Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin
birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim
tutursa, bu ordunu onların üzərinə göndərirəm” (1). Bu fikrin əsl mənasını
anlamaq üçün hər bir sözün rəmzi mənalarını da nəzərə almaq lazımdır. Qədim Misir mətnlərində
Şərq dedikdə, Günəşin doğduğu Allahlar ölkəsi nəzərdə tutulur ki, Günəş Allahı
məhz buradan öz şanı ilə göyə qalxır (2). Digər mənbələrdə “Şərq” dedikdə əsasən Qafqaz Albaniyası nəzərdə tutulur və bu ölkə qədim
Midiyadan, yəni indiki Azərbaycanın cənub bölgəsindən başlanır (3). Lakin Şərq
rəmzi altında eyni zamanda Ərəbistan da qeyd olunur və mətnlərdə Midiya ərazisində
“Şərqin Ərəbləri” ölkəsinin olması məlumdur (4). Belə çıxır ki, Şərq rəmzi
altında indiki Azərbaycan ərazisində mövcud olmuş Midiya başa düşülməlidir.
Məşhur Azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində
“Şərq” - göyləri və göydəki dünyanı bildirir (5). Yunan mifologiyasında
“Ərəb” (Ereb) rəmzi də göyləri və xaosu bildirir ki, bu da “Şərqin Ərəbləri”
ölkəsinin göylə bağlılığı deməkdir. Deməli, Misir Allahlarının Şərq ölkəsi Azərbaycan
göyləri ilə bağlı olmalıdır. Göylərlə bağlı ölkənin nə demək olduğunu anlamaq
üçün isə buradakı “türk ordusu” sözünün əsl mahiyyətini araşdırmaq lazımdır.
Mənbələrdə “türk” dedikdə, sufizmin “tərikə” yolunu
gedən “türük” nəzərdə tutulur ki, bu da sufi müridi mənasındadır. Sufizmdə,
ilkin materiyadan informasiya alma yolu - tərikə yolu adlanır və sufinin
Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni
bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət”
adlandırırlar. Silsilənin “bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və
o, mənbələrdə dirilik suyu, İlahi od və s. adlandırılan ilkin materiyanı idarə
etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında
informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək
və s. İlahi qüdrətə sahib olur. Deməli, türük, türk dedikdə, Allaha qovuşan, yəni
əvvəli və sonu olmayan ilkin materiya ilə vəhdət təşkil edən (“Vəhdət əl Vücud”
rəmzi) müdriklər nəzərdə tutulmalıdır.
Allahla vəhdət təşkil edən və onun qüdrətindən
yararlanan türkləri Xalkidli Yamvlix teurq adlandırır və bu rəmzlər sufizmdə
eyni məna verir. Yamvlix, özünün “Misir sirləri haqqında” kitabında teurqları
Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının
yaradıcı Allahla vəhdətidir (6). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi
ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” –
Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla vəhdətə nail
olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah
yaratma” kimi də tərcümə edirlər. Belə çıxır ki, türk sözü ən qədim mənbələrdə
- “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah
yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur.
Burada brahman və kahinlər - alqış, qurbanlıq formulu və magik hərəkətlərlə,
qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata
keçirən varlığa çevrilməsinə nail olurlar. Belə çıxır ki, Şərqdəki türk ordusu dedikdə, Midiya göylərində
qurban vasitəsi ilə yaradılmış Türk eli və bu elin ordusu təsəvvür olunmalıdır.
Qədim mənbələrdən, göydə yaradılmış bu ordu - Göy türkləri kimi də məlumdur. Türkiyə
sözü mətnlərdə “Turquia” kimi yazılır ki, bu da “Teurqiya” mənasında teurqların
Midiya göylərində zahir etdiyi Eli bildirir (7).
Türklərin ekstatik durumda ilkin materiya ilə vəhdətə
nail olmalarını, İordan hunnlarla və qotlarla, yəni qutilərlə bağlayır. İordan rəmzlərlə yazaraq, ilkin materiyada səyahət
edən teurqların ruhlarını “Qaliurunnı” adlandırır və bildirir ki, onların ilkin
materiyada cinlərlə cütləşməsindən dünyaya çox qəddar tayfa əmələ gəldi. O, məhz bu vəhdətdən yaranan varlıqları hunnlar və
qutilər (qotlar) adlandırır (8). Məlumdur ki, qutilər - Mesopotamiyanın məhşur
şahlar nəslidir ki, bu sülaləsinin hakimiyyəti mifik dövrlərdən, yəni “çar
hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən başlanır (9). Bu isə o deməkdir
ki, göydən gəlmiş qutilər, hunnlar - teurqiya prosesinin sonunda Allahlara
çevrilmiş teurqlar, yəni türklərdir.
Türklərin Moyun Çor abidəsində türk xanı Tolis
bildirir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Mogilyan və Gültəkin mətnlərinin
ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və
Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (10). Deməli, qədim Misirin Günəş
Allahının ölkəsinin yerləşdiyi Şərq elə türk-hunnların Midiya göylərində
yaratdığı Eldir.
Qurana görə Allah,
Günəşin çıxdığı yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə öz arasında pərdə
yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (11). Bu o deməkdir
ki, Allahın Şərqdəki türk ordusu, qədim sirləri bilən sufi seçilmişləridir. Ən
qədim mənbələrdə onlar Midiya maqları kimi tanınırdılar. Orta əsrlərdə Midiya maqları – gizli sirləri bilən
sufilər kimi məlumdur və
bunlar da mənbələrdə Səfəvilər nəsli kimi qeyd olunurlar. Bilirik ki, sufi batinilər,
Quranın zahiri, yəni birbaşa mənasından başqa gizli, batini mənasının da
olmasını iddia edirlər və Qurandakı sözləri rəmzlər kimi qəbul edirlər. Mənbələrdə
bu batinilər Şah İsmayıl Səfəvinin “sorxsər bidin mülhidləri” adlanır (12).
Sorxsər rəmzi Batin elmində “Sor-Xsər”, yəni Azər-Xızır kimi açılır ki, bu da
“ölümsüz Asar/Osiris Allahı” deməkdir. “Bidin” rəmzi isə “batin” rəmzi kimi
“Beyti-Nun” mənasını verir ki, bu da Allahın göydəki (ilkin Nunu sularındakı)
Evini bildirir. “Mülhid” (Kabbalada Malxut) rəmzi Batin elmində “Mələküt” kimi
məlumdur və bu da mələklər dünyası və bu dünyanın mələkləri anlamındadır. Deməli,
“Sorxsər bidin mülhidləri” dedikdə - göydəki cənnətdə ölümsüzlük qazanmış mələklər
nəsli nəzərdə tutulmalıdır ki, bunlar elə
qədim Misirin Osiris (Asar/Azər) Allahı mənasındadır. Belə çıxır ki, Şah
İsmayıl Xətainin ordusu olan “Sorxsər bidin mülhidləri” – Azərbaycan göylərində
ölümsüzlük qazanan mələklər nəslidir və qədim mənbələrdə onlar Osiris Allahları
kimi qeyd olunurlar. Biz bu batiniləri seyidlər kimi tanıyırıq və məşhur fransız filosofu, şeyx Rene Qenon
"seyid" sözünü "peyğəmbər" kimi tərcümə etmişdir. Qurana görə,
peyğəmbərlər mələklər nəslindən seçilir (13). Bu isə o deməkdir ki, Şah İsmayıl
Xətainin Sorxsər bidin mülhidləri peyğəmbərlər nəslidir və Allahın Şərqdəki
ordusu da, göydə ölümsüzlük qazanan bu peyğəmbərlərin ruhlarıdır.
Quranda cərgə ilə düzülmüş mələklər deyəndə - səf-səf
duranlar, yəni sufilər nəsli nəzərdə tutulur. Quranın 37-ci surəsi “əs-Saffat”
adlanır və burada bu mələklərin ali məqamından, onların məhkəmə qurmasından və
s. danışılır: “Bizdən elə birisi yoxdur ki, məlum yeri olmasın. Və həqiqətən
biz səf-səf durmuşuq. Və məhz biz şəninə təriflər deyirik!... Yoxsa onlar
Allahın bulud kölgələri içində mələklərlə gəlməsini gözləyirlər. Və bütün işlər
həll olmuşdur və işlər Allaha qayıdacaqdır… Və budur, siz Allahdan kömək dilədiniz
və O sizə cavab verdi: “Mən sizin köməyinizə bir-birinin ardınca gələn min mələklə
çataram!... O gün, Göyün buludlarda parçalanacağı və mələklərin dəstə-dəstə
endiriləcəyi gün, bütün həqiqi hakimiyyət (Mülk) yalnız Rəhmana məxsus
olacaqdır: kafirlər üçün isə çətin gün olacaqdır!” (14). Lakin “əs-Saffat” surəsi
eyni zamanda “xatırlamanı oxuyan”, yəni “yada salma” mənasında Mehdiyə də aid
edilir: “Həqiqətən, səf-səf durub, qətiyyətlə qovan və xatırlamanı oxuyanlara
and olsun ki, Allah birdir!… Bizim sözümüz göndərdiyimiz qulumuzu
qabaqlamışdır. Həqiqətən məhz onlar kömək alacaqlar. Bizim ordularımız zəfər
çalandır” (15). Burada sözün qulu qabaqlaması deyəndə, əvvəlcədən yazılmış
yazıya əsasən Mehdinin zühur etməsi nəzərdə tutulur.
Quranda məhz mələklər Allahın ordusu kimi qeyd
edilir: “Və budur, siz Allahdan kömək dilədiniz və O sizə cavab verdi: “Mən
sizin köməyinizə bir-birinin ardınca gələn min mələklə çataram... Göylərin və
yerin ordusu Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət və hikmət
sahibidir!… Allah onları Öz mənəvi gücü və ordusu ilə qüdrətləndirdi ki, siz
onu görməmisiniz…” (16). Belə çıxır ki, Allah: “Mənim Şərqdə türk adlanan ordum
var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm”
dedikdə, məhz göydə ölümsüzlük qazanmış peyğəmbərləri nəzərdə tutur ki, bunlar
da yazdığımız kimi qədim Misirin Osiris (Asar/Azər) Allahının ölməzlər nəsli mənasındadır.
Quran peyğəmbərlər haqda yazır: “İnsanlar bir ümmət
idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi və
aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar
bununla da ayrıldılar” (17). İnsanların bir ümmət olması və sonradan ayrılması
mənbələrdə Babil qülləsinə aid edilir. Tövrata görə, Şərqdən gələn və bir dildə
danışan ümmət, “başı göylərə çatan” Babil qülləsini tikdikdən sonra, Allah
onların dillərini dəyişib, dünyaya səpələdi (18). Tarixçi M. Xorenatsi, Babil qülləsinin tikilişini “Yerin
başlanğıcı və onun məskunlaşması” adlandırır və ilk Allahlarla bağlayır. Onlar
qəddar və Böyük olmuşlar. M. Xorenatsiyə görə, bu Allahlardan ağlasığmaz nəhənglər
nəsli ayrılır və onlar nəhəng tikili planlaşdıraraq, o saat da onun tikilişinə
başlamışlar (19).
Əflatun da ilk yaradılmış varlıqları “Allahlar Allahları” adlandırır və
bildirir ki, onları yaradan Demiurq, onlara - ölümlü və “həqiqət dalınca gedən
ölümsüz insan” yaratmalarını hökm edir (20). Burada, “həqiqət dalınca gedən
ölümsüz insan” deyəndə Əflatun məhz batini sufiləri nəzərdə tutur. Deməli,
Quranın “peyğəmbər” adlandırdığı varlıqlar – ilk Allahlardan ayrılmış ölümsüz nəhənglər
nəslidir və onlar da “başı göylərə çatan” Babil qülləsini tikmişlər.
