanın ruhu göylərə qalxaraq “gecə Günəşi” mənasında olan Ra diski ilə birləşəcək
və Rəhim Allaha çevriləcək. Deməli, axirətdə Rəhman Allahın yerinə Rəhim Allah
“keçəcək” və bundan sonrakı zamanın sahibi də məhz Mehdi obrazında olan Rəhim
olacaq.
Göydəki
ruhlar dünyasının yaranışı zaman yaradılmış Mehdinin obrazı, göy elinin, yəni
ilkin materiyanın rəmzi olduğu üçün qədim mənbələrdə onu El Allahı adlandırırdılar
və İslamda bu rəmz Əli kimi qalmışdır. El Allahını, qədim Misirdə Allah ruhu mənasında
olan Şu kimi də qeyd edirdilər. Daha sonralar Şu rəmzi yəhudilərdə Yeşua
Allahına, yəni İsa Allaha çevrildi. İslamda Şu Allahının ardıcılları məhz bu mənada
Şiə adlandırılmağa başlandı. Şiə nizarilərinin xristianlıq dövründə Yeşua
nazareyliləri, qədim Misir mənbələrində isə Şu Allahının Nu şəhərində yaşayan
Oziri (Nu-Oziri) nəsli adlanmasını mən “Batini-Quran” kitabında və məqalələrimdə
sübut etmişəm.
Ən qədim
mənbələrə görə axirətdə, mətnlərdə eyni zamanda Sin kimi qeyd olunan və
Arrandan olan El-Amurru (Əli-Əmir)
obrazı gələcək. Sin rəmzindən isə Sünnü rəmzi yaranmışdır və bu da İslamın digər
qolunun adıdır. Deməli, İslamın “Sünnü” və “Şiə” rəmzləri eyni mənalı olub, Ay
obrazlı Mehdini gözləyənlərə və onun ardıcıllarına aiddir.
Qədim
Misirin Şu Allahı xristianlıqda İsa kimi qeyd edilir. Belə çıxır ki, Mehdi
öldükdən sonra, onun ruhu, yəni mənbələrdə Şu, Yeşua, İsa adlandırılan peyğəmbər,
yazdığımız kimi əvvəlcədən yaradılmış Ay diski ilə birləşərək ilkin materiyadan
yaradılmış bu Ay diski ilə vəhdət təşkil edəcək.
Məhkəmə
günlərinin ilk dövrlərində Ay Allahı insan gözünə görünəcək qədər aydın olacaq
və insanlar axşam göydə iki Ay görəcəklər. Bunlardan biri həmişə gördüyümüz Ay
planeti, digəri isə ilkin materiyadan yaradılmış və Mehdinin ruhu ilə birləşmiş
Aya bənzər İlahi Varlıqdır. Fəzada, bir-birinə qarşı duran dağların üstündə bu
iki Ayı gördükdə, insanlar çox təəcüblənəcəklər. Quran məhz bu hadisəni təsvir
edərək yazır ki, qiyamət yaxınlaşdıqda ay iki yerə bölünəcək və insanlar bu
möcüzəni gördükdə - “Bu, tez keçib-gedən bir sehirdir” deyəcəklər. Həqiqətdə isə
Ay Allahı olan Mehdi dünyanı axirətdən sonra da təxminən 2200 il idarə edəcək.
Bu həqiqətlər silinməz yazı ilə yazıldığı üçün dəyişməzdir və Amon Allah tərəfindən
idarə olunur.
Yazdıqlarımızdan
belə nəticə çıxır ki, qiyamət zamanında Ayın iki yerə bölünməsi, real şəraitdə
baş verəcək mistik bir hadisənin rəmzlərlə ifadə olunmasıdır. Bu hadisələrin
baş verməsinə heç kimdə şübhə olmamalıdır. Çünki qədim müdriklər o dərəcədə
ağılsız olmamışlar ki, bütün qədim ədəbiyyatı və müqəddəs kitabları olmayacaq
bir şeyə həsr etsinlər. Əksinə, qədim müdriklər tam kamilliyə çatdıqlarına görə
mənbələrdə onları “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” müdriklər
adlandırmışlar. Onların yaratdıqları yaşayır, əvvəlcədən təyin etdikləri hökmlər
isə bu gün də çox dəqiqliklə həyata keçir və hələ ən azı 2200 il də öz güçündə
qalacaqdır.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий