Bu məqaləni, mərhum dostum,
kinorejissor Nadir Muqbilovun əziz xatirəsinə ithaf edirəm.
Bu günə qədər yazdığım kitab və
məqalələrimdə - ən qədim mətnlərdə Tilos/Atlas və s., türk mənbələrində isə “Allah
dağı Talas” adlandırılan Talış dağlarındakı Ata Yurdum haqda danışırdım. Bu son
məqaləmdə isə, Ana Vətənim haqda məlumat vermək istəyirəm.
Sufizmdə “vətən” rəmzi,
“batin” rəmzi ilə eyni mənalıdır və əsl vətənin - insanın batinində olan ruhla
bağlı olması deməkdir. Vətən, batin rəmzləri təsəvvüfdə “Beyti-Nun” mənasını
verir ki, bu da ruhun – ilkin Nun sularındakı Beytini bildirir. Beyt/Bit rəmzi ən
qədim Misir mənbələrində, teurqların (türklərin) qurbanla (teurqiya ilə)
yaratdığı göydəki ruhlar dünyasını – Evini bildirir. Başqa sözlə, düşünən
insanın ruhu – Allahın göydəki Evindən enmişdir və bədənin fiziki ölümündən sonra
da oraya qayıdır.
Vətən/batin rəmzləri ilə eyni
mənalı budin və budun rəmzləri – mənbələrdə Midiya maqlarına və türklərə aid
edilir ki, bu da Midiyanın türk maqlarının vətəninin məhz Allahın Beyti olması
deməkdir. Bu rəmzin batini mənası aydındır. Lakin bunun birbaşa, yəni zahiri mənası
nədir və bu Allah Beytinin yerlə, yəni fuzuki aləmlə təması haradır? Bu suala
cavab tapmaq üçün biz, qədim müdriklərin məntiqinə müraciət etməliyik.
Germetizm abidəsi sayılan
“Zümrüd Lövhələr”in əsas fəlsəfəsi – “göydə olan, yerdəki ilə eynidir və yerdə
olan da göydəki ilə eynidir” məntiqidir. Bu məntiqi anlamaq üçün, Allahın göydə
yaratdığı cənnətin, yəni ruhlar dünyasının yaradılış texnologiyasını bilmək
vacibdir.
Göylərdə, yəni yunanların Xaos
adlandırdığı ilkin materiyada bir şey yaratmaq üçün, yerdə onun bənzərini yaradıb,
ilkin materiyaya bunu əsas obyekt kimi “göstərmək” lazımdır. Yalnız bu zaman
göylərdə, yəni efirdə - yerdə yaradılmış obyektə bənzər obyekt var ola bilər.
Başqa sözlə, göydə bir “şəhər”, “ev” yaratmaq üçün, onun bənzərini yerdə
yaratmaq vacibdir ki, ilkin materiya da bunun bənzərini göydə var etsin. Bunun
üçün isə, yerdə - göydəki Xaos sahələrinə, səhralarına bənzər ərazini Xaos
adlandırıb, orada bir “şəhər”, “ev” tikmək vacibdir. Midiya maqları, öz beyinlərində
təsəvvür etdikləri bu şəhər-evi, Xaos adlandırdıqları ərazidə yaradaraq, bu sahələri
Maqan (Maq-Nun), yəni Nun sularındakı (Göy
okeanında) Maq ölkəsi (şəhər-evi) adlandırdılar. Başqa cür desək, Midiya
maqları - yerdəki Maqan, yəni Muğan çöllərini Xaos adlandıraraq, burada şəhər-ev
tikib, onun bənzərini maqiya ilə göydə var etmişlər. Rəmzlər elmində bu şəhər-ev
həm də kosmik insan və s. kimi də təsəvvür olunur.
Göydəki cənnətin obyekti kimi
yerdə yaradılmış Xaos sahələri, mənbələrdə Oğuz eli kimi də qeyd olunur. Kitabi
Dədə Qordudda bu Oğuz eli - İç Oğuz kimi, onu yaradanların yerdəki eli isə -
Taş Oğuz kimi qeyd olunur. Mən, “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə
bu haqda geniş yazmışam. Burada, Taş Oğuz – Midiyanın Tilos/Atlas dağları, İç Oğuz isə həm Muğanın
Oğuz eli və həm də göy sahələrindəki ruhlar dünyası – cənnət mənasındadır. Mənbələrdə - “Dağ və səhralarda
dolaşan qüdrətli midiyalılar” dedikdə, Tilos/Atlas dağlarında və Muğan
Xaosunda, yəni Oğuz elində yaşayan Midiya türk budinləri nəzərdə tutulur. Batini
mənada isə bu fikir - Midiya maqlarının, Midiya səhraları sayılan göydəki cənnətə
ekstatik durumda səyahəti nəzərdə tutur.
Qədim Misir mənbələrində
Tilos/Atlas dağlarındakı Taş Oğuz eli – Aşağı Geliopol və ya Aşağı Misir,
Muğandakı (Maqan) Oğuz eli isə Yuxarı Geliopol və ya Yuxarı Misir kimi qeyd
olunur. Dövrümüzün tanınmış alimi Devid Rola görə, “Misir” sözü – “Asardan
doğulmuş (yaranmış)” mənasındadır. Şumerlərin Marduk Allahının digər adı olan Asar isə qədim
Misirin Osiris Allahıdır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim
(Masri) tayfaları, Nil vadisini fəth etmək üçün Mesopotamiyanın Eridu şəhərindən
yola çıxmışlar. O, Misir fatehlərini – “Qor yolu ilə gedənlər” adlandırır və
bildirir ki, onlar öz köklərini Mesopotamiyanın böyük qəhrəmanlarından götürürlər.
Onun yazdığına görə, Misir Allahlarının vətəni – Günəşin doğduğu Şərq ölkəsidir.
Devid Rol Xuş (Kuş) dedikdə, Şumer-Akkadların Kiş şəhərini nəzərdə tutulur ki,
rəvayətlərə görə, Kişin I sülaləsi - göyə
uçan əfsanəvi Etan ilə başlanır. Burada “göyə uçma” rəmzi, qədim Misir fironu
Amonun ölümündən sonar, ruhunun göyə qalxıb (quş rəmzinə metamorfoza), əvvəlcədən
orada yaratdığı Ra günəş diski ilə birləşməsi və Ra-Amon (Rəhman) Allahına
çevrilməsi mənasındadır. Quranda bu “göyə uçma” – Rəhmanın ərşə yüksəlməsi kimi
qeyd edilir və bu haqda mən kitab və məqalələrimdə yazmışam.
Tədqiqatçıların sözlərinə görə, Kiş hökmdarları özlərinə
“şah”, “sahib” mənasını daşıyan “Luqal” titulunu götürdülər və sonralar “Kiş
luqalı” titulu - bütün hökmdarlardan yüksək olan “şah hegemon” anlayışına bərabər
oldu. Kiş şəhərini – “şahlar siyahısı”nda qeyd olunan əfsanəvi Kuti sülaləsi
idarə edirdi ki, məşhur alim A. Oppenheymə görə,
Mesopotamiyanın bu şahlar siyahısındakı sülaləsinin hakimiyyəti mifik dövrlərdən
- çar hakimiyyətinin “göydən yerə” endiyi dövrlərdən başlanır. Bu isə o deməkdir
ki, Misiri fəth edən Xuş/Kiş şahları elə qədim Misir Allahlarıdır.
Kiş rəmzi qədim mənbələrdə Kar-Kaşşi yaşayış məskəni
kimi də qeyd olunur. Tarixçi alim İ. Dyakonova görə, Kar-Kaşşi yaşayış məskəninin
hökmdarı Kaştaritidir və onun qalası da Midiyadakı babillərin Silxazi qalası
sayılır. İ. Dyakonov “Midiya tarixi” kitabında bildirir ki, assuriyalılar,
Midiyanın mərkəzində “babillilərin qalası” və ya “kassitlərin koloniyası” ilə
qarşılaşmışdılar ki, burada babillilərin Marduk Allahına sitayiş də olunurdu.
Başqa sözlə, Kaştariti qalası elə - başı göylərə çatan Babil və ya Eridu qalasıdır
və bu qalanın Allahı da Marduk, yəni Asar/Osiris Allahıdır. Bilirik ki, Babil –
“Allahın qapısı” deməkdir və dilimizdəki “Allah” (El-İlah) rəmzi də
sufi-batinilərdə “Luqal” (İlah-El) rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir
ki, Kiş şəhərinin Luqalı elə Babildə var olmuş Allahdır. Başqa cür desək, Babil
qalası – Taş Oğuz eli, Babilin göylərə çatan başı isə İç Oğuz Eli, yəni cənnət
aləmi mənasındadır.
Hind mənbələrində Kaştaritilər – şah nəsli olan
kşatra təbəqəsidir və onlar – “Sahəni (İlahi Sahə - İlkin materiya) dərk etmişlər”
nəslidir. “Maxabodxivamse” kitabında kşatra (Kiş-Atar/Eridu) nəsli - Muarye/Mariye
kimi qeyd olunur ki, bu da marlar, yəni midiyalılar nəsli deməkdir.
Qədim Misir yazılarına görə, Allahların vətəni –
Günəşin doğduğu Şərq ölkəsi, yəni Albaniyadır.
Alban yazılarında Kiş kəndi - albanların ilk kilsəsinin tikildiyi kənd
adlandırılır. Mənbələrdə nəzərə çatdırılır ki, Müqəddəs Xaç da Qis kəndində
gizlədilmişdir və s.
Digər tərəfdən, Albaniyanın başqa adı mətnlərdə Alu
adlanır ki, bu da batinilərdə Əli rəmzi ilə eynidir. Mənbələrə görə, İmam Əli
demişdir: “Əgər kimsə bizim əslimiz haqqında soruşsa, biz Kusdan olan nəbatilərik”.
Burada “Kus” dedikdə - Xaos/Oğuz/Kiş və s., “nəbati” dedikdə isə “Nun-Beyt”, yəni
Beytdən olan batini-budinlər nəzərdə tutulmalıdır. Bu isə o deməkdir ki,
sufi-batinilərə görə, İmam Əli obrazı – Alban (Benu/Ba Eli) rəmzi kimi göydəki
İç Oğuzun, yəni ruhlar vilayətinin insaniləşdirilmiş rəmzidir. Əli vilayəti isə
həm göydəki ruhlar dünyası və həm də bu dünyanın yerdəki bənzər obyekti olan qədim
Kus/Kiş/Oğuz elidir. Ən qədim mənbələrdəki Kus/Kiş eli - bu gün İran ərazisindəki
Muğanın Qoşa kəndidir. Kitabi Dədə Qorqudda, “dibdə oturan xas bəglər” dedikdə
də Muğanın Qoşa bəyləri nəzərdə tutulur. Qədim Misirdən məlum olan, peyin böcəyinin
Ra diskini yaratması ritualı da Muğanın Qoşa kəndinin ərazisində
keçirilmişdir.
Türk tarixçilərinin
yazdığına görə, Osman şahlarının da əcdadları Azərbaycanın Muğan ərazisindən
Türkiyəyə köç etmişlər. Tarixçi Təbrizli
Arakel, Osman şahlarının nəslini - “əjdahadan doğulmuş” Midiya maqları
adlandırır. Mənbələrdə ilandan və ya əjdahadan doğulmuşlar dedikdə, Heraklın
Gileyada (Gel/Gelat/Axlat/Ahlat) yarıilan, yarıqadın Yexidnadan doğulmuş
saklar, yəni şahlar
nəsli nəzərdə tutulur. Gileya isə Aşağı Geliopol (Taş Oğuz) mənasında Ra-Amon
Allahın “Dünya” yaratmağa başladığı Gel şəhərdir.Yəhudi mənbələrində Gileya
sakları – mələklər nəsli kimi təqdim edilir. Azərbaycan mənbələrində bu mələklər
- Şah İsmail Xətainin “Sorxsər bidin mülhidləri”, yəni ölümsüz Azərin
(AsarXızır) türk-budinləri, Həsən Sabbahın Ələmut (Midiya Eli) məlahiləri və s.
kimi qeyd olunur.
Qədim Misir yazılarına görə,
Allah - ilk olaraq dünyaya hakim kimi Asar/Osiris, yəni Azər nəslini yaratmış,
daha sonra isə digər 72 xalqı var etmişdir. Tövrata görə, Şərqdən gələn məhz bu
Asar/Assur “xalqı” - Sennar (Sünik) çöllərinə gələrək, burada Babil qülləsini
tikmişdilər. Başqa sözlə, qədim mənbələrdə Misir, Assur Allahları dedikdə məhz
Azərbaycanın Muğan elindən gəlmiş İlahi İnsanlar nəzərdə tutulmalıdır. Axirətə
qədər bütün dünyanı da - Azərbaycanın Muğan elindən çıxmış şahlar və peyğəmbərlər
nəsli idarə etmişlər. Yalnız axirət ərəfəsində, əzəl yazıya (Lövhi-Məhfuz)
uyğun olaraq, bütün dünyada hakimiyyət adi insanların əlinə keçmiş, İlkin
materiya - yaradılışdan əvvəlki Xaos vəziyyətinə gəlmiş və Azər eli
parçalanmışdır və s.
Yazdıqlarımdan çıxan qısa nəticə
isə odur ki, Allahın – dünyanı idarə etmək üçün yaratdığı seçilmişlər nəsli, Azərbaycanın
Muğan elinin müqəddəsləridir. Bütün bunlar haqda daha geniş məlumatlar, kitab və
məqalələrimdə mənbələrlə verilmişdir.
Firudin Gilar Bəg