Kitabi - Dədə Qorqudda, başı göylərə çatan Babil qülləsi – “Sərt yüksəklikdəki Ümman dənizində tikilmiş kafər şəhəri
adlandırılır. Burada yaşayan türklər isə – “su dibində, sağa, sola ordu göndərib
vuran asilər” adlandırılır ki, onlar: “Tanrı mənəm, deyə qışqırışırlar”.
Kitabda bu asilər ordusu “Qan alaca ordu”, yəni
“qanla, qurbanla yaradılmış qırmızı ordu” adlandırılır (21). Babil rəmzinin “Allahın qapısı” mənasında olmasını nəzərə alsaq,
razılaşarıq ki, Allahın Şərqdəki ordusu, Babil qapısından keçib yerdəki dünyaya
gələn asilərin, yəni Allahların qırmızı ordusudur.
Qədim mətnlərdə Ümman
dənizində yaradılmış bu ordu “Umman Manda”, yəni Ümman dəryasının Manda ordusu adlandırılır (22). Ümman rəmzinə bənzər Ummanate rəmzini akkadlar
“ordu” mənasında qeyd edirdilər ki, bu söz qədim fars dilində Kara rəmzi ilə
qeyd olunurdu. Q. Qeybullayev yazır ki, Bisütun
yazılarında “Kara Mada” sözü var ki, (bax: Maday-Kara eposu) bəzən bu sözü “Midiya
xalqı” kimi tərcümə edirlər (23). Dyakonova görə, buradakı bütün sərbəst əhali “xalq-ordu”
– “kara” anlayışı ilə əhatə olunurdu (24). R. Fray bu haqda yazır: “Qədim iranlılarda,
digər hind-avropalı xalqlarda olduğu kimi, şah - qanuni hakimiyyətə hüququ
çatan müəyyən nəsildən çıxırdı (şahlıq xarizması). Şahı xalq yığıncağı, qeyd
olunan dövrdə isə Kara adlanan “xalq-ordu” seçirdi ki, Əhəməni İranında şah adi
yox, şahlar şahı idi. Onun şəxsi müqəddəs idi, çünki o, Allahlar nəslindən
sayılırdı. Saray mərasimi, əsasən şah qarşısında təzim adəti Əhəməni hakimlərinin
İlahi statusundan xəbər verirdi. Şah eyni zamanda kahin simasında, qurban mərasimlərində
rəhbər rolunu oynayırdı. O yeni il şərəfinə keçirilən və ya simvolikaya görə
çox vacib olan bayramlarda, bununla bağlı kosmoqonik tamaşalarda əsas fiqur
kimi çıxış edirdi. Şahın tacqoyma günü onun doğum günü sayılırdı, çünki o tac
adını, yəni “yenidən doğulmuş” adını qəbul edərək, yeni simada çıxış edirdi ki,
xüsusi geyim onun hakimiyyətinin bütün kainatı əhatə etməsi mənasında idi (25).
Bütün bunlar isə o deməkdir ki, Ümman dənizində yaradılmış ordu bilavasitə
Midiya ilə bağlıdır və bu ordu bütün dünya üzərində hakimiyyət qazanmışdır. Bu
ordunun şahı ikinci dəfə doğulmuş hesab edilir ki, bu da insan ruhunun, bədənin
fiziki ölümündən sonra göylərə qalxması və orada yeni həyat mənasında
ölümsüzlük qazanması deməkdir. Ordunun “Kara” adlanması da, onun, qədim Misirin
Qor fironlarının ruhları olması mənasında olmasıdır ki, bu ruhlar göydə Qor
qızılquşu cildində yaşayırlar.
Mənbələrdən məlumdur ki, fars və midiyalılardan
ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın
başçılığı ilə minlərlə “ölümsüz” şahın şəxsi təhlükəsizliyini qoruyurdu.
Araşdırıcılar sözlərin etimologiyasına görə hesab edirlər ki, Əhəmənilər (Haxamanişi
– Haq-Amon-İssi) dövründə “minlərlə ölməz” – “hazarapati” titulunu daşıyırdı (26).
Erməni mənbələrində xazarapet (hazarapati) titulu, ölkənin təsərrüfatını idarə
edən və digər bütün işlərə nəzarət edən Xiliarx adlanır. Bu mətnlərdə “hazarapet
dran ariats” titulu da qeydə alınmışdır ki, onu “arilərin qapısının Xiliarxı”
kimi tərcümə edirlər. Buradakı “qapı” rəmzi Allahın göydəki elinin qapısı, yəni
Babil qülləsi mənasındadır ki, digər mənbələrdə o Xalda qapıları kimi də qeyd
olunur. Xalda, Xiliarx rəmzləri isə onu göstərir ki, Allahın bu eli - Alban
şahlarının nəslinə aid olan Gel, Gelarküni ilə bağlıdır.
Hazarapati rəmzi - Xızır-Apet (Osiris-Pta), yəni
Xızır-Yafət mənasındadır və bu da bilavasitə Azərin (Asar/Osiris) Yafət əsilli
türkləri deməkdir. “Ölümsüzlük” rəmzi qədim Misir mənbələrində “saxu” (sak)
kimi, Assur mənbələrində isə “üşşakku” (şak) kimi məlumdur. Üşşakkular Assur şahlarıdırlar və mən
“Assuriya qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə bu haqda məlumat vermişəm
(27). Bu şahlar nəsli erməni mənbələrində Sisaka kimi qeyd edilərək Gelarküni nəslinə
aid edilir. Bu isə o deməkdir ki, Allahın göydəki cənnətinin qapısının
qoruyucuları və onun ordusunun başçıları Azəri türklərinin Gelar bəgləri
olmuşlar. İordanın, yaradılışdan əvvəl göydə səyahət edən Amonun ruhunu və onun
cinlərlə cütləşməsindən əmələ gələn qəddar tayfanı da “Qaliurunnı” adlandırması isə o deməkdir ki,
Qaliurunnılar, yəni Gelar-hunnlar elə göydə ölümsüzlük qazanmış Misir fironu
Amonun (Ra-Amon Allahı) nəslidir. Xiliarxın başçılıq etdiyi minlərlə ölümsüzlər isə, Allahın Şərqdəki türk
ordusudur.
Hunn (xunn) rəmzi qədim mənbələrdə xanaan, kənan və
s. kimi yazılaraq əsl yəhudilərə, yəni Xəzər türk bəglərinə aid edilir. Xanaan
rəmzi altında mənbələrdə amoreylər, marlar, yəni Talmud müdrikləri nəzərdə
tutulur. Onlar Babil qülləsini tikən əmir-seyidlərdir və biz bu marları - midiyalılar
kimi tanıyırıq. Lakin xunn/xanaan rəmzlərinin xenn, xennu və s. variantları ən
qədim Misir mənbələrində çox dərin mənalar verir. Bu rəmzlər - ilkin materiyanın
(efirin, göylərin) bir hissəsinin strukturun dəyişib, orada dünya yaratmaqla
bağlı rəmzdir. Digər tərəfdən, “kənan” rəmzi assurların “Ki-nun” rəmzidir ki,
bu rəmz eyni zamanda mənbələrdə Knun, Kün, Nun-ki, Enki, Annunaki və s. kimi də
yazılaraq, Şərqdən gələn ümmətin tikdiyi Etemenanki zikkuratının Esagil məbədinə
aid edilir. Bu tikili mənbələrdə Eridu kimi də məlumdur və “ordu” rəmzi də
sufizmdə Eridu rəmzi ilə eyni mənalıdır. Bu ilk məbəd, tikilib qurtarıldıqdan sonra
yerin altına basdırılmışdır. Mənbələrdə məhz bu abidə Cəbərut aləmi, yəni yerlə
göyün keçid aləmi mənasındadır və məhz burada bu gün də Azər odu, yəni ilkin
materiya kimi tanıdığımız dirilik suyu mövcuddur. Deməli, Allahın türk
adlandırdığı hunnlardan ibarət ordu, adi ordu yox, dirilik suyundan, İlahi
oddan yaradılmış müqəddəs varlıqlardan ibarət ordudur.
Orta əsr mənbələrində Eridunun ölməzlər ordusu -
Qızıl Orda kimi də qeyd olunur və monqol-tatarlara aid edilir. Sufizmdə “Monqol”
rəmzi “Amon-Gel” kimi açılır və Ra-Amon Allahının Gel nəsli mənasındadır. İran
və s. mənbələrində monqollar - Elxanilər, Cəlairilər və s. kimi tanınırlar ki,
bunların indiki monqollara, Monqolustana qətiyyət aidiyyəti yoxdur. Elxan rəmzi
El-Xanan, yəni Kənan/Ki-Nun Eli mənasında, ilkin materiya ilə vəhdət təşkil edən
seyid-bəglərə aiddir. Cəlair rəmzi isə Gelar rəmzinin ərəbləşmiş variantıdır.
Deməli, qədim monqol-tatarların Qızıl Ordası, Azərbaycanın Gellərinin türk
ordusudur ki, biz onları qızılbaşlar kimi, yəni
“sorxsər bidin mülhidləri”
kimi tanıyırıq.
Türklər haqqında ən kamil məlumatları, “Türklərin digər döyüşçülərdən
üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində Əbu əl-Ala İbn
Xassul vermişdir. İbn Xassul yazır: “Zəncirdən azad olan türk ordunun başında
durmayanadək və ya hacib olmaq şərəfinə nail olmayanadək ya da böyük ordunun
komandiri və orduda sözü ötən ordu başçısına çevrilməyənədək, özünü məmnun
hesab etməyəcəkdir” (28). Burada “zəncirdən azad olma” deyəndə, təbii ki batini
məna, yəni insan öləndə, onun “bədəndən azad olan ruhu” nəzərdə tutulur. Lakin
ölən hər bir türkün ruhu Allahın ordusunun başına keçə bilməz. Deməli, bu ruh Tək
Allahın axirətlə bağlı obrazı mənasındadır.
Bilirik ki, Allah mənbələrdə Özünü - Alfa və Omeqa, Əvvəl və Axır, Şərq və
Qərb, Rəhman və Rəhim adlandırır. Burada Axır, Omeqa, Qərb, Rəhim deyəndə, axirətdə
gələn Mehdi obrazının onun taxtında oturması başa düşülməlidir. Deməli, türkün
“zəncirdən azad olması”ndan sonra ordunun başında durması və hacib olmaq şərəfinə
nail olması – axirətdə Mehdi obrazında gələcək və Allah ruhunu daşıyacaq türkün,
öləndən sonra ruhunun Rəhman Allahın taxtında oturması mənasındadır. M. Xorenatsiyə görə,
Valarşak, Anqelea ləqəbli Torku - Qərbin, yəni Günəşin qürub dövrünün (axirət)
hökmranı adlandırır ki, bu da axirətdə gələn türkün məhz Angelea, yəni Gel nəslindən
olması deməkdir (29). Axirət məhkəməsi də məhz bu türkün “zəncirdən azad olması”dan sonra
başlamalıdır.
Əhdi-Ətiqdə axirət məhkəməsi ilə bağlı Allahın yerə
göndərdiyi ordusu barəsində yazılır: “Allah deyir: Budur, uzaq şimal ölkəsindən
bir xalq gəlir və Böyük xalq Dünyanın axırından qalxır: əllərində yay və nizə
var: onlar qəddar və rəhmsizdirlər, onların səsləri dəniz səs kimidir və bir nəfər
kimi cərgə ilə düzülmüş, at üstündə səninlə döyüşə gəlirlər Sion qızı. Biz
onlar haqqında eşitdikdə əllərimiz sallandı, qadınların doğum zamanı əziyyətlərinə
bənzər kədər bizi bürüdü. Sahələrə və yol ilə getməyin, çünki hər tərəfdə istəməyənlərin
qılıncı və dəhşət vardır. Mənim xalqımın qızı! Hüzür paltarını gey və başına kül
tök; tək oğulun ölümü kimi yas tut, hönkür-hönkür ağla; çünki can alan bizim
üstümüzə birdən gələcək (30). Mənbələrə görə, bu
axirət müharibəsində Allah öz xalqı üçün vuruşacaq: “Allah öz xalqının qisasını
aldığı müddətdə günəş dayandı, və ay da durdu... Və bu günə qədər və bundan
sonra belə bir şey olmamışdır ki, Allah insan səsini eşitsin. Çünki Allah
İzrail (Azər-Eli) üçün vuruşurdu (31). Mən, “Qurandakı İsrail oğulları Azəri
türk bəyləridir” adlı məqaləmdə qədim İsrail elinin məhz Azər eli olmasını
faktlarla sübut etmişəm (32). Bu isə o deməkdir ki, Rəhman Allah, Dünyanı
yaradandan sonra Azərbaycandan ərşə yüksəldiyi kimi, axirətdə də məhz burada öz
elini əzablardan qurtaracaq.
Yazdıqlarımdan çıxan nəticə isə
odur ki, Allahın Şərqdəki türk ordusu, onun Midiya göylərində yaratdığı
Albaniyada ölümsüzlük qazanmış və sayı 120000 olan asilərdir (assasinlər).
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar
“Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.
Ədəbiyyat
1.
Л. И. Климович, «Ислам», М., 1965, səh. 131
2.
Рол
Д. Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М., 2002, səh. 428
3.
Историческая
география Азербайджана. Б., 1987, səh. 67
4.
И. Дьяконов,
«История Мидии», M.1956, səh.219, 220
7.
“Türk, Türkiyə nə deməkdir? Ağlasığmaz həqiqətlər”,
sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1196
8.
Иордан, «О происхождении и деяниях гетов» http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/I.phtml?id=2049
9.
А. Оппенхейм,
“Древняя Месопотамия”, М., 1980, səh.146
10. Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”,
B, 1993, səh. 134,104
11. Quran, 18:90
12. “Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh.187
13. Quran, 22:75
14. Quran, 37:164-166, 2:210, 8:9, 25:25,26
15. Quran, 37:1-4,171-173
16. Quran, 8:9, 2:210, 48:7, 9:40
17. Quran, 2:213, 22:74
18.
Библия,
Быт.11:1-9
19. М. Хоренаци, Книга 1, гл.9
20. Əflatun, “Timey”, 41B,D,S
21. “Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118, 38, 74
22. «История
Древнего Востока» М.,1988, II cild,
səh. 135-136
23. Г. А. Гейбуллаев, «К
этногенезу Азербайджанцев», Б., 1991, səh.381
24. И. М. Дьяконов, «История
Мидии от древнейших времен до конца IV в. до н.э.», М.-Л.,1956, səh. 327, 334, 333
25. Р. Фрай, «Наследие Ирана» М.,
1972, səh. 136
26. Р. Фрай, «Наследие Ирана» М.,
1972, səh. 152, 139
27.
“Assuriya – qədim Azərbaycan ölkəsidir”, http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1242
28. Ф. М. Асадов,
«Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 112
29. М. Хоренаци, «История Армении», кн. II, гл. 8
30. Библия,
Иеремия 6:22-26, 5:15-18
31. Библия,
Иисус Навин, 10;13,14
32. “Quran”dakı İsrail
oğulları - Azəri bəgləridir”, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1180
Firudin
Gilar Bəg www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